Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Dino Buzatti “Tatar çölü”

Annotasiya

“Tatar çölü” (italyanca “Il deserto dei Tartari”) – İtalyan yazıçı Dino Buzattinin 1940-cı ildə dərc olunan və müəllifinə dünya şöhrəti gətirən roman Kafka ənənələri tərzində qələmə alınıb. Əsər Fransanın “Le Monde” qəzetinin tərtib etdiyi “XX əsrin 100 kitabı” siyahısına daxil edilib.

Baş qəhrəman, gənc zabit Covanni Droqo Bastiani qalasına təyinat alır. Əvvəlcə burada heç bir gün də qalmaq istəməyən Droqo dörd ay müddətə razılıq verir. Yaşadığı o dörd ayın hadisələri, hərbçi qüruru və Tatar çölünün vəhşi cazibəsi ayları illərə çevirir. Vaxt öttükcə Droqo başa düşür ki, ömrünü mənasız gözləntiyə sərf edib, hərçənd köhnə dostları artıq ailə qurublar və uşaqları var, həyatlarını dolu-dolu yaşayıblar. Onun isə həmkarlarının hörmətindən başqa heç nəyi yoxdur.

 

Karandaşın izi ilə

Geyinəndən sonra ağ neftlə yanan lampanın işığında güzgüdə özünü nəzərdən keçirdi, amma gözlədiyinin əksinə olaraq heç bir sevinc hissi keçirmədi.

***

Çılpaq divarlar, rütubət, sakitlik, tutqun işıq… Elə görünürdü burda hamı dünyanın harasındasa çiçəklərin açdığını, qadınların güldüyünü, öz evlərinin qapılarını qonaqpərvərliklə taybatay açdıqlarını çoxdan unutmuşdular.

***

Bu vaxta qədər o, ilk gənclyinin rahat dövrünü yaşamışdı, onda uşaqlıqdan getdiyin yol sənə sonsuz görünür, illər ağır, asan və hiss olunmadan keçir. Özünçün rahatca addımlayır, maraqla ətrafına baxırsan və tələsmək üçün də heç bir səbəbin olmur, heç kim sənin dabanını tapdalamır, heç kimsəni gözləmir, yoldaşların da səninlə yanaşı, sənin kimi düşünmədən gedir, zarafatlaşmaq, gülüşmək üçün tez-tez dayanırlar. Böyüklər artırmadan səni gülər üzlə salamlayır, mənalı təbəssümlə hardasa üfüqləri göstərirlər və bu zaman sənin ürəyin şirin arzulardan, eləyəcəyin qəhrəmanlığın ləzzətini qabaqcadan duymaqdan çırpınmağa başlayır, sən artıq hiss eləyirsən ki, irəlidə səni mühüm işlər gözləyir, hələ heç bir şey görünməsə də, sən əminsən, tamamilə əminsən ki, vaxt gələcək, bütün bunlar həyata keçəcək.

***

Amma hansısa anda, az qala instinktiv olaraq biz geri boylanırıq və arxamızdakı darvazanın bağlı olduğunu, geriyə yol olmadığını görürük. Bax onda başa düşürsən ki, nəsə dəyişib, günəş artıq hərəkətsiz görünmür, göydə cəld hərəkət eləyir, əfsus, artıq sürətlə üfüqlərə yaxınlaşır, buludlar daha mavi səmanın ənginliklərində süzmür, yalnız bir-birlərinə sürtünərək tələsik harasa gedirlər və bu zaman vaxtın keçdiyini sənin yolunun tezmi, gecmi qurtaracağını başa düşürsən.
Bəli, vaxt gəlir, bizim arxamızda ağır qapı ildırım sürətilə çırpılır və onu dərhal da bağlayırlar, artıq qayıtmağa çatdırmırsan.

***

Droqo nə baş verdiyini anlayıb dərk eləyənəcən bir xeyli günlər keçəcək. Onda onun üçün oyanış başlayacaq. O, inamsız halda ətrafına baxacaq, yaxınlaşan addımların səsini eşidəcək, ondan əvvəl oyanan və hədəfə birinci çatmaq üçün onu keçməyə tələsən adamları görəcək. Həddindən artıq qənaətlə onun yaşadığı günləri ölçən zamanın necə döyündüyünü eşidəcək. Pəncərələrdə artıq gülən yox, soyuq və etinasız üzləri görəcək. Əgər hələ çoxmu gedəcəyini soruşsa, adamlar yenə də üfüqləri göstərərək başları ilə təsdiqləyəcəklər, amma artıq bu işarədə nə mehribançılıq, nə də iltifaq olacaq. Bu zaman dostlar da görünməz olacaqlar, kimsə yorulub əldən-dildən düşərək arxada qalacaq; kimsə irəli cumacaq, bax, üfüqün o balaca nöqtəsinə doğru.

***

Nəyə görə birdən Droqonun qəlbində fitdə hansısa bir havanı çalmaq, bir qurtum şərab içmək, təmiz havaya çıxmaq arzusu baş qaldırdı? Bəlkə onun özünə sakit və azad olduğunu sübut eləməsi lazımdı?

***

Zaman onsuz da öz axarı ilə gedirdi, hamı üçün eyni tempdə; xoşbəxtlər üçün zərrəcə də olsa ağır və ya bədbəxtlər üçün daha sürətlə getmirdi.

***

Bir neçə anlığa adamlarda anlaşılmayan ümidlər doğuran Yeni il gəldi.

***

Dostunun əlini sıxmaq istəyirsən, amma sənin irəli uzanan əlin ixtiyarsız halda yanına düşür və sifətindəki təbəssüm keçir, belə məlum olur ki, ətrafında heç kim yoxdur və sən beləcə təksən.

***

Heç bir yenilik gətirməyən tam iyirmi iki ay keçmiş, o isə hələ də nəsə gözləyirdi, sanki həyat məhz ona xüsusi səxavət göstərməyə borcluydu. Amma iyirmi iki ay az müddət deyildi, bu müddət ərzində çox şey baş verə bilərdi: ailələr qurular, uşaqlar doğular və hətta danışmağa başlardılar. Orda, boş sahədə böyük ev yüksəlir, gözəl qız qocalır və daha heç kimə lazım deyil, xəstəlik, hətta ən uzunçəkəni də (adam buna məhkum olunsa da, bundan xəbər tutmadan qayğısız halda yaşayır) orqanizmi tədricən içindən yeyir, qısa müddətə insanın yaxasını buraxaraq sağalması illüziyasını yaradır, sonra isə yenidən daha dərinə işləyir və axırıncı ümidləri də yoxa çıxır. Bu müddət ərzində insanı dəfn eləmək və öləni də unutmaq olardı ki, onun oğlu gülməyə başlardı və axşamlar rahat halda qəbiristanlıq hasarlarının yaxınlığındakı xiyabanda qızlarla əylənərdi.

***

Əgər Droqo yuxu görməsəydi, bu gecə də o biri gecələr kimi keçəcəkdi.

***

Qürub vaxtı həmişə Droqonun varlığını poetik ruh yüksəkliyinə oxşar bir şey bürüyürdü. Bu, ümid saatı idi.

***

Ömür qocalığa qədəm qoyanda insanda daha iyirmi yaşındakı inam olmur.

***

Belə çıxırdı ki, şöhrəti təkcə müharibədə qazanmırdılar.

***

Maraqlıdır, əgər yanından keçərkən sən hansısa pəncərədə qəşəng bir qız görsən, o, sənə elə-belə, məqsədsiz gülümsərmi?

***

Beləcə ağır-ağır bir səhifə də o tərəfə çevrilir, artıq oxuduqlarının üzərinə əlavə olunur; hələlik nazik bir qat alınıb – hələ oxuyacağın hədsiz çox olan səhifələrlə müqayisədə. Hər halda, daha bir oxunan səhifə, cənab leytenant, demək olar, sənin ömrünün bütöv bir parçası.

***

Belə yaşamaq necə də xoşbəxtlikdir: saatları hesablamayasan, yuxularda əyləncə axtarmayasan, harasa gecikməyə qorxmadan sakitcə günəşin doğmasını gözləyəsən, irəlidə hələ bəs qədər vaxtın var – heç nə haqda həyəcanlanmağına dəyməz – fikrindən ləzzət alasan.

***

Zaman anlaşılmayan bir şəkildə günləri bir-birinin ardınca udaraq öz qaçışını sürətləndirmişdi. Ətrafa boylanmağa macal tapmırsan, axşam düşür, günəş torpağı başqa istiqamətdən işıqlandırır və qarla örtülmüş dünyanı işıqlandırmaq üçün təzədən yüksəlir.

***

Vaxt hiss etdirmədən, amma getdikcə daha sürətlə bizim həyatımızın axınını ölçür və hətta sadəcə geriyə baxmaq üçün bircə anı belə saxlamaq mümkün deyil. Qışqırmaq istəyirsən: “Dayan! Dayan!” Ancaq boş yerə. Hər şey, hər şey keçmişə qovuşur: adamlar, baharlar və qışlar. Buludlar və biz əbəs yerə daşlardan, hansısa qayanın yüksəkliyindən yapışırıq, yorulan barmaqlarımız keyiyir, əllərimiz ixtiyarsız halda yanımıza düşür və görünüşündən ləng axdığı görünən, amma dayanmadan axan zaman çayı getdikcə bizi daha uzaqlara aparır.

***

Tək olanda və öz fikirlərini kiminləsə bölüşə bilməyəndə nəyəsə inanmaq çox çətindir.

***

Aydın günəş insanları nəvazişlə işıqlandırır, vadilərdən ruhu təzələyən hava axını gəlir, dağ çəmənlikləri ətir saçır, quşların xoru şəlalənin səsini təkrarlayır. Belə gözəl gündə insanlar mütləq xoşbəxt olmalıdırlar.

 

Tərcümə: Aslan Quliyev

5 (100%) 1 vote

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook