Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Geyl Hanimen “Eleanor Olifant tam qaydasındadır”

Annotasiya

“Eleanor Olifant tam qaydasındadır” (ingiliscə “Eleanor Oliphant is Completely Fine“) – Geyl Hanimenin debüt romanıdır. Əsər 2017-ci ildə Kosta mükafatına layiq görülüb.

Travmalı keçmişi olan iyirmi doqquz yaşlı Eleanor Olifant tədbirlərin birində rok ifaçısına aşiq olur. Bu da onu həyatını, görünüşünü və mühitini dəyişməyə məcbur edir. Əyləncəli, gülməli təhkiyə tədricən sosial həyata adaptasiya ola bilməyən, özünü cəmiyyətdən təcrid edən bir qadının kədərli həyat hekayəsinə çevrilir.

Karandaşın izi ilə

Bu, dünən səhər idi, başqa həyatda.

***

Qara dəsmallar məni narahat edirdi. Onlar bu rəngi seçməklə hansı çirki gizlətməyə çalışırdılar?

***

Gözəl insanlara yazığım gəlir. Bir insana gözəllik bəxş edilən kimi o elə həmin andaca ötəri xülyaya çevrilərək əldən çıxır. Yəqin ki çətindir: ətrafdakıların sənin daxili dünyanı görə biləcəklərinə, gözəl bədənini, parlaq gözlərini, qalın ipək saçlarını deyil, sənin özünü sevəcəyinə ümid edərək həmişə özünün bir şeyə dəydiyini sübut etməlisən. Əksər peşələrdə yaşının üstünə yaş gəldikcə, işini daha yaxşı görürsən, yaşına və təcrübənə görə hörmət görürsən. Əgər işin xarici görünüşünlə əlaqəlidirsə, hər şey tam əksinə olur. Necə kədərlidir.

***

Cazibədar olduqları üçün insanları sevməmək haqsızlıqdır. Eynilə eybəcər olduqları üçün sevməmək kimi.

***

Niyə insanlarla işləmək mizantropları bu qədər cəlb edir? Bir növ paradoksdur.

***

Fəlsəfi sual: meşədə bir ağac sınırsa, ancaq bunu heç kim eşitmirsə, ağas səs çıxarmış olurmu?

***

Əlbəttə, cəhənnəm yoxdur, amma olsaydı, lənətlənmiş ruhların qışqırığı və iniltisi müzikl mahnıları ilə müşayiət olunardı. Orada, səhnədə, alovlara bürünmüş çalada durmadan Lloyd Uebber və Tim Raysın əsərləri ifa edilər, günahkarlar onları axıra qədər izləməyə və dinləməyə məhkum edilərdi. Ən pisləri, uşaqların əxlaqını pozanlar və qaniçən diktatorlar həmin mahnıları ifa etməli olardı.

***

Müşahidələrimə əsasən deyə bilərəm ki, gündəlik idman dəsti geyinənlərin idmana həvəsi olmur.

***

Fikir verdim ki, o, gözlərini Lauradan çəkə bilmir. Özü də bu, manqustun ilana baxmasına oxşayırdı: Reymond hipnoz olmuşdu. Görünür, Laura hər şeyi başa düşürdü. Təxminlərimə əsasən, o bu cür xarici görünüşlə belə münasibətə çoxdan adət edib. Sarı saçlar və böyük sinə – göz deşən klişe. Və Reymond kimi tiplər, maraqsız axmaqlar süd vəziləri və peroksiddən uzağı görmək üçün ağılları, zəriflikləri olmayanlar həmişə onun kimi qadınlara diqqət yetirəcəklər.

***

Xaraktercə zəif olan bəzi insanlar yalnızlıqdan qorxurlar. Onlar heç vaxt yalnızlığın müəyyən baxımdan özü ilə azadlıq gətirdiyini başa düşməyəcəklər: insan heç kimə ehtiyacı olmadığını dərk edən kimi özünün qayğısına qalmağı öyrənir. Məsələ də budur: ən yaxşısı təkcə özünün qayğına qalmaqdır. Nə qədər çalışsan da, başqalarını qoruya bilməzsən. Çalışırsan, məğlub olursan, dünyan dağılır, yanıb külə dönür.

***

İki ilə yaxın Deklan adlı bir kişi ilə yaşadım. O, böyrəklərimə-böyrəklərimə döyürdü, ümumilikdə on iki sümüyümü sındırmışdı. Gecələri yoxa çıxır, sonra evə qayıdır, vaxt keçirdiyi qadınlardan danışırdı. Və hər şeydə, bütün bunlarda mən günahkar idim. Bununla belə, bilirəm ki, o, belə etməməli idi. Hər halda, indi bilirəm.

***

Heç nə demədi, diqqətlə idman ayaqqabılarına baxdı. Sonra üzümə baxmadan əlini uzatdı, çiynimə toxundu – (at və itdən qorxanlar) atın və itin belini vurduqları kimi ehtiyatla kürəyimə vurdu.

***

Bir neçə saniyədən sonra cavab gəldi: ☺.

İyirmi birinci əsrdə ünsiyyət. Millətimizin savadlılıq standartları məni qorxudur.

***

Gözəllik salonlarında niyə spirtli içki təklif edilmir? Axı tərz dəyişikliyi stressə səbəb ola bilər, bu cür işıqlı və səs-küylü mühitdə rahatlanmaq isə çox çətindir. Üstəlik, bu, müştəriləri daha səxavətli olmağa təşviq edər. “Sərxoşdur, deməli, səxavətlidir”, – deyə düşündüm və səssizcə güldüm.

***

– Eleanor, siz yaxşı işçisiniz. Burada artıq neçə ildir işləyirsiniz? Səkkiz?

– Doqquz.

– Bu doqquz il ərzində bircə dəfə də olsun xəstəlik məzuniyyəti götürməməsiniz, tətil günlərinizin hamısını istifadə etməməsiniz. Bu, sizin işə olan sədaqətinizdən xəbər verir. İndiki zəmanədə belə şeyə az rast gəlinir.

– Bu sədaqət-zad deyil. Sadəcə orqanizmim sağlamdır, tətili keçirməyə isə adamım yoxdur.

***

– Yaxın on il üçün karyera inkişafı ilə bağlı planın olmadığına görə özünü qınamamalısan.

– Yaxın on il üçün sənin planın var ki?

– Yo-ox. Kimin var ki? Normal insanları nəzərdə tuturam.

***

Savadsızlıq mənə görə deyil, təbiətimə ziddir. Hərçənd yeni bir şeyi sınamaq və qərəzsiz düşünmək, özünə sadiq qalmaq da son dərəcə vacibdir. Bunu gözəllik salonundakı jurnalda oxudum.

***

Təkamülün buna təsiri olduğunu irəli sürdüm: körpənin ürək dağlayan fəryadı tam olaraq elə yüksəklikdə və gurluqda olur ki, böyük adam üçün buna məhəl qoymamaq qeyri-mümkün olsun.

***

Başqa bir insanı nə qədər çox seviriksə sevək, bu heç vaxt bəs eləmir. Sevgi özü-özlüyündə onu qoruyub saxlaya bilməz.

***

Hərtərəfli müşahidələrim nəticəsində müəyyənləşdirdim ki, cəmiyyətdə uğur çox vaxt kiçik riyakarlığa əsaslanır. Populyar insanlar bəzən onlara gülməli gəlməyən şeylərə gülmək, birlikdə olmaqdan zövq almadıqları insanlarla istəmədikləri şeyləri etmək məcburiyyətində qalırlar.

***

Deyirlər, kədər sevgiyə görə ödədiyimiz bədəldir. Dəqiq, çox böyük bədəldir.

***

Yalnızlığa öyrəşən kimi o, normaya çevrilir.

***

Lazım olduqda insanın nəyə gəldi uyğunlaşa bilmək qabiliyyəti həm yaxşı şeydir, həm pis.

***

Necə deyərlər, bu həyatda insest və morris rəqsindən başqa hər şeyin dadına baxmaq lazımdır. Bəlkə, bu siyahıya det-metalı da əlavə edək?

***

“Necəsən” sualına “yaxşıyam” cavabını vermək lazımdır. İki gündür danışmağa adamın olmadığı üçün axşam yatana qədər ağladığını demək olmaz. Deyirsən ki, yaxşıyam.

***

Əvvəllər mən kədərlənəndə və ya kefim olmayanda, müvafiq şəxslər sadəcə sosial işçiyə zəng edər və məni başqa yerə köçürərdilər. Reymond heç kimə zəng etmədi və kömək üçün ixtisaslaşmış müəssisələrə müraciət etmədi. O, özü mənim qayğıma qalmaq qərarına gəldi. Uzun-uzun bu barədə düşündüm və belə bir nəticəyə gəldim: ola bilsin, bu dünyada elə insanlar var ki, onlar üçün mürəkkəb davranış münasibətləri tam kəsmək üçün səbəb deyil.

***

– Eleanor, bu Süngər Bobdur, – Reymond sanki əqli inkişafdan geri qalmış biri ilə danışırmış kimi olduqca yavaş və aydın tələffüz etdi. – Süngər Bob Kvadrat Şalvar? Ön dişləri qabağa çıxan yarıinsan-yarısüngər! 

Məni bütün ömrüm boyu qəribə adlandırıblar, ancaq Allaha and olsun, bu cür şeyləri görəndə başa düşürəm ki, əslində normalam.

***

Divardakı çərçivəli rəsm (içi ölmüş birinin kompyuterdə çəkdiyi, içində qızılgül olan güldan) gözümüzü çılpaq divardan daha çox təhqir edirdi.

***

Söhbət iki istiqamətdə getməli, bir növ verbal tennisə oxşamalıdır.

***

İnsan heç vaxt sahib olmadığı şeyə ehtiyac hissi duya bilməz.

***

Söyüş kasad söz ehtiyatının əlamətidir.

***

Dünyada o qədər kitab var ki… yaxşını pisdən necə ayırasan? Hansının sənin zövqünə və maraqlarına uyğun gəldiyini haradan biləsən? Bu səbəbdən həmişə əlimə düşən ilk kitabı alıram. Seçim etmək cəhdləri əvvəldən uğursuzluğa məhkumdur. Cildlər bu işdə kömək olmur, axı onlara yalnız yaxşı sözlər yazılır. Öz təcrübəmdən bilirəm ki, üzqabığına yazılanlar nadir halda həqiqətə uyğun olur.

***

və anladım ki, özümü …xoşbəxt hiss edirəm. Elə qəribə, qeyri-adi hissdir ki… Dinclik bəxş edən, parlaq… Sanki günəş şüası udmuşam.

***

Pəncərədən çölə baxdım. İnsanlar nəsə alır, telefonla danışır, uşaq arabası sürürdülər. Baş verənlərdən asılı olmayaraq, dünya sadəcə adi həyatını davam etdirirdi. Və bu, həmişə də belə olacaq.

***

“Vəhşilər”, hər növ şübhəli məşhurlar haqqında oxuyanda adətən onların ailələrinin olduğunu unuduruq. Onlar axı vakuumdan çıxmırlar. Düşünmürük ki, baş verənlərin öhdəsindən kimlər gələcək.

 

Tərcümə: Lamiyə Göycəyeva

4 (80%) 3 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram