Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Doris Lessinq “Marta Kvest”

Annotasiya

“Marta Kvest” (ingiliscə “Martha Quest”) – ingilis yazıçısı, 2007-ci il Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, feminist fantast Doris Lessinqin “Zorakılıq övladları” silsiləsinə daxil olan birinci romanıdır.

Marta Kvest mövcud monoton həyat tərzinə üsyan edən gənc, idealist qadındır. O, acgözlüklə kitab oxumaq, xam xəyallar qurmaq və əldən düşənə qədər rəqs etmək, eyni zamanda arzularındakı kişini tapmaq üçün instinklərinə azadlıq vermək istəyir.

Karandaşın izi ilə

Hər şey zəhləmi elə töküb ki. Gələcək də. Halbuki o hələ başlamayıb.

(Oliv Şreyner)

***

Marta duyğularını sözlə ifadə edə bilsəydi, bəlkə də deyərdi ki, sakit işgüzar ifadə şəkli onun həyəcanlı ruhi vəziyyətinə sadəcə uyğun gəlmir.

***

Xanım Kvest “adam arasına çıxacaq” ifadəsini heç də o mənada işlətmirdi ki, Marta, məsələn, həkim və ya hüquqşünas olacaq, – xeyr, bu cümlə dünyanı mat qoymaq məqsədi güdürdü və mənası “Mənim qızım adam olacaq, sizinki isə kiminsə arvadı” demək idi.

***

“Dost, – o, kiminsə fikrini öz gündəliyinə qeyd edirdi, – Sakit okeanının dalğaları arasında dolaşan dənizçinin daim gözdən qaçırdığı, palmalarla örtülü gözəl üzən adadır…”, – və sair, növbəti altı xətlənmiş cümləyə kimi: “Şayiə yayıldı ki, torpaq insan tərəfindən məskunlaşıb, ancaq gəmi qəzasına uğrayan dənizçi sahildə insan ayağının izini görmədi”. Və altdan: “Bizim əsl dostlarımız ruhumuzu verdiyimiz şəxslərin sadəcə uzaq oxşarlarıdır”.

***

Marta onları görmürdü, təkcə özünü görürdü, özünü isə yalnız ədəbiyyat prizmasından görə bilirdi.

***

O yeniyetmədir və tale özü onu bədbəxt olmağa məhkum edir; o ingilisdir və buna görə özünü narahat hiss etməlidir, bütün ömrü böyu hücumlardan müdafiə olunmalıdır; iyirminci əsrin qırxıncı illərində yaşayır və buna görə irqi, sinfi problemlərlə qarşılaşmaya bilməz; qadındır və buna görə keçmişdə yaşayan qadınların əsarətinə etiraz etmək məcburiyyətindədir.

***

Anamı insanlara xor baxdığı üçün tənqid edirəm, özüm isə van Rensberqlərə xor baxıram və nə var nə var, bunu ağıllı olduğumdan dolayı etdiyim üçün buna haqqım çatdığını düşünürəm.

***

Hər iki qadın hiss edirdi ki, qarşı tərəf onlardan ümidini kəsib və buna görə hirslənirdilər. Bəzən bu qəzəb onları ona qarşı birləşdirirdi. Ancaq bütün sülhməramlıların taleyi belədir.

***

Hamınız bir vaxta qədər pasifistsiniz! Müharibədən qabaq da pasifistlər var idi, müharibə başlayan kimi hamısı döyüşməyə getdi. Sən də vuruşmağa gedəcəksən, sözlərimi qulağında sırğa elə!

***

Axı mütaliənin də iki növü var: birincisi, insan yalnız öz biliyini genişlədir, ikincisi, insan sonradan həyatda tətbiq etmək üçün yeni faktlar, yeni görüşlər mənimsəyir.

***

Oh, bu düşüncəli gənclik necə zəhlətökəndir!

***

Marta kimi insanlar bilirlər ki, onların təkəbbürü saxta təkəbbürdür, bu hal ifrat utancaqlıqdan qaynaqlanır, lakin onlardan yalnız bir neçəsi başa düşür ki, bu utancaqlıq şəxsi əhəmiyyətinə təhlükəli əminlikdən bəslənir, yəni başqa insanlar sənə isti münasibət göstərməlidir.

***

― Qaradərili məni zorlasaydı, onu asardılar, mən isə milli qəhrəman olardım. Belə olduğu halda, bu, onun nəyinə gərəkdir? O, heç vaxt belə bir şey etməyəcək, bunu istəsə belə.

– Amma, əzizim, qəzetləri oxu. Ağ qızları elə hey… onlara hücum edirlər.

Ancaq Marta buna oxşar bir hadisə xatırlaya bilmirdi: bütün bunlar boş söhbətlər idi.

– Bəli, elə ötən həftə bir ağdərili oğlan zənci qızı zorlamışdı, onu isə beş funt cərimə elədilər, – deyə o qeyd etdi.

***

Yenidən öyrənmək üçün mən çox qocayam.

***

Adətən bu və ya digər xarici ölkədə sosial sistemin mənasızlığını və ziddiyyətlərini görmək daha asandır. Bunu doğulub böyüdüyün ölkədə etmək isə çox çətindir.

***

Məsələn, ingilis qohumları ilə Strenddə gəzişən, boylu-buxunlu gənc kolonistləri götürək. Necə gözəl gənclərdir, necə gözəl qədd-qamətə malikdirlər: hamıdan bir boy yuxarıdırlar, gündən qaralıblar, əzələli və at kimi güclüdürlər. İndi isə onların gözlərinin içinə baxın. Onlar sanki deyirlər: “Bizdən nə istəyirsiniz? Məgər bədənimiz sizə kifayət etmir?” Onlarda yüngül qıcıqlanma hiss edirsiniz, göz bəbəklərinin dərinliklərində isə həmin yumşaq parlaq qaranlığı tapmayacaqsınız. Həmin gözlərdə nəsə çatmır. Görünür, hər ikisinə sahib olmaq olmaz, seçim etmək lazımdır.

***

Məgər nəyi və niyə seçdiyini bilən insan mərhəmətə layiqdir?

***

Ancaq burası da var ki, söylədiklərimiz adətən fikirləşdiklərimizdən qat-qat kiçik olur.

***

Məktubdan başqa bağlamada Engelsin “Ailənin və xüsusi mülkiyyətin mənşəyi” kitabı var idi. Marta onu oxudu və oradakı hər sözlə razılaşdı. Daha doğrusu, kitabın məğzi ilə. Marta artıq əmin idi ki, onların dairəsində qeydə alınan bütün evliliklər mənasızdır, hətta əxlaqsızdır. Hələ onların köhnə qaydada həyata keçirilməsindən danışmıram.

***

Marta qəti qərara gəldi: o, heç vaxt bu cür qarşılıqlı istehzalı mərhəmətə əsaslanan evliliyə razı olmayacaq.

***

O, sonra özünə gəldi və acgözlüklə oxumağa başladı, kitablar vasitəsilə dinclik tapacağına ümid edirdi. Amma oxuduqca, bütün bunlar ona daha mücərrəd görünürdü; düzdür, mütaliə Martaya onu əhatə edən dünya ilə heç bir əlaqəsi olmayan, öz dünyasını yaratmağa kömək edirdi; əqidəsi ilə həyatın onun qarşısına çıxardığı problemlər arasında gözəgörünməz divar var idi, ona isə bataqlıq işığı bələdçilik edirdi.

***

Görünür, uşaqlıq ona “bağışla” demişdi və artıq heç nə əvvəlki kimi ona təsir etmirdi.

***

Qadınların ən pis cəhəti odur ki, onlar sizdən sitayiş, ya da ən azından sitayişin görüntüsünü gözləyirlər.

(Baron Korvo)

***

Cənab Casper Koen tamam əks nəticəyə gətirib çıxarmalı olan bir keyfiyyəti sayəsində artıq onun qəlbini fəth edə bilmişdi: o, çox kifir insan idi.

***

Dünyada bəzi dəyişikliklər baş versə belə, həmin dəyişiklikləri onun ötən gün tanış olduğu insanlar həyata keçirməyəcəkdi və o, bu fikirdən daha da ağırlaşdı.

***

Əksər qadınların həyatında hər şey, hətta ən böyük kədər də onunla başa çatır ki, onlar “uyğunlaşırlar”.

(Prust)

***

Bundan başqa, Yeni ilə kimi mənim vəzifəmi yüksəltmək istəyirlər. Onların haqqını vermək lazımdır: dövlət işində gec-tez hamını yüksəldirlər.

***

Marta hirsli, eyni zamanda kədərli idi. O, daha rəqsə getmək istəmirdi; hər şey adamın ürəyini bulandırırdı, başlıcası da o idi ki, Marta özü də əhval-ruhiyyəsində baş verən kəskin dəyişikliyin səbəbini başa düşmürdü: sanki onun içində var qüvvəsi ilə bir-birinə nifrət edən, lakin hamısına xas, axan su kimi formasız, simasız, adsız güclü bir meyl ilə bir-biri ilə əlaqəli bir neçə tamam fərqli insan yaşayırdı.

***

– Gərək incəsənət sahəsinə gedib, modelyer olardım. Məndən yaxşı modelyer çıxardı, əziz Metti. Əgər insan müstəmləkə ölkəsində böyüyüb başa çatıbsa, mühasibatlıq işinə getməkdən və müdirinin istefasını gözləməkdən başqa seçimi olmur.

O, səmimi kədər içində güldü və Marta başa düşdü: hər ikisi qəti əmindirlər ki, əgər onlar başqa şəraitdə anadan olsaydılar, əgər… – onları bir-birinə bağlayan da təkcə bu əminlik idi.

***

Qəlbində ağrı, çaşqın halda masanın sonunda sakitcə oturdu: özü haqqında düşüncələri alt-üst oldu. Hər bir qadında yaşayan, məhəbbətin onu azadlığa buraxacağını gözləyən bu müəmmalı məxluq, Martanın (inadla və bütün dəlillərinin əksinə) özünün əsl və daimi “mən”i hesab etdiyi bu məxluq qərarsız və etibarsız çıxdı.

***

Marta bir növ mənəvi boşluq hiss edirdi. O, çox şey görürdü, amma gördüklərinin səbəbini anlamırdı, özünü kökləri olmayan, məqsədsiz – təcrid olunmuş bir insan kimi qəbul edirdi.

***

O, fikrə daldı və gözüaçıq xəyal qurmağa başladı: gördü ki, tanımadığı varlı bir qohumu ona yüz funt sterlinq uzadıb deyir: “Al, Marta Kvest, götür bunu. Sən buna layiqsən. Bu, sənə azadlıq verəcək”.

***

Marta dəfələrlə bu mənzərəyə şahid olmuşdu, ancaq heç cürə ona öyrəşə bilmirdi. Bu, onda gizli qəzəbin oyanmasına səbəb olurdu. Marta polis dövlətinin bütün zülmünü öz üzərində hiss edə-edə fikrən küçədə həmin məhbuslarla bir sırada addımlayırdı. Və birdən yenə tanış mənəvi yorğunluğa qapıldı. Marta düşünürdü: ümumiyyətlə belə şeylərin mövcud olması deyil, indi mövcud olması dəhşətlidir. O fikirləşirdi ki, – ədəbiyyat ilə tərbiyə olunduğu üçün, başqa cür fikirləşə də bilməzdi – axı bütün bunlar həm Dikkens, həm Tolstoy, həm Hüqo, həm Dostoyevski və onlarla başqa yazıçı tərəfindən təsvir edilib. Onların nəcib, alovlu hiddəti heç nəyə gətirib çıxarmayıb, heç bir şeyi dəyişməyib; on doqquzuncu əsrdə səslənən qəzəbli fikirlər sanki heç olmayıb – onun gözləri qarşısında məhbuslar iki-iki qandallanır, həmişəki kimi cərgə ilə düzülürlər. Onların simasında köhnə dövrlərdə olduğu kimi dözümlü anlayışın istehzalı ifadəsi yer alıb. Polislərin simasında isə onların əmr qulu olması yazılıb. Axı onlar buna görə pul alırlar.

***

Onu sakitcə mühakimə etmək üçün Marta çox tərəfgirlik edirdi: o, Martada dərin mərhəmət hissi oyadırdı və ona görə qız onun xoşagəlməz və qorxaq olduğunu görmürdü; Marta onu bütün dünyanın qarşısında müdafiə etməyə hazır idi, öz dünyasının qarşısında müdafiə etməkdən danışmağa belə ehtiyac yoxdur.

***

Məyus olmadı. Baş verənlər onu qane etmədisə də, ən azından özü üçün yaratdığı idealı da məhv etmədi. Böyük və romantik sevgi ənənəsinin varisi olan Marta istəyirdi ki, məhəbbət əsrlər boyu toplanmış bütün təcrübəni, bütün məftunluğu, insanın sevgi selində batdığı və yorğun halda onun böyük mənasını dərk etdiyi dəqiqələrdə insana agah olan bütün gözəlliyi ona bəxş etsin. Və Marta sevgidən məhz bunu gözlədiyi üçün sevgilisinin kimliyi onun üçün heç bir əhəmiyyət kəsb etmirdi.

***

Marta şübhəli şəkildə cənab Pleyerə baxdı; o, nəzəri cəhətdən qadınların pula görə kişilərlə yatdığını bilsə də, özünü belə bir rolda təsəvvür edə bilmədiyi üçün dolayısıyla, buna inana da bilmirdi.

***

Xeyr, asan deyil, anlayışları deyil, başqa mənaları kəsb edən sözlər əvəzinə qayalardakı mayaklar – məlum olur ki, bu mayaklar da sanki altlarında xain su varmışcasına sabit deyil – lövbər rolunu oynayanda sahilə yan almaq heç də asan deyil.

***

Xanım Bass kədərli bir məmnuniyyətlə bəyan etdi ki, kimsə qırmızılarla əlaqə qurursa, həmin adam bədbəxtlikdən başqa heç nə gətirmir. Və cənab Koen kimi o da Abrahamın belə bir dəstə ilə əlaqədə olduğunu ehtimal etdi. Bu, Martanın gəlişindən bəri ilk siyasi mübahisə idi və o, dərhal döyüşə atıldı. Marta özündən əmin bir şəkildə qeyd etdi ki, üsyançılar respublikaçılar deyil, Frankodur (O, “Nyu steytsmen” oxuduğu faktlarla özünü kifayət qədər hazırlıqlı hesab edirdi). Haqlı olmasından əmin idi və bu da onun ən yaxşı silahı idi. Məgər haqlı olduğunu dərk etmək axmaq və özündən razı cahillik qarşısında aciz deyilmi?

Marta bu cür mübahisələr üçün naşı çıxdı. Ona görə xanım Bassın sakit məzəmməti – “Əşi, hər kəsin öz fikri var”, – onu çıxılmaz vəziyyətə saldı. Marta etiraz etdi ki, məsələ fikirdə deyil, faktlardadır. Bu vaxt xanım Bass kəskin şəkildə bəyan etdi ki, kommunistləri hamı çox yaxşı tanıyır. Buna cavabında Marta İspaniya hökumətinin kommunist deyil, liberal olduğunu söylədi. Xanım Bass küt sifət alıb, bir dəqiqəlik ona baxdı, sonra məhz bundan bəhs etdiyini dedi: bir halda ki, orada liberal hökumətdir, Abraham niyə burnunu ora soxurdu – onlarla döyüşmək nəyə lazım idi? Marta əvvəlcə çaşıb qaldı, lakin sonradan nə deməli olduğunu müəyyənləşdirdi: xanım Bass yanılır, Franko heç vaxt seçilməyib. Xanım Bass isə şübhəli şəkildə qaşqabağını töküb, əllərini çap maşınının düymələrindən çəkmədən qulaq asırdı; onun incə cizgilərə malik canlı siması inadkar ifadəsini qoruyub saxlayırdı. O, çiyinlərini çəkərək təkrar etdi ki, istənilən fikri dəstəkləmək hüququ var, ancaq ümumilikdə siyasət onu yorur və mübahisəyə son vermək üçün qəti şəkildə maşını döyəcləməyə başladı. Marta özündən çıxmışdı: onu təkcə xanım Bassın ardıcıl olmaması deyil, həmçinin onun bu qeyri-ardıcıllıq barədə düşünməməsi qəzəbləndirirdi.

***

Nəhayət Donavan dedi:

― Belə, Metti, görünür, biz bir-birimizə bab deyilik: dünyaya o qədər geniş bucaqdan baxmıram ki, sənin yəhudilərə, zəncilərə olan marağınla barışım.

Hirslənmək növbəsi indi onda idi:

― Şişirtmə: sənin sadəcə dünyaya heç bir baxışın yoxdur…

***

Əfsus! Bu cür mübahisələri təsəvvürümüzdə aparanda necə ağıllı və təmkinli davranırıq!

***

Hə, balaca, bacardığın qədər çox oxu. Əlinə keçəni oxu. Əvvəlcə oxuduqlarından baş çıxara bilməyəcəksən, lakin sonra ayrıseçkiliyin nə olduğunu anlayacaqsan. Metti, məktəbdə sənə yaxşı heç nə öyrətməyəcəklər, heç nə. Əgər həqiqətən adam olmaq istəyirsənsə, özün oxumalısan.

***

O, hardan bilə bilərdi ki, Londonda və ya Nyu Yorkda, Yorkşir kəndində və ya çöldə xutorda yaşamaq, özünü bənzərsiz və fövqəladə hesab etmək (insanda riskə olan ehtiras çox güclüdür), eyni zamanda sənlə yaşıd olan yüz minlərlə insanın etdiyi eyni şeyi etmək və davamlı olaraq artıq tapdanmış cığırla irəliləmək olar? O, hardan şübhəyə düşə bilərdi ki, Afrikanın dərinliklərində itkin düşmüş bu balaca şəhərin özündə ən azı yüzlərlə gəncin yazı masası şeirlərlə, məqalələrlə, hekəyələrlə dolub daşır və onlar da əmindirlər ki, əgər onlar yazıçı ola bilsəydilər, azadlıq və şöhrət əldə edə bilsəydilər, istədikləri kimi öz individuallıqlarını ifadə edə bilərdilər – və bütün bunların tək bir səbəbi var: onlar bütün həyatları boyu “Robinson, Daniel və Koen” kontorunda oturmaq perspektivi ilə barışmaq gücündə deyillər?

***

“Boş şeydir, – deyə o fikirləşirdi, – onun bütün xəstəlikləri uydurma xəstəlikdir. İnsanlar diabetlə uzun illər yaşayır”. Atasının tezliklə ölə biləcəyi fikrə ilə barışa bilmədiyi üçün özünü inandırmağa çalışırdı ki, atasının heç bir xəstəliyi yoxdur.

***

Bir qram məsuliyyət hissləri yoxdur, başdan ayağa mənasızdırlar. O, gənclər haqda bu fikirdə idi. Bir halda ki, sonradan pulla ört-basdır edə bilirlər, onlara hər şeyin icazə verildiyinə inanırlar.

***

O, vicdanlı köhnə liberallardan idi: ümid edirdi ki, müharibə olmayacaq və bilirdi ki, nəyin bahasına olursa olsun, müharibə olacaq.

 

Tərcümə: Lamiyə Göycəyeva

5 (100%) 1 vote

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On Facebook