Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Con Steynbek “Qayğılarımızın qışı”

kko_con_steynbek_qayghilarimizin_qishiAnnotasiya

“Qayğılarımızın qışı” (ingiliscə “The Winter of Our Discontent”) – Steynbekin başqa əsərlərinə bənzəməyən sonuncu əsəri.

Müəllifi həmin dövrə təsdüf edilən əxlaqi dəyərlərin tənəzzülü, layiqli məqsədin olmaması kimi məsələlər narahat edirdi. Və bu romanında açıq şəkildə amerikan həyat tərzinin sadə, vicdanlı burjuaya necə təsir göstərdiyini, zənginlik dalınca qaçanda xəyanət və cinayət yoluna necə sürüklədiyini göstərir.

 

Karandaşın izi ilə

Romandakı uydurulmuş qəhrəmanları və yerləri tanımağa cəhd edən oxucuların öz ətraflarını araşdırmaları və öz ürəklərindən içəri baxmaları daha məqsədəuyğundur. Çünki kitab bugünkü Amerikanın böyük bir dövründən bəhs edir.

***

– Kaşalotun nə olduğunu bilirsən?
Red inləyircəsinə içini çəkdi.
– Aydındır, bilmirsən. Kaşalot balinasının kəllə boşluğundan çıxarılan xoş qoxulu, xəfif bir yağ. Məndən sənə məsləhət, havhav. “Mobi Dik”i oxu.

***

– Bilirsən bu günə niyə Müqəddəs Cümə deyiblər?
– Latıncadan gəlir. “Good Friday” dediyimizə baxma. Kökü “goodus”, “goodilius”, “goodum”dur. Pis, bərbad deməkdir.

***

Dəyişən yalnız zirvəyə doğru artıb sonra da azalan aydınlıq deyil.

***

Gün mövsümün min bir ünsürü ilə, isti ya da soyuqla, dəyişməz ya da çoxalan küləklərlə əyilib bükülərək, qoxuların, dadların, buzun, çəmənin, tumurcuğun, yarpağın, qara cizgilər kimi duran çılpaq budaqların parçası ilə sarılıb, vücudda və ruhda, üslub və məzmunda da dəyişir. Və gün dəyişikliyə məruz qaldıqca mövzuları, bör-böcəyi, pişiyi, iti, kəpənəyi və insanı da dəyişir.

***

Əsl öldürücü şey bezməkdir. Asta dirsək zərbələri ilə uğursuzluğa yuvarlanırsan. Yavaş-yavaş qorxaqlıq başlayır. Mən artıq qorxuram. Lonq Aylend Elektrik Şirkəti elektrik enerjimi kəsə bilər. Arvadım paş-paltar istəyər. Uşaqlar…onlara ayaqqabı, əyləncə, o bu lazımdır. Birdən onları oxutdurmaq üçün pul tapa bilməsəm? Sonra aylıq kommunal xərclər var, həkim, stomatoloq, badamcıq vəzisi əməliyyatı… Daha pisi, birdən xəslənib yatağa düşsəm, bu andıra qalmış küçəni süpürə bilməsəm, necə olacaq? Təbii, başa düşməzsiniz. Bunu başa düşmək çətindir. İçiniz çürüyər. Mən növbəti ay soyuducu kreditindən o yanı düşünə bilmirəm. Həm işimdən nifrət edirəm, həm də onu itirərəm deyə bağrım partlayır. Bütün bunları hardan başa düşəcəksiniz?

***

“Yaşıl kahı və pendir”, deyə şikayət etdi, “yaşıl kahı və pendir. Kişi evləndimi otlamağa başlayır”.

***

“Qəhbə uşağı” ifadəsi ancaq anasından əmin olmayan biri üçün həqarət sayılır, insan Albert Eynşteynə necə həqarət edə bilər ki?

***

Pulu çoxmu sevirəm? Xeyr, pulu sevmirəm. Amma qayğılarla yaşamağı da sevmirəm. Bu qəsəbədə başımı dik tutub gəzmək istəyirəm. Uşaqların bəziləri kimi yaxşı, nə bilim, gözəl geyinə bilmədikləri üçün utandıqlarından xoşlanmıram. Başım dik gəzmək istəyirəm.

***

Hauley familiyasına sahib olsa da, istər bu qəsəbədə olsun, istər başqasında satıcı elə satıcıdır.

***

Üç şeyə əsla inanan olmayacaq; həqiqətə, ola biləcəklərə, tamamilə məntiqli görünən şeylərə.

***

Bundan başqa, mən yuxudakı fikirlərin başqalarının düşüncələrinə daldığına inanıram.

***

Həmişə diqqət etmişəm; böyüklərinə oxşamaq istəyənlər, adətən alqışladıqları adamların yüksək məziyyətlərindən məhrumdurlar.

***

Ürkək leytenant Hauley, yumşaq, gül yanaqlı, gül qoxulu gözəllər gözəli bir qız və bəlkə də müharibə və dərs kitablarına görə üç qat daha çox hiss edilə bilən bütün o duyğular…

***

Yuxumuz o ənənəvi “Əzizim Con” məktubu ilə də sonlana bilərdi.

***

Dedikləriniz istər doğru olsun, istər yalan, əgər arxasında duracaqsanızsa, adam kimi deyin.

***

Axmaqlamaq bəzən monotonluğu yox edər və yeni başlanğıc üçün zəmin yaradar.

***

Heç kim başqasını bütünlüklə anlaya bilməz. Edə biləcəyimiz ən yaxşı şey onların bizə bənzədiyini güman etməkdir.

***

Orta hesabla ağıla sahib hər adam pul qazana bilər. Təbii, əgər istədiyi budursa. Əslində çoxunun istədiyi qadınlar, geyim-keçim ya da heyran olunmaqdır və bunlar adamı yoldan çıxarır. Morqan və Rokfeller kimi böyük maliyyə ustaları istisnadır. İstədikləri pul idi, pulun özü; onu da əldə etdilər. Sonra onunla nə etdikləri başqa məsələdir. Mənə elə gəlir ki, yaratdıqları qarabasmadan qorxmuş və onu almağa çalışmışlar.

***

İnsan üzünə baxmayacaq qədər yaxınında duran birini xatırlaya bilməz.

***

Görəsən pişiklər həqiqətən qəribə heyvanlardır? Yoxsa bizə bənzədikləri üçün meymunlar qədər marağımıza səbəb olublar?

***

Marullo pulun vicdanı olmadığını dedi. Onda pullu bir adamda vicdanın hər növü zəiflik deməkdir?

***

Pulun vicdanı olmadığı kimi qüruru və yaddaşı da yoxdur.

***

Mövzu puldursa, tərbiyənin adi qaydaları tətilə çıxır.

***

Pulun kobudluğundan, ədəbsizliyindən dəm vurmağınız üçün pulunuz olmalıdır. Yoxsullar pulu ovsunlayıcı hesab edir. Pulla fəal şəkildə maraqlanan birinin onun təbiəti, xarakteri və kursu haqda bilgisi olmalıdır, sizcə də elə deyilmi? Qorxuram pulla pul olduğu üçün maraqlanan çox az adam var. Bunlar da ya böyük rəssamlardır ya da xəsislər.

***

İki insan birgə yaşadıqda hər biri digərini elə dəyişdirir ki, nəticədə ortalığa iki yeni insan çıxır.

***

– Yeməyə nə var? Ətin növünə uyğun qalstuk taxmaq istəyirəm.

***

İnsanın hər gün təraş olduğu halda üzünü görməməsi mümkündür. Ələlxüsus o üzə laqeyddirsə.

***

Oxucunun hekayə içində özünü rahat hiss etməsi üçün hekayənin onunla bəzi ortaq nöqtələri olmalıdır. Oxucu yalnız bu zaman möcüzələri qəbul edə bilər.

***

İzah edə bilmədiyimiz şeyləri görmürük. Bu arada dünyanın böyük bir hissəsi bir şeyin varlıq səbəbindən çox obyektivliyi ilə maraqlanan uşaqların, dəlilərin, axmaqların və mistiklərin əlində qalıb.

***

– Qoy olsun. Qızıl yükləyib evə gətirərdim. Məncə artıq belə şeylərə icazə verməzlər.
– Xeyr… artıq iş böyüyüb, daha mütəşəkkil bir hal alıb. Adı da diplomatiyadır.

***

İki qadın rastlaşır. Biri qışqırır:
– Saçına nə eləmisən? Parik kimi görsənir.
– Elə parikdir.
– Doğrudan? Heç oxşamır.

***

Təkidi hirslə, hirsi isə zorakılıqla səhv salmaq Merinin adətidir. Bu qorxu ona bəzi əyyaş əmilərindən miras qalıb və utanılası bir şeydir.

***

Hakim Pile yaxşı adamdır, artıq yaşlı və yorğundur. Əlli ildir ki, bizi o doğuzdurur, torpağa da o gömür.

***

Hər tərəfdən gələn təzyiqlər insanın davranışını dəyişə bilər. Bunu müharibədə tez-tez görürsünüz. Qorxağın biri qəhrəmana çevrilir, alovların içindən çıxıb cəsur adam olur. Ya da səhərlərin birində qəzetdə mülayim bir atanın arvad və uşaqlarını balta ilə doğradığını oxuya bilərsiniz. Hesab edirəm ki, kişi dayanmadan dəyişikliyə uğrayan bir məxluqdur. Amma bu dəyişiklik yalnız müəyyən vaxtda gözlə görünür. Lazımi qədər dərin deşmək istəsəydim, məndəki dəyişikliyin toxumlarını tapmaq üçün doğumuma, hətta daha əvvələ gedə bilərdim.

***

Sevgilim dodağında keçmişdən qalma bir gülüş ilə…

***

Bəzən çox istərdim ki, gecə düşüncələrinin təbiətini bilim. Bunlar arzularla yaxın qohumdur.

***

Düşüncə ancaq ən sonda, hücum qurulmuş və hazır olduğunda bünövrənin üstündə binanı tikir, aydınlıq gətirmək və həyata keçirmək üçün sözü işlədir.

***

Hər uğur cəsarət istəyir.

***

Həyata keçirilən günahlar kiçik olunca, uğurlar da kiçik olar.

***

Heç kim məsləhət istəmir, istənilən ancaq təsdiqdir.

***

Vicdan kiçik qüsurları üzürlü hesab edirsə, sürətli, sərt və cəsarət tələb edən bir vuruşa niyə göz yummasın? Ağır-ağır, tədricən işlənsə də, cəld və amansız bıçaq zərbəsinin nəticəsi də olsa, cinayət cinayət deyilmi?

***

Heyran qaldığımız o böyük sərvətlərin hansı insafsızlıq edilmədən qazanılıb? Biri də yadıma düşmür.

***

Bir müddət qaydalara fikir verməsəm, üstümdə yara izlərinin qalacağını bilirdim, amma guya bunlar müvəffəqiyyətsizliyimin izlərindən daha pis olacaqdı? Yaşamaq yara izlərini daşımaq deyilsə, bəs nədir?

***

Şans və ya tale kimi qəzaları da idarə edən bir şey var.

***

Duyğulara aidiyyatı yoxdursa, sözlərin mənası yoxdur.

***

– Niyə mənə axmaq-axmaq sözlərlə xitab edirsən? Adımı çoxdandır ağıllı-başlı demirsən.
– Təkrara yol verməmək və darıxdıcı olmamaq üçün.

***

– Pis şeylər deyirsən. Uşaqlara da.
– Onlar da mənə deyir. Elə dünən gecə Ellen “ata, biz nə vaxt varlı olacağıq” deyə soruşdu.

***

Və yoxsulluğu bacarmayan sizlər zənginliyi də bacarmayacaqsınız.

***

Yoxsulkən qısqanc olan varlanınca lovğanın biri ola bilir. Pul xəstəliyi deyil, yalnız əlamətləri dəyişdirir.

***

Mən sırf pulum olsun deyə pul istəmirəm, heç vaxt da istəməmişəm. Pul adət etdiyim və rahatlıq tapdığım nizamdakı yerimi qorumaq üçün lazımdır.

***

Pulun şöhrəti də hardasa özü qədər iş görür.

***

Bəzi kişilərin varlıqlarından əmin olmaq üçün bir ata evinə və tarixçəyə ehtiyacı var.

***

Pulun kifayət qədəri olmaz. İki ölçü olür: pulsuzluq və az pul.

***

Yaralama niyyəti hirsi oyandırır.

***

Bəlkə məhv edən bir adamın tarazlığı bərpa etmək üçün yaratmağa çalışması təbiidir.

***

Adət etmədiklərinizin əksinə, adət etdiyiniz hər şey insana cazibədar gəlir.

***

…məhv olması üçün cavaba ehtiyacı olmayan, əvvəli, sonu, sərhədi olmayan, öz içində bütöv olan bir sual.

***

Məsləhət almaq necədir, bilirsən? Etmək istədiyinlə üst-üstə düşürsə, danışırsan.

***

Xanım Linç… Xanım Linç. “Xanım” artıq adının, varlığının bir parçası olmuşdu.

***

İnsanın nə qədər yıxıldığı ilə maraqlanmıram. Yıxılma səbəbi ilə bağlı mütləq bir nəzəriyyəsi var.

***

Bəzi insanlar dürüst davrandığınızı eşidəndə, bunun altında mütləq başqa bir şərəfsizlik axtarırlar.

***

Dostunu itirmək istəmirsənsə, onu əsla sınaqdan keçirmə.

***

Əsl məqsədinizi gizlətmək istəyirsinizsə, doğrunu deyin.

***

Ars est celare artem. – Əsl sənət sənəti gizlətməkdir.

***

Hesab edirəm ki, hər insan həyatının bir dövründə öz məzar daşının yazısını müəyyənləşdirir. Mənimki “Əlvida, Çarli” olacaqdı.

***

Stuldan asılı libaslara toxundum. Onlara Köhnə Mavilər, Şirin Corc Braun, Dorian Qrey, Yaslıq Qara və Dobbin deyirdik.

***

– Belə deyim, əgər o hissəni dırnaq içinə alıb, kimdən sitat gətirdiyini yazsan, bu hörmət və etibar qazandırar. Məncə Amerikada yazılanların yarısı, antologiya deyilsə, dırnaq içində çıxarışlardır.
– O dırnaqları qoymasaq nə olar?
– Onda oğurluq sayılır. O biri oğurluqlardan fərqi yoxdur.

***

Qızlar məni öldürür. Axırda onlar da qadın olurlar.

***

– Romaya gəlməlisən. Misir sənin ehtiyaclarını ödəməz. Böyük dünya çağırır.

***

– Əla həyat yoldaşınız var. Bu o deməkdir ki, döyüşün yarısını qazanmısınız.
– Bu, döyüşün hamısıdır.

***

İş həyatında və siyasətdə Dağın Kralı olmaq üçün insan başqalarını yararaq özünə yol açmaq məcburiyyətindədir. Bir dəfə ora çatdımı alicənab və nəzakətli ola bilər. Amma əvvəl ora çatmaq lazımdır.

***

Bir məsələ və ya problem çox böyüyəndə insan onu fikrindən çıxararaq özünü qorumağa çalışır. Amma problem dərinləşir və əvvəldən orada olan başqa şeylərlə qarışır. Nəticədə qayğılar, narahatlıq, günahkar olma hissi və hər şey axıra çatmadan öncə bir şey, hər hansı bir şey əldə etmə səbəbi ortalığa çıxır.

***

Mənə elə gəlir ki, qarşılaşdığım insanların demək olar hamısı əsəbidir, narahatdır və bir az kobuddur. Və onların hamısı yeni il gecəsi bəs deyincə içib başını itirənlər kimi hər şeyi əyləncəyə çeviriblər. Köhnə dostlar unudulub; qonşunun arvadını öpmək adət olub.

***

Meri xəstələnmədiyi müddətcə dünyanın ən yaxşı həyat yoldaşı idi. Tez-tez xəstələnməzdi də. Amma xəstə oldumu dünyanın ən xəstə həyat yoldaşı olurdu.

***

Düşüncənin qanunları əşyanın da qanunudursa, ruhlarımız ortadan bölünərək çoxala bilərmi?

***

Kosmosa raket göndərə bilirik, amma hirsi və qayğıları yaxşılaşdırsa bilmirik.

***

– Başın?
– Hə.
– Mədən?
– Hə.
– Hər yerin?
– Hər yerim.
– Sənə bir dərman tapım.
– Mənə bir məzar tap.

***

İndi
Bu York günəşi sayəsində
qayğılarımızın qışı
Möhtəşəm bir yaya döndü. (“III Riçard”, Uilyam Şekspir)

***

Cəmiyyətin də insanlar kimi sağlam və xəstə vaxtları, hətta gəncliyi və yaşlılığı, ümid və ümidsizliyi olur.

***

İyun nəşəli, sərin və mülayimdir. Nəmlidir. Şirin və ziyankardır. Qurucu və dağıdıcıdır. İyun boyama, yenidənqurma və layihələndirmək zamanıdır. Evə sement, tir gətirməyən, zərflərin arxasına Tac Mahallar cızmayan kişi çox azdır. İyunda yayın xoşbəxt toxumu cücərir.

***

Bütün kişilər əxlaqlıdır. Əxlaqsız olan qonşularıdır.

***

Müvəffəqiyyətsizlik bir ruh halıdır. Bəlkə qarışqa aslanının qazdığı o qum tələlərindən biridir. Elə hey geriyə sürüşüb düşürsən. Xilas olmaq üçün yaxşı sıçrayış lazımdır. O həmləni atmalısan, Ethan. Xilas olduğun anda müvəffəqiyyətin də bir ruh halı olduğunu görəcəksən.

***

Bilirsən, doxsan faiz keçmişlə, yeddi faiz bugünlə yaşayır. Belə olduğu təqdirdə gələcək üçün üç faiz qalır.

***

Arxana baxma. Biri sənə çatmaq istəyə bilər.

***

Səncə uşaqların sevimli olduğu yalanını ortalığa kim atıb?

***

Tərbiyənin, hörmətin, namusun, hətta enerjinin dəyişməyən qanunları var.

***

Merci Yanq-Hant cazibədar qadındır. Savadlı və ağıllıdır. O qədər ağıllıdır ki, ağlını nə zaman və necə maskalamaq lazım olduğunu bilir.

***

Bu üstün adamdır. Onun hərəkətlərinə nəzarət etməklə öz üstünlüyünü sübut etmiş olacaqsan.

***

Qadınlar bəxtsizliyi, xüsusilə başqa qadınların başına gələn bəxtsizliyi, təbiət reallığı olaraq qəbul edirlər.

***

Merci qarşısındakı güzgüdə iyirmi ilin üstünə yıxıldığını gördü.

***

Hər qadının içində yaşlanacağı işıqlar, qoruyucular, qara məxmər, uşaqlar, dən düşmüş saçlar və köklük, nadir gülüşlər və eşq, himayə, kiçik dəyişikliklər, rahat və zəhmət tələb etməyən bir ər ya da onun daha çox rahatlıq verən və daha az zəhmət tələb edən vəsiyyətnaməsi və etibarnaməsi ilə dolu vitrini olmalıdır.

***

Tək başına yaşlanan qadın işə yaramaz bir tullantıdır, acılarını unutduracaq, ağrılarına ürəyi yanacaq sadiq xizmətkarı olmayan bürüşük ədəbsizdir.

***

Qadın yatalaqdır, əbədi yaşayan cinsdəndir.

***

– Sən istəsən də xəyanət edə bilməzsən.
– Cəhd edə bilərəm.
– Səni təhrik etmək üçün eşq ya da nifrət gərəkdir. İkisi də yavaş və hərtərəfli davranış istəyir.

***

Yaxşı tikilmiş libasın pis tərəfi uzun müddət köhnəlməməsidir.

***

İndi qurşaqdan yuxarı ağıllı-başlı söhbət edə biləcəyin çox insan yoxdur.

***

Seçim ilk dəyərləndirmənin içində idi.

***

Bunu başlayan hörmət-izzət sahibləri idi. Əgər müvəffəqiyyət qazansalar, onlara namussuz deyil, diribaş kimi baxılacaqdı. İşə hesaba almadıqları faktor qarışsa, bu əxlaqsızlıq ya da şərəfsizlik sayılırmı?

***

Güc və uğur; bunlar əxlaqi dəyərlərin və tənqidin üstündədir. Görünən odur ki, məsələ nə etdiyiniz deyil, onu necə etdiyiniz və nə adlandırdığınızdır.

***

Cəzalandırılan yalnız müvəffəqiyyətsizlikdir. Doğrudan da, cinayətkar tutulmayınca cinayəti törətmiş sayılmır.

***

Ən köhnə və ən yalnış inanclarımızdan biri insanın fikrinin üzündən oxuna bilməsi, gözlərin ruhun aynası olmasıdır. Bu doğru deyil. Oxuna bilən yalnız xəstəlikdir, ya da məğlubiyyət və ümidsizlik…

***

Nə bilim, bəlkə keçmişdə incə dəmir lövhə üzərinə çəkilən şəkillər kimi yaddaşdakı xatirələr də solub silinir, arxadakı fon genişlənib mövzuları udur.

***

Sənə niyə Val Stritin Dişi Tülküsü dedikləri məlum oldu.

***

Etdiyim şeyi özümdən gizlətmək üçün onun üstünə heç vaxt doğruluq pərdəsi çəkməmişəm.

***

İyun qızıldırsa, iyul düyüdür. İyun gümüşdürsə, iyul qurğuşundur. İyul yarpaqları ağır, qalın və çoxdur. İyulun quş səsləri ehtirasdan kasad, göstərişdən ibarət nəqarətdir, çünki artıq yuvalar boşdur və yeni tüklənmiş ətcə balalar güc-bəla səndələyərək gəzməyə başlayırlar. Xeyr, iyul vəd və kifayətlənmək ayı deyil. Meyvələr var, amma kaldır. Qarğıdalı hələ təzə və sarı topaşəkilli yumşaq dəstədir. Qabıqların içində quruyub qalmış tumurcuqlar hələ tökülməyib.

***

“Hələlik”də istəksizliyin o xoş səsi var. “Elvida” qısa və qətidir. Keçmişi gələcəyə bağlayan ipi kəsə biləcək iti dişlərə sahib olan sözdür.

***

– Pis niyyəti yox idi.
– Pis düşünmək üçün belə beyni yoxdur ki.

***

Uzun tətillərdən zəhləm gedir. Hamının içindəki ən pis tərəfi çölə çıxır. Havalanmış kimi yola çıxırlar, evə yorğun və beş qəpiksiz dönürlər.

***

– Biz səyahətə gedirik.
– Yazıq dostum. Hara?
– Bilmirəm. Hələ bu mövzuda dava eləməmişik.

***

Co, şübhə çox zaman və səy istəyir. Buna mənim vaxtım yoxdur.

***

Yalnız yaşadığım üçün başqalarından daha çox yalnız olduğumu düşünmürəm.

***

Necə ki it pişikdən, ikisi birdən xrizantemalardan, qabarma-çəkilmə dalğalarından və qızılca xəstəliyindən fərqlidirsə, bu da digərlərinə bənzəməyən bir gün idi.

***

Bir çox yerdə olduğu kimi bizdə də uzun tətillərin yağışlı keçməsi haqda bir qayda var.

***

– İnsan müəyyən bir şəkildə, müəyyən bir məqsəd üçün yaradılır. Əgər bunu dəyişdirsə, nəsə partlayar, protez diş sınar, xəstələnər. Buna bənzəyir…polisin özünə cəza kəsdiyi məhkəməyə. Qanunu pozdunmu cəzanı çəkirsən. Sən onun üçün kreditli satışlarda nağd ödənişsən. Sayəndə işıq sönməyəcək.
– Niyə buralara gəldin?
– Tam bilmirəm. Gəlməliydim…kim bilir…bəlkə də işıq sönməsin deyə.

***

Görəsən “bu haqda soyuq başla düşünəcəm”, deyib, sonra da üstünə yatmaq vaxtının labüdlüyünə qarşı savaş oyunları oynayan bir uşaq kimi, ümid edilən bir gələcək ya da düzəldilmiş bir keçmiş pərdəsimi çəkirlər?

***

Mənə axmaq, amma sehrli sözlər deyirdi. Mənalarını tapanda hələ də sehrli idilər, ancaq axmaqlıqları qalmamışdı.

***

– Gizli heyranın bizə bir dinozavr yollayıb?

***

Qapını çırpdım və qışqırdım: “Bir kişinin qalası onun hamamıdır”.

***

– Bilirəm. Debora xala buna xoşbəxt yalnızlıq deyirdi. Uç, quşum! Çiyinlərindəki o uzun parçalara qanad deyirlər.

***

– Dalımca təkrarlamağını istəmirəm, amma göy üzü çökür. Bir parçası da quyruğumun üstünə düşdü.

***

Nifrət edəcəyim bir şeyə ehtiyacım var. Üzülmək və anlayış…bunlar yaramır. Atəşimi söndürəcək həqiqi bir nifrət axtarıram.

***

Yaddaş inkubator maşınıdır. Dəqiq, detallı rəsimlə başlayın; o, hərəkətə başlayır və film kimi bir dəfə başladıqdan sonra irəli ya da geri dönə bilir.

***

Yuxularından çox qorxan insanlar özlərini heç yuxu görmədiklərinə inandırırlar.

***

Necə ki, bir gün o birindən fərqli olur, iqlim, uyğunluq və əhval-ruhiyyə baxımından başqalarına oxşamayan illər də mütləq olacaq. 1960-cı il də dəyişiklik ili, gizli qorxuların üzə çıxdığı il, qayğının yuxudan ayılıb get-gedə hirsə çevrildiyi ildir.

***

Qayğı hirsə çevriləndə hirs üsyanla özünə çıxış yolu axtarırdı.

***

– Qohum-əqrəbası var idi? Bilmirsən?
– Məncə yox.
– Pulu olan hər adamın qohumu var.

***

– Axmağın biri olmadığım həqiqətinə alışanda özünüzü daha yaxşı hiss edəcəksiniz.
– Niyə əvvəlcədən məni xəbərdar eləmədin?
– Şəriklər həmişə təhlükəlidir.
– Belə olduğu təqdirdə həqiqətən cinayət işlədiyinə inanırsan.
– Xeyr. Cinayət deyilən şeyi həmişə başqaları edir. Dükanı açmalıyam. Öz dükanım olsa belə.

***

Bəzi qadınlar isti gecəyə sərinlik qata bilərlər.

***

İşləyən kişi dünyanı gündüz gözü ilə o qədər az görür ki. Xəbərləri arvadından almasına və onun təlimatlarına uyğun hərəkət etməsinə təəccüblənmək lazım deyil. Nə olduğunu, bu haqda kimin nə dediyini bilən qadındır. Hər şey qadın süzgəcindən keçdiyinə görə işləyən kişilərin çoxu gündüzün dünyasını qadın gözü ilə görürlər. Amma kişi dükanını bağlayanda ya da işdən çıxanda, bax o zaman kişinin dünyası üzə çıxar…bir müddətlik.

***

Məncə buğa döyüşləri cəsur olmayıb, amma cəsur olmağı arzulayan kişilər üçün təşkil olunur.

***

– Mənlə yatmaq istəmirsən? Yataqda yaxşıyam. Belə deyirlər.
– Sənə nifrət etmirəm.
– Elə buna görə sənə etibar eləmirəm.

***

– Nə istəyirsən?
– Eşqlə kifayətlənə bilərəm.
– Arvadını sevən bir kişinin eşqi ilə?
– Meri? Sən onu heç tanımırsan da.
– Şəfqətli, xoş, bir az da çarəsiz kimidir.
– Çarəsiz? Turp kimi qadındır. Sənin maşının metalloma gedəndən sonra da o fasiləsiz işləməyə davam edəcək. Özünü küləyin qoynuna atıb, qanad çalmadan uçan qağayıdan heç bir fərqi yoxdur onun.
– Yalan deyirsən.
– Sənin başına iş gələcək. Sən yananda o sevincək gəzəcək.

***

“Yaşca böyük” cinsdən olan bir kişi ilə tanış oldum və evləndim. Məni sevmirdi. Mənə aşiq idi. Diribaş kiçik qız üçün bu gümüş boşqabda verilən fürsət idi.

***

– Qılıncı istifadə etmək üçün nifrət yaradırsan. Merci, sənin qılıncın rezindəndir.

***

– Həyatımın icmalı. İşlər korlandımı…nə gedəcək yerim var, nə da kəlmə kəsəsi adamım.
– Evlənməlisən.
– Bu yenə danışacaq adamın olmaması deməkdir.
– Bəlkə də haqlısan.
– Bəs necə? Uzun müddət evli adam kimi yalnız biri yoxdur.

***

Marullonun işığı hələ yanırdı. Qoca kapitanın və Debora xalanın işığı kimi.
İşıq toplusu, yeganə dünya tonqalı adlı bir şey yoxdur. Hər kəs öz işığını daşıyır, tək başına, özününkünü.

Mənim işığım söndü. Yanmış fitildən daha qara bir şey yoxdur.

Bir işıq sönəndə ətraf heç yanmadığı zamandakından daha çox qaranlıq olur.

Dönməliyəm. Talismanı yeni sahibinə geri qaytarmalıyam.
Yoxsa başqa bir işıq sönə bilər.

***

Bəxtinizə briliant çıxıb. Onu çox sürtməyin, yoxsa saxta olduğu ortalığa çıxar.

Tərcümə: Lamiyə Göycəyeva

4.9 (97.14%) 7 votes

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook