Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Şamxal Həsənov “Səs və ya qırmızı”

Annotasiya

“Səs və ya qırmızı” – Şamxal Həsənovun şüuraxını və daxili monoloq üslubunda qələmə aldığı debüt romanıdır.

Hadisələr bir ailədə cərəyan edir: iflic ata xəstəxanada yatır, oğlunu evləndirmək istəyən ana isə qız axtarışına başlayır. Baş verənlər bu obrazların dili ilə nəql olunur: ata keçmişdəki böyük sirrini bölüşür, ana xəyalpərəst oğlunu gerçəkliyə qaytarmağa çalışır, oğul isə arzularının arxasınca getmək üçün özündə güc toplamağa səy göstərir.

Karandaşın izi ilə

Və mənə elə gəlir, mənim yuxumu qaçırdan şey, əslində, hansısa monotonluğun həftə sonlarında da məni tapıb boğması düşüncəsidir.

***

Bütün bunlara rəğmən, sanki, aynada getdikcə ümumi bir ifadəyə də bürünən üzüm mənim digər insanlarla bənzər olduğumu, iş-həyat təcrübəsinin insanda sadəcə sıradan “fərqli” qabıq yaratdığını, nəticədə şəxiyyətimizin, rəsmi və şəxsi davranışımızın, fikirlərimizin, çəkingənliyimizin və qorxularımızın da bir-birinə bənzədiyini görüb təskinlik tapıram. “Fərqli” üz qabığının altında ötəri də olsa gizlənmək hamı kimi mənə də rahatlıq və əminlik verir.

***

Həyatda, Allah bilir, necə gözəl xoşbəxtlik anları ani ehtiyatsızlıq və ya kobud səbirsizlik ucbatından məhv olub…

***

Gözləmək laqeyd və tənbəldir. Hərəkətə keçməksə ümidin sevinc dolu enerjisilə bəslənir.

***

Süni ağırbaşlılardan, ağıl verənlərdən, ağıllanmayanlardan və ağlından necə istifadə etməli olduğunu bilməyən axmaqlardan, bütün qaragüruhdan, məcburi birgəlikdən, süni yoldaşlıqdan və ən çox da həvəssizcə anlayış göstərmələrin yorğunluğundan uzaqda, tamamilə saf, təbii birinə çevrilmək, özüm ola bilmək üçün, əvvəlcə yerimi rahatlayıram. Hər şeydən əvvəl, həm də hər şeyin sonunda özüm olmalıyam.

***

– Xalanı nə qədər çox istəyirsən?
– Dəniz qədər!
– Dənizi çox istədiyin qədər, ya dənizin özü qədər?
– Bilmirəm. İkisi də gözəl deyil?
– Elədir!

***

Ola bilsin, sabah xatırladım, nə bilmək olar?! Bəlkə, ən yaxşısı xatırlamamaqdır, çünki dəhşət yorğunam.

***

Dözümlü olduğumu özümə təkrarlamaqdan özümü də dözümlü olduğuma inandırmışam.

***

Heç nə ilə qane ola bilməyən insanın heç nəyə inamı da qalmır.

***

Nə fikirləşirsiniz? Qayğısız, dümdüz, həvəslə və sevgiylə yenidən başlamaq yaxşı olmazdımı? İndiki bütün əndişələrdən, bel-boyun-baş ağrılarından uzaq.

***

Xatırlamamaq düşünməməkdir, düşünməmək hissiyyatsız korluqdur. Zamanın, keçmiş zamanın altına fərqli növ əxlaqsızlıqlar, çirkab və eybəcərliklər tolazlayıb, üzərinə bunları bizə unutdurmaq vəzifəsi daşıyan gündəlik həyat vərdişlərini inamla yerləşdirdiyimiz örtüyü nəyin bahasına olur-olsun tərpətməmək bir yana, varlığını belə unutmaq lazımdır.

***

Görəsən, biz bayquşlar, yoxsa siz insanlar daha qaranlıq və ya daha tənha həyat sürür?

***

Həyatdan qorxmaq eyib bir şey olmamalıdır. Mən indan qorunmaq üsulumdan qorxuram. Tənha və hərdəmxəyal birinə çevrilib iztirab çəkməkdən zövq alan, yaxud əlçatan zövqləri ilahiləşdirib onları xəyallarında yaşayan, insanlara birdən onlardan birinə çevrilər deyə adicə bir səmimilik, gülərüzlülük göstərmək istəməyən, qaynayıb-qarışmağa rişxəndlə baxan ürkək birinə çevrilməkdən qorxuram.

***

İnsanlarla fiziki yaxınlıq ortaq nələrisə (məsələn, səssiz və uzun bir yolu, soba qırağında bir nağılı, qohum-əqraba və söhbət dolu bir yemək stolunu, hansısa ailəvi tədbiri) paylaşmağımızı tələb edir – içərisində özümüzü qeyri-ixtiyari unutmaqdan məmnun olduğumuz birgəlik hissi. Qaranlıq kino zalları da kimliyimizin eqoist sərhədlərinin tədricən yox olduğu, özümüzü səmimi, həssas, hər kəsə doğma və təhlükəsiz hiss etdiymiz yerlərdəndir.

***

Otuz beş yaşımda oxumaq istəyəcəyim kitabı yazmaq üçün neçə yaşımda olmalıyam?

***

Səma, eşidirsən? Bayırda pişiklər boğuşurlar. Boğuşurlar təkdə olmalıdır, səncə, yoxsa cəmdə? Nəzərə alsaq ki, pişiklər də bizim kimi canlıdırlar. Hə, əlbəttə, canlıdırlar! Məndən daha çox canlıdırlar.

***

Düşünürəmsə, deməli xoşbəxtəm! Nə düşünməyimə mane ola bilərəm, nə də həqiqi xoşbəxtliyim üçün düşünmək bəs edir.

***

Bəzən piyada keçidində, avtobusda və ya dayanacaqda rastlaşdığımız hansısa bədənə elə valeh oluruq ki, o bədənin nəfəs aldığı həyata öz zövqlərimizi diktə etmək istəyirik. Həm o bədəni, həm də onun sahibinə aid həyatı mənimsəmək, orada yaşamağın cəzbinə qapılmaq və sıxıntı çəkmədən yaşamaq istəyirik.

***

Səncə, kimsə varlığımıza etinasızlıq göstərirsə, səbəb varlığımızın yüngüllüyüdür, yoxsa ağırlığı?

***

Mən isə son zamanlar “fürsət tapdıqca” yazıb bədbəxtliyimi çaşdırmağa və ya sadəlövhcəsinə birdəfəlik öldürməyə çalışıram.

5 (100%) 1 vote

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram