Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

İvlin Vo “Sevdicik”

Annotasiya

“Sevdicik” (ingiliscə “The Loved One”) – Britaniyalı yazıçı İvlin Vonun qələmə aldığı bu roman XX əsr dünya ədəbiyyatının “qara yumor” janrında yazılan ən məşhur nümunələrindən biri hesab edilir. Tragikomik povestdə Hollivuddakı Britaniya icmasından, kino sənayesindən və Los-Ancelesin dəfn biznesindən bəhs edilir.

 

Karandaşın izi ilə

– Kyerkeqor, Kafka, Konnolli, Kompton Vernet, Satr, “Şotlandiyalı” Uilson. Onlar kimdir? Məqsədləri nədir?
– Bu adlardan bəzilərini eşitmişəm. Yola düşməmişdən əvvəl Londonda onlar haqqında danışırdılar.
– “Şotlandiyalı” Uilson haqqında da?
– Yox, deyəsən, onun haqqında yox.
– Bax, “Şotlandiyalı” Uilson budur. Onun rəsmləridir. Bu rəsmlərdən başa düşdüyünüz nəsə var?
– Yox.
– Elə mənim də.

***

Bir neçə il əvvəl bura rəssam-dekorator vəzifəsi üçün gələn son dərəcə ləyaqətli bir gənc oğlanın başına kədərli hadisə gəlmişdi. Ağıllı oğlan idi, amma burada lap vəhşiləşdi – tikilmə deyil, alınma ayaqqabılar geyinməyə, çiyinbağıları əvəzinə qayış taxmağa, qalstuksuz gəzməyə və yeməkxanalarda yeməyə başladı. Sonra isə inanmayacaqsınız – studiyadan getdi və hansısa italyanla şərikli kiçik bir restoran açdı. Həmin italyan buna fırıldaq gəldi və tezliklə gənc oğlan piştaxtanın arxasına keçib kokteyl qarışdırmağa başladı. Dəhşət. Abunə yolu ilə kriket klubunda pul topladıq ki, onu təzədən İngiltərəyə göndərək, bu əclaf isə getmək istəmədi. Dedi ki, guya burdan xoşu gəlir. Barlou, bu adam bizə düzəlməz pislik etdi. Buna fərarilikdən başqa heç nə demək olmaz. Xoşbəxtlikdən müharibə başladı. O da quzu kimi evinə qayıtdı və Norveçdə öldürüldü. O, günahını təmizlədi. Amma həmişə düşünürəm ki, təmizləniləsi günahın olmaması necə yaxşı şeydir.

***

Sizi uşaq vaxtı “Göyqurşağının sonunda” adlı milad tamaşasına aparmamışdılar? Çox axmaq pyes idi. Orda müqəddəs Georgi və hansısa miçman uçan təyyarə ilə Əjdahanın ölkəsinə düşən itkin uşaqları xilas edirdilər. Onların bu hərəkəti həmişə mənə başqasının həyatına kobud müdaxilə kimi gəlib. Həmin uşaqlar orada çox xoşbəxt idilər. Yadıma gəldiyi qədərilə evdən məktub alan həmin uşaqlar zərfləri açmadan belə ehtiramla salam göndərirdilər. Mənim üçün sizin şeirlər də Kyerkeqor, Kafka və “Şotlandiyalı” Uilson kimi evdən göndərilən məktublardır. Hiddətlənmədən və etiraz etmədən salam yollayıram.

***

– Xidmətlərimizi reklam edən broşürümüz var. Siz hansına üstünlük verirsiniz? Sadə dəfn yoxsa kremasiya?
– Bağışlayın? Başa düşmədim.
– Basdırmaq yoxsa yandırmaq?
– Məncə yandırmaq.
– Müxtəlif urna növlərinin nümayiş olunduğu fotoşəkillərimiz var.
– Ən yaxşısı bizi qane edər.
– Yeri bizim kolumbariyadan almaq istəyirsiniz yoxsa qalıqları öz evinizdə saxlamaq?
– Birinci dediyiniz şey.
– Bəs dini ayinlər? Həvəslə ibadət edəcək pastorumuz var.
– Bilirsiniz, cənab…
– Barlou.
– Deməli belə, cənab Barlou. Mən və arvadım elə də dindar deyilik. Ancaq indi elə bir vəziyyətdəyik ki, təsəlli ilə bağlı hər şey xanım Haynkelin karına gələr.
– Büromuzda birinci dərəcəli dəfn prosesinə bir sıra orijinal prosedurlar daxildir. Meyit alova verildiyi an krematoriyadan mərhumun ruhunun simvolu olan ağ göyərçin azadlığa buraxılır.
– Bəli, – cənab Haynkel dedi. – Məncə ağ göyərçin məsələsi xanım Haynkelin xoşuna gələcək.
– Hər ildönümündə poçt vasitəsilə tamamilə pulsuz şəkildə aşağıdakı məzmunda kart əldə edəcəksiniz: “Sizin balaca Arturunuz bu gün səmada sizi xatırlayır və quyruğunu bulayır”.
– Cənab Barlou, əla ideyadır.
– Belə olduğu təqdirdə, sizə yalnız sifarişi imzalamaq qalır…

***

– Onun da müqaviləsini təzələmədilər.
Bu sözlər hamı üçün acınacaqlı səslənirdi. Bədbəxtlik gətirən sözlər idi. Onları tələffüz edərkən taxtaya vurmaq, ya da barmaqları xaç şəklində tutmaq lazım gəlirdi; Pis sözlər idi. Yaxşı olardı ki, onları heç dilə gətirməyəydin.

***

Başa düşün, ölüm sizin şəxsi faciəniz deyil, bu hər bir insanın aqibətidir. Hamlet necə gözəl yazmışdı: “Bilirsən, əzəldən dünya belədir.
Canlılar öləcək, bax təbiətə,
Hamı bir-bir köçür əbədiyyətə”.*

*Şeirin tərcüməsi: Sabir Mustafa

***

– O çox həyatsevər yaşlı centlmen idi?
– Yox, əksinə.
– Onun üçün nə yazım: sakit fəlsəfi ifadə yoxsa diqqətli qəti?
– Məncə, birinci.

***

Yeni ideyalar nəyinizə lazımdır? Yanacağa az pul xərcləmək, əməkdaşlara az məvacib ödəmək və çox işləmək – mənə lazım olan bütün yeni ideyalar, bax, bunlardır.

***

– Oldu, cənab Şults. Keçi üçün olan kartı neyləyək? Axı ona “səmada quyruğunu bulayır” yaza bilmərik. Keçilər quyruq bulamırlar.
– O biri dünyaya düşəndə bulayır.
– Yenə də yas kartı üçün nəsə düz gəlmir. Keçilər pişiklər kimi mırıldamır, quşlar kimi nəğmə oxumur.
– Çox güman, onlar sadəcə xatırlayır.
Dennis yazdı: “Sizin Billi bu gün səmada sizi xatırlayır”.

***

Kaliforniya eşqbazlığı labirintində ingilis şairləri etibarsız çıxdı. Demək olar ki, hamısı həddindən artıq melanxolik, həddindən artıq nazlı, ya da həddindən artıq tələbkar idi; onlar küfr edir, vədlər verir və təriflər yağdırırdılar. Dennisə isə reklamlardakı çağırışlar kimi şeylər lazım idi: O, Emenin qarşısına özünün yaxud onun üstünlüklərindən ibarət valehedici mənzərəni sərməkdən daha çox, qıza təklif etdiyi sonsuz zövqün rəsmini sərməli idi. Filmlər bu işin öhdəsindən məharətlə gəlirdi, populyar müğənnilər də bu işi bacarırdılar, amma məlum olduğu kimi ingilis şairləri bu işdə usta deyildilər.

***

– Sən indi yaxşı qazanacaqsan. Səncə həftənə yüz dollar verərlər?
– Çətin. Məncə, cənab Coyboydan başqa heç kimə o qədər pul vermirlər.
– Hə, heç olmasa əlli verərlər. Əlli də pis deyil. Onda biz artıq evlənə bilərik.
– Nə dedin?
– Evlənə bilərik, özün fikirləş. Axı əllidən aşağı təklif etməzlər, düzdür?
– Hardan çıxardın ki, mən sənə ərə gedəcəm?
– Əzizim, necə məgər? Axı bir pula görə qalmışdım. İndi sən məni saxlaya biləcəksən, daha heç nə bizə mane ola bilməz.
– İstənilən amerikalı kişi arvad hesabına yaşadığı üçün özünə nifrət edərdi.
– Düzdür. Amma iş orasındadır ki, mən avropalıyam.

***

Bu kişinin ev işlərində anasına kömək etməsi də, fikrimcə, onun üzərinə kölgə salmır. Önlükdə ləyaqətsiz göründüyünü yazırsınız. Heç bir şübhə yoxdur ki, şərtiliklərlə hesablaşmadan başqalarına kömək etmək əsl ləyaqətin ən yüksək təzahürüdür.

***

– Dırnaqlarını yeyən qadından daha bir məktub gəlib. Ona keçən dəfə nə məsləhət görmüşdük?
– Yaxşı şeylər barəsində düşünsün.
– Onda ona yazın ki, düşünməyə davam etsin.

***

– İstəmədən Ceyms qəhrəmanlarının dilemması ilə üz-üzə qaldım. Cənab Şults, sizə Henri Ceymsi oxumaq qismət olubmu?
– Siz ki bilirsiniz, mütaliəyə vaxtım yoxdur.
– Onu heç çox oxumaq da lazım deyil. Bütün əsərləri bir mövzuya həsr olunub – Amerika sadəlövhlüyü və Avropa təcrübəliliyi.
– Düşünür ki, bizi aldada bilər?
– Ceyms özü elə sadəlövh amerikalı olub.
– Vaxtımı özününkülərə quyu qazan alçaqları oxumağa sərf edə bilmərəm.
– Quyu qazmır. Onun əsərlərinin hər biri bu və ya digər dərəcədə faicədir.
– Hə, belə ki, faciələrə də vaxtım yoxdur.

***

– Zəhmət olmasa, deyin görüm, Azad kilsənin keşişi necə olmaq olur?
– Vəhy gəlməlidir.
– Hə, əlbəttə. Bəs vəhy gəldikdən sonra prosedur nədən ibarətdir? Yəni soruşmaq istədiyim odur ki, Azad kilsənin sizi keşiş təyin edən hansısa yepiskopu var?
– Əlbəttə ki, yox. Vəhy gələn şəxslərin insan vasitəçiliyinə ehtiyacı yoxdur.
– Sadəcə günlərin bir günü “Mən Azad kilsənin keşişiyəm” deyib dükanı aça bilərsiniz?
– Böyük xərclər tələb olunur. Yer lazımdır. Banklar, bir qayda olaraq, həvəslə kömək edirlər. Hə bir də, hər kəs radioyayıma ümid edir.
– Cənab Bartolomyu, mənim bir dostuma vəhy gəlib.
– Bilirsiniz, bu işə baş qoşmaqdan öncə mən ona oturub yaxşı-yaxşı götür-qoy etməyini məsləhət görərdim. İlbəil rəqabət daha da güclənir, xüsusilə Los-Ancelesdə. Yeni başlayanların bəziləri heç nəyin qarşısında dayanmırlar, hətta psixiatriya və stolfırlatmalara kimi əl atırlar.
– Bu yaxşı deyil.
– Bu tamamilə ayələr çərçivəsi xaricindədir.
– Dostum dəfn mərasimləri üzrə ixtisaslaşmaq istəyir. Əlaqələri də var.
– Əhəmiyyətsiz şeylərdir, cənab Barlou. Toy və xaç suyuna salma mərasimlərindən daha çox pul qazanmaq olar.
– Dostum bunlarla maraqlanmır. Onun üçün əsas məsələ cəmiyyətdə mövqe sahibi olmaqdır. Demək olarmı ki, Azad kilsəsinin keşişi sosial cəhətdən balzamlayıcıdan aşağı pillədə durmur?
– Şübhəsiz, cənab Barlou. Amerikalının qəlbində kulta xidmət göstərən şəxsə qarşı dərin hörmət yaşayır.

***

Eme reklamların diktəsinə uyğun paltarda və ətirdə dünyanın qarşısında durdu. Onun beynini və bədənini standartlaşdırılmış istehsalın digər məhsullarından fərqləndirmək çətin olardı, amma ruhu… Ruhu başqa diyarlarda dolaşırdı. Və onu burada – müşk qoxulu qərb bağçalarında deyil, dağın təmiz havasında, buludlardan yüksəklərdə yerləşən Ellada aşırımlarında axtarmaq lazım idi.

***

– Son görüşümüzdə biz nişanlı idik və evlənməyə hazırlaşırdıq. Ümid edirəm, məni izahatsız buraxmayacaqsan. Hələlik məni günahlandırdığın yeganə şey ondan ibarətdir ki, ingiliscə yazılmış ən məşhur şeir incilərinin müəllifi mən deyiləm. Bəs onda kimdir? Sənin Qopcopun?
– İstəyirdin elə düşünüm ki, guya həmin şeirləri sən özün yazmısan.
– Eme, mənə qarşı haqsızlıq edirsən. Əslində mən məyus olmalı idim ki, hisslərimə qarşılıq gözlədiyim qız ədəbiyyatın məşhur nümunələri ilə tanış deyil.

***

Sosial təbəqənin ən aşağı pilləsindən başladığı üçün bir kişiyə həqarətlə yanaşmaq… Əzizim, bir amerikalı olaraq bunu ən az sən etməli idin.

***

Los-Ancelesdəki sonuncu axşamında Dennis bəxtinin hələ də gətirdiyini düşünürdü. Başqaları, ondan daha layiqli şəxslər burada “gəmi qəzasına uğrayıb” ölmüşdülər. Sahilə onların sümükləri səpələnmişdi. O isə buradan nəinki talan edilmiş, hətta daha zəngin halda geri dönürdü. O da qəzadan yaxasını qurtara bilməmişdi; çoxdan onu bezdirən şeyi burada qoyub gedirdi – özünün gənc qəlbini. Əvəzində özü ilə rəssam yükü aparırdı. Təcrübələrinin böyük, biçimsiz bir parçasını. Onu evinə, qədim və fərəhsiz sahillərə aparırdı ki, sonradan üstündə inadla və uzun müddət çalışsın. Və bu müddətin uzunluğunu bir allah bilirdi. Bəzən gözünün bir dəqiqəlik açılması üçün bütün həyatın belə az gələ bilər.

 

Tərcümə: Lamiyə Göycəyeva

Qiymətləndirin

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook