Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Yoahim Mariya Maşado de Assis “Don Kasmurro”

Annotasiya

“Don Kasmurro” (portuqalca “Dom Casmurro”) – Portuqaldilli ədəbiyyatın Şekspiri hesab edilən Maşado de Assisin qələmə aldığı “Don Kasmurro” romanı ilk dəfə 1899-cu ildə işıq üzü görüb. “Puç olmuş arzular” mövzusu Avropa ədəbiyyatı üçün yeni bir şey deyil. Lakin yazıçı Maşado de Assis bu məsələni sırf psixoloji müstəvidə nəzərdən keçirir. Həyatın amansız gerçəkliyi sevgi və sədaqətə olan inamı öldürür. Müəllifi narahat edən əsas problem belə bir dəyişikliyə məruz qalan insan xarakteridir.

Maşado təmiz, saf gənclik məhəbbətinin xəyali dünyasını təsvir edir. Ancaq gənclik illəri geridə qaldıqdan, verilən əhd-peymanlar unudulduqdan sonra bu xoşbəxt aləm darmadağın olur. Həyat yoldaşının xəyanəti ilə baş qəhrəman üçün böyük əhəmiyyət daşıyan hər şey məhv olur. Məhəbbət, dostluq və atalıq hissələri böyük bir yalana çevrilir.

Karandaşın izi ilə

Bəzən, sadəcə, müəlliflərə aid olan kitablar var, bunlar isə çox deyil.

***

Üzüm eyni qalsa belə, ifadəsi artıq tamamilə fərqlidir. Bir zamanlar ətrafımda olan insanların artıq olmamasına bir qədər öyrəşmişdim, çünki gec-tez yaxınlarımızın itkisi ilə barışırıq. Çatışmayan özüm idim və bu çatışmazlıq dünya qədər böyük boşluq idi.

***

Saqqal və bığa qoyulan boyalar daxili aləmi boyamır. Saxta sənədlə iyirmi yaşında olduğumu hər kəsə sübut edə bilsəm də, özümü aldada bilmərəm.

***

Tale hadisələrin gedişatını tez-tez pozur.

***

Həyat operadır, böyük opera. Digər səslərin qarşısında tenorla bariton soprano uğrunda vuruşur, hərdən isə həmin səslərin qarşısında soprano və kontralo tenor uğrunda vuruşur. Çoxsaylı xorlar, rəqslər, mükəmməl orkestr ifası…

***

Şübhəsiz ki, tenor səsinin itməsinə görə bu qədər metafizika ilə maraqlanırdı, bir çox filosoflar işsiz qalmış tenorlardır.

***

İcra müddətinə xeyli vaxt qalanda vəd vermək asandır, elə bil o gün heç vaxt gəlib çxımayacaq.

***

O baş-bu baş gedir, özümə gəlmək üçün vurnuxurdum. Bir palma ağacı mənim narahatlığımı görüb səbəbini axtararaq yuxarıdan mənə pıçıldadı ki, on beş yaşlı oğlanların on dörd yaşlı qızlarla tinlərdə gizli görüşməyində eyib bir şey yoxdur, əksinə, bu yaşda cavanlar elə belə işlərlə məşğuldur və tinlər də məhz səbəbdən yaranıb. Qocaman palma ağacı idi və mən kitablardan çox qocaman palmalara inanırdım. Quşlar, kəpənəklər, yayın gəlişindən xəbər verən həşərat, bir sözlə, hər kəs bu fikirdə idi.

***

Kapituya yuxularımı danışardım. Kapitu bir gün yuxularımızın fərqli olduğunu qeyd etdi və dedi ki, onun yuxuları mənimkindən gözəldir. Tərəddüd edib dedim ki, gözəlin yuxuları da gözəl olur… Qızardı.

***

– Mən rəis olanda… Ya da: – Ah! Yadımdadır, mən rəis olmamışdan əvvəl idi, bir-iki ay əvvəl… Ya da səhv edirəm, artıq məni təyin etmişdilər… Elədir ki, var, təyinatımdan ay yarım əvvəl; çox yox, ay yarım. Bəzən də: – Bəli, altı ay idi ki, rəis idim… Keçmiş şan-şöhrətin dadı belə olur.

***

Qəzəbimi ifadə edən sözlər dedikcə yumruğumu sıxdım. O anları xatırlayanda gülməyim gəlmir, belə anlarda uşaqlıqda və yetkinlikdə insanlar gülməli görünmür, bu da o yaşın üstünlüyüdür. Gülməli vəziyyət gənclikdə və daha çox qoca yaşlarında olur. On dörd yaşında yerinə yetirə bilinməyəcək vədlərin hətta özünəməxsus gözəlliyi də var.

***

Ağla, qızım, ağla

Ağla, çünki pulun yoxdur.

***

Yaxşı işi və evi var, lakin səmimilik və hörmət kifayət deyil. Bu keyfiyyətlər pis dostlarla oturub-duranda dəyərini itirir.

***

Heç şair Ludoviko Ariostonun təxəyyül dünyası uşaq və ya aşiq olan insanın təxəyyül dünyası qədər geniş ola bilməz.

***

Latın dilini bilmirdi, çünki əvvəl latın dilini ona öyrətməyi özü təklif edən keşiş Kabral daha sonra qeyd etdi ki, bu dil qızlar üçün deyil. Məhz bu səbəbdən Kapitu latın dilini, nəyin bahasına olursa olsun, öyrənmək istəyirdi.

***

Ey sevgililər ritorikası, Kapitunun gözlərini təsvir etmək üçün mənə düzgün və poetik kəlmələri öyrət. Mən üslub ləyaqətini pozmadan o gözlərin mənə nə etdiklərini və mənim üçün nə olduqlarını söyləyə bilmərəm. Sahilə çırpılan dalğalara bənzəyən gözlər? Sahilə çırpılan dalğalar. Ağlıma bu sözlər gəldi. O gözlərdə bir cazibədar qüvvə var idi, dəniz dalğaları kimi cəlb edirdi. Cərəyan məni qaçırmasın deyə baxışımı qulaqlarına, çiyinlərinə səpələnmiş saçlarına, bir sözlə, nəyə gəldi yönəldirdim.

***

Əbədiyyətin öz kəfkirli saatı var. O, nəyin bahasına olursa olsun, xoşbəxtliyin və çəkdiyi əzabların müddətini bilmək istəyir.

***

– Həvəs olmasa, əsl keşiş ola bilməz və insan hər hansı peşəni ürəklə həyata keçirərək Allaha xidmət edir. Bunu hamımız etməliyik. – Əlbəttə, amma həvəs beşikdən yaranmır. – Beşikdən yaranan həvəs ən yaxşısıdır.

***

Bəzən səmimi qəlbdən deyilən sözlərdə çirkin niyyətlər olur! Bəzən düşünürəm ki, yalan, tərləmək kimi özündən asılı olmayaraq baş verir.

***

Qaranquşlar geri qayıdırdılar. Bəlkə də, başqa qaranquşlar idi. Xəyallarımız, qorxularımız və narahatlıqlarımıza baxmayaraq, dəyişməz olaraq həmin yerdə durub qalan biz idik.

***

Deyirlər ki, ağlamayan insanlar başqalarından çox əziyyət çəkirlər.

***

Ən yaxın dostluq belə iyirmi altı il ünsiyyətin olmamasına tab gətirməz.

***

Bildiyiniz kimi, insan ürəyi çoxlu pəncərəsi olan böyük evə bənzəyir. Bu pəncərələrdən evə işıq və təmiz hava gəlir. Eyni zamanda elə evlər var ki, pəncərələri yoxdur, yalnız qıfıllı qapıları var. Pəncərləri olsa da, çox azdır və monastır və ya həbsxanalardakı kimi hörməlidir. Digərləri isə kiçik kilsəyə, bazara, komalara və ya saraylara bənzəyir.

***

Bir ağsaqqal deyərdi ki, yaxşı yaddaşı olanlardan uzaq olmaq lazımdır.

***

İlk dəfə geyindiyi şalvarın rəngini xatırlayan insanlara paxıllığım gəlir! Mən heç dünən geyindiyim şalvarın rəngini xatırlamıram. Bircə onu deyə bilərəm ki, sarı deyildi, çünki o rəngdən zəhləm gedir.

***

Qəliz kitaba düzəliş etmək çətindir, amma boşluqları olan kitaba nə istəsən, əlavə etmək mümkündür.

***

Səmimi qəlbdən verilən vəd sabit valyutaya bənzəyir – borclu olan onu ödəməsə də, qiyməti üstündədir.

***

Tale də dramaturqlar kimi dramın nə başlanğıcını, nə də gedişatını əvvəlcədən bildirmir. Onlar öz vaxtında gəlir, sonra pərdə düşür, işıqlar söndürülür və tamaşaçılar yatmağa gedir.

***

Tale təkcə dramaturq deyil, o həm də rejissor assistentidir. O, aktyorların səhnəyə çıxmasını idarə edir, onlara müxtəlif əşyalar verir, dialoqlar zamanı səhnəarxası ildırım, maşın, atəş və digər müxtəlif səsləri canlandırır.

***

– Bir sirr saxlaya bilərsən?

– Soruşursansa, deməli, əmin deyilsən.

***

Tanrı insana hücum üçün əl və diş, qaçış və müdafiə üçün isə ayaqları verməkdə səhv edib. İlkin mərhələdə gözlər kifayət edərdi. Bir baxışla düşməni və ya rəqibi dayandırmaq, qisas almaq, ədaləti bərpa etmək mümkündür.

***

Sevin, oğlanlar! Çalışın gözəl, cazibədar qızları sevəsiniz. Onlar hər bir dərdə dərmandır, onlar ölümü həyata çevirirlər…

***

Elə hərflər var ki, onlarsız keçinmək mümkündür. D ilə t arasında nə fərq var? Demək olar ki, eyni səslənir. Bəs b ilə p arasında, s ilə z arasında, k ilə g arasında və s.? Onlar yalnız kalliqrafik çaşqınlıq yaradır. Amma rəqəmlərə bir nəzər salaq: iki eyni məna daşıyan rəqəm yoxdur. Dörd dörddür, yeddi isə yeddidir. Və siz 4 ilə 7-ni toplayanda yeni gözəl 11 rəqəmi ortaya çıxır. Üstünə növbəti 11 gətirin, 22 alınacaq. Həmin rəqəmə vurun, 484 alınacaq və s. Amma ən möhtəşəm rəqəm sıfırdır. Sıfır heç nə deməkdir, amma onu istifadə etdikdə bir digər rəqəmləri çıxaldırıq. Beş elə beşdir. Yanına iki sıfır əlavə etdikdə beş yüz alınır. Və beləliklə, sıfra bərabər rəqəm böyük bir rəqəmə çevrilir və bunu hərflər edə bilməz, çünki s hərfini bir dəfə və ya iki dəfə istifadə etsəm də, öz mənasını dəyişməyəcək.

***

Riyaziyyat daha asandır və daha təbiidir. Təbiət sadədir. İncəsənət bir o qədər sadə deyil.

***

Təklifim o qədər təmizdir ki, onu kilsədə də deyə bilərəm.

***

Yaxşı danışan Romaya pul tapar, amma bizim vəziyyətdə danışmağı pul əvəz edəcək.

***

Ümid özü ilə sevinc gətirir.

***

Evli qadının şlyapasını başına taxması, faytona minib-düşmək üçün əlini mənə uzatması, küçədə gəzərkən qoluma girməsi – bütün bunlar hamısı Kapitunun yeni evil statusunda xarici atributlara böyük önəm verməsini nümayiş etdirirdi. Dörd divar və ağaclar arasında evli olmaq kifayət deyildi. Ətrafdakılara görünmək vacib idi.

***

Xoşbəxtlik ürəkləri yumşaldır.

***

Yaxınlarımızın müsbət cəhətləri bizdə qürur hissi və ya riqqət üçün əsas yaradır.

***

İnsan diqqətsizliyi cinayətkar, yarıcinayətkar, üçdəbiri, dörddəbiri və ondabiri cinayətkar olur, çünki cinayətin səviyyələrinin dərəcələrə bölünməsi sonsuzdur.

***

Yəqin, təzə ata olanların öz xüsusi allahları var və görünür, o məni yıxılmağa qoymurdu.

***

İnsanlar təbiəti səmimi olaraq ədalətsizliklərə fikir vermədən sevəndə təbiətdə heç bir qüsur görmürlər.

***

Bir portuqaldilli tarixçi barbar şahının dilindən bir-iki iti söz yazmışdı. Portuqallar onun ərazisində bir qala tikməyi təklif etdilər, o isə cavab olaraq deyir ki, yaxşı dostlar bir-birindən uzaq durmalıdır. Yaxınlıq onların qalaya çırpılan dəniz dalğaları təki savaşmalarına gətirib çıxaracaq.

***

Günahsız əmələ gələn vicdan əzabı uzun çəkmir.

***

İnsanlar öz yaxşı əməllərini uzun müddət unutmur.

***

İnsanları onları sevdiyimiz qədər qiymətləndiririk, buna görə də müdrik atalarımız deyib: göz görür, könül sevir.

***

Xəyanətkarı küllə çevirəcək bir alova və bu külləri hər tərəfə yayacaq küləyə ehtiyac var idi…

***

Günahların yuyulmasına imkan yaranırdı. Bağışlanılması yox, yuyulması dedim, yəni ədalət.

***

Arvadını qısqanma ki, o da səni aldatmasın.

Tərcümə: Nigar Sultanova

2.9 (57.5%) 8 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram