Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Marlen Ditrix “Düşüncələrim”

marlen_ditrix_dushuncelerim_kkoAnnotasiya

“Düşüncələrim” (almanca “Nehmt nur mein Leben… : Reflexionen”) – Kino aktrisa, müğənni, yaradıcılığı dünya şöhrəti qazanmış Marlen Ditrix kitabında həyatı, görüşləri, filmləri və dostluq etdiyi yazıçı Heminquet və Remark, aktyor Qaben və Edit Piaf və digər incəsənət nümayəndələrindən danışır.

Karandaşın izi ilə

Royalın dillərinə toxunanda hiss edirsən ki, səslənmə düzdür, xaric deyil. Skripkada ifa edəndə isə həmişə səsin xaric olacağından qorxursan. Royalın səslənməsinin təmizliyi tənzimlənmə dəqiqliyi, alətin köklənməsindən asılıdır, onda ifa edən musiqiçidən yox. Skripkanın səslənmə təmizliyi isə daha çox ifaçıdan asılıdır.

***

Qələbələrimizin sayı getdikcə azalırdı. Müharibə bitsin deyə qələbə lazımdır, biz isə qələbə üçün, sülh üçün, artıq xatırlamadığımız ölülər üçün dua etməli idik. Onlar bizi çoxdan tərk etmişdilər, hələ ölümlərindən qabaq. Həlak olmaqları haqda xəbər heç nəyi dəyişmədi. Zəif qadın ürəyinə rəhm etməkdənsə, həqiqəti demək daha asan idi.

***

Nənəm məni sevgi, nəvaziş və hədiyyələrə bürüyürdü. Faberje mücrülərindəki şəkillərdən tutmuş ağ boynuna sarıdığı açıq-çəhrayı mirvarilər və barmaqlarındakı yaqutlara kimi gözəlliyə məhəbbəti məndə ilk o oyatmışdı.

***

Rejissor Piter Boqdanoviç Marlen Ditrixə danışır ki, Cozef fon Şternberq memuarlarında onun haqda yaxşı sözlər deməyib. Eyham vurub ki, o olmasaydı, Marlen əsl aktrisa olmayacaqdı. Və Ditrix tərəddüd etmədən təsdiq edir: “Bəli, bu həqiqətdir”.

***

Bu kitab konkret heç kimə həsr edilməyib.
O, mənə onlarla görüşün sevincini yaşadığım, məni ekranda və səhnədə sevən, işləməyə və varlığın ötəri sevinclərindən istifadə etməyə imkan yaradaraq həyatımı yüngülləşdirən insanlara həsr edilib. Ola bilsin, onlar bu kitabı oxuyacaqlar. Ola bilsin, mənlə birlikdə güləcək və kədərlənəcəklər.

***

Bununla belə, heç vaxt iştahamı saxlamaq kimi arzum olmayıb. Hərçənd Hollivudun bütün gözəl, qədd-qamətli kraliçaları ilə müqayisədə özüm-özümə dəhşət kök görünürdüm.
İlk növbədə məni narahat edən simam idi. Lakin fon Şternberq əla göründüyümü hesab edirdi, onun gözəllik anlayışına tamamilə cavab verirdim. Ekranda göstərmək istədiyi qadın heç bir halda arıq olmamalı idi, arıq olmaq (ona görə) cazibədar olmamaq demək idi. O, Rubens stilində qadın göstərmək istəyirdi, möhkəm, nikbin, sekslə dolub-daşan, – bir sözlə, bütün normal kişilərin arzuladığı qadın. Beləliklə, öz komplekslərimlə baş-başa qaldım.

***

Kimin ağlına gələrdi ki, fon Şternberqin “əsrin ən böyük kəşfi” kimi təqdim etdiyi gənc aktrisa Amerikada karyerasına öz kameristkası üçün diş həkimi axtarmaqla başlayıb.

***

Mənlə mehriban davranan bir neçə qanqsterlə də tanış idim. Söhbət insan sədaqətindən gedəndə onların qayda və prinsiplərinin bəzən mənimkilərlə üst-üstə düşdüyünü görürdüm.

***

Nyu-Yorka gəldiyim gün boz kostyum geyinmişdim – Avropada belə səyahət etməyə öyrəşmişik. Lakin “Paramaunt”dan olan cənab Blümental dedi ki, məni qarşılayanların qabağına bu kostyumla çıxmaq olmaz, əgər varımdırsa, ən uyğun gələni qara paltar və qısa norka kürk olar. Niyə günün-günorta çağı gecə ziyafətinə gedirmiş kimi geyinməli olduğumu başa düşmədim. Amma tabe olmaq lazım gəldi.

***

Rəngli lentə çəkirsinizsə, hətta həvəskar film olsa belə, kölgə təhlükəli şeydir. Kölgə obyektin rəngini dəyişir. Fotoqrafiya işıq və kölgə üzərində qurulub və buna görə ağ-qara ən uğurlu seçimdir.

***

Bu gün rejissorlar bir səhnəni bir çox rakursdan çəkirlər, lent montajçının əlinə düşəndə o, asanlıqla özü səhnəni qura bilir. Dahilərlə belə deyildi.
Dahilər nə istədiklərini, vəsaitə və vaxta qənaət etmək üçün kadrdaxili montajın olduğunu bilirdilər. Hər şeyi bütün rakurslardan çəkmələrinə ehtiyac yox idi, onlar nəyin nə ilə montaj edilməli olduğunu dəqiq bilirdilər. Ona görə vaxt itirmirdilər. Montajçının əlinə çəkilmiş bir yığın material vermək üçün saatlarla çəkmirdilər.

***

Rəng çox şeyi bəzəyir – zibil yeşiyi belə təmiz və parlaq olur. Rəngli filmdə mavi gözlü aktyorlar həmişə xoşbəxt və şən görünürlər. Ağ-qara variantda çəkilmiş dram hadisəsi rəngliyə nisbətən daha çox təsir qüvvəsinə malikdir. Rəng faciənin düşmənidir.

***

Tamaşaçılar heç nə bilmir. Zalın qaranlığında oturub onlara verilən hər şeyi udurlar, – bu pul kisələrini dolduran böyük bosları tamamilə razı salır.

***

Berlinin təsirli dilini, onun yumorunu sevirəm. Axı almanların yumorla arası yaxşı deyil, biz, daha çox ciddi xalqıq. Lakin Berlin sakini xüsusi yumor hissinə – “edama məhkum yumora” malikdir – Ernest Heminqueyin məndən götürüb ingilis dilinə əlavə etdiyi ifadə.

***

“Sənət yolunda ilk addımlarımı atmağıma, sizin böyük aktyor olmağınıza baxmayaraq, əminəm ki, mən sizdən yaxşıyam, ola bilsin, aktrisa kimi yox, insan kimi!”
Və mən haqlı çıxdım. O xəbis idi, sözün əsl mənasında.

***

Yanniqs mənə nifrət edirdi və xəbərdarlıq edirdi ki, əgər dəli manyak fon Şternberqin göstərişlərinə əməl etsəm, heç vaxt uğur qazanmayacağam. Cavabında ona ən nəzakətli alman dilində “cəhənnəm olmasını” məsləhət gördüm.

***

O məharətlə işıqçılara, fəhlələrə, (nifrət etdiyi) qrim ustalarına, (sevdiyi) statislərə, (dözdüyü) bizlərə, aktyorlara dirijorluq edirdi.

***

Filmi iki variantda – alman və ingilis dilində etdilər. Fon Şternberq məni öz amerikalı arvadı ilə tanış etdi. Və dedi ki, mənim ingilis dilim kifayət qədər yaxşı olmasa, arvadı dublyaj edəcək. Dublyorumun olmasını istəmirdim. Heç təsəvvür də etməzdim ki, kimsə mənim yerimə danışacaq. Ancaq başqa seçimim yox idi. Alman dilində çəkilmiş səhnədən sonra ingilis dilində olan səhnə gəlirdi. İngilis dilini məktəb səviyyəsində bilirdim. O isə əsl amerikalı kimi danışmağımı istəyirdi. Və mən filmdə əsl amerikalı kimi danışdım, bunu mənə o öyrətdi. Arvadının dublyaj etməsinə ehtiyac qalmadı.

***

Məndən yuxarıda dayanana birinci müraciət etməyə heç vaxt cürət etməmişəm. Əvvəl də dediyim kimi, yaxşı tərbiyənin öz mənfi cəhətləri var, ələlxüsus söhbət teatr dünyasında karyeradan gedirsə.

***

Birinci dəfə kostyumlarımızı görəndə, sanki dəfn paltarlarına baxırdım. Və mən onları balaca bənövşə dəstələri ilə canlandırmağı təklif etdim. Bu dəstələrin nə demək olduğunu bilmirdim, sadəcə bənövşələri xoşlayırdım. Lakin Almaniyaya Eduard Burdenin “Əsir”inin gəlişi ilə bənövşələr lesbos başlanğıcın təcəssümü olmağa başladı.

***

Kinoya münasibəti sirkə olan münasibəti kimi idi. Yəqin qorxu ona yuxuda da, ayıq olanda da əzab verirdi. Günahlı həyata uyacağımın qorxusu. Onda bilmirdi ki, belə həyatdan qorunmaq üçün zirehim var. Bu zirehi onun özü yaradıb.

***

Və hərçənd bu gözlənilməz və qəribə görünə bilərdi, öz imkanlarımı teatrda yoxlamaq qərarına gəldim, çünki yalnız orda deyilmiş sözün gözəlliyinə qiymət verilirdi.

***

Tərbiyəm və Hötenin təsiri mənə həyatımın sonunadək sadiq qaldığım əxlaq prinsiplərini verdilər.

***

Bizə uşaqlıq vəd etmişdilər. Adi uşaqlıq. Məktəb, bayramlar və pikniklər, tətillər, qamak və çimərlikli yay, evə gətirə biləcəyimiz dəniz ulduzu. Bizə çox şey vəd edilmişdi. İcrası üçün işləməli olduğumuz planlar qurur və onları həyata keçirmək üçün hər şey edirdik. Gələcəyimiz belə görünürdü. Onun yaxşı və ya pis olması bizdən asılı idi.
Bəs indi? Nə bir plan, nə gələcəyə inam, nə təhsil, çünki müharibə gedir.

***

Heminqueyin “professor” adlandırdıqlarından heç kim insan problemlərini həll edə bilməz – yalnız dolaşıq düşmüşləri daha da dolaşığa sala bilər.

***

O, “bütün güllərin harda” olduğunu bilir: onlar Flandriyanın bataqlıqlarında dəfn edilib, Hirosimada külə çevrilib, Vyetnamda napalmdan kömürləşiblər – və bütün bunlar onun səsində hiss edilir.

***

Bir dəfə Jan Kokto demişdi ki, bəziləri üçün stil asan şeyi söyləməyin mürəkkəb üsuludur, digərləri üçün mürəkkəb şeyi söyləməyin asan üsuludur. Marlen ikinci kateqoriyaya aiddir.

***

Konstantin Paustovski yazırdı ki, insan Parisi görmədən ölə bilər, – ancaq o mütləq öz xəyallarında və röyalarında orda olmuş, ya da oranı görmüşdür.

***

Bu gün nə edirəm? Oxuyuram, oxuyuram və oxuyuram. Demək olar ki, Amerikada nəşr olunan istənilən kitab, yaxşı ya pis, mənə göndərilir.

***

Mavi gözlü aktyorlara tələb çoxaldı, hərçənd göygöz birinin dramatik rolu oynamasını xoşlamırdım. Mənə görə ekranda mavi gözlər “xoşbəxt” gözləri təcəssüm edirdi.

***

Ən çox impressionistləri sevirəm. Sezann mənim tanrımdır.

***

Sadiq dostların varsa, sanki yelkənlərdə uçursan və eyni istiqamətdə əsən külək sənə yoldaşlıq edir.

***

O, kişiliyin idealı idi.
Sonradan onu itirdim. O, qayıdandan sonra onu tərk etdim. Xeyr, o məni tərk etdi. Mən vida öpüşünü böyük məhəbbətlə alan elə həmin dayə idim. Ona bəslədiyim məhəbbət həmişəlik qaldı. O, heç vaxt bunu sübut etməyimi istəmirdi, elə insan deyildi.

***

Deməli, həyatda belə olur: Fon Şternberqlə görüşüm məndə dərin təəssürat yaratmadı. Bəli, gənc və axmaq olanda ilk baxışdan dahiliyi müəyyən edə bilmirik.

***

Onun yaxşı yumor hissi var idi, adətən bu xüsusiyyət varlılarda müşahidə olunmur.

***

O gözəl idi, yəqin buna görə yaxşı xarici görünüşün verə biləcəyi üstünlüklər və çatışmazlıqlar mövzusunu heç vaxt müzakirə etmirdi.

***

Məntiq qanun-qaydalar, nüfuzlu, özü də yalnız təfəkkür sahəsində yox, həmçinin riyazi məsələlərin həllinə yol göstərən fikirlər labirintində sanki bir bələdçidir.
Məntiqə vararaq, mən onu anlayıb sevməyə başlayırdım.

***

Yüksək hərarətlə xəstə yatanda heç nəyi düşünmürsən, müəllimlər səni incitmirlər və yataq sənin qalan olur.

***

Əvvəl də dediyim kimi gündəlik tutmurdum. Belə hallarda yaddaşa bel bağlamaq olmaz. Yəqin həmişə hamıda xatirələr, təəssüratlar tamamilə həqiqətə uyğun gəlmir.

***

Birinci və deyərdim ki, ən əsas qayda borc hissidir. Onun kimi sarsılmaz tələb işə, hətta adi ev işlərinə məhəbbətdir.

***

Pintiliyə görə töhmət edilirdim, ehtiyatsızlıq və başısoyuqluğa görə də.
Anamla hər mübahisəmiz bu sözlərlə qurtarırdı: “Sonra mənə sağ ol deyəcəksən!” Susaraq, içimdə onunla mübahisəni davam etdirirdim. Çünki elə bir vaxt gəlir ki, qanunları təsis edənlər və sənə münasib olmayan şeylərin yerinə yetirilməsini tələb edənlərlə mübahisəyə girəcəyin yaşa çatırsan.

***

Atama oxşadığımı deyirdilər. Bu barədə bəxtimin gətirmədiyini fikirləşirdim. Anam isə bunun yaxşı əlamət olduğunu israr edirdi. Atasına oxşayan uşaqlar xoşbəxt olurlar.

***

Konstruktiv bir şey təklif edə bilmirsənsə, dilini dinc saxla. Xoşuna gəlməyən şeyləri dağıtma. Həyat o vaxt gözəl olacaq ki, sən özün onu gözəl edəcəksən.

***

Mənim kumirim var idi. Hər sözünü diqqətlə oxuyur, hər məsləhətinə əməl edirdim. Ona həyat rəhbərim kimi baxırdım. İndinin özündə də məni Höte müdrikliyi yönləndirir. Ondan aldığım hər şey xeyrimə idi. Onun evi, onun şəhəri sığınacağım olmuşdu. Onun sevdiyi qadınlar isə rəqiblərim.

***

Bundan ziyadə o mənə balaca bir rol təklif etdi. Ona aşiq oldum. Təbii, buna görə yox. Gözəl, hündür, sarışın, ağıllı olduğu üçün aşiq oldum. O gənc bir qızı məftun edə biləcək hər şeyə malik idi.
Çatışmayan bir cəhəti var idi ki, o da gənc qızlarla maraqlanmaması idi.

***

Əhvalat univermaqda baş verirdi. Mahnını endirim vaxtı ehtiyacı olub-olmamasından asılı olmayaraq, nəsə almaq istəyən qadın adından ifa edirdim.

***

Ona oxşar kişilərdə təkəbbür məziyyətdir. Təkəbbürlü qadın dəhşət darıxdırıcıdır.

***

Məni Veymara – Hötenin, səcdəgahımın şəhərinə yolladılar. Məktəb illəri boyunca Höteyə pərəstiş edirdim. Təəccüblü deyil ki, bütün ömrüm boyu onun təsiri altında qaldım, o, mənim kumirim idi. Şəxsiyyətin formalaşdığı dövrdə onun məni və sinif yoldaşlarımı yönləndirən fəlsəfəsi bəlkə həm də ona görə mənə yaxın idi ki, atasız qalmışdım və mənə müdrik rəhbər lazım idi.

***

Bütün cavanlar hesab edirlər ki, onları heç kim anlamır. Bu əsrlər boyu belə olub, bu gənclərin ümumi xəstəliyidir. Yeni bir şey yoxdur. Ancaq inkişafa gəlincə, “böyümə xəstəliyi”nə görə narahatlıq yaşandığı müddətdə poeziyanın təsiri, bəzi hisslərin tərbiyəsi, qəlbin gizli yerlərində səslənən musiqi lazımdır.

***

Biz siyasətlə heç maraqlanmırdıq. Bu gün, yəqin ki, bir çoxu bunu anlamaz. İndi gənclər başdan-ayağa siyasətə batıblar və hakimiyyətin fəaliyyətinə həssaslıqla reaksiya verirlər. Mənim dövrümdə isə, əsasən qızlar, öz evləri, evlilik, uşaqlardan başqa heç nə bilmək istəmirdi.

***

Mənə isə açıq-boz naxışlı don geyindirəcəkdilər. Yoxlamağa gələndə naxışları yalnız donun kürəyində görüb xeyli təəccübləndim. Naxışın nə vaxt hazır olacağı ilə maraqlandım. Cavab verdilər ki, stol ətrafında arxası tamaşaçıya oturduğumdan donun önünə naxış vurmağa ehtiyac yoxdur…
Yalnız ona görə bu əhvalatı xatırladım ki, o hər bir rolumun necə əhəmiyyətsiz və mənim özümün heç kimə lazım olmadığımı anlamağa imkan verir.

***

“Məhəbbətin faciəsi” filmindəki rolum üçün Rudolf Ziber monokl almağı təklif etdi. O vaxtlar bu ədəbsizliyin zirvəsi hesab edilirdi. Buna baxmayaraq, anam atamın uzun müddət saxladığı monoklunu mənə verdi.

***

“Əsas işıq” – yaxın məsafələrdə istifadə olunan əsas işıq mənbəyidir. O hər şey edə bilər – üzü gözəl də edə bilər, onun formasını dəyişə də bilər. Mənim vəziyyətimdə o üz “düzəldirdi”.
O vaxtlar mənim barəmdə çoxlu “doğru” söz-söhbət çıxmışdı, məsələn, belə. Yanaqlarım batıq olsun deyə, guya bütün azı dişlərimi çıxartmışdım. Aktrisalar və məni sevənlər ekranda gördükləri o sirli simanı təqlid edərək yanaqlarını içəri çəkirdilər. Əlbəttə, “Mərakeş” filmində səhrada dikdabanlarda gəzmək xəbərim kimi bütün bu əhvalatlar da yalan idi.
“Mavi mələk”də fon Şternberq üzümü tam işıqlandırmaq üçün projektordan istifadə etdi. Bu rolda “batıq yanaq” yoxdur. Projektor yaxın deyildi, uzaqda idi. Batıq yanaqlar işıq üzə çox yuxarıdan düşəndə alınır.

***

Bir neçə məktəb oturacağından tabut düzəltdik, yağışda bombanın dağıtdığı kilsənin qarşısına qoyduq. Anamı dəfn edirdim. Doğma evlə sonuncu bağım qırılırdı.
Elə hey analarımızı,dostlarımızı, övladlarımızı itiririk. Elə hey itiririk… Bu bizim taleyimizdir. Nə qədər ağlasaq da, itirməli, əzab çəkməliyik. Peşmanlığın dağıdıcı qüvvəsindən heç nə bizi xilas edə bilməz. Əlimizdə bir şey qalır: mümkün qədər daha az təəssüf hissi və göz yaşı olsun deyə övladlarımız və ailəmiz üçün daha çox şey etməliyik.

***

“Məyus olmaq üçün əsaslı səbəbin var?” Dişlərimi bərk sıxdım və başımı buladım. “Əsaslı səbəbin yoxdursa, kədərlənmək günah olardı”. O, almanca danışırdı, ancaq “günah” sözünü fransızca dedi.

***

Aydındır: müharibə ədalətsizdir. Yalan və həqiqət yalnız uşaqların dünyasında dəyişilməz olaraq qalırdı. Sanki onlar üçün qədim, əbədi, sarsılmaz qanunlar qüvvədən düşmürdü. Bu uşaq dünyasının sərhədləri xaricində həqiqət və yalan insan təsəvvürünün dəyişkən və etibarsız məhsulları kimi görünürdü.

***

Müharibə qurtaranda, tanrı geri dönəcəkdi. Buna indi onun bizi tərk etdiyinə əmin olduğum kimi əmin idim.

***

Yerimdə durub düşünürdüm: bədbəxtlik üz verəndə insanların bir-birinə mehriban davranması – həmişə belə olsaydı, əla olardı.

***

Birincisi, ola bilsin, ən əsası vəzifə borcudur. Onun kimi sarsılmaz tələb işə, hətta adi ev işlərinə sevgidir.

***

Qəliz vəziyyətin təməlində emosional münaqişə olanda isə o, ümumiyyətlə, danışmaq və günahkarın kim olması haqda mühakimə yürütməyi qadağan edirdi. “Son həddə çatdırılmış insan, – o deyirdi, – öz üzərində nəzarəti asanlıqla itirir, emosiyaların hakimiyyəti altına düşür”.
Özümə nəzarət etməyi hələ kiçik yaşlarımdan öyrənməli idim. Hisslərinin təsiri altına düşəcək qədər onlara qapılırsansa, onda ətrafdakılar üçün narahatlıq mənbəyinə çevrilirsən, yük olursan. Bu isə tərbiyəsizliyin ən pis təzahürüdür. Anam kimi mən də buna əmin idim. Anam artıq böyük qız olduğum üçün ətəyimin dizimi örtməli olduğu qərarını verəndə, hisslərimi nəzarətdə saxlamaq xasiyyətimin bir parçası olmuşdu.

***

Qaçılmaz şeylər üçün axıtdığınız göz yaşları sirriniz olaraq qalmalıdır.

***

Əlbəttə, məktəb daha əhəmiyyətli şeydir, hərçənd ayaqqabı seçimi də əhəmiyyətli şeydir.

***

Nənəmgilə gedəndə qapının ağzında anam solğun yanaqlarımı elə möhkəm çimdikləyirdi ki, ağrıdan çığırırdım. Anam istəmirdi ki, nənəm solğun olduğuma görə narahat olsun.

***

Həmişə “əleyhinə” olmaq asan işdir, lakin yaradıcı iş deyil.

***

Ana dilini və vətənini itirmək dəhşətli taledir. Öz istəyinizlə onları itirirsinizsə, bu ikiqat ağırdır.

***

Geri qayıdanda gördük ki, karet ilə keçəcəyim meşə yaşıldan ağa çevrilib. Bu qərarı fon Ştenberq vermişdi – və həmişəki kimi, haqlı çıxmışdı. Ağ-qara təsvirdə yaşıl rəngi çəkmək kimi çətin ikinci bir şey yoxdur. Ağaclar və kolların hamısı isə yaşıl idi. Çəkilmiş epizodda hər şey nağılı xatırladırdı, mən – nağıllardakı pərilər kimi ağ geyimdə ağ atların bağlandığı ağ karetdə oturmuşdum. Məni ağ meşədə qarşılayan kişi qara kostyumda idi, qara sombreronun altındakı saçları da qara idi. Ağ və Qara. Bu rəngsiz kino dövrü idi.

***

Gənc ikən hər şeyin öhdəsindən gəlmək xeyli asandır.

***

Ağıllarına gələn yerlərə getməmələri üçün qadınlar maşın sürməməlidir. Çoxu belə hesab edir. Əla ideyadır!

***

“Glamour” sözü heç bir lüğətdə düzgün izah edilmir, hərçənd çoxları bunu etməyə cəhd göstərib. Fikirləşib tapıblar, lakin tərifini dəqiq verə bilməyiblər. Məndən tez-tez bu sözün hansı məna kəsb etdiyini soruşurdular, mən də izah edə bilmirdim.
Ən böyük “Glamour Girl” olaraq Mey Uest birinci yerdə idi, sonra Kerol Lombard gəlirdi və artıq bunlardan sonra Ditrix. Studiya və mətbuat belə hesab edirdi. Hər bir studiyanın “Glamour Girl”ləri var idi.
“Metro-Qoldvin-Mayer”inkilər Cin Herlou,Qreta Qarbo və Coan Krouford idi.
O vaxt “seks-simvol” termini dəbdə deyildi. Bu termin Merilin Monronun gəlişi ilə meydana çıxdı. O dövrlər seks tabu hesab edilirdi. “Biz hər şeyi gözlərimizlə etməliyik”, – Mey Uest deyirdi.

Marlen Ditrix Merilin Monro ilə

Marlen Ditrix Merilin Monro ilə

***

Bugünkü dünyamızda seks çoxlarını maraqlandırır. Başqa nələri var ki? Hamı narazıdır, bu vəziyyətdən çıxış yolunu axtarmaq xəstəliyə çevrilib. Ona görə, bir çoxunun “beyinin yuyulması”na ehtiyacı var, ələlxüsus “psixoanalitikə” bir ətək pul verilən Amerikada. Belə şübhə doğuran yardıma ehtiyacı olanlara yalnız yazığım gəlir.

***

Təyyarələr səmada adımı yazırdı. Bəli, bu şöhrət idi! Ancaq eyni zamanda bu tamaşanı öz əməyi ilə yaradan insanlar haqda da düşünürdüm. Şöhrətim ilk növbədə kino sənayesinə və mətbuata lazım idi. Gecə vaxtı dayanıb göy üzünə tamaşa edirdik və təyyarələrdən çıxan hərfləri oxuyurduq – “Marlen Ditrix”. Göy üzü ulduzlarla dolu idi. Qızım dedi: “Ana, görürsən, ulduzlar adının arxasından baxırlar”.

***

Daha sonra dəb dəyişdi, aktyorlar yenə aydın və səlis danışmağa başladılar. Bu yeni – “çəkmənin ikinci tayını axtarmaq” tərzi meydana çıxanadək davam etdi. Bunu Ceyms Stüart kəşf etmişdi. Məhəbbət səhnəsində çəkiləndə də elə təəssürat yaranırdı ki, sanki Ceyms çəkmənin bir tayını geyinib və ikinci tayını tapa bilmir, axtarış zamanı isə öz mətnini yavaş-yavaş mırıldayır. Bir dəfə ona çəkildiyi səhnələrin məhz yuxarıda təsvir etdiyim kimi göründüyünü dedim. O belə cavab verdi: “Mm?” Yenə öz üslubunda, heç bir yumor hissi olmadan. Bütün ömrü boyu rollarını belə oynadı, məşhur və zəngin oldu. İndi daha “çəkmənin ikinci tayını axtarmağ”a ehtiyac yoxdur.
Hollivudda çəkildiyim filmlərdəki tərəf müqabillərimin parlaq zəka sahibləri deyildilər. Hollivudda ziyalı aktyorların olmadığını söyləmək istəmirəm, lakin, təəssüf ki, belələri nadir halda mənim tərəf müqabilim olurdular.

marlen_ditrix_dusuncelerim_ceyms_stuart

Ceyms Stüart (James Stewart)

***

Xahiş edirəm, həmişə yadda saxla: özün xoşbəxt olmadan sevdiyin insanın bütün istəklərini həyata keçirməklə onu xoşbəxt edə bilməzsən.

***

Ola bilsin, bəzilərinə darıxdırıcı görünürdüm, xoşbəxtlikdən, belə insanlar çevrəmdə uzun müddət qalmırdılar.

***

Çarlz Lauton mükafata layiq filmlərin seçilməsində Akademiyanın istifadə etdiyi qəribə sistem haqda danışanda həmişə gülürdü. Yadımdadır, o deyirdi: “Mənə kor rolu verin. Yalnız gözləri bağlamaq, pillələri yoxlaya-yoxlaya, ehtiyatla pilləkan qalxmaq lazımdır. Mərcə girirəm ki, belə filmdə aktyorun rolunu yaxşı ifa etməsi üçün həmişə pilləkan olacaq və görəcəksən – mükafatların ardı-arası kəsilməyəcək”.

***

Bir dəfə də olsun “Oskar” mükafatına layiq görülməmişəm. Bu nədənsə xəbər verir! Hətta “Oskar”a namizəd olmaq müəyyən ranqa qaldırır.
“Oskar”a zəmanət verən rolların siyahısı: məlum bibliya personajları, keşişlər, korluq, karlıq, lallıq (hamısı birlikdə və ya ayrılıqda), sərxoşluq, dəlilik, şizofreniya və digər ruhi xəstəliklərin və ya günahların qurbanları. Vəziyyət faciəvi olduqca, mükafat almaq ehtimalı da çoxalır. Qəm-qüssəli məxluqların təcəssüm edilməsi çox çətin bir şey kimi qəbul ediləcək. Halbuki bu düzgün deyil. Bu yalnız dramatikdir və belə çıxır ki, təsirlidir.

***

“Metro-Qoldvin-Mayer” studiyası Qreta Qarbonun müsahibə verməsinə qadağa qoymuşdu. Ona paxıllığım tuturdu. Mən isə bəzən cavablandırılması qeyri-mümkün olan axmaq sualları eşitmək məcburiyyətində idim. Məsələn, gəmidən düşən kimi məndən “Amerika xoşunuza gəlirmi?” deyə soruşmuşdular. Mən isə savab vermişdim: “Bura ilk gəlişimdir, hələ Amerikanı tanımıram”. Qəzetlərdəki başlıqlar bərq vururdu: “Xanım Ditrix Amerikanı tanımır”.

***

Bu “öldürmək” nədir axı? Niyə sən əmr ediləndə öldürmək olar? Sizə əmr edilib deyə başqa bir insanın həyatını əlindən alırsınız, hətta buna görə mükafatlandırılırsınız. Sakit həyatınızı, ailənizin həyatını dağıdan insanı öldürəndə isə sizi həbsə atırlar. Qanun belədir. Onu başa düşmək çətindir.

***

Bəziləri diskotekaya getməyə üstünlük verirlər, əlbəttə, əleyhinə deyiləm. Sadəcə düşünərəm ki, hər bir ölkə və hər bir dövr layiq olduğunu alır. Hiss və enerjilərini çıxarmaq üçün diskotekaya getməkdən başqa yol tapmırlarsa, – nə demək olar, qoy olsun! Bu anesteziya çox çəkmir, bu “əsarət” tez sona çatır.
“Get evə və yaxşı kitab oxu” – bugünkü gənclik üçün bu sözlər gülməli səslənir. Ona görə cavanlara belə bir müalicəvi vasitə məsləhət görməyəcəm, lakin böyüyənlərə və ruhunda əsl, həqiqi söz eşitmək sevgisi yarananlara mütaliə etməyi məsləhət görürəm.

***

Məlum olduğu kimi universitetə getmək və heç nə öyrənməmək olur. Əksi də mümkündür. Həmişəki kimi bu yenə fərddən asılıdır. Atı suya gətirmək olar, ancaq onu içməyə məcbur etmək olmaz.

***

Fantastika kimi casuslar haqda kitablar da məni “cəzb etmir”.

***

Xudbin olmaq asan yaşamaq demək deyil.

***

Parisin bu ecazkar gözəlliyini kişi ilə qadın arasında olan məhəbbət kimi izah etmək çətindir. (Alan Lernerin söylədiyi kimi) Fransada, Parisdə qış, bahar, yay və payız ilin ən gözəl mövsümləridir, heç nə onlarla müqayisə oluna bilməz. Dünyanı qayğıları ilə baş-başa buraxıb Parisdə sakitcə yaşamaq olar. Burda hamının dediyi kimi: “Siz vəfat edəndə mələklər sizi yanlarına alacaq”.

***

İtkilər tənhalıq deməkdir. Darıxdığın səsi eşitmək üçün daha dəstəyi qaldıra bilməyəndə qəlbin ağrıyır.

***

Hər gün dönə-dönə kədərin gücü və davamlılığına məəttəl qalıram. Zaman yaralarımın hamısına şəfa deyil. İllər keçsə də çapıqlar da yaralar kimi ağrıyır.

***

Elə günlər və gecələr olur ki, tənhalıqdan daha yaxşı şeyin olduğuna inanmırsan. Amma sonra elə günlər və gecələr gəlir ki, onları təklikdə keçirmək çətin olur. Təklikdən yaxa qurtarmaq olar, tənhalıqdan – yox. Təklik tənhalığa heç nə edə bilməz.
Boş evi doldurduğun kimi boşluğu doldurmaq olar. Ancaq bu evdə olub, həyata məna qatan insanın yoxluğunu heç nə ilə əvəzləmək olmaz.

***

Əmr gözləmək rahaqlıqdır! Uşaqlıqda olduğu kimi anandan, müəllimlərindən… əmr gözləmək… Düzlənmək, marş etmək, durmaq, oxumaq, iki cərgə düzülmək! Qayğılar yoxdur. Yalnız əmrlər. Nəfəs almaq! Nəfəs vermək!..

***

Rayan dedi: “Hello, miss Ditrix, mən Rayan O’Niləm. “Məhəbbət hekayəsi”!” O gülümsədi. “Hə, – Ditrix dedi. – Filmi görməmişəm. Kitabını dəhşət çox sevirəm”.

Rayan O'Nil "Məhəbbət hekayəsi" filminin posterində

Rayan O’Nil “Məhəbbət hekayəsi” filminin posterində

***

Məntiqi nəticə, məntiq qanun-qayda, mötəbər fikirlər labirintində bələdçi idi. Özü də yalnız düşüncə sahəsinə doğru deyil, həmçinin riyazi məsələlərin həllinə doğru yol göstərir. Məntiqə çatmaqla onu dərk etməyə və sevməyə başlayırdım.

***

Qastrollarda çox olmuşam. Olduğum ölkələr və orda gördüklərim haqda danışmaq istərdim.
Rusiyadan başlayacam. Heç bir ölkədə burdakı kimi artistlərin qeydinə qalmırlar. Polşada da vəziyyət belədir, hərçənd burda imkanlar azdır.
Skandinaviya ölkələri – soyuqdur, lakin ürəklər istidir.
İngiltərə – ziyalı zərif təmkinin arxasında böyük istiliyi hiss etmək olur.
Yaponiya – çox qarışıq ölkədir, ən yaxşı vaxtındadır və xoşa gəlməyi çox istəyir.
İtaliya – inam doğurmaq üçün çox temperamentlidir.
İspaniya – hər şey yaxşıdır, bircə təşkilatçılıq sıfırdır.
Meksika – zarafatdan boldur, başdan-ayağa xaosdur.
Avstraliya – yaxşıdır, amma orda əsl pedantlar qalır.
Havay – həm səhnədə, həm səhnədən kənarda əsl istirahət vəziyyəti.
Cənubi Amerika – sözün hər mənasında valeh edir.
Hollandiya – əla, heç bir şikayətim yoxdur.
Belçika – gözəl ölkədir, əsl mütəxəssislər yurdudur.
AFR – orda məhəbbət ilə nifrətin qarşılaşdığım qəribə qarışı olmasaydı, hər şey əla olardı.

***

– Bir yerdə oxumuşdum ki, Uellsin “İblisin toxunuşu” filmində oynadığınız rolu aktyorluq fəaliyyətinizin ən yaxşı rolu hesab edirsiniz. Yenə bu fikirdəsiniz?
– Bəli! Orda xüsusilə yaxşıyam. Bu filmdə son cümləmi yaxşı dediyimdən əminəm: “İnsanlar haqda söylədiklərinizin nə əhəmiyyəti var?” Bu sözləri niyə belə yaxşı dediyimi bilmirəm. Və qara parikdə əla görünürdüm. Bu Elizabet Teylorun pariki idi.

marlen_ditrix_iblisin_toxunusu

Marlen Ditrix “İblisin toxunuşu” filmində

***

Məncə, Marlen Ditrix haqda ən yaxşı sözü Marlen Ditrixin özü deyib. “Haqqımda deyilməsi mümkün olan hər şey artıq deyilib. Xüsusi, heyrətə salan biri deyiləm. Filmə çəkiləndə bir dəfə rejissor mənə demişdi: “Mənə əsl Marleni göstərin!” “Bəs Marlen kimdir?” – ondan soruşdum. O isə cavab verdi: “Bilmirəm”.

***

Reklamda çəkilən böyük aktyor! Başa düşürəm, ona da pul lazımdır, uşaqlarını saxlamalıdır. Bəlkə köhnəfikirli kimi görünə bilərəm, amma şokdayam. Eyni zamanda kral Lir olub, hər hansı məhsulların reklamı ilə məşğul olmaq olmaz.
Bununla belə, Con Ueynin kommersiya filmində çəkildiyini bilirəm. Kovboy paltarında baş ağrı həblərini reklam edir.
Bu vaxta kimi televizorda gördüyüm ən qəribə şeydir. Kovboy şlyapalı, silahlanmış atlı sizə baş ağrı həblərindən danışır… Bu dəhşət qəribədir. Məgər açıq havada baş ağrıya bilər? Bu reklam çarxı, məsələn, (tələbatın olmadığı) yəhər, və ya tər əleyhinə vasitə, ya da maşınlar haqda (“maşınlar atlardan yaxşıdır) deyilərdi) olsaydı bu qədər gülməzdim.

marlen_ditrix_con_ueyn

Con Ueyn (John Wayne)

***

Ser Aleksandr Fleminq! Bu görkəmli şəxs ilə görüşmüşəm və onun haqda təəssüratlarımı bölüşmək istəyirəm.
1949-cu il idi. Londonda Hiçkokun filmində çəkilirdim. Və dostlarım – Mişa Şpolyanski və həyat yoldaşı Fleminqlə görüş təşkil etməyi təklif etdilər. Onunla görüşməyə çox can atdığımı deyə bilmərəm, sadəcə bir dəfə də olsa onu görmək istəyirdim, uzaqdan da olsa olardı.
Dostlarımın tanışı var idi – böyük alim, sarı qızdırmanın müalicəsində öz nailiyyətləri ilə məşhur olan doktor Hindl. Razılığa gəldik ki, o, Fleminqi Şpolyanskilərin evinə yeməyə gətirəcək. Bir şərtlə ki, nahar hazırlığını öz üzərimə götürməliyəm.
Çaşqınlıq içərisində idim. Təcili Nyu-Yorka, Remarka teleqraf göndərdim. Nahara verəcəyim şərabla bağlı onunla məsləhətləşmək istəyirdim. Dərhal cavab verdi. Həyəcanımın səbəbi, mənə deyilənlərə görə, Fleminqin Londonda şərab bilicisi kimi tanınması və “gourmet” olması idi. Asan iş deyil!

Stol arxasında diqqətlə Fleminqə baxırdım. Yeyir və deyəsən, bütün yeməklərə laqeyd idi. Susurdum. Doktor Hindl isə yeməyi yemək ardınca udurdu. Sanki günlərlə ac qalmışdı. Hiss olunurdu ki, yeməkdən, şərabdan, stola gətirdiyim hər xörəyin dadından başı çıxır. Naharın sonunda Remarkın məsləhət gördüyü şərabı açdım… Qəribə də olsa, “gourmet” Fleminq deyil, doktor Hindl çıxdı.
Söhbətin qızğın çağında əlini cibinə atdı, ordan bir paket çıxartdı və mənə uzadaraq bu sözləri dedi: “Bunu sizə gətirmişəm. Məhz sizin üçün ağlıma gələn yeganə hədiyyə bu oldu – penisilinin ilk kulturası”. Hamımız mütəəssir olduq.
Amerikaya qayıdandan sonra Fleminqə həmin dövrdə İngiltərədə tapılmayan ərzaqlar göndərdim. Allaha min şükür, o yenidən evləndi və həyatının son illərini tənha olmadı. Bütün dahi insanların taleyi eynidir – onlar tənhadırlar. İndi hamıya heykəl qoyurlar, hətta pop-müğənnilərə də. Aleksandr Fleminqin heykəlini hələlik görməmişəm. Bəlkə, hardasa var. Bu yaxşı olardı!

Aleksandr Fleminq (Alexander Fleming)

Aleksandr Fleminq (Alexander Fleming)

***

Noel Kouard bir dəfə dedi ki, guya mən həm realist, həm də klounam. Realisti tanıyıram, klounu yox. Hərdən gülməli ola bilirəm.
Yalnız özüm, ya da aydınlaşdırmalı olduğum hallardan söhbət düşəndə bu istedadım üzə çıxır. Ürəyimə toxunan məsələlərə gəldikdə isə “kloun” məni tərk edir. Zərbələr və təhqirlər qarşısında tamamilə acizəm. Hətta bu telefondan adəti üzrə eşitmədiyim səs olsa belə.

***

Kostyumuma və sinəsi açıq köynəyimə baxmayaraq, ispan qadınlarına oxşamamağım, ala gözlü və sarışın olmağım məni narahat edirdi. Lakin ən böyük narahalığı gözlərimə görə yaşayırdım. Bütün ispan qadınlarının qara gözlü, ya da ən azından tünd gözlü olduğunu hesab edirdim.
Saçlarıma vazelin sürtdük, bununla da onlar xeyli tünd görünməyə başladı. Sonralar fon Şternberq mənə axmaq olduğumu dedi. Sən demə, İspaniyanın şimalında sarışın qadınlar da var imiş.
Filmə hazırlıq davam edirdi, onun tikdirdiyi kostyumları geyinib yoxlayırdım, ancaq getdikcə gözlərim dərdimi artırırdı. Və qərara gəldim – mənə məsləhət gördükləri okulistin yanına getdim. O, mənə İçində göz üçün damcılar olan iki şüşə verdi. Birinci şüşədəki damcılar bəbəkləri böyüdürdü və beləliklə, gözlər ekranda tünd görünəcəkdi. İkinci şüşədəki damcılar isə bəbəkləri normal vəziyyətə gətirirdi. Hər iki flakonu nadir xəzinə kimi götürüb, studiyaya gətirdim və hər şeyi qrim edənə başa saldım. Tezliklə hazır idim – (səhnələr bir-birini əvəzlədikcə artan) vazelindən parıldayan qərənfillərlə bəzədilmiş saçlarım, hündür saç düzümüm. Axmaqcasına fikirləşirdim ki, indi həqiqətən ispanlara oxşayırdım. Bircə gözlərimi çıxmaq şərtilə, – düzü, onların da öhdəsindən necə gələcəyimis artıq bilirdim.
“Niyə qara göz istədiyini deməmisən?” Cavab verməyə söz tapmadım. “Qara göz istəyirsən?” Başımı tərpətdim. Şternberq dedi: “Yaxşı, sən deyən kimi olsun, qara gözlərin olacaq, ancaq bir də əvvəlcə məndən soruşmamış, bu aptek zir-zibili ilə gəlmə”.
Bu gün hamı əmin ola bilər ki, o, yalnız işıqlandırma vasitəsilə gözlərimi tündləşdirə bilmişdi.

***

Qəribə prosedur idi! Filmə baxmamışdan qabaq tamaşaçılara kart paylayırdılar – hamı həmin karta film haqda fikirlərini yazmalı idi; sonra bu kartlar studiyaya təhvil verilirdi. Təsadüfi tamaşaçıdan tənqidçi kimi çıxış etməsi xahiş edilirsə, onun çoxsaylı çatışmazlıq tapmaq üçün dəridən qabıqdan çıxacağını başa düşmək üçün psixoloq olmaq lazım deyil.
Ancaq studiyada bu kartlar diqqətlə öyrənilirdi, sonra iradlar filmin rejissoruna bildirilirdi və müvafiq düzəlişlərin edilməsi təklif olunurdu. Tanıdığım bir neçə rejissor bu kartları tualetə atmışdı.

***

Beləliklə, saçlarım həmişə mənim “Vaterlo”m olub.
Nə burulur, nə düzəlirdilər, “əfsanəvi” simanı bəzəyən saç düzümünü isə heç xəyal belə edə bilməzdim.

***

Amerikalılar hələ də oyun oynamağa davam edirlər. Beysbol, yaxud Amerika futbolundan asılı bir xalq təsəvvür edə bilirsiniz? Sanki bütün həyatları bu nəticələrdən asılıdır. Qısacası, onlar oyunları sevirlər. Bu sevgi həyatlarına və dərrakələrinə haqq qazandırmağa xidmət edir.

***

Con Ueyn mənə etiraf etdi ki, heç vaxt kitab oxumayıb. Sonralar yaxşı pul qazanmağa başladı. Kino ulduzu olmaq üçün ağılın mütləq olmamasına aid daha bir sübut.

***

Qastrollar zamanı kostyumlarımı özüm düzəldirdim. Sapları Fransadan alırdım (başqa heç yerdə onları bu qədər nazik edə bilmirlər). Hərdən Elizabet mənə paltar tikəndə saçlarımdan da istifadə edirdi.

***

Budur yenidən Antib şəhərciyindəyik – ərim, qızım, Remark, fon Şternberq – kiçik dost çevrəsi.
Kennedi ailəsi də bizimlə idi. Qızım Mariya gənc Cek Kennedi ilə qonşu adaya üzürdü.
İki stolumuz olurdu, birində cavanlar, digərində biz, valideynlər otururduq. Hərdən yerlərimizi dəyişirdik və Cek Kennedi məni rəqs etməyə çağırırdı. Kennedi ailəsinin bütün uşaqlarını çox istəyirdim və indiyə kimi çox istəyirəm.

***

Orkestrdə əvvəlcə təkcə gitara başlayırdı, daha sonra digər alətlər qoşulurdu, sonuncu nəqarətdən sonra yenə təkcə gitara səslənirdi. Əla idi. Bakarakaya heyranlığımı bildirəndə o, gülümsündü və dedi ki, belə bir şey Bethovenin də ağlına gəlibmiş, özü də ondan qat-qat qabaq.

***

Və o zaman işıqlandırmanın müxtəlif variantlarını sınaqdan çıxarmağa başladılar: üstdən, altdan, yandan, ancaq ən çox kontrajur. Belə işıqlandırma üsulu dəbdə idi, həmin dövrün fotoşəkilləri bunu sübut edir. Lakin bunun da öz mənfiləri var idi.
İşıq mənbəyi aktyorun arxasında olduğundan o, başını çevirə bilməzdi, çünki bu zaman işıq onun burnunun ucuna düşə bilərdi. Ona görə bu işıqlandırma ilə lentə alınan səhnələrin çoxu gərgin və quru görünürdü. Danışanda yalnız bir nöqtəyə baxırdıq, bir-birimizin gözünə baxmırdıq. Məhəbbət səhnələri də istisna deyildi.
Arxadan istiqamətləndirilən işıq vasitəsilə halələrimizlə gözəl görünürdük, ancaq maneken olaraq qalırdıq. Əlbəttə, hər şeyin günahını bizd aktyorlarda görürdülər. Hətta mənim haqda belə deyirdilər: “O, heç vaxt yerindən tərpənməyəcək”. Qımıldamaq və tərəf müqabilimə baxmaq üçün kiçik bir cəhd elədikdə belə operator yanıma qaçır və belə bir şeyi etməməyimi istəyirdi. Tabe olurdum, çünki həmişə başqalarının problemlərinə hörmətlə yanaşmışam.

***

Pomonda həmin gecə tamaşaçıların niyə zalı tərk etməsi sonralar məlum oldu. Bunun iki səbəbi var idi. Birincisi, Qari Kuper elə bir aktyor idi ki, ondan vestern gözləyirdilər. O, öz tamaşaçı kütləsini peşman etmişdi, çünki adəti üzrə at üstündə deyildi. İkinci səbəb bundan ibarət idi ki, axşamlar soyuq olduğundan Pomon sakinləri portağal ağaclarına istilik verən sobalarını vaxtında yandırmağa tələsirdilər. Pomon tamaşaçı kütləsinin “bədii” zövqü haqda yalnız bunları demək olar.

***

Qatarımız Varşavaya gecəyarı yola düşürdü. Sibulski çarpayılı yerlərimizin olmağı üçün dəridən qabıqdan çıxmışdı. Çox kədərli vidalaşdı və söz verdi ki, çəkilişlər bitər-bitməz yenidən bizimlə görüşəcək. Lakin dəhşətli, düzəldilməsi qeyri-mümkün olan bir şey baş verdi. Sibulski filmi bitirən kimi mənim də gəldiyim gecə qatarına çatmaq istəyib. Gecikib və qatar stansiyadan uzaqlaşanda vaqona tullanmaq istəyib, təkərin altına düşüb həlak olmuşdu.

***

Riçard Berton – bu insan nəinki böyük artist, həmçinin ürəyinizin daha tez döyünməsinə səbəb olacaq kişidir. O fövqəl cazibədardır; yəqin, xüsusilə Berton üçün “xarizma” sözü kəşf edilib. Həmişə ona məftun olmuşam, lakin təəssüflər olsun ki, onunla tanış olanda o, artıq başqa qadını sevirdi.

marlen_ditrix_ricard_borton_elizabet_teylor

Riçard Berton (Richard Burton) həyat yoldaşı Elizabet Teylor (Elizabeth Taylor) ilə

***

Uellsin elə ilk filmi, “Vətəndaş Keyn” (1941) dünya kinematoqrafiyasında yeni dövr oldu, lakin Uellsin Hollivud standartlarına uyğunlaşmaq istəməməsi ona gətirib çıxartdı ki, II Dünya Müharibəsindən sonra onun aktyorluq və rejissorluq fəaliyyətinin böyük bir hissəsi əsasən Avropada inkişaf etdi.

“İblisin toxunuşu” filmində yenidən Orson Uells ilə işləmək şərəfinə layiq görüldüm. “Yuniversal” studiyası filmin çəkilişi üçün ona bir neçə istifadə edilmiş dekorasiyalar təklif etdi, ancaq səhnələşdirilmə üçün pul vermədi. Uellsin aldığı isə sadəcə sədəqə idi. Bax elə o zaman o, dostlarından xahiş etdi ki, çox kiçik bir qonorara çəkilsinlər. Mersedes Makkembric, mən və başqalarından. Bu studiyanın rüsvayçılığı idi.
Bu gün bütün dünyada “İblisin toxunuşu” klassika hesab edilir. Lakin o vaxt filmi ciddi qəbul etmir, ona qara yaxırdılar. 1958-ci il idi.
Uzun illər sonra bir vaxtlar Hollivuddan qovulan Uellsə “Oskar” veriləndə bu mənzərəyə baxa bilmədim. Bu riyakarları partlatmaq üçün böyük məmnuniyyətlə ora bomba qoyardım.

Uells həmçinin Hollivudda böyük, ağır və statik kameranı əl kamerasına dəyişən ilk adam olub.

marlen_ditrix_vetendash_keyn

Orson Uells (Orson Welles) “Vətəndaş Keyn” filmində

***

Heyf ki, batareyalarımızın nə vaxt qurtaracağını göstərən alətimiz yoxdur. Qəfildən, tamamilə gözlənilmədən biz boş və əzginik. İstedadı ilə tanınan, bizi xoşbəxt edən insan kimi heç nə itirilən enerjimizi belə tez və effektiv qaytara bilməz.

***

Tualet təmizləyəndən rejissora kimi hamıya təşəkkür etmək üçün hissiyyatsız səhnəyə qalxan aktrisalar görmüşəm. Bizdə bu sözləri deyə biləcək aktyorlar yoxdur: “Bunu tək mən yaratmışam, minnətdar olduğum insanlar yoxdur. Bu mükafatı özüm qazanmışam!” Sonra isə heç kimə təşəkkür etmədən, heç kimi öpmədən, göz yaşı tökmədən hamının gözü qarşısında “Oskar”dan imtina etmək. Əla olardı!

***

Orada Qaben Mərakeşə yola düşən esminesə minməli idi. Vidalaşarkən məktəbdəki uşaqlar kimi əbədi dost qalacağımıza dair and içdik. Sahildə dayanmışdım, özümü tənha, pərişan uşaq kimi hiss edirdim. Mərakeş yolunda esmines nasistlərin sualtı qayığı ilə batırılmışdı. Möcüzə sayəsində Qaben sağ qalmışdı və sonralar Kasablankada olduğunu öyrənmişdim.

***

Qiyməti nə olursa olsun, tələb etdiyi fədakarlıqlardan asılı olmayaraq, dostluğun qaydalarını yerinə yetirmək kimi müqəddəs borc olmadan dostluq ola bilməz.

***

Ernest Heminquey

Zala daxil olan kimi stol arxasında on iki nəfərin oturduğunu gördüm. Dedim: “Xahiş edirəm bağışlayın, ancaq mən sizinlə otura bilmərəm – onda on üç nəfər olacağıq, mən isə mövhumatçıyam”. Heç kim tərpənmədi. Birdən qarşıma nəhəng bir fiqur çıxdı: “Xahiş edirəm oturun, mən də on dördüncü olaram!” Diqqətlə bu böyük adama baxaraq soruşdum” “Siz kimsiniz?” İndi görürsünüz, necə axmaq olmuşam…

Bu böyük insana heyranranlığımı, ona sədaqətimi və yumor hissinə valeh olduğumu izah etmək üçün məktublarından bir neçə sitat gətirirəm. “Sənin və mənim kimi ehtiyatsız insanlar üçün ehtiyatlı olmaq lazım deyil”. “Bu məktub İsveçrə və Lixtenşteyndən də darıxdırıcı olmağa başladı”. “Ürəyimin döyündüyünü unutduğum kimi səni də hərdən unuduram”.

O mənim haqda deyirdi: “Marlen ədəbiyyatı sevir, o, işini bilən və vicdanlı tənqidçidir. Gözəlliyindən əmin olduğum bir şeyi yazanda xoşbəxt oluram. O oxuyur və onun da xoşuna gəlir. Ona görə ki, nədən – insanlardan, ölkələrdən, həyatdan, ölümdən, əxlaq və vicdan məsələlərindən – yazdığımı bilir. Bir çox tənqidçinin mühakimələrindənsə, onun fikirləri ilə hesablaşmağı üstün tuturam. Belə ki, o məhəbbətin nə olduğunu bilir, sevginin nə vaxt olduğunu, nə vaxt olmadığını bilir, verilmiş məsələdə professorlardan daha çox ona qulaq asıram”.

Nə vaxtsa atasını, ya da qardaşını itirən hər kəs onun ölümünün necə ağır olduğunu başa düşər. Böyük ağrı qəlbini tərk etməyənədək faktı qəbul etmirsən, sonra isə yaşayırsan və sənə elə gəlir ki, o, harasa gedib, hərçənd artıq onun heç vaxt qayıtmayacağını bilirsən.

Lazımsız sifətlərdən istifadə etməməyi ondan öyrənmişəm. İmkan daxilində, indiyə kimi onlardan istifadə etmirəm. Alınmasa, sonradan sifətləri qaçaqmalçılıqla daxil edirəm. Qalan hər şeydə onun qaydalarına əməl edirəm.

Marlen Ditrix və Ernest Heminquey

Marlen Ditrix və Ernest Heminquey

***

Amerika cərrahları ən yaxşı cərrah hesab edilirlər. Ancaq onlar diaqnoz qoymaqda acizdirlər, yalnız kəsdikdən və içəriyə baxdıqdan sonra xəstəliyin xarakteri haqda bilirlər. Avropada diaqnoz mükəmməldir. Düzdür, burada da ölüm halları olur, lakin Amerika ilə müqayisədə burda daha qısa müddətə və ləyaqətlə ölürlər. Amerika ölmək üçün ən yaxşı yer deyil. Ölülərə torpaq və dəbdəbəli yas mərasimləri qalır. Bununla da hər şey bitir.

***

Yanaşı üzən gecə gəmiləri kimi bir neçə yaxşı kişi ilə yollarımız ayrılıb. Limanda dayanan gəmi olsaydım, mənə duyduqları sevginin daha uzun çəkəcəyindən əmin idim.

***

Erix Mariya Remark

Remark çox nəzakətli, tez küsən, həssas qəlbə və həmişə şübhələndiyi zərif istedada malik insan idi. Onunla həmyerli idik. Eyni dildə danışırdıq. Və bu dili sevirdik. Doğma dil böyük qüvvədir!
İlk dəfə onunla Venesiyada, Lidoda rastlaşmışıq. Ora fon Şternberqin yanına getmişdim.
Səhəri gün Remarkı çimərlikdə gördüm. Ora günəş altında qaralmağa və sevimli Rilkemi oxumağa getmişdim. Remark mənə yaxınlaşdı, kitaba baxdı və istehza ilə soruşdu: “Görürəm, yaxşı kitablar oxuyursunuz!” “Sizə burdan şeir oxumağımı istəyirsinizmi?” – deyə təklif etdim. Şübhə ilə mənə baxdı. Kitab oxuyan kinoaktrisa?!

Ətrafımda həmişə şərabdan başı çıxan kişilər olub. Axı naharları həmişə onlar sifariş ediblər. Remark hər ölkənin şərabını bilirdi, etiketə baxmadan adını, istehsal tarixini deyə bilirdi. O, böyük çətinliklə yazırdı, hərdən bir cümləyə saatlar sərf edirdi. Bütün həyatı boyu “Qərb cəbhəsində dəyişiklik yoxdur” adlı kitabının fenomenal uğurunun ağırlığı altında əzilib. Və əmin idi ki, belə bir uğuru nəinki keçmək, heç təkrarlamaq olmayacaq. O, kədərli və tez inciyən adam idi.

Növbəti il həmin bu maşında Remark qaçqınlarla dolu yol ilə qızımı Parisə gətirə bilmişdi.

Ölümündən bir az əvvəl qızımla onunla telefonda danışırdıq. Mənə deyirdilər ki, ölüm onu qorxudur. Başa düşürəm. Ölümdən qorxmaq üçün böyük fantaziyan olmalıdır. Fantaziyası onun gücü idi.

Marlen Ditrix və Erix Mariya Remark

Marlen Ditrix və Erix Mariya Remark

***

Cavan olanda Knut Hamsundan zövq alırdım. İndiyə kimi “Viktoriya”, “Aclıq”, “Dairə qapanır” əsərlərindən bütöv fəsilləri əzbər bilirəm. Mənə elə gəlirdi ki, ilk dəfə Höteyə xəyanət etmişəm. Amma Hamsunun nasizm tərəfdarı olması məni məyus etdi. O vaxta kimi böyümüşdüm və artıq zərbələrin öhdəsindən məharətlə gəlirdim.

***

Və birdən pilləkənlə Paustovski qalxdı. Onun gəlişi məni o qədər sarsıtmışdı ki, rusca bir kəlmə söyləyə bilmədiyimdəm, ona heyranlığımı bildirmək üçün qarşısında diz çökməkdən başqa yol tapmadım.

Marlen Ditrix konsertində Paustovski önündə diz çökür.

Marlen Ditrix konsertində Paustovski önündə diz çökür.

***

Müasir lirikanı başa düşmürəm. Bəlkə onun gizli mənasını anlamaq üçün çox köhnəfikirliyəm. Rilkedən sonra çətin ki, hansısa poetik əsər qəlbimdə dərin iz buraxsın.

***

Yəqin ki, sevimli yazıçılarımın belə az olması qəribədir: Höte, Rilke, Hamsun, Heminquey, Remark və sonuncu kəşfim – Paustovski. Bura heyran olduğum Böllü də aid etmək olar. Amma o, digərləri kimi məni yüksəklərə qaldırmır. Yazı üslubu gözəl və ehtiyatlıdır. Onu qiymətləndirirəm, çünki o, bir vaxtlar alman dilinin malik olduğu gözəlliyi geri qaytarır.

***

Seksual təsvirlərə nifrət edirəm. Məncə, bu pis ədəbiyyatdır. Böyük yazıçılar heç vaxt belə şeylərə əl atmayıblar. Qəti şəkildə bu seksual zir-zibilə qarşıyam, ancaq “bu satılır”. Belə “yazıçılar” üçün əsas pul qazanmaqdır, gələcək nəsillər qarşısında necə görünəcəkləri onları az narahat edir. Zavallı yazıçılar. Bir və ya iki kitabdan sonra bitirlər. Quyu quruyur. Hələ bilmək olmaz, quyuda ümumiyyətlə su olub, ya yox.

***

Çoxlu miqdarda aspirindən ölmək olar, çoxlu mmiqdarda alkoqoldan, çoxlu miqdarda yuxugətirici dərmanlardan da – qısacası, istənilən şey çox olanda.

***

“Bilirik ki, allah əvvəlcə ağacları, quşları, arıları, sonra balıqların üzməsi üçün dənizləri yaradıb. Lakin hamıya məlumdur ki, ona ən böyük sevinci qadını yaratması gətirib. Həvva Adəmə “daha mənə “madam” demə!” söylədiyi zaman dünya dəyişdi…

***

Heykəltəraş Alberto Cakometti bir dəfə it şəkli çəkmiş və sonra ona əsasən heykəl düzəltmişdi. Nyu-Yorkun Müasir İncəsənət Muzeyində sərgiyə qoymuşdu. Gözlərimi bu itdən ayıra bilmirdim. İtləri sevdiyimi deyə bilmərəm. Ancaq bu itə sadəcə aşiq olmuşdum.

O, mənə “Qız” adlandırdığı gözəl bir qadın fiquru hədiyyə etmişdi. Hədiyyəsini qəzetə bükəndə demişdi: “Bunu özünüzlə Amerikaya aparın və övladınıza verin”. Elə də elədim.

Alberto Cakomettinin "İt" heykəli

Alberto Cakomettinin “İt” heykəli

***

Edit Piaf

Edit Piafın həyatını puç etmək qabiliyyəti məni dəhşətə gətirirdi. Özünü saxlaya bilmirdi, özünü sərf etməli, axıra qədər sərf etməli idi.

Mənim üçün o “sərçə” olaraq qalırdı – axı onu belə adlandırırdılar, lakin o həm də sevgi yanğısı və “çirkinliyinə” (o belə hesab edirdi) görə natamamlıq hissini əvəzlədiyi təəssüratlarına görə İezavel idi. Bəlkə də məni sevirdi. Dostluğun nə olduğunu, çox güman ki, başa düşürdü, amma bütün qəlbi ilə yox. Onun heç vaxt diqqətini dostluqda cəmləməyə zamanı olmayıb. Çünki özünü həddindən artıq israf edirdi.

Bir müddət keçdikdən sonra ərə gedəcəyini xəbər elədi. Buna da tab gətirdim. Mərasim Nyu-York kilsəsində keçirilməli idi. Mənim şahid olmağımı istəyirdi, katolik olmadığımdam istisna bir hal kimi, mənə icazə verilməsinin qeydinə qalmışdı.
Mərasim günü geyiminə kömək etmək üçün tezdən yanına getdim. Onu çılpaq halda yatağında tapdım. Adət belə idi. O inanırdı ki, belə eləsə, yeni ailə quran cütlük xoşbəxt olacaq. Hədiyyə etdiyim zümrüd rəngli, kiçik xaçı taxdı.

Marlen Ditrix və Edit Piaf

Marlen Ditrix və Edit Piaf

***

Dahilərlə ünsiyyət qurmaq asan deyil və təbii ki, dahilər bunu bilmir. Axı elə buna görə onlar dahidirlər.

***

Kinoya rəngin gəlişi ilə hər şey dəyişdi. Studiya Kalmus adlı qadın hökmralıq edirdi. O, rəngli lent emalının (“Teknikolor” sistemi üzrə) rəhbəri idi. Xanım Kalmus rəngin ekrana ötürülməsinə, belə bir imkanın olduğuna görə qürur duyurdu, lakin yalnız parlaq rəngləri, ilk növbədə qırmızını qəbul edirdi. Səssiz kinonun sükutuna səs soxulanda da eyni şey baş vermişdi, personajlar dayanmadan danışmağa başlamışdılar.

***

“Brandt” kinoteatrlarının sahibi bütün Amerika qəzetlərinə bəyanat verdi: “Aşağıdakı aktyor və aktrisalar kassa zəhərləridir”. Sonra qalın şrift ilə bizim soyadlarımız gəlirdi: Qarbo, Hepbern, Krouford, Ditrix və s. İndi mən bu adamın belə bir bəyanat verməsinə nələrin səbəb olduğunu izah etməliyəm.
Tutaq ki, Qarbonun çəkildiyi filmi almaq istəyən hər kəs eyni zamanda bu kinostudiyanın altı orta (və hətta açıq-aşkar pis) filmlərini əldə etməli idi. Ditrixin filmini almaq istəyənlər altı orta səviyyəli filmləri almaq məcburiyyətində idi və s.

***

Maliyyə nazirliyi və banklar arasında razılaşma var idi – günün istənilən vaxtı mənim əldə etdiyim çeklərin kredit qabiliyyəti haqqında məlumat vermək. Bu çeklərin yoxlandığı müddətdə mən qonaqların dizləri üstündə oturub onları restoranda saxlamalı idim. Mühafizəçilərimdən biri gəlib başının hərəkətilə hər şeyin qaydasında olduğunu deməyənədək bu belə davam edirdi.
Bir dəfə belə gecələrin birində məni Ağ Evə çağırdılar. Ora girəndə saat gecə saat ikini göstərirdi. Nazirlikdən məni müşayiət edənlər maşında qalmışdılar. Otağa girəndə prezident Ruzvelt ayağa qalxdı – bəli, əlbəttə, o ayağa qalxdı. Kreslosuna oturdu, açıq mavi gözləri ilə mənə baxıb dedi: “İstiqrazları satmaq üçün nələr etdiyinizi bilirəm. Buna görə sizə minnətdarıq. Lakin bu üsulla satış fahişəliklə nəticələnir. Bundan sonra belə yerlərdə görünməyəcəksiniz. Mən sizə icazə vermirəm. Bu əmrdir!” “Bəli, cənab prezident!”, – yalnız elə bunları deyə bildim.

***

Uzun məhəbbət səhnəsini oynayırdıq. Kamera çəkməyə başladı və birdən Buaye məni öpmək üçün əyildikdə pariki tərpəndi və altına yığılmış tər şırıltı ilə mənim üzümə töküldü. Mərəkə qopdu. Qrim və parik ustaları bir-birilərinə dəyə-dəyə Buayeyə doğru atıldılar, günəş isə getdikcə saraltmağa başlayırdı. Operator bağırdı: “Bu günlük bu qədər!”
Bunlar tez-tez təkrarlanmağa başladıqda Selznik bütün komandaya Hollivuda qayıtmaq əmri verdi. Studiyanın böyük zallarında səhra yaratdılar. Sakit okean sahillərindən vaqonlarla qum gətirirdilər, yüngül külək yaratmaq üçün böyük maşınlar quraşdırırdılar.
Pullar, sözün əsl mənasında, küləyə sovrulurdu.
Nəhayət əvvəl alınmayan səhnələr də daxil olmaqla çəkilişlərə başladılar. Çəkilmiş səhnələrə ekranda baxanda məlum oldu ki, qumun rəngi təbii çıxmayıb. Hamı bu fikirdə idi.
Sakit okean qumunun rəngi Arizona qumundan fərqlənirdi. Yenə evlərimizə dağılışdıq. İndi də təbii görünməyən qumu yığışdırıb Arizonadan “əsl” qumu gətirdilər. Heç kim Selznik kimi mükəmməlliyə can atmırdı. Elə hey ssenaridə dəyişiklik edirdi və yenə də filmi xilas edə bilmədi. Ancaq film(“Allahın bağçası”/”The Garden of Allah”) indiyədək rəngli kinonun erkən dövrünün ən yaxşı nümunələrindən biri olaraq qalır. Təəssüf ki, bundan o yana gedə bilmədi.

marlen_ditrix_boyl_the_garden_of_allah

Marlen Ditrix Çarlz Buaye (Charles Boyer) ilə “Allahın bağçası” filmində

***

Tresi Spenser özünü yaxşı hiss etmirdi və onun istəyi ilə səhər doqquzdan günortata kimi və sonra ikidən üçə kimi işləyirdik. O, tənha insan təəssüratı bağışlayırdı. Həqiqətən belə olub-olmadığını bilmirdim. Mənə elə gəlirdi ki, Ketrin Hepbernin yanında heç kim özünü tənha hiss edə bilməz. Və bununla belə o, çox tənha görünürdü.

Treysi Spenser (Tracy Spencer) və həyat yoldaşı Ketrin Höpbern (Katharine Hepburn)

Treysi Spenser (Tracy Spencer) və həyat yoldaşı Ketrin Höpbern (Katharine Hepburn)

***

Ernest dedi ki, “balaca Veneraya” rast gəlib və birinci cəhdi rədd cavabı ilə nəticələnsə də, heç nəyə baxmayaraq onu əldə etmək istəyir. Bu işdə ona kömək etməliyəm. Kişiləri niyə digər qadınlar deyil, məhz bu qadının cəlb etməsini izah etmək qeyri-mümkündür. Meri Velş gözə çarpayan, adi qadın idi. İndi başa düşürəm ki, ona elədiyim kömək heç də yaxşı olmayıb, ancaq onda onun istəyini yerinə yetirirdim. Merinin Ernesti sevmədiyinə əmin idim, lakin itiriləsi heç nəyi yox idi. İstəyimə rəğmən, öz missiyasımın icrasına başladım – Meri ilə danışdım. Qəti surətdə dedi: “Mən onu istəmirəm”.
Onu yola gətirməyə çalışır, Heminqueyin məziyyətlərini dilə gətirir və onun yanında Merini necə bir həyatın gözlədiyindən danışırdım. Mən – səlahiyyətli səfir – ona evlilik təklifi edirdim. Günortaya yaxın bir az yumşaldı. “Rits” mehmanxanasında nahar vaxtı qızların daha tez güzəştə gedən vaxtlarıdır. Bu siyahıda Meri Velş, “balaca Venera” da var idi. O, mənə dedi ki, təklifi hərtərəfli götür-qoy edib.
Axşam düşəndə Meri işıq saçan təbəssümü ilə gəldi və Heminqueyin təklifini qəbul etdiyini dedi. Bu hadisənin yeganə şahidi mən idim. Ömrümdə heç vaxt Ernestdən daha xoşbəxt adam görməmişdim. Sanki parlaq şüalar ətrafdakıları da xoşbəxt etmək üçün onun nəhəng bədənini tərk edirdi.

marlen_ditrix_ernest_heminquey_meri_velsh

Ernest Heminquey (Ernest Hemingway) üçüncü arvadı Meri Uelş (Mary Welsh) ilə

***

Marlen cəsurdur, gözəldir, sədaqətlidir, mehribandır, sevimlidir və səxavətlidir. Ziyafət geyimində və ekranda olduğu kimi səhərlər şalvarda,köynəkdə və əsgər çəkmələrində də gözəldir. Sevdiyi zaman buna lağ edə bilər, lakin bu “dar ağacından asılmış adam yumoru”dur.
Səsindən başqa heç nəyi olmasaydı, heç nəyə baxmayaraq, tək səsi ilə qəlblərinizi qıra bilərdi. Ancaq onun həm də belə gözəl bədəni və simasının füsunkarlığı var…Marlenin öz həyat qaydaları var və onlar dekaloqdakı qaydalar kimi sərtdir. Yəqin, onun sirri də bundadır. Belə gözəllik və istedad sahibi, çox şey etmək iqtidarında olan insan nadir halda özünü tamamilə xeyir və şər prinsiplərinə uyğun şəkildə aparır.
Bilirəm ki, Marlen Ditrixi nə zaman görməyimdən asılı olmayaraq, o həmişə qəlbimi sevindirib və məni xoşbəxt edib. Əgər bu onun sirridirsə, onda bu bizə çoxdan məlum olan gözəl sirdir.
Heminquey.

***

1894-cü ildə “Harpers mansli” ingilis-amerikan jurnalında “Trilbi” romanının çıxması sensasiya oldu. Romanı o dövrün məşhur ingilis rəssamı Corc Dümorye (1834-1896) yazmışdı. “Trilbi”nin böyük uğuru onun rəssam kimi şöhrətini kölgədə qoydu. “Trilbi”nin süjeti, kompozisiyası, qəhrəmanları orijinal idi və o dövrün ingilis ədəbiyyatının janrları çərçivələrinə sığmırdı.
Trilbi – canlı heykəldir, Parisdə yaşayır, rəssamlarla dostluq edir. Bir sıra həyat mübarizələrindən sonra Trilbinin taleyi birdən dəyişir. Səsi, heç bir musiqi qabiliyyəti olmadan musiqiçi Svenqali ilə oxuma dərslərinə başlayır və onun maqnetik gücü sayəsində təkraredilməz, rəqabət bilməyən müğənni olur. Svenqalinin baxışları qarşısında baş tutan bu möcüzəni dinləmək üçün dünyanın dörd yanından tamaşaçılar gəlir. Svenqali və Trilbi bir çox ölkələrdə konsert verirlər, biletlər baha olur. Belə bir konsertlərin birində adəti üzrə lojada oturan Svenqali ölür. Səhnədə olan trilbi dərhal susur, daha bir səs belə çıxara bilmir. Svenqalinin ölümündən sonra Trilbi yalnız bir neçə ay yaşaya bilir. Ölümündən əvvəl ona Svenqalinin fotoşəklini gətirirlər, və birdən… o oxuyur. O, Svenqalinin qeyri-adi baxışlarını hiss edən əvvəlki Trilbi olur.

***

Mənim və işlərim haqda olan kitablarda “Marlen Ditrixin filmləri” bölməsində tez-tez mənim filmlərim olmayan ekran işlərinin adı qeyd olunur. Əksər hallarda bu epizodda göründüyüm filmlərdir. Çünki ya dost kimi bir xahişi yerinə yetirir, ya da əyləncə üçün elə qısa səhnələrdə oynayırdım ki, heç kim imkan tapıb məni görmürdü. Belə filmlərdən biri “Uşaqlardan geri qalma” adlanır. Burada Orson Uells ilə əsgərlərə göstərdiyimiz səhnələri canlandırırdıq, məhz Uellsin illüzionist kimi çıxış edib məni iki hissəyə ayırdığı səhnəni.
Bu cür filmlərdə digər səhnələr daha uzun idi. Məsələn, Maykl Toddun “80 gün dünya ətrafında” filmi kimi. Ancaq bu ekran işini də “Marlen Ditrix filmi” adlandırmaq olmaz.
Məsələn, “Paris, yağış yağanda” adlı film var. Bu kino çəkiləndə mən Parisdə idim. Prodüsser və rejissor belə qərara gəlmişdilər, tamaşaçılar mənim Kristian Diorun mağazasına girməyimi görsələr, maraqlı olar. Belə, mən də bunu etdim, artıq heç nə. Bu film mənim filmim kimi qələmə veriləndə və baş rolu ifa edən aktrisaya hörmətsizlik ediləndə inciyirəm.

marlen_ditrix_paris_yagis_yaganda_paris_when_it_sizzles_cristian_dior

Marlen Ditrix “Paris, yağış yağanda” (Paris, When it sizzles) filmində

***

Bir vaxtlar ağıllı bir yazıçı belə deyib: “Yalnız bildiyin şeyləri yaz”. Və mən bunu etdim.
Bu kitabı Hötenin sözləri ilə bitirmək istərdim: “Burada ya orada kimisə tanımaq”.

Tərcümə: Lamiyə Göycəyeva

1 (20%) 1 vote

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook