Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Lian Moriarti “Böyük kiçik yalanlar”

Annotasiya

“Böyük kiçik yalanlar” (ingiliscə “Big Little Lies”) – Lian Moriartinin 2014-cü ildə işıq üzü görən və ona dünya şöhrəti gətirən romanıdır. Əsər 2015-ci ildə “Davitt” mükafatına layiq görülüb.

Madlen şən, hazırcavab, ehtiraslı bir qadın, üç uşaq anasıdır. O, həmişə dostlarına kömək etməyə, haqsızlığa uğrayanları müdafiə etməyə hazırdır. Lakin keçmiş həyat yoldaşının yeni ailəsi ilə onlara qonşu olması Madleni hirsləndirir.

Selesta zəngin, gözqamaşdırıcı gözəlliyə malik, əkiz oğlan anasıdır. Əri ilə birlikdə şəhərin ən xoşbəxt cütlüyü hesab edilirlər. Ancaq onların xoşbəxt evliliklərinin arxasında dəhşətli sirr yatır.

Ceyn oğlunu tək böyüdür. O, şəhərə yeni gəlib. Çox gənc olduğu üçün şəhər sakinləri tez-tez onun dayə olduğunu düşünürlər.

Selestanın əkizləri, Madlenin kiçik qızı və Ceynin oğlu eyni məktəbdə, eyni sinifdə oxuyurlar. Bu da üç qadının yaxınlaşmasına səbəb olur. Lakin günlərin bir günü səylə gizlədilən sirrlər, yalanlar üzə çıxmağa, hamının dinc həyatını korlamağa başlayır.

Karandaşın izi ilə

İndiki zəmanədə analar öz öhdəliklərinə çox ciddi yanaşırlar.

***

O, yalnız uşaq nəğmələri eşidəndə allaha inanırdı.

***

Yeri gəlmişkən, arıqlamaqda çətinlik çəkirəm. Guya kim çəkmir ki?

***

İstənilən münaqişə insanların heysiyyətinə toxunulduqda meydana çıxır, düz demirəm? Boşanma. Dünya müharibələri. Məhkəmə.

***

Qırx yaşda çox az şey əhəmiyyət kəsb edir. Qırx yaşda əsl hisslər yox olur, çünki bu darıxdırıcı yaşda bütün bədbəxtliklər sanki təhlükəsizlik yastığı ilə yumşalır. Qırx yaşlı qadın cəsədi tapılıb. İlahi! İyirmi yaşlı qadın cəsədi tapılıb. Faciə! Dəhşət! Qatili axtarıb tapın!

***

Xloya, yaxşı oğlanlarla dostluq et! Atana oxşayan oğlanlarla. Pis oğlanlar yatağa qəhvə gətirmirlər, dəqiq məlumatdır.

***

– Bu gün mənim ad günümdür, – qadın hüznlü bir şəkildə dedi.

– Qırx yaşım tamam olur.

– Təbrik edirəm, – Ceyn dedi.

Qırx yaşlı qadının ad gününü xatırlatması onu yaxşı mənada təəccübləndirdi.

***

– O, uzun boylu, gözəl narahat sarışın qadındır.

– O, uzun boylu, gözəl və sarışındırsa, nədən narahatdır?

***

Ceyn əvvəllər də orta yaşlı qadınların yaş mövzusuna xüsusi marağı olduğunu sezmişdi. Onlar gah bu məsələni lağa qoyur, gah kədərli-kədərli yenidən bu mövzuya qayıdırdılar. Sanki qocalma prosesi açmasını gözləyən çətin tapmacadır. Niyə bu mövzu onları bu qədər karıxdırır? Elə bil, Ceynin anasının rəfiqələrinin söhbət üçün başqa mövzusu yox idi, ən azından Ceyn ilə danışanda. “Ah, Ceyn, sən elə gənc və gözəlsən ki!” Ancaq bu doğru deyildi. Onlara görə biri avtomatik olaraq o birindən qaynaqlanırdı: gəncsənsə, deməli gözəlsən.

***

Hər kəs zəngin və gözəl olmaq istəyir, amma həqiqətən zəngin və gözəl olanlar yalandan özlərini hamı kimi göstərməli olurlar. Ah, bu ecazkar qoca dünya!

***

Şampan şərabının həmişə yeri var. Madlen hər zaman bu şüarla hərəkət edirdi.

***

Ümumiyyətlə, elə olub ki, onun sabahını düşünmədən karbohidratları necə yediyinə şahid olmuşam. Ona görə bu dünyada ədalətin olduğunu söyləməyin.

***

Məgər kimsə öz övladını sözün əsl mənasında tanıyırmı? Uşaq daim dəyişən, gizlənən, sonra yeni bir şəkildə qarşınıza çıxan balaca yad adamdır.

***

Onun bütün hissləri pik həddə çatdı: çılpaq əllərini bürüyən isti hava, ayaq barmaqları arasında səndəlinin qayışları, böyük əncir ağacının yarpaqları və mavi səmanın fonunda hər yarpağın aydın şəkildə seçilməsi. Bütün bunlar gərgin təəssüratı xatırladırdı: yenidən aşiq olduğun, yenidən hamilə qaldığın, ya da ilk dəfə təkbaşına avtomobil sürdüyün anları. Hər şey əhəmiyyətli görünür.

***

Hər gün düşünürəm: lənət şeytana, bu gün bir az yorğun görünürsən. Bu yaxınlarda mənə çatdı ki, bunun yorğunluqla əlaqəsi yoxdur, sadəcə indi mənim görünüşüm belədir.

***

– Evdə şirniyyat hazırlamaq ideyası xoşuma gəlir, amma məndə alınmır: heç vaxt lazım olan bütün məhsullar evdə olmur. Necə edirsən ki, həm ehtiyatda unun olur, həm şəkər tozun, həm də, nə bilim, vanilin?

– Alıram. Supermarket adlanan yerdən.

***

Yatağın əks tərəflərinə yaxınlaşaraq hər ikisi lampaları yandırdı və səlis sinxron hərəkətlə ədyalı çəkdilər. Madlenin əhval-ruhiyyəsindən asılı olaraq bu, ya onların mükəmməl evliliyinin olduğunu, ya da onların rutində ilişib qalan, ona görə evi satıb Hindistana səyahət etməli olan orta sinif nümayəndələri olduğunu sübut edirdi.

***

Bonni üzündə sevinc dolu bir təbəssüm onun yanında bitdi. O, həmişə belə fərəhli şəkildə gülümsəyirdi. Madlen narkotiklərdən şübhələnirdi.

***

Sabah daha yaxşı olacaqsan. Sabahısı gün həmişə daha yaxşı olursan.

***

Qadınların bəzən özlərinə qarşı tənqidi münasibət vasitəsilə əlaqə qurmağa çalışması onu əsəbiləşdirirdi.

***

Heç vaxt ağlına gəlməzdi ki, övladını məktəbə yollamaq yenidən özünün məktəbə qayıtması kimi bir şeydir.

***

Övladları yaxşı yatan valideynlər bunu bəxtlə deyil, düzgün tərbiyə ilə əlaqələndirirlər.

***

Roman oxumaq sevimli tətil məkanına qayıtmaq kimi bir şeydir.

***

Həddindən artıq yorğun düşən beş yaşlı uşaqlara partlayıcı qurğular kimi yanaşmaq lazımdır.

***

Uşaqlarımızda elə bir şey var ki, o, dərhal özümüzü uşaq kimi aparmağa məcbur edir.

***

Heç nə və heç kim bizi övladlarımız qədər qəzəbləndirə bilməz.

***

Belə çıxır ki, kök, çirkin kişi heç nəyə baxmayaraq əyləncəli, cazibədar və müvəffəqiyyətli ola bilər. Ancaq qadın üçün bu, ən biabırçı şeydir.

***

Bir az kök olsaydım? Yaraşıqlı olmasaydım? Nə olardı? Bunda nə var ki? Bu qədər dəhşətli olan, çiyrəndirən şey nədir? Dünyanın sonudur? Hamısı ona görədir ki, qadınların özünə qoyduğu qiymət xarici görünüşünə əsaslanır. Ona görə. Gözəllik dəlisi bir cəmiyyətdə yaşayırıq. Burada qadınların əsas işi özünü kişiyə daha cəlbedici etməkdir.

***

Onun mənim üzərimdə gücə sahib olması məni hirsləndirir. Hər gün güzgüdə özümə baxıb fikirləşirəm: artıq kök deyiləm, amma yenə də çirkinəm. Çirkin olmadığımı, babat olduğumu başa düşürəm. Lakin özümü çirkin hiss edirəm, çünki bir kişi bunun belə olduğunu söyləyib və mən inanmışam. Alçaldıcı hərəkətdir.

***

– Sən gözəlsən, – deyə Madlen söhbətə başladı.

– Yox! – Ceyn acıqla qışqırdı. – Gözəl deyiləm! Və yaxşı ki, gözəl deyiləm. Hamının musiqi qabiliyyəti olmadığı kimi hamı gözəl də deyil və bu normaldır. Mənə kobud görünüşün altından sezilən daxili gözəllikdən danışma.

***

İndiki dövrdə “oğraşı öldür” kimi onlayn-xidmət olmalıdır.

***

– Partnyorunuz ev heyvanlarına hücum edir və ya onları şikəst edir? – Syuzi mülayim şəkildə soruşur.

– Nə? Yox! Heyvan saxlamırıq. Amma o belə biri deyil! – Selesta hirsindən partlayırdı. Niyə o, özünü bu cür təhqirlərə məruz qoyur? Axmaqcasına bağırmaq istəyirdi: “Bu paltar Parisdəndir! Ərim “Porşe” sürür! Biz bu cür insan deyilik!” – Perri heç vaxt heyvanları incitməz

– Lakin o, sizi incidir, – Syuzi qeyd edir.

“Sən mənim haqqımda heç nə bilmirsən, – Selesta incik halda, hirslə fikirləşdi. – Sən elə düşünürsən ki, mən də o döyməli qız kimiyəm, amma elə deyiləm.

***

Qurbanların əksəriyyəti orta hesabla altı-yeddi dəfə zorakılıq vəziyyətindən qaçmağa çalışırlar və yalnız bundan sonra evi tamam tərk edirlər.

***

Siz kişilərdə təsadüfi qadınla yatmaq bomba hadisə hesab edilir. Amma eyni şeyi qadın etsə, axmaqlıqdır. Bu ki ikili standartdır!

***

Səhər ondan üzr istəyər. Ola bilsin, səsli üzr istəməsin, amma ona alaçiy yumurta qaynadar. O da başa düşər.

***

Atam məni öyrətmişdi ki, hansısa oğlan səni vursa, sən də onu vur. Çox sadə. Bəs indiki dövrdə nə edirlər? Futbolda hər oğlana mükafat. “Bağlamanı ötür” oyununda hər növbəti pilləyə görə hədiyyə. Zəiflər nəsli yetişdiririk.

***

Evlilik həmişə kompromisdir.

***

Ed haqlıdır. Əlbəttə, haqlıdır. O, həmişə haqlıdır, amma bəzən doğru şey doğru olmayanı etməkdir.

***

Birdən dünyadakı pisliyin bir çox növü olduğunu anladı. Onun tikanlı sözləri kimi kiçik pisliklər var. Və ya hansısa uşağı doğum gününə dəvət etməmək kimi pislik. Yeni doğulmuş körpə ilə həyat yoldaşını atıb getmək və ya qızının dayəsi ilə yatmaq – bu daha böyük pislikdir. Və Madlenin hələ qarşılaşmadığı bir pislik növü də var – mehmanxana otaqlarında, bağ evlərində amansızlıq və zorakılıq nümayişi; saf qəlblərə düzəlməz yara vuran azyaşlı qızların alveri.

 

Tərcümə: Lamiyə Göycəyeva

2 (40%) 1 vote

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram