Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Cek London “Taun”

Annotasiya

“Taun”(ingiliscə “The Scarlet Plague“) – amerikalı yazıçı Cek Londonun 1912-ci ildə işıq üzü görmüş, post-apokaliptik janrda qələmə alınan novellasıdır. Əsərdə COVID-19 pandemiyası ilə səsləşən hadisələr baş verir.

2013-cü ildə Al Qırmızı Taun bütün dünyanı cənginə alır, demək olar, bütün bəşəriyyəti məhv edir. Sağ qalanlar arasında ədəbiyyat müəllimi, professor Smit də var. Bütün yaşananları da onun dilindən eşidirik. Smit altmış il sonra ibtidai dünyanın yeni sakinlərinə mədəniyyət, sivilizasiya, inkişaf haqqında danışsa da, onlar qocaya məhəl qoymur, onu boşboğaz sərsəm hesab edirlər.

Yazıçı krizis anında insan davranışlarını çox gözəl təsvir edir: onlar insanlıqdan çıxıb vəhşiləşir, varlılar tez bir yol tapıb aradan sivişib çıxmaq istəyir, cəmiyyətdə anarxiya, xaos baş alıb gedir, şəraitin dəyişməsindən istifadə edən xidmətçilər fürsətdən yararlanıb ağalarını kölə vəziyyətinə salırlar.

Karandaşın izi ilə

İbtidai icma quruluşu şəraitində yaşayan, keçi otaran vəhşi nəvələrimlə sərsəri həyat sürürəm. “Bütün sistemlər köpük kimi yoxa çıxıb” və bizim şan-şöhrətli, şahanə sivilizasiyamızdan da əsər-əlamət qalmayıb.

***

2013-cü ildə Al-Qırmızı Ölüm gəldi.

Simsiz rabitə dövrüydü…

Bir gün Nyu-Yorkda qəribə bir xəstəliyin tüğyan etməsi barədə xəbər yayıldı. Bu xəbərə heç kim ciddi fikir vermədi. Boş bir şey kimi baxdılar. Cəmi bir neçə ölüm faktı vardı. Amma xəstəliyə tutulan adamın əvvəl sifəti, sonra isə bütöv bədəni qırmızı rəngə bürünür və qısa müddətdə ölürdü. 24 saat ərzində Çikaqoda ilk ölüm faktı qeydə alındı. Eyni gündə xəbər yayıldı ki, dünyanın ən böyük şəhərlərindən olan London iki həftədir taunla gizli mübarizə aparır, amma xəbərlərə çox sərt senzura qoyulub və şəhərdə baş verənlər barədə kənara bir kəlmə də çıxmır.

***

Bir də ki nə fərqi vardı? Onsuz da hamı ölürdü – yaxşı da, pis də; güclülər də, gücsüzlər də; həyatı sevənlər də, sevməyənlər də. Hamı ölürdü. Bircə nəfər kimi.

***

O, çox qudurğan, insafsız adam idi. Görəsən, taun mikrobları niyə ondan yan keçmişdi? Hələ də bu məsələ mənə qaranlıq qalır. Görünür, mütləq ədalət haqqındakı bizim köhnə metafizik baxışlarımıza baxmayaraq, dünyada ədalət deyilən şey yoxdur. O niyə yaşayırdı? Axı ədalət hissindən məhrum, əxlaqsız bədheybət, təbiətin yaxasında qara ləkə, qəddar, rəhmsiz, heyvan xislətli birinin yaşamağa nə haqqı vardı?..

***

Yüksələcəyimiz zirvə çox uzaq, çox ucadır. O zirvədən ümidsiz olacaq qədər uzaq düşmüşük, çox aşağı yuvarlanmışıq.

***

Eyni köhnə tarix bir də dövr edəcək və beləcə, əbədi təkrarlanacaq. İnsan inkişaf edəcək, insanlar mübarizə aparacaqlar. Barıt insanlara imkan verəcək ki, milyonlarla insanı öldürsünlər. Yalnız bu yolla – atəş açmaqla, qan tökməklə uzaq gələcəkdə yeni sivilizasiya yenidən təkamül tapacaqdır. Bəs bunun faydası nədədir? Sadəcə köhnə sivilizasiya yox olacaq, əvəzində yenisi yaranacaq. Onun yaranması, mükəmməl səviyyəyə çatması əlli min il çəkə bilər, amma bir gün yenə yox olacaq. Hər şey yox olur. Həmişə mövcud olansa əbədi hərəkət edən kosmik qüvvə, bir də maddədir. Bu ikisi daim hərəkətdədir və üç dəyişilməz tipi həmişə qəbul etməklə hər şeyi yenidən yaradır: keşiş, əsgər, kral. Köhnələrin ağzından bütün dövrlərin hikmətini eşidirik. Bəziləri vuruşacaq, bəziləri hökmranlıq edəcək, bəziləri dualar oxuyacaq, bütün qalanlarsa ömür boyu qan-tər içində çalışacaq, sonsuz olaraq böyük ağrı və zillət çəkməklə belində sivil dövlətin heyranedici gözəlliklərini, ötəri möcüzələrini saxlamlı olacaqdır.

Tərcümə: Rafiz Hacıoğlu

2.5 (50%) 4 votes

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram