Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Arçil Kikodze “Cənub fili”

Annotasiya

“Cənub fili” (gürcücə “სამხრეთული სპილო”) – “Litera” ədəbiyyat mükafatı nominasiyasında ilin ən yaxşı romanı elan edilən “Cənub fili” həmçinin İlia Dövlət Universitetinin ədəbiyyat mükafatını alıb.
Kitabda hadisələr bir günü əhatə edir. Bir daha film çəkməmək qərarı verən rejissor mənzilini bir günlüyünə sevgilisi ilə görüşən dostuna verir. Özü isə vaxt keçirmək üçün Tbilisi küçələrini dolaşmağa və keçmişinə nəzər salmağa başlayır. Onun gözünün önündən uşaqlığı, sevgisi, ehtirası, macəraları və faciələri keçir. Qəhrəmanın xatirələri fonunda Gürcüstanın yaxın tarixində baş verən hadisələr canlandırılır.

 

Karandaşın izi ilə

Eşq olsun köhnə kinoların dialoqlarını yazanlara.

***

Bəzən evdən çıxmağa hünər lazımdır…

***

Raxmaninova qərbibə bir nurlu nisgil xasdır… İkinci və üçüncü konsertlərin başlanğıcı – orkestr dəniz kimi dalğavari bir nəfəs alır. Bu rus musiqisi deyil. Heç kəs məni buna inandıra bilməz! Bu, rusa xal olan nə varsa, hamısından fərqlidir – Korsakovu, Musorqskini və başqa əsl rusları nəzərdə tuturam… Raxmaninov şərqdir!

***

Haçansa kitab ən yaxşı hədiyyə hesab olunurdu. Biri digərinə kitab hədiyyə edərdi – “mənim ağıllı oğluma…” Bəli, belə kitabları atalar əsasən oğlanlara bağışlayardı ki, yeniyetməlik çağında onları həyəcanlandıran bu əsərlər övladları da maraqlandırsın. Ataların oğullara hədiyyə etdikləri həmin kitablar indi universitetin qarşısında iki qəpiyə satılır…

***

– Daim nəzərimdəsən.Uğurlarına çox sevinirəm.
Üzgörənlik eləyir. Nəzərində olsam, onu da bilərdi ki, nəzərdə saxlanılası bir şeyim qalmayıb.

***

Şumerlərin kökü kəsildi, qədim yunanların da… Roma süqut etdi… Biz kimik?! Kimdən üstünük?!

***

Zaman həmişə gözləyənlərin əleyhinədir.

***

Sənət müəllimi bizə kiçik səhnəciklər yazdırırdı. Həmin səhnəciklərdən ssenari, sonra isə film yaranmalı idi. O zaman biz buna inanırdıq. Necə? Hansı vəsaitlə? Bunu bilmirdik, ancaq əmin idik ki, gürcü filmi mütləq yenidən dirçələcək. Bunu biz etməli idik. Onu dirildəcəyimizə qəlbən inanırdıq. İndi mənə elə gəlir ki, bu əsassız ideyaya inanarkən biz özümüz əvvəlcədən ölmüşdük. Buna görə də həmin ideyanı bizə təlqin edən o adama indi nifrət edirəm. Çünki ümidlər boşa çıxdıqca bizlərdən bəziləri öz cəzasını aldı, bəzilərini isə bu ümidsizlik cəzası öndə gözləyir…

***

Amma bütün əhvalatlar doğrudur, gerçəkdir. “Biri var idi, biri yox idi” sayaq deyil; var idi, olmuşdu…

***

Limanda böyümüş adam hər şeyə gedər.

***

Dağ adətləri şiddətli olsa da, ədalətlidir…

***

“Nərgizdə” hər bir şey hələ də sovet dövrünü xatırladırdı. Yalnız yezid xadimə Tamara zamanı on-on beş il qabaqlamışdı, o siqaret kötükləri ilə dolu külqabını usanmadan təzələyirdi.

***

Əgər filmi təfsilatı ilə danışırlarsa, bu o deməkdir ki, həmin filmi heç vaxt çəkməyəcəklər.

***

Ona görə danışırdım ki, mənim də evimin qapısı var… Qapı varsa, onu arada bir kiminsə üzünə açmasan, ürəyin partlayar…

***

İnsan öz qabiliyyətini gizlədirsə, ödləkdir…

***

Yaş etibarı ilə Neli ilə mən eyni nəslə mənsubuq. Bu yaxşıdır, çünki ona əhvalatı danışanda giriş mətninə ehtiyac qalmır, zaman, məkan və dekorasiyalar tanışdır.

***

Mən Nelinin keçmişindən xəbərsizəm. Bilmirəm, onun dünənində nə baş vermişdi ki, həmin hadisə belə bir xanımı pişik baytarına ərə getməyə vadar etmişdi.

***

Onu sevə bilirəmsə, güldürə bilirəmsə, qısqanclığımı gizlədə bilirəmsə, özümü onun təsəvvüründə olduğum kimi göstərməyə cəhd edirəmsə, demək, xilas olmuşam.

***

Üstündə silah gəzdirdinsə, ya öldürməlisən, ya da səni öldürəcəklər.

***

Beləcə yumruqlarımın və Tazonun təbəssümünün ümidinə qaldım. Deyim ki, birinci ilə müqayisədə ikinci daha çox dadımıza çatırdı…

***

O zamanlar İkayla sıx dostluğumuz var idi. Onların qaçmaları barədə xəbər yayılanda atasına çatacaq məktubu İka məhz mənə etibar etmişdi. Ata-bala arasında olan münasibətin təhərini deyə bilmərəm, ancaq həmin məktub bircə kəlmədən ibarət idi: “Mən barda pivə içməyə gedirəm”.

***

Tələsmə, Donald gözləyər. Onun gözləmək öhdəliyi var. Yanında gözəl xanımı olan bütün kişilərə belə bir öhdəliyi şamil edirəm.

***

Bəşəriyyət tankı daşa basanda gözəldir, fəqət ağzı köpüklənmiş bir vəziyyətdə həmin daşla acizin birini daşqalaq eləyəndə nifrətə layiqdir. Təəssüf ki, bu daban-dabana zidd əməli eyni insan çox asanlıqla eləyə bilər.

***

– Ananız vəsiyyət elədi, dedi, tabutuma paleolit dövründən nəsə bir şey qoyun, haçansa qəbrimi arxeoloqlar qazsalar, qoy bu müəmma üzərində baş sındırsınlar…
Yenə də səndən soruşuruq, hər necə olursa olsun, rəhmətliyin oğlusan, nə deyirsən, bunu qəbirə qoyaq?

Razılıq əlaməti olaraq yalnız başımı yelləyə bildim, çünki qəhər məni boğdu, söz deyə bilmədim, özümü ələ ala bilmədim, hönkür-hönkür ağladım. İllərdi ağlamamışdım, bu yerdə ağladım. Məni ağladan bircə səbəb oldu: sən demə, anamın da yumor hissi var imiş… Bu kəşf məni çox kövrəltdi. Az qala ürəyim dağılmağa gəlirdi. Yumor hissi var imiş, fəqət onu bütün dünyadan, hətta doğma oğlundan belə gizlədirmiş… Biz ki yumorla tamam başqa cür yaşaya bilərdik.

***

Varlı ilə dostluğun yeganə bir yolu var, heç zaman ondan pul istəməməlisən.

***

Xuliqanın səadəti tamam başqa səadətdir, pan Mariuş! Xuliqan yeganə məxluqdur ki, onu sistem yenə bilmir.

***

Amma Beriyanın yaşadığı evin divarında memorial lövhə yoxdur. Hələ uşaqlıq çağlarımda anam dedi ki, bu evdə Beriya qalırdı. Onda mən bilmirdim o kimdir, amma anam bu kəlməni elə dedi, həmin soyad ömürlük yadımda qaldı. Yarı pıçıltı ilə deyilən yarım həqiqətlərin dövrü idi, buna görə də taleyimdən razıyam, çünki çox adamın yarımhəqiqəti deyəni də yox idi.

***

Çukça rəssamlarının işləri ilə də elə burda tanış oldum. O çukçaların ki, sovet quruluşu əvvəlcə onların uşaq kimi sadəlövh həyat tərzini dəyişdi, onu yerlilər üçün anlaşılmaz səviyyədə mürəkkəbləşdirdi, sonra isə “sivil aləmin” qarşısında yazıqları araq şüşəsi ilə təkbətək buraxdı. Bu azmış kimi, sonradan barələrində min bir lətifə quraşdırdılar.

Eskimosları xristianlaşdıran bir nəfər missioner yazırdı: onlara əvvəlcə günaha batmaq öyrətdik, sonra isə günahlarını yumaq üçün dinə dəvət etdik.

***

Həmin an hiss etdim ki, əgər sahibsiz ölüyə yiyəlik edə biliriksə, demək biz pis millət deyilik…

***

– Çeqo,doroqoy? – Postsovet slavyanları Gürcüstanda “doroqoy” deyə müraciət edəndə, qan beynimə vurur.

***

Siqaretdən söz düşmüşkən onu da deyim ki, tənbəki çəkmək üçün ayrılan yer yeganə məkandır ki, mənə siqareti atdıra bilər.

***

Leonun fransız olduğu ləhcəsindən bilinir.
– Fransadansan?
– Yer kürəsindənəm.
Gəl indi bununla danış! Bu gün elə Yer kürəsindən olan Leonum çatmırdı.

***

Tbilisiyə heyran olan qonaqlar görəndə təəccüblənmişəm, amma rastıma onu bəyənməyənlər çıxanda, öldürmək istəmişəm…

***

İstəyirəm, indi bax burda, bu evin qabağında ona deyim ki, onunla keçirdiyim hər bir dəqiqə, hər bir an əvəzsiz hədiyyədir, nurlu səhərdir, elə bir səhərdir ki, o səhərin nurunda göz yalnız əsas şeyi görür, ürək yalnız ən əhəmiyyətli şeyi hiss edir, yerdə qalan şeylərin isə heç bir mənası yoxdur.

***

Həyat uzundur, həyat insan onu təsəvvür edə biləcəyindən də qat-qat uzundur. Buna görə də rişxəndsiz yaşamaq çətindir…

***

Keto ondan böyükdür. Xanımlar həmişə bizdən böyük olurlar. Onların bizdən üstünlüyünü təmin edən anadangəlmə bilikləri var.

 

Tərcümə: İmir Məmmədli

3.6 (72.5%) 16 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram