Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Elif Şafak “Həvvanın üç qızı”

Annotasiya

“Həvvanın üç qızı” (türkcə “Havva’nın üç kızı”) – Əsərdə qatı dindar ana və materialist ata ilə böyüyən, hər ikisinin haqlı olduğuna şübhə ilə yanaşan Pəri adlı qadının həyatından bəhs edilir. Kitabda bu günün İstanbulu bütün çılpaqlığı ilə təsvir edilir, Avropa və Türkiyə arasında mədəniyyət, adət-ənənə və həyat tərzinin fərqlilikləri göstərilir.
Romanda müəllif Tanrının varlığını deyil, inanc şəklini mühakimə edir. Doğru olan nədir? Kor-koranə inanmaq, yoxsa kor-koranə rədd etmək? Bəlkə məntiqli olan bu ikisinin arasında üçüncü yolu tapmaqdır.

 

Karandaşın izi ilə

Amma həqiqətən bu “potensial” sözü qəribə sözdür. Bir vaxtlar müsəlman ölkələri arasında ən qərbləşmiş, demokratik və dünyəvi ölkə modeli olacağı zənn edilən Türkiyə, nəticədə reallaşmamış potensiallar diyarı deyilmi?

***

Bəzən bir vedrə sabunlu su götürüb küçələri, meydanları, dövlət binalarını, xüsusilə Türkiyə Böyük Millət Məclisi damı altında dava edənləri və hətta əli bulaşmışkən, el-aləmin kəm dilini yumaq gəlirdi içindən.

***

Tıxac dəqiqələri saatlara, insanları vəhşilərə, şüuru açıq-aşkar dəliliyə çevirirən pis əllərə düşmüş sehrli dəyənək kimi idi.

***

Əgər eyni qarabasmanı kifayət qədər göz görürsə, artıq qarabasma deyil, həqiqət sayılır; əgər eyni acı həqiqətə kifayət qədər insan gülürsə, həmin həqiqət acınacaqlı haldan çıxıb, gülməli bir zarafata çevrilir.

***

Bəzi qadınlar çantalarını qərib ölkələrdə savaş meydanlarından əldə edilmiş qənimət kimi qürurla daşıyırlar. İnsan bir dəri parçasına sahib olduğu üçün necə və niyə lovğalansın ki?

***

O həmişə düşünürdü ki, əgər saqqız növləri siyasi rejimləri təmsil etsəydi, nanəli saqqız faşizm rejimi olardı: totalitar, qatı, steril.

***

Pəri heç vaxt başa düşmürdü ki, necə olur qadınlardan həm gözüaçıq, həm də başıaşağı olmaqları tələb olunur?

***

Bəzən bir yerə xas çatışmazlığı və ya detalları daha yaxşı qavraya bilmək üçün ya yad olmaq lazımdır, ya da biganə.

***

Nə də olsa, Osmanlı nizam-intizamı həyatda olduğu kimi ölümdə də iyerarxiyaya uyğun tətbiq olunurmuş. Soylular diqqətlə boğulur, qiyamçıların kəlləsi vurulur, kənizlər ağzı tikilmiş kisələr içərisində dənizə atılırmış. Bəzilərinə kəndir, digərlərinə qılınc, bir başqlarına həbs… İnsanların aqibətini onların peşəsi və mövqeyi təyin edirmiş. Hər həftə saray önündəki dar ağaclarında kəllələr nümayiş etdirilərmiş; mühüm şəxsiyyətlərinki pambıqla doldurulurmuş, qara camaatınkı samanla.

***

Böyümək ananla atanın qüsurlarını görməyi öyrənmək deməkdir.

***

Heç bir-birini sevməyən cütlüyün övladı olmaq nə çətin bir şey imiş.

***

– Demokratiya olan ölkədə bir kişi sərxoş oldumu “Ah, nə oldu mənim gözəl sevgilimə?” deyə ağlar. Demokratiya olmayan yerdə isə bir kişi sərxoş oldumu “Ah, nə oldu mənim gözəl məmləkətimə?” deyə ağlar.

***

Evin içində cərəyan edən fikir və duyğu tufanı Pərini çaşqın hala salmışdı. Bu vaxta kimi öyrədilənlərdən bilirdi ki, Yaradan təkdir. Amma anasının qorxaq və itaətkarcasına yalvarıb yaxardığı Allahla atasının gileylənib şikayət etdiyi Tanrının eyni varlıq olduğuna inanması qeyri-mümkün idi. Necə olurdu ki, eyni yastığı olmasa da, hələ də eyni üzüyü paylaşan iki insan Yaradanı bu qədər bir-birinə zidd təsəvvür edə bilirdi? Necə olurdu ki, eyni varlıq, dolayısıyla tək həqiqət bu qədər fərqli qavranıla bilirdi?

***

– İnqilabçı nə deməkdir?
Ümid bir az dayanıb, sonra demişdi:
– Bütün uşaqların oyuncaqları olmasını istəyib, heç bir uşağın həddindən artıq oyuncağı olmasını istəməyən adama inqilabçı deyilir.
Pəri çaşmış halda mızıldanmışdı:
– Hmm…
Eşitdiklərinin yarısını bəyənmiş, yarısını bəyənməmişdi: “Nə qədər olsa, “həddindən artıq” hesab edilə bilər?”

***

O doymaq bilməyən ağcaqanadlar belə bədbəxtliyin yoluxmaması üçün Nalbantoğullarını sancmamağa başlamışdılar.

***

Bir düşün. Yolda qəzaya rast gəlincə insanların ilk reaksiyası nə olur? O dəqiqə “Allah qorusun” deyirlər. İlk reaksiyaları özlərini düşünməkdir, qurbanları deyil. Başqaları üçün dua edən gör nə qədər az adam var. Heç fikir vermisən? Elə özlərinə. Onsuz da o qədər duanın əksəriyyəti bir-birinin surətidir. “Məni qoru, məni hifz et, məni yüksəlt…” Hər şey “mən”. Onlardan soruşsan, buna “dindarlıq” deyərlər, mən isə buna “şəkil dəyişdirmiş eqoistlik” deyirəm.

***

Yaz və sil. İnanc və şübhə. Cavablar və suallar. Həm bilgini mənimsə, həm bildiklərini sorğu-sual et. Əsla bir yerə lövbər salma. Bu dünyada ünvanın deyil, ayaq izlərin olsun. İbn Ərəbi nə deyib? Bizimkisi “eşq karvanıdır”; o karvan hara gedərsə, biz də ardından gedərik. Yerləşmə, kök salma, oldum ya da tapdım sanma. Heç bir gettoya, kollektiv birliyə, cəmiyyətə, tayfaya, əşirətə aid olma. Hamısı çaşdıracaq, təəccübləndirəcək. Yalnız ol. Tək başına. Çatmaq deyil, getmək. Sadəcə getmək…

***

Həmin gecə Pəri yatağında oturub gündəliyini açdı və ilk qeydini yazdı: “Deyəsən Rəbb rəngarəngdir. Minlərlə parçası var. Bəzilərinə görə sevgi, mərhəmət, rəhm doludur, digərlərinə görə hirsli, soyuq, məhvedicidir. Məncə Tanrı leqo komplektidir. Hər kəs özünə uyğun inşa edir.

***

Bu şəkildə ölmək axmaqlıq idi. Dünyanın dörd bir yanında insanlar vətənləri, bayraqları, ya da şərəfləri uğruna öldükləri halda, o saxta bir “Hermes” çantasına uğruna ölürdü. Kim bilir, bəlkə də hamısı eyni dərəcədə mənasızdır.

***

Dünənin məzlumlarından bugünün zalımları yaranırdı.

***

Kayser II Vilhelm İstanbula etdiyi o məşhur səfərində bax bu eyvanda oturubmuş; Alman mədəniyyətinə, hərbi gücünə heyranlığı və iqtidar ambisiyası ilə tanınan bir Osmanlı paşası ilə qarşı-qarşıya oturub çay içibmiş. Həmin paşa daha sonra Kayserin müsəlman olduğu şayəsini yayacaqdı. Hacı Vilhelm! İddiaya görə Kayser doğulan kimi qulağına “Fatihə” surəsi oxunulub. İslam dünyasının dostu və sarsılmaz müdafiəçisi olub. Hər gün otağında gizli-gizli namaz qılarmış. Əlbəttə, Osmanlı İmperiyasının Almaniyanın yanında müharibəyə girməsi üçün əlverişli zəmin yaradılması naminə bütün bu cəfəngiyyat və dedi-qodular qəsdən ortalığa atılmışdı.

***

Bədbəxt ailələrdə böyüyən gənclər üçün ədəbiyyat onsuz da ən gözəl sığınacaqdır. Hekayələr, romanlar, şeirlər…

***

Kitablar həm onun vətəni, həm sürgün diyarı idi.

***

Bu həyatda ən pis vərdişlər tərgidilə, şəxsiyyət pozuntuları düzəldilə, ən möhkəm dostluq münasibətləri qırıla bilər, hətta asılılıqlara belə qalib gəlmək olar, amma bəlkə də dəyişdirilməsi ən çətin şey insanın bir yerə duyduğu aidiyyət hissidir. Niyə alışdığımız küçələrdən, şəhərlərdən, təkrarlardan ayrıla bilmirik? Yaşadığımız yer bizi bədbəxt etsə belə niyə tərk edib uzaqlara gedə bilmirik?

***

Nədənsə insan anasının gəncliyi – hələ o gənclik çılğınlıqlarla zəngin olubsa – barədə düşünmək istəmir. Bu fikir onu narahat edir. Ana dediyin bütün sakit vadilərini, durğun göllərini və yüksək dağlarını ovcunun içi kimi bildiyin kəşf edilmiş bir torpaq parçasıdır. O qitənin hələ xəritəsi çıxarılmamış, bilinməyən hissələri ola bilmə ehtimalı Dənizin heç də xoşuna gəlmədi.

***

Əslində necə qəribə idi; anlar axıb gedir, ürəklər sərtləşir, bədənlər yaşlanır, vədlər unudulur və ən güclü inanclar belə sarsılırkən reallığı iki ölçüdə təmsil edən və dolayısı ilə yalandan ibarət olan bir fotoşəkil sonsuz sədaqətlə heç dəyişmədən qala bilir.

***

– Təki cəhalətin əlinə qüdrət keçsin, bax onda qorxmalısan. Dünya müqtədir cahillərdən və cahil müqtədirlərdən nələr çəkdi.

***

Coşğun üz ifadələrinə baxırlırsa ya siyasətdən danışırlar, ya futboldan. Çünki bu ölkədə kişilərin hisslərini rahatlıqla çölə çıxara bildikləri mövzular bunlar idi.

***

Olmağına İstanbul da çox tarixi şəhər idi. Amma orada tarixə həddindən çox qalmış, artıq istənməyən bir qonaq kimi davranırdılar.

***

Təcrübəmə əsasən deyə bilərəm ki, hakimiyyət sarımsaq kimidir. Nə qədər çox istifadə olunursa, qoxusu bir o qədər ağır olur.

***

Kitab bilik, bilik isə qüdrət deməkdir.

***

Hər nə isə, gəldiyimiz il atam vəfat etdi. Həkim dedi ki, ciyərləri kömür mədəninə dönüb. Bir həkimin məcazdan istifadə etməsi səncə də qəribə deyilmi? Özünü şair zad hesab edir?

***

– Sənə ümumbəşəri bir qayda deyim: insanın vətəni nənəsinin olduğu yerdir.
– Yaxşı dedin. Səninki hardadır?
– Məzarda. Beş il əvvəl ölüb.

***

Oğlan bir dəfə Pəriyə demişdi:
– Sənə baxdıqca tipik türk ziyalısını görürəm. Daha doğrusu, şərq intellektualını: Avropaya aşiq, öz kökləri ilə münaqişə vəziyyətində.
Gözləmədiyi belə bir günahlandırma qarşısında Pəri udqunmuşdu. Niyə bəzi insanlar “köklər” ilə başlarını xarab edirlər ki? “Budaqlar” da gözəldir, məsələn. “Yarpaqlar”, “meyvələr” də. Təbii kökləri də sevirdi. Çünki ağacları sevirdi. Kök dediyin şey torpağın həm altında, həm üstündə dörd yana irəliləyirdi. Yəni bir xətt üzrə hərəkət etmirdi. Hətta Köklər də sabit (və ya sabit fikirli) olmağı rədd edərkən, insanlara elə hey “kökünə sadiq qal” deyə israr etmək hansı ağla xidmət edir?

***

Onsuz da qadınlar həmişə belə edir. Birlikdə olduqları kişinin hər hansı bir sahədə özləri ilə müqayisədə daha məlumatsız olduğunu görən kimi onu tənqid etmək əvəzinə, özlərini didirlər. Onun inkişaf etməsini gözləmək yerinə, özləri geri addım atırlar. Zəkalarını istənilən səviyyəyə endirirlər ki, lazımsız yerə münaqişə, ziddiyyət, gərginlik yaşanmasın.

***

Türkiyə kimi şəxsiyyət problemlərini dərd edən ölkələrdə insanlar nə oxuduqlarından daha çox nəyi oxumağı rədd etdiklərindən danışırlar. Dolayısıyla oxumadıqları kitablar, yazıçılar barəsində mübahisə etməyə daha çox vaxt sərf edirlər.

***

Yaxın Şərqdə elə bir kişi tipi var idi ki, sevgilisindən yataq otağında bütün arzularına qarşılıq verməsini gözləyərr, əks təqdirdə hirslənir, hiddətlənərdi. Lakin istəklərinə uyum göstərən qadın da o saat gözlərindən düşər, ona “fahişə” damğası vurardılar. Belələri ilə birlikdə olmadıqsa, “deməli, məni çox sevmirsən!” deyərdilər. Küsər, qaşqabağını tökər, məcbur edərdilər. Birlikdə olsan da, “deməli, gəzəyənin yekəsisən” deyib, yuxarıdan aşağı baxar, ləkələməyə çalışar və alçardardılar.

***

Bəzi tələbələr üçün üniversitet sehrli dəyənəkdir; sənə toxunur və hop! Qurbaağadan şahzadəyə çevrilirsən.

***

Dörddən çox türk bir yerə toplaşan kimi verilən həmin qaçılmaz sual yenə verildi: Bu ölkənin axırı necə olacaq?

***

Siyasətdən danışmaq milli idman növümüzdür.

***

Pəri masanın ətrafındakı üzlərə baxdı. Əslində zəngini də, zənginlik həvəslisi də, dəhşət zəngini də eyni dərəcədə qayğılı idi. İnsanların vəzifələri, qüdrətləri, sərvətləri, hamısı əsasən dövlətlə əlaqələrindən asılı idi. Ən müqtədirləri belə qüdrətini itirməkdən narahatlıq keçirir, ən varlıları belə dara düşməkdən çəkinirdi.

***

Bu torpaqlarda ata sevgidən daha çox hökm demək idi.

***

Küçədə gəzəndə necə ki narkoman və dilənçilərə şübhə ilə baxırdılarsa, beynəlxalq əlaqələr barəsində mübahisə edərkən də başqa ölkələrə eyni şəkildə baxırdılar: hər an hücuma məruz qalıb soyulacaqlarını gözləyən kimi.

***

Pəri həmin gecə gündəliyinə belə yazdı: Bəzi insanlar dünyanı dəyişdirmək istəyir, bəziləri həyat yoldaşlarını və ya dostlarını. Özünü dəyişdirmək istəyən isə çox azdır. Məndən soruşsalar, Tanrını – Tanrı anlayışını – dəyişdirmək istərdim. Necə gözəl olardı. Hamının yararına.

***

Avropada xalq təhsillidir. Demokratiyanın heç kimə zərəri yoxdur. Yaxın Şərq elə deyil ki. Cahillərlə təhsillilərə bərabər səs vermək haqqı vermək, uşağın əlinə kibrit vermək kimidir. Bütün evi yandıracaq.

***

İnsanlar suallardansa cavablara, şübhədənsə dəqiqliyə üstünlük verirlər. Ateistlər də elədir. Qəribədir, Tanrı haqqında bildiklərimiz məhdud olduğu halda çox az insan “bilmirəm” deyə bilir. Ətrafımız elə “çoxbilmişlər”lə doludur. “Əmin deyiləm, qərarsızam, hələ axtarıram” deyən heç kimlə rastlaşmadım. Deyəsən elə tək mənəm.

***

“Qeyri-adi” kəlməsində qeyri-adilikdən əsər-əlamət yoxdur.

***

Məşhur jurnalist dedi:
– Siyasətlə bağlı mübahisələrə davam edin. Bu ölkədə formada qalmağın yolu budur.

***

Məşhur jurnalistin sevgilisi siqaret çəkənlərə xas boğuq səsi ilə dedi:
– Bəs bu axşam ekstrasens gəlirdi? Soruşmaq istədiyim şeylər var idi.

Sahibkar söylədi:
– Gəlir. Bir saat əvvəl burda olmalı idi, amma görünür, tıxacda ilişib.
Amerikalı özəl fond rəhbəri zarafat etdi:
– Hah, İstanbulda hansı yolların açıq olduğunu ekstrasenslər belə bilmir.

***

Azadlıq yoxdursa, eşq də yoxdur. Azad olmağınsa tək yolu budur: alışdığımız, bizə asan gələn Məni tərk etmək! Risk edərsənmi?

***

Hər prinsip əks prinsip yaradır. Hər əks prinsip də öz doqmasını. Harda çox molla-mulla varsa, mütləqdir ki, bir o qədər də günahkar var.

***

O da özünə velosiped almışdı. Amma bir neçə dəfə üstündə tarazlığını itirmişdi. Xoşbəxt olmaq kimi bunu da öyrənməli idi.

***

İntellektual mübahisəyə girmək aşiq olmaq kimidir. Bitəndə dəyişirsən, başqa bir insan olursan. Təbii, qarşındakı adam da dəyişir.

***

Haqlı olmaq arzusu ilə danışanlar əsla dialoq qura bilməzlər.

***

Ateist professor belə dedi:
– Məlum bir ifadəni təkrarlayaraq bitirmək istəyirəm: Din qaranlıqdan qorxanlar üçün uydurulmuş nağıldır.
Bunun cavabında katolik professoru, irland ləhcəsi ilə “r” hərflərinə azca vurğu qoyaraq bildirdi:
– O halda, ateizm də aydınlıqdan qorxanlar üçün uydurulmuş nağıldır.
Bütün başlar Azura tərəf çevrildi. O da şıltaq bir ifadə ilə dedi:
– Mən nağılları sevirəm. Məsləkdaşlarımın hər ikisi də yanılır. Biri inancı yox etmək istəyir, digəri şübhəni. Anlamadıqları şey budur ki, insanın insan olmaq üçün həm inanca, həm şübhəyə ehtiyacı var. Onlar mütləqlik axtarır, mənsə deyirəm ki, mütərəddid olmaq bir bəxşişdir. Mütləqlik solğun zehinlərin əsəridir. Axtarışlar və şübhələr isə zəka göstəricisidir. Bir mütləqlikdən digərinə, bir qətilikdən digərinə sovrulmaq məcburiyyətində deyilik. Üçüncü yol da var! Dilemmadan kənar bir başqa diyar. Orada görüşə bilərik.

***

Mənə qulaq as, Siçan. İki cür kişi var: yıxıb tökənlər və təmir edənlər. Birinci qrupdakılara dəlicəsinə vurulub aşiq oluruq, amma ikinci qrupdakılarla evlənib yuva qururuq.

***

– Tərcümeyi-halını yaz, çalışdığın iş yerlərini qeyd elə.
– Amma heç yerdə işləməmişəm axı.
– Onda uydur! İstanbulda hansısa pizza restoranında ofisiant işləyib-işləmədiyini kim yoxlayacaq ki?
– Yəni deyirsən, yalan söyləyim?
– Ah, sözlər nələrə qadirdir! Elə deyincə qulağa pis gəlir. Tək dediyim budur: xəyal gücündən istifadə et. Bioqrafiyanı makiyaj elə. Hər halda makiyaja qarşı olduğunu da deməyəcəksən.

***

Bu dünyada sevgi və heyranlığa yoluxmuş nifrət qədər qəribə duyğu yoxdur.

***

Lazımsız yerə üzr istəyən insanlar lazımsız yerə təşəkkür etməyə də meyilli olur.

***

Məncə çox üzr istəyən insanlar sadəcə həyatla baş etməyə çalışan qayğılı, narahat insanlardır. Heç kimə zərər verməzlər, özlərindən başqa. Başqalarına ayaq uydurmaq üçün əllərindən gələni edərlər, amma aradakı fərqi ortalıqdan qaldıra bilməyəcəklərini də bilirlər.

***

– Əmin deyiləm. Ümumiyyətlə inanclı insanlar heç nə ilə maraqlanmır. Sorğulayan insanlar da inancsız olur.
– Əmin olmamaq bir nemətdir. Maraq isə müqəddəsdir. Maraqlanmayan insan inkişaf etməz. İnkişaf etməyən insan yerində sayar.

***

Nə qədər təhlükəli olsa da azadlıq həmişə gözəldir.

***

– Osminoq əsrarəngiz varlıqdır, çox ağıllıdır. Sadəcə beynində deyil, bütün bədənində neyronlar var.

– Uzun müddət hamı elə zənn edirdi ki, beyin nə qədər böyükdürsə, onu daşıyan varlıq da bir o qədər ağıllıdır. Nə qədər seksist bir yanaşmadır! Məlumdur ki, kişilərdə qadınlardan daha çox beyin kütləsi var. Elə bilirdilər ki, kişilər daha ağıllıdır. Halbuki bu möhtəşəm osminoq ortaya çıxıb bütün o köhnə nəzəriyyələri alt-üst etdi.

***

Sadəcə sizin kimi düşünən, danışan insanları oxuyursunuzsa, deməli, oxumursunuz.

***

İnsanın həyata keçirə biləcəyi ən yaxşı şey anlamaq məqsədilə öyrənməkdir, çünki anlamaq azadlıq deməkdir. (Spinoza)

***

Pəri ətrafındakı qadınlara göz atdı. Bunlar hakimiyyət qorxusu, ər qorxusu, boşanma qorxusu, “aid olduğum təbəqəmdən enərəm” qorxusu, “yaşayış tərzim pozular” qorxusu, terrorizm qorxusu, qələbəlik qorxusu olan qadınlar idi. Evləri həmişə tərtəmiz, gələcəkdən nə istədikləri ilə bağlı mövzularda kifayət qədər qəti olan qadınlar. Həyatlarının daha erkən dövründə “atanı razı salmaq sənəti”ni başa vurub “əri razı salmaq sənəti”nə keçmişdilər.

***

– Əl çək qızdan, – Mənsur dedi, – Ağlını bulandırma. Dərsləri var.
– Pah dədə, bu oğlan da kifayət qədər təhsillidir, – deyə Selma etiraz etdi, – Universitetə gedir. İndi nişanlanarsız, universiteti bitirəndə evlənərsiz. Səndən nə gedir ki?
– Heç nə! Təkcə azadlığım, gəncliyim, əqli və ruhi sağlamlığım, – Pəri dedi.

***

Mən “Hər şey Tanrıdır” deyirəm. Halbuki siz “Hər şey Tanrınındır” deyirsiniz. O kiçik mənsubiyyət şəkilçisi böyük fərq yaradır.

***

Professorun üzündən sakitləşdirici təbəssüm keçdi:
– Həqiqət o qədər az tapılan bir cövhərdir ki… Onu söyləmək bir zövqdür.
Oturduğu yerdə Pəri misranı xatırladı. Öz-özünə mırıldandır:
– Emili Dikinson.

***

Bertran Rasselin bu sözünü xatırlayın: “İnsan hər hansı bir məsələdə nə qədər az məlumatlı olursa, bir o qədər həssas olur”.

***

Sözlərə güvənməyən bütün insanlar kimi o da danışarkən əllərini çox hərəkət etdirirdi.

***

Filosoflar mühakimə etmir, filosoflar anlamağa çalışır.

***

Bir dəfə məzlum olan həmişə məzlum olacaq.

***

Aramızda özünü kifayət qədər özəl hiss etməyənlər varsa, unutmayın, Dekart da vaxtaşırı özünü belə hiss edirdi.

***

Emili Dikinson və Ömər Xəyyam oxuyan, hər şeyi ciddi qəbul edən qıza… başqalarından daha çox özünü götür-qoy edən, özü özünün ən amansız tənqidçisi olan qıza… hamıdan lazımsız yerə üzr istəyib durarkən, içində Tanrıda üzr gözləyən qıza… Böyük ehtimalla mənim qorxunc bir insan olduğumu düşünürsən, bəlkə də seminarımı tərk etməyi planlaşdırırsan. Əgər indi vaz keçsən, haqqımdakı şübhələrində haqlı olub olmadığını öyrənə bilməyəcəksən. Sırf həqiqəti axtarmaq arzusu belə səni daha inadkar etməyə kifayət etməzmi?
Zarafatlarımı, təzyiqlərimi bağışla, yola davam et, Pəri; özünü tanımaq özünü parçalamağı gözə almaq deməkdir.
Əvvəlcə “mən”i parçalara ayırırıq. Sonra eyni parçalarla yeni, yepyeni bir mənlik inşa edirik. Vaz keçmə!

***

“Heç vaxt eləmərəm” zənn etdiyi bir şeyi risk edib həyata keçirmək insanı necə də yüngülləşdirir.

***

Məşhurlardan sanki dost-tanışlarıymış kimi, dost-tanışlarından sanki məşhurlarmış kimi danışardılar.

***

Evlilik ritualları – həyat yoldaşının valideynləri avtomatik olaraq sənin də anan, atan olurdu. Sanki birinin illərlə topladığı sevgi, hüsran, inciklik, çəkişmələr… hamısı bir gündə və bir imza ilə başqasına köçürülə bilirmiş kimi.

***

Araşdırmadan, oxumadan əzbərə inanmaq, plüralizmin dəyərini başa düşməyib öz fikrini Tanrıya uzanan yeganə, ya da ən üstün yol hesab etmək səhvdir. Mütləqlik isə zəiflikdir. Mütləq ateizm və ya mütləq dindarlıq. Mənim üçün bunların hər ikisi də eyni dərəcədə problemlidir. Məqsədim ateistlərə bir balaca inanc, inanclılara isə bir balaca şübhə aşılamaqdır. Sərhədləri bulandırmaqdır. Kateqoriyaları mühakimə etməkdir.

***

Bu adi məqam deyildi. İnsan məhəbbətə təslim olduğu anı həmişə bilir.

***

Birinə aşiq olmaq onu bütün nöqsanları, sirləri, səhvləri ilə birlikdə kəşf etməyi dəlicəsinə arzulamaq deməkdir.

***

– Yaxşı, dini bir maneə olaraq görmürsən?, – deyə professor soruşdu, – Türkiyənin İran kimi olacağından narahat deyilsən?
– O təhlükə həmişə var. Fanatizm qorxulu şeydir, – Pəri dedi, – Digər tərəfdən, İran yaddaş və ənənə ölkəsidir. Biz türklərsə, unutmaqda ustayıq. Yaddaşsızıq.

***

Nə olursa olsun, xoşbəxt olmaq üçün çalışmaq boyunu daha da uzatmaq üçün çalışmaq qədər əbəs idi.

***

Eyni hadisələri yaşayan ailə fərdləri bu təcrübələrdən tamam fərqli nəticələr çıxarır, eyni xatirələri əslində hər kəs fərqli xatırlayır.

***

Faciə baş verərkən edilən zarafatlar insana özünü kirli, hətta günahkar hiss elətdirirdi, amma eyni zamanda qorxunu dağıdıb, qeyri-müəyyənliyin o dözülməz ağırlığını azaldırdı. Pəri atasını xatırladı. Mənsurun da həmişə dediyi kimi, belə yaralı, qüsurlu ölkədə yumor məlhəmdir.

***

Ekstrasens davam etdi:
– Xalqların çakralarını açmaq üçün bir üsul var…
Pəri araya girərək soruşdu:
– Yoxsa bu üsulun adı demokratiyadır?
Ekstrasens əsəbiləşərək cavab verdi:
– Xanım, mən siyasətə qarışmıram.

***

Daha fərqli həyat qurmaq üçün xarici ölkələrə gedənləri həm alçaldır, həm qısqanır, həm sevmir, həm yad hesab edirdilər.

***

Görəsən insan hansı nöqtədə cinayətə ortaq olurdu? Aktiv şəkildə cinayətin içində iştirak edəndə, yoxsa passiv şəkildə özünü bundan xəbərsizmiş kimi aparanda?

***

– Bu qədər insanın quyruğunu tapdalamadan olmazdı? Niyə hamı ilə yaxşı keçinmirsən?
– Hamı ilə yola getmək üçün hava kimi olmaq lazımdır: rəngsiz, formasız. Mənim fikirlərim, dəyərlərim var. İnandığım şeylər, sevmədiyim şeylər var.

***

Hadisələri olduğu kimi görmürük. Özümüz kimi görürük.

***

Vaxt keçdikcə seçim olmaqdan çıxıb məcburiyyətə, hətta lənətə çevrilən yalnızlıq…

***

Bütün ömrü boyu damla-damla topladığımız qəm-qüssə, kədərə sonradan tək bir insanın səbəb olduğunu zənn etmək necə böyük bir səhvdir. Amma insan beyni özünü aldatmaqda ustadır.

***

Dünyada başqalarının başına gələn fəlakətlərdən həzz alan insanlar var. Başqası ac olduğu üçün qarnının doyduğunu fikirləşmək qədər axmaq bir şey ola bilərmi?

***

Həyat insana ədalətsiz gəlirdi, ancaq ən böyük ədalətsizlik əslində ölüm idi.

***

Qəribədir, amma cəmiyyət tərəfindən haqsız yerə təcrid olunmanın, damğalanmanın insanı azad edən bir cəhəti var idi. Hörmətini, etibarını itirən insan yüngülləşir, bütün rollardan xilas olub istəsə də istəməsə də, özü kimi olurdu.

***

Demək istədiyim odur ki, qoy bu pis həriflər danışmaqlarında olsunlar. Fikirlərə fikirlərlə müqavimət göstərilir. Kitablara daha yaxşı, daha güclü kitabla cavab verilir. Yumorun cavabı yumordur. Nə qədər axmaq olurlarsa olsunlar, insanları veto edib susdura bilmərik. Elə etsək, əsas biz faşistə çevrilərik, başa düşürsən?

***

Sən Tanrıdan üzr istəməsini gözləyirdin, mən isə gizlicə Tanrıdan üzr diləmənin yollarını axtarırdım.

***

Əslində məhəbbət də inanc kimidir. Nəticəni bilmədiyin halda özünü boş verməkdir. Əslində bu dünyada bir çox şey inanc işidir. Kitab yazmaq. Yeni şəhərə yerləşmək. Sonunu bilmədiyin macəralara atılmaq. Hamısı bir növ inanc işidir. Məhəbbət bu duyğunu gücləndirir. Dəli məstlik. Özünün məhdud varlığının kənarında biri ilə bağ qurmanın gözəlliyi. Ancaq insan elə ki özünü məhəbbətə – ya da inanca – həddindən çox həsr edir, hər şey doqmaya çevrilir. Nə məhəbbəti, nə inancı şişirtməmək lazımdır. Heç nəyi bütləşdirmək olmaz.

***

Həyatın forması çevrədir. Çevrəni əmələ gətirən hər bir nöqtə mərkəzdən bərabər uzaqlıqda yerləşir. O mərkəzə istəyirsən Tanrı adını ver, istəyirsən eşq, istəyirsən tamam başqa bir şey.

 

Tərcümə: Lamiyə Göycəyeva

Qiymətləndirin

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook