Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Məhəmməd Əsəd bəy “Şərqdə neft və qan”

Annotasiya

“Şərqdə neft və qan”(almanca “Öl und Blut im Orient”) – 1929-cu ildə Məhəmməd Əsəd bəy tərəfindən qələmə alınan avtobioqrafiya məzmunlu əsərdir. Kitab Rusiya imperiyasının dağılışını, Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılışı və Bolşeviklər tərəfindən ələ keçirilməsini neft maqnatının yeniyetmə oğlunun gözündən oxuculara çatdırır.

 

Karandaşın izi ilə

Qırx il öncə Bakı səhra şəhəri idi, müəyyən mənada elə bugün də o cür qalmaqdadır.

***

İnsanlarla yetərincə sərt davranmaq olmur.

***

Bakıdan başqa dünyanın heç yerində yanan dənizə rast gəlməzsən.
Bakı sakinləri üçün bu dəniz xüsusilə yayda bir iztirabdır, onda çimə bilməzsən, əslində çimmək olar, amma sudan zənci kimi qapqara çıxarsan, bədən başdan-başa nazik neft təbəqəsi ilə örtülmüş olar.

***

Xəzər sahilindəki neft buruqları özü-özlüyündə bir dövlət yaradır ki, o da xüsusilə qanunlara tabedir və özünün ədalət adlı xüsusi anlayışı var. Neft mədənlərinin qanunları yazılmamış qanunlardır, amma dövlətin yazılı qanunlarından onlara daha çox hörmət edilir. Buruqların ali başçısı mühəndisdir, tabeliyində olanların yaşam və ölüm ixtiyarı onun əlindədir. Neft mədənlərində yalnız çox az adam mühəndis ola bilər, bunun üçün gərək doğulmuş olasan. Əgər səndə avtokratik hökmranlığa daxili meyil yoxdursa, bununla yanaşı, həm də hakim deyilsənsə, biliyin, təhsilin səni buna yetişdirə bilməz. Sən təkcə nefti çıxarmağı, onu yanğından qorumağı bacarmamalısan, həm də suçu sübuta yetirilə bilməyən hansısa gümanlı bir yanğın törədicisinin ağzına tənəkə qıf soxub xam nefti, yaxud çıraq neftini iştirakçıların bəti-bənizi avazıyana qədər onun qarnına doldurmağı bacarmalısan. Amma bu da sənin primitiv vəzifələrindən biridir.

Ən çətini, məsələn, neft quyularından tez-tez dartılıb çıxarılan cəsədi tanımamaq, yaxud onu buruq sahibinin arzusunca tanımaq idi.

***

Fəhlələr azəbaycanlılar, dağıstanlılar, farslar və ruslar idilər, bu sonuncular da ağır işin öhdəsindən gələ bilmirdilər və fəhlələr arasında ən narahat ünsürü təşkil edirdilər. Fəhlələrin ən yaxşıları neft işinin tələb etdiyi seçimsiz fatalizmə malik olan şərqlilər idi. Ruslarla şərqlilər arasındakı fərq özünü çox qabarıq şəkildə göstərirdi. Rus neft buruqlarına və onun sahibinə dərindən nifrət edən və imkan düşdükcə mübarizə aparan ömürlük fəhlə idi. Kənddə böyümüş şərqli isə, əksinə, neft mədənlərində özünü ali mövqeli bir insan sayırdı. Mədənlərdə iş onun üçün Avropa sivilizasionu ilə təmas demək idi ki, bundan da o xeyli bəhrələnirdi. O həm də uzun müddət bura bağlanıb qalmırdı; Avropa mədəniyyətinin dadını yetərincə gördükdə sonra geri, öz kəndinə qayıdırdı ki, burada da ona dünya görmüş təcrübəli adam kimi hörmət edirdilər. Məsələn, dağıstanlılar Bakıya başlıca olaraq Azərbaycan dilini öyrənməyə gəlirdilər. Dil baxımından Dağıstanda tam anarxiya hökm sürür, az qala hər kənd ayrıca bir dildə danışır, heç də dialektdə yox, özlərindən başqa heç kəsin başa düşmədiyi bir dildə. Ona görə asan öyrənilən çox sadə Azərbaycan dili millətlərarası ünsiyyət dili şərəfinə layiq görülmüşdü. Yurdunda savadlı insan kimi hörmət qazanmaq istəyirdisə, dağıstanlı bir neçə illiyinə Bakıya gəlir, neft mədənlərində işləyir, sonra da geri, öz dağlarına dönürdü.
Farslar və azərbaycanlılar əməlli toy üçün, daha doğrusu, toplanmış pula yurdunda gözəl bir qız almaq üçün işləyirdilər. Onlar aylıqlarını heç vaxt əllərinə almırdılar, idarədə saxlayırdılar və sonradan həmin pulu götürəndə soruşurdular ki, pulu saxladığına görə kimə bir şey ödəməlidir. Yalnız ruslara, yarımavropalı kimi şərq qaydalarına öyrəşə bilməyən, yerli fəhlələrə nifrət bəsləyən, gördükləri yarım işin müqabilində ikiqat donluq tələb edən və tətillə hədələyən ruslara əsl peşəkar fəhlə kimi baxırdılar.

***

Zərdüştün Suraxanıdakı məbədinə təkcə neft sahibkarlarının heyfi gəlməyib. Əsrlər öncə cahan fatehi Çingiz Xan məbədi dağıtmamağı tapşırdı, çünki onun məşhur sələfi Harun ər-Rəşid də belə etmişdi. Bir az əvvəl isə Romalı Pompey və Antiox Zəleyli məbədə baş çəkmişdilər, hər ikisi də yeganə qeyri-azərbaycanlı kimi məbədin əbədi oduna qurban gətirmiş Böyük Makedoniyalını qibtədən yamsılayaraq. Çünki küncünün birində neft buruqları ilə yanaşı xırda və görünməz olan bir qübbə ucaldılmış bu dördkünc kiçik məbəd haçansa bəşəriyyətin ilk böyük dininin, azərbaycanlı Zərdüştün bəyan etdiyi böyük odçuluğun (atəşpərəstliyin) mərkəzində durmuşdu.

***

Odsevərlər məhv edildi, onlar islama keçib Azərbaycan adının anlamını unutdular: “Əbədi odun müqəddəs məskəni”.

***

Parslar özlərini murdarlamaq kimi əbədi bir qorxu içində yaşayırlar. Yeyərkən gərək qida onların dodaqlarına toxunmasın, yoxsa murdarlanarlar. Bu səbəbdən də nə bıçaqdan, nə də çəngəldən istifadə olunur. Qıymalanmış yemək geniş açılmış ağıza əllə atılır. İçərkən də mayenin dodaqlara toxunmasının qarşısını almaq üçün müxtəlif incəliklərdən istifadə olunur. Hər səhər onlar əllərini və ayaqlarını kuhurinlə yuyurlar, min illər ərzində formalaşmış duaları dodaqaltı pıçıldayırlar və çalmalarından asılan müqəddəs qaytanı sığallayırlar. Öləndə cəsədi nə yandırırlar, nə torpağa tapşırırlar, nə də suya endirirlər, çünki od, torpaq və su əbədi mundarlanar. Ona görə də parsın cəsədini susqu qülləsinə – onun ən adlı-sanlısı Hindistandadır – aparırlar və orda quzğunlara tapşırırlar. Dini buyruqla yanaşı bu, parsların fikrincə həm də gigiyenanın tələbidir.

***

Rus tacirləri arasında belə bir kəlam var: “Bakıda bir il neft sahibkarlarının içində yaşayan ömründə dürüst adam ola bilməz!”

***

Axı sən haqla nahaqqın çoxdandır elastik məvhuma çevrildiyi Şərqdəsən.

***

Məsələn, feodal neft sahibkarı İsa Bəy özünə qumarxana formasında üçqatlı bir ev tikdirmişdi. Evin ön divarında iri qızılı hərflərlə yazılmışdı:
“Burada mən yaşayıram, Gəncəli İsa Bəy”.
Evə çağdaş iç arxitekturun bütün dəfə-darağı düzülmüşdü, amma sahibinin təkidli arzusuna görə ayaqyolusu yox idi, çünki İsa Bəy belə iyrənc bir otağa mənzilin içində dözülməsinə pis baxırdı. Ayaqyolu həyətin uzaq bir küncündə yerləşirdi və böyük ağa bununla fəxr edirdi.

***

Əslində neft şəhərinin küçələrində tikinti sənətinin nadirliyindən gileylənməyə dəyməzdi. Bütün üslublar təmsil olunmuşdu. Mavritaniya sarayları qotik binalarla yan-yana dayanırdı, rokokop pavilyonunun yanında isə Bizans qübbəsi ucalırdı. Saraylar neft bəylərinin azarı idi və hərə tam seçilərək qəlbinin hansısa qəribə arzusunu həyata keçirməyə çalışırdı.
Bunun ən sadəsini İran şahından da çox qızılı olan İran təriqətçisi Ağa Musa Nağı etdi. İndiyə qədər tikilənlərin hamısını kölgədə qoymaq üçün o, xalis qızıldan bir bina yapdırmağı qərara aldı. Yalnız çox çətinliklə arxitektor onu bu işin gerçəkləşməsinin mümkünsüzlüyünə inandıra bildi. Nəhayət Nağı israr etdi ki, ən azı evin çöl divarları qalın qızıl təbəqə ilə örtülsün. Ev hazır olanda isə xoşuna gəlmədi, otaqlar həddən artıq iri, evin havası da onun illərlə hava üzü görməyən mənzilindən tamamilə fərqlənirdi və qızıl ev yaranlara gəl-gəl deyirdi ki, onlar da, əslinə qalsa, istəsələr, evi yarmaq əvəzinə onun çölündən yarınardılar. Çox götür-qoy etmədən o, evi xeyriyyəçi qurumlardan birinə bağışladı ki, həmin qurum da onunla nə etmək lazım gəldiyini kəsdirə bilmədi. Amma təəssüf ki, bu qiymətli tikinti abidəsi sonralar erməni-müsəlman davasında ermənilər tərəfindən darmadağın edildi.

***

Yasailər Azərbaycanın şimalında yaşayırlar, Zaqatala bölgəsində, lakin onların məskunlaşdığı yerin adı yoxdur. Bu yerlərə indiyə qədər ad qoyulmamışdır. Qonşular bu xalqı sadəcə olaraq “xanımlar camaatı”, “keçmişi olmayan xalq” adlandırır. Zira yasailərə öz keçmişlərindən heç nə bəlli deyil; onların idarəçiliyi, rəhbərliyi və təbii ki, yazıları olmadığı kimi, ümumiyyətlə heç nələri yoxdur. Yalnız keçmişdəm qalan bəzi şeylər yasailərin həyatını tənzimləyir. Buna əsasən da yasai xalqından olan kişilərin əli işə toxunmamalıdır. “Ata-babalarımız işləməyib, bizim də işləməyə ixtiyarımız yoxdur”, yasailər bunu tez-tez təkrarlayırlar. Və onlar doğrudan da işləmirlər, bütün günlərini iri fındıq ağaclarının altında yayxanmaqla keçirirlər, göylərə tamaşa edib işi onlara yasaq etmiş sələflərinin müdrikliyi barədə xəyallara dalırlar. Yasai yalnız hərdən, əbədi uzanmaqdan yorğun düşəndə balıq tutmağa gedir, onu da qazanc xatirinə yox, yalnız məzə üçün. Çünki qazanc xatirinə işləmək kişi üçün dəhşətli bir rüsvayçılıqdır, biabırçılıqdır, qanunazidd bir hərəkətdir ki, bunu da heç cür bağışlamaq olmaz.
İş, ümumiyyətlə istənilən iş, müstəsnasız olaraq qadının öhdəsinə düşür. Və qadın öz ərinə işi qadağan edən, əgər kişi işləyərsə, onu rədd edib tənələyən ilk insandır, çünki yasai müdrikliyinə görə “əgər kişi işləyirsə, bu, qadın üçün təhqirdir”.

Yalnız ildə bircə dəfə yasai kişisi əlini işə vurur, bu da yeni il bayramından bir gün qabaq olur. Həmin gün o, arvadının silahını götürüb ova gedir və geriyə dönəndə ovunu qadının ayaqlarının altına atır, onun il boyu gördüyü işə minnətdarlıq kimi.

Yaraq gəzdirən qadın gələcək ərini özü seçir və ona elçi düşür.

***

Zira ata-babaların qanunu deyir: “Bezdiyin kişi ilə yaşamaq günahdır”.

***

Cənubi Azərbaycanda məşhur buynuz-kəkil saxlayırlar, yəni saç kəllənin tən ortasında alından peysərə qədər düzünə, enli zolaq şəklində qırxılır və qalan saç sağdan və soldan sallanır. Onu elə darayırlar ki, qırxılmış kəlləyə qoyulan balaca qara fəsin altından tük qabağa çıxır və burulmuş qoşa buynuz kimi görünür. Məlumdur ki, İskəndər İran yürüşündən sonra Makedoniyanın güclü etirazına baxmayaraq, bu saç bəzəyini qəbul etmişdi. Onun birçəkləri əsl buynuza bənzəyirdi (azərbaycanlılar birçək qoymurlar), odur ki, İskəndərə bugün də bütün Şərqdə “İskəndər Zülqərneyn” deyirlər ki, bunun da anlamı “Qoşabuynuz İskəndər” deməkdir.

***

Gəlin gərdəyə girməzdən qabaq qohumların və qonaqların gözü önündə dabanı ilə yerdəki güzgünü sındırmalıdır, əlamət kimi ki, onun keçmiş həyatı qurduğu ailədə əks olunmasın. Güzgünü nə qədər qüvvətlə sındırarsa, ailəsi bir o qədər xoşbəxt olar. Bəzi xanlıqlarda həmçinin adətdir ki, qonaqlar gəlinin bakirəliyinin sübutunu gözləyir və yalnız bundan sonra onun namusluluğundan az-çox hali olub qurtardıqda şad-xürrəm toy evini tərk edirlər.

***

… xanın iqamətgahına əcaib bir əcnəbi gəldi, altunsaç, uzunboy, ağyanaq və əlində xanın tacına bənzəyən dəri çamadan. Əcnəbi bir ev kirayələdi və ertəsi gün – təkcə əcaib görkəminə görə yox – xanın yanına çağırıldı. Xan yanımcıllıqla qəribin mavi gözlərinə və qızılı saçlarına baxıb dedi ki, talenin bu cür çırpdığıinsan onun himayəsinə mütləq bel bağlaya bilər. Belə ki, sarışın saça Şərqdə Allahın insana gəc baxışının nişanəsi kimi yanaşırlar. Qərib ürəkdən təşəkkür edib bildirdi ki, İsveçdəndir və bu müqəddəs məmləkətlə yaxından tanış olmaq üçün Azərbaycana gəlmişdir. İsveçli qalıb köydə yaşadı və fars, türk, ərəb və rus dillərinin dəhşətli qarışığında bir axşam xanla söhbət etdi, bütün əyaləti gəzib dolaşdı, xalqa qorxu və dəhşət təlqin edən bir neçə plan cızdı.
Üç ay sonra fransızca yazılmış iri bir müqavilə ilə xanın hüzuruna gəldi, imzalamaq üçün müqaviləni onun qarşısına qoydu. Danışırlar ki, isveçli həqiqətən də neftin izlərini tapıbmış və indi ölkənin sahibinə, xana razılaşm müqaviləsi təklif edibmiş.
Şəxsi həyatda xan sadədil bir insan, Şərqin xəttatlıq sənətinin ən gözəl bəzəklərinə sənətkarlıq kamilliyi ilə bələd olan bir xəttat idi. O, müqaviləni oxumadı, oxusaydı da başa düşməyəcəkdi, rəğbət bəslədiyi isveçlinin xahişini yerini yetirmək üçün təqlidsiz kufi xətti ilə öz adını yazının altına düzməyə başladı. Görünür, isveçliyə elə bu lazım imiş. O, bir həftə də köydə qaldı və əlahəzrətin namus keşikçisi piyli bir xacə ilə gizli söhbətlər apardı. Həftənin sonunda kirə pulunu ödəyib bir neçə nəfis İran xalçası aldı və tövləsindəki seçmə atlardan üçünü ona xatirə hədiyyəsi edən xanla vidalaşdı. Əcnəbi naməlum istiqamətə yola düşdü. Həmin gün xanın sevimli qızı da yoxa çıxdı. Əvvəlcə heç kim güman etmədi ki, bu iki hadisə hardasa bir-biri ilə bağlıdır. Qızı qonşu köylərdə, köçəri tayfa başçılarının dəyələrində və yerli donjuanların hərəmxanalarında axtardılar; gəqir göygöz qərib heç kimin ağlına gəlmədi. Yalnız altı həftə sonra xan həqiqəti biləsi oldu. Sarvanlardan biri ona Rusiyadan, isveçli dostundan bir məktub gətirdi. İsveçli ona göstərilən qonaqpərvərliyə görə bir daha təşəkkürünü bildirir və təəssüflənirdi ki, sözübütöv bir adam kimi xanın qızını qaçırmalı olub. Üzrxahlıq edirdi ki, qərib kimi bir tərəfdən atanın xeyir-duasına ümid bəsləyə bilməzdi, digər tərəfdən isə vəziyyəti onun sevgisinin imkanca tez qanuniləşdirilməsini tələb edirmiş. Üstəlik ümid edir ki, xan indi öz razılığını verəcək, xüsusilə onun – neft müqaviləsinin bir rus qurumuna satışından sonra – nəzərdə tutulan cehizdə qəti gözü olmadığına görə.
Xan məktubu aldı, onu bir dəfə də oxudu, sonra bir də oxudu, gözlərinə inanmadı, amma inanmalı oldu, bədbəxt elçisini həbs etdirdi, sonra buraxdırdı və nəhayət dərin bir susquya qapıldı. Susdu və indiyə qədər bəşəriyyətin görüb-eşitmədiyi bir intiqam planı cızdı. Üç gündən sonra saray rəssamını yanına çağırdı və planını ona bildirdi.
Rəssam baş əydi, hökmdarın ağlına heyran olduvə qisas planının icrasına hazırlaşmağa başladı. Qana susamış xanın tapşırığı tezliklə yerinə yetirildi. Sarayın baş salonunda, taxt-tacla üzbəüz böyük sənətkarın son yaradıcılığı divara bərkidildi. Şəkildə üz-gözlərindən amansızlıq yağan minlərlə ağ geyimli piyada qoşunu qılıncdan keçirən bir neçə süvari əks olunmuşdi. Arxa planda oda qalanmış kəndlər, ağlar qadınlar və uşaqlar görünürdü. Qaliblərin önündə xan özünün kürən kəhərini çapırdı. Atının dırnaqları altında başları üzülənlərin cəsədləri sərilmişdi. Öldürülmüş adamın başı ön planda tam aydınlığı ilə təsvir olunmuşdu; o, qan gölünə düşmüşdü, üzü tamaşaçıya doğru idi və gözəl qızılı saçları, qan damcılayan iri, göy gözləri vardı.
Şəklin altında bu yazı oxunurdu:
“İmanın qüdrətli, yenilməz qoruyucusu Fətəli Xanın qoşunları tərəfindən İsveçin zəbti. Əlahəzrət, İsveçin hiyləgər padşahının başını üzür”.

***

Qoçu bu və ya digər şəraitdə öz torpağını itirmiş bəydir, amma onun yenə də bir neçə təbəəsi var ki, onları da qanuna və qaydaya görə o yedirməlidir. Təbəələr öz bəylərindən əl götürmürlər və ondan yaxşı mülkədardan tələb olunan şeylər istəyirlər, daha doğrusu, iş və maaş ki, həmin maaşdan da qoçunun özünə vergi ödəyə bilsinlər.

***

Deməli, kasıblaşmış bəy və onun sarayı bir bütövlük yaradır ki, onu da heç vaxt bir-birindən ayırmaq olmaz və o, digər şərq ölkələrində, bir qayda olaraq, qaçaq dəstələrinin özəyini təşkil edir.

***

Bir neçə əcnəbi neft sahibkarı, məsələn, Rotşild əvvəlcə qoçuları yaxın qoymaq istəmirdi, amma sonradan bunun acı peşmançılığını çəkdi; zira elə bir gecə olmadı ki, Rotşildin evi yarılmasın, yaxud ona hansısa bir ziyan dəyməsin. Nəhayət Rotşild qoçu tutmaq istədikdə artıq gec oldu. Cənablar Rotşildi qarət etməyə öyrənmişdilər və bu “xəsis” əcnəbini qorumaq istəmirdilər. Rotşildi, heç olmasa, ən iri qarətlərdən qorumaq üçün güc-bəla bir qoçu tapıldı ki, o da bu işə ikiqat bahasına razılıq verdi.

***

Yalnız çox nadir hallarda, tətil və üsyan zamanı qoçular birləşirdilər və onda bütün Azərbaycan üçün bəlaya çevrilirdilər. Onların vəhşi ordusuna qarşı heç kim döyüşmək istəmirdi. Əgər onlar bir-biriləri ilə daimi düşmənçilikdə yaşamasaydılar, yəqin ki, bir gün bu neft məmləkətinin həqiqi sahibləri olardılar.

***

Amma vaxt tamama yetişəndə qapı döyüldü və Tolstoyu oxumuş, çadrasını atmış yaşlı xanım, bibim içəri girdi, mənə və tapançama, sonra da küncdəki çılpaq kişiyə baxdı, atama yaxınlaşıb həyəcanla dilləndi:
– Nə qədər ki, mən bu evdəyəm, burda adam öldürülə bilməz.

***

Uzunburun, xumargöz, pudralı qonşumuz İbrahim quldurbaşı idi. Hər kəs bilirdi ki, o, neft maqnatı Musa Nağının əmri ilə sonuncunun rəqiblərini yortmuş, qaçıb aradan çıxmaq istəyən bankir Sveyi çöldə yaxalamış, oğurladığı pulları ondan alıb özünü də öldürmüşdü.

***

Atam otağa qayıtdı, qəhvə gətirtdirdi, şillələnmiş gədəyə də bir fincan qəhvə verib onunla söhbətə başladı. Atam onunla iki saat danışdı, hər cür xeyirxahlıqdan dəm vurdu, axırda ona pul və Rusiyadakı dostlarından birinə vəkalətnamə verib bu saatca ölkədən çıxmağı əmr etdi. Oğlan məsum bir görkəm alıb pulu cibinə basdı və getdi. Adamlarımız bizə xəbər verdilər ki, o doğrudan da ölkəni tərk edib, amma sərhəddən bizə bir məktub da göndərmişdi:
“Siz mülayim vəhşilərsiz!
Oğru İvan”.

***

Mənim kimi adam Avropada vətənin fəxri olardı.

***

İbrahim Nağıya həmişə dayı deyirdi – ağa deməmək üçün.

***

İbrahim məşuqəsi sarışın polyak qadınla böyük ehtiramla davranırdı, imkan düşən kimi onu cəmiyyət içinə çıxarırdı, ancaq zaman-zaman ona tərbiyə verməyi vacib sayırdı ki, ona aşağı sortlu asiyalı kimi baxmaq qadının ağlına gəlməsin. Mən dəfələrlə onun tərbiyə dərslərinin şahidi olmuşam. Bunlar adətən onunla başlayırdı ki, o öz polyak qadınına özünün üstünlüklərini başa salmağa çalışırdı. Bu, bir qayda olaraq, ona müyəssər olmadığına görə İbrahim söhbətin sonunda melonxolikliyə tutulurdu, təəssüflə qadına baxıb qulluqçu qızı zınqırovla səsləyirdi. Avropa libaslı qulluqçu qız gələndə İbrahim qəmli-qəmli barmağını qadına tuşlayıb qürurla deyirdi:
– Qız, bu qaranlıq nöqtəni mənzilimdən uzaqlaşdır! – yaxud həddən artıq hövsələdən çıxanda – Ay qız, bu zibil qalağını götür at bayıra!

***

Mədəniyyətə, teatra, baletə, hətta ədəbiyyata qiymət qoyan İbrahim isə sivilləşmiş avropalı olaraq qalır. Eşitdiyimə görə indi Qalata körpüsünün yanında gecə kabaresi açıb, “Avropaya Pəncərə” adı altında!

***

Danışıqlara başladıq. Mən evə bir məktub yazıb buraxılmağım üçün xeyli pul istəməliydim. Belə şeyi yazmaqdan əvvəlcə boyun qaçırdım, inandırmaq istədim ki, özüm özümə heç cür qiymət qoya bilmirəm, onun mənim başıma qoyduğu qiymət yalnız əsassız rifaha söykənir və mənə dediyi məbləğ fantastik bir rəqəmdir. Mənim dəyərim heç vaxt, heç zaman beş yüz min qızıl rubl olmaz. Kişi isə beş yüz min rubldan bir qəpik də düşmək istəmirdi. Dediyinə görə mənim dəyərim bundan da çox imiş, yalnız özümün mübaliğəli sadəliyim ucbatından bunu etiraf etmək istəmirəmmiş.

***

Seçki kampaniyasına və təbliğata bu yolla pul toplamaq Şərqin bütün siyasi partiyalarına xas idi, bu cür əldə edilmiş pul çox vaxt partiya üzvlərinin cibində itib batsa da. Belə maliyyə bicliklərinin ustası bir vaxtlar gürcü Soso Cuqaşvili olmuşdu ki, o da məhz özünün bədnam inqilabi təxəllüsü “Nişeradze”ni sadə Stalin adı ilə dəyişmək üzrə idi. Şərqdə tək-tük varlı adam tapılar ki, o hərdən öz pul kisəsinin ağzını məcburən açıb bu və ya digər inqilabi dəstənin məqsədlərinə verməmiş olsun. Bunun ən parlaq nümunəsi leninçi marksistlərin və erməni daşnakların təşkil etdiyi qəsbkarlıq, yaxud incə peşəyə qoyulan ad kimi qəsb idi. Əfsuslar olsun ki, mən Stalinin əlinə düşməyimlə öyünə bilmirəm. Mən oğurlananda – 1917-ci ildə – kommunist partiyasının daha qəsbə ehtiyacı qalmamışdı. Elə Stalin özü də daha vacib işlərlə məşğul olurdu. Pariyanın baş katibi Leninin və o vaxtlar daha məşhur olan CƏnubi Rusiyadan jurnalist Lev Bronşteynin – Trotskinin yaxın dostu idi.

***

Rus hərbi dəstələri hardasa Bakı yaxınlığında rahatca düşərgələnirdilər və erməni “Daşnaksütun” partiyası hay-küy qaldırmadann bir qoşun hazırlayırdı ki, o da Ermənistana ölkənin müdafiəsinə getməliydi. Həmin qoşunun başçıları Andronik və Styopa Lalay idi. Amma onların ikisi də Ermənistana getmədi, çünki martın üç qanlı günü yaxınlaşmaqdaydı ki, həmin günlərdə də küçə döyüşlərində Azərbaycanın taleyi həll olundu və Bakının meydanlarına, damlarına və küçələrinə otuz min cəsəd sərildi.
Andronik və Styopa Lalay həmin günlər qəddarlıq mücəssiməsinə çevrildilər.

***

Poqquldayan arzulara baxmayaraq döyüşən tərəflərdən heç biri düşmən neft sahibkarlarının mədənini odlamağa ürək eləmirdi, çünki alov mütləq öz adamlarının da neft buruqlarını məhv edərdi. Erməni neft sahibkarları – Styopa Llay da məşhur neft maqnatı idi – öz soydaşlarının tərəfində olsalar da, küçə döyüşləri zamanı bizimlə, özlərinin qan düşmənləri ilə razılığa gəlmək məcburiyyətində idilər. Neft buruqları məhz yeganə müqəddəslik idi ki, bu günlərin özündə də onlara toxunula bilməzdi. Neft buruqları bütün tərəflərdən yüksəkdə dururdu.

***

Yəhudiyə edilmiş qətlin günahı xüsusi tənzimlənirdi. Qatil, o lap müsəlman olsa belə qətlə yetirilənin dərisini bədənindən çıxarmalı, onu gümüşlə doldurub öldürələnin ailəsinə qanpulu kimi verməliydi. Bu hökm hər halda nadir yerinə yetirilirdi, çünki yəhudilər də azərbaycanlılar kimi adətən qan qisasının üstündə dururdular.

Qətldən sonra qatilin bütün qan qohumlarına xəbər çatdırılırdı ki, üçüncü gün bitəndə qətlə yetirilənin ailəsinin intiqamı başlayacaq. Hansısa bir qəsrə çəkilib orda düşmən ailənin hücumuna qarşı birgə qorunmaq üçün qohumkar bu üç gündən istifadə edirdilər. Əgər qətlə yetirilənin qihumları üç həftə ərzində intiqam ala bilmirdilərsə, qanuna əsasən kənd ağsaqqalı və ravvin işə qarışmalı olurdular ki, onlar da qanpulunu təyin edib ailələri barışdırırdılar. Qətlə yetirdiyi adamı müəyyən mənada əvəz kimi qatil özü iki illiyinə onun ailə üzvlüyünə daxil olurdu ki, burda da o, indən belə evin sevimli oğlu sayılırdı.

***

Müsəlmanlarda olduğu kimi, subay kişilərə qarşı yəhudilərdə də ikrah var, onlara icmanın tam dəyərli üzvləri kimi baxmırlar, onlara silah gəzdirməyə də icazə verilmir.

***

Hər gün inqilabi yığıncaqlar olurdu ki, burda da erməni komissarlar ac-yalavac xalqı istismarçılara, xan və bəylərə, neft balinalarına qarşı son mübarizəyə səsləyirdilər. İşim-peşəm olmadığına görə bu yığıncaqlarda müntəzəm iştirak edir, Beynəlmiləli oxuyur, Lenindən iqtibaslar gətirib neft balinalarının dədəsinə od qoyurdum. Bu yığıncaqlara erməni kommunistlər rəhbərlik edirdilər, həm də elə natiq kimi çıxış edirdilər. Hərdən inqilabda əməyi olan gənc kommunistlərə də söz verirdilər. Sonuncuların sırasında insanın saçını ürpədən giclikləri danışmağa xüsusi qabiliyyət sahibi on doqquz yaşlı erməni gədəsi daha çox nəzərə çarpırdı, o vaxt hələ arıq, sadə və səfeh idi, yalnız sonralar İttifaqın daxili işlər naziri və Rusiyanın ikinci qüdrətli kişisi olanda o – Stalinin şəxsi katibi yoldaş Mikoyan – ağıllandı və piyləndi. Bir yığın şübhəli insan o vaxt kommunist oldu. Məsələn, eşşəyi əzilən heyvanların nümayəndəsi kimi hökumət tərkibinə seçmək təklifini tam ciddiliklə irəli sürən keşmiş dəlixana sakini hərbi nazir oldu. Xalqın rifahına qayğı tanınmış sutenyorlardan birinə tapşırıldı və savadsız bir matros təhsilə rəhbərlik etdi. Ailəmizin narazılığına baxmayaraq mənim qohumlarımdan biri də kommunist rəhbər oldu. O, tez-tez bizə gələrdi və bir dəfə atam soruşdu ki, niyə məhz bu bacarıqsız insanlar hökumət tərkibindədirlər.
– Çünki heç kim bizimlə işləmək istəmir, – qohumumuz cavab verdi. – Əgər istəyirsinizsə, elə günü sabah Sizi maliyyə naziri edək.

***

Daxili mübadilə üçün ölkədə mövcud olan çapxanada kağız pul buraxıldı. Boyaya qənaət edildiyi üçün həmin kağız pulun yalnız ön üzündə respublikanın gerbi, pulun dəyəri, eləcə də “Dövlət zəmanət verir” və “Qəlp pullar həbslə…” sözləri yazılmışdı. Arxa üz ağ idi və mən ora satirik şeirlərimi yazırdım.
Amma bununla belə, həmin pulu qəlpləşdirməyə meyil edən nadinc adamlar tapıldı. Qəlp pullar İranda çap olunurdu və onları əsllərindən ayırmaq mümkün deyildi. Bu çətin vəziyyətə son qoymaq üçün maliyyə naziri bir açıqlama verdi ki, onun da yardımı ilə əsl və qəlp pulları çətinlik çəkmədən ayırd etmək mümkün idi.
Açıqlamada deyilirdi:
“Şübhəli əsginasları su ilə islatmalı. Boya getməzsə, pul saxtadır”.

***

Oxucunun bildiyi kimi, 1918-ci ilin martında erməni və Qafqaz kommunistləri qəddar qan selindən sonra Azərbaycanda hakimiyyəti ələ keçirdilər. Həmin 26-lar Stalinin 1907-1908-ci illərdə bütün Qafqazı terrorizə edən məşhur dəstəsinin üzvləri, Cənubi Qafqazın aktivistləri idilər. Əslində onlar 27 idilər, 27-cisi, erməni Mikoyan təsadüf nəticəsində salamat qaldı və sonralar Ermənistanın diktatoru və Qafqaz Çekasının rəhbəri oldu.

***

Bakı alman-türk qoşunları tərəfindən əhatə ediləndə mühasirədəki şəhərin ortasında həmkarların kommunistlərə qarşı üsyanı başladı. Mühasirədən qorxuya düşən 26 rəhbər öz təəssübkeşlərini darda qoyub onları Rusiyaya aparmalı olan gəmiyə qaçdılar. İndi rəsmən belə deyilir ki, dünya proletariatının naminə onlar özlərini təhlükəsizliyə qovuşdurmaq istəyiblər, gündəlik danışıqda bunu o vaxt fərarilik adlandırırdılar.
İçində kommunist hökumətin olduğu gəmi yola çıxdı, 26-lar İnternasionalı oxuyub matroslara əmr etdilər ki, Volqanın mənsəbinə kurs götürsünlər. Sovet hökumətinin özəyini təşkil edən qırmızı matroslar isə hökumətin əmrinə tabe olmaqdan qəflətən boyun qaçırdılar. Onlar şimala, böyük Sovet məmləkətinə qayıtmaq istəmirdilər, qan sızan, acından ölən, qətllər törədən Volqa Sovetlərinə öz yardımlarını təklif etmək istəmirdilər. Kirayə gəmisinin qaranlıq kabinələrində dona-dona, titrəyə-titrəyə büzüşərək öz talelərin doğru irəliləyən 26-lar üçün bu qərar ölüm hökmü idi. Çünki Azərbaycan sahillərindən, Volqanın mənsəbindən başqa yalnız iki sahil qalırdı ingilislərin zəbt etdiyi İran sahilləri və Qızılsuyun qumlu limanı.

***

– Kommunistlərin axırı necə olacaq? – soruşdum.
– Hələ bəlli deyil, – cavab verdi, – bəlkə dövlət hesabına dəfn.

***

O vaxt mən öldürmək istəməməyi zəiflik sanırdım. Yalnız sonralar öyrəndim ki, öldürmək-öldürməmək nə güclülükdür, nə də zəiflik. Əksər insanlar üçün o, adicə bədən hərəkəti, bir qismi üçün ağır yerinə yetirilən bir iş və yalnız müstəsna hallarda kimin üçünsə mümkün olmayan bir şeydir.

***

Nitq irad etdi, özünün ali ulularından, Rusiyada öyrəndiyi idarəçilik bacarığından, müqəddəs savaşdan və bugünkü dünyanın korlanmasından danışdı. Axırda ərəb dilində Qurandan bir neçə ayə də iqtibas gətirdi ki, bununla da hürkək könüllərə xüsusi təsir göstərmiş oldu.

***

Xarici işlər naziri İrana yola düşmək tapşırığı aldı. Məsuliyyətsiz şəkildə – yəqin təmsilçilik məqsədləri ilə – hökumətin bütün xəzinəsini onun ixtiyarına verdilər. O, İrana gedib ingilisləri çağırdı, amma özü bir daha geri dönmədi.
Hökumətin xəzinəsi çox da böyük deyildi, amma nazirə bəs edərdi.

***

Tayfaların apardığı müharibələrdə su və ağac toxunulmaz varlıqlardır; qızları qaçırarlar, qoyun sürülərini oğurlayarlar, döyüşçüləri öldürərlər, özü də çox vaxt qəddarcasına, yalnız su qaynaqlarına qıymazlar.

***

Gərək o, əlini qazana salsın, bir tikə ət götürsün və onu irəli uzadıb saxlasın. Bu vaxt məclisin ağsaqqalı dizin-dizin sürünüb onun yanına gəlir, ağzını geniş açır və qonaq tikəni onun ağzına qoyur, ağsaqqal da əti yeyib yenidən sürünə-sürünə yerinə qayıdır. Bütün ailə üzvləri bu minvalla qonağın yanına sürünüb qurtardıqdan sonra əsl məclis başlayır.

Əməl edilməsi qonağa ağır gələn digər ehtiram nişanəsi onun yeməkdən sonra gəyirməsidir. Qonaq bu əmələ məhəl qoymursa, ev sahibinin xətrinə dəymiş olur. Bu ona sübutdur ki, qonaq yemək süfrəsindən doymamış qalxıb.

***

Dəyənin ortasında ocaq qalanır. Tüstü dəyənin belindəki xırda deşiklərdən özünə yol tapır. Ocaqda quyruq qızardılır, yaxud dəhşətli üsulla çay hazırlanır. Su ilə dolu tiyana bir parça sıxılmış çay atılır – Monqolustanda buna xırda pul kimi baxırlar -, sonra xeyli qoyun əti, yağ və duz əlavə olunur. Hamısı bir yerdə yarım saat odun üstündə qaynadılır və köçəri onu ləzzətlə içir.

***

Çingiz Xanın qoyduğu qanuna görə paltarı əyindən çıxarmaq, ümumiyyətlə, yasaq olunmuşdu. Sibir köçərisinə çimmək də yasaqdır, özü də dini səbəbdən. Suda Su Tanrı, Su Allahı yaşayır ki, suyun çirkləndirilməsi də onu incidə bilər. Çingiz Xanın başqa bir qanuna görə su ilə yuyunmaq ölümlə cəzalandırılırdı.

***

Ərin sevgisinə əmin olan kiçik arvadlarla böyük arvada nisbətən çox pis davranılır. Məsələn, süfrədə böyük arvadı ilə xörək yeyən ərinin arxasında o, əlində dəsmal dayanmalıdır. Kişi düyü qarışıq qoyun ətini hər dəfə əli ilə ağzına qoyandan sonra çiyinləri üstündən əlini arxaya uzadır və kiçik arvadına sildirir. Evin çirkli işlərini də kiçik arvad görməlidir, əsası da o olur ki, bunun müqabilində onu sevirlər.

***

Lakin qadın heç vaxt döyülmür, nə səhrada, nə də bütün İslam Şərqində də, hətta ərinə xəyanət etdikdə də.
Ərinə xəyanətə qarşı Güney Türküstanda köçərilərin adi ölüm cəzası ilə yanaşı, digər xüsusi tədbirləri də var. Kişi arvadının xəyanətini sezəndə onu tayfa ağbirçəyinin yanına gətirir, o da həmin qadınla xüsusi məşğul olur. Zinakar qadın ölmüş sayılır, kəfənə bükülüb tənha bir guşədə quma basdırılır. Üç gün o özünü ölülüyə vurur və ağbirçəyin ara vermədən ağı deməsinə qulaq asır. Bununla geri, ərinin yanına qayıtmağa ixtiyar qazanır, ona yeni ad verirlər və qadın pak sayılır. Amma xəyanətkar arvadını yerindəcə öldürmək haqqı heç də kişinin əlindən alınmır.

***

Köçərinin sərvəti onun uşaqlarıdır. Sərvət qoyun və uşaqların sayı ilə dəyərləndirilir, çünki hər ikisini satmaq olar, özəlliklə də qızları. Fəqət qız üçün həddən artıq yüksək başlıq tələb etmək yaxşı sayılmır, bu qaniçənlik olardı. Qanunla ata qızı üçün uşağın boya-başa çatmasına xərclənən məbləği və tayfa ağsaqqalının müəyyən etdiyi gözəllik pulunu tələb edə bilər. Yalnız bəyin hulqumu olduqda ondan gözəllik pulu istənilmir. Kişidə hulqum Allah nişanəsidir, buna görə də şərafətlənməli və qısnanılmalıdır.

***

Loğmanın hazırlıq savadı avropalı həkimin savadından köklü şəkildə fərqlənir. Bu savad orta əsrlər savadıdır. Loğman anatomik institutun üzünü görmür, cəsəd yarmır, bunun əvəzində teologiya, ədəbiyyat tarixi, məntiq və qrammatika ilə məşğul olur. Əsl təbabəti hansısa yaşlı həkimin yanında fərdi öyrənir, əvvəlcə ona əlavə peşə kimi yanaşır və yalnız yaşa dolduqda özünü ona həsr edir. Çox vaxt hansısa mömin dərviş ordeninin üzvü, Quran bilicisi və şair olur.

***

Türküstanın minillik dəbi qadının gözünün qara olmasını tələb edir, göy göz yolverilməzdir; o, Allah qəzəbinin nişanasi, cəza və rüsvayçılıq sayılır. Dünyaya göy gözlə gələn türküstanlı qızı heç bir hərəmxanaya götürmürlər, onu heç kim ərə almır, ata-analar onunla oynamağı öz uşaqlarına yasaq edirlər, adamlar ondan qaçır və arxasınca deyirlər ki, onun bəd nəzəri var. Köçəri ailəsində göygöz qız doğulanda tayfa yasa batır. Uşağı can-başla öldürərdilər, amma Məhəmməd peyğəmbər, necə ağır yük olsa da, çağa qızı öldürməyi çoxdan qadağan etmişdir.

Gözün rəngi barədə bu hökm kişilərə aid olmur. Kişinin qüdrəti onun gözləri ilə ölçülmür. O, bozumtul-göy, hətta taygöz ola bilər, heç kim buna məhəl qoymur. Əgər Allah kiminsə dünyaya kişi kimi gəlməsini rəva bilibsə, artıq bu özü bir sübutdur ki, O, həmin adama qəzəbli deyil.

***

Heç kim inanmaq istəmir ki, Türküstanda nəyi isə Teymur tikməmiş olsun. Hətta güclə əlli yaşı olan binaları da israrla Teymurun ayağına yazırlar. Şərqdə hər məmləkətin bir adamı var ki, seçilən və sirrli görünən hər şey onun adına bağlanır. Azərbaycanda bu, hər şeyi tikmiş Böyük İskəndərdir. Azərbaycanda üstündə “General knyaz Sisiani tərəfindən 1805-ci ildə tikilib” sözləri döyülmüş bir körpü tanıyıram. Hamı o yazını oxuyur və heç kəs də inanmır, çünki möhkəm bir əminlik var: Neft buruqlarından başqa hər şeyi İskəndər tikmişdir.

***

Teymurun qəddarlıqları barədə hekayətlər bitib-tükənmək bilmir, dost və düşmən köçərilər onlardan iftixarla söhbət açırlar. Qəribədir, Teymur dünyanın yeganə milli qəhrəmanıdır ki, əfsanələr, insanlıq baxımından, onun haqqında bircə dənə də müsbət keyfiyyət söyləmir. İnsani keyfiyyətləri onda yalnız alimlər kəşf etmişlər.

***

Avropadakı azad xidmətçilərə baxanda tutarlı şərqli evində kənizlərlə daha yaxşı davranırlar. Şərq baxışına görə sahib əslində öz quluna/kənizinə görə Allah və insanlıq qarşısında cavabdehdir, məsələn, qulun/kənizin etdiyi borclar üçün o, məsuliyyətlidir, qulun/kənizin hərəkəti üçün məhkəmə qarşısında o, cavabdehlik daşıyır və qul/kəniz ailə quracağı təqdirdə sahib öz varidatına münasib ona pay, yaxud cehiz verməyə borcludur. Qul/kəniz evin bir uşağı sayılır ki, onu da qoruyub himayə etməlisən. Yad qulun/kənizin xətrinə dəyirsə, bu, sahibin təhqiri hesab edilir. Qulun/kənizin sahibi belə təhqirə ən azı öz şəxsiyyətinin təhqir olunması kimi yanaşır. Sayılmayan azad bir insan olmaqdansa, karlı bir ağanın qulu/kənizi olmaq Şərqdə sosial və maddi baxımdan daha xoşdur.

***

İslam universitetində dərs, ümumiyyətlə, təlim Avropa universitetlərindəkindən xeyli fərqlidir. Məsələn, universitetlərin professorları əmək haqqı almırlar, kasıbdırlar və biliklərindən şəxsi varlanma üçün istifadə etməyə ixtiyarları yoxdur. Onların çoxu sədəqə ilə dolanır, buna baxmayaraq bütün ölkədə görünməmiş bir hörmətə malikdirlər. Onların hökmü və sözü Şərqdə hər hansı bir valinin hökmündən və sözündən yüksəkdir, hətta hökmdarı taxtdan salmaq üçün universitet senatının qərarı yetərlidir. Universitetdə insanı varlandıra bilən elmlər tədris olunmur.
Yalnız öz adlarının yanında bir hafiz titulu daşıyırlar ki, bu da təqribən Avropanın doktoruna uyğun gəlir.

***

Səmərqənd əsl şərq şəhəridir ki, burda da hər kəs ona aid olanları öyrənir və yararsız bilgidən boyun qaçırır. Tələbə ruhları çağırmağı, tacir qul alverini, döyüşçü insan öldürməyi, qonur yanaq qızlar şeiri, musiqini və sevginin incəliyini.

***

Mən hətta şeirlər dinləmişəm ki, orda Leninin ürəyi həmin ayaqların incəliyi ilə müqayisə edilirdi.

***

Rus generalı sanı ilə əmir, deyəsən, daha çox fəxr edirdi, nəinki öz tacı və Çingiz Xanın törəməsi olduğuna görə.

***

İranda heç nə yaşar deyil, nə soysuzlaşmış qacar bəyləri, nə də cüt dalınca gedib Hafizin, yaxud Sədinin qədim şeirlərini beş yüz il əzbərdən söyləyən əkinçi. O bu gün də cındır libasını baxışa layiq bilməyən və ilahi dəyəçinin şeir sənətini vüqarla öyrənən əsl şairlər və mütəfəkkirlər ölkəsidir. İranda yaşar olan yalnız dindir, özünün bütün şaxələri, təriqət və dərviş qurumları ilə şiə dini.

***

Kafirin qisməti şənlikdir, farsın vüqarı yas.

***

Əgər cır-cındır içində hansısa uzunsaç bir dilənçi yolda səni almanca, fransızca, yaxud ingiliscə dindirirsə, buna heyrətlənməyə lüzum yoxdur. Şərqdə təhsillə var-dövlət bir-birindən ayrılmışdır.

***

Bu seyidlər sözün ciddi anlamında din xadimləri deyillər, əksəriyyəti tacir, yaxşı güzərana malik iş adamları və torpaq sahibləridir, fəqət nəsillləri sayəsində onları hər tərəfdən müqəddəslik şöhrəti bürümüşdür. Onlar İranın ruhi zadəganları sayılır, sıraları durmadan artır, zira seyid olmaq, yəni öz soyunun Peyğəmbərdən gəldiyini məhkəmə qarşısında sübut etmək o qədər də çətin deyil.

***

Məsələn, təkərinə, yaxud qoşulduşu ata sünni əli dəymiş arabadan heç bir dərviş alma yeməz. Digər farslar da bunu həvəssiz edirlər. Əgər bir sünni, yaxud xristian bazardakı qarpız tığında əlini qarpızlardan birinə vurursa, o, qanun qarşısında bütün tığı almağa borcludur.

***

Hər dəlilik haqqa doğru bir addımdır.

***

Azərbaycanda, Türküstanda, Özbəkistanda, Əfqanıstanda torpaqlı və təbəəli, torpaqlı və təbəəsiz, təbəəli və torpaqsız, ən nəhayət isə torpaqsız və təbəəsiz bəy-xanlar var ki, onlar da ya xaricdə zəngin amerikalı xanımın ovuna çıxmışlar, ya da öz yurdlarında gəncliklərini zindanlarda çürüdürlər. Bunlardan başqa bir də qaçaqlar ki, onlar da necə deyərlər, in spe (gələcək) bəy-xanlardır (hərdən əsl xanlar da qaçaqlara qoşulurlar), padşaha əmioğlu deyə müraciət edirlər, onun qızlarını alırlar və general sanına yüksəlirlər. Qaçaqlıq sanı ya irsən qəbul edilir, ya da şəxsi xidmət nəticəsində qazanılır. Qaçaqlar dinc həyata keçərlərsə, gərək onların qapısı üstündə yazılsın: “Filan, filan qaçaq. Qəbul saatları 4-6 və namazdan sonra” (zira qaçaqlar çox mömin olurlar). Gərək poçtla göndərilənlər də belə ünvanlansın: “Ağeyi filan qaçağa. İran, Tehran, Böyük Məscidin yanındakı bağ evi”.

***

Zira Cəfər Xan şair idi, şeir qoşmağın yüksək sənətkarlığını insanı heyvandan ayıran yeganə keyfiyyət kimi qəbul edən şair.

***

Biz yola düşəndə o mənə Hafizin bir əlyazmasını bağışladı, üz-gözünü turşudub, təbii ki, şeirlə rəsmi sevgi bəyanında bulundu, mən də ona, yenə təbii ki, sevgi izharı ilə cavab verdim. Əminəm ki, karvanımızı silahlı atlılar qorumamış olsaydı, onun bu sevgisi platonik sevgi kimi qalmayacaqdı.

***

Ehtiyac möcüzə doğurur.

***

Xilas həmişə olduğu kimi, gözlənilmədən və son anda gəldi, təxminən ən aşağı keyfiyyətli bulvar romanında olduğu kimi.

***

Ümumiyyətlə, onu da qeyd etmək lazımdır ki, azərbaycanlılar düşməni əvvəlcə öldürür, yalnız bundan sonra yuxarıda təsvir olunanları tətbiq edirdilər, ermənilər isə, tərsinə, canlı insanı dəhşətli işgəncələrlə öldürürdülər, meyiti isə həmin dəqiqə rahat buraxırdılar. Xalqlar xarakterinin fərqi də elə budur.

***

Şəhəri azad edənlərin fikrincə bu dar ağacları boş qala bilməzdi, çünki bu, zəiflik kimi qəbul oluna və hökumətin nüfuzuna xələl gətirə bilərdi.
Bir neçə gündən sonra canilərin kökü kəsilmişdi; belə olanda ya gərək günahsızları asaydın, ya da dar ağaclarını qoparıb ataydın. Bunun hər ikisi arzuolunmaz idi; ona görə də yerli həkimin başının məhsulu olan təkrarsız bir üsula əl atdılar.
Hökumət xəstəxanalarında, ya da hardasa öz əcəli ilə ölmüş və ortada qohumları olmayan insanların cəsədlərini sadəcə olaraq götürüb gecə yarısı dar ağaclarının yanına gətirir və ordan asırdılar. Səhər tezdən şəhər sakinləri cəzalandırılmış yeni canini görürdü və dövlətin nüfuzu yenidən sabitləşirdi. Xoşbəxtlikdən bu yolla sabitliyə soyuq aylarda nail olunurdu. Bu yolla cəsəd bir neçə günlüyünə asılı qalırdı. Allah bilir, yayda necə çıxış yolu tapılardı. Mən asılanların mənşəyindən tezliklə xəbər tutdum və buna görə də əhaliyə edilən təsirdən ikiqat məmnun oldum.

***

Ürəklərinə yatmayan nəsə olurdusa, onu belə bir əsaslandırma ilə hökumətə qadağan edirdilər ki, bu, sivilizasiyanın əsasına ziddir. İngilislərin heç vaxt yazılı bildirmədikləri bu cür qadağalar həmişə belə cümlə ilə bitirdi:
– Xahiş edirik, məsləhətimizə əməl edəsiniz, çünki əks halda ölkənizi öz taleyinin ümidinə buraxıb, İngiltərəyə qayıtmalı olarıq.

***

İngilis zabitləri əvvəlcə – bundan öncəki alman və türk zabitləri kimi – neft sahibkarlarının məşhur klubuna sərbəst girişə malik idilər. Bir gün orda dörd ingilis zabiti gəlib şam yeməyi sifariş verdi və yeyib qurtarandan sonra onlar ayaqlarını masanın üstünə uzatdılar. Bu vərdiş Azərbaycana yaddır, əksinə, burda belə bir atalar sözü var: “Donuzu süfrəyə oturtsan, qaldırıb ayaqlarını onun üstünə qoyar”. Həmin gecə vəzifəsini yeriə yetirən klub üzvü Əli bəy masaya yaxınlaşıb ingilislərdən ayaqlarını masadan çəkməyi xahiş etdi. Zabitlər onu heç cavaba layiq bilmədilər, çərənləmələrinə davam etdilər, sanki ortada gözə dəyən heç nə yoxdur. Bəy xahişini təkrarladı, buna cavab olaraq zabitlərdən biri qəlyanını ağzından çıxarıb bahalı İran xalçasının üstünə tüpürdü və “Rədd ol!” cümləsinə bənzər bir söz dedi. Bəy süfrəçilərdən bir neçəsinə əl elədi ki, onlar da brit mədəniyyət daşıyıcılarını gücləri daxilində yüngülcə klubdan bayıra fırlatdılar. Bu işə bir neçə neft sahibkarı da yardımçı oldu və ingilislərdən biri xəncərini itirdi.
Ertəsi gün qəzetlər yazdılar:
“Neft sahibkarları ingilis zabitlərini əzişdirdilər”.
İngilis generalı əsib-coşdu, özünü Neftçilər Şurası prezidentinin yanına saldı, klubu bağlayacağı və iştirakçı neft bəylərini güllələyəcəyi ilə hədələdi. Generalı başa salanda ki, neft klubu qapalı cəmiyyətdir və neft sahibkarı olmayan hər kəsi, yaxud xoşlanmadıqları istənilən qonağı ordan uzaqlaşdırmağa haqları var, qəribə də olsa, o, hər iki fikrindən daşındı.
– Bu, İngiltərədə də belədir, – dedi, lakin olayı işıqlandırmış qəzetləri müsadirə etdi. Hadisənin iştirakçısı zabitlər İngiltərəyə göndərildilər.

***

Vaxtilə knyaz Behbudovla ixlilafa girmiş müdrik general Tağızadə parlamentdə bir proqram nitqi söylədi ki, onu da məğzi sürəkli alqışlarla qarşılanan belə bir cümlə oldu:
– Bizim bu bədbəxt xalqa üç şey lazımdır: şallaq, dustaqxana və müəllim.

***

Rusların verdikləri sözə necə əməl etmələri belə bir faktdan aydın olur ki, çevrilişdən artıq bir ay sonra Bakıda, bir nəfər də olsun, nazir sağ qalmamışdı, parlament üzvləri və neft maqnatlarından yalnız o şəxslər çekanın zindanlarına düşmədilər ki, onlar neft mütəxəssisi kimi əvəzsiz idilər.

***

Çekanın başında dənizçilik təcrübələrini indi tətbiq etməyə imkan tapmış bir rus matrosu dayanırdı. Əsirləri xırda gəmilərdə açıq dənizə aparırdılar ki, burda da qayalı zırda Nargin adasında rəsmi çeka yerləşdirilmişdi. Həqiqətdə isə əsirlər adaya çatmamış gəmidə güllələnirdilər və boğazlarına yük bağlanıb bortdan qırağa atılırdılar.

***

Yüz bir yaşlı məşhur general Tağızadəyə ölüm hökmü çıxarıldı. Bundan xəbər tutan sinfi şüura malik fəhlələr onun sarayını üzük qaşı kimi dövrəyə alıb çekistlərin yolunu kəsdilər. Əvvəl istdəilər, fəhlələrə pulemyotdan atəş açsınlar; amma son anda Moskvadan generala əfv gəldi. Qocanın var-yoxunu əlindən alıb sürgün etdilər.

***

Mən də qarət edildim; adamları özüm otağıma aparıb diqqətlərini onlara lazım ola biləcək bu və ya digər əşyalara çəkdim. Onlar mənə heyrətlə təşəkkür edib qarmalamağa başladılar. Əvvəllər zirzəmidə saxladığımız bir-iki stul və çarpayıya, bir də mənim təkrar göstərmələrimə baxmayaraq, cənab talançıların bir qınnaq da maraq göstərmədiyi kitabxanama toxunmadılar; bu məni yaman pərt etdi.

***

Rusları ağıllı işə yönəltmək asan deyildi.

***

Şeir, bədii ədəbiyyat kəndli üçün, hətta ən geridəqalmışı da daxil olmaqla, ən böyük həzzdir.

***

Amma bolşevik dəhşətindən sonra istənilən pərəstlik, hətta şeytanpərəstliyin özü də bizə müsbət dəyərdə göründüyündən çəkinmədən yolumuza davam etməyi və şübhəli inanc icmasına qonaq olmağı qərara aldıq.

***

Şəhərin vəbaya yoluxmuş hissəsi bizə, yarı-vəbalı bizlər isə bütün dünyaya qapanmışdıq.

***

Rəqsin ortasında altı xəncəri ağzında, dördünü də əllərində saxlayan rəqqas müqəddəs Hüseynin qətl günündəki şəhidi xatırladır. Çox vaxt rəqs rəqqasın aldığı, lakin tamaşaçıların coşqusunu qaldırdığı dərin yaralarla bitir. Bu rəqs heç də həmişə tamaşaçı üçün nəzərdə tutulmayıb, onu qarın rəqsini oynadıqları kimi oynayırlar, sevdiyin və sevgisini bu yolla qazanmaq istədiyin müəyyən bir şəxs üçün.
Xəncərlər arasından boylanan kişi qadının başına dolanır, döyüş hərəkətlərini icra edir ki, bununla da rəqiblərini sıxışdırıb aradan çıxarmaq istəyir – bu halda yaralar sevənin cəsurluğunun əlamətidir – və qadını qucmağa çalışır. Qadın da həmişə özünü qırağa çəkir və kişinin yerinə yetirməli olduğu vəzifələri irəli sürür. Gah cib yaylığını yerə atır ki, kişi də rəqsin ritmini gözləməklə onu dişi ilə qaldırmalı olur, gah kişi xəncəri yastısına yerə uzadır, qadını çağırır ki, kişinin üstündəki hökmranlığının nişanəsi kimi ayağını xəncərin üstünə qoysun, gah da qadın xırda pulları havaya atır ki, kişi də xəncərlərdən heç birini itirməmək şərtilə onları tutmalı olur.
Bu, ərənlərin rəqsidir. Qadınlar başqa cür rəqs edirlər. Kişini ələ keçirmək üçün rəqs onlar üçün də bir vasitədir. Fəqət onların rəqsi çöldə doğulmuşdur. Bu rəqs ləngdir, bir neçə addımdan ibarətdir və ayaqlarla məhdudlaşmır, tərsinə bütün bədənlə dilə gəlir. Qarın, əndam, bud rəqs edir, əllər danışır, ayaqlar isə ifadəsiz qalırlar. Şərqli qadının gücü ayaqlarda olmur. Üstündə rəqs etdiyi xalça çox xırdadır. Rəqs zamanı o bu xalçadan qırağa çıxmır. Axı rəqs çöldəki kişi üçün düşünülüb. Xalça qurtaran yerdə qaynar qum başlayır. Başqa xalçanın üstündə qadının düz qarşısında oturan kişi onun bədənini sevir, özünün ustad olduğu iti sıçrayışları yox.
Ona görə də xalis şərq rəqsi öz rəmzliyində, duyumluluğunda yalnız iki nəfər arasında mümkündür. O, kütləyə aid olmur, ən uzağı, çox sıx dostlar çevrəsində mümkündür. Buna görə də onu Avropa səhnəsinə çıxarmaq istəməyin özü mənasızdır. Avropadakı parket döşəmələrdə yüzlərlə adamın qarşısında rəqs edən şərqlilər əslində öz tamaşaçılarını axmaq yerinə qoyurlar.

***

Professorun əl sıxması əslində bizim vəba, tif və xoleradan azad sağlamlığımıza dəlalət edirdi, komissiyanın əl verməsi isə bizim siyasi toxunulmazlığımızı təsdiqləyirdi.

 

Tərcümə: Çərkəz Qurbanlı

5 (100%) 2 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram