Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Layonel Şrayver “Kevin haqqında danışmalıyıq”

Annotasiya

“Kevin haqqında danışmalıyıq”(ingiliscə “We Need to Talk About Kevin”) – Layonel Şrayverin 2003-cü ildə qələmə aldığı bu roman məktəbdə baş verən qırğından bəhs edir. Hadisələr qatil yeninyetmənin anası Yeva Xatçaduryan tərəfindən nəql edilir. Bu qadının hər şeyi var: onu sevən əri, uğurlu biznesi, nüfuzlu məhəllədə mənzili. Yeva çox xoşbəxt və firavandır. Özünü heç nədən məhrum etmir. Ona elə gəlir ki, cənnətə oxşar bu həyat həmişə belə davam edəcək. Lakin günlərin bir günü Yeva dünyaya uşaq gətirmək qərarına gəlir: ideal ailə tablosunda çatışmayan son ştrix. Bəs qadın övladına görə necə bir bədəl ödəyəcək? Bu, heç kimin ağlına belə gəlməzdi.

Roman 2005-ci ildə “Orange Prize” mükafatına layiq görülüb. 2011-ci ildə isə əsərin motivləri əsasında film çəkilib.

 

Karandaşın izi ilə

Uşağın sevgiyə ən çox möhtac olduğu dövr buna ən az layiq olduğu dövrdür.

***

İndi “başını dik tutmaq” ifadəsinin mənasını başa düşürəm. Bəzən dik tutulan kürəyin daxili vəziyyəti necə dəyişdiyini görüb təəccüblənirəm. Məğrur görkəmlə özümü elə də təhriq olunmuş hiss etmirəm.

***

Bu ölkədə insanları əməkdaşlığa məcbur etmək üçün özünü dəliliyə vurmaqdan daha yaxşı yol yoxdur.

***

Səslər hesablandı. Lakin Kafkanın hər hansı bir hekayəsində olduğu kimi qalibin kim olduğunu heç kim bilmədi.

***

Bu, çox tez oldu. Hərəmiz nəyinsə ayrı-ayrı tərəfinə düşdük. Heç özüm də bilmirəm nəyin. Mübahisə edən cütlüklərin çoxu üçün onları ayıran şey mücərrəd sərhəd – hər hansı bir hadisə və ya qeyri-müəyyən narazılıq, həyatın özü ilə ehtiraslı mübarizə, nəsə müvəqqəti bir şey olur. Çox güman, bu cür cütlüklərin barışıq dövründə sərhəd xəttinin qeyri-reallığı həmin xəttin yox olmasına səbəb olur. Onların həmin sərhədi necə hiss etdiklərini həsədlə təsəvvür edirəm: “Bir bax, otaqda heç nə yoxdur, yalnız hava var; biz bir-birimizə toxuna bilərik”. Lakin bizdə vəziyyət başqa cür idi. Bizi ayıran şey gözəçarpan idi. Otaqda olmasa belə, ürəyi istədiyi vaxt qapını açıb içəri keçə bilərdi.

***

– Uşaq səs-küylü, çirkli, sözə baxmayan və naşukür məxluqdur.
– Ən azından, hamilə qalsam, nəsə olacaq.
– Əlbəttə, uşağın olacaq.

***

Xoşbəxtliyi şıltaq quş kimi asanlıqla ürkütmək olar. Birimizin “Bu qu quşuna bir bax, necə gözəldir!” deyə qışqırmağı kifayətdir ki, o uçub getsin.

***

Analıq yad ölkə deməkdir.

***

Biz çox gec rastlaşmışıq; mənim onda artıq otuz üç yaşım var idi; sənsiz keçmişim elə mənasız və solğun idi ki… ona görə dərhal dost ünsiyyətinin möcüzəsini başa düşdüm. Şəxsi, emosional süfrənin qırıntıları ilə yaşadığım uzun illərdən sonra sən məni gündəlik “Ah, necə axmaqdır!” müəmmalı baxışlı ziyafətlərlə, səbəbsiz gül dəstələri, maqnitlərlə soyuducuya bərkidilən və həmişə “Öpürəm, Franklin” imzası ilə bitən qeydlərlə qudurtdun. Sən məndə acgözlük oyatdın. Narkoman kimi daha çoxunu istəməyə başladım. Və məni maraq öldürürdü. Maraqlı idi, görəsən ağlağan səs “a-a-naaa” çağırsa, nə hiss edəcəm? Bunu sən başlatdın. Bilirsən nəyə oxşayırdı? Sanksi sənə abnos ağacından hazırlanmış fil hədiyyə edirlər və sən birdən başa düşürsən ki, bütün kolleksiyanı toplamaq maraqlı olardı.

***

Franklin, uşaqların yoxluğunda nəsə nihilist bir şey var. Sanki biz ümumiyyətlə bəşəriyyətə inanmırıq.

***

Şöhrət düşkünüyəm və özümü guya şöhrətpərəst kimi aparmamağım şöhrətpərəstliyimin təzahürlərindən biridir.

***

– Ciddi-ciddi iddia edirsən ki, mən səni sənin məni sevdiyin qədər sevmirəm?
– Sən məni mənim səni sevdiyim kimi sevmirsən. Bunun miqdara heç bir aidiyyatı yoxdur. Sən…sən nəyi isə yalnız özün üçün saxlayırsan. Bəlkə də, bu xüsusiyyətinə həsəd aparıram.

***

İnsan şəxsi seçiminə görə sadəlövhdürsə, bunu sadəlövhlük adlandırmaq olarmı?

***

Məncə – əgər belə adlandırmaq olarsa – emosional səbəb tranzitivdir: “Sənə görə özümü günahkar hiss edirəm; günah hissi məni qəzəbləndirir, deməli, sən məni əsəbiləşdirirsən”.

***

Bundan sonra vərdişləri olmayan mədəni idbar olmaq istəmirdim. İstəyirdim evimin öz qaydaları olsun. Bu qaydalar gələn qonaqları ayaqabılarını çıxarmağa məcbur etməli idi.

***

Birnəfəsə savinyon blanla dolu qədəhi başıma çəkdim və duzlu dad hiss etdim. Bu, sənsiz şərab idi. Mussaka quru və möhkəm idi. Bu, sənsiz yemək idi. Suvenir, səbət, müxtəlif oyma naxışlarla zəngin mənzilimiz zövqsüz idxal məhsullarının satıldığı mağaza görkəmini aldı. Bu, sənsiz ev idi. Hələ heç vaxt əşyalar gözümə belə yöndəmsiz və uyumsuz görünməmişdi. Sənin izlərin – qarmaqdan asılan idman ipi, bükülü on bir ölçülü corablar – məni ələ salırdı.

***

Cəmi doqquz aydan sonra yad bir adam dünyaya gələcəkdi. Eyni şəkildə qapımızı da açıq saxlaya bilərdik.

***

İnciklik ifadə edə bilmədiyimiz etirazdır. İşəyə bilməmək bədəni zəhərlədiyi kimi hissləri zəhərləyən də şikayət yox, susqunluqdur.

***

Emosiyaları faktlarla göstərmək zəif müdafiə şəklidir.

***

Hər iki cinsə münasibətimizdən asılı olmayaraq, çox az adam gülən qız toplusundan qorxar. Lakin testosteron qaynayan gənclərin yanından keçən istənilən qadın addımını yeyinləşdirir, onların gözünə baxmamağa çalışır, çünki əks halda bu, çağırış və ya dəvət kimi qəbul edilə bilər. Növbəti evə çatanda isə rahatlıqla nəfəs alar. Əgər belə etmirsə, deməli, o zooloji axmaqdır. Oğlan təhlükəli heyvandır.

***

Öz günahına tamaşa etməkdə əzəmət və şöhrətpərəstliyə meyl var. Günah hissi lərzə salan güc verir, nəinki kənar müşahidəçilər və qurbanlar, həmçinin ilk növbədə cinayətkarlar üçün hər şeyi sadələşdirir. Günah hissi zorla qaydaları qəbul elətdirir. Günah hissi kənar şəxslərin təsəlli tapa biləcəyi dərs verir: “kaş o olmasaydı…” – və sanki faciədən qaçışın mümkün olduğuna eyham vurur.

***

Görünür, toqquşan avtomobillərə acgözlüklə baxan amansız insanlar qəti əmindirlər ki, pis hadisə onların başına gələ bilməz.

***

Müvafiq şərtlər daxilində yaranmış müəyyən şəraitdə müəyyən davranış şəkli nümayiş etdirəcəyimizi gözləyirik. Bəzi gözləntilər elə də böyük deyil: qəflətən bizim şərəfimizə ziyafət təşkil edirlərsə, heyrətə gəlirik. Bir başqaları daha əhəmiyyətlidir: atamız və ya anamız ölürsə, qəhər bizi boğur. Bəs birdən bu gözləntilərə qorxu səbəb olursa? Birdən kritik vəziyyətdə qəbul edilmiş normaları pozsaq? Anamızın ölüm xəbərini çatdıran məşum telefon zəngi bizdə heç bir hiss doğurmasa, onda necə?

***

Deyəsən soydaşlarımız xəstəliklərinə yarlıq yapışdırmağa böyük əhəmiyyət verir.

***

Mən isə öz növbəmdə başa düşdüm ki, dünya sakinlərinə görə coğrafiya qapalı və mükəmməl olduğu üçün nisbi anlayışdır. Mənim cəsarətli anam üçün qonaq otağı Şərqi Avropa, köhnə yataq otağım isə Kamerun ola bilərdi.

***

O dedi ki, bütün uşaqlar özlərini pis aparır. Və bunu açıq şəkildə etmələri daha yaxşı olardı.

***

Ədalət naminə qeyd etmək lazımdır ki, əksər insanların boş yerdən gözəllik yarada bilmək və artıq yaradılan gözəlliyi qəbul etmək bacarığı arasında Atlantik okeanı boyda uçurum dayanır.

***

Mənim emosional həyatım vergüldən sonra iki-üç rəqəmlik hesabi dəqiqliyə tabedir.

***

Deyəsən faciə insanlarda ən gözlənilməz xüsusiyyətləri üzə çıxarır. Bəziləri sanki vakuumlu qablaşdırmaya möhürlənir və öz şəxsi cəhənnəmlərində yanırlar. Başqalarında isə tamamilə əks problem yaşanır. Sanki fəlakət onları turşuya salır və bir vaxtlar başqalarının qorxulu taleyinin daşlarından, oxlarından müdafiə edən xarici dəri qatını soyur.

***

Yalnız vicdanı olanı utandırmaq olar. Ümidi, bağlılığı olanı, özü haqda fikirlərə laqeyd olmayanı cəzalandırmaq olar. Yalnız içində kiçik bir xeyirxahlığı olanı həqiqətən cəzalandırmaq mümkündür.

***

Çalışqan ana giriş qapısını açıb, poçtalyonun gətirdiyi bağlamaya görə imza atmaq üçün uşağı vannada qoyur, tələsik geri qayıdır və uşağın başının krana dəydiyini və iki düymlük suda boğulduğunu görür. İki düymlük. Bu qadına ürəyim yanır. Bu ananın sutkada iyirmi dörd saat minus həmin üç dəqiqə şahin kimi övladını nəzarətdə saxlaması kiminsə vecinə olacaq? Kimsə aylarla, illərlə davam edən “balaca-bu-qədər-şirniyyat-yemə” və ya “can!-yıxıldın?!”ları xatırlayacaq? Yox. Bu insanları “valideyn səhlənkarlığında” ittiham edirik və başlarına gələn müsibətə fikir vermədən onları gözü yaşlı məhkəmələrə dartırııq. Çünki yalnız həmin üç dəqiqə sayılır, çünki bədbəxtlik üçün üç dəqiqə kifayət edir.

***

Deyəsən, insanlar nəyə gəldi öyrəşə bilər. Vərdişdən asılılığa bir addımdır.

***

Mən başqa insanların hekayəsinin toplusu, şərait əsəriyəm.

***

Bir ölkədə ki, şöhrət və pis şöhrət arasında fərq görülmür, orada ikinci daha əlçatandır.

***

Yalanı icad etmək lazım deyil, yalanla evlənmək lazımdır. Bu dünyaya uğurlu bir yalan gətirib, sonra şıltaqlıq edib onu atmaq olmaz; yalanı əzizləmək lazımdır, özü də heç bir kömək olmadan həqiqət olaraq qalan həqiqətdən daha çox nazı ilə oynamaq lazımdır. Yalanımın mənə, mənim isə ona ehtiyacım var idi və o məndən qanuni nikahda olduğu sədaqət tələb edirdi. Ta ki ölüm bizi ayıranadək.

***

Sentyabrda onunla tanış olanda “sadəcə uşaqları sevdiyini” elan etmişdi. Məncə, bu ikibaşlı bəyanatdır. Miss “Fabrik sahibi” kimi kartof boyda burnu və geniş ombaları olan gənc qadınlar tərəfindən səsləndirilən, icrası mümkün olmayan bu bəyanat, görünür, “mən ərə getmək istəyirəm” kimi deşifrə olunur. Uşaq sahibi deyiləm. Bundan başqa, başa düşmürəm ki, uşaqları bir növ kimi sevdiyini necə demək olar? Bu eynilə bütün insanları sevdiyini söyləməyə oxşayır. Yəni, fərq yoxdur, Pol Potu da, Don Riklzi də, gecə saat üçdə döşəmədə tullanan yuxarı qonşunu da eyni dərəcədə sevirsən.

***

Mənə lənət oxumadan öncə, yalvarıram başa düş ki, var gücümlə yaxşı ana olmağa çalışmışam. Ancaq görünür,”yaxşı ana olmaq” ilə “yaxşı ana olmağa çalışmaq” arasında səmimi və saxta sevinc arasındakı qədər uçurum var.

***

Əsl məhəbbətin xeyirxahlıq və nəzakətdən daha çox nifrət və qəzəblə oxşar cəhəti çoxdur.

***

İndi isə səlahiyyətdən danışaq. Əfsanəyə görə ailə siyasətində valideynlər ixtiyar sahibidir. Bununla razı deyiləm. Bəs uşaqlar? Birincisi, onlar bizim qəlbimizi qıra bilər. Bizi rüsvay edə, var-yoxdan çıxara bilərlər və şəxsi təcrübəmdən irəli çıxaraq deyirəm ki, onlar bizi doğulmağımıza peşman edə bilərlər. Bəs biz nə edə bilərik? Onları kinoya buraxmaya bilərik. Amma necə? Uşaq aqressiv şəkildə qapıya tərəf yollanırsa, qadağamızı nə ilə əsaslandıra bilərik? Acı həqiqət ondan ibarətdir ki, valideynlər də hökumət kimi öz hakimiyyətini açıq və ya gizli təhdid vasitəsilə, fiziki güc tətbiq etməklə həyata keçirir.

***

Holokostlar məni təəccübləndirmir. Zorlama hadisələri və uşaq əməyinin istismarı məni təəccübləndirmi… Küçədə əlcəyim düşür və yeniyetmə onu mənə vermək üçün düz iki məhəllə qaçır – məni təəccübləndirən budur. Üzüm daşa dönmüş maskanı xatırlatsa da, kassir qadın gülərək pulun qalığını mənə qaytarır – məni təəccübləndirən budur. Poçt vasitəsilə sahibinə qaytarılan pul kisəsi, yolu ətraflı başa salan yad insanlar, bir-birinin gülünü sulayan qonşular – bütün bunlar məni təəccübləndirir.

***

Onu sevmək çətin idi. Eynilə Moskvada yeməyə yaxşı bir şey tapmaq kimi. Londonda gecələməyə bahalı olmayan bir yer və ya Banqkokda ucuz camaşırxana tapmaq kimi çətin idi.

***

Quruculuq insanların əksəriyyətindən intizam, diqqət, gərginlik tələb edir. Halbuki vandalizm rahatlıq təklif edir. Nəzarətsizliyi pozitiv şəkildə təsvir etmək üçün əls rəssam olmaq lazımdır. Dağıdıcılıqda mülkiyyət, intimlik, mənimsəmə hissi var.

***

Özünə bir stəkan alma şirəsi süzdün, mənə də təklif etdin. İstəmədim. Nə olmuşdu sənə? Məgər alkoqola ehtiyacım olduğunu hiss etmirdin?

***

Hərçənd itirmək qorxusuna görə bağlılıqdan qaçmaq yaşamaqdan qaçmaq kimi bir şeydir.

***

Nə bilmək olar? Bəlkə elə hey gələcək haqda düşünmək axmaqlıqdır. Bu gün o qədər təxirə salınır ki, sanki o heç yoxdur. Başa düşürsən nədən danışıram?

***

– Bəli. O kifirdir.
Paqorski diksindi. Artıq ölü olsa da, böyük kalibrli tapançadan açılan atəşdən sonra tərpənən balaca heyvan kimi.

***

Həm həyat yoldaşına, həm uşağına duyduğun məhəbbət problem yaratmamalıdır. Amma nədənsə bəzi kişilər bu ikisi arasında seçim edir. Qarşılıqlı fondun bacarıqlı idarəçiləri gəliri artırmaq məqsədilə riski minimuma endirdiyi kimi bu kişirlər də bir vaxtlar öz arvadlarına yatırdıqları sərmayəni götürüb uşaqlara yatırırlar. Niyə? Çünki sənə ehtiyacı olduğu üçün uşaqlar daha təhlükəsizdir? Çünki arvadının keçmiş əri ola bilərsən, ancaq uşaqlarının keçmiş atası ola bilməzsən, buna görə?

***

Amerika sakinlərinin növbəti xüsusiyyəti kompensasiya tələb etməkdir. Gözünü açıb yumunca qocalar yaşlandıqları üçün hökumətlə məhkəmədə çəkişməyə, uşaqlar isə gözəlliyini itirən analarını məhkəməyə cəlb etməyə başlayacaqlar. Məncə, həyat poxdur, getdikcə daha da pisləşir.

***

Bütün deyilənlərdən sonra məni ən çox bir şey incidir: bizə kömək edəcək metaforum yoxdur.

***

Əsl xaricdə olmağın əlaməti kəskin və daimi evə qayıtmaq arzusudur.

 

Tərcümə: Lamiyə Göycəyeva

Qiymətləndirin

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook