Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Deyv Eggers “Çevrə”

Annotasiya

“Çevrə” (ingiliscə “The Circle“) amerikalı yazıçı Deyv Eggersin 2013-cü ildə distopik elementlərlə zəngin elmi-fantastik janrda qələmə aldığı romanıdır. Kitab informasiya texnologiyaları, sosial şəbəkələr və istehlakçı münasibətlərinə sərt satira hesab edilir. Əsəri Corc Oruellin “1984” və Oldos Hakslinin “Cəsur yeni dünya” romanları ilə müqayisə edirlər.

Gənc və məqsədyönlü Mey Holland kolleci bitirdikdən sonra, rəfiqəsinin tövsiyəsi ilə böyük bir şirkətə – “Çevrə”yə işə düzəlir. Üç Müdrik tərəfindən təsis edilən “Çevrə” istifadəçilərin elektron poçt, sosial şəbəkə hesabları, bank kartları və alış-veriş haqqında informasiyaları vahid sistemdə birləşdirir. Ona görə hər kəs istifadəçilərin nəinki növbəti addımı, həmçinin gedib-gələn nəfəsini də bilir. İnsanların uğuru sosial şəbəkələrdəki informasiyadan asılıdır, müşahidə kameralarından kənar yaşanan hər dəqiqə bəxtsizlik və asosiallıq səviyyəsini müəyyənləşdirir.

“Çevrə” hər vəchlə dünyanı maksimum şəffaf və açıq bir yerə çevirmək istəyən monopolist şirkətdir. Şirkətin əsas postulatları belədir: SİRR YALANDIR; MƏXFİLİK OĞURLUQDUR; PAYLAŞMAQ SEVMƏKDİR. 2017-ci ildə eyniadlı elmi-fantastik triller ekranlara çıxıb. Əsas rollarda Emma Uotson və Tom Henks çəkilib. Ssenari müəllifləri arasında müəllifin özü də yer alıb.

Karandaşın izi ilə

– Mey, sirr nə vaxt yaxşı hesab edilir?
– Başqalarının hisslərini qoruyanda.

***

Natamam məlumata əsaslanan istənilən qiymətləndirmə, istənilən mühakimə, istənilən mənzərə həmişə yalan olacaq.

***

Bizim hamımız özümüzü elə aparsaydıq ki, guya bizi izləyirlər, necə olardı? Daha əxlaqlı yaşayardıq. Bir insan daim müşahidə altındadırsa, o, özünü qeyri-etik, əxlaqsız və ya qanuna zidd apara bilər? Onun qanunsuz pul əməliyyatları izlənirsə? Onun telefon şantajı qeydə alınırsa? Yanacaqdoldurma məntəqəsinə basqını bir sürü kameraya düşübsə, hətta oğurluq zamanı gözünün içinə qədər tanınıbsa?

***

Pislik seçimi olmayan dünyada yaxşılıqdan başqa yol olmur.

***

İctimaiyyətin, səni sevən milyonlarla insanın gözünün qarşısında yaşanan ağrı artıq ağrı deyil, birlikdir.

***

İnformasiya axınına nəzarət edirsənsə, hər şeyə nəzarət edirsən.

***

Nə qədər istəsək də, kədər qrafikimizə uyğun olaraq gəlmir.

***

Məlumatsızlıq dəliliyin, tənhalığın, şübhələrin, qorxunun köküdür.

***

– Qərara gəldim ki, həyatım boyu Yer kürəsində yaşayan bütün insanları tanımağa çalışacağam. Bir nəfərə kimi hamını, az da olsa. Heç olmasa, əlini sıxıb, salam verim. Bunu həqiqətən bacara biləcəyimini düşündüm.

– Lakin planetimizdə yeddi milyarddan çox insan yaşayır! Hesablamalar apardım. Uzun müddət götür-qoy etdim, nəticə belə alındı: əgər bir adama üç saniyə sərf etsəm, onda bir dəqiqəyə iyirmi adam alınır. Saatda min iki yüz! Yaxşıdır, hə? Amma bu templə il ərzində cəmi on milyon beş yüz on iki min insan tanıyacağam. Bu templə hər kəslə tanış olmağıma altı yüz altmış beş il lazım olacaq. Kədərlidir, düzdür?

***

SİRR YALANDIR.
PAYLAŞMAQ SEVMƏKDİR.
ŞƏXSİ OĞURLUQDUR.

***

Rəqəmsal dövrdə insan hüquqları:
Hər kəsin anonimlik hüququ var;
İnsan fəaliyyətlərinin hamısı ölçülə bilməz;
İnsan əməlinin qiymətləndirilməsi naminə fasiləsiz məlumat hasilatı əsl məğzi məhv edir;
İctimai və şəxsi arasında sərhədlər toxunulmazdır;
Hər kəsin yoxa çıxmaq hüququ var.

***

Biz hər şeyi bilmək üçün doğulmamışıq…

***

Çıxmaq istəmədiyin pilləkənən ortasında olmaqdansa, çıxmaq istədiyin pilləkənin aşağı pilləsində olmaq daha yaxşıdır.

***

Heç ağlınıza gəlməyib ki, bəlkə, zehnimiz incə şəkildə kalibrlənib, məlum və naməlum arasında taraz vəziyyətdədir? Bəlkə ruhumuzun həm gecənin sirlərinə, həm gündüzün aydınlığına ehtiyacı var? Siz, insanlar, inadla gün işığı dünyası yaradırsınız və məncə, biz hamımız həmin dünyada diri-diri yanacağıq. Fikirləşməyə, yatmağa, hirsimizin soyumasına vaxt qalmayacaq. Sizə çatmır ki, hər şeyi sadəcə içimizə sığışdıra bilmərik? Bir bizə baxın. Bapbalacayıq. Yemiş boyda balaca başlarımız var. Siz isə dünyanın macal tapıb şahid olduğu hər şeyi ora soxuşdurmaq istəyirsiniz. Alınmayacaq.

Tərcümə: Lamiyə Göycəyeva

5 (100%) 1 vote

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram