Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Karlos Ruis Safon “Küləyin kölgəsi”

Annotasiya

“Küləyin kölgəsi” (ispanca “La sombra del viento”) – ispan yazıçısı Karlos Ruiz Safonun bu əsəri ilk dəfə 2001-ci ildə “Planeta” nəşriyyatında işıq üzü görüb.

1945-ci ildə günlərin bir günü Daniel Sempere atası ilə Barselonun ən gizli yerinə – Unudulmuş Kitablar Qəbiristanlığına gedir. Balaca oğlan orada lənətlənmiş kitab tapır. Bu kitab sonradan Danielin bütün həyatını dəyişir, onu sirlərdən və fitnə-fəsadlardan ibarət bir labirintin içinə salır.

Karandaşın izi ilə

Oxucunun ürəyinə yol tapan birinci kitab qədər ona təsir edə biləcək ikinci bir şey çətin tapıla. Keçmişdə qaldığını düşündüyümüz həmin ilk obrazlar, sözlərin əks-sədası bütün həyatımız boyu bizi müşayiət edir. Onlar yaddaşımızda elə bir saray ucaldırlar ki, sonradan nə qədər kitab oxusaq da, nə qədər dünya kəşf etsək də, nə qədər öyrənib unutsaq da – mütləq həmin saraya geri dönməli oluruq.

***

Hər bir sirr onu kimdən gizlədiriksə, onun qədər dəyərlidir.

***

Balaca, heç vaxt yaşının üstünə yaş gəlməyə çalışma. Həyat özü bunun qeydinə qalacaq.

***

Ölü dillər yoxdur, yalnız yuxuya gedən ağıl var.

***

Ön daş pilləkən yüngül şəbəkəli taxtapuşa, qalereyalara və telefon, daimi tələskənlik, biləkdəki saat kimi tərəqqi əşyalarının futuristik anaxronizm təsiri bağışladığı oxu zallarına aparırdı.

***

Xalq xüsusilə silaha əl atanda həqiqətin gözünə dik baxmağa meylli olmur.

***

Pəncərədən ötüb keçən, Lümyer qardaşlarının yuxusuna girən kabusa bənzər mənzərəyə fikir vermirdi.

***

Mən o əminliklə böyümüşdüm ki, müharibədən sonrakı dövrün sakit axını, bütün bu səssizlik dünyası, yoxsulluq və gizli qəzəb krandan axan su, yaralı şəhərin divarlarından sızan lal xiffət kimi təbiidir və onun əsl ruhunun təzahürüdür. Uşaqlığın məkrli tələlərindən biri də budur – nəyisə hiss etmək üçün onu başa düşmək vacib deyil.

***

Daniel, müharibə zamanı bəzən elə şeylər olur ki, onu izah etmək mümkün olmur.

***

Sakit başla götür-qoy edə bilsəydim, yəqin, Klaraya olan heyranlığımın mənə yalnız əzab gətirdiyini başa düşərdim. Bəlkə də, məhz bu səbəbdən ona daha çox heyran olurdum. İnsanların onlara əzab verən şəxsləri sevmək kimi axmaq adətinə əməl edirdim…

***

Barselo tamamilə təsadüf nəticəsində ona rast gəlmişdi. O, Borne bazarında göyərti satırdı. Barselo tərəddüd etmədən onu evində qulluqçu işləməyə dəvət etdi.

– “Piqmalion”dakı kimi, – o dedi. – Sən mənim Elizam, mən isə sənin professor Higginsin olacam.

Ədəbi biliyi “Bazar yarpağı” ilə məhdudlaşan Bernarda ehtiyatla ona nəzər yetirdi.

– Qulaq asın, ola bilsin, kasıb, savadsız qızam, ancaq tərbiyəmə söz ola bilməz.

***

Kitab biznesi səfillər cəmiyyətinə oxşayır.

***

Paris dünyada yeganə şəhərdir ki, burada aclıq əzabları hələ də incəsənət səviyyəsinə qaldırılır.

***

Bir gün qızınız olsa, məndən olsa heç kimə belə bir xoşbəxtlik arzulamazdım, axı istəsəniz də, istəməsəniz də, həyatın qanunu belədir: gec-tez qızınız sizin ürəyinizi qıracaq…

***

Bilirəm, siz gənclər əminsiniz ki, biz yaşlılar ümumiyyətlə heç vaxt aşiq olmamışıq.

***

Hədiyyələr onları verən insanın ürəyindən gəlir və onları qəbul edən şəxsin əməllərindən asılı deyil.

***

Kinematoqrafiya cahil kütlələri əyləndirmək üçün icad edilmişdir və yarım əsr sonra da demək olar heç nə dəyişməyib.

***

– Daniel, bəs sizin hansı qadınları xoşunuza gəlir?

– Düzünü desəm, onlardan başım çıxmır.

– Əşi, onlardan heç kimin başı çıxmır: nə Freydin, nə özlərinin. Bu, elektrik cərəyanı kimidir. Elektrik cərəyanı vurması üçün onu başa düşmək lazım deyil.

***

Ordu, evlilik, kilsə və bank – Apokalipsisin dörd atlısı bunlardır.

***

Barselonanı ən çox oktyabrda – insanın elə hey gəzmək istədiyi, hər kəsin möcüzəvi şəkildə xlor iyi verməyən Kanaletas çeşməsinin suyu sayəsində daha müdrik olduğu bir vaxtda sevirəm.

***

Düşmən hesab etdiyin birisi sizə qarşı dost münasibəti bəsləyəndə ona duyduğunuz ədavəti unutmaq necə asandır.

***

Beləliklə, Fortun ailəsi uzun illər ürəklərini və ruhlarını susduraraq yaşadı. Nəhayət, uzun sürən səssizlikdən əsl hissləri ifadə edən bütün sözləri unutdular və bir damın altında yaşayan yad insanlara çevrildilər. Bu böyük şəhərdə məskunlaşan bir çox ailənin başına gələn onların da başına gəldi.

***

Qadın ürəyi əclaf kişinin primitiv ağlına meydan oxuyan zərif duyğular labirintinə bənzəyir. Həqiqətən bir qadına sahib olmaq istəyirsinizsə, onun kimi düşünməlisiniz və hər şeydən öncə onun qəlbini fəth etməyə çalışmalısınız. Yerdə qalan digər şeylər isə – ağlımızı başımızdan alan, bizi məziyyətlərimizdən məhrum edən bu yumşaq şirin qilaf öz-özünə yoluna düşəcək.

***

Dostlar, həyat əbədi dramdır. Yaradanın ən layiqli bəndələri belə şıltaq və inadkar taleyin zəhərini dadacaq.

***

Bu, qəzəb deyil. Bu, əsl axmaqlıdır. İnsanlar axmaqdır və sizə bir söz deyim, bu, eyni şey deyil. Qəzəb mənəvi determinizm, niyyət və müəyyən dərəcədə zehni fəaliyyət nəzərdə tutur. Axmaqlar və barbarlar isə heç vaxt düşünmürlər, fikirləşmirlər. Onlar tövlədəki heyvanlar kimi öz instinklərinə tabe olaraq hərəkət edirlər. Onlar əmindirlər ki, yaxşılıq edirlər, hər zaman hər şeydə haqlıdırlar, hər hansı bir şeydə – dəri rənginə, inancına, dilinə, milli mənsubiyyətinə ya da don Federikonun vəziyyətində olduğu kimi özünəməxsus istirahətinə görə özlərindən fərqlənən istənilən adamı – üzr istəyirəm – dalını dağıtmağa hazır olmaqla öyünürlər. Dünyamızın həqiqətən ehtiyac duyduğu şey – daha çox əsl cani və daha az yarı vəhşi heyvanlardır.

***

– Bu ölkənin zibili çıxır.

– Ruhdan düşməyin, don Anakleto. Bizdə, hər yerdə həmişə belə olub. Dünyada hər zaman nəsə pis şey olur, ancaq həmin hadisə sənin yaxınına toxunanda, hər şey gözünə qara görünür.

***

Bilirsən, bu, dənizdəki qabarmaya oxşayır. Bu cür vəhşiliyi nəzərdə tuturam. O, geri çəkilir və xilas olduğunu düşünürsən, amma həmişə geri qayıdır, həmişə… Və biz boğularaq batırıq. Bunu hər gün məktəbdə müşahidə edirəm. İlahi! Siniflərdə oturan şagirdlər deyil, əsl meymunlardır. Sizi inandırıram ki, Darvin sözün əsl mənasında sadəlövh xəyalpərəst olub. Yox bir, təkamül, rəhm edin! Sinfimdə ağlı başında olan bir nəfərə doqquz oranqutanq düşür.

***

Deyəsən, gün “Karamazov qardaşlar”ından uzun olacağını vəd edirdi.

***

Bu qadından çıxan tənhalıq insanı yandırırdı.

***

Daşürəkli olduğumuzdan və ya bilmədən sözlərimiz və əməllərimizlə uşağın qəlbinə toxunuruq. Həmin sözlər, hərəkətlər onun ruhuna dərindən nüfuz edir və orada əbədi məskunlaşır ki, sonradan, gələcəkdə gec-tez onu yandırsın.

***

Bizi xatırlayırlarsa, deməli varıq.

***

— Sən onu sevirsən?

Bircə kəlmə söyləmədən uzun müddət bir-birimizə baxdıq.

— Bilmirəm, bilmirəm.

— Bir dəfə biri demişdi ki, birisini sevib sevmədiyini düşündüyün an ona olan sevgin həmişəlik ölür.

***

Və bütün həqiqi hekayələr kimi o da qəbiristanlıqda başlayır və bitir.

***

— Mən yaxşı ata ola bilərdim?

— Yaxşı ata?

— Hə, məsələn, sizin atanız kimi. Başı, ürəyi və ruhu olan bir insan. Övladını dinləyən, onu yönləndirən və ona hörmət edə bilən biri. Daha onda öz çatışmazlıqlarını boğan biri yox. Oğlu təkcə atası olduğu üçün onu sevməməlidir, eyni zamanda bir insan kimi ona heyran olmalıdır. Elə biri ki, özünü ona tay tutsun, həmişə hər şeydə özünü ona oxşatmağa çalışsın.

***

Evlilik və ailə onlardan yaratdığımız şeyə çevriləcək. Bunsuz onlar ikiüzlülüklə dolu bir pəyəyə çevrilirlər. Zibil və boşboğazlıqdan başqa bir şey olmur.

***

Bu həyatı üç-dörd şeyə görə yaşamağa dəyər, yerdə qalan hər şey gübrədir.

***

Qadının nazı ilə oynamaq tanqo rəqsinə oxşayır: başdan-ayağa absurdluq, əsl təxəyyül gücü və tuhaflıqdır.

***

Qadın Babil qülləsi və Minotavr labirintinin bir arada olan versiyasıdır.

***

Sevgi kolbasa kimidir: can ətindən hazırlananı var, qaynadılmış növü var. Kim hansını xoşayırsa… Necə deyərlər, zövq məsələsi.

***

Gənclik dövründə istedad, dahilik dəstəksiz qalsa, azğın forma alır və sahibini daxildən yeyir. Onu doğru istiqamətə yönəltmək lazımdır.

***

– Balaca, de görüm, heç “Mersedes”də gəzmisən?

O, başını yellədi.

– Deməli, indi tam zamanıdır. Bu, cənnətə getmək kimi bir şeydir, sadəcə ölməyə ehtiyac yoxdur.

***

Xulian, yeni qarderoba ehtiyacınız var. Bu dünya geyimə görə mühakimə edən cahillərlə doludur…

***

Kitablar güzgü kimidir: yalnız ruhunuzdakıları əks etdirir.

***

Allah ağlımız kəsməyən bəzi səbəblərdən dolayı həmişə hamını layiq olduğu şeylə mükafatlandırmır.

***

Doktor Kaseres bir dəfə anama dedi ki, biz, Romero de Torreslər insan və çəkic balıq arasında aralıq həlqəyik, çünki orqanizmimizin doxsan doqquz faizi əsasən burun və qulaq seyvanında toplanan qığırdaqdan ibarətdir.

***

Xatirələr qədər insanı aldadan çox az şey var.

***

Müqəddəslərə bənzəyən keşişlər axırda misioner olurlar, bəlkə də dünyanın o biri başında ağcaqanaqlara, ya da piranalara yem olurlar.

***

Bu qadın “L’Osservatore Romano” redaktorunun köşə yazılarından daha çox gözümüzə kül üfürürdü.

***

O, yaxşı yalan danışa bilsəydi, cəbr və latın dilindən dərs keçməz, yeparxiyada, kardinal kürsüsündə oturardı və qəhvəsinin yanında yumşaq peçenyelər olardı….

***

Öz həyatı olmayan insanlar həmişə başqalarının həyatına qarışır.

***

Tale adətən cibgir, fahişə və ya lotereya bileti satan adam kimi – ən insanı üç təcəssümü kimi küncdə-bucaqda gizlənmir. Ancaq heç vaxt evə də təşrif buyurmur. Özümüz onun arxasınca getməliyik.

***

– Amma səni görməyimə şadam.

– Mən də.

– Elə deyirsən ki, sanki bu xəstəlikdir.

– Ondan da pisdir.

***

Çoxları deyirdi ki, o, bu cəbhədə elə yaxşı işləyib ki, nikahdankənar doğulan bütün uşaqlarını bir araya toplasan, onlardan bütöv bir həmkarlar ittifaqı yaratmaq olar.

***

Təcrübə göstərir ki, həbsxana əhalisinin sayı və tərkibi ilə bağlı Soyuq Kaftar yeməkxanasındakı informatorlarımın verdiyi məlumat Ədalət sarayının qaniçənləri tərəfindən verilən məlumatdan daha etibarlıdır.

***

Qiyamət personajlarının bu qələbəliyi fonunda onun təmkinli görünüşü mənə Roma ayaqları altında yanarkən arfada musiqi ifa edən xoşbəxt Neronu xatırlatdı.

***

– Arzularınızı yaddan çıxarmayıb. Kim bilir, onlara nə vaxt ehtiyacınız olacaq.

– Həmişə.

***

— Axmaqlar danışır, qorxaqlar susur, müdriklər qulaq asır.

– Bunu kim deyib? Seneka?

– Yox. Avinyon küçəsindəki ət dükanının sahibi senyor Braulio Rekolons.

***

Üç baş iki başdan daha yaxşıdır, xüsusilə əgər üçüncü baş mənimdirsə.

***

Hamı bir nəfər kimi kiməsə canavar deyirsə, burada iki variantdan biridir: o, ya müqəddəsdir, ya da onun haqqında həqiqətlərin heç yarısı da deyilmir.

***

Peşəyə bütün hörmətimə rəğmən, yaramazın nüfuzu yalnız konsyerj qadın tərəfindən təsdiqlənirsə, buna istər-istəməz şübhə etməyə başlayıram.

***

Hamıya inanan adama inanma.

***

Sakitlikdə ona baxdım. Seyrək saçları çallaşmış, almacıq sümüklərindəki dəri nazilmiş və qırışla örtülmüşdü. Həmişə güclü, hətta məğlubedilməz hesab etdiyim insana baxır və başqa birini – kövrək, sınmış və bundan xəbərsiz birini görürdüm. Ancaq deyəsən otaqda sınmış iki insan var idi… Uzun müddətdir kasıblara verməklə hədələdiyi ədyalla üstünü örtdüm və xatirələrimdən ona doğru uzanan gözəgörünməz iplərdən onu qorumaq istərcəsinə, onu özümdən və darısqal mənzilimizdən ayırmaq istərcəsinə alnından öpdüm. Sanki bu öpüşlə zamanı aldatmaq istəyir, onu dilə tutmağa çalışırdım ki, bizə toxunmasın, yanımızdan keçsin və başqa vaxt, başqa bir həyatda bizə gücünü göstərsin.

***

Günün günorta çağı küçənin ortasında bir adamın kəlləsini vurub dağıtmaq üçün həmin adamın adını bilmək ona bəs edirdi. Bu cür istedadlar qarışıq dövrlərdə yüksək qiymətləndirilir.

***

Ən təhlükəli bu cür tiplərdir. Onlar gürzə kimi rəngsiz, rəhmsiz varlıqlardır. Müharibə başlayan kimi sürünə-sürünə bütün yarıqlardan çıxırlar, dinc dövrdə isə maska taxırlar. Onların sayı çoxdur. Minlərlədir.

***

Bir dəfə ondan soruşdum ki, niyə məni də başqaları kimi öldürmədi. O gülərək cavab verdi ki, ölümdən də betər şeylər var. O, heç vaxt xainləri öldürmür, onları sağ saxlayır ki, diri-diri çürüsənlər.

***

Daniel, valideyn-övlad münasibətləri minlərlə günahsız kiçik yalan üzərində qurulur.

***

Sözlərdən daha qorxulu həbsxanalar var.

***

Bəzən ətrafımızdakı insanları absurd xəyallarımızı həyata keçirməyə xidmət edən lotereya biletləri zənn edirik.

***

Şərab ağıllı insanı axmağa, axmağı isə müdrikə çevirir.

***

– Paris sizdən iki gündən çox tələb edəcək. Səbəblərin və bəhanələrin onun vecinə deyil.

– Xulian, çox vaxtım yoxdur. Senyor Kabestan, sözsüz, səxavətli direktordur, lakin hər comərdliyin də bir həddi var.

– Kabestan piratdır, ancaq o da bilir ki, Parisi iki günə, iki aya, hətta iki ilə də gəzib qurtarmaq olmaz.

***

Pul qazanmaq çətin deyil. Çətini həyatınızı həsr etməyə dəyər bir işi görərək pul qazanmaqdır.

***

O, ümumiyyətlə həşəratları, xüsusilə ağcaqanadları çox xoşlayır, onların nizam-intizamının, dözümlülüyün və təşkilatçılığının qarşısında baş əyirdi. Həşəratlarda tənbəllik və sayğısızlıq olmurdu, onlar sodomiya ilə məşğul olmurdular və növləri deqradasiyanın nə olduğunu bilmirdi. Fumero xüsusilə hörümçəklərə hörmət edirdi – onların müstəsna tor toxuma qabiliyyətinə görə. Bu canlılar böyük bir səbrlə tələ qurub, gec-tez axmaqlığından, ya da ehtiyatsızlığından tora düşərək tələf olan qurbanını gözləyir. Fumero əmin idi ki, insan cəmiyyətinin həşəratlardan öyrənə biləcəyi çox şey var.

***

Elə məyusluqlar var ki, həmin məyusluğu yaşadan şəxsin qiymətini daha da artırır.

***

Onlar uşaq ikən ayrılmışdılar və budur, tale onlardan birini qaçaq cinayətkara, o birini ölüm ayağında olan şikəstə çevirməklə yenidən bir araya gətirmişdi. Hər ikisi özünə sual verirdi ki, həyat onlara belə kartlar paylayıb, yoxsa onlar bu partiyanı belə oynayıblar?

***

Hər şey öz yerində qalmışdı, amma nədənsə indi onlar Xuliana çox kiçik görünürdü, sanki evlər, onları əhatə edən predmetlər, elə həyatın özü də zamanla balacalaşmışdı.

***

Xulian, həyatda yalnız bir dəfə həqiqətən sevirsən, lakin bunu həmişə başa düşmürsən.

***

– Yadında, şərt kəsmişdik? Ölsəm, mənim olan hər şey sənə keçəcək…

– …hər şey, arzulardan başqa.

***

Mikel otuz altı yaşındaydı. Ümid etdiyindən daha çox yaşamışdı.

***

İstənilən müharibə, istər şəxsi olsun, istərsə qlobal – adsız marionetlərin oyunudur.

***

Siz qadınlar, hər hansı cəfəngiyatdan daha çox ürəyinizə inanırsınız. Buna görə də daha çox yaşayırsınız.

***

Bəzən xatirələr güllədən daha ağır yaralayır.

***

Həyatı verən allahdır, ancaq dünyanı idarə edən şeytan…

***

Daniel, müharibə kimi yaddaş itkisinə səbəb olan ikinci bir şey yoxdur. Biz susuruq, bizi inandırmağa çalışırlar ki, sanki gördüyümüz, etdiyimiz, özümüzdən və başqalarından öyrədiyimiz hər şey xülyadan, kabusdan başqa bir şey deyil. Müharibənin yaddaşı yoxdur. Heç kimin baş verənləri anlamağa cəsarəti çatmır, bundan sonra həqiqəti söyləməyə heç kim qalmır. Elə məqam yetişir ki, artıq heç kim heç nəyi dəqiq xatırlamır. Və həmin an müharibə geridə qoyduğu hər şeyi alıb aparmaq üçün yeni sima və yeni adla yenidən qayıdır.

***

Topların susduğu gün unutmaq mexanizmi işə düşdü.

***

İnamsızlıq və nifrət mühitində sülh qurulurdu.

***

Zaman boşluqla dolu olanda daha sürətlə keçir. Mənasız həyat sənin stansiyanda dayanmayan bir qatar kimi keçib gedir.

***

Bu gün bu ölkədə havadarın olmadan heç nəyə nail ola bilməzsən.

***

Həqiqətdən başqa nəyə gəldi inanmağa hazırıq.

***

– Onu rahat burax, Xulian. O, hələ uşaqdır. Yeganə cinayəti sənə heyran olmasıdır.

– Bu cinayət deyil, sadəlövhlükdür.

***

Hekayə müəllifin başqa cür anlaya bilmədiyi şeyi izah etmək üçün özünə yazdığı bir məktubdur.

***

Dəli dəli olduğunu bilirmi? Yoxsa onu dəli olduğuna inandırmağa, bu yolla öz xəyali varlığını qorumağa çalışan ətrafdakılar dəlidir?

***

Ümid amansız və şöhrət düşkünüdür, onun vicdanı yoxdur.

***

O, qara baxaraq heyranlıqla dedi:

– Allahın kəpəyi.

Tərcümə: Lamiyə Göycəyeva

1 (20%) 1 vote

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram