Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Şin Qyonq-Suq “Anam sənə əmanət”

Annotasiya

“Anam sənə əmanət”(ingiliscə “Please Look After Mom”) – Cənubi Koreyalı yazıçı Şin Qyonq-Suqun 2009-cu ildə çapdan çıxan romanı 2011-ci ildə “Man Asian Literary” mükafatına layiq görülüb.

Əsər kənddə yaşayan və uşaqlarını ziyarət etmək üçün şəhərə gələn ana ilə atanın metro stansiyasında bir-birlərini itirməsi ilə başlayır. Ananın itməsi ilə ailə üzvləri özlərini və bir-birlərini günahlandırmağa başlayırlar. Onlar analarının həyatlarında tutduğu yeri və dəyəri müəyyənləşdirməyə çalışır, laqeyd münasibətlərinə görə vicdan əzabı çəkirlər.

Karandaşın izi ilə

“Kimliyində 1938-ci il yazılsa da, ananızın doğum tarixi, əslində, 1936-cı ildir”. Bunu eşitdiyim ilk dəfə idi. Atan həmin dövrdə hər kəs üçün belə edildiyini dedi. O dönəmlərdə anadan olan uşaqların əksəriyyəti 100 günü tamam olmamış öldükləri üçün ailələri onları ancaq 2-3 yaşlarına çatdıqdan sonra qeydiyyata saldırırmış.

***

Ana ilə qızı ya bir-birini çox yaxşı tanıyar, ya da ümumiyyətlə, iki yad insan kimi heç tanımazlar.

***

Bəlkə də həyatımızda baş verən bütün işləri dərindən fikirləşiriksə, olacaqları əvvəlcədən də təsəvvür edə bilərik. “Gözlənilməz” adlandırdığımız olayları belə, çox dərindən düşünsək, əslində, tamamilə təbii şəkildə baş verə biləcək hadisələr olduğunu görürərik.

***

Həm də bu dialoqların əksəriyyəti üz-üzə deyil, telefon vasitəsilə olurdu. Sənin sözlərin, adətən “Yemək yeyibsən?”, “Bir yerin ağrımır?”, “Atam necədir?” “Səhhətinə diqqət et”, “Pul göndərmişəm” olurdu. ANam isə “Kimçi göndərmişəm”, “Pis yuxu görmüşəm”, “Düyü göndərmişəm”, “Çəkilmiş lobya göndərmişəm”, “Adi damotu bitkisi göndərmişəm”, “Bağlamanı gətirən sürücü çatanda zəng edəcək, telefonu açıq saxla” deyirdi.

***

Sol əlindən və ayağından istifadə etmək sənin üçün daha rahat olsa da, anan sol əllə yazacağın halda həyatında çoxlu pis hadisələrin baş verəcəyini deyirdi. Mətbəxdə düyünü sil əllə yediyin zaman anan qaşığı alıb sağ əlinə verirdi.

***

O vaxt dərisi soyulmadan ehsan süfrəsinə qoyulan skat balığı il ərzində baş verən bütün pis hadisələrin səbəbi kimi göstərildi. Bibin, xurma ağacı bar verməyəndə də, caçiqi oynayan böyük qardaşının gözünə havada uçan taxta dəyəndə də, atan xəstəxanaya düşəndə də, əmiuşaqların öz aralarında dalaşanda da, bir sözlə bütün pis işlərdə ananı skat balığının dərisini soymadan ehsan süfrəsin qoyduğuna gör günahlandıraraq deyinirdi.

***

Bir insan götürüb böyütsən sənə xəyanət edər, bir iti götürüb bəsləsən mütləq sənə bu yaxşılığın qarşılığını ödəyər.

***

Pul yığmağın ən asan yolu onu xərcləməmək idi.

***

O, “Nə alım sənə?” deyə soruşdu. Sən indiyə qədər anandan az qala heç vaxt belə bir sual eşitmədiyindən təəccüblə ona zilləndin.

– Nə istədiyini soruşdum.

– Kitab!

– Kitab?

– Hə, kitab.

Anan bu cavabı eşitdikdə donub qaldı. Bir müddət üzünə baxdıqdan sonra səndən kitab mağazasının yerini soruşdu. Önə keçib ananı beşyolun kəsişdiyi bazarın girişindəki kitab mağazasına doğru apardın. Anan içəri girmədi, “Yalnız bir kitab seç və qiymətini öyrən”, dedi. Sadə rezin ayaqqabı alarkən belə, bir neçəsini geyindirib-soyundurduqdan sonra satıcının qoyduğu qiyməti bir qədər də endirməsini istəyən anan, görünür, həmin an bu haqda düşünmədiyi üçün “Kitabı özün seç və qiymətini öyrən” demişdi. Bir anlıq kitab mağazadı sənə görə, ucsuz-bucaqsız səhraya bənzədi. Hansı kitabı seçəcəyinə heç cür qərar verə bilmirdin. “Kitab istəyirəm” deməyinin əsas səbəbi həmişə qardaşının gətirdiyi kitabları birinci oxumağa çalışarkən onların elə qardaşın tərəfindən də əlindən alınması idi. Qardaşın tez-tez məktəbin kitabxanasından və başqa yerlərdən cəlbedici üz qabıqları olan, “Xanım Sanın cənub xatirələri”, “Shin Yun Boqun həyat tarixçəsi” kimi kitablar gətirərdi. Nə isə… İndi anan kitab mağazasının çölündə səni gözləyirdi. Sən “İnsani, həddən artıq insani – azad ağıllar üçün kitab” adlı bir kitabı seçdin. Tədris vəsaiti kimi işlənməyən kitaba pul verməli olan anan kitaba diqqətlə baxdı.

– Bu kitabı istəyirsən?

Ananın fikrini dəyişəcəyindən qorxduğuna görə başında fikrini cəld təsdiqlədin. Əslində, kitabın məhz nədən bəhs etdiyini sən də bilmirdin. Kitabın müəllifinin Nitsşe olduğu yazılmışdı. Ancaq sən onu belə tanıyacaq yaşda deyildin. Sənin bu kitabı seçməyinin səbəbi adındakı “İnsani, həddən insani” ifadəsinin birdən-birdə çox xoşuna gəlməsi, ürəyinə yatması olmuşdu. Anan bir qəpik belə endirmədən kitabın pulunu sənin ovcuna qoydu. Evdən çıxarkən qucağında tutduğun küçüyün yerini indi artıq bəyəndiyin kitab almışdı. Sən onu sinənə bərk-bərk dayamış vəziyyətdə evinizə gedən avtobusun pəncərəsindən çölə baxırdın.

***

– Yəni mətbəxdə olmaq ürəyincədirmi? Yemək bişirmək xoşuna gəlirmi?

Anan bu sualı hər eşitdiyində sənə təəccüblə baxardı.

– Mətbəxi xoşlamaq və ya xoşlamamaq harada görünüb? Etməli olduğum işdir, edirəm. Mən mətbəxdə olmalıyam ki, siz yemək yeyib, məktəbə gedə biləsiniz. İnsan ömrü boyu ancaq xoşladığı işləri görməklə necə yaşaya bilər ki? Xoşladın, ya xoşlamadın, etməli olduğun işlər həmişə vardır.

***

Ancaq xoşladığın işi görsən, xoşlamadıqlarını kim görəcək?

***

– Tanımadığın insana inanıb, onu necə təqib etmisən, ana?

– İnsan insana inanmadan necə yaşaya bilər? Dünyada yaxşı insanların sayı pis insanlardan daha çoxdur.

***

17 yaşında ərə getmişdim. 19 yaşına çatanda hələ də uşağım olmadığını görən bibin “Görünür, uşaq da doğa bilməyəcək”, deyə hey mızıldanırdı. Sənə hamilə olduğumu eşidəndə ilk ağlına gələn artıq bibindən bu sözləri eşitməyəcəyim fikri oldu və deyim ki, məni ən çox sevindirən də elə bu oldu.

***

Anası yayda gedib qışda geri dönən atasına səhər çıxıb axşam qayıdıbmış kimi bir münasibət göstərirdi.

***

Səyahətə çıxmamaq axmaqlıqdır.

***

Araq sənin sağlamlığına ən böyük təhlükədir. Dünyamız günü-gündən gözəlləşir. Sən isə yəqin bu gözəllikləri görmək istəmədiyin üçün içirsən.

***

Həmin dövrdə, az qala, hamı üzünü belə görmədiyi insanla nişanlanırdı. Beləliklə, məhsul yığımından sonra – oktyabr ayında qızgilin evinin həyətində toy ediləcəyi qərara alınmış, hətta evlilik tarixi də dəqiqləşmişdi. Çatışmayan bir şey vardı: sənin gülümsəməyin.

***

Məndən əvvəl öl. Belə daha yaxşı olar. Bu dünyaya gəlmə ardıcıllığı varsa da, dünyadan köçüb getmə ardıcıllığının olmadığını deyirlər. Amma məncə, biz elə sırayla ölsək yaxşıdır. Məndən 3 yaş böyük olduğuna görə, elə 3 il də tez öl. Əgər bunun haqsızlıq olduğunu düşünürsənsə, heç olmazsa 3 gün tez tərpən. Mən bu evdə tək də qala bilərəm. İşdir, çətin olduğunu görsəm, böyük oğlumun evinə gedib sarımsaq qabığı soyar, ya da otaqları təmizləyərəm. Bəs sən mənsiz nə edəcəksən? Ömür boyu başqalarının əlinə baxıb yaşamış biri olaraq, nə etməyi öyrənibsən axı? Mən tez gedərəmsə, sənin üçün çətin olacağı indidən məlumdur. Danışığını belə bilməyən qoca kişinin bir otağı zəbt edib orada oylənməsi kimin xoşuna gələr ki? Biz artıq övladlarımıza əlavə yükük. Qadın istənilən halda, nə olursa-olsun, təkbaşına yaşaya bilər, ancaq kişi bu durumla üzləşəndə yazıq vəziyyətinə düşür. Uzun yaşamaq istəsən belə, məndən uzun yaşama.

***

– Anam haqqında bir şey danış.

– Anam haqqında?

– Hə… yalnız sənin bildiyin bir şey.

– Adı: Park Sonyo. Doğum tarixi: 24 iyul 1938-ci il. Görünüşü: ağarmış, qısa, buruq saçlı, önə çıxan almacıq sümüklü bir qadın. İtkin düşdüyü gün əynində mavi kofta, ağ gödəkcə, açıq-qəhvəyi rəngli qırçınlı ətək var idi. İtdiyi yer…

” Böyük qızın oturduğun istiqamətə doğru baxaraq mürgüləyir və az keçmiş xumarlanmış gözləri bağlanaraq yuxuya gedir.

– Anam haqqında heç nə bilmirəm. Onu itirdiyimizdən başqa.

***

Körpə ağlayanda ata nənələr “Körpə ağlayır, ona süd vermək lazımdır”, ana nənələr isə “Körpələr niyə bu qədər çox ağlayıb analarını bezdirirlər” deyə düşünürlər.

***

Həyat bəzən inanılmayacaq qədər dözülməz hala gəlir, amma bəzən o, həm də inanılmaz dərəcədə güclü olur.

***

“Birlikdə edilən xatirələr sonra nə olur bilirsənmi?”

“Silinib getmir, bu günə qarışır. Sən belə düşünürsənmi, ana?”

Qızım artıq keçdiyini düşündüyün işlərin, əslində, hələ də hamısının bizimlə olduğunu, fərqinə varmasaq belə, keçmişdəki hər şeyin bu günə, bugünkü hər şeyin isə gələcək işlərə təsir etdiyini və ya əksinə, gələcəkdə baş verəcək hadisələrin az qala hamısının keçmişlə əlaqəli olduğunu demək istəyirdi.

***

Ev adlanan məkan çox qəribədir. Nə qədər gözəl ev olursa-olsu, kimsə gəlib-getməyəndə tez bir zamanda köhnəlir. Bir ev ancaq içində kimsə yaşayanda, hərəkət edəndə və orada qaldığı müddətdə təmiz qalır.

***

Kilsənin həyətinə çatar-çatmaz addımlarımı xeyli yavaşıtdım. Qollarında ölü oğlunu tutan Müqəddəs Məryəmin ayaqlarına çöküb bu halıma yazığı gəlməsini və məni artıq tab gətirə bilmədiym bu ümidsizlikdən qurtarmasını istədim. Amma sonra tez də fikrimi dəyişdim. Axı qollarında ölü oğlunu tutan bir qadından nə istəyə bilərdim?

***

Dünyadakı bütün münasibətlər ikitərəfli olduğu üçün hər hansı münasibətin gedişatını da heç vaxt bir tərəf müəyyən edə bilməz.

***

Dünyada ən yazıq insan evindən kənarda ölən insandır.

***

Zənnimcə, zamanla ev, içində yaşayan insanlara bənzəyir.

***

Sonra yeni ölmüş körpəmi ağuşuna alırmış kimi, qollarımın altından tutub məni qucaqlayır. Ayağımdakı mavi başmağı çıxardıb ayaqlarımı bir dizinin üstünə qoyur. O, nə gülür, nə də ağlayır. Görəsən bilirmi?.. həyatım boyu mənim də ona ehtiyac duymuş olduğumu?!

***

Anam son vaxtlar “Mən öləndən sonra…” ifadəsini tez-tez işlətməyə başlamışdı. Bu ifadə artıq onun istifadə etdiyi bir silaha çevrilmişdi. Onun gözləntilərini doğrultmayan, istəyinə görə davranmayan hər hansı uşağına qarşı istifadə etdiyi silah!

***

Görəsən, niyə indiyə qədər anamızın da xəyallarının ola biləcəyini heç fikirləşmədim?

***

– Mənim kimi, əlbəttə, atanın da nədənsə qorxması mümkündür.

– Nədən qorxur ki?

– Yəqin, yaşamağın özü qorxuludur. Mənə görə isə qorxuların qorxulusu düyü kuzəsinin dibinin görünməsidir. Uşaqlarımın ac qalacağını düşündükdə…qorxudan dodaqlarım çatlayırdı.

 

Tərcümə: Rəfail Babazadə, Həsənova Vüsalə

2 (40%) 1 vote

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On Facebook