Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Con Maksvell Kutzee “Gənclik”

Annotasiya

“Gənclik” (ingiliscə “Youth”) – “Əyalət həyatından səhnələr” başlıqlı memuar trilogioyanın (“Uşaqlıq”, “Gənclik”, “Yay mövsümü”)ikinci hissəsi olan bu əsərdə 1959-cu ildən 1964-cü ilə qədər olan dövr və müəllifin Londondakı həyatından bəhs edilir. Trilogiyanın adında ironiya var: burada “əyalət” Cənubi Afrikadır (romanlarda təsvir olunan hadisələrin böyük hissəsi müəllifin vətənində cərəyan edir). Bütün üç romanın baş qəhrəmanı Con yazıçının prototipidir. O, oxucunun qarşısına həyatının müxtəlif dövrlərində çıxır. “Uşaqlıq”da o, balaca oğlan, “Gənclik”də cavan tələbə, daha sonra şair və yazıçı, “Yay mövsümü”ndə isə o, artıq formalaşmış təcrübəli kişidir.
19-24 yaş dövrünü əhatə edən ikinci hissədə əsas problemlər əsl məhəbbətin axtarışı, yaradıcılıq eşqi və öz “əyalət” keçmişini geridə qoymaq istəyidir. Romanın əsas qəhrəmanı Conu narahat edən mövzular barədə bütün insanlar həyatlarında bir dəfə də olsa düşünüblər, məsələn, doğulduğun yerdən qaçmaq arzusu, nəyi səhv etdiyi barədə bitib-tükənməz suallar, iki ali təhsilə rəğmən münasib iş tapa bilməyin nigaranlığı.
Kutzee bu əsərində də son dərəcə amansızdır; o, heç nədən çəkinmədən “gəncliyin mübarizəsinin” real mənzərəsini yaradır. Baş qəhrəman öz yöndəmsizliyindən qurtulub cazibədar bir insana çevrilə bilmir, lakin Kutzee nə etməli olduqları barədə heç bir təsəvvürləri olmayan, həyatlarını ədəbiyyata həsr edən gənclərin tərəddüdləri və qarşısında dayandıqları dilemmanı ustalıqla təsvir edə bilir.

 

Karandaşın izi ilə

O, hamıya məlum həqiqətin canlı sübutudur: hər insan bir adadır və heç bir valideynə ehtiyacı yoxdur.

***

Seksdən az da olsa başı çıxır. Bilir ki, kişiyə həzz verməyən cinsi əlaqə qadını da məmnun edə bilməz – bu, seksin əsas qanunlarından biridir.

***

Onun fikrincə, nəyi gündəliyə etibar edib, nəyi həmişəlik gizli saxlamalı olduğu yaradıcılığının köklü problemlərindən biridir.

***

Onu rəzillikdən alicənablığa apara bilməyəcəksə, niyə poeziya ilə vaxt itirir?

***

Tənha həyata qayıtmalıdır. Təkliksə xüsusi bir imtiyaz vəd etmir. Həm də sonsuza qədər tənha yaşamaq da olmaz. Məşuqə sənətkar həyatının ayrılmaz hissəsidir: hətta evlilik toruna düşməsən də (əlbəttə, ora düşməməyə çalışacaq), qadınla yaşamağı öyrənmək lazımdır. İncəsənət yalnız məhrumiyyətlə, həsrətlə, tənhalıqla bəslənə bilməz, yaxınlıq, sevgi, ehtiras da olmalıdır.

***

Əgər bir gün qadın obrazını yaratmağa çalışarsa, onun bədənini Pikassoya xas qəddarlıqla qızğın kürədəki metal parçası kimi əyib burmayacaq. Axı yazıçılar rəssamlara qətiyyən bənzəmirlər. Yazıçılar daha inadkar, daha həssasdırlar.

***

Sənətkarlarla münasibət quran bütün qadınların taleyi eyni deyilmi? Bu qadınları yaxşı və ya pis xüsusiyyətlərindən arınıb əfsanəyə çevrilirlər. O, “Hərb və sülh”dən Eleni xatırlayır. O da Tolstoyun məşuqələrindən biri olmayıbmı? Görəsən, Elenin ağlına gələrdimi ki, hətta ölümündən uzun illər keçdikdən sonra həyatlarında bir dəfə də olsa onu görməyən kişilər onun gözəl çılpaq çiyinlərini xəyallarında canlandırıb ehtirasa gələcəklər?

***

Xoşbəxt insanlar maraqsızdırlar. Bədbəxtlik yükünü qəbul edib onu nə isə dəyərli bir şeyə – poeziyaya, musiqiyə, rəsmə çevirmək daha yaxşıdır.

***

Buna baxmayaraq, Jaklini səbirlə dinləyir. O kişidir, Jaklin isə qadın. Ondan həzz alır, bunun əvəzini ödəməyə borcludur. Görünür, bu, bütün sevgi oyunlarının əsas qaydalarından biridir.

***

Seçilmişlərin sayı çox deyil. Bir böyük şairə yan-yörəsində civildəşən minlərlə kiçik şair düşür. Şirin ətrafında uçuşan mığmığalar kimi.

***

Kits qarpız dilimi kimi yumşaq,şirin və çəhrayıdır, poeziya isə alov kimi qaynar və aydın olmalıdır. Kitsin beş-altı səhifə şeirini oxumaq ibtidai bir həvəsə qapılmaq kimidir.

***

Faktsız tarix olmur, o isə faktları yadında saxlaya bilmir.

***

O, qadını gözəl olmadığı üçün günahlandırmağın əxlaqi cəhətdən yolverilməz olduğunu anlayır. Lakin xoşbəxtlikdən, sənətkarlar əxlaq nümunəsi olmağa məcbur deyillər.

***

Şekspirin yorulmadan təkrar etdiyi kimi, güllər peyində daha yaxşı yetişir.

***

Pis olmaq adi insanlar üçün çətindir. Adi insanlar özlərindəki pisliyi hiss edib sərxoşluq edir, söyüş söyür, zorakılığa əl atırlar. Pislik insanlar üçün hərarət kimidir: ondan qurtulmaq, normal həyata qayıtmaq istəyirlər. Xasiyyətlərinin yaxşı və ya pis olmasından asılı olmayaraq, sənətkarlar isə bu hərarətlə yaşamağa məcburdurlar. Onları sənətkar edən də elə bu hərarətdir, deməli, onu qorumaq lazımdır. Sənətkarın dünyəvi həyata tam şəkildə qoşula bilməməsinin səbəbi də budur: onun bir gözü həmişə daxilə dönük olmalıdır. Sənətkarların ardınca sürünən qadınlara isə tam etibar etmək olmaz. Sənətkarın ruhu hərarətdən və alovdan yoğrulub. Bu alovun dillərinin toxunuşuna susamış qadınlar eyni zamanda bu alovu söndürmək, sənətkarı aid olduğ yüksəklikdən endirib adiləşdirmək üçün əllərindən gələni edirlər.
Buna görə də qadınlara, hətta sevdiklərimizə belə müqavimət göstərməliyik. Onları alova, oğurlaya biləcəkləri qədər yaxınlaşdırmaq olmaz.

***

…qanunlar, talançı polislər, qatillərə bəraət qazandırıb həlak olanları günahlandıran iqtidar və açıq-açığına qorxaq mətbuat.

***

Bu dünyada onun tam dolğun həyata yaşaya biləcəyi iki, uzağı, üç şəhər var: London, Paris, yəqin ki, bir də Vyana. Ən çox eşqin və incəsənətin şəhəri Parisdə yaşamaq istərdi. Lakin Parisdə yaşamaq üçün fransız dilini tədris edən yüksək səviyyəli bir məktəb bitirmək lazım idi. Vyana isə bu şəhərə məntiqi pozitivizm, on iki tonallı musiqi və psixoanalizlə bağlı irsi hüquqlarını tələb etməyə qayıdan yəhudilər üçündür. Qalır London, cənubi afrikalılar bu şəhərə bir topa sənəd daşımağa məcbur deyillər, həm də buranın sakinləri ingiliscə danışırlar. London labirintşəkilli, amansız və soyuq olsa da, bu şəhərin binalarının qorxunc divarları arxasınca işləyən – kitab yazan, rəsm çəkən, musiqi bəstələyən kişilər və qadınlar gizlənib. Bu şəhərin küçələrində addımlayarkən məşhur və valehedici ingilis təmkininə malik, gizli sirlərindən xəbərsiz olduğun insanların yanından ötürsən.

***

Con riyaziyyat və ingilis dili üzrə təhsil alıb. Məktəbin direktoru isə onun sosiologiya dərslərini keçməyini və həftədə iki dəfə hovuzda üzən şagirdlərə nəzarət etməyini istəyir.
– Axı, mən üzə bilmirəm, – o etiraz edir.
– Deməli, öyrənməli olacaqsınız, elə deyil? – direktor cavab verir.

***

Bundan sonra isə anasına məktub yazıb çoxdan gözlədiyi müjdəni verə bilər: oğlunun sanballı işi var, yaxşı maaş alır. Anası da öz növbəsində Conun bibilərinə zəng edib bəyan edə bilər: “Oğlum İngiltərədə alim işləyir!” Nəhayət ki, onların tənqid və rişxəndlərinə son qoyulacaq. Alim, bundan mötəbər nə ola bilər?

***

Bir neçə gündən sonra IBM-də ona stajçı-proqramçı işi təklif edilir. Təlim kursunu müvəffəqiyyətlə başa vurarsa, proqramçı, tədricən isə böyük proqramçı olacaq. O, karyerasına IBM-in Nyumen küçəsindəki məlumatların işlənilməsi bürosunda başlayır, bura Vest-Endin gözü olan Oksford küçəsinə çox yaxındır. İş vaxtı doqquzdan beşə qədərdir. Başlanğıc əmək haqqı ildə yeddi yüz funt olacaq.
Con təklifi tərəddüdsüz qəbul edir.
Həmin gün o, London metrosunda daha bir iş elanı görür. Təcrübə stansiyasına briqadir tələb olunur – ildə yeddi yüz funt. Təhsilə minimal tələb: orta məktəbi bitirmək şəhadətnaməsi. Minimal yaş həddi: iyirmi bir yaş.
Bu nədir, o təəccüblənir, İngiltərədə bütün işlərin maaşı eynidir? Elə isə universiteti bitirmək nəyə lazımdır?

***

IBM Amerika şirkətidir, burada Britaniyadakı sinfi təbəqələşməyə rişxəndlə yanaşırlar. IBM-in qüdrəti də elə bundadır. IBM-də hər adam yüksələ bilər, çünki burada vacib olan yalnız şirkətə bağlılıq və çalışqanlıqdır.

***

Bəlkə, taleyinə yazılmış qadın Annadır? Əlbəttə, gözəl deyil, yaşca Condan böyükdür, üzünün sümükləri çıxıb, çox sısqadır, dabansız rahat ayaqqabı və biçimsiz boz yubka geyinib. Amma kim deyir ki, o, bundan yaxşısına layiqdir?

***

Nə vaxtsa tənhalıqdan xilas olacağıqmı, yoxsa bu həyatın özü elə mükafatdır?

***

Özünü Sol sahildəki çoxdandır pulunu ödəmədiyi mansardaya qapatmış, yaxud kafedən kafeyə veyllənən dostlarından içki dilənən üfunət qoxuyan, saç-saqqal basmış insan hər səhər qara kostyumunu geyinib ürək üzən işinə yollanan insandan daha çoxmu qurban verir, özünü daha çoxmu məhv edir?

***

Bir vaxtlar musiqiyə göstərdiyi böyük həvəs artıq zəifləyib. Tədricən poeziyaya qarşı həvəsini itirəcəkmi? Poeziyadan nəsrə yönələcəkmi? Nəsrin gizli mahiyyəti də elə bundan ibarət deyilmi: iflasa uğramış yaradıcı ruhun pənahı, ikinci seçimi?

***

“Poeziya hisslərin ifadəsi yox, hisslərdən qaçmaqdır, – Eliot gündəliyinə yazır. – Poeziya şəxsiyyətin təzahürü yox, şəxsiyyətdən qaçışdır”. – Sonra isə kədərlə əlavə edir: “Yalnız şəxsiyyəti və hissləri olanlar onlardan qaçmaq istəyinin nə demək olduğunu anlaya bilərlər”.

***

Görünür, poeziya ilə nəsr arasında başqa fərqlər də var. Şeirlərdəki hadisələr hər yerdə və heç yerdə cərəyan edə bilər: xərçəng tutan balıqçıların tənha qadınlarının Kalk körfəzi, Portuqaliya və ya Mendə yaşamaqlarının heç bir əhəmiyyəti yoxdur. Nəsr isə, görünür, məkanın dəqiq təsvir olunmasını tələb edir.

***

Yaratdığın qəhrəmanları son dərəcə zərif söhbətlər etməyə məcbur eləmək məməliləri uçurmağa çalışmaq qədər mənasızdır. Onlar bir anlıq qollarını açıb havada dayana bilərlər, lakin sonra mütləq yerə çaxılacaqlar.

***

Uzaq keçmişdə, hələ məsum bir uşaq olanda inanırdı ki, ağıl yeganə ölçü meyarıdır. Ağıl onu bütün arzularına çatdıracaq. Lakin universitet ona öz yerini göstərdi. Sən demə, o, dünyanın ən ağıllı adamı deyilmiş. İndi isə imtahan qiymətlərinin belə heç bir rol oynamadığı real həyatla üz-üzə qalıb.

***

“Xoşbəxtlik heç nə öyrədə bilməz – o öz-özünə deyir. – Bədbəxtlik isə insanı bərkidir, gələcəyə hazırlayır. Bədbəxtlik ruhun məktəbidir. Bədbəxtlik sularına daldıqdan sonra sahilə təmizlənmiş, güclənmiş və incəsənətin çağırışına cavab verməyə hazır şəkildə çıxmaq olar”.
Amma əslinə qalsa, bədbəxtliyin arındırıcı xüsusiyyətini, yuyulub təmizləndiyini hiss eləmir. Əksinə, başına gələnlər çirkli nohurda yuyunmağa bənzəyir. İztirabları onu nə ağıllandırır, nə də möhkəmlədir, əksinə, daha da keyləşdirib, ölüvaylaşdırır. Bəs iztirabla gələn məşhur təmizlik hanı? Bəlkə kifayət qədər dərinə üzməyib? Bəlkə daha dərinə – bədbəxtlik, kədər və dəliliyin dibinə qədər üzmək lazımdır?

***

O, qaydalarını qadının və yalnız qadının müəyyən elədiyi bir macəra yaşayır. Deməli, ehtiras kişini bu hala salır: qürurunu əlindən alır.

***

Bəlkə bədbinlik tərgidilə bilməyən narkotik kimidir?

***

Gözəllik adlandırılan, əslində, dəhşətin ilk təzahürüdür, Rilke ona deyir. İnsanlar onları məhv etmək üçün xəlq olunmuş gözəllik qarşısında minnətdarlıqla səcdə edirlər.

***

Sadə nəsr mətnlərini oxuya bilsə də, dinləyəndə başa düşmür. Dil müqavimət göstərir, onu qəbul etmir, o isə dilə yol tapa bilmir.

***

O, İnqeborq Baxmanı, Bertold Brexti, Hans Maqnus Ensenbergeri dönə-dönə oxuyur. Alman dilində onu cəlb edən gizli bir kinayə var. Lakin Con bu kinayənin səbənini anlamır. Bəlkə də, sadəcə, ona elə gəlir.

***

Bu, onun gördüyü ilk kütləvi mitinqdir: silkələnən yumruqlar, qəzəbli şüarlar. Ümumiyyətlə, ehtirasların coşması Conu qıcıqlandırır. Onun fikrincə, yalnız eşqə və incəsənətə təmənnasız təslim olmaq olar.

***

Hara qaçasan, siyasətçilərin bitib-tükənməz ağılsızlıqlarının əlindən hara baş götürüb gedəsən?

***

Ona nə olub? Niyə ən sadə addımları atmaq onun üçün bu qədər çətindir? Cavab təbiətinin belə olmağıdırsa, belə təbiət onun nəyinə lazımdır? Niyə təbiətini dəyişmir?
Doğrudanmı, məsələ xasiyyətdədir? Çətin ki. Bu, xasiyyətə yox, xəstəliyə bənzəyir, mənəvi xəstəlik: rəzillik, qadınlara qarşı soyuqluğundan fərqlənməyən ruhi kasıblıq. Belə xəstəlikdən incəsənət yaratmaq olarmı? Belə incəsənət ucalıq gətirərmi?

***

O, heç vaxt qaydalara riayət etməyən adamları sevməyib. Qaydalara məhəl qoymasan, həyat mənasını itirir: onda İvan Karamazov kimi bileti geri qaytarıb qeybə çəkilmək lazım gəlir.

***

Cona elə gəlir ki, kimi nümunə götürürsə götürsün, uduzan yenə o olacaq. Çünki onda kef çəkmək, dəblə geyinmək qabiliyyəti olmadığı kimi, yalan, aldatma, qaydaları pozmaq qabiliyyəti də yoxdur. Onun yalnız bir istedadı var – iztirab çəkmək, darıxdırıcı, səmimi iztirab. Bəs onun iztiraba heç bir qiymət verməyən bu şəhərdə nə işi var?

***

Bir-birinin ağuşunda sığınacaq tapan, bir-birinə təsəlli verən iki uduzmuş insan: həddən artıq alçaldıcı perspektivdir.

***

Dekabrdır, hava sərtləşir. Qar yağır, əriyib palçığa dönür, sonra palçıq donur: səkidə yalnız alpinist kimi ayağını qoymağa yer axtara-axtara yerimək mümkündür. Kömür tozu və kükürddən ibarət duman örtüyü şəhəri bürüyüb. İşıq sönür, qatarlar dayanır, qocalar evlərində donurlar. Qəzetlərin yazdığına görə, belə soyuq qız son yüz ildə ilk dəfə müşahidə edilir.

***

O qaçqın deyil. Daha doğrusu, qaçqınlıq statusu almaq üçün Daxili İşlər Nazirliyinə müraciət etsə, əlinə heç nə keçməyəcək. “Sizi kim didərgin salıb?” – ondan soruşacaqlar. – Nədən qaçmısınız?” “Sıxıntıdan, o cavab verəcək. Tüfeylilikdən. Mənəvi həyatın atrofiyasından. Rüsvayçılıqdan”. Bu bəraətlər ona nə qazandıra bilər?

***

O, baxışlarından hər belə imtinanı yüngül bıçaq zərbələrinə bənzədirdi. İnsanlar ona baxıb, yarasız hesab edir, üz döndərirdilər. Tezliklə o, cəsarətini itirməyə, rədd edilməyini gözləmədən özü imtina etməyə başladı. Başa düşdü ki, qadınlara xəlvəti, oğrun baxmaq daha asandır. Ona elə gəlirdi ki, Londonda hamı bir-birinə belə baxır. Lakin bu oğrun baxışlarda onun heç cür xilas ola bilmədiyi tərəddüd, natəmizlik hissi var idi. Heç baxmamaq ondan yaxşıdır. Onlara qarşı laqeyd, etinasız görünmək daha şərəflidir.

***

Adama çırpılıb “üzr istəyirəm” demək, təhqir eşitmək – fənd işlədib söhbətə başlamağın ucuz yolu. Tənhalığı aldatmaq cəhdi.

***

Axı görünüş çox vaxt aldadıcı olur. Oskar Uayldsa deyirdi ki, insanın xarici görünüşündən böyük həqiqət yoxdur. Yalnız zahirən yox, ruhunun dərinliklərində də maraqsız və bəsit olan bir insandan sənətkar çıxarmı? T.S.Eliot qəbinin dərinliklərində bəsit və maraqsız ola bilərdimi? Sənətkarın şəxsiyyəti ilə əsərləri arasında heç bir uyğunluq olmadığını deyən Eliot öz darıxdırıcılığını ört-basdır etməyəmi çalışırdı?
Bəlkə də, amma heç inanılası deyil. Uayld və ya Eliotun inancını seçmək lazım gəlsəydi, sözsüz ki, Eliota üstünlük verərdi. Əgər Eliot maraqsız görünməyi, qara kostyum geyinib bankda işləməyi seçirsə, özünü C.Alfred Prufrok adlandırırsa, çox güman ki, bu, müasir dövrün sənətkarları üçün zəruri olan hiyləgərlikdir.

***

– Burada nə qədər qalmağı planlaşdırırsınız? – kişi soruşur.
– Yalnız ayın sonuna qədər.
– Yox, onu demirəm. İngiltərədə çox qalacaqsınız?
– Məlum deyil. Cənubi Afrikadan həmişəlik çıxmışam.
– Orada vəziyyət pisdir, hə?
– Bəli.
– Hətta ağlar üçün də?
Bu suala necə cavab vermək olar? Xəcalət içində yaşamaq istəməyənlər üçün? Yaxınlaşmaqda olan müsibətdən qaçmaq istəyənlər üçün? Niyə bu ölkədə təntənəli sözlər belə yersiz səslənir?

***

Axı o, Henri Ceymsi oxuyub. O, yaxşı bilir ki, pis adam olmaq necə asandır. Şərin dərhal üzə çıxması üçün bir azca özünü sərbəst buraxmaq kifayətdir.

***

O, pis xəbərləri sevmirdi. Xüsusilə də özü haqqında olanları.

***

Eliotdan öyrənib ki, tənqidçi olmaq üçün ən vacib şərt müxtəlif müəlliflərin mətnlərini bir-birindən fərləndirə bilməkdir. Paunda görə isə tənqidçi dəbli hay-küyün arasında əsl ustanın səsini seçməyi bacarmalıdır.

***

Ford üçün Fransanın cənubunda yerləşən, arxa bağçasında zeytun ağacları bitən, zirzəmisində həmişə təmiz kənd şərabı olan, günəş görən evində ləyaqətli qadınla birlikdə vaxt keçirməkdən böyük xoşbəxtlik yox idi. Fordun dediyinə görə, Avropa sivilizasiyasında zərif, lirik, insani olan nə varsa, hamısının beşiyi Provansdır.

***

Vətənpərvərlik? İndi də bu azara tutulur? Deməli, vətənsiz yaşaya bilmir? Yeni və çirkin Cənubi Afrikanın tozunu ayaqqabısından çırpmağa çalışsa belə, hələ də behiştin mümkün olduğu qədim Cənubi Afrikaya can atmırmı? Əhatəsində olduğu ingilislər də kitabda Ridal Maus və ya Beyker küçəsinin adını oxuyanda qəlblərində eyni titrəyişi hiss edirlərmi? Çətin ki. Bu ölkə – bu şəhər artıq yüz illərdir sözlə əhatələnib. Çoserin, yaxud Tom Consun keçdiyi yerlərdən keçmək ingilislərə qətiyyən qəribə görünmür.

***

Və əgər kitabın inandırıcılığı naminə Karunun daşlarına çırpılan furqonun altında yırğalanan təkər üçün sürtkü yağının qabına çevirmək lazım gəlsə, özünü yağ qabına çevirməyə də hazırdır. Axşamlar yolçuların kölgəsində dayandığı ağaclarda oxuyan cırcıramalara çevrilmək lazım gəlsə, cırcırama da özü olacaq.

***

Bilikləri ixtisar etməzdən əvvəl artırmaq lazımdır.

***

Böyümək intizardan, ehtirasdan, bütün ruhi sıxıntılardan xilas olmaq deyilmi?

***

Əgər Qanapati təkcə ağıllı yox, həm də intellektual olsaydı, şübhəsiz, söhbətləri daha maraqlı olardı.

***

Kompüterlərlə uzunmüddətli ünsiyyət ona, cüzi də olsa, nəsə verəcəkmi? Bəlkə, heç olmasa, məntiqli düşünməyi öyrədəcək?

***

Hələ çox gec deyil, o, bu dünyadan qaçıb canını qurtara bilər. Ya da ətrafdakı gənclər kimi taleyi ilə barışa bilər: evlənmək, ev, maşın almaq, real həyatın təklif etdikləri ilə kifayətlənmək və bütün gücünü işə sərf etmək. Kədərli olsa da, o, reallıq prinsipinin necə gözəl işlədiyini, tənhalıqdan usanmış sızanaqlı oğlanın cansız saçlı, kök baldırlı qızla kifayətləndiyini, nə qədər çirkin olur olsun, gec-tez hər kəsin özünə həyat yoldaşı tapdığını başa düşür.

***

Evlilik: kimin ağlına gələrdi ki, o nə vaxtsa, az da olsa, nikahın cazibəsini hiss edəcək! Hələlik təslim olmaq fikri yoxdur, hələ yox. Lakin uzun qış axşamları yağış mayor Arkraytın evinin pəncərələrini döyəcləyəndə, qaz sobasının yanında əyləşib radio dinləyərkən, o, çörək və sosiska yeyə-yeyə bu haqda fikirləşir.

***

“Amerikaya getməlisiniz, – Qanapati deyir. – Burada vaxt itirirsiniz. Hamımız burada vaxt itiririk”.

***

Qanapati nə qədər Amerika işgüzarlığını bəyənsə, Amerika hamburgerləri üçün darıxsa da, vyentnamlıların tərəfini saxlayır, çünki vyetnamlılar onun şərqli qardaşlarıdırlar.

 

Tərcümə: Ülkər Nəsibbəyli

5 (100%) 1 vote

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook