Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Han Kan “İnsan əməlləri”

Annotasiya

“İnsan əməlləri” (koreyaca “Sonyeoni onda“) – koreyalı yazıçı Han Kanın ölkə tarixində baş vermiş ən faciəvi və utancverici hadisədən – Kvanju üsyanından bəhs edən romanıdır.

1979-cu ildə Cənubi Koreya prezidenti Pak Çonhinin sui-qəsd olunur. Yeni qurulan hökumət hakimiyyətə keçmək üçün addımlar atır. Xalq demokratik dəyərlər naminə ölkə miqyasında etirazlara başlayır. Mitinqlərdə gənclər fəallığı ilə seçilir. Bu vaxt ordu asayişi bərpa etmək bəhanəsi ilə dövlət çevrilişi edir. Silahsız etirazçılara atəş açılır, insanlar işgəncələrə məruz qalır, saysız-hesabsız vətəndaş həbs edilir. Doqquz gün davam edən hadisələr minlərlə insanın yaralanması və ölümü ilə nəticələnir. Kitabda bu hadisə altı qəhrəmanın dili ilə verilir. Hər fəslin baş qəhrəmanı söz azadlığı əlindən alınan, səsi boğulmağa çalışılan, qətliamın ağır nəticələrini uzun illər unutmayan insanlardır.

Karandaşın izi ilə

Əsgərlərin öldürdüyü insanlara niyə himn oxunur? Tabutlara niyə bayraq örtülür? Məgər onları öldürən dövlət deyildi?

***

– Eşidəndə ki, səni burada görüblər, qovrulan ürəyim ağzıma gəldi. Aman, ya Rəbb… Bu qədər meyitin içində qorxmursan, ay qorxaq pişik?
– Qorxulu əsgərlərdir. Meyitlərin nəyindən qorxum?

***

İnsuq kitabı örtüb havanın daha da qaralmasını gözlədi. İnsanlara inamı itmişdi. Heç bir simaya, heç bir həqiqətə, heç bir gözəl cümləyə inanmırdı. Ancaq sonsuz şübhələr və soyuq suallar içində yaşamalı olduğunu bilirdi.

***

Sən öləndən sonra mən yas mərasimi saxlaya bilmədim. Və bu səbəbdən həyatım yasa döndü.

***

İbtidai sinif müəllimi olmaqdan başqa bir şey düşünməyən mənim kimi bir insanın o balaca iclas otağındakılara başçı təyin olunması həmin gecə əyalət binasındakı kütlənin nə qədər nizamsız olduğunu göstərirdi.

***

Nə qədər insanın küçə döyüşlərində qurban getdiyini bilmirdim. Bircə o yadıma gəlir ki, səhəri gün xəstəxanaların girişlərində qan vermək üçün uzun növbələr yaranmışdı, xalatları qıpqırmızı olan həkim və tibb bacıları xərəkləri dağılmış yollarda ora-bura aparırdılar, qızlar mindiyim yük maşınına yosuna bükülmüş düyü, su və çiyələk verirdilər, qışqıra-qışqıra himn və “Ariran” mahnısını oxuyurduq. Elə bil bir möcüzə kimi hamı öz qabığından çıxaraq cismi ilə üz-üzə dayanmışdı. Məhz o an dünyada ən böyük və uca olan ürəyin – parça-parça olub qanı tökülən ürəyin yenidən bütünləşərək döyündüyünü hiss etdim.

***

Professor, insanın özünü təmiz və xeyirxah bir varlıq kimi hiss etməsinin nə qədər güclü bir duyğu olduğunu bilirsiniz? Vicdan adlı o gözqamaşdıran ləl-cəvahiratın alnımda necə parıldadığını?..

***

Biz atəş açmağı belə bacarmayan əli silahlı uşaqlar idik.

***

Sonradan bildim ki, o gün əsgərlərə verilən mərmilərin ümumi sayı 800000 imiş. O zaman şəhər əhalisi cəmi 400000 nəfər idi. Şəhərin hər sakini üçün iki güllə verilmişdi.

***

– Qardaş ruhu nədir? Yoxsa, şüşə kimi bir şeydir?
– Şüşə şəffaf olur, tez sınır. Bu, şüşənin xüsusiyyətidir. Ona görə şüşədən düzələn əşyalarla ehtiyatlı davranmaq lazımdır. Çatlasa, yaxud sınsa, atmalı olacaqsan.
– Əvvəl bizdə sınmayan şüşə var idi. Onu sınıb-sınmadığını heç yoxlamamışdım, amma şəffaf, möhkəm və həqiqi idi. Demək istəyirəm ki, qardaş, biz də sınmaqla ruha sahib olduğumuzu göstərdik, elə deyil?

***

Elə xatirələr var ki, vurduğu yaralar sağalmır. Vaxt ötdükcə həmin xatirə yavaş-yavaş dumana bürünmür, əksinə, ancaq o qalır, qalan xatirələr yox olub gedir. Rəngli lampalar elə bil bir-bir sönür, dünya qaranlığa qərq olur.

***

Bəşər övladı fitrətcə yırtıcı və amansız məxluqdur? Biz sadəcə ümumbəşəri xüsusiyyətlərimizi təcrübədən keçiririk? “Biz uca bir varlığıq” yalanı ilə özümüzü aldadırıq. Hər an dəyərsiz şeylərə, həşərat, heyvan, yara, irin, yığınına çevrilə bilərik, elə deyil? Alçatmaq, şikəst etmək, öldürmək – tarix boyu özünü sübuta yetirən insan fitrəti budur, yoxsa?

***

Ay gecənin göz bəbəyidir.

***

– Niyə cəsədi bayrağa bükürlər? Niyə himn oxuyurlar? – Donho soruşmuşdu. İnsuqun nə cavab verdiyini xatırlamırsan? O sualı indi səndən soruşsaydılar, necə cavab verərdin?
– Əlimizdən başqa bir şey gəlmirdi, heç olmasa bayrağa bükük deyirdik. Himn oxumağa, qurbanları bir dəqiqəlik sükutla anmağa onların deyil, bizim ehtiyacımız vardı. Çünki hər kəsə göstərməli, hər kəsə başa salmalıydıq ki, biz ət yığını deyilik.

Tərcümə: Cavid Həsənov

3 (60%) 1 vote

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram