Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Xuan Rulfo “Pedro Paramo”

Annotasiya

“Pedro Paramo” (ispanca “Pedro Páramo”) – meksikalı yazıçı Xuan Rulfonun 1955-ci ildə işıq üzü görmüş yeganə romanıdır. Əsər magik realizm janrında qələmə alınmış ilk Latın Amerika romanların biri hesab olunur. Rulfonun romanı ispandilli ədəbiyyatın zirvələrindən biri olmuş və Karlos Fuentes, Qabriel Qarsia Markes, Xorxe Luis Borxes kimi yazıçıların yaradıcılığına əhəmiyyətli təsir göstərmişdi.
Xuan Presiado anasının ölüm qabağı arzusuyla heç vaxt üzünü görmədiyi, adını eşitmədiyi doğma atasının – Pedro Paramonun axtarışına başlayır və beləcə yalnız kabusların yaşadığı bomboş Komala şəhərinə gəlib çıxır. Özünə gələndə anlayır ki, o, ölülər səltənətinə varid olub. Artıq özü də ölmüş Xuan, ölülərin Komalada Pedro Paramo dönəmində baş verən hadisələr barədə pıçıltılar eşidir. Pedro Paramonun uşaqlıqdan qocalığa qədər keçdiyi ömür yolu əsərdə nəql olunur. Yazıçı bütün bu yerlərin sahibinin – Pedro Paramonun əzazil obrazını təsvir edir. O, hər şeyə nail ola bilib, bircə uşaqlıqdan tanıdığı Susanna San Suanın sevgisini qazanmaqdan başqa…

 

Karandaşın izi ilə

– Yamanca istiniz var, – mən diqqət verdim.
– Bunun nəyi istidi, – yol yoldaşım mənimlə razılaşmadı. – Bax, indi Komalaya enəndə özün görəcəksən. Hə, oranın istisi istidi, elə bil torpağı düz iç-içalatından dəlib qaynadır. Əgər Komaladan kimsə öləndən sonra cəhənnəmə düşəcəksə, həmin kəs, sənə deyim ki, soyuqdan donmamaqdan ötrü buralara yorğan dalınca qaçıb gələcək.

***

Anam şəkil çəkdirməyi xoşlamazdı. Deyərdi ki, şəkildəki adamı yaxşı, ya pis niyyətlə cadulamaq olar.

***

– Mən onu demirəm, kəndi deyirəm. Bir baxın, bomboşdu, elə bil ölüb. Deyəsən burda yaşayan-zad yoxdu.
– “Deyəsən” niyə? Burda doğrudan da yaşayan yoxdur.

***

Elə orada, Sayulda mən göyərçinləri də gördüm; göyərçinlər başım üstündən xeyli yüksəkdə uçub gedəndə elə qanad çalırdılar ki, elə bil beləcə ötən günü də özlərindən çırpırdılar.

***

Yorulan adamdan ötrü yuxudan rahat döşək yoxdu.

***

Biz küləkdən doyunca uda-uda gülürdük. Küləkli havada kefimiz yaxşı olurdu. Axı külək baxışlarımızı birləşdirirdi, bizi eyni yerə baxmağa məcbur eləyirdi.

***

– Hə, hə, az qala sənin anan mən olacaqdım. Doğrudanmı, anan sənə bu günəcən deməyib?
– Doğrusu, anam həmişə yaxşı günlərini xatırlayardı.

***

Elə bil çörəyi də, suyu da danışmaq, dinləmək idi. Kar olan kimi dönüb dəyişdi. Deyir “Öz qulağımla eşitmədiyim söhbəti necə danışım? Buna mənim həvəsim, nə də marağım var. Səs eşitməyib sözün ləzzətini duymayanda dil də açılmaz”.

***

– Sən haçansa ölən adamın iniltisini eşitmisənmi? – soruşdu.
– Eşitməmişəm, donya Eduvixes.
– Xoşbəxt adamsan.

***

“Mən, Fulqor Sedano (cinsi – kişi, yaşı – əlli dörd, subay, vəzifəsinin adı – əmlak idarəsinin rəisi, ixtisası – vəkil) mənə verilən səlahiyyətin müqabilində varisi olduğum hüquqi əsasla tələbimi irəli sürüb aşağıdakıları elan edirəm…”

– Don Fulqor, sizin kişi cinsindən olmağınıza şübhə eləməyə kiminsə ixtiyarı yoxdur. Kişi adına xələl gətirməmək üçün hələ desən, canınız da əməlli-başlı suludu. Amma özbaşına suludu. Çünki bu məsələyə vəzifənin-zadın dəxli yoxdu.

***

Borcumuzun həcmi yox, borclu qaldığımızın adı vacibdi.

***

– Hə, yeri gəlmişkən, anan necədi?
– Anam ölüb. – cavab verdim.
– Ölüb? Belə cavan? Nədən?
– Bilmirəm. Bəlkə də qüssədən. Anam, nədənsə, elə hey ah çəkərdi.
– Pis şeydi. Hər ah ömrün bir parçasını qoparır.

***

O qız mənə yaylıq verdi,
Naxışı göz yaşından.

***

Orda günlər eyni cür keçir, sübhü də, səhəri də, günortası da, axşamı da dünənkindən seçilmir. Dəyişən ancaq sənin nəfəsindi, çünki hava hər dəfə ayrı cür olur, havayla birgə bütün rənglər də dəyişir. Oralarda ömür ötən günlərini sənə pıçıldaya-pıçıldaya keçir və sən bu səsi dinləyə-dinləyə susmaq bilməyən bu qədim həyatda pıçıltıdan savayı bir şey eşitmirsən…

***

– Bir bax ha! Bu il də torpaq barlı-bərəkətli olacaq. Yağ, yağış, yağ! Əldən düşənəcən yağ. Hələ sonra o biri tərəflərə də dön. Bax gör bu il nə qədər torpağı dirçəltmişik, hamısı da səndən ötrüdü. İstəmişik ki, oynayıb şənlənməyin üçün gen-bol yer olsun.

***

Səfehsən ki, səfeh. Amma, əlbəttə, adamı səfehliyinə görə cəzalandırmaq düzgün deyil.

***

– … Hələ bir yandan da padre Renteria məni əmin elədi ki, behişt mənlik deyil. Məni Tanrı səltənətinin heç qıraq-bucağına da yaxın qoymayacaqlar… Yəqin günahım böyükdü. Yoxsa bunu mənə demək keşişin nəyinə lazımdı. Beləcə, bütün ömrün boyu həyatda üzülə-üzülə tək bircə ümidlə özünə təskinlik verəsən ki, heç olmasa o biri dünyada sənə başqa bir ömrü, bundan yaxşısını verəcəklər, amma o biri ömrə açılan qapı qabağınca çırpılanda, üzünə tək bircə qapı, cəhənnəm qapısı açılanda, yox, yaxşısı budu, heç doğulmayasan… Xuan Presiado, mənim üçün behişt o yerdi ki, orda indi mənim sümüklərim dincəlir.
– Bəs ruhun necə? Səncə, o haralara qeyb olub?
– Torpağın üstünün harasındasa veyllənir. O cür peşman ruhlar azdımı? Dirilərin içində axtarır görsün, onun günahını yuyan tapılarmı?

***

Hər şey ondan başladı ki, bir vaxtlar it dəfətərində adı olmayan Pedro Paramo qəfildən-qəfilə dillər əzbəri oldu. Elə onda da onun canını tüpürcək basdı.

***

– Belə tezdən hara gedirsiz, padre?
– Görünür, Kontluda ölən var, sizi gözləyirlər. Hə, padre?
Onlar tərəfə qışqırmaq istədi: “Ölən özüməm. Mənəm ölən”. Amma səssizcə gülümsədi.

***

Bir də ki, insan özü xirtdəyəcən günah içində ola-ola başqalarının günahını necə əfv edə bilər?

***

Hər qarışı sərin küləklə, sərçələrin gülüş səslərilə, mavi dan yeriylə nəfəs alan fevral səhəri.
Anam belə günlərdən birində canını tapşırdı.
Mən hönkürməliydim. Sən məni ancaq belə görmək istəyirdin. Amma əgər sübh günəşi səninlə sevinə-sevinə salamlaşırsa, nə etməlisən?

***

Ölümü də kiminləsə paylaşmaq olarmı? Ölüm axı, miras deyil. Amma dərd şirə kimi şeydi, evə qonaq-qara gətirər.

***

Düz otuz il yolunu gözlədim, Susanna. Büsbütün mənim olacağın günü gözlədim. Büsbütün, yarımçıq yox. İnsan ürəyindən keçənlərin nə qədərinə yiyə çıxa bilirsə, hamısını. Səninlə mənim istəklərimdən başqa dünyada bir istəyin də qalmayacağı günü gözlədim, Susanna.

***

Elə kəndlər var ki, hər qarışını ürək parçalayan qüssənin qoxusu tutub. Beləsini dərhal tanımaq olur. Elə bircə köhnə, turşumuş havanı, qocalığın, heysizliyin, səfalətin qoxusunu ciyərlərinə almağa bəndsən.

***

Sən də öz ürəyinin üstünü bərk-bərk ört ki, ağrın sönməsin.

***

– Axı sizin istəyiniz nədi?
– Görürsüz ki, biz silaha sarılmışıq.
– Nə olsun?
– Elə bu olsun. Az işdi?

***

– Olmaya qiyamçılarla bir yerdə olmaq ürəyincə deyil?
– Niyə ki, elə bu dəqiqə, özü də məmnuniyyətlə… İtin öz yiyəsini tanımadığı bir yerdə olmaqdan ləzzətli nə var?!

***

İlahi, sənə necə də yalvarardım: qoru, dəymə ona. Səndən xahişim bircə bu idi. Sənsə təkcə bizlərin ruhu qarşısında güclüsən. Amma mənə onun ruhu yox, bədəni lazımıydı, məhəbbətdən alovlanan, ehtirasdan coşan bədəni. Mənim döşlərim o bədənin ağırlığında əzilmək, çiyinlərim sıxılmaq istəyirdi. Mən özümü büsbütün onun gücünə, hökmünə təhvil verib sonsuzluqdan, havasızlıqdan asılan iynəyə dönmək istəyirdim. Daha bu dodaqlarım nəyimə gərəkdi? Əgər onu içinə sümürən o ağız daha yoxdusa, neynirəm bu dodaqları? İndi bu yanıb yaxılan dodaqlarıma nə çarə qılım?

***

– Gedirəm don Pedroyla vidalaşam, – bu gün evdən çıxanda arvadını məsələdən agah etdi. – Bilirəm, çəkdiyim zəhmətə görə mənə yaxşıca hörmət edəcək. Hətta fikirləşirəm ki, bu pul həm Sayulda əməllicə yurd yuva eləməyimizə, həm də qalan ömrümüzü rahat keçirməyimizə bəs edəcək.
Görən, qadınlarda hər şeyi qabaqcadan duymaq qabiliyyəti hardandı? Onlar nəsə həmişə hər şeydən şübhəlidir. Elə bil göydən onlara gizli işarələr göndərilir. Bəli, arvadı qəti inanmırdı ki, o gözlədiyi mükafatı alacaq.
– Ağlına da gətirmə. Ayağa durmaq üçün Sayulda təzədən dişinlə, dırnağınla işləməli olacaqsan. Ondan sən qara qəpik də ala bilməyəcəksən.
– Bu hardan ağlına gəldi?
– Elə ordan.

***

– Gecə bütün günah əməllər üçün əsl yuvadı. Doğrumu deyirəm, Xustina?
– Əlbəttə, Susanna.
– Doğrudanmı belədi?
– Yəqin ki, belədi Susanna.
– Onda belə çıxır ki, yaşamağın özü də günahdı.

***

– Sən cəhənnəmə inanırsan, Xustina?
– Hə, Susanna, cənnətə də.
– Amma mən təkcə cəhənnəmə inanıram.

 

Tərcümə: Yaşar

Qiymətləndirin

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook