Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Pelam Qrenvill Vudhaus “Səhər sevinci”

Annotasiya

“Səhər sevinci” (ingiliscə “Joy in the Morning”) – Britaniyalı yumorist Vudhaus tərəfindən qələmə alınan “Səhər sevinci” əsəri 1946-cı ildə işıq üzü görüb. Burada gənc zadəgan Berti Vuster və onun şəxsi köməkçisi Civsin başına gələn sərgüzəştlərdən bəsh edilir.

İkili Vusterin əzazil xalasının yaşadığı evin yaxınlığında yerləşən kəndə köçməli olur. Xoşbəxtlikdən, xala bir müddətlik Londona gedib, ancaq malikanədə başqa təhlükə var: Vusteri ciddi insana çevirməyi və onunla nişanlanmağı qarşısına məqsəd qoyan Florens Krey adlı qadın. Deyəsən, Bertinin azadlıq kağızı əlindən alınır, lakin sədaqətli Civs həmişə olduğu kimi yenə onun köməyinə tələsir.

Karandaşın izi ilə

– Səhərdən kefim yaxşıdır. Gəncliyimdən həzz alıram. Tennisonun da yazdığı kimi, heç bir şeydən qorxmadan lap indi işə başlamağa hazıram.

– Lonqfello, ser.

– Olsun Lonqfello. Xırdaçılıq etməyək.

***

Onu min ildir görmürdüm. Kənd yerində yaşayır, Bertram Vuster ilə ünsiyyət saxlamaq üçün isə minimum paytaxt çevrələrində dolaşmaq lazımdır.

***

Lovğalıq kimi bir qüsurun necə cəlbedici olduğuna təəccüblənməli oluruq. Onun ucbatından ən yaxşı insanlar ölür.

***

Həyatım boyu Bertram Vusterin olmadığı yerdə olmaq istəyən bir çox insanla rastlaşmışam və ona görə asanlıqla bunun əlamətlərini sezə bilirəm. Hazırda keçmiş dostumda məhz bu simptomları müşahidə edirdim.

***

Ruhun təkmilləşdirilməsi məsələsində hər şey Civsin fərd psixologiyası adlandırdığı şeydən asılıdır, bəziləri buna meylli olur, bəziləri isə əksinə.

***

– İndicə onunla rastlaşdım, nişan üzüyü alırdı. O, artıq bir bəydir.

– Belə deyin, ser!

– Bəli. Bilirsiniz kiminlə nişanlanıb? Ledi F.Kreyin ilə.

– Doğrudan?

– Ən ağır gələn tərəfi də odur ki, Civs, o, halından məmnun görünür.

***

– Heç vaxt razılaşmaram ki, məni, ona necə deyirdilər?

– Ser?

– Ma-ni-pul-ya-si-ya etsinlər, bax belə! Əcəb sözdür ha! Üç funt uzunluğunda.

***

O dəqiqə aydın olur ki, Kupidon onunla bağlı öhdəliklərini yerinə yetirib.

***

– Xəbərin var idi ki, bir vaxtlar mən də Florenslə nişanlanmışdım?

– Əlbəttə.

– İndi o, Çedder ilə nişanlanıb.

– Hə.

– İşə bax.

– Qəribədir, bir növ dərsliklərdə yazılan böyük köçə oxşayır.

– Yəqin, bütün bunlara onun profili səbəb olur. Onun gözəl profili var.

– Soldan baxanda.

***

– Bircə il gözləmək lazımdır, sonra problem olmayacaq.

– Düz deyirsən. Ancaq Boko bir aydan sonra Hollivuda gedir. Bilmirəm, sevgilim haqda nə düşünürsən, amma mənim aşiq, diqqətli nəzərimdən bir məqam qaçmayıb: Boko elə xasiyyətdə bir adam deyil ki, yerli faunadan diqqətini çəkəcək arvadı olmadan onu Hollivuda buraxmaq mümkün olsun.

***

– Niyə polis kostyumundasan?

– Çünki polisəm.

– Polissən?

– Bəli.

– Bildiyimiz polis?

– Bəli.

– Sən polissən?

– Bəli, lənət şeytana! Kar olmusan, nədir? Mən polisəm.

Nəhayət, hər şey mənə çatdı. O polisdir. Ötən gün zərgərlik dükanındakı görüşümüzü xatırladım. Ondan Stipl Bamplidə nə işlə məşğul olduğunu soruşmuşdum. O da dumanlı şəkildə cavab vermişdi, dəqiq heç nə deməmişdi. İndi başa düşürəm. O, cavabdan boyun qaçırmağa çalışırmış, qorxurmuş ki, ona gülməyə başlayacam, – və əlbəttə ki, bu, belə də olardı, ürəkdən gülərdim.

***

O, iztirabla dolu baxış atdı. Bu baxışda qohumluq məhəbbətinin miqdarı sıfra yaxınlaşdı.

***

Sizə bir söz deyim, o, əla oğlandır. Onunla yaxın tanışlıq insanı belə düşünməyə məcbur edir ki, İngiltərənin çar İrod kimi şəxslərə ehtiyacı var.

***

– Ağzı köpüklənən adamın xalçanı çeynəməyə başlaması necə adlanır?

– Qərəz, ser. Yəqin, bunu nəzərdə tutursunuz.

– Elədir ki, var!

***

– Nobbi, qulaq as.

Əlbəttə, o qulaq asmadı. Hələ qulaq asan qıza rast gəlməmişəm. Zərif cinsin nümayəndəsinə “qulaq as” deyən kimi o, bu sözü danışmaq işarəsi kimi başa düşür.

***

Nobbi güldü, ancaq bu, solo gülüş idi. Mövcud vəziyyətdə ürəyimdən onunla duet oxumaq keçmirdi.

***

Adi məsələdir: yaşlı kişinin fırça kimi bığları, böyük, gəlirli biznesi və qışın ortasında yuxudan oyadılan ayı ədası varsa, heç kim onun keçmişi ilə maraqlanmır, bir vaxtlar onun da kef çəkib çəkməməsi barədə sual vermir.

***

Civs, sizi inandırım ki, çiyinlərimdən nə qədər çox yük atsam, bir o qədər yaxşıdır, çünki indi qayğılarım vaterxətti keçir.

***

Məncə, yazıçıya ümumiyyətlə heç vaxt arxayın olmaq olmaz ki, o axmaqlıq etməyəcək.

***

– Bəs həyat nədir?

– Həyat yaxşı şeydir.

– Sevdiyin qızı itirmisənsə, bekara şeydir.

– Yoxsa sevgilini itirmisən?

– Deyəsən. Baş aça bilmədim. Bu, aşağıdakı sözləri necə şərh edəcəyimizdən asılıdır: “Nə bu dünyada, nə o biri dünyada səni daha görmək, eşitmək istəmirəm, axmağın biri axmaq”.

***

– Bir məsələni də nəzərə almaq lazımdır: o, əvvəllər məni sevirdi. Hələ dünən sevirdi. Bütün qəlbi ilə. Öz sözləridir. Bunu unutmamalıyıq

– İndi də sevir.

– Həqiqətən belə düşünürsən?

– Tamamilə.

– Məni bədbəxt axmaq adlandırsa belə?

– Əlbəttə. Sən elə bədbəxt axmaqsan.

– Düzdür.

***

Dostum, o, səni yamaqlı, boz flanel şalvarına rəğmən sevə bilirdisə, bu hissi sadə idiotizmlə ilə boğmaq mümkün deyil.

***

Sevginin ipək bağları qadın cinsinin birdən kişi cinsinin axmaqlığına hirslənib, odlu-alovlu nitqində fikrini qarşı tərəfin diqqətinə çatdırdığı üçün qopmur.

***

– Əgər həqiqətən bilmək istəyirsinizsə, mən bura şam yeməyindən sonra Boko Fitluortla gəzintiyə çıxmaq üçün gəlmişdim.

– Bokonu görmədim.

– Bəxtəvər.

***

Bir qız sevgilisinin portretini çəkəndə altı nalayiq epitetdən istifadə edirsə, bu cür seriya diqqət tələb edir. Bir nalayiq epiteti müvəqqəti küskünlük kimi şərh etmək olar. Altı artıq ciddi məsələdir.

***

– Ancaq yenə də səy göstərir, elə deyil?

– Cəfəngiyyatdır!

– Və diqqətlə baxsanız, səy elə həmin keyfiyyətdir ki, ona bu keyfiyyətinə görə maaş verirlər.

***

Taleyin əlində köməksiz oyuncağa çevrilmək dəhşətdir.

***

Başıma gələn dəhşətli müsibət məni əsl duz dirəyinə çevirdi. Məncə, gecə kəpənəyi, ya da qulağımın yanında və ətrafında gimnastik hərəkətlər edən həmin məxluqun ağlına belə gəlməzdi ki, onun ayaqlarının altında bir vaxtlar həyatsevərliyi ilə tanınan paytaxt modabazının bədəni dayanır.

***

– O, səni “Etika nəzəriyyəsinin növləri”ni oxumağa məcbur edirdi?

– Edirdi.

– Məni də. Bu, gələcək təhlükəyə gözlərimi açan ilk hadisə oldu.

***

O, gənc Vusterə geniş şifahi xasiyyətnamə verdi. Bugünədək həmin xasiyyətnaməni elmi söyüş sahəsinin ən yüksək nailiyyəti hesab edirəm. Belə bir şeyi yalnız səhər sol ayağı üstə duran kiçik bibliya peyğəmbərlərindən biri yaza bilərdi.

***

Edvin kimi bir övladı olan insanı Edvin kimi övladı olmayan insanla eyni meyarlar üzrə mühakimə etmək olmaz.

***

Sən heç təsəvvürünə belə gətirə bilməzsən ki, möhkəm zəminə ayaq basacağını düşünüb, ayağının altında Fitluortla rastlaşan insan nə hisslər keçirə bilər.

***

Mən artıq onun sevimli quzusuyam, bundan sonra isə daha sevimli və daha quzu olacam.

***

Yazıçını sükan arxasına oturt və onun təbiətdən gələn axmaqlığı dərhal nəzərəçarpacaq dərəcədə artacaq.

***

– Boko Britaniyanın ən populyar gənc yazıçılarından biridir. O, bir ildə nazirdən çox qazanır.

– Yoxsa ayıb olardı. Nə vaxtsa nazir görmüsən? Düz onu ilə tanışam və onlardan heç biri həftədə otuz şilinqdən çox məvacib almağa layiq deyil.

***

Boko sual dolu nəzərlərlə qaşını yuxarı qaldıraraq mənə baxdı. Mən də sual dolu nəzərlərlə qaşımı qaldırıb Bokoya baxdım. Nobbi hər ikimizə baxdı, o da sual dolu nəzərlərlə qaşlarını qaldırdı. Görünür, həmin gün elə gün imiş ki, hamı qaşlarını qaldırmalı imiş.

***

Qadınlar ən pis şeyləri ehtimal etməyə çox meylli olurlar.

Tərcümə: Lamiyə Göycəyeva

3.7 (73.33%) 3 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram