Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Frans Kafka “Milenaya məktublar”

kko_frans_kafka_milenaya_mektublarAnnotasiya

Frans Kafka ilk dəfə Milena Yesenska ilə 1920-ci ildə bir əsərini çex dilinə tərcümə edərkən tanış olmuşdur. Əlaqələri qısa zamanda dərinləşmiş və iki ildən bir az artıq müddətdə davam etmişdir. 1924-cü ildə Kafka Vyana yaxınlığındakı bir sanatoriyada vəfat etmiş, Milena isə Ravensbrükdə 1944-cü ildə nasistlər tərəfindən öldürülmüşdür. Bu məktubları Milena ilə əlaqələrinin bir sübutu olaraq saxlamışdır. Kafkanın yazdığı məktublarda onu bəzən ümidsiz, bəzənsə olduqca güclü göstərə biləcək müxtəlif ruhi vəziyyətlər öz əksini tapmışdır. Hiss və duyğuları hər zaman doğmadır. İnsanlığı, təxəyyülü təbii şəkildə aydınlaşdırılmışdır.

Karandaşın izi ilə

Əzab vermə, öldür məni. Öldürməsən qatil sayılarsan.

***

Var-yoxunu – həyatını, pulunu, hislərini comərd şəkildə xərcləmiş bir insan idi.

***

Yazmamağınızdan görünür ki, çox yaxşısınız. Bizlər, adətən, yaxşı olduğumuz zaman susuruq.

***

Həqiqətən də düşüncələrimdən bəhs etməyi bir növ çatışmamazlıq sayıram…izah etməyi xoşlamıram…Bu insanın həyatını nəzərdən keçirməyi üçün cəhənnəmi dadmaq olardı.

***

Bir adam var, ölüm döşəyində uzanmış – kirli, çirkin. Birdən mələklərin ən yaxşısı gəlir: Əzrail! Bu adam ölümü sınaya bilərmi? O qədər ürəkli deyil, arxasını çevirir, daha çox girir yorğan-döşəyinin içinə. Ölə bilməz artıq.

***

Mənə elə gəlir ki, mövzular bir tərəfə, bu yazılarınızda yol göstərən bir tərəfiniz var. Bu elə bir yoldur ki, insan onun üzərində xoşbəxt, xülyalar içində yeridiyini düşünür, birdən ağlı başına gəlib o tərəf, bu tərəfinə baxanda anlayır ki, qabağa gedə bilməyib, öz dar çevrəsində fırlanıb durub, həm də əvəlkindən daha təlaşlı və qanmaz..

***

…biri mənə bağlananda anlamıram, çaş-baş qalıram. Buna görə neçə dostluqları pozmuşam. Qarşımdakının inancına, xoş niyyətinə baxmayaraq, yanıldığını göstərmək istəyirəm həmişə.

***

Yanımdasınız sanki, sizə baxıram, içdiyim suyun sizə də xeyri var, bağçada içimə çəkdiyim hava sizi də gücləndirir. Xeyr, bu az olardı, məndən çox sizi gÜcləndirsin istəyirəm.

***

Milena, kömək edin mənə. Söyləyə bildiklərimdən daha çoxunu anlayın.

***

Amma indi? – Keçdi artıq, indi yalnız öz xəstəliyimi, öz sağlamlığımı düşünürəm. Yenə də ikisi də sən deməkdir.

***

Hər halda yenə də bir yuxu gördüyümə sevinirəm. Yuxular sona çatmasa, insan oyanmır. Möhkəm-möhkəm yapışır bizə, istəsək belə oyana bilmirik. Məhz bir az yata biməyimi bu yuxuya borcluyam.

***

Gələcəyi düşünmürəm, çünki haqqında heç nə bilmirəm. Bildiyim sadəcə budur: Səndən ayrı olduğum müddətdə qorxunun əsiriyəm, ona boyun əyirəm, məndən istədiyindən daha çoxunu ona verirəm, özü də heç tərəddüd etmədən.

***

Həyat bacarıqsız şəkildə hazırlanmış mərasim yeməyinə bənzəyir. İnsan səbirsizliklə deserti gözləyir, amma əsl ləzzətli yemək – o yağlı qovurma səssiz-səmirsiz yeyilmişdir artıq.

***

Nə edəsən, yeməsən, boşalmır boşqab.

***

İstədiyin qədər mənə – “həyatı sevirsən”- de. Bu gün sevmirəm. Dünən gecənin davamında bu günü görəndə necə sevə bilərəm?

***

Bax, Milena, “Ən cox səni sevirəm” deyirəm, amma bəlkə də həqiqi sevgi bu deyildir … “Sən bir bıçaqsan, mən də dayanmadan o bıçaqla içimi deşirəm” – desəm, yəqin onda həqiqi sevgini ifadə etmiş olaram…

***

Adi bir hadisə idi, acısı deyil, təsiri adi idi.

***

Dünən gecə səni yuxumda gördüm, tam xatırlamıram, amma bir-birimizdə əriyirdik. Sən mənə, mən sənə çevrilirdim.

***

Bütün insanlar qəribə bir canlılıq içindədir, heç ölməyəcəkmiş kimi, amma həqiqi ölümsüzlük kimi deyil bu canlılıq, yaşadıqları saatın dərinliklərinə enən bir canlılıqdır sadəcə.

***

Gücüylə məni canlandırmaq üçün əvvəl sanki öldürür, amma sonra da gücü çatmır diriltməyə.

***

“Əvvəl” ilə “heç bir zaman” arasında fərq yoxdur.

***

Biz səninlə ikimiz yanaşı dayanıb, yerdə uzanmış varlığımı səssiz seyr edirik. Amma özümə baxsan, mən cansızam artıq.

***

Kədər- gecə-gündüz, yatarkən, ya oyaq olanda, fərqi yoxdur, vücuduna sancılmış bir ox daşımaq deməkdir.

***

Beləliklə, ikisindən birini gözləyirəm. Sonrakı sükut ya “Narahat olma, hər şey qaydasındadır” deməkdir; ya da heç olmasa bir neçə sətir.

***

Sizi çex dilində oxumaq istərdim. Axı bu sizin ana dilinizdir, yalnız bu dildə Milena tamdır (tərcümə də bunu sübut edir), burda isə vyanalı Milenadır, ya da Vyanaya hazırlaşan Milena.

***

Nişanlanmağım haqda soruşursunuz. İki dəfə nişanlanmışam (lazımdırsa, hətta üç dəfə – çünki iki dəfə eyni qızla. İkinci qız hələ sağdır, ancaq hələki evlənməyib, yəni, düzünə qalsa, artıq sağ da deyil – ya da, daha dəqiq desək, başqalarının hesabına sərbəst yaşayır).

***

Kişi həmişə daha çox əzab çəkir, ya da buna başqa tərəfdən baxsaq, daha az müqavimətlə üzləşir, qadın isə günahsızcasına əzab çəkir, bu, sözün əsl mənasında, “nəsə eləməyə zəif olduqları”na görə deyil, amma nəticədə yəqin ki, səbəb elə həmin “zəiflik” olur. Yenə də bu işdə baş sındırmağa nə hacət? Sanki cəhənnəmdə qaynar qazanı tək aşırmaq istəyirsən; birinci bu alınmır, ikinci alınsa, sən özün də ondan axıb tökülən odlu lavada yansan da, ancaq cəhənnəm öz əzəmətini qoruyub saxlayacaq. Başqa cür hərəkət etmək lazımdır.

***

Mövcud olanlardan ən məsumu yuxudur, ən günahkarı isə yuxunu dada bilməyəndir.

***

Çox gözəl insanlar! Necə xeyirxahdırlar, necə kübardırlar! Və mən özüm necə rəziləm. Ürəyimə nəzər sala bilsəydilər…Çünki desəm inanmayacaqlar.

***

Uşaqlar hər şeyi ciddi qəbul edir, onlar üçün qeyri-mümkün heç nə yoxdur, onların səni on dəfə suya itələmək cəhdi uğursuzluqla nəticələnsə də, bu onları on birincinin də uğursuzluqla nəticələnəcəyinə inandırmayacaq. Onlar hətta əvvəlki on cəhdin uğursuzluğunu da xatırlamayacaqlar.

***

Bu bir daha idrakın baxışı ilə yoxlanışdan keçirilməsi gərəkən cəhənnəm cəzasının əlaməti olacaq, özüdə burda ən pisi aşkar əməlləri yox, məhz vaxtilə yaxşı hesab edilən əməlləri gözdən keçirtməkdir.

***

Kimsə sizi danlayanda, incikliyi, heç olmasa, mənim minnətdarlığımla tarazlaşdırmağa çalışın.

***

Sizi daha aydın görürəm, bədəninizi, əllərinizi, elə cəlddirlər, elə qərarlıdırlar, bu demək olar ki, görüşdür, – düzü sonra gözlərimi qaldırıb üzünüzü görmək istədikdə, məktubum – bu nə pritçadır belə! – od tutub yanır və mən alovdan başqa heç nə görmürəm.
Beləcə aludə olub, Siz tərəfdən ortalığa atılmış Sizin mövcudluq qanununuzu yoxlamaq olar.

***

Zira qanundan xəbərsizlik cəsarət və təşəxxüsdən başqa heç nə deyil.

***

Belə olduğu təqdirdə mənə yalnız sakitcə əlinizi öpmək qalır. Mənə gəldikdə isə, əlbəttə, sizin qanuna inanıram, ancaq onun belə açıq-saçıq qəddar olduğuna və sizin həyatınızı əbədi qoruyacağına inanmıram; o kəşf də olsa, yolda baş verən kəşfdir, yol isə sonsuzdur.

***

Sizin mənə münasibətdə üç imkanınız olub. Məsələn, özünüz haqda danışmaya bilərdiniz, belə olduğu təqdirdə məni Sizi tanıma xoşbəxtliyindən və – xoşbəxtlikdən vacib nə ola bilər ki – özünüzü bunlarla sınamaqdan məhrum edərdiniz. Deməli, mənim qarşımda qapanmağınıza lüzum yoxdur. Sonralar çox şey haqda susub, çox şeyi şişirdə də bilərdiniz – indi də edə bilərsiniz – mən bildirməsəm də indiki şərait daxilində bunu hiss edərdim və bunlar mənə ikiqat əzab verərdi. Deməli, bunu da etməməlisiniz. Bircə üçüncü imkan qalır: fürsət düşdükcə özünüzü xilas etməyə çalışmaq. Heç nəyə baxmayaraq məktublarınızda belə bir imkana zəif bir ümid sezilir. İndi məktublarınızda tez-tez hüzur və mətanət haqda oxuyuram.

***

Həkimin diaqnozunu qənaətbəxş hesab etmirəm – dəqiq desək, diaqnoz nə elədir, nə belə və onu başa düşmək Sizin özünüzü necə aparmağınızdan asılıdır. Şübhəsiz, bütün həkimlər qanmazdırlar; bununla belə, onlar başqalarından, bəlkə də, daha az qanmaz deyillər, ancaq onların ambisiyaları gülməlidir; necə olursa olsun, onlara işimiz düşən kimi, daha da qanmazlıq etdiklərini nəzərə almaq lazımdır; ancaq həkimin Sizdən tələb etdiyini hələlik nə axmaqlıq, nə imkansız şey adlandırmaq olar. Sizin gerçəkdən xəstələnməyiniz – yalnız buna görə imkansızdır və beləliklə, o, imkansız kimi qalmalıdır. Həkimlə danışdıqdan sonra həyatınızda nə dəyişib – əsas məsələ budur.

***

Yaxşı, onda bu məsələdə Sizə küskün olacam, amma bu da, böyük dərd deyil. Axı tarazlığı saxlamaqdan yana ürəyimin bir küncündə Sizə qarşı bir balaca küskünlük saxlamaq, hətta, əladır.

***

Yəqin gözəl bazar günlərinin birində orda, tənhalıqda siması “yazılıb doldurulmuş vərəq” olan “yad insan”ın qarşısında oturmaq acınacaqlıdır.

***

Öz iblisləri ilə incidilən insan, heç istəmədən yaxınından qisas alır. Belə dəqiqələrdə Siz onu tam azad etmək istərdiniz, ancaq edə bilmirsiniz, onda Siz özünüzü vecsiz adlandırırsınız. Kim belə təhqir arzulaya bilər? Axı hələlik bunun öhdəsindən heç kim gəlməyib, o cümlədən, elə İsa da. O yalnız “Ardımca gəlin”, sonra isə bu böyük cümləni (təəssüf ki, mən sitatı düz gətirə bilmirəm): Mənim sözümə əməl et, onda görəcəksən ki, bu insanın yox, Allahın sözüdür – deyə bilmişdi. Və yalnız onun ardınca gələn insanların içindən iblisləri qova bildi. Özüdə həmişəlik yox, çünki ondan ayrılan kimi, o da təsirini və “köməyini” itirirdi. Yeri gəlmişkən – Sizinlə razılaşdığım yeganə şeydir, – o da günaha batırdı.

***

Həm sizə ehtiyacım var desəydim, yalan demiş olardım; ən mükəmməl, ən əzablı möcüzə – Siz burdasınız, mən burda olan kimi, hətta daha çox; mən hardayamsa, Siz də ordasınız və hətta daha çox.

***

Siz ki hökm verməlisiniz, axı əvvəl-axır hökmü məhz qadın verir.

***

İş, ümumiyyətlə, heç gülünclükdə də deyil, bəlkə, ayrı-ayrılıqda gülüncdürlər, nəsə vahid bir şeyin parçası olduqda ciddi və yaxşı olacaqlar, – məgər Sizi həmin insanların yanında saxlayan bu deyil?

***

Sözsüz, belə maraqsız həyat özü üçün mövcud deyil, o, insanlığa aparan yolda özünəməxsus yol nişanı kimi xidmət göstərir. Daha xoşbəxt addımladığın, birdən gözlərini açıb, irəli getmədiyini anladığın, hələ də öz labirintində dolaşıq düşdüyün yolda. Ancaq həmişəkindən daha böyük həyəcan və çaşqınlıq içinə.

***

Məktublara belə ehtiras sadəcə mənasızdır. Məgər bir məktub, bir xəbər bəs deyilmi? Əlbəttə bəsdir, amma yenə də yırğalanan kürsüyə yayxanıb, bu məktubları içirsən və yalnız onu bilirsən ki, dayanmadan onları bax elə beləcə içərdin.

***

Tanışınla rastlaşıb, maraq dolu həyəcanla soruşanda ki, iki dəfə iki neçə edir – bu dəlinin verə biləcəyi sualdır, ancaq orta məktəbin birinci sinfində bu sual olduqca yerinə düşür.

***

İş orasındadır ki, kiminsə mənə bağlandığını görəndə çaşıb qalıram. Məntiqli düşüncə tərzimə görə hərdən başqa insanlarla əlaqələrimi pozuram. Möcüzədənsə, başqasının səhvinə inanan həmişə daha çox olur.

***

Zira təklifin əhəmiyyətini hamı, istisnasız hamı təsdiq etməlidir. Onda hiylə varsa – guya harda yoxdur ki, lazım gəldikdə balacalaşan bu qorxunc heyvanın cilovunu əldən verməməliyəm.

***

Əlbəttə, çərşənbə axşamının məktubunda da itiuclu tikan var, bədənimə girir, ancaq onu sən sancırsan, sənin – əlbəttə, bu sadəcə bir anlıq həqiqətdir, həqiqət anıdır, xoşbəxtlik və ağrıdan titrəyən an, – sənin etdiyin nəyə dözməzdim ki?

***

Yenə məktubu zərfdən çıxarıram, bax bu yer: xahiş edirəm, mənə bir də – həmişə yox, bunu istəmirəm – bir də “sən” de.

***

İnsan axmaqlıq nümunəsidir. Tibet haqda kitab oxuyuram, Tibetlə sərhəd dağlarda yerləşən bir kəndin təsvir yerinə çatıram və birdən ürəyimə ağırlıq çökür, bu kənd orda, Vyanadan uzaq elə çarəsiz yetim təsiri bağışlayır ki. Özüdə Tibetin Vyanadan uzaqlığını axmaqlıq adlandırıram ha. Görəsən uzaqdır?

***

Milena, deyəsən, sənlə bir ümumi cəhətimiz var: elə ürkək və cəsarətsizik ki, hər məktub artıq başqa cürdür, hər məktub özündən əvvəlkindən, ən çox isə cavab məktubundan qorxur.

***

Hətta mənim də təbiətim belə deyil, ancaq demək olar ki, təbiətimə çevrilib və yalnız ümidsizlik qabarmasında, qəzəbdə və – yaddan çıxmamış – qorxuda keçib gedir.

***

Hərdən mənə elə gəlir ki, ikimizin bir otağı var. Qapıları qabaq-qabağa yerləşmiş bir otaq. İkimiz də dəstəkdən tutmuşuq, birimizin bir balaca kipriyi titrəyən kimi, digərimiz sürüşüb aradan çıxırıq, birimiz bir söz deməyə bəndik ki, o birimiz, şübhəsiz, növbəti saniyədə qapını arxasınca örtsün. Təbii, o sonra qapını yenidən açacaq, zira onların bu otağını tərk etmək də olmur. Biri digərinin oxşarı olmasaydı, daha sakit olardı, özünü elə göstərərdi ki, sanki o tərəfə baxmır, yavaş-yavaş otağı yığışdırardı – sanki digər otaqlardan heç nə ilə fərqlənmir. Amma hardadır o bəxt, o da öz qapısının ağzında eyni işlə məşğuldur, bəzən isə ikisi də qapı arxasında qalır və budur gözəl otaq boşdur.

***

Tam dəqiqliklə ölçüb-biçilən söz yoxdur.

***

Otuz səkkiz illik səyahətin (bir halda ki, yəhudiyəm bu daha uzun çəkdi) sonunda, sanki təsadüfən küçənin döngəsində birdən Sizi görürəm, görmək üçün heç arzulamadığım birini, özüdə indi, belə gec. Onda, Milena, qışqıra bilmirəm, içimdə heç nə qışqırmır, axmaq sözlər söyləyə bilmirəm, onlar məndə yoxdur. Və diz üstə düşməyimi, yəqin ki, yalnız gözümün önündə ayaqlarınızı görəndə başa düşürəm. Və ehtiramla onlara toxunuram.

***

Siz – gənc, gözəl – taxta stolun yanında möhkəm dayanmısınız və parıldayan gözlərinizin nuru ilə dünyəvi hüznü boğursunuz.

***

Suallar kifayətdir; onlar yeraltı gecədə bərk yatmışdılar; onları gündüz işığına çağırmaq nəyə lazımdır? Onlar boz və qəmlidirlər – və insanı da bu hala salırlar.

***

Siz məni düz başa düşmədiniz, ancaq eybi yoxdur: nitq mənə ünvanlanıb, mənsə heç də təqsirsiz deyiləm, qəribə də olsa, əsas ona görə ki, yuxarıda verilən bütün suallara yalnız “yox” və “heç vaxt”la cavab verə bilərəm.

***

Milena, insanları tanımaq sahəsində işləriniz necədir?
Hərdən bu biliyinizə şübhə etməyə başlayıram, məsələn, Siz Verfel haqda yazanda; sətirlərinizdə məhəbbət (bəlkə də, elə təkcə məhəbbət) də səslənir, ancaq qanmaz məhəbbət; Verfelin bir insan kimi mahiyyətindən uzaqlaşsaq və onu bir gombul kimi mühakimə etsək (yeri gəlmişkən, bu tənbeh də mənə yersiz görünür, – məncə Verfel il ildən daha yaraşıqlı, daha mehriban olur, düzü, onunla gec-gec görüşürük), məgər bilmirsiniz ki, elə təkcə gombullara inanmaq olar? Yalnız bu gombul damarlarda hər şey hazır vəziyyətə gətirilir, yalnız hava məkanının bu kapitalistləri qayğı və ağılsızlıqdan, insan üçün mümkün olduğu qədər, uzaq gəzirlər, onlar sakitcə öz işləri ilə məşğul ola bilirlər, bir vaxtlar birinin dediyi kimi və yalnız onlardan əsl vətəndaş kimi bu dünyaya fayda var, zira şimalda onlar isidirlər, cənubda kölgə salırlar. (Əlbəttə, əksini də söyləmək olar, ancaq bu doğru olmazdı.)

***

Bizim şəhərlərdəki yəhudilərin indiki və keçmiş nəsillərinə tətbiq etsək, bu, demək olar ki, qəhrəmanlıqdır, zarafat bir kənara, əgər saf cavan bir qız öz valideynlərinə: “Buraxın məni!” – deyib, yəhudinin yanına gedirsə, bu, Orlean qızının öz kəndini tərk etməyindən daha mühüm hadisədir.
Belə olduğu təqdirdə, Siz, şübhəsiz, yəhudiləri lazımsız yerə qorxduqlarına görə tənbeh etməkdə haqlısınız, ancaq belə bir tənbeh insanları əməli cəhətdən deyil, nəzəri cəhətdən tanıdığınıza sübutdur; ona görə nəzəri ki, birincisi bu tənbehinizin, Sizin əvvəlki təsvirinizə görə ərinizə heç bir aidiyyatı yoxdur; ikincisi, mənim təcrübəmə əsasən, yəhudilərin əksəriyyətinə aidiyyatı yoxdur; üçüncüsü, onun, ayrı-ayrı nüsxələrə aidiyyatı var, ancaq daha çox, – məsələn, mənə. Burda ən təəccüblü şey tənbehin əksəriyyətə qarşı ədalətsizliyindədir; yəhudilər yalnız bərk yapışaraq yaşaya bilərlər, axı bir dəfə nəyisə əllərindən buraxsalar, o, artıq geri dönməyəcək, sakitcə onlardan uzaqlaşacaq. Heç gözlənilməyən yerlərdən yəhudiləri təhlükə gözləyir – ya da, daha dəqiq desək, təhlükəni bir kənara qoyub söyləyək: “hədə ilə qorxudulurlar”.

Belə görünür ki, yəhudilərin ümumi qətiyyətsizlik hissi (burda söhbət həm, daxili qətiyyətsizlikdən gedir, həm mühitə inamsızlıqdan) onların yalnız əlləri və dişləri ilə tutduqlarını özlərininki hesab etmək vərdişlərini daha asan anlaşılan etməlidir.

***

Yolu azdım deyəsən, ancaq eybi yoxdur, çünki ümid edirəm mənlə gəlirdiniz və biz birlikdə azmışıq.

***

İçimdə elə bir hiss var ki, sanki əlinizdən tutub sizi öz hekayəmin zülmət, alçaq, qorxunc yeraltı yolları və dəhlizləri ilə keçirmişəm. Sonsuz yolları ilə. Az qala əbədi (Sizsə deyirsiniz yalnız iki ay?). Ümid edirəm ki, çıxışda, gün işığında özümdə kifayət qədər idrak tapacam ki, izsiz itə bilim.

***

Siz “o haqlıdır” deməyənə qədər sakitləşməyəcəm.

***

Xahiş edirəm, ünvanı daha aydın yazın; məktubunuz zərfə qoyulan kimi, o artıq mənim mülküm olur və Siz başqasının mülkünə daha ehtiyatla və böyük məsuliyyətlə yanaşmalısınız.

***

Yeri gəlmişkən, mənə də elə gəlir ki, məktublarımdan biri yolda itib. Yəhudi ehtiyatlılığı! Əslində başqa şeydən – məktublar sağ-salamat ünvana çatacağından qorxmaq lazımdır!

***

Boşboğaz isə özünə bəraət qazandıraraq deyir: “Axı insan bir az sevinəndə boşboğazlıq edir”.

***

Dediyimdən daha çox anlamağa çalışın!

***

Ruhum xəstədir, ağ ciyərlərimin xəstəliyi isə ruhi xəstəliyimin sərhədləri aşması ilə əlaqədardır.

***

Prussiya və yəhudi qarışığı, güclü, yenilməz qarışıq. Canım elə də bərk deyildi; düzü o təkcə əzab çəkməli olurdu, mən isə eyni vaxtda həm zərbə endirir, həm də əzab çəkirdim.

***

Ucsuz-bucaqsız o ağ kağız, gözlərini yandırır, ona görə də yazırsan.

***

Başqa cür edə bilmərəm, çünki Karlsbadda nə danışa, nə susa biləcəkdim, daha dəqiq desək: susaraq da danışardım, axı mən indi – yeganə bir sözdür.

***

Dayanmadan, gecə-gündüz, cavab məktubunuzun qarşısında titrəyərək bu haqda özümdən soruşuram, xeyri yoxdur, sanki mənə bütün həftə boyu, gecələr də dincimi almadan daşa mismar vurmaq, həm fəhlə, həm mismar olmaq tapşırılıb.

***

Məktubunuz gəldi, məktubunuzun xoşbəxtliyi.

***

Mənim qorxum – və başa düş: sənin cavanlığın, saflığın, cəsarətin; qorxum isə elə hey artır, zira o hücuma keçən dünya qarşısından geri çəkilmək deməkdir, buna görə də hücum güclənir, yenə də, qorxunun artması, sənin cəsarətin isə hücum deməkdir, burda – hücumun zəifləməsi və cəsarətin çoxalması – məni yalnız sakit məktublar xoşbəxt edə bilər; mən bax belə, bəxtəvərlər kimi onların ayaqları altında oturardım. Bu alovlanan başa yağan yağışa bənzəyərdi.

***

Dua edirəm, bu məktubla tufan kimi otağıma gələsən, sonra açıq pəncərədən çıxıb gedəsən, axı otağımda tufanı saxlaya bilmərəm.

***

Qorxudan bir-birimizi düzgün başa düşmürük.

***

Hərdən istəyirəm onları məhz yəhudi kimi hamısını (elə özümü də) itələyib dolabın yeşiklərinə yığım, bir az gözləyim, sonra yeşiyi bir balaca çəkib baxım görüm, boğulublar ya yox, boğulmayıblarsa, yenə yeşiyi yerinə qaytarım və beləcə axıra kimi gözləyim…

***

Milena bilirsənmi, sən onun yanına getdin və özün dayandığın səviyyədən aşağıya doğru böyük addım atdın, mənim yanıma gəlsən, uçuruma düşəcəksən. Bunu bilirsən?

***

Nəhayət soruşdum: “Nə edim, bütün günü gözləyim?” – “Hə”, – dedin və üzünü səni gözləyən insanlara tərəf döndərdin. Cavabının mənası o idi ki, sənin gəlmək fikrin heç yoxdur və mənim üçün edə biləcəyin yeganə güzəşt gözləməyə icazə verməkdir. “Mən gözləməyəcəm”, – sakitcə dedim, elə fikirləşdim ki, eşitmədin, bu isə nə də olmasa, axırıncı kozırım idi, arxanca qaça-qaça var gücümlə bu sözləri qışqırdım. Ancaq bu, heç sənin vecinə də deyildi.

***

Poçt işçilərində mənim gözlərim olsaydı, yəqin, onlar sənin ünvanlarından başqa heç nə oxuya bilməzdi.

***

Unutma ki, zarafat və ciddiyyəti bir-birindən fərqləndirmək asan olsa da, sənin üçün dəyərli, həyatının asılı olduğu adamlar üçün bu elə də asan deyil, risk çox böyükdür, gözlər mikroskopa çevrilir və onda daha heç nə görmək olmur.

***

Onları oxumayasan, stolun üstünə sərəsən, üzünü onların içində gizlədib ağlını itirəsən.

***

Siz ağıllısınız. Siz dərhal düzünü, ancaq çox səmimi danışdığımı sezdiniz.

***

Həqiqəti demək çətindir, zira o tək olsa da, canlıdır və bütün canlılar kimi onun da çox üzü var.

***

Nə mən – mən böyük şahmat taxtasında yalnız piyadayam, piyadanın piyadası, ondan da balaca bir şey, – anidən oyunun sərt qaydalarına rəğmən, onu pozub şahın yerini tutmağa çalışıram, – mən, piyadanın piyadası, var olmayan, oyunda iştirak etməyən biri, – bir də baxırsan ki, şahın özünün yerini tutub, ya da bütün taxtanı!

***

Madam bu gün bu gündür, sabah sabahdır, onda özüm üçün fəaliyyət azadlığı saxlayıram.

***

Bu gün Vyananın planını öyrəndim, ağlım kəsmir, niyə belə böyük şəhər salıblar, – axı sənə bir otaq kifayətdir.

***

Beləliklə, görüşənədək (Vyanada olması mütləq deyil, məktublarda da olar).

***

Budur oturmuşam, düz qabağımda sənin üzün, vidalaşanda perronda olduğu kimi. O, hələ şahidi olmadığım təbiət hadisəsi idi: buludlarda yox, içdə sönən günəş işığı.

***

Nə deyəcəyim tamamilə aydındır, necə deyəcəyimi bilmirəm.

***

И не забывай при этом о твоем столь весомом «и все‑таки!».

***

Birinci təəssüratım kədərli, kədərli perron simadır, məzmununa görə yox, qocaldığına, bütün bunların keçmişdə qaldığına görə kədərli: bizim meşəmiz, şəhərə yaxın qəsəbəmiz, yolumuz. Axı bu yol bitmir, yoxluğa getmir, bu, ox kimi düz, ümumi yoldur, daşlı döngələrlə yuxarı, xiyabana əks istiqamətdə, axşam günəşinə doğru gedir, o qurtarmır, və yolun qurtarmadığını demək çox axmaq zarafatdır.

***

Qulaqlarımda balaca zəng cingildəyir: “O artıq sənlə deyil”; düzdür, hardasa göylərdə böyük bir zəng də var, o isə belə cingildəyir: “O səni tərk etməyəcək”, – ancaq balaca zəng çox yaxındır axı, lap qulaqlarımda!

***

Ağlasığmazdır, səndən necə uzaq olmaq olar.

***

Yəhudi mələyisən sən.

***

Ona görə zərbədir ki, vaxtımı alacaq, mənə isə vaxt lazımdır, bütün vaxtdan min dəfə çox, ən yaxşısı isə hər zaman – sənin üçün lazımdır, sənin haqda düşünmək, sənin üçün nəfəs almaqdan yana.

***

Bu reallığı, sənə məxsus reallığı aşan arzuları dilə gətirəndə üzümə dəyən şillələrə tamamilə layiqəm.

***

Milena, bunu qısqanclıqdan demirəm, qısqanmıram. Ya dünya belə balacadır, ya biz belə böyük, hər halda biz onu bütün doldururuq. Kimə qısqanım axı?

***

Sənə inanmasaydım, mənim üçün olduğun kimi ola bilərdinmi? Belə təəssürat mənə qısa cismani yaxınlıq və sonra birdən cismani ayrılıq yaşamaq qismət olduğundan yaranır (niyə məhz bazar günü? niyə məhz səhər saat yeddidə? ümumiyyətlə, niyə?), – əlbəttə, bütün bunlardan adamın başı hərlənə bilər. Bağışla! İndi isə sakit gecəyə, gözlədiyin yuxuya, bir axınla bütün məni, mənim olanı – səndə rahatlana biləcək hər şeyi – qəbul elə.

***

Beləliklə, səni kresloya əylaşdirirəm – və özümü itirirəm, sözlərlə, gözlərlə, əllərlə, zavallı ürəyimlə bu xoşbəxtliyi necə ifadə edim, bilmirəm – sənin mənlə, sənin həm də mənim olmaq xoşbəxtliyini. Belə bir halda axı mən səni yox, daha böyük bir şeyi – sənin mənə bəxş etdiyin həyatı sevirəm.

***

Hərdən mənə elə gəlir ki, biz birlikdə yaşamaq əvəzinə, ölmək üçün sakitcə bir-birimizin yanında uzanacağıq. Nə olur olsun – hər şey sənin yanında olacaq.

***

Heç nəyə baxmayaraq, siz ey dilsiz-ağızsız, hərəkətsiz, yürüşdə iştirak edən, vəhşicəsinə sadəlövh insanlar, heç nəyə baxmayaraq, biz sizi tək buraxmayacağıq, hətta sizin böyük axmaqlıqlarınızda da, xüsusilə onlarda.

***

Bu sadəcə tənhalığın xəstə xəyallarıdır.

***

Niyə mən, məsələn, sənin otağında xoşbəxt bir şkaf, sən kresloda və ya yazı stolunun arxasında oturanda ya da divanda uzananda və ya yatanda düz sənə baxan şkaf deyiləm? Niyə mən şkaf deyiləm? Ona görə ki, son günlərin müsibətlərində səni görsəm, ya da sən Vyanaya gedəsi olsaydın, əzab-əziyyətdən qırılardım.

***

Birlikdə olandan sonra həyat necə asan olacaq, – necə axmağam, bu haqda yazıram! – sual və cavab, göz-gözə.

***

Onda, yəqin, belə çıxır ki, bizim hər birimiz izdivacda yaşayırıq: sən Vyanada, mən öz qorxumla Praqada, və hər birimiz – təkcə sən yox, mən də – əbəs yerə bu bağları qırmağa çalışırıq.

***

Səndən fərqli olaraq, mənim sübuta ehtiyacım yoxdur, sən mənim üçün hər şeydən yüksəksən, sən aydınlıq və etibarın özüsən.

***

Əslində onunla birgə həyatında mən yalnız ən yaxşı halda ildə bir dəfə xalça üzərində qaçmasına icazə verilən “böyük ev”dəki siçanam.

***

Mənə, sənin yüksəkliyindən baxanda heç nə görünməyən belə bir dibə tənəzzül etmək üçün bütün dünyanı qurban etsən, – bunun üçün aşağı düşməməliydin (ən qəribəsi də budur!), nəsə fövqəlinsan gücü ilə özündən yüksəyə qalxmalı, sərhədlərini aşmalı idin – elə bir yüksəkliyə ki, yəqin orda hər şey mütləq uçurum və məhvlə bitərdi (əlbəttə, mənim üçün də).

***

Hər şeydən çox hansısa üçüncü bir yolla, nə sənə, nə ona gedən, harasa tənhalığa gedən yolla qaçmaq istərdim.

***

Yazırsan ki, ola bilsin gələn ay Praqaya gəldin. Mənsə az qala xahiş etmək istəyirəm ki, gəlmə. Qoy nə vaxtsa təcili sənin gəlməyini istəsəm, sənin dərhal gələcəyinə ümidim qalsın, ancaq yaxşısı budur indi gəlmə. Axı yenə geri qayıtmalı olacaqsan.

***

Balaca olanda bir dəfə on kreyserlik mis pul aldım. Onu böyük və kiçik Rinqin arasında oturan qoca dilənçi qarıya elə vermək istəyirdim ki. Məbləğ mənə böyük görünürdü, yəqin, heç bir dilənçiyə bu miqdarda pul verilməyib, ona görə qarıya qarşı belə bir hərəkət etməkdən utanırdım. Ancaq pulu ona vermək lazım idi, bu səbəbdən, onu xırdaladım, dilənçiyə bir kreyser verdim, kiçik Rinqin ratuş və arkadalardan ibarət bütün kompleksini dolandım, sol tərəfdən yeni xeyirxah qismində zühur etdim, dilənçiyə daha bir kreyser verdim, sonra yenə dabanıma tüpürdüm və bəxtəvərcəsinə bunu on dəfə təkrarladım. (Bəlkə daha az, məncə qarının səbir kasası doldu və qaçıb çıxıb getdi).
Özün görürsən, dilənçilərlə mənimki alınmır, ancaq heç nəyə baxmayaraq bəyan edirəm, Operanın yanındakı hər hansı dilənçi qadına indiki və gələcəkdə əldə edəcəyim bütün varidatımı Vyananın ən kiçik valyutası ilə ödəməyə hazıram, bir şərtlə, sən yanımda olacaqsan və mənə sənin yaxınlığını hiss etməyə icazə veriləcək.

***

Cavabını bilirəm, amma onu yazılı şəkildə görmək istəyirəm.

***

Çox sağ ol, təşəkkür edirəm, bütün məzəmmətimi geri götürürəm: heç məzəmmət də deyildi – eyni nəvaziş idi, yalnız bu dəfə ovcumla deyil, əlimin dal tərəfi ilə sığallayırdım. Çünki o çoxdan paxıllıq edirdi.

***

Qarşındakı insanı yalnız varlığınla xilas edə bilərsən, başqa heç bir şeyin yararı olmaz. İnsan boğulan birini xilas edirsə, əlbəttə, bu qəhrəmanlıqdır, ancaq sonra xilas etdiyinə üzgüçülük dərsləri üçün abonement vermək nəyə lazımdır? Bu işi asanlaşdırmaq deyilmi? Bəlkə də bir az başından eləməkdir. Var olduğunu düşünmək daha çox cəsarət verər. Hər an köməyinə gələcəyinə ümid etmək daha gözəldir.

***

Büro mənim üçün məktəb, gimnaziya, universitet, ailə, hər şey necədirsə elədir, harda oluramsa olum məsum gözləri ilə mənə baxan canlı insandır. Qəribə bağlılığımız olan, hal-hazırda Rinqboyu avtomobillərdə gedən insanlardan da yad bir insan. Dəhşət yad. Və elə bu səbəbdən ona çox diqqət yetirmək lazımdır.

***

Yox, mən “güclü” deyiləm, yaza da bilmirəm, heç nə edə bilmirəm. Sənsə, Milena, məndən üz döndərirsən, bilirəm qısa müddətlikdir, ancaq, bax, ürəyi döyünmədən insan çox dözə bilməz, ürək döyünməsə, sən üz döndərdiyin halda necə döyünsün axı?

***

Özün üçün, fikirləşmədən, qəhrəmancasına kədərsiz həyatında yaşayırsan.

***

Əlverişli şəraitdə otağın özündə də “itmək” olar, burda imkanlar sonsuzdur və həyatın özündə də “ölmək” olar.

***

Eh, məhz indi belə çox sənəd gəldi. Mən nəyə görə işləyirəm, hələ üstəlik yuxulu halda? Nəyə görə? Mətbəx sobası üçün.

***

Ümumiyyətlə, biz elə hey eyni şeydən yazırıq. Gah mən səndən xəstə olub-olmadığını soruşuram, sonra sən bu haqda yazırsan, gah ölmək istəyirəm, gah sən, gah mən sənin önündə balaca uşaq kimi ağlamaq istəyirəm, gah sən mənim, yenə də balaca uşaq kimi. Və bir dəfə, və on dəfə, və min dəfə, və hər dəfəsində də səninlə olmaq istəyirəm, sən də belə deyirsən. Yetər, kifayətdir.

***

Yenə də həkimin nə dediyi haqda məktub yoxdur, sən astagəl, fərsiz müxbirsən, qəddarsan, mehribansan – daha nə? Heç nə, dizlərində sakitləşmək.

***

Onların içində ən yaxşısı mənim “qorxuma” bəraət qazandırmağın idi. Eyni vaxtda ona bəraət qazandırmağın mümkünsüzlüyünü beynimə yeritmək istəyirsən. Axı mən də, yəqin, hərdən öz qorxusu ilə ələ alınan vəkil təsiri bağışlayıram, qəlbimin dərinliyində, mənə elə gəlir ki, həqiqətən onu doğrulduram – axı bütünlüklə ondan ibarətəm, və o, yəqin məndə olan ən yaxşı şeydir. İndiki ki, o, məndə olan ən yaxşı şeydir, ola bilsin ki, elə sənin məndə sevdiyin də bircə odur.

***

Mənsə səni sevirəm, sən ey fəhmsiz varlıq. Dəniz öz dibindəki balaca daşı sevən kimi mənim də məhəbbətim bütünlüklə səni öz sularında qərq edir, – göylər icazə versə, sənin üçün belə bir daş mən olacam.

***

Nəyəsə bir daha sahiblənmək olar? Bu onu itirmək demək deyilmi?

***

Beləliklə, yalnız xanım Kolerdən kitabların yazı stolundan gecə stolunun üstünə köçdüyünü öyrənirəm. Məndən mütləq bu köçə razı olub-olmadığımı soruşmaq lazım idi. Deyərdim: “Yox!”

***

Hər yəhudinin öz Klara xalası var.

***

Şkafa gəlincə. Deyəsən o bizim birinci və axırıncı davamıza səbəb olacaq. Mən deyəcəm: “Onu tullayacam getsin”. Sən deyəcəksən: “Yox, saxlayaq”. Mən: “Ya o, ya mən. Seç”. Sən: “İndi. Şkaf, Kafka – burda həmavazlıq var. Şkafı seçirəm”. – “Yaxşı”, – deyəcəm, asta-asta pilləkanla (hansı ilə?) aşağı düşəcəm və dərhal Dunay kanalını tapmasam, bu günə kimi yaşayacam.

***

Pis yatanda, suallar verirsən, özün də bilmirsən nədən. Həmişə soruşmaq istəyirsən, axı yatmamaq elə soruşmaq deməkdir; cavab olsaydı, yuxu da olardı.

***

Bədbəxtliyim ondadır ki, bütün insanları – birinci isə mənə ən dəyərli olanları – yaxşı adam hesab edirəm, həm ağlımla həm ürəyimlə.

***

Sonumuz çox yaxındır. Bunda nə qədər anlıq ümidsizlik, nə qədər əbədi həqiqət ifadə olunub?

***

Hər şey elə dəhşətli, anlaşılmaz, ən əsası isə öz keçmişimiz kimi elə yaxın və elə uzaqdır ki.

***

Yəhudilik, sənin ayaqlarının altında olsa belə, qorxulu şeydir.

***

Конечно, вне всякого сомнения, для твоего отца нет никакой разницы между твоим мужем и мною, для этого европейца мы, как негры, на одно лицо;

***

Heç bir gün keçməmiş cavabını ala biləcəm. Axı həmişə bu cavab “gəlmə” olmayacaq ki.

***

Özün yaratdığın imkanın üstündən xətt çəkməyə tam hüququn çatır, bu haqda heç yazmağına da ehtiyac yoxdur, sadəcə bu qaranlıq otaqdan sənə doğru dar yolu elə sevinclə salmışdım ki, yavaş-yavaş özüm də, bəlkə də (başısoyuqluq o dəqiqə sözümü kəsir: əlbəttə! əlbəttə! əlbəttə! ), sənə aparan bu keçidə atılmışdım, o isə sənə aparmaq əvəzinə keçilməz “xahiş-edirəm-gəlmə” qayasına dirəndi və istər-istəməz tez salınan həmin yolla asta-asta geri qayıtmaq və onu üstünü məni mən eləyən şeylərlə örtmək lazım gəldi.

***

Dişimi dişimə sıxıb, ən aydın gündə gördüyüm gözlərinə baxaraq hər şeyə – ayrılığa, təlaşa, qayğıya, sənin səssizliyinə – dözə bilərəm.

***

Məktubların olmadan keçən günlər dəhşət idi, doğru deyil, onlar ancaq dəhşət ağır idilər – qayıq ağır idi, dalğalar dəhşət dərin, sonuna kimi qərq olmuşdu, ancaq yenə də sənin sularında, sənin axınında üzürdü.

***

Davos haqda sonra danışarıq. Ora getmək istəmirəm – çox uzaqdır, çox bahadır və çox faydasızdır.

***

Oralar necədir qısaca təsvir edərsən, yaxşı? Həyatını, otağını, cığırları, pəncərədən açılan mənzərəni, yeməkləri – mən də bir az səninlə yaşayım deyə.

***

Vətənin var və ona xor baxmaqda azadsan (yəqin, bu onunla ediləsi ən yaxşı şeydir, – əsas da onda xor baxılası şeylərə biganəliyin qeyri-mümkünlüyünü nəzərə alsaq). Onun isə vətəni yoxdur, bu səbəbdən xor baxa bilmir və o, həmişə vətənini tapıb düzəltmək haqda fikirləşməlidir, – həmişə: fərqi yoxdur, mismardan asılmış şlyapasını götürür, yoxsa hovuz kənarında günəşdə uzanır ya da sənin tərcümə edəcəyin kitabı yazır.

***

Sənin həqiqi bədbəxtliyin mənəm.

***

Ancaq bütün bu mühakimələr heç nəyə gətirib çıxarmır – olsa-olsa böyük aydınlığa.

***

Məndə nəsə bir güc var: onu qısa və qeyri-müəyyən şəkildə ifadə etsək, onda bu musiqi qabiliyyətimin yoxluğudur.

***

Həyat yaxşı, sakit idi və yalnız ümidlə həyəcanlanırdı.

***

Belə, bazar günü birlikdə olacağıq, beş-altı saat, söhbət üçün azdır, susmaq, əl-ələ tutmaq, göz-gözə baxmaq üçün isə kifayətdir.

***

“Hə-hə, hər şey qaydasındadır, vağzaldan çıxış bax ordadır”. -“Cənab böyük inspektor, zəhmət olmasa, iltifat edib qapını mənimçün açın, özüm edə bilmirəm. Bəlkə küçədə Milena gözləyir deyə zəifləmişəm?” -“O, buyurun, – o deyir, – mən axı bilmirdim”. Və qapı taybatay açılır…

***

Xoşbəxtlikdən nəsə arzulamağa ehtiyac yoxdur, sənin bu dünyada olduğun üçün təşəkkür kifayətdir, – mənsə əvvəldən heç güman etmirdim ki, orda ola bilərsən.

***

Bilirsənmi ki, səni mənim konfirmasiyama hədiyyə ediblər? Mən səksən üçüncü ildənəm, deməli, sən anadan olanda mənim on üç yaşım olub. On üçüncü ad günü xüsusi bayramdır, çətin əzbərlədiyim mətni sinaqoqda deməli, sonra isə evdə qısa nitq (bunu da əzbərləmişdim) söyləməli idim. Çoxlu hədiyyələr almışdım. Ancaq indi bunu belə təsəvvür edirəm: mən nəsə razı qalmamışam, hansısa hədiyyə çatışmırmış, onu göylərdən istəmişəm – onlar da avqustun onuna kimi uzadıblar.

***

*
Belə yaşayan insan üçün həyat məcburiyyətdir, belə yaşa bilməyən üçün isə azadlıqdır. Axı hər yerdə belədir. Bu cür “asılılıq ” nəticədə ölüm istəyindən başqa bir şey deyil.

***

Düz deyil, sənin haqda əhvalatlar dinləməyi sevmirəm, heç elə deyil, sənin adını eşitməyi sevirəm, gün boyu.

***

Sənin hələ də orda olduğuna əmin olmaq üçün açıq qapıdan baxdım. Və yenə gəzib gözləməyə başladım. Bu nə kədərli idi, nə yorucu. Sənin oturduğun kafenin qabağında gözləməkdə kədər və yorğunluq necə ola bilər!

***

Deməli, jurnaldakı kürk rəsimləri xoşuna gəldi? Onda birini geyin, birini çıxar. Bəlkə bu gün pul yığmasa başlasam, sənsə bir iyirmi il gözləsən və onda kürklər ucuzlaşar (çünki, yəqin, Avropada insanların sayı azalacaq və xəzli heyvanlar küçələrdə qaçacaq), – bəlkə onda, kürkə pulum çatar.

***

Sanki Həvva almanı qopartsa da (hərdən mənə elə gəlir ki, günaha batmağı hamıdan yaxşı başa düşürəm) bunu yalnız Adəmə göstərmək üçün edib, çünki onun xoşuna gəlib. Ondan dişləmək son və qəti addım olub, çünki oynamağa icazə verilməsə də, qadağan da edilməmişdi.

***

Məndən qorxma, hətta nə vaxtsa (və ya min dəfə, ya da bax, indi, bəlkə də, o “indi” həmişə davam edir) səni peşman etsəm də. Nə isə, bu xahiş-zad deyil, heç sənə də ünvanlanmayıb, özüm də bilmirəm kimə ünvanlanıb. Bu sadəcə sıxılan köksün sıxılan nəfəsidir.

***

Sənə dayanmada elə hey eyni mahnını oxuyuram, o fərqlidir və bununla belə elə həminkidir, röyasız yuxular kimi zəngin, zəhlətökən və yorucu, hərdən onun sədaları altında özüm də yuxuya gedirəm, sevin ki, onu eşitmirsən, sevin ki, belə uzun müddətə canın mənim məktublarımdan qurtarıb.

***

Dəfələrlə başqa ifadəni eşitmək istəyirəm, dəqiq desəm: jsi muj* (*çex dilində “sən mənimsən” deməkdir). Niyə məhz onu? Axı o heç məhəbbət demək deyil, daha çox yaxınlıq və gecə deməkdir.

***

Məsələn, yadımdadır, sənə Praqada xəyanət edib-etmədiyimi soruşmuşdun. Yarı zarafat, yarı ciddi, yarı laqeyd – yenə üç yarı, məhz ona görə ki, bu qeyri-mümkündür. Axı məktublarım səndə idi – və belə bir sual. Bu mümkündürmü? Bu azdır, mən daha mümkünsüz etdim. “Yox, sənə sadiq qalmışam” – dedim. Necə olur insanlar belə danışır? Yadlar kimi həmin gün biz bir-birimizlə danışdıq, bir-birimizə qulaq asdıq, uzun və tez-tez.

***

Mən kirliyəm, Milena, dəhşət kirli, ona görə təmizlik haqda belə səs-küy salıram.

***

Niyə insan “belə olunmalı” şeylərlə barışmır – tərs, intihara təhrikedici, əlahiddə gərginlikdə yaşamır (bir dəfə bu mövzuda ağzından nəsə qaçırtmışdın, onda mən hələ səni lağa da qoymuşdum), – yox, o, özündən razı halda bu qəfəsi dağıtmaq, ağılsız heyvan kimi ondan çıxmağa cəhd göstərir (hələ üstəlik heyvan kimi bu ağılsızlığa sevinir də), – və bununla da gərginləşmiş, qızışmış elektrik cərəyanını özünə tərəf çəkir, bu cərəyan da onu vurur və demək olar ki, yandırır.

***

Xəstələnmə, Milena, bircə xəstələnmə. Yaxşı, yazmaya bilərsən, ancaq qoy bunun səbəbi xəstəlik olmasın.

***

Belə, sən yataqdasan və mən bir balaca sənin qeydinə qalıram: qaçıb baş çəkirəm, əlimi alnına qoyuram, yuxarıdan aşağı sənə baxanda gözlərində qərq oluram, sonra otaqda var-gəl edirəm, həmişə, hər saniyə, qarşısıalınmaz qürurla dərk edirəm ki, sənin üçün yaşayıram, bunu mənə icazə veriblər, – və yenə bir dəfə qarşımda durub mənə əlini uzatdığın üçün sənə təşəkkür edirəm. Bununla belə xəstəliyin elə də ciddi deyil, tezliklə keçib gedəcək və səni əvvəlkindən də sağlam edəcək, əzəmətinlə yenə ayağa qalxacaqsan, mən isə bundan az sonra gözəl günlərin birində – ümid edirəm ki, səssiz və ağrısız – torpağa qarışacam. Odur ki, elə də əzablı deyil – ancaq sənin orda, qürbətdə xəstələndiyini təsəvvür edən kimi…

***

Yazmaq zərurəti həm işgəncədir, həm xoşbəxtlik.

***

Yeri gəlmişkən, sən məktubumu necə çərşənbə axşamı gözləyirsən ki, mən hələ bazar ertəsi sənin ünvanını bilmişəm?

***

Bu dünyada ən mənasız şeylərdən biri günah məsələsinə ciddi yanaşmaqdır.

***

Bədbəxtliyə düçar olan insan sağa sola tənə yağdırır.

***

Başa düş, Robinzon gəmidə işə düzəlməli, təhlükəli səfərə çıxmalı, qəzaya uğramalı və bir çox şey eləməli olmuşdu, mənsə təkcə səni itirsəydim, artıq Robinzon olardım.

***

Asılılıq bütün sərhədləri elə üstələyir ki. “Ya – ya” çox böyükdür. Ya sən mənimsən, onda hər şey yaxşıdır, ya da səni itirirəm, onda isə hər şey nəinki pisdir – onda sadəcə heç nə yoxdur: nə qısqanclıq, nə əzab, nə qorxu – ümumiyyətlə heç nə.

***

Mən axı səndən, yazı stolunda qarşımda əyləşmiş bir adamdan məsləhət aldığım kimi məsləhət almadım. Öz-özümlə danışdım, özümdən məsləhət aldım, yaxşı yuxuda, sənsə məni durquzursan.

***

Mən meşə heyvanıyam, meşədə də olmuşam, çirkli bir kahada uzanmışam da (əlbəttə, yalnız mənim burda məskunlaşdığıma görə çirkli olan) – və birdən orda, açıqlıqda səni gördüm, möcüzələr möcüzəsi və özümü,hər şeyi unutdum, qalxdım, yaxına gəldim, – hələ bu yeni, doğma azadlıqdan qorxa-qorxa, yenə də yaxınlaşdım, sənə lap yaxın, sənsə mehriban idin, yumaq kimi yığıldım, üzümü ovuclarında gizlətdim, guya buna icazəm var idi, elə xoşbəxt, elə qürurlu, elə azad, elə qüdrətli idim ki, sanki isti ev tapmışdım – bu fikir yaxamdan əl çəkmirdi – ev tapmışdım, – ancaq heyvan olaraq qalırdım, evi yalnız və yalnız meşə olan heyvan, bu açıqlıqda təkcə sənin mərhəmətinə görə yaşayırdım, özüm də dərk etmədən taleyimi gözlərində oxuyurdum.

Hiss edirdim ki, sürünərək geriyə, öz qaranlığıma getməliyəm. Gün işığına dözə bilmirdim, ümidsizlik içində idim, azmış heyvan kimi gücüm yetənə qədər yüyürürdüm və əl çəkməyən fikir: “Onu da özümlə götürüm!” – və tam buna zidd olan başqa bir fikir: “Məgər o olan yerdə qaranlıq ola bilər?”
Soruşursan necə yaşayıram; bax belə yaşayıram

***

Tənha qeyri-kamilliyə dözmək lazımdır, hər saniyə, ikilikdəki qeyri-kamilliyə dözmək lazım deyil. Məgər onları qopartmaq üçün gözlər yoxdur? Elə eyni məqsəd üçün ürək yoxdur?

***

Təkcə xiffət həqiqidir, onu şişirtmək olmur. Ancaq xiffətin həqiqiliyi də, onun həqiqiliyindən daha çox, yerdə qalan hər şeyin yalanla ifadəsindən asılıdır.

***

Yeri gəlmişkən, özün də deyirsən ki: “Nemate sily milovat” (çex dilində “Sizin gücünüz yoxdur”); məgər bu “heyvanla” “insan” arasında yetərincə fərq deyil?

***

Ona kimi və ondan sonra da uğultunu eşidirdim, axı bu qorxulu, yeraltı uğultu bütün həyatımı, bütün yaşayışımı təşkil edir, o sussa, həyatım da bitəcək, axı bu gözlərini yummaq kimi yüngül və asandır.

***

Əlbəttə, bütün bunları çevirib demək olmaz ki: hər şey keçdi, indi sakitəm, indi xoşbəxtəm və münasibətlərimizə görə hədsiz minnətdaram. Belə demək olmur, baxmayaraq ki, bu həqiqətə çox yaxındır (minnətdarlıq var, yalnız məlum mənada xoşbəxtlik də var, ancaq sakitlik, bax, o, yoxdur).

***

Mən sənin əqidənlə yaşayırdım (və burda sənin şəxsini ilahiləşdirmirəm – bu cür əqidə hər kəsi ilahi edir), ayağım altda həqiqi dayağım yox idi; qeyri-ixtiyari bundan elə qorxurdum ki, – öz torpağımdan nə qədər yüksəkdə pərvazlandığımı təsəvvür belə etmirdim. Bu çox pis idi – mənimçün də , səninçün də. Bir həqiqət sözü, amansız həqiqət kifayət idi ki, məni yüksəkliklərimdən girehə çəksin, sonra yenə bir söz – və daha bir gireh, nəhayət bütün dayaqlar məhv olur və tələsik yerə düşürəm, halbuki mənə elə gəlir, çox ləng düşürəm.

***

Və sən belə zülmətdən qorxmursan? Zülmət istiliyi olmayan zülmətdən!

***

Bilirdimmi ki, bu keçəcək? Bilirdim ki, bu keçməyəcək.

***

Milena, axı niyə gələcəyimizdən yazırsan, axı o heç vaxt gəlməyəcək, – bəlkə elə gəlməyəcək deyə yazırsan?

***

Dünyada şübhəsiz həqiqətlər azdır, ancaq bu onlardan biridir: biz heç vaxt səninlə birlikdə yaşamayacağıq, bir mənzildə, yan-yana, ümumi stolla – heç vaxt; hətta ümumi şəhərimiz də olmayacaq.

***

Ölüm haqda fikirlər səni qorxudur? Mənsə dəhşətli dərəcədə ağrıdan qorxuram. Pis əlamətdir. Ölüm arzulayıb, ağrı arzulamamq – pis əlamətdir. Qalan bütün hallarda isə ölümlə risk etmək olar.

***

Hərdən başa düşmürəm, insanlar “şadlıq” sözünü necə fikirləşib tapıblar, yəqin, onu “kədər”ə qarşılıq bir söz kimi hesablayıblar.

***

– “Sən həmişə ölümdən danışırsan, amma özün ölmürsən”. – “Bütün bunlara baxmayaraq öləcəm. Elə indicə axırıncı mahnımı oxuyuram. Birinin mahnısı uzun olur, başqasınınkı qısa. Ancaq fərq cəmi-cümlətanı bir neçə sözdədir”.

***

Elə indicə pəncərədən çölə baxdım: süvari polis, əllərində süngü divar boyu düzülmüş jandarm, qaçışıb qışqıran kütlə – burda, yuxarıda, pəncərinin önündə isə həmişə mühafizə altında yaşadığın üçün iyrənc xəcalət duyğusu.

***

Əlbəttə, işgəncə alçaq şeydir, İsgəndər isə qordi düyünü açılmayanda ona işgəncə vermədi.

***

Mənim vəziyyətim üçün üç çevrə fikirləşmək olar, lap içəridə “A”, sonra “B” və “C”. “A” “B”-ni izah edir, niyə bu insan əzab çəkməli, özünə inanmamalıdır, niyə imtina etməlidir (bu imtina deyil, imtina çox çətin olardı, bu yalnız imtinanın zəruriliyidir), niyə onun yaşamaq haqqı yoxdur. (Məsələn, məgər Diogen bu mənada ağır xəstə deyildimi? Bizlərdən hansımız İsgəndərin şəfəqli baxışı üzərimizdə dayansa, xoşbəxt olmazdıq? Diogen isə ümidsizlik içində İsgəndərdən xahiş etdi ki, günəşin qarşısını tutmasın, bu müdhiş, əbədi yanan, insanı dəli edən yunan günəşi. Onun çəlləyi kabuslarla dolu idi.) “C” işgüzar adama daha heç nə izah etmir, “B” isə sadəcə ona əmr edir. “C” ən tələbkar məcburiyyət qarşısında, qorxudan soyuq tər basaraq hərəkət edir (başqa vəziyyətlərdə alındakı, yanaqlardakı, gicgahlardakı, saçların dibindəki – bir sözlə hər yerdəki bu soyuq tər olurmu? “C”-də məhz belədir). Belə çıxır ki, “C” dərrakədən çox, qorxu altında hərəkət edir, o etibar edir, o inanır ki, “A” “B”-ə hər şeyi izah edəcək, “B” isə hər şeyi düzgün başa düşüb sonrakına ötürəcək.

***

İkimiz də xarakterik qərbli yəhudilərindən nümunələr tanıyırıq. Və mənə məlum olduğu qədərilə, mən onlardan ən qərblisiyəm, bu isə bir qədər şişirtsək, o deməkdir ki, mənə bir saniyə sakitlik də verilməyib, mənə ümumiyyətlə heç nə verilməyib, hər şeyi özüm qazanmalıyam, nəinki bu günümü və gələcəyimi, keçmişimi də, halbuki onu hər insan əvvəldən əldə edir, ancaq bunu da qazanmalıyam, çətin işdir, əgər dünya sağa fırlanırsa – bilmirəm, belədir ya yox – keçmişin əvəzini çıxaraq mən sola fırlanmalıyam.

***

Günah yalnız məndədir, günahım da ondan ibarətdir ki, məndə həqiqət çox azdır, yenə də çox azdır, yenə də yalandır, özüm və insanların qarşısında qorxudan yaranan yalan. İndi isə susacam ki, heç olmasa bir az həqiqətlə nəfəs alım. Yalan dəhşətdir – bundan pis ruhi əzab yoxdur. Ona görə sənə yalvarıram: qoy susum, indi məktublarda, Vyanda olanda sözlərdə.

***

İçimdə bu ikisi mübarizə aparır: biri getmək istəyir, o biri qorxur – hərəsi mənim yalnız bir parçamdır və hər ikisi, yəqin ki, alçaqdır.

***

Yazırsan ki, ümidin yoxdur; ancaq ümidin var – həmişəlik məni tərk edə bilmək.

***

Yaşadığımız bu dünyada mənimçün sənin nə demək olduğunu, Milena, – sənə göndərdiyim gündəlik kağız parçalarında tapa bilməzsən. O məktublar olduqları kimidir, yalnız incidə bilir, incitmirlərsə, bu lap pis.

***

Vidalaşmıram. Bu vida deyil, bu məni aşağı çəkməyə münasib vaxt axtaran cazibə qüvvəsidir. Bacararmı – axı sən yaşayırsan.

***

Felyetonlarım olsaydı, yəqin ki, dəb haqda məqalələr oxumazdım.

***

Həyatda olan yazıçıların öz kitabları ilə canlı əlaqəsi var. Öz mövcudluqları ilə onlar ya kitablarının leyhinə, ya da əleyhinə mübarizə aparırlar. Kitabın əsl, sərbəst həyatı ancaq müəllifin ölümündən sonra başlayır, ya da, daha doğrusu, ölümündən bir müddət sonra, axı hünərli kişilər ölümlərindən bir müddət sonra da kitablarına görə mübarizə aparırlar. Sonra kitablar yetimə çevrilir və artıq yalnız öz ürək döyüntülərinin gücünə arxalana bilirlər.

***

Təmtəraqlı sadəlik, məcburi sərbəstlik, kitabın yüksəklərə qaldırılan istehzası – bütün bunlar xasiyyətimə uyğun deyil.

***

Ümidsizlikdən nikaha daxil olanlar nə əldə edirlər? Yalnızlıq üstünə yalnızlıq qoymaqla isti ocaq qurmaq olmaz, təkcə katorqa yaratmaq olar. Bir yalnızlıq yalnız digərində əks olunur, hətta ən zülmət qara gecələrdə də. Yalnızlıqla əminlik bir araya gəlsə, yalnızlıq daha pis vəziyyətə düşür (bunun zərif, saf və dərk edilməz olmasına baxmayaraq). Nikaha daxil olmaq əvvəldən dürüst və ciddi təyini ilə müəyyənləşdirilib: əmin olmaq.

***

Bu, hələlik həqiqi səyahət deyil, bu, tamamilə bacarıqsız qanadların çırpınışıdır.

***

Axı oktyabrda Fələstinə getməyə hazırlaşırdım, yadındadırsa, bu haqda danışmışdıq. Əlbəttə, heç nə alınmadı, bu, heç vaxt yatağından qalxa bilməyəcəyinə əmin olan istənilən insanın xülyalarından biri idi.

Tərcümə: Lamiyə Göycəyeva

4.4 (88%) 5 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram