Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Yusif Vəzir Çəmənzəminli “Studentlər”

Annotasiya

“Studentlər” romanı Kiyevdəki türk (azərbaycanlı) tələbələrin 1910-15-ci illərdəki fəaliyyətləri, əsərin ikinci hissəsi olan “1917-ci ildə” romanı isə baş qəhrəmanın – Rüstəmbəyin (bir çox xüsusiyyətləri ilə yazarın özünü xatırladır) həmin ildəki həyatı və düşüncələri haqqındadır. Romanda I Dünya Müharibəsindən sonrakı regional proseslərə də işıq salınıb. Çar inqilabından əvvəlki və sonrakı Azərbaycan cəmiyyətinin həyatı, çar hakimiyyətinin müstəmləkəsi altında millətin yaşadığı çətinliklər əsas personajlar olan tələbələr üzərindən oxuculara çatdırılır.

Karandaşın izi ilə

– Yaxşı, bəs xanımın uşağı yoxmu?

Qulluqçu gülümsündü:

– Yox.

Student də gülə-gülə:

– Bəs görəsən niyə?

– Ərə getdiyi bir ildir…

***

– Qısqanclıq yaxşıdır – yerində; hər şey üstə qısqanclığa meydan verməyin, zənnimcə, mənası yoxdur.

– Sizin sözlərinizin doğruluğunu inkar edə bilmərəm; ancaq qısqanclıq qafqazlının qanındadır; nə qədər etsə də, öhdəsindən gələ bilməz.

***

Amerikanın yeni dinə ehtiyacı yoxdur. Amerikanın dini sənaye və ticarətdən ibarətdir. Amerikada xalq o qədər işə məşğuldur ki, başlarını qaşımağa belə macalları yoxdur. Din axtarmaq işsizlik əlamətidir. Din və məzhəb icadi şərqlilərin inhisarındadır. Ömrümüzü o qədər işsizliklə, xəyal və mövhumatla keçiririk ki…

***

Avropada dünyaya hədsiz-hesabsız mütəfəkkirlər gəlmiş, orada böyük filosoflar, geniş məlumatlı alimlər olmuş; ancaq Avropa tarixində din icad edənlərə rast gəlmədim. Lüter və Qalvin kimi din islahatçıları olmuş, yeni din uyduran olmamışdır. Amma bizim Şərqdə iki eşşəyin arpasını bölməyə qadir olmayan belə peyğəmbərlik iddiasına düşmüşlər.

***

Məsələ din icad edəndə deyil, məsələ bəşərin din axtarmasındadır. Peyğəmbər olmadan da insanın dini vardı. Oda, günəşə, aya, daşa, heyvanlara tapınan azmı olmuş?

***

– Mənə pyesin bir yeri çox xoş gəldi: bir avropalı yapona bir sual verir: “Necə oldu da az vaxtda olduqca tərəqqi etdiniz?“ – deyir. Yaponun cavabı çox maraqlıdır: “Dövlətimizin tərəfindən hər birimizin üzərinə qoyulan vəzifəni lazımınca yerinə yetirdik”, – deyir… Böyük sözdür!

Rüstəmbəy gülərək:

– Bizdə tərsinədir. Vəzifə başdansovma deməkdir…

***

Əzizim, hər şeydən əvvəl, vəzifə paylayanın nüfuzu olmalıdır. Bir axmağın biri başda oturduqda vəzifə qüdsiyyəti yada düşərmi?

***

Bizimki “bəlkə”yə qalmışdır. Bəlkə işlərimiz düzələ.

***

– İsgəndər, evləndiyini eşitdik, bu necə işdir?

– İşdir də, iş də insan başına gələr.

Rüstəmbəy:

– Sən ki, Allahsan, necə oldu da insan hərəkətinə başladın, – dedi.

İsgəndər istehzalı heyrətlə:

– Allah evlənməz? Mən sami Allahı deyirəm, yunan Allahıyam.

– Deməli, onlar evlənər.

– O!.. Evlənər nədir, əllərindən hər bir kələkbazlıq gələr!

***

– Ağzında zəhrimarını ye, köpək oğlu, – deyirdi. – Aşna haradan olduq, sən musurman , mən erməni.

– Yenə erməniliyini bildirmə, dur gəl bura.

***

Qızları görəndə deyirdi: “Siz mənim bacımsınız”. Odur ki, qızlar da həmişə bundan qaçırdılar.

***

Ay yazıq, sən uşaqsan. Bu saat millətpərəstlik bir pərdədir ki, bütün lotuluqlar onun dalında olur.

***

Söhbət qızışaraq Tağıyev-Behbudov məsələsinə keçdi. O zaman Bakı milyoneri Hacı Zeynalabdin Tağıyev mühəndis Lütfəlibəy Behbudovu gənc arvadına qısqanaraq, evinə çağırdıb döydürmüş, rüsvay etdirmişdi. Məhkəmə bu işə baxmış və bütün Rusiya qəzetləri məsələyə uzun sütunlar həsr etmişdi. Təbiidir ki, tələbələr məsələyə vaqif idilər, lakin işin iç tərəfi hər kəsə bəlli deyildi. Bu barədə Cəlal yoldaşlarına maraqlı şeylər anlatdı: – Mənim bədbin olmağa haqqım var, – dedi, – çünki savadsız bir milyoner bir türk ziyalısını rüsvay edir, özü də ziyalılar əli ilə. Məsələ də ziyalılar arasında olan, ziddiyyətdən doğur. Bilirsiniz ki, 1905-dən başlayaraq Ağabəyin şöhrəti Azərbaycanda artmağa başlamışdı. Bu adam biri türkcə, biri rusca Bakıda gündəlik iki qəzet nəşr edirdi, bir çox cəmiyyətin başında durmuşdu, “Difai” kimi Azərbaycana muxtariyyət tələb edən komitə də bunun işi idi. Qoçuluğu qaldırmaq üçün “Hidayət” cəmiyyəti təşkil edən də Ağabəy idi. Bu adamın nüfuzunu təsəvvür ediniz: sünnilərlə şiələri barışdırmaq üçün Şəkiyə gəldikdə şəhərin bütün əhalisi onu qarşılamağa çıxmış və “La-ilahə-illəllah, Ağabəy rəsulillah”, – deyə bağırmış. Ağabəyin bu nüfuzu millətpərəsliyi inhisarında saxlamağa qalxışan Əliyarbəyi rahat buraxmırdı. Əliyarbəy Tağıyevin sadiq qullarından idi və onun naşiri-əfkarı olan rusca “Kaspi” qəzetəsinin başında dururdu. Əliyarbəy Tağıyevin kapitalına istinad edən kimi, Ağabəy də milyoner Murtuza söykənirdi. Rəqabət sahəsində bir-biri ilə çarpışan milyonerlərlə bərabər, onların ətrafına toplanan ziyalılar da çarpışırdı. Millətpərəsliyə baxırsınızmı?.. Behbudov məsələsi Əliyarbəyin düzəltdiyi bir intriqa idi. O zaman Bakıda məktəb, teatr, mətbuat, cəmiyyətlər sahəsində işləyənlərin əksəri Qarabağdan gəlmə ziyalılar idi. Ağabəy və Behbudov da qarabağlı idilər. Əliyarbəy millətpərəstlik inhisarını əldə etmək üçün ortaya bir bakılı-qarabağlı məsələsi saldı. Həm də bunun təməlini Bakı “padşahı” Tağıyevin evində atdı. Nəticədə Əliyarbəy Ağabəy dəstəsinə qələbə çaldı… Qəribə burasıdır ki, Əliyarbəyin özü də tiflisli idi… … Axırda Behbudov Qarabağa getməyə məcbur oldu, Ağabəyi əvvəl klubda döydülər, sonra Tağıyev çağırıb Qafqazı tərk etməsini tələb etdi. Ağabəyin Türkiyəyə fərar etməsinin səbəbi budur. Əlibəy Hüseynzadənin “Füyuzat” jurnalını Tağıyev nəşr edirdi, Sultan Əbdülhəmidin işarəsinə görə Tağıyev bu jurnalı qapamışdı.

***

– Yadımdadır, Ağayev Şuşaya gəlmişdi. Orada “Difai” komitəsi təşkil etmək istədi, tacirlər əvvəl etiraz etdilər. Bir axşam camaatı Gövhər ağa məscidinə topladı. Birinci erməni-türk vuruşmasından bir az keçmişdi. Vəziyyət olduqca gərgin idi. Ermənilər şəhərdən altmış araba arvad-uşaq toplayıb, başqa şəhərlərə göndərmişdilər, yeni vuruşmaya hazırlaşdıqları duyulurdu. Doğrudan da, bir il sonra şiddətli vuruşma oldu. Belə həyəcanlı bir zamanda Ağabəyin şəhərə gəlməsi kimi fərəhə, kimi də qayğıya salmışdı. Ağabəy məsciddə uzun bir nitq söylədi, Şuşanın Zaqafqaziya türkləri üçün böyük mənası olduğunu anlatdı, dedi: “Şuşa bir qaladır, bura əldən getsə, çolum-çocuğumuzu götürüb, Arazı o taya keçməkdən başqa bir çarəmiz qalmır…” Sonra “Difai” məsələsini açdı və gizli bir təşkilat yapacağını söylədi. Tacirlər əl-ayağa düşdülər, terror gücü ilə pul tələb edilməsindən qorxub, razılıq vermədilər. Ağabəy əsəbi bir adamdır, küsüb getdi. Sabah tezdən camaat tökülüb qapısına gəlmişdi, on mindən artıq adam vardı. “Bizi hara qoyub gedirsən?” – deyə bağırışırdılar. Nəhayət, Ağabəy komitə təşkil etməmiş getməyəcəyini bildirib, camaatı sakit etdi.

Çingiz heyrətlə:

– Komitə düzəltdimi?

– Düzəltdi.

– Qoçaq adammış.

***

– Yenə nədir, a millətpərəstlər, deyəsən, milləti qabağa aparırsınız. Kül o millətin başına ki, sizin kimi sərkərdələri ola.

Şirin gülərək:

– Sərkərdələrin ikisini bu gün tutmuşlar.

– Zarafat eləməyin, bizdə o qeyrət yoxdur.

***

– Qardaş bizdən bir şey çıxmaz! Biz kim olduğumuzu belə dərk etməmişik. “Müsəlmanam” deyirsən, bütün üç yüz milyonluq topuğu cırığa qoşulub itirsən… Bəli, indi-indi özünə “türk” deməyə başlamısan. Camaatımız türk olduğunu bilirmi? Biz özümüzü tanımayan kimi, başqası bizi heç də tanımır. Nahaq yerə də ermənilər və gürcülərlə bir tərəziyə girmək istəyirik – onlar hara, biz hara!

Şirin Cəlalın mübahisələri ilə razılaşmırdı:

– Canım, bir tərəziyə girmirik, ancaq Qafqazda say etibarilə hamıdan çox olduğumuz üçün istər-istəməz tərəziyə girəcəyik. – Saya bir qəpik verməzlər, mədəniyyətdən danış.

***

Din bir o qədər də zəruri şeydirmi? Onun yolunda bu qədər çalışmağa dəyərmi? Zənnimizcə, dindən uca, ondan zəruri bir ayrı şey var. Onun adına həyat və yaşayış deyirlər. Biz həyatı sevsək, onu yüngülləşdirsək, ən həqiqi mömünlüyə çatarıq…

***

Sonra bəhailiyə “təzə din” deyirsiniz. Zənnimizcə, bunda da böyük səhv eləyirsiniz. Dinə təzə demək olmaz, din həmişə köhnədir. Səbəb budur ki, hər bir din əbədilik iddiasına düşür, din bir qanun, bir qayda təşkil etdikde əbədi ola bilməz. Olduqda təzəliyini itirir və zəmanə tələbinə müvafıq gəlmir. Bəhailik bu gün təzə görünsə də, bir ildən, beş ildən sonra təzəliyini mütləq itirəcəkdir, çünki əbədi “təzəlik” yoxdur, zaman belə təzəliklərin düşmənidir. Bu nöqteyi-nəzərdən həyat zamanla “təzəliyin” mübarizəsindən ibarətdir. Bu mübarizə şiddətini yox etdikdə həyat da mənasını itirir. Deməli, din və ya başqa bir qanun sabit bir halda əbədi hökmranlıq etdikdə, həyat ruhunu qaib edir. İnsanın meyl və həvəsi məhdud bir dairəyə düşərək sönür. Dirilik əvəzinə yuxu və yarımcanlılıq əmələ gəlir. Bu hal cəmi dinlərdə görünmüş, bununla mübarizə etmək üçün qanlı inqilablar doğmuş və nəticədə dünyəvi qanunlar qələbə çalmışdır.

***

– Bir gecə oturub, “Əcnəbi sözləri lüğəti”ndəki sözləri saydım. Lüğətin üstündə 50.000 söz olduğu qeyd olunmuşdu, mən saydım 44 söz əskik çıxdı.

Rüstəmbəy:

– Buna nə qədər vaxt sərf etdin? – deyə sordu.

Niyazi müzəffər bir təbəssümlə:

– Gecə sabahadək saydım.

Yoldaşlar gülüşdü. Rüstəmbəy əlini Əlinin çiyninə qoydu, mehriban səslə:

– Görürsən, dostum, – dedi, – insan darıxanda özünə məşğələ tapa bilir…

***

Rüstəmbəy yaxşı oğlandır, ancaq… bəy balasıdır. Toxluqdan Tolstoy kimi mənəvi axtarış dövrü keçirir.

***

– Qəribədir,  bizdən, hələ ki, qüsursuz bir adam çıxmır. Yaxşı başlayır, bir də görürsən ortada xarabladı. Bunun sirrini bilə bilmirəm.

– Xam öküz samını qırar. Bunlar hamısı xamlıqdandır. Ömründə ictimai iş görməmişdir: evdə bişməyib, qonşudan da pay gəlməyib.

***

1905-ci ilə qədər istər Şuşada, istərsə civarında ermənilərlə türklər çox gözəl yaşayırdılar. Çox sıxı dostluq vardı, hər bir türk ailəsinin bir erməni kirvəsi var idi ki, evə məhrəm idi və ailə üzvü kimi sayılardı. Şəhərin yarısında erməni, o biri yarısında türk yaşadığına baxmayaraq, erməni sanətkarlarının və sövdəgərlərinin türk məhəlləsində və türk baqqallarının erməni məhəlləsində dükanları var idi. Daşnaqsütyun təşkilatı meydana çıxana qədər iki qardaş xalq arasında bir fəna hadisə baş verməmişdi. Daşnaqlar rol oynamağa girişdikdən sonra işlər dəyişilməyə başladı. Bilxassə Türkiyədən qaçıb gələn daşnaqlar vəziyyəti daha da gərginləşdirməyə çalışdılar. Şuşanın vaxtilə erməni məliklərinə məxsus olmasını irəli sürdülər… Bakı hadisəsindən sonra iki tərəfın də silahlanması şiddətləndi.

***

İsgəndər sədrə müraciət edib, sonra Mircəlala sual verdi:

– Türk gəncləri erməni məhəlləsində, erməni yoldaşlarının evinə gedərdilərmi?

Mircəlal:

– Hər gün gedərdik. Əvvəla, realni məktəb erməni məhəlləsində idi. İkinci, bütün hökumət müəssisələri də orada idi. Erməni məhəlləsi şəhərin abad bir yeri idi. Türk hissəsi qaranlıq və xərabə bir halda idi. Odur ki, biz hər gün erməni hissəsinə gəzməyə gedərdik. Yayda hər axşam bulvarda olardıq.

***

Mən Şuşadan çıxıb, getmək istəyirdim, çünki köhnəlik, mövhumat məni təngə gətirmişdi, asudə yaşamaq imkanı yox idi. Başımdakı şapkaya bir söz atırdılar, əynimdəki buluza gülürdülər, əlimə ağac alırdım, türklər arasında vəlvələ qopurdu, erməni qızı ilə gəzirdim, daşnaqlar hədələyirdi… Canım boğazıma yığılmışdı. Odur ki, şəhəri tərk etmək istəyirdim.

***

Sofya xanım döyükdü və bir az incidi. Gileyli səslə:

– Niyə eşqə boş ləfz deyirsiniz?

Rüstəmbəy bir az hirsli:

– Çünki eşq yoxdur, eşq şairlərin boş xəyallarının məhsuludur. Eşq bir xəyaldır. Xəyalla ömür keçirmək isə işsizlərin işidir. Öyrəniş və alışma var. Bir adam bir adama öyrənişir, alışır, onu görmədikdə könlü sıxılır.

***

“Eşq” deyilən xəstəliyin səbəblərini sizə deyim. Yaradılışda anlaşılmaz bir sirr var, bu, törəmək və artmaq sirridir. Hər yaranan yaşamalı və nəslinin baqiliyinə çalışmalı – təbiətin hökmü budur. Hiss təbiət qədər əzəlidir, bir anadan doğmuş əkizdir. Hiss təbiət zəkasının təzahürüdür, təbiət istədiyini hiss vasitəsilə görür. Yaranmışlar müəyyən yaşa çatıb, törətmək qabiliyyəti duyarduymaz hiss onları idarə etməyə başlayır. Gənc zəka vücuda rəhbərlik etmədə acizlik göstərir, hər şey yolundan sapıb, həqiqi aləm bir başqa şəkildə görünür, vücud xəstə bir şəkil alır: yuxusuzluq, xəyal, göz yaşları başlayır…

***

Sən öl, Xəlil, “anadan olmaqda” savab iş görürsən, çoxdan bəridir içməmişəm, gərək bir “lül-qənbər” olam. Daha Tövrat oxumaqdan, Allah axtarmaqdan, xalq yolunda çalışıb söyüş qazanmaqdan yorulmuşam. Qoy bir az içim, bəlkə dərdlərim yadımdan çıxa.

***

– Niyə bikefsiniz?

– Qulaq yalan eşidərkən, şad olmaq mümkün deyil, çünki bir adam o birinə yalan dedikdə onu qanmaz hesab edir. Bu da mənim ürəyimi sıxır.

***

Əfəndilər, nitq nə üçün söylənər – bilirsinizmi? Bir adamın fikir və əqidəsini ətrafdakılara nəqş etməkdən ötrü. Ona görə nitq natiqin iztirab və həyəcanının tərcümanı olar. Onu dinləyənlər də natiq kimi ürəklərində bir yanğı duyarlar. Bizim aramızda isə nitq bu məqsədi daşımır, sözümüz əqidəmizə tərcüman olmaqdan, pərdə olub əqidəsizliyimizi gizləyir.

***

Yaxşısı budur, qədəhlərimizi götürək və islah olmamızı diləmək şərəfinə içək. Şəxsiyyətimiz islah olunmasa, doğruluğu dərk eləməyə müqtədir olmaz və millət qeydinə də qala bilmərik. Yaşasın islah olunmuş şəxslər! Sağ olsun qəlblərində həqiqət atəşi yananlar! Yox olsun saxtakarlar!

***

Hamıdan zəhləm gedir, çünki hamının məndən zəhləsi gedir.

***

– İstila olunan torpaqlarda yəhudilərin yaşamasına imkan verməmək bu günkü siyasətin başlıca tələblərindəndir. Bu siyasəti müntəzəm surətdə həyata keçirilər…

– Axmaq siyasətdir! Yəhudi də bildiyini eləyir: inqilab alovunu körükləndirənlərin ön sırasında gedir; dünya bankirləri arasında müəyyən mövqeyə malik olaraq Rusiyanın beynəlmiləl vəziyyətini pozur. Bu gün ruslar cəbhələrdə qırılarkən, yəhudilər əsgərlikdən boyun qaçırır və ticarət vasitəsilə dövlətin bütün faydalarını əlində toplayır… “Qədim millət”lə zarafat olmaz.

***

Avropa qitəsinin boyük bir hissəsində yaşadığı halda, adət ənənə, tarix, üsuli-idarə etibarınca heç də Avropa məmləkətlərinə bənzəməz; Asiyanın böyük bir parçasına malik olduğu halda, Rusiyanı “asiyalı” deyə də tələqqi etmək olmaz…Xülasə, bu ölkə müəyyən bir sima və aydın bir xarakterə malik deyil. Belə ölkədən Rasputinin çıxması təbii deyilmi?

***

İngiltərədə hürriyyət yoxmu? Orada hürriyyətlə bərabər bir kral da var. Bizdə hürriyyəti çarlığın ləğvində görürlər. Halbuki bizim ölkə çarsız yaşaya bilməz! Mujikə bir qorxu lazımdır; onsuz o, ölkəni xaraba qoyar…

***

Ehtiras bütün çılpaqlığı ilə yaşayır və yaşayacaq… İnsan təbiətin quludur; libasına baxmayaraq, təbiət kimi çılpaq və vəhşidir… İnsan vəhşiliyini daima etiraf etmiş və buna qarsı din və dövlət kimi zəncirlər icad etmiş.

***

Rüstəmbəyin isə xəyalı həqiqətə, həqiqəti də əzaba qarışaraq yuxusunu pozdu.

***

– Yenilik ağrı ilə doğulur.

– Hansı yenilik? Bu uyğunsuzluqlar yenilikmi? Qaragüruhun tüğyan etməsi, əsrlərdən bəri qurulan bir idarənin pozulmasımı? Yox, buna yenilik adı verə bilmərəm; savadsız, sərxoş, tənbəl və yıxıcı bir xalq yenilik qura bilməz!

***

Lenin düz adam olsaydı, Vilhelm onu qapalı vaqonda bizə göndərməzdi…

***

Rüstəmbəy gözlərini gəzdirərək otağa tamaşa edirdi hər yer kir və toz içində idi; öldürülmüş taxtabitilərin qanı solğun şpaleri ləkələmişdi; künclərdəki qurumlardan milçək ölüləri asılmışdı… Bura tam bir “musurman” mənzili idi.

***

Səftər Veylabad tacirlərindən Bikef İbadın oğlu idi. Bikef İbad şəhərdə xeyrə-şərə yaramayan, fərdi həyat sürən bir adamdı. Onun nə evdə, nə də dışarıda şad bir halını görən olmamışdı; gülmək məfhumu ona yabançı idi. Az danışar və yavaş danışar. Verilən salama belə yalnız dodaqlarının tərpənməsi ilə cavab verərdi.

***

Doktor Vəlibəy cəbhədən bir “Stanislav” gətirib lap döşünün ortasında gəzdirirdi. Ha-ha-ha!.. Heç onu gəzdirməzlər ey!.. Onu biz görmüşük paradda-zadda taxarlar; bu həmişə döşünə taxırdı. İnqilabdan sonra gizlədi. İndi onun yerində bax, bu yekəlikdə (iki baş barmağı ilə şəhadət barmaqlarını uc-uca qoyaraq, bir dairə təşkil edib qaşlarını qaldırdı) bir qırmızı bant taxır.

***

– Görəsən, başında kimlər durmuş? – deyə sordu.

– Nəsibbəylə Əhməd Muxtar olmalıdır.

Rüstəmbəy bu adamları uzaqdan tanıyırdı:

– Yəni, bunların hazırlığı var? – deyə düşündü.

Vəlibəy gülümsünərək:

– Nə deyim? – dedi. – hər halda müsəlman daha bunlardan artığını yetişdirməyəcək ki!.. İşlərlər, öyrənərlər.

– Təhsilləri necədir?

– Nəsibbəyi bizzat tanımıram. Eşitdiyimə görə, darülfununda olmuş, ancaq qurtarmamışdır. Əhməd Muxtara yaxşı bələdəm. Bizimlə də bir qədər işləmişdir. Heç bir təhsili yoxdur, xudayi-nabitdir. Bütün məziyyəti türkcə savadlı olmasındadır. Yaxşı natiqdir… Bu qədər. Bişmiş bir siyasi adam demək olmaz. Dövlət təşkilatı üçün yararlı adam deyildir. İfrat inad və şöhrətpərəstdir: “Burada mən, Bağdadda kor xəlfə”… Nə başını ağrıdım, kor atın kor da nalbəndi olar…

***

Görünür, yalnız gözəl nitq söyləməklə məmləkət idarə olunmur.

***

Ehtiyac hissi müqavimətdən şişərək xəstə bir şəkil alır.

***

Həyat coşarkən hər bir fərdin köksündə əks-sədalar doğurmalı; çünki fərdlər həyatdadır, həyat fərdlərdə deyil… Bax, mən bu əks-sədaları duymuram. Həyat dairəsindən kənarda duraraq, yalnız iştiraksız bir şahid vəzifəsi görürəm…

***

Millət bir fərd, bir adam kimi şeydir, böyüyər, gənclik və qocalıq dövrləri keçirər. Sonra ölər. Cahil və kamil vaxtları olar.

***

Fərd bir kollektivin üzvüdür; meyvə ağacın məhsuludur. Fərd kollektivin, meyvə ağacın xassəsini daşıyır. Tarixi sima millətin ruhundan doğar, o ruhu yüksəldər və aləm qarşısında nümayiş etdirər. Tarixi sima millətin təzahürüdür. Millətin qabında bir şey olmazsa, təzahürü də olmaz!

***

Azərbaycan məsələsini aydın təsəvvür edə bilmirdi. Türkiyəyə ilhaq məsələsinə şiddətlə əleyhdardı: kapitulyasyonlarla bağlanıb yoxsulluq içində çırpınan, daim müharibələrə sürüklənən, mədəniyyətsiz, texnikasız Türkiyəyə doğru meyl etmək ona qorxunc görünürdü.

***

Siz intelligentlər “kim eşşək olsa, biz ona palan olarıq” – deyə xudbin bir surətdə yaxanızı kənara çəkirsiniz. Deyirsiniz – qoy mübarizə davam etsin, başqasının qanı tökülsün də, biz salamat qalaq; axırda baxarıq. Mən də deyirəm: “Yox, əfəndilərim, proletariat qanı ilə qazanılmış hürriyyətdə sizə yer yoxdur”. Bunu qəti olaraq bilməlisiniz!

***

Cuhudlar müqəddəs Rusiyanı batırdılar. Taxt yıxıldı, kilsə ləkələndi, əxlaq pozuldu…

***

Biz inqilaba hazırmıyıq? Rus mujiki fransız kəndlisi ilə müqayisə edilərmi? Biz bunları din və taxt nüfuzu ilə saxlayırıq. Bu gün bu iki qüvvə yıxıldıqdan sonra mujikin vəhşətinə qarşı nə ilə sədd çəkəcəyik?

***

Ruslardan biri:

– “Ukrayna” məmləkətin kənarındakı torpağa deyilir. Bu adda bir dövlət olduğu bizə bəlli deyil. Sonra milli dili, mədəniyyəti mənliyi olmayan bir insan kütləsinə “millət” deyilmirmi?

Ukraynalı dərin bir küdurətlə:

– Ukrayna olanda hələ Moskva dövlət təşkil etməmişdi. Mədəniyyətə gəldikdə siz bizim deyil, biz sizin müəlliminiz olmuşuq. Siz Velikoruslar hər şeyi inkar etməyə öyrənmisiniz. Başqa millətləri məhkum edərək, cinayətkar hərəkətinizi doğrultmağa çalışırsınız… Bax da, bizim dilimiz yoxmuş. Bəs, Şevçenko “Kobzar”ını nə dildə yazmışdır.

***

Xalq yorulmuş, müharibəyə həvəs qalmamışdır… bir də, bağışlayın, mən çox oxumamışam, amma müharibənin mənasını anlayıram. Bizi ölümə yollayırlar, ortalıqda kapitalistlər pul qazanır…

***

Gözətci polyak qadını fırlayıb həyətə çıxdı:

– Uyğunsuz işlər görürsünüz, vəhşi barbar da sizdən yaxşıdır. Gecə atları buraxmışlar, botanik bağçanı korlamış, fidanlığı alt-üst etmişdir. İşçilər meyvə ağaclarını yolmaqla kifayətlənməyərək, zirzəminin qapısını sındırıb, əlli-altmış illik şərabları oğurlamışlar. Belə olurmu? Almanlar bu vəhşi ölkəni istila etməkdə haqlı deyillərmi? Gəlsələr, bu torpaqda nizam və intizam olar. Bir daha bu axşam yapılan vəhşətə yer qalmaz…

***

– Mujik acdır, mujik torpaqsızdır, mujik qazanır, ağalar yeyir – bu düzdürmü?.. Mujik onu əzən qanunu tapdalamağa haqlıdır; işçi onu boğan qanunu ləğv etməyə haqlıdır. İnqilabın tələbi budur!

Ev sahibi qarşısındakının hansı məsləkə mənsub olduğunu duyaraq, bir az cəsarətsiz:

– Oğlum, siz gəncsiniz, mən də gəncliyimdə belə əqidədə idim… Ancaq… bu fikirlər dildə və yazıda xoşdur, işə gəldikdə yaxşı bir nəticəyə varmır…

***

Ziya Göyalp “İslamlıq, müasirlik, türklük” – deyə meydana üç qanadlı şüar atmışdır. Bu, səfsətədən başqa bir şey deyildir. İslamlıq bir din olaraq, müasirliyə ziddir. Bundan başqa, siyasi bir firqə təşkilində dinə lüzum varmı?

***

Xudbinlik eşqi öldürər. Malikiyyət olan yerdə eşq ola bilməz. Həqiqi esq dostluqdan ibarətdir!

***

Nüfuz idraka sığmayan və zahirdən hərəkət edən bir amildir. Bu amil daim mahiyyətini dumanlar içində saxlamalıdır; çünki aydın şeylərin xalqa nüfuzu olmur. Quran, yaxud İncil aydın və hər kəsin anladığı bir dildə olsaydı, adi məktəb kitabı qədər hörmətsiz olardı. Müqəddəs deyilən kitablar məzmun yoxsulluqlarını geniş kütlənin bilmədiyi ərəb, slav, latın, qədim israil və sanskrit dillərində gizləyir…

***

Xülasə, buradakı bütün qovğalar cib və sədarət üstündədir. Bütün milli təşkilatlar bu iki amil yolunda çarpışırlar. Məslək böhranı hər yeri qaplamış. Burada baş verənləri görsən “milli” sözünə qarşı üsyan edərsən… Nə deyim, milli komitəndən məyus olacaqsan. Bundan şübhə etmirəm, ancaq bir az tez məyus olman daha əlverişlidir.

***

Rüstəmbəy darıxırdı. Oxumağa həvəsi qalmamışdı. Otaq ona zindan kəsilmişdi.

***

İştə həyat, iştə tarix. iştə əbədiyyət daima eyni çarpıntı, təkərrür edək eyni ritm. Tarix-təkərrür dairəsində fırlanan əzəli və əbədi bir çarx; bu gün vaqe olan hadisələr təkrar-təkrar olmuş və təkrar-təkrar olacaq. İnsan, yeni deyə, bu hadisələrə qapılıb ölür, öldürür… Yox, bu hadisələr yeni deyil; insan aldanır…

***

Yəhudilərə “pis” deyirlər. Amma mən bunlardan pislik görmədim: özləri qazanan kimi, başqasını da qazandırırlar. Bizim müsəlmandakı paxıllıq, ayaqdan çəkmə bunlarda yoxdur. Bilirsən, bunlar bir-birinin əlindən necə tuturlar. Bizim müsəlman köpək oğlu adamı boğmaq istəyir. Vallah, vətənimdən bunun üçün baş götürüb gəlmişəm…

***

Ağıl irəlini təyin etməyə qalxışan bir qüvvədir. İradə hürr olmadığı üçün ağıl daim qaranlıqda sürünür və ələləksər insanı çıxılmaz nöqtələrə sövq edir. Duyğu isə təbii bir axındır. Təbiət çağırışını əks etdirən bu qüvvə ruha sükut yaşayışa müvazinət bəxş edir…

***

Səadət təsadüfdən ibarətdir. Təsadüfü daimi, yaldızlı, şən bir həqiqətə çevirməliyik.

4 (80%) 4 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On Facebook