Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Daniel Keelman “Dünyanın arşını”

Annotasiya

“Dünyanın arşını” (almanca “Die Vermessung der Welt“) – avstriya-alman yazıçısı Daniel Keelmanın 2005-ci ildə çapdan romanıdır. Əsər işıq üzü görən kimi ədəbi mühitin – tənqidçilərin, oxucuların rəğbətini qazanıb.

Keelman iki dahinin, alman maarifçiliyinin iki böyük nümayəndəsinin – riyaziyyatçı Karl Fridrix Qauss və təbiətşünas Aleksandr fon Humboldtun həyatını, arzu-istəklərini, zəif cəhətlərini, onların gah sadəlövhlüyün, gah da dahiliyin zirvəsinə ucalmasını, uğursuzluqlarını və uğurlarını incə bir yumorla təsvir edir.

Karandaşın izi ilə

Beləliklə, professor Qauss indi yatağında gizlənməyə çalışırdı. Minna gəlib dedi ki, karet gözləyir, durmaq lazımdır, yol uzaqdır. Ancaq o, yastığı qucaqlayıb gözlərini yumdu, canını arvadından qurtarmaq istədi. Gözlərini açanda gördü ki, Minna hələ getməyib. Onu “zəhlətökən”, “dardüşüncəli” adlandırdı, dedi ki, arvadı qocalıq illərinin bədbəxtlik payıdır. Bu sözlər də köməyinə çatmayanda yorğanı üstündən atdı, ayağını döşəməyə salladı.

***

Varlığın özü miskin bir təsadüfdür və buna ən yaxşı misal da insanın nə vaxtsa özündən asılı olmyaraq dünyaya gəlməsi, doğulduğu zəmanənin əsirinə çevrilməsidir. Bu da insana keçmişlə müqayisədə heç nəyə yaramayan üstünlüklər bəxş edir və onu gələcəyin təlxəyinə çevirir.

***

Qauss dedi ki, bunu yazan adam ağlını itirib və kitabı pəncərədən bayıra tulladı. Oyqen qışqırdı ki, kitab onunku idi… Qauss “belə kitab başqasının ola bilməzdi” deyib yuxuya getdi.

***

Dager ayağını yerə vurub dedi ki, bu vacib anı əldən buraxdılar.

– Bütün başqa şeylər kimi, – Qauss sakitcə dilləndi. – Hər şey kimi…

***

Naməlum bir şeydən qorxmamağın ən yaxşı yolu onu ölçməkdir.

***

Varlığın mənası yalnız yaşamaqda deyil.

***

Roman yazmaq bu günün faniliyini gələcək üçün qoruyub saxlamağın ən yaxşı yoludur.

***

– Mən də səyahətə çıxmaq istəyirəm.

– İstəyən çoxdur, ancaq hamısı da sonra peşman olur.

– Niyə?

– Çünki heç vaxt geri qayıda bilmirlər.

***

Verner bir az geriyə tərəf meyillənib gözlərini yumdu, Humboldtdan neptunçu olub-olmadığını, yerin təkinin soyuqluğuna inanıb-inanmadığını soruşdu. Humboldt əminliklə dedi ki, inanır.

– Elə isə evlənməlisən!

***

Adam o vaxt evlənir ki, həyatda nəsə mənalı bir iş görmək istəmir.

***

Mən kəşf etmişəm ki, insan bütün bədbəxtliklərin kökünü tapmaq istəyir, ancaq çoxunu öyrənə bilmir, çünki ağrıdan qorxur. Kim ağrımağı bacarırsa, elə şeylərin sirrinə vaqif olur ki…

***

– İnsan heyvan deyil.

– Bəzən olur…

***

Kimsə professordan keçmiş xatirələri barədə soruşsaydı, cavabı bu olardı ki, dünyada elə şeylər yoxdur. Qravürlərdən, poçt göndərişlərindən fərqli olaraq, xatirələrin tarixi olmur. İnsan, sadəcə olaraq, hərdən fikirləşə-fikirləşə nələrisə yaddaşına dalbadal düzə bilir.

***

Hər axşam evdə yorğun-arğın kartof şorbası içəndə deyirdi: “Alman o kəsdir ki, oturanda beli bükülmür…”

Bir dəfə Qauss soruşdu:

– Elə bu? Alman olmaq üçün bu bəs edir?

***

Sonra kitabı da götürüb anasının yanına gəldi, işarələri ona da başa salmaq istədi, ancaq anası kədərlə gülümsəyib başını buladı. Qauss onda başa düşdü ki, heç kəs ağlını işlətmək istəmir. İnsanlar sakitliyi sevir, yeməyi, yatmağı, xoş rəftarı xoşlayırlar. Heç kəs fikirləşmək istəmir.

***

Uşağın həmişə kədərli olması yaxşı əlamət deyil.

***

Onu görmək də kədərlidir, özünü görməzliyə vurmaq da…

***

Məğrurluq ən böyük günahdır.

***

Allah insanı olduğu kimi yaradıb, ancaq belə çıxır ki, bəndəsi buna görə həmişə onun qarşısında üzrxahlıq etməlidir. Axı bu məntiqsizdir…

***

Bəlkə də, Fransada böyüklərlə belə danışmaq olar. Hə, orada hər şey etmək olar.

***

– Dua edirsən?

– Xeyr, sadə ədədləri sayıram. Əsəbiləşəndə həmişə belə edirəm.

***

Yohannaya məktub yazıb onunla evlənmək istədiyini bildirdi, ancaq rədd cavabı aldı. Qız yazdı ki, inciməsin, sadəcə olaraq, kiminsə Qaussla birgə həyata dözə biləcəyinə inanmır. Hətta bundan şübhələnir ki, torpaq günəşi, dəniz çayları necə canına çəkirsə, o da ətrafındakı bütün adamların həyatını, enerjisini əlindən alıb özünə çəkir, onunla bir yerdə olanların hamısı kabus kimi yaşamağa məhkumdur. Qauss başını tərpətdi. Belə cavab alacağını bilir, ancaq onun bu cür dəqiq əsaslandırılacağını gözləmirdi.

***

Şlyapalı qazancının nə olacağını soruşdu.

– Pul və bilik, – Humboldt dilləndi.

İkinci kişi iki barmağı ilə ağzındakı qarğını götürdü və dedi ki, pul bilikdən yaxşıdır.

***

– Kor-koranə gələcəyə sığınmaq da qorxaqlığın bir formasıdır. Doğrudanmı, o, insanların gələcəkdə ağıllacağına inanır?

– Bir az ağıllanacaqlar. Məcbur olacaqlar.

– Axı biz indiki zəmanədə yaşayırıq! – Yohanna etiraz etdi.

– Təəssüf ki, elədir.

***

Volterin pyesi oynanılırdı. Kimsə kimisə öldürdü. Bir qadın ağladı. Bir kişi də şikayətə başladı. Başqa bir qadın diz çökdü. Monoloqlar söylənildi. Tərcümə çox gözəl, ahəngdar idi, ancaq Qaussdan olsa, əsəri kitabdan oxuyardı. O qədər əsnədi ki, göz yaşları yanaqlarına süzüldü.

***

Dilçilər riyaziyyatçının intellektinə deyil, pedantlığına malik olan adamlardı. Onlar yalnız özlərinə lazım olan məntiqlə hərəkət edirlər.

***

Əslində, onları hamballar xərəklərdə qaldırmalı idilər, ancaq baron Humboldt bundan imtina etdi, dedi ki, insan ləyaqətini belə tapdalamaq olmaz. Hamballar incidilər, sanki onlar döymüşdülər.

***

Xidmətçi təkrarladı: qraf Hinrix fon der Oe tsur Oe. …dedi ki, mərhəmətli cənabın ailəsi min ildən çoxdur ki, bu adı daşıyır.

– Almaniyada hər şey ola bilər.

***

Bina sanki qonaqları çaşdırmaq üçün belə tikilmişdi və çox güman ki, həndəsə haqqında təsəvvürləri olmayan adamlarda bu alınırdı.

***

Bircə anlığa diqqətsizlik etmiş, buna görə də idarə işçisi olmuşdu.

***

Uşaqlıqdan insanların keyliyinə öyrəşmişdi. Ancaq bunu öz doğma oğluna bağışlaya bilmirdi.

***

Acığa düşən Humboldt da rüşvət vermək istəmədi. Axırda qərara aldılar ki, pulu Bonplana versin, o da onu kapitanın cibinə bassın.

***

– Bəlkə də, evə qayıtmaq vaxtı çatıb…

– Şəhərə?

– Bu şəhərə yox…

***

Əgər qonşun böyük dövlətdirsə, onun haqqında nə qədər məlumat toplayırsan topla, kifayət etmir.

***

Üç kişi bir yerdə görünəndə, kiməsə, nəyəsə qarşı icazəsiz toplaşmaqdır, ancaq otuz kişiyə daldada yığışıb ruhları çağırmağa icazə verilir.

***

Kitabdan söz düşmüşkən, eşitdiyinə görə, cənab professor gerçəkləşən ehtimalların hesablanması ilə məşğul olur.

– Ölüm hallarının hesablanması ilə, – düzəliş verən Qauss ikrahla üz-gözünü turşutdu və fincanı ələ çatan qədər kənara qoydu.

– Hamıya elə gəlir ki, öz həyat yolunu özü müəyyənləşdirir, nəyisə yaradır, kəşf edir, mal-mülk sahibi olur, öz həyatından da çox sevdiyi adama rast gəlir, uşaq əkib-doğur və bu uşaqlar da gah ağıllı çıxır, gah da səfeh. Sevdiyi adamın öldüyünü görür, qocalır, ağlını itirir, xəstlənir və ölüb torpağın altına gedir. Adama elə gəlir ki, bunların hamısını özü edir, hər şeyə özü qərar verir. Yalnız riyaziyyat onlara başa salır ki, hamı eyni cığırla gedir Heç kəsin despotizm sözündən xoşu gəlmir! Ancaq knyazlar zavallı bəndələrdir, onlar da yaşayır, əzab çəkir, başqaları kimi ölürlər. Əsl zülmkar təbiətin qanunlarıdır.

– Qanunları zəka formalaşdırır, – Humboldt etiraz etdi.

– Bu, Kantın köhnəlmiş, cəfəng fikridir. – Qauss başını buladı. – Zəka heç nəyi formalaşdırmır və heç nəyi də başa düşmür. Fəza əyilir, zaman isə genişlənir. Düz xətt çəkən adam onu nə qədər uzatsa da, nə vaxtsa təzədən öz çıxış nöqtəsinə qayıdıb gəlir, – o, pəncərədən getdikcə əyilməkdə olan günəşi göstərdi.

– Sönməkdə olan bu ulduzun şüaları yerə düz xətlə düşmür. Lazım gəlsə, dünyanı ölçmək, hesablamaq olar, ancaq bu hələ o demək deyil ki, nəyisə başa düşürsən.

***

Rəssamlar əsas vəzifələrini – hər şeyi olduğu kimi təsvir etməyi tez unudublar. Rəssamlar gerçəklikdən sapmağı özlərinin üstün cəhəti hesab ediblər, ancaq onların uydurmaları insanları çaşdırır, yaradıcılıq üslubları dünyanı saxtalaşdırır. Götürək elə səhnə dekorasiyalarını… Onlar özlərinin adicə kartondan düzəldilmələrini gizlətmirlər. Fonu cürbəcür yağlı boyalarla bayağı şəkildə işlənmiş ingilis tablolarında, yalançı nağılların içində itib-batan romanlarda müəlliflər öz cəfəng uydurmalarını tarixi şəxsiyyətlərin adı ilə bağlayırlar.

– İyrənclikdir! – Qauss təsdiqlədi.

***

Vətəndaş müharibələrinin birində pis adamlara qoşulub. Bilmək olmaz, bəlkə də, yaxşı adamlar imiş. Ancaq hər halda, uduzan tərəf olublar.

***

Kitabın çox hissəsi ölçünün nəticələrinə həsr olunmuşdu, şəxsi təəssüratlar, maraqlı sərgüzəştlər yox dərəcəsində idi. Bununla da onun şöhrətinə kölgə sala biləcək bir vəziyyət yarandı. Adam o vaxt məşhur səyyah olur ki, özündən sonra maraqlı sərgüzəştləri qalır.

***

Axı birdən-birə niyə belə tez qocaldı? Adam yaxşı yeriyə, görə, fikirləşə də bilmir. Yox, qocalmaq fəci deyil, əksinə, gülməlidir.

***

Layihələr, boş-boş danışıqlar, intriqalar… Haradasa bir barometr quraşdırmaq üçün on knyazla çənə döymək, yüz akademiya ilə danışıq aparmaq… Bu, elm deyil!

***

Əri həftədə bir dəfə harasa gedən arvad onun harada olduğunu dəqiq bilir, kişi özü deməsə də, başqalarından öyrənir.

***

Qauss dedi ki, onsuz da oğlundan heç nə çıxan deyil, Veber daha çox xoşuna gəlir.

– Uşaqlarımızı seçə bilmirik, – Humboldt dilləndi.

– Düzdür, – deyən Qauss fayton dayanana qədər ağzını açmadı.

***

Böyük qardaş darıxmaqdan heç vaxt qorxmayıb, ancaq təkliyi də xoşlamayıb. Humboldt isə həmişə tək olub, darıxmaqdan da ölüm qədər qorxub.

***

“Gələcəkdə görüşsək də, görüşməsək də, deməliyəm ki, prinsipcə, biz həmişə bir yerdəyik. Uşaqlıqdan beynimizə yeritmişdilər ki, həyatımız ictimai olmalıdır. İkimiz də elə bilirdik ki, bütün dünya bizimdir. Ancaq getdikcə çevrə daraldı və biz başa düşməli olduq ki, əslində, bütün cəhdlərimizin məqsədi kosmos deyil, bir-birimiz üçün nəsə etməkdir. Sənə görə mən nazir olmaq istəyirdim, sən isə mənə görə ən uca dağa çıxmalı, ən dərin mağaralara girməli oldun. Mən sənə görə ən yaxşı universiteti yaratdım, sən isə mənə görə Cənubi Amerikanı kəşf etdin. Yalnız həyatda qoşa – bir-biri üçün yaşamağın mənasını başa düşməyən səfehlər bunu rəqabət adlandıra bilər. Sən bu dünyada olduğun üçün mən dövlətin maarifçisinə çevrildim, mən bu dünyada olduğum üçün sən Yerin böyük bir hissəsini tədqiq etdin. Bunsuz tarazlıq pozulardı. Biz tarazlıq məsələsində çox həssas, inamlı olmuşuq. Xahiş edirəm, özün də dediyin kimi, ondan heç nə gözləməsən də, bu məktubu o biri yazışmalarımızla bir yerdə gələcək üçün saxlamayasan…”

***

Qonaqları müşayiət etmək tapşırığı almışdı.

– Doğrudan da, bu lazım deyildi, – Humboldt narazılığını bildirdi.

Komendant dedi ki, ona etibar edə bilər, belə lazımdır. Humboldt uzun illər vəhşi cəngəlliklərdə qalıb, heç bir müşayiətçi dəstəsi olmayıb.

– Bura vəhşi cəngəllik yox, Rusiyadır, – komendant etiraz etdi.

***

…tənhalıq onun dilini açmışdı.

***

Bələdiyyə müşavirləri Qaussu əvvəlcə dəli hesab ediblər. Ancaq Qauss əl çəkməyib, onları söyəndən, hədələyəndən, bunun ticarət üçün, şəhərin şöhrəti, iqtisadiyyatı üçün üstün cəhətlərini başa salandan sonra razılaşıblar və rəsədxananın yanında ona koma tikdiriblər.

***

Özünün çoxdan bildiyi şeyi başqalarının dünyaya car çəkəcəyini fikirləşəndə Qaussun qəlbi sındı. Heç vaxt belə olmamışdı. Doğrudanmı, xudbinliyin nə demək olduğunu başa düşmək üçün bu qədər qocalmalı idi?

***

Ölkə elə ağlasığmaz dərəcədə böyükdür ki, yaxınlığın, uzaqlığın mənası yoxdur. Burada məsafələr riyazi mücərrədliyə çevrilir.

***

Qocalmaq həm də o demək idi ki, harada gəldi mürgüləyə bilərdin…

***

– Ömrün bu çağında Xəzər dənizində üzmək və bir daha geri qayıtmamaq?

– Elədir ki var…

***

Humboldt xırıltılı, titrək səslə yerin maqnit sahəsindən danışmaq istəyəndə universitetin rektoru onun sözünü kəsdi, Böyük Pyotrun saçından bir neçə tel bağışlamaq istədiyini bildirdi. Humboldt Erenberqin qulağına pıçıldadı ki, bütün bunlar elm deyil, mənasız söhbətlərdir, çərənçilikdir.

***

İndi başımıza gələnlər onsuz da nə vaxtsa gəlməli idi. Yaradanımız artıq bizdən bezib.

***

Hirsli idi, çünki bütün gecəni gülümsəyə-gülümsəyə gözünü ondan çəkməmişdi, belə sırtıqlığa heç yuxuda da dözmək olmazdı.

***

Ancaq onlar Berlinin ilk qəsəbələrini bir-birinin ardınca geridə qoyanda və Humboldt indi Qaussun teleskop arxasında dayanıb səmaya baxdığını, oradakı hər bir hərəkəti sadə düsturlara çevirdiyini fikirləşəndə bir anlığa onlardan hansının daha çox yer gəzdiyini, hansının daha çox evdə oturub qaldığını kəsdirə bilmədi…

 

Tərcümə: Vilayət Hacıyev

5 (100%) 1 vote

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram