Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Luis Sinkler “Eurosmit”

luis_sinkler_eurosmit_kkoAnnotasiya

“Eurosmit” (ingiliscə “Arrowsmith”) – Nobel mükafatı almış ilk ABŞ yazıçısı Luis Sinklerin Pulitzer mükafatına layiq görülmüş romanıdır. Lakin yazıçı özündən daha layiqli müəlliflərin diqqətdən kənarda qaldığını bildirərək mükafatdan imtina еtmişdi.
Romanda aşağılardan çıxmış, bəşəriyyətə xidmət istəyi ilə alışıb yanan həkim Martin Eurosmitin mübarizəsi, seçimlərindən danışılır.

Karandaşın izi ilə

Simasında hər şeyi bilmək istəyi kimi elə bir iddia oxunurdu ki, buna görə müəllimlər və məktəb direktoru onu qətiyyən sevməzdilər.

***

Həkimin kitabxanası əsasən üç kitabdan ibarət olmalıdır. Qreyin “Anatomiya”sı, Bibliya, bir də Şekspir.

***

Bu təhsil ocağı tələbələrə sürətli sanskrit, naviqasiya, hesabdarlıq, eynək çeşidləyiciliyi,sanitariya texnikası, provoslav poeziyası, gömrük qaydaları, şalğam yetişdirilməsi üsulları, avtomobillərin düzəldilməsi, Voronej şəhərinin tarixi, Arnold Metyunun üslubu, kimo paralitik miohipertrofiya diaqnostikası və univermaqların reklam olunması işinin öyrədilməsi üçün yüzlərcə gənc fəlsəfə doktoruna maaş verir. Universitetin rektoru pul qazanmaq və süfrə başında nitq söyləmək üzrə Birləşmiş Ştatlarda ilk mütəxəssis hesab olunur.

***

Ştatın vətəndaşlarının isə bu cür əxlaqlı həyat tərzi keçirən, bric oynayan, yaxşı avtomobillərdə gəzən, işlərdə təşəbbüskarlıq göstərən və yeri gəldikcə bu və ya başqa bir kitabdan sitat gətirən – halbuki onların kitab oxumağa vaxtı olmadığı hamıya aydındır – qadın və kişilərin hazırlanmasına ehtiyacı var (ya da belə bir ehtiyaclarının olduğu onlara təlqin edilib). Bu əsl “Ford” zavodudur: istehsal etdiyi avtomobillər səs eləsə də, nöqsansız şəkildə standartlaşdırılır; və çox asanlıqla hissələrinin birini digərinin yerinə qoymaq olur.

***

Elm rəqəmlərə istinad etmirsə, deməli, dəyərli deyil!

***

O, Qotlibin məşhur “İmmunologiya” kitabı haqqında danışırdı; kitabı başa düşmək imkanı olan insanların doqquzundan ancaq yeddisi oxumuşdu. Bütün dünyada isə bu cür cəmi doqquz adam var idi.

***

– Tanrılar, adətən, mənə iki cür tələbə yollayır. Birincilər göydən düşən kartof kimi başıma tökülürlər. Mən isə kartofu sevmirəm, elə kartofun da mənə xüsusi rəğbəti yoxdur. Amma onu götürür və pasiyentləri necə öldürəcəklərini öyrədirəm. İkinci qisim… Onların sayı azdır!.. Amma onlarda mənə bir o qədər də aydın olmayan alim olmaq, mikroblarla əlləşmək və səhv etmək ehtirası var. Belələrini… O-o-o-o… Belələrini özümə tabe edir, burunlarını da yaxşıca ovuram. Əvvəlcə elmin əsas prinsipini yadda saxlamağa məcbur edirəm. Bu prinsip isə “səbir və şübhə et!” söyləyir.

***

– Professor, deyin görüm, üzvi kimyada həkim üçün əhəmiyyətli bir şey varmı?
– Əhəmiyyətli? Əlbəttə, var. O, ağrını sakitləşdirən dərmanları tədqiq edir. Sizin evinizin boyandığı boyanı istehsal edir, sevgilinizin geyindiyi paltarın əlvan rənglərini də… Ola bilər ki, hətta bizim tənəzzül dövrümüzdə onun gilas dodaqlarının boyasını da!

***

Ervinq kondtitusiyaya, darvinizmə, sistematik gimnastikaya və Uinnemak rektorunun dahiliyinə etibar edirdi.

***

Həqiqətə doğru aparan birbaşa və yeganə yolu görmürdü; əvəzində isə onun qarşısında həqiqətə aparan minlərlə yol uzanırdı – uzaq və şübhəli…

***

O həkim müvəffəqiyyət qazanır ki, onun yaxşı rayonda, tramvay xəttinə yaxın bir yerdə kabineti və yadda qalan telefon nömrəsi var.

***

Tibb sizin üçün diaqnozu bəxtəbəxt qoymaq sənətidir.

***

Bu, texniki zərurətdir, texnika isə, cənablar, hər bir elmin başlanğıcıdır. Təəssüf ki, elmlə məşğul olanlar hər şeydən daha çox ona laqeydlik göstərirlər.

***

– Cənablar, həyatda ən vacib şey yaşamaq deyil, yaşamaq haqqında düşünməkdir. Təcrübədə isə ən vacib şey onun keçirilməsi yox, səliqə ilə qeydə alınmasıdır.

***

Amma bir şeyi öyrəndim: öyrəndim ki, bu məşəqqətli həyatda kəmiyyət analizi metodundan başqa gerçək heç nə yoxdur.

***

Farmakologiya professoru Lloyd Devifsondan yaxşı dükan sahibi çıxardı. O, çox məşhur idi. Gələcəyin həkimi ondan ən vacib şeyləri öyrənə bilərdi: məsələn, xəstəyə hansı dərmanları yazmaq lazım olduğunu; xüsusilə də onun hansı xəstəliyə tutulduğunu bilmirsinizsə.

***

– Gecənin xışıltısına diqqət edin. Çiçəkləyən albalı ağacının ətrinə… yoxsa sizin kimi böyük alimlər adi insanlardan o qədər yüksəkdədirlər ki, çiçəklənən albalı sizə görə həddindən artıq alçaq mətləbdir?
– Necə deyim? Son albalı ağaclarının bir neçə həftə əvvəl çiçəklərini tökməsi faktını nəzərə almasaq, siz tamamilə haqlısınız.
– Ah, çiçəkləri tökülüb? Tökülüb! Ola bilər onların rəngi solub… Bəs mənə deməzsiniz, orada ağaran nədir?
– Deyərəm. Mənə elə gəlir ki, hansısa fəhlənin köynəyi…

***

Müşahidə edin və müşahidələriniz elmin sonadək qəbul etdiyi fikirləri təkzib edirsə, o zaman onları rədd edin!

***

Yazda quşların civiltisi, hərəkətsiz havada alma ağacının tökülən çiçəklərinin xışıltısı, yuxulu itlərin gecəyarı hürüşü – onları çaşmadan kim təsvir edə bilər? Martinin o ehtiraslı yarım saat ərzində Leora ilə söhbəti də belə idi, – o qədər təbii, o qədər şərti, o qədər gözəl və bu qədim səslər kimi orijinal… Onlar bir-biri üçün özlərinin hər zaman çatışmayan və indi sevincli bir heyrət içində kəşf etdikləri “mən”lərinin bir parçasını nümayiş etdirirlər. Onlar cansıxıcı romanın qəhrəmanları, tərçıxaran emalatxananın fəhlələri, zəhmətkeş kəndlilər, şahzadə və şahzadə xanım kimi dil boğaza qoymurdular. Onların sözlərinin birini digərinin ardınca dinləsən – səfeh və mənasız idilər, amma birlikdə götürdükdə dəniz suyunun qabarması və çəkilməsi, yaxud da səsli-küylü külək kimi müdrik və mənalı olurdular.

***

Qısqanmasaydım, məhəbbətim daha gözəl olardı!

***

Dünya insana altına yığdığı pula görə qiymət verir.

***

Ancaq axmaqlar nitq söyləyirlər! Ağıllı adamlar mahnı oxuyurlar.

***

Hansı sahə yaxşıdır, daha doğrusu, daha çox pul gətirir?

***

Kətan və boya icad edənlərə hörmət və eşq olsun! Amma bu kəşflərdən istifadə edən Rafael və Qolbeynlərə daha çox eşq olsun!

***

Qotlib heç vaxt onun istehzasının gücü qarşısında zəif olan, amma onunla üzbəüz gələrkən hörmətlə rəftar etməyi unutmayan həmkarlarının nifrətini qazanmaq fürsətini əldən verməzdi.

***

İnsanları düzgün terapiya ilə öldürmək daha məqsədəuyğundur, nəinki yanlış terapiya ilə müalicə etmək.

***

O, düşünürdü: elm, ictimai gigiyena vərəm və digər ağır xəstəlikləri məhv edərsə, dünyada o qədər əhali artıqlığı yaranacaq və dünya elə bir ümumi köləliyin üfunətli quyusuna çevriləcək ki, bütün gözəlliklər, rahatlıqlar aclığın qovduğu mövcudluq uğrunda mübarizədə yoxa çıxacaq.

***

Məgər dünya lazım olan işlə məşğul olduğum üçün mənə haqq vermək məcburiyyətindədir?

***

Amma kasıblıq Qotlibə imkan vermirdi ki, yayda ona il ərzində əzab verən bir arzunu reallaşdırsın. O, istəyirdi ki, Sena üzərində qovaqların altında otursun, yaxud sakit Sena çayı sahillərində dama-dama süfrə örtülmüş stol arxasında dincəlsin… Süfrənin üstündə isə çörək, pendir və şərab, bir də tünd rəngli albalılar olsun. Bir sözlə, sadə dünyanın qədim sevinci…

***

Təhsil! Dünyada ən böyük gimnastika zalı!

***

Geniş reklamı olan «gözəllik kabinetlərinə» milyonlarla flakon üz kremi satırdılar ki, bu kremlər istənilən kanadalı bələdçi-hindini zanbaq kimi zərif mələyə çevirəcəyinə «tam zəmanət» verirdi. Bu cəvahiratın flakonu firmaya altı sentə başa gəlirdi, alıcıya isə bir dollara.

***

Gözə görünən nəyi vardısa, hamısı tüklü idi.

***

– Dəhşətə bax ha! Ərdə olmaq! Səninlə birlikdə yollarda veyllənmək, harada gəldi işə girmək, sərgərdan həyat keçirtmək!… Mən hər şeyə hazır idim, amma heç gözləməzdim ki, nə vaxtsa cəmiyyətin dayaqlarından birinə çevrilərik. Eybi yoxdur! Onsuz da təzə ər axtarmağa ərinirəm. Amma xəbərdarlıq edirəm: sən kilsə məktəbinin qəyyumu olmaq fikrinə düşsən, ümid eləmə ki, mən də orqanda çalacaq və sənin «əhdi-cədid»i öyrənməyə tənbəllik edən yaramaz Villi ilə bağlı zarafatlarına güləcəyəm.

***

– İstəmirəm ki, maşınımda hansısa axmaq bir əski parçası yellənsin, – Martin etiraz etdi, – sözün həqiqi mənasında, bu nəyə lazımdır axı?
– Necə yəni nəyə? Öz şəhərini reklam etmək üçün. Çox sadə bir məsələdir!
– Axı burada nəyi reklam edəsən? Yoxsa sən elə fikirləşirsən ki, köhnə «ford»un kuzovundakı çirkli cındır parçası bura gələnləri inandıracaq ki, Uitsilvaniya Nyu-York kimi dünyəvi mərkəzdir, ya da oradan daha təmizdir?
– Sən həmişə vətənpərvərlikdən uzaq olmusan! Xəbərdarlıq edirəm, Mart, maşınına vımpeli bağlamasan, çalışacağam ki, şəhərdə hamı bundan xəbər tutsun.

***

Yaxşı: biz nə zamansa pul toplayarıq, əvvəl iki aylıq İtaliyaya, sonra da başqa yerlərə gedərik. Qədimi dar küçələr, qədim qəsrlər! Orada, yəqin ki, iki yüzdən çox, hətta lap qədim qəsrlər var. Biz oğlanı da özümüzlə götürəcəyik… Hətta o, yaramaz qız olsa belə, fərqi yoxdur, yenə də götürəcəyik! O, fransız dilində danışmağı öyrənəcək, italyanca da, başqa dillərdə də… Lap yerli əhali kimi… Atası ilə anası onunla fəxr edəcək. Oh, yəni bizdən yaxşı valideyn alınacaq?! Bizim ikimiz də heç vaxt əxlaq qaydalarına fikir verməmişik, yəqin ki, yetmiş yaşında da artırmada oturub tütün çəkəcək və bütün yoldan keçən yolçuları ələ salacağıq. Onlar haqqında bir-birimizə biabırçı əhvalatlar danışacağıq, ta ki onlarda bizi güllələmək həvəsi yaradana kimi… Bizim oğlumuz isə silindr gəzdirəcək, sürücü saxlayacaq… Hətta, o, bizimlə salamlaşmağa da utanacaq!

***

Qoy bütün dünya ona verilsin… Onu Leoraya göstərmək mümkün deyilsə, bunun nə mənası var?!

***

Ay öz işığı, ağlığı və tənhalıqdan yorulması ilə insanları dünyaya uşaq gətirməyə vadar edir, sonra isə doğuşları elə mənasız dərəcədə amansız və iyrənc edir ki…

***

Xalqın qəzəbindən daha qorxulu şey onun gülüşüdür. O, tiranlara iztirab verirsə, deməli, eyni həvəslə müqəddəsləri və müdrikləri də incidir, onların ən qiymətli sərvətini murdarlayır.

***

Allahın yaratdığından daha axmaq olmağa çalışma.

***

Bununla belə, siz indi görəcəksiniz ki, şeirlərimdən bir neçəsi öz qəribəliyi, ağırlığı və ahəngdarlığı ilə ürəkləri fəth edir. Onları oxuduqdan sonra səhlənkar adamlar səkilərə tüpürmək xasiyyətini tərgidir.

***

O, aləmə car çəksə ki, təmiz hava xeyirlidir, onda mən nəinki pəncərəni açmayacağam, əksinə…

***

Varlı qadınla evlənərək Uoters elə səmimi və qonaqpərvər olmuşdu ki, istər-istəməz qonaqda qətl törətmək istəyi oyadırdı.

***

– Mən həvəslə məruzə edirdim. Hər halda, aradabir camaat qarşısında çıxış etmək pis olmaz. Bu, insanı daha dəqiq mühakimə yürütməyə vadar edir.
– Hə! Məsələn, mehriban, sevimli siyasətçiləri götürək, onlar necə də dürüst mühakimə yürüdürlər…

***

Beləcə Leora onu qəhrəmandan ər səviyyəsinə endirdi və Martin onun sayəsində qəbul edilməməyin bütün ləzzətini lazım olduğu səviyyədə dada bildi.

***

Hamı deyir: «Bircə həqiqəti təhrif etməyin», amma onlara ilk olaraq həqiqəti özlərinin təhrif etdiyini söyləyəndə, özlərindən çıxırlar. Yoxsa həyatda heç nəyin əhəmiyyəti yoxdur? Bəlkə, ancaq sevmək, yemək, yatmaq və yaltaqlıqlara qulaq asmaq lazımdır?

***

Məndə kifayət qədər sağlam təbii əxlaqsızlıq var… Ona görə də özümü əxlaqlı aparmağa icazə verə bilərəm.

***

Maliyyədə, xarici siyasətdə, biologiyada, nəşriyyat işində, peru etnologiyasında və natiqlik vasitəsilə pul qazanmaq sənətində eyni dərəcədə səriştəli olan kənd müdrikləri ilə…

***

Ümumiyyətlə, natiqliyi sevmirəm. Çünki bu sənətdə o qədər enerji var ki, faktlar üçün yer qalmır.

***

Maraqlıdır, görəsən, belə olur ki, insan uğur əldə edir, amma bundan ürəyi bulanır?

***

Bu il isə gözə çarpan hadisə baş vermədən, yaz olmadan, payız gəlmədən, həyəcansız axıb getdi.

***

Amma öyrənmək həvəsiniz var və inadkarsınız. Hazır qaydaları isə qəbul etmirsiniz. Ona görə də düşünürəm ki, ya sizdən çox yaxşı alim çıxacaq, ya da həddindən artıq pis… Pis alim olsanız, varlı xanımların arasında populyarlaşacaqsınız, o xanımlar isə Nyu-York şəhərini idarə edirlər. Həmçinin pullanmaq üçün mühazirələr oxuya, bu qabiliyyətinizlə lazımi adamların etimadını qazana bilərsiniz. Sizi hətta kollec rektoru da təyin edə bilərlər. Bir sözlə, belə və ya başqa cürə, bu, maraqlı olacaq.

***

Alim olmaq, sadəcə, işin xüsusi bir növü deyil. Onu, seçmək də olmur: insan alimmi olsun, yoxsa səyahətçimi, kommivoyajermi, həkimmi, kralmı, fermermi?! Bu, həddindən artıq qarmaqarışıq emosiyalar kələfidir… Lap mistisizm kimi, ya da şeir yazmaq ehtiyacı kimi. O, öz qurbanını normal vicdanlı insandan kəskin şəkildə fərqləndirir. Normal insan etdiyi hərəkətlərlə bağlı az narahatlıq keçirir, təki işi ona yeməyə, yatmağa və sevməyə imkan versin. Alim isə köklü-köməcli dindardı… Eelə bir dindar ki, yarımhəqiqəti qəbul etmək istəmir, çünki bu, onun inamını təhqir edir.

***

Dünyanı həmişə filantroplar idarə ediblər: başa düşmədikləri terapevtik metodlardan istifadə edən həkimlər; vətəni nədən müdafiə edəcəklərini axtaran əsgərlər; hamının məcburi halda onların moizələrini dinləməsini arzulayan moizəçilər; öz fəhlələrini sevən xoşxasiyyət fabrik sahibləri; gözəl nitq qabiliyyəti olan dövlət xadimləri və rəhmdil yazıçılar…

***

– Allahım, mənə aydın görə bilmək qabiliyyəti ver və tələskənlikdən xilas et. Allahım, mənə dinclik ver və bütün süni şeylərə, yalançı, zəif və başa çatdırılmamış işə mərhəmətsiz olmaq bacarığı bağışla. Tanrım, mənə yorulmazlıq hissi ver, qoy yatmayım, tərifləri eşitməyim… Ta ki, müşahidələrimdən çıxan nəticələrin hesablarımın nəticələri ilə üst-üstə düşdüyünü görənə kimi… Ta ki, itaətkar sevinc içində öz səhvimi aşkar və ifşa edənə kimi. Tanrım, mənə Allaha inanmamaq üçün güc ver!

***

Amma xəritələr və kvadrantlar mövcud olduğu yerdə, onlarsız üzməyə çıxan dənizçi ancaq sarsaq ola bilər!

***

Amma qayıdandan sonra Martin öz stafilolizininə və inteqral hesablamalarına elə qapıldı ki, demokratiyanın bütün dünyanın necə xilas etməyə hazırlaşdığının fərqinə belə varmadı.

***

Leora nadir istedada malik idi: o, əhvalı yaxşı olmayanda susmağı bacarırdı və bu sükutda heç vaxt məzəmmət hiss olunmurdu.

***

– Mən bütün ləyaqətli insanları fransız kimi qəbul etməyə hazıram, çünki başqalarına bənzəməyən bu xalqı çox sevirəm. Amma ehtimal nəzəriyyəsinə görə, altmış milyonluq almanlar içərisindən bir neçə yaxşı insan çıxa bilər.

***

Bizdə hansısa adam donuzdan, heç olmasa, bir pillə yuxarı qalxıbsa, mütləq filantropiyaya aludə olur.

***

Oh, rəhmdil olmaq, mehriban-mehriban mırıldanmaq, tamamilə prinsipsiz yaşamaq və öz-özünə təskinlik vermək o qədər asandır ki… Amma irəliyə getmək, səni harasa aparıb çıxara biləcək işlə məşğul olmaq çətindir! Həddindən artıq az adamın cəsarəti çatır ki, necə lazımdırsa xudbinlik edə bilsin.

***

Ondan xahiş etdi ki, onu Uğurdan, bir də Holaberdlərdən və A.de-Uitt Tabzdan, onların məruzələr oxuyan alim sürüsündən, rütbə dalınca qaçan müəlliflərdən, kilsə natiqlərindən, jurnalistlərə qulluq göstərən tanınmış cərrahlardan, titullu idmançılardan, sentimental ticarət krallarından, ədəbiyyatla əylənən siyasətçilərdən, siyasətə qoşulan generallardan, müsahibələr verən senatorlardan, hikmətli sözlər söyləyən yepiskoplardan qorusun.

***

Tənbəlliyin əldən saldığı bu xəyalpərəstlər!

***

O, nağıldangəlmə rəssama bənzəyirdi. Elə bir rəssama ki, cəmiyyətin zövqlərinə nifrət etdiyi üçün ölməmişdən əvvəl bütün yaradıcılıq nümunələrini məhv edib – təki qara camaat onları öz bayağı, istehzalı baxışları ilə murdarlamasın.

***

Niyə də siçovul dilində danışmağı bacardığım və məhvedici tələnin yeddi növünü bildiyim halda, qadın kollecində mühazirə oxuyum ki?! Qətiyyən!

***

Otuz üç yaşında ərdə deyildisə, bunun səbəbi ancaq və ancaq müasir cavanların yelbeyinliyi idi.

***

İstisna hal kimi, bu gün kiməsə danışmaq imkanı verdiniz?

***

Halbuki, hər bir mədəni amerikalı xanım hər kişidən, hətta xaricidən belə, hörmət gözləmək hüququna malikdir.

***

Özümü elə göstərirəm, guya, fransız kitabları oxuyuram… Halbuki gəzməyə getməyi, vitrinlərə baxmağı, sodalı su ilə dondurma yeməyi sevirəm. Elə beləcə də gün keçir. Kürən, səni dəhşətli dərəcədə sevirəm: bacarsaydım, könlün xoş olsun deyə, it kimi dilsiz-ağızsız da ola bilərdim.

***

«Bədbəxt görünəndə onu elə sevirəm ki… Məgər görmürsən ki, Kürən, səninlə gəlməkdə necə ağıllı iş tutmuşam?! Elə əldən düşmüsən ki. Sən xəstəliyə yoluxa bilərsən, məndən başqa kim qayğısına qalar? Sənin qəribəliklərini heç kim bilmir. Heç kim bilmir ki, gavalını sevmirsən… Mən gecə də, gündüz də başının üstündə oturacağam: pıçılda, o dəqiqə ayılacağam… Kompress və buzla dolu kisə lazım gələrsə… taparam. Bunun üçün milyonçunun evinə girmək və onun kokteyl ehtiyatından oğurlamaq lazım gələrsə, yenə də oğurlayaram! Mənim əzizim!»

***

Normal, ehtiyatlı insanların üzərində maraqlı bir üstünlüyə malik idi, çünki yaşamaq, yoxsa ölmək onun üçün artıq əhəmiyyətsiz idi.

***

Fontenebloya qədər hamısı – tənhadırlar. Saraylar təkəbbür bolluğunda boğulur və o dərəcədə mükəmməldirlər ki, ayrı-ayrı məftunedici xırdalıqları xatırlamaq, onları bir-birindən fərqləndirmək mümkün olmur. Hamısı rahatlığı olmayan əzəmətə və bu səbəbdən də darıxdırıcı görkəmə malikdirlər.

***

– Coys, – Ayrlend dedi, – mənə elə gəlir ki, doktor Erousmitin bu evdə peyda olmasının dozası həddini aşır. Sizin sevimli əminiz sifətilə deyərdim ki…
– Latam, əzizim, tamamilə razıyam, Martin həddindən artıq aqressivdir, qabadır, çox xudbindir və çox pis köynəkləri var. Amma fikrimcə, ona ərə gedəcəyəm. Mənə elə gəlir ki, onu sevirəm.
– Sianid turşusunun köməyi ilə intihar etmək daha təbii olmazdı? – Latam Ayrlend dedi.

***

– Başa düşürsən, çirkin işləri sənin yerinə başqaları yerinə yetirməlidir, – Coys deyirdi, – bu ancaq sənin xeyrinə olar. Çünki bu vaxt yalnız sənin yerinə yetirə biləcəyin iş üçün enerjin qalmış olacaq.

***

– Yadındadır, Nobel mükafatı alan bir alim – təmiz suyun fanatı – pulu özünə xərcləmək əvəzinə bütünlüklə şimpanzelər və digər meymunlara sərf etdi. Bir saqqallı əmi ilə birlikdə anti-vivseksianistləri tərgitməyin yollarını axtarmağa başladı və heyvanların ən ibtidai tipi ilə sifilisin ötürülməsi məsələsini həll etdi. Amma kədər hissi ilə deməliyəm ki, bizim Nobel mükafatımız yoxdur və bu, ona bənzəyir ki…

***

Mən gedirəm! Özü də mənə xas olan alicənablıqla sizin haqqınızda nə düşündüyümü söyləmədən gedirəm!

***

«Bu, mənə bənzəmirsə, deməli, pisdir» fikirləşməzdi. O, deyərdi: «Bu mənə bənzəmir, deməli, maraqlıdır»…

***

Ölüm bricdən daha maraqlı oyundur, burada partnyorunuz sizə heç nə ilə kömək edə bilməz!

***

– Qulaq as, Mart. Sən tənha bir yerə çəkilmək arzusunu, flanel köynək geyinməyi, özünün əcaibliyin və qüsursuz təmizliyinlə lovğalanmağı qəhrəmanlığın ən yüksək zirvəsi hesab edirsən. Amma bir fikirləş, hər kəs belə düşünsəydi, nə olardı? Hər bir ata ruhən özünü pis hiss etdiyi zaman uşaqlarını atıb çıxıb getsəydi, nə olardı? Dünyada nə baş verərdi? Biz kasıb olsaydıq, sən də məni atsaydın və mən Conu yedirtmək üçün paltar yumalı olsaydım, nə olardı?
– Sənin üçün pis olmazdı, amma vay olardı o pal-paltarın halına! Yox! Məni bağışla. Bu çox duzsuz zarafatdır. Amma… düşünürəm ki, məhz bu düşüncə tərzi əsrlərdən bəri insanlara həzm, törəyib artma və itaət maşını olmaqdan başqa heç nə verməyib. Verdiyin sualın cavabı isə belədir: çox az adamlar könüllü surətdə yalnız öz təmizliyini qoruyub saxlamaq üçün – sən bunu tamamilə düzgün adlandırdın – yumşaq yatağı daxmaya dəyişərdi.

***

Ona elə gəlirdi ki, həyatında ilk dəfə baharı görür və sözün əsl mənasında hiss edir. Səhərlər göldə çimməyə öyrəşmişdi, amma ilk dəfə suya girəndə dözülməz soyuq bütün bədənini yandırmışdı. Səhər yeməyindən əvvəl onlar balıq ovlayır, şam yeməyini palıd ağaclarının kölgəsində edir, birdəfəyə iyirmi mil piyada gedirdilər. Hər şeylə maraqlanan dələlər və zığ-zığ quşları ilə qonşuluqda yaşayırdılar. Bütün gecəni işləyir, yuxulu gölün üzərindən qalxan aydın şəfəqi qarşılamaq üçün sübh tezdən təmiz havaya çıxırdılar.
Martin günəşin bu tərəfindən o tərəfini görə bildiyini hiss edirdi, bütün köksü ilə nəfəs alır və yarım səslə daima nəsə mızıldanırdı.

***

Qəşəng uşaqdır. Ümid edirəm ki varlı adam olmayacaq!

Tərcümə: Nərgiz Cabbarlı

4.5 (90%) 14 votes

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook