Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Kurt Vonnequt “Çempionlar üçün səhər yeməyi və ya Əlvida, qara bazarertəsi”

Annotasiya

“Çempionlar üçün səhər yeməyi və ya Əlvida, qara bazarertəsi” (“Breakfast of Champions, or Goodbye Blue Monday”) – Kurt Vonnequtun 1973-cü ildə işıq üzü görən romanıdır. Müəllif əsərin ön sözündə kitabın özünün əlli illiyinə hədiyyə olduğunu qeyd edib. Antiutopiya janrında qələmə alınan romanda hadisələr Midlend-siti adlı şəhərdə cərəyan edir. Şəhər böyük bir tədbirə hazırlaşır. Tanınmış yazıçılar ədəbi mükafatla təltif olunmalıdır. Dəvət olunanların arasında Vonnequtun alter-eqosu hesab edilən Kilqor Traut da var. Əsərin ikinci mərkəzi qəhrəmanı Dveyn Quverdir. Maşın alveri ilə məşğul olan Quver şəhərin nüfuzlu şəxslərindən biridir. Hadisələr cərəyan etdikcə Quver ağlını itirməyə başlayır. Buna isə Trautun “İndi hər şey mümkündür” əsəri səbəb olur.

Karandaşın izi ilə

Fibi Herti yaylıq həsir şlyapaların payız endirimi üçün belə bir reklam yazmışdı: “Bu qiymətə bu şlyapanı ata keçirə, onunla qızılgüllərinizi gübrələyə də bilərsiniz”.

***

Bu dünyada olan hər şey barədə hörmətsiz ifadələr işlədirəm. İndi çörək pulum bundan çıxır. Bu işin öhdəsindən kifayət qədər kobud və tutarsız şəkildə gəlirəm.

***

Artıq bu sözü – “prosperity” (firavanlıq) eşitmirəm. Əvvəllər isə o, “cənnət” sözünün sinonimi idi. Fibi Herti inanırdı ki, bizə öyrətdiyi sayğısızlıq Amerika cənnəti yaratmağa kömək edəcək. Hazırda hər şeyə qarşı bu cür hörmətsiz münasibət dəbdədir. Lakin artıq heç kim Amerika cənnətinə inanmır.

***

Əlli yaşımda elə proqramlaşdırılmışam ki, özümü uşaq kimi aparıram; Amerika himni barədə hörmətsiz söhbətlər edirəm, flomasterlə nasist bayrağı, balaca götlər və başqa şeylər çəkirəm.

***

Məndə mədəniyyət, düşüncələrimdə insanlıq və harmoniya yoxdur. Mədəniyyət olmadan isə artıq yaşaya bilmirəm.

***

Bayrağımız heç vaxt heç kimin və heç nəyin qarşısında aşağı enməməlidir!

***

Bu ölkənin bir çox vətəndaşını o qədər incidiblər, o qədər alçaldıblar və o qədər aldadıblar ki, bəzən onlara elə gəlib ki, onlar doğru ölkədə, bəlkə də, doğru planetdə yaşamırlar və nəsə dəhşətli bir səhv baş verib. Heç olmasa onların himnində, ya da şüarlarında ədalətdən, qardaşlıqdan, ya da xoşbəxtliyə bəslənən ümiddən bəhs edilsəydi, onları cəmiyyətin tam hüquqlu üzvü, sərvətin ortaq sahibi kimi bu sözlərlə gülərüzlə qarşılasaydılar, bəlkə də, onlara daha asan olardı.

***

Sanki ölkə öz vətəndaşlarına deyirdi: “Güc cəfəngiyyatdadır”.

***

Dveyn istənilən yeni başlayan dəli kimi dəliliyinin müəyyən forma və istiqamət alması üçün bəzi pis fikirlər də tapmalı idi.

***

İdeyalar və ya ideyaların olmaması xəstəliyə səbəb ola bilər.

***

O, Billiyə dedi ki, bəşəriyyət bu gözəl planetlə belə amansız və israfçı davrandığı üçün ən dəhşətli ölümə layiqdir.

***

Cazibə, məlahət elə keyfiyyətə deyilir ki, o, bir insanın fikirlərindən asılı olmayaraq, qarşı tərəfdə dərhal özünə qarşı sevgi və etibar oyadır.

***

Kilqor Traut 1979-cu ildə tibb sahəsi üzrə Nobel mükafatına təltif olunanda nitqində bunları söyləmişdi: “Deyirlər, tərəqqi yoxdur. Etiraf etməliyəm ki, hazırda bütün canlılar arasından yalnız insanların sağ qalması mənə bir qədər şübhəli qələbə təsiri bağışlayır. Keçmişdə işıq üzü görmüş işlərimlə tanış olanlar sonuncu su samuru öləndə niyə o qədər kədərləndiyimi başa düşərlər. Bununla belə, mən balaca olanda planetimizdə bizimlə yanaşı daha iki yırtıcı məskunlaşmışdı və indi onların ölümünü alqışlayıram. Onlar bizi məhv etməyə, ya da həyatımızı boş bir şeyə çevirməyə çalışırdılar. Və demək olar ki, bunu bacarmışdılar. Onlar mənim dördayaqlı dostlarım, kiçik su samurları kimi deyildilər, zalım düşmən idilər. Bunların şir, pələng olduğunu düşünürsünüz? Pələng? Heç də! Şirlər, pələnglər demək olar, bütün günü yatırdılar. Həmin yırtıcılar isə – indi onların adını deyəcəm – heç vaxt yuxuya getmirdilər. Onlar bizim beynimizdə yuva salmışdılar. Qarşısıalınmaz ehtiras: qızıl istəyi və – Allah sən saxla! – qadın darbalaqlarına maraq.

***

Niyə bəni-insan bir ideya pis olanda da onu rədd etmək iqtidarında deyil? Traut bunu belə izah edir: “Yer üzündə ideyalar dostluq və ya düşmənlik əlaməti idi. Onların mahiyyəti heç bir əhəmiyyət daşımırdı. Dostlar dostluq hisslərini ifadə etmək üçün dostlarla razılaşırdı. Düşmənlər isə düşmənlik hisslərini ifadə etmək üçün düşmənlərinə etiraz edirdi”.

***

Arzu at olsaydı,

hər səfil onun üstündə gedərdi.

***

Onun təhsil aldığı orta məktəb böyük bir quldarın adını daşıyırdı. Həmin şəxs insanın azadlıq hüququ ilə bağlı dünyanın ən görkəmli nəzəriyyətçilərindən biri idi.

***

Kif də mənim kimi yaşamaq istəyir. Bill, o, nə istədiyini bilir. Mən isə indi heç nə bilmirəm…

***

Yeganə təyinat məqsədi insanlarda deşik açmaq olan alətə revolver deyilir.

***

Məhkəmə Palatası isə indicə elan etdi ki, iş saatlarında gülmək cinayət hesab edilmir.

***

Dəsmalın yanındakı kafelə karandaşla yazılmışdı: “Həyatın mənası nədir?” Traut karandaş, ya da qələm tapmaq üçün ciblərini ələk-vələk elədi. O, bu suala cavab verə bilərdi. Ancaq yazmağa heç nə yox idi, yanmış kibrit çöpü də tapılmadı. O da sualı cavabsız qoymalı oldu. Əgər yazmağa bir şey tapsaydı, bunları yazardı: “Yaradanın gözü, qulağı və vicdanı olmaq, axmağın biri axmaq!”

***

Onun üçün dəyəri olmayan bir həyat uydurdub, eyni zamanda yaşamaq üçün ona böyük iradə bəxş elədim.

***

Sürücü Trautu Linkoln tunelinin çıxışından götürdü. Tunel elə böyük cəsarət və dünyagörüşünə malik bir insanın şərəfinə adlandırılmışdı ki, həmin şəxs Amerika Birləşmiş Ştatlarında köləliyi qadağan edən qanun layihəsini qəbul etdirə bilmişdi. Bu, həmin vaxt böyük bir yenilik idi. Qulları sadəcə azadlığa buraxdılar, heç bir mülkiyyət verilmədən. Onları başqa insanlardan fərqləndirmək elə də çətin deyildi. Onların hamısı qara idi.

***

Vaxt var idi, mən də təbiəti müdafiə edirdim. İnsanlar avtomatla, hətta helikopterlə quşları öldürəndə ağlayırdım. Sonra baş qoşmamağa başladım. Tankerlərdən biri təsadüfən okeana neft axıdanda, milyonlarla quş, milyardlarla balıq öləndə, yalnız bu sözləri deyirəm: “Standard oil” böyü və inkişaf elə!”

***

Vyetnam elə bir ölkədir ki, Amerika burada təyyarələrdən hər cürə murdar şey atmaqla orada yaşayan insanları kommunizmdən uzaqlaşdırmağa çalışır.

***

— Belə çıxır ki, amerikalı nə edirsə etsin, məsələ intihara gedib çıxır.

— Doğru söylədin.

***

Traut ondan soruşdu ki, işlədiyi sənaye sahəsi ətraf mühiti məhv edir, onun buna münasibəti necədir?! Qoca dedi ki, o qədər yorulurmuş ki, belə şeylər barədə düşünmürmüş.

***

Patti Kin Midlend sitidəki bir çox qadın kimi qəsdən özünü axmaq kimi aparırdı. Bütün qadınların böyük beyni var idi, çünki onlar böyük heyvanlar idilər, ancaq aşağıdakı səbəbdən dolayı beyinlərindən tam istifadə etmirdilər: hər cür qeyri-adi fikir düşmən münasibətlə üzləşə bilərdi, qadınlar isə özlərinə yaxşı, sakit həyat qurmalı idilər, bunun üçün onların çoxlu dosta ehtiyacı var idi. Və budur, qadınlar sağ qalmaq üçün o qədər məşq etmişdilər ki, fikirləşən maşın yerinə razılaşan maşına çevrilmişdilər. Onların beyni başqa insanların nə düşündüyünü ayırd edən kimi özləri də eyni şeyi fikirləşməyə başlayırdı.

***

Bu ölkədə dinclik yox idi. İnsanlar həmişə bir yerdən başqa yerə qaçırdılar. Amma tez-tez kimsə ayaq saxlayıb abidə ucaldırdı.

***

— Yox, tamam başqa biri ilə danışmaq istəyirəm. Başa düşürsən, Fransina, yeni insanlardan yeni sözlər eşitmək istəyirəm. Burada, Midlend sitidə insanların dediyi, hətta deyə biləcəkləri hər şeyi artıq eşitmişəm. Yox, yeni bir insanla danışmalıyam.

— Məsələn?

— Özüm də bilmirəm, bəlkə, yadplanetli ilə.

— Biz başqa şəhərə gedə bilərik.

— Əşi, bütün şəhərlər bir-birinə oxşayır.

***

Valideynləri Dovşanı hərbi məktəbə – insanların öldürməyə və darıxdıcırı qeyd-şərtsiz itaətə öyrədildiyi müəssisəyə qoydular. Oğlanın cəmi on yaşı var idi. Ona görə də belə alındı: oğlu bir gün Dveynə dedi ki, kişi deyil, qadın olmaq istərdi, çünki kişilər tez-tez amansız və iyrənc hərəkət edirlər.

***

Traut qocalanda, əldən ayaqdan düşəndə Birləşmiş Millətlər Təşkilatının baş katibi doktor Tor Lemberq ondan soruşacaq ki, gələcəkdən qorxur? Traut isə belə cavab verəcək:

– Xeyr, cənab katib, keçmişə görə qorxudan dizlərim əsir.

***

Amerikalılar həmişə evlərinə qayıtmaqdan qorxurlar. Və deyim ki, səbəbsiz deyil!

***

Kokteyl barın müştəriləri kimi o da beynini alkoqolla yumşaldırdı. Bu, “maya göbələyi” adlanan kiçik canlıların istehsal etdiyi maddə idi. Maya göbələkləri şəkəri yeyirdilər və alkoqol ifraz edirdilər. Onlar özlərini, öz mühitlərini öz ifrazatları ilə məhv edirdilər.

Kilqor Traut bir dəfə iki maya göbələyinin arasında baş tutan dialoqdan qısa hekayə yazmışdı. Onlar müzakirə edirdilər ki, nəyi həyatlarının məqsədi etməlidirlər, bu zaman şəkər yeyir və öz nəcislərində boğulurdular. Və əqli səviyyələri kifayət qədər aşağı olduğu üçün onlar heç bilmədilər ki, şampan şərabı hazırlayıblar.

***

Amerikanın niyə insanların gerçək həyatla əlaqəsini itirdiyi, acınacaqlı və təhlükəli bir ölkəyə çevrildiyini başa düşdükdən sonra yazıçılıqdan imtina etmək qərarına gəldim. Həyat haqqında yazmaq qərarına gəldim. Bütün personajlar mütləq eyni əhəmiyyət daşıyacaq. Bütün faktlar eyni dərəcədə vacib olacaq. Heç bir şey diqqətdən kənarda qalmayacaq. Qoy başqaları xaosa nizam qatsınlar. Bunun əvəzinə mən nizama xaos qatacam və deyəsən, indi bunun öhdəsindən gəldim. Bütün yazıçılar belə etsə, ola bilsin, ədəbiyyatla məşğul olmayan vətəndaşlar bizi əhatə edən dünyada heç bir nizamın olmadığını və bizim əsasən əfrafımızdakı xaosa uyğunlaşmalı olduğumuzu başa düşərlər.

***

Allaha şükürlər olsun ki, dünyada yazıçılar var. Allaha şükürlər olsun ki, hər şeyi yazmağa hazır olan insanlar var. Əks təqdirdə o qədər şey unudulardı ki.

***

Mənə gəlincə, o vaxt belə bir qənaətə gəldim ki, nə məndə, nə başqa insanlarda müqəddəs heç nə yoxdur, biz sadəcə toqquşmağa məhkum edilmiş maşınlarıq. Və daha yaxşı işlə məşğul ola bilmədiyimiz üçün bu toqquşmaları sevməyə başlamışıq. Bəzən mən toqquşmalar haqqında yaxşı yazırdım, bu da o demək idi ki, mən saz vəziyyətdə olan yazı maşını idim. Bəzən isə pis yazırdım – deməli, mən nasaz yazı maşını idim. Və məndə olan müqəddəs şey “pontiak”, siçan tələsi və ya xarrat dəzgahında olan müqəddəs şeydən daha çox deyildi.

***

Ətrafınızda boşluq və ümidsizlik olduğunu söylədiniz. Mənsə bunlardan sizə bir az da gətirdim.

***

Elmi fantastika janrında əsər qələmə alan müəlliflərin əksəriyyəti kimi onun da elmdən başı çıxmırdı.

***

Əlbəttə, ağ kişilər də bu işdən çəkinirdilər. Onlar adətən deyirdilər ki, bu, qadın işidir. Qadınlar isə bunun “zənci işi” olduğunu deyirdilər.

***

Məyussunuz, ruhdan düşmüsünüz. Başa düşüləndir. Bütün günü təbiət etibarilə mənasız olan bu kainat barədə düşünmək məcburiyyətində qalsan, əlbəttə, yorularsan.

***

Ananız elə proqramlaşdırılıb ki, atanız yaxşı qazanan maşın olmadığı üçün onu təhqiramiz ifadələrlə söysün. Atanız isə elə proqramlaşdırılıb ki, təsərrüfat işlərinin öhdəsindən gələ bilməyən maşın olduğu üçün ananızı danlasın. Üstəlik, hər ikisi pis sevən maşın olduqları üçün bir-birilərini söyməyə proqramlaşdırılıblar.

***

Və indi əlli yaşı haqladığım bir vaxtda otuz səkkiz yaşında vəfat edən amerikalı yazıçı Tomas Vulf haqqında düşünürəm. “Çarlz Skribner və oğulları” nəşr evinin redaktoru Maksvell Perkins kitabların çapında ona çox kömək edib. Eşitmişdim ki, Perkins Vulfa hər romanında vahid xətt çəkməyi məsləhət görüb: qəhrəman daim atasını axtarır. Mənə isə elə gəlir ki, reallığa uyğun, əsl Amerika romanlarında qəhrəmanlar atalarını deyil, analarını axtarırlar. Və bu, heç kimi utandırmamalıdır. Çünki bu həqiqətdir. İnsana ana daha çox lazımdır.

***

Mister Traut… Kilqor. Əlimdə vəhdət, harmoniya və bərəkət rəmzi var. Bu rəmz şərqsayağı sadədir, ancaq biz amerikalılar çinli deyilik. Biz amerikalılar həmişə simvollarımızın daha parlaq rəngdə, üçölçülü və ifadəli olmasını tələb edirik. Ən əsası odur ki, millətimizin böyük günahları – quldarlıq, soyqırım, cinayətkar səhlənkarlıq, axmaq lovğalıq, qazanc ehtirası və fırıldaqçılıqla zəhərlənməyən simvollara can atırıq.

Tərcümə: Lamiyə Göycəyeva

1 (20%) 1 vote

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram