Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Kazuo İşiquro “Basdırılmış nəhəng”

Annotasiya

“Basdırılmış nəhəng”(ingiliscə “The Buried Giant”) – Nobel mükafatı laureatı, yapon mənşəli ingilis yazıçısı Kazuo İşiquronun on illik fasilədən sonra 2015-ci ildə işıq üzü görən sayca yeddinci romanıdır. Fentezi janrında qələmə alınan əsərdə kral Arturun hakimiyyət dövründən sonra orta əsrlər İngiltərəsində cərəyan edən hadisələr təsvir edilir. İtkin oğullarını axtarmaq üçün çətin səyahətə çıxan Aksl və Beatris adlı yaşlı cütlüyün yaşadığı kəndi qəribə duman bürüyüb. Bu duman insanlara xatirələrini, keçmişini unutdurur. Əjdahalar, adamyeyən divlər, qulyabanılar, cadugərlər, qayıqçılar, cəngavərlər… Fantastika və olduqca ciddi mətləblər, insanı düşündürən suallar, həmin suallara cavab axtarışı. Kimlik, tarixi kimlik, milli kimlik, müharibələr, intiqam, millətlər arasında daimi sülhün mümkünlüyü və ya qeyri – mümkünlüyü – əsərin toxunduğu mövzular bunlardır

Karandaşın izi ilə

Ömür boyu yaşadığın yeri tərk etmək asan iş deyil.

***

Bundan başqa, səyahət edən insanların ən əziz xatirələrini danışarkən saxtalıq etmələri mümkün deyil.

***

Kim istəyər ki, az da olsa, ağrı çəksin? Hamının canı ağrıyır, mümkün olsa, hamımız istəyərik ki, ağrılardan xilas olaq.

***

Yenə də cəsur adamdırlar ki, bu qədər qorxduqlarına baxmayaraq, ora gedirlər.

***

Axı bunu necə unuda bilərlər? Yaddaşlarını bu qədər zəiflədən şey xəcalətdir, ya qorxu?

***

Axmaq bir cavan oğlan and içir ki, bir qulyabanının hasara dırmaşdığını görüb və indi bizi müşahidə etməklə məşğuldur. Yəqin ki, yaranan çaxnaşmani təxmin edirsiniz. Məlumatın yalan və ya doğru olduğunu öyrənmək üçün güclə dəstə topladım. Əlbəttə, dediyi yerdə gecə qaranlığından başqa heç nə yoxdur, amma o durmadan qulyabanının orada olduğunu, bizə baxdığını deyir. Digərləri əllərində kərki və nizə uşaq kimi arxamda gizlənirlər. Sonra “ağıllımız” yatıb qaldığını, iblisi yuxusunda gördüyünü etiraf edir.

***

Sən o vaxt çox balaca idin, oğlum, yadına gəlməz. Günün günorta çağı üç canavar sakitcə kəndin içinə girmişdi. Kənd camaatı qorxub gizləndi. Düzdür, kişilərin çoxu tarlada idi, amma tarlaya getməyib kənddə qalan kişilər də vardı. Qaçıb taxıl anbarında gizləndilər. Ona görə də canavarlar istədikləri hər şeyi etdilər. Toyuq-cücəni parçalayıb yedilər, keçilərin boğazlarını gəmirdilər. Bütün bunlar baş verəndə kəndlilər gizlənmişdi. Bəziləri evlərində, çoxu isə taxıl anbarında… Məni xanım Mindredin evinin yanındakı xəndəkdə qoyub getdilər. Əl arabasında, şikəst ayaqlarım göyə baxan vəziyyətdə… Canavarlar mənə yaxınlaşdırlar. Dedim ki, gəlin yeyin məni, bir-iki canavara görə anbarda gizlənən deyiləm. Lakin mənimlə maraqlanmadılar, tüklərini budlarıma sürtüb getdilər. Ürəkləri istəyəni etdilər, o cəsur adamlar da ancaq canavarlar gedəndən sonra gizləndikləri yerdən çıxa bildilər. Günün günorta çağı üç canavarla boğuşacaq kişi yoxmuş kənddə…

***

Şərqdə qulağımıza gəldi ki, bu torpaqlarda britlər saks qardaşlarımızla pis rəftar edirlər. Soydaşlarımıza görə narahat olan kral məni bu məsələnin doğruluğunu araşdırmağım üçün göndərdi.

***

Ola bilsin, yorğunluğunuz şübhələrinizi artırır, Vistan ağa?

***

Mərhəməti sonsuz olan bir Tanrı kimə lazımdır, cənab? Bütpərəst olduğum üçün mənə rişxənd edirsiniz, halbuki mənim atalarımın tanrıları öz üsullarını açıqca bildirirlər və qaydaları pozanları amansızcasına cəzalandırırlar. Sizin mərhəmətli xristian Tanrınız insanların öz ehtiraslarını, torpaq və qana olan hərisliklərini doyuzdurmasına icazə verir, çünki insanlar bir neçə dua ilə kəffarənin bağışlanmağa bəs edəcəyini bilir.

***

Sonra işıqda beli üstə uzanmış yarasanı gördülər, qanadlarını əməlli-başlı açmış, elə bil şirin yuxuya getmişdi. Dərisi nəmli və yapışqanlı görünürdü. Donuz üzünə oxşayan dərisində tük yox idi, açılmış qanadlarına su yığılmışdı. Aksl çırağı daha da yaxınlaşdırıb yarasanın qarnındakı yaranı gördü və öldüyünə əmin oldu. Sanki kimsə almadan böyük dişlək qopartmışdı.

***

Sağlamlığımı zirehimə deyil, qılıncıma borcluyam…

***

Yaxşı müdafiə olunan bir qalada iyirmi-otuz oğlan idik, səhərdən axşama qədər britlərin cərgəsində savaşacaq döyüşçü olmaq üçün təlimlər keçirdik. Yoldaşlarıma möhkəm məhəbbətlə bağlı idim, çünki fövqəladə insanlar idilər, qardaş kimi yaşayırdıq… Brennusdan başqa… Atası lord olduğuna görə bizə qarışmazdı. Lakin tez-tez təlimlərə qoşulardı. Elə də məharətli deyildi, ancaq qılınc oynadanda, ya da qum hovuzunda güləşəndə məcbur idik ki, qələbə qazanmağına icazə verək. Lordun oğlu şanlı qələbə qazanmasa, hamımız cəzalanırdıq. Təsəvvür edə bilirsən, gənc dostum? Qürurlu, gənc oğlanlar idik, amma o cür zəif rəqibə uduzmalı olurduq. Ən pisi bu idi ki, Brennus “uduzan” rəqiblərini təhqir etməkdən həzz alırdı. Yerdə uzandığımız zaman boynumuzu tapdalamaqdan, bizi təpikləməkdən ötrü ürəyi gedirdi.

***

Məndən nəyə görə qorxduğunu unudub və qorxusu adsız qaldığı üçün daha da böyüyüb.

***

Mənim də anamı aparıblar, gənc dostum, buna görə də səni yaxşı başa düşürəm. Mən də aciz bir uşaq idim. Müharibə gedirdi, nə qədər insanın öldürüldüyünü, asıldığını görmüşdüm, anamın üzünə gülümsədikləri vaxt axmaq kimi sevinmişdim, onunla yaxşı rəftar edəcəklərini düşünmüşdüm. Bəlkə, sən də elə düşünmüşdün, Edvin ağa, balaca idin, kişiləri tanımırdın…

***

Bəzilərinizin sizə edilən pislikləri yaşayanlar xatırlasın deyə ucaldılmış gözəl abidələri olacaq.

***

Yolunuzun Tanrıya yaxın olmadığını kim söyləyə bilər?! Bütün müharibə və sülh müzakirələrinə arxa çevirmək… İnsanları Tanrıya yaxınlaşdıran bu dəyərli qanuna arxa çevirmək…

***

Bununla belə, müharibələrin ardı-arası kəsilmədi. Bir vaxtlar torpaq və Tanrı üçün döyüşürdük, lakin sonra intiqam üçün döyüşməyə başladıq… İntiqamını almaq üçün döyüşdüyümüz yoldaşlarımızı da kimsə intiqam almaq üçün öldürmüşdü. Bunun sonu-sonuncu görsənmirdi. Uşaqlar döyüşdən. savaşdan, dava-qırğından savayı heç nə görmür, beləcə böyüyürdülər.

***

Pis əməllərin unudulub cəzasız qalmasını istəyən bir Tanrı necə bir Tanrıdır, cənab?

***

– Yalvarıram, gedin buradan. Qoyun Kveriq öz işini davam etdirsin. Bu, bir və ya iki fəsil çəkəcək, bəlkə də, köhnə yaraların qaysaq bağlamasına, aramızda əbədi sülhün yaranmasına səbəb olacaq. Mərhəmətli olun, gedin burdan… Bu ölkəni unutqanlığı ilə baş-başa qoyun.

– Bu, axmaqlıqdır, cənab. Sürfələrin qaynaşdığı köhnə yaralar necə sağala bilər? Qırğınla, ovsunla yaradılan sülh necə əbədi ola bilər? Keçmişdə etdiyiniz bütün qəddarlıqların toz kimi kiçilib yox olmasını necə ürəkdən arzuladığınızı görürəm. Amma qərarımı dəyişməyəcəm.

***

– Dua edək ki, pis heç nə olmasın, xalqlar arasındakı bağ qırılmasın. Fürsətcil insanlar keçmişdə baş verənləri əldə bayraq edib torpaq uğrunda qan tökməsin.

– Qorxmaqda haqlısınız, cənab. Basdırılmış nəhəng qımıldanır. Ayağa qalxanda aramızdakı dostluq bağları sap qədər naziləcək. İnsanlar gecə vaxtı qonşularının evlərini yandıracaqlar. Dan yeri ağaranda uşaqları ağaclardan asacaqlar. Çaylar şişmiş cəsədlər üzündən üfunət iyi verəcək. Ordumuzun qəzəbi, intiqama olan aclığı böyüdükcə böyüyəcək.

***

Mənim təsəllim təsvir etdiyiniz bu qəddarlıqlardan həzz almadığınızı görməkdir.

***

Maraqlıdır, görəsən, duman xatirələrimizi bizdən oğurlamasaydı, sevgimiz illər ərzində gücünü itirərdimi? Bəlkə də, duman köhnə yaraların qaysaqlanmasına kömək edirdi.

 

Tərcümə: Fidan Əfəndi, Nazilə Rəhimova

Qiymətləndirin

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram