Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Karlos Ruis Safon “Marina”

Annotasiya

“Marina” (ispanca “Marina“) – katalon yazıçısı Karlos Ruis Safonun gənclər üçün yazdığı sonuncu və ən sevimli romanıdır.

Barselonada yetmişinci illərin sonu, yaz günlərinin birində fransız vağzalının növbətçisi itkin düşən və axtarışa verilən gənci qələbəlikdə tanıyır. Düz bir həftədir, dostları, tanışları, internat məktəbinin müəllimləri onu axtarır. Bəs Oskar bu müddət ərzində harada olub? Bu günlərini necə keçirib? Məlum olur ki, bu gənc tanış olduğu Marina adlı qız sayəsində həyatının ən həyəcanlı və ən qəmgin macərasını yaşayıb.

Karandaşın izi ilə

Hərdən həqiqəti demək düzgün çıxış yolu deyil.

***

Ancaq getməyə yeri olan adamlar itir.

***

O vaxt hələ bilmirdim ki, zaman okeanı onda batırdığımız xatirələri haçansa sahilə atır.

***

Bu uzun gəzintilər məndə məstedici azadlıq təəssüratı yaradırdı.

***

Sən get “A” hərfindəki “axmaq” sözünü aç, görəcəksən ki, aramızdakı tək məşhur mən deyiləm.

***

Qadınların yaşını təyin etmək həmişə mənə elm və ya incəsənət kimi görünüb, əyləncə kimi yox.

***

– Əgər elmin gecəni aydınlatmağa gücü çatırsa, onda bəs nə üçün hamını yedizdirib doydurmağa çatmır? Onda bu nə elm oldu?
– Məncə, çatışmazlıq elmdə yox, elmi nailiyyətlərdən necə istifadə etmək lazım olduğunu müəyyənləşdirən adamlardadır.

***

Dərslər mənim stansiyamda dayanmayan qatar kimi yanımdan sivişib keçirdi.

***

Adamlar elə yaşayırlar ki, elə bil heç vaxt ölməyəcəklər, bu onların səhvidir.

***

Sənət əsəri alan min adamdan cəmisi birinin nə aldığına dair təsəvvürü olur. Qalan adamlar isə rəsm əsərini almır, rəssamı alır, rəssam haqqında eşitdiklərini, onun haqda gəzən şayiələri və özlərinin onun haqda fikirləşdiklərini alır. Bu alverlə hansısa loğmanın eleksir satmağı arasında qətiyyən fərq yoxdur.

***

Tənqidçi üçün fransızca pis danışırsınız və çox susursunuz.

***

Əgər özün fikirləşə bilmirsənsə, onda coğrafiyadan, riyaziyyatdan öyrəndiyin hər şey boş səsdir. Bunu isə məktəblərdə öyrətmirlər. Dərs proqramında fikirləşməyi öyrətmək yoxdur.

***

Özün haqda bu qədər pis fikirdəsən ki, sənin haqda yazmağım sənə qəribə görünür?

***

Şahmatda çıxış yolun qalmadığını görsən də, hücuma keç.

***

Pulla xoşbəxtliyi almaq olmaz, amma başqa hər şeyi ala bilərsən.

***

Hərdən təxəyyülümüzdə daha real dünya canlanır.

***

Axmaqlıq ruhu hansı vəziyyətə salırsa, zaman da bədəni o hala salır.

***

Əgər adamlar fikirləşdiklərinin dörddə birini olduğu kimi desəydi, onda dünya cənnət olardı.

***

Təbiət bizim həyatımızla oynayan uşaqdır. Köhnə, sınıq oyuncaqları ürəyini vuranda təzələrini axtarır.

***

Yolunu tapmayan adam heç yerə gedib çıxa bilməz.

***

Ev çox köhnəydi. Fasadın malası çopur dəriyə oxşayırdı. Qapıya çatdıq.
– Bax, bu evə yaxşı memar lazımdır.
– Ya da iki dənə dinamit.

***

Hərdən böyük cinayətlər törətmiş adamları balaca şeylərin üstündə tutmaq lazım gəlir.

***

Cəhənnəmə gedən yol xeyirxah niyyətlərlə örtülüb.

***

Ölüm ayağında vicdan elə də böyük şey deyil.

***

– Şelli demişdi ki, ölülərə ədalət lazım deyil.
– Bəlkə də. Amma ədalət bizə lazımdır.

***

Sirk mənimçün həm məktəb, həm də ev olub. Amma tezliklə sirkin dağılacağını hiss eləyirdik. Dünyada baş verən hadisələr bizim göstərdiyimiz nömrələrdən daha maraqlı olmağa başlayırdı. Tezliklə heç kim sirkə gəlmədi. İyirminci əsr dünya tarixinin ən böyük sirk arenası oldu.

***

O, güləndə həmsöhbəti onun hər sözünə inanardı. Bir dəfə kimsə demişdi ki, Kolvenik Kolumbu dünyanın düz olduğuna inandıra bilərdi. O adam haqlı idi.

***

O gecə Mixail dedi ki, həyat hamımıza xəsisliklə saf xoşbəxtlik anı bəxş edir, çox vaxt bu xoşbəxtlik bir neçə həftə çəkir, bəzən bir neçə gün. Bəzənsə illərlə. Hər şey bəxtdən asılıdır. Bu an haqda xatirələrimiz ömür boyu yadımızda qalır və biz daim ora qayıtmaq üçün uğursuz cəhdlər edirik. Mən öz saf xoşbəxtlik anımı Mixaillə Barselonanı dolaşdığımız gecə hiss etdim…

***

İnsan təbiət etibarilə alçaqdır, səni əzmək üçün sadəcə məqam gözləyir.

***

– Siz sehrbazsınız?
– Yox, sehrbaz deyiləm. Həkiməm.
– Bəs bunların fərqi nədir?

– Yadındadır, o vaxt məndən həkimlə sehrbazın fərqini soruşmuşdun. Bax, sehrbazlıq mövcud deyil. Biz doğulan kimi bədənimiz ölməyə başlayır. Biz zəif məxluqlarıq, sadəcə bu dünyanın qonaqlarıyıq. Bizdən sonra ancaq bizim əməllərimiz qalacaq – pis, ya yaxşı, nə etmişiksə.

***

Biz tanış olduğumuz gecə Mixail demişdi ki, həyat bizə axtarmadığımız şeyləri verir. Həyat ona sərvət, məşhurluq və güc vermişdi. Amma onun ürəyi sakitlik istəyirdi, içindəki qara kölgələrə qalib gəlmək üçün alışıb-yanırdı.

***

Problemlər tarakana oxşayır. Başqa işlər gün işığına çıxanda, onlar qaçıb gizlənir.

***

Sözlərim hisslərimi anlamaq üçün cəhd idi.

***

Sarsaq adamlar axmaq suallar verir, ağıllı adamlar isə onları cavablandırmalıdır.

***

Dostum Oskar öpüşün tilsimdən xilas etmədiyinə, əksinə, qurbağaya çevirdiyinə inanan krallıqsız şahzadələrdən biridir. O, hər şeyi tərsinə başa düşür. Mən onu belə sevirəm. Həmişə hər şeyi düz başa düşdüyünü zənn edən adamlar nadirən düz hərəkət edir.

***

Amma hər yalan nağıl deyil. Şahzadələr həmişə yaraşıqlı olmur, yatmış gözəllər gözəl olsalar da, heç vaxt yuxudan ayılmır.

***

Uzaqdan oxuduğum internatın siluetini görürdüm, amma yaxına getməyə cəsarətim çatmırdı. Nəsə mənə deyirdi ki, internatın binasına yaxınlaşan kimi gəncliyimi itirəcəyəm. Zaman bizi müdrikləşdirmir, qorxaqlaşdırır.

Tərcümə: Həmid Piriyev

5 (100%) 1 vote

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram