Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Leonore Fleyşer “Yağış adam”

Annotasiya

“Yağış adam” (ingiliscə “Rain Man”) – Ədəbiyyata jurnalistikadan gələn Leonore Fleyşer “Washington Post”, “New York magazine”, “Publishers Weekly” üçün yüzlərlə məqalədən savayı, onlarla bədii əsərin müəllifidir. Amma o daha çox Hollivud incilərinin romanlaşdırılması ilə məşhurlaşıb. Bu bestsellerlərin içərisində “Yağış Adam” (1989) aparıcı yer tutur.

 

“Yağış Adam” dünya kino sənətinin nadir nümunəsidir. Film ilk gündən o dərəcədə məşhurlaşıb ki, cəmi iki həftəyə öz büdcəsindən ($25 milyon) təxminən iki dəfə artıq gəlir gətirib, səkkiz nominasiya üzrə “Oskar” mükafatına təqdim edilib, bunlardan dördünü qazanıb və “İlin ən yaxşı filmi” elan edilib.

Gənc biznesmen Çarli Bebbitt qəfildən öyrənir ki, vəfat edən milyonçu atası mirası ona deyil, autizmdən əziyyət çəkən xəstə qardaşı Reymonda qoyub. Əvvəllər qardaşının varlığı haqqında heç nə bilməyən Çarli onu xəstəxanadan aparmaq, mirasın yarısı ona verilənədək geri qaytarmamaq qərarına gəlir. Bu yolda qardaşların başına gələn hadisələr onların yaxınlaşmasına səbəb olur.

 

Karandaşın izi ilə

O, istənilən problemin məğzini dərhal tuturdu və vaxt itirmədən düzgün qərar qəbul edə bilirdi. Əgər bu bacarıqlarını göydən ulduz qoparmağa yox, daha ciddi və praktik məqsədlərə yönəltsə idi, elə uğur qazana bilərdi ki, dünya onunla hesablaşardı.

***

İkinci masa “beş dəqiqəliyinə harasa çıxmış” katibə üçün qoyulmuşdu.

***

Bilirsən, o, “küçə futbolu” deyilən şey tanımırdı. Onun üçün ancaq yüksək liqa var idi. Mən hər şeydə birinci olmalıydım, olmasaydım, deməli, “fərsiz” idim.

***

Ətrafdakı nəhəng evlər əsl saraylara bənzəyirdi. Hərəsi, aşağısı, yarım hektar yer tuturdu. Belə yerdə heç kim heç kimi hasardan səsləmir, qonşu qonşudan duz istəməyə getmirdi. Buranın daş-divarları da adamın qulağına “böyük pullar” haqqında şirin nəğmələr pıçıldayırdı. Qışqırmır, məhz pıçıldayırdı. Çünki qışqırmağı ləyaqətinə yaraşdırmırdı.

***

Xatirələr onu kövrəltmiş və müdafiəsiz qoymuşdu.

***

Həyat da qumar kimi bir şeydir: bütün oyunçular öz sözünü deməmiş kartlarını açmamalısan.

***

Və beləliklə, qorxunc Atilla reklam çarxlarındakı pişik balası Morrisə çevrilirdi. Kimya elmi möcüzələr törədir!

***

Saç düzümü başının pulsuz qırxıldığını göstərirdi.

***

O dönüb Reymonddan aralandı, sanki fiziki uzaqlıq yaxın qohumluq əlaqəsinin üstündən xətt çəkə bilərdi.

***

Çarli varisi axtarırdı, qardaşını tapdı.

***

– Sən Reymonddan öz məqsədin üçün istifadə edirsən! Sən məndən istifadə edirsən! Sən hamıdan istifadə edirsən!
Sözə bax! Çarli yerində dondu. DÖnüb qardaşına baxdı.
– Mən səndən istifadə edirəm? – ondan cavab tələb etdi.
– Hə, – Reymond dərhal dilləndi.
– Kəs səsini! – Çarli qışqırdı.

***

Çarli isə bu lənətə gəlmiş həkim köməkçisinin lənətə gəlmiş həkimlə görüş təyin etməsinə nail ola bilmirdi. Sənin lənətə gəlmiş həyatının bir inadkar həkim köməkçisindən asılı olması nə pis şey imiş!

***

Bu qardaşı o nə vaxtsa uşaq qəlbi ilə sevmişdi, sonra gerçəklikdə unutmuşdu və nağıllarının qəhrəmanına çevirmişdi.

***

Onun ürəyindən qara qanlar axırdı, özünü tənha hiss edirdi. İstəyirdi ki, kimsə halına acısın. İlk dəfə idi ki, kimdənsə şəfqət gözləyirdi. Çarlinin heç vaxt uzunmüddətli əlaqələri, başqa insanlara ciddi bağlılığı olmamışdı, ətrafdakılardan əşya kimi istifadə eləmişdi. Musiqini həmişə özü sifariş vermişdi, amma pulunu başqalarına ödətmişdi. Və indi həmin bu Çarli Bebbitt etiraf edirdi ki, onun kiməsə ehtiyacı var, kimisə sevməyi və kiminsə onu sevməsini arzulayır.

***

Hər təzə çips, ya pendirli çubuq paketi açanda o sanki xoşbəxtlikdən özünü göyün yeddinci qatında hiss edirdi. Əlbəttə, bu cümlədə vurğu “sanki” sözünün üzərinə düşür, çünki əslində, Reymondun keçirə bildiyi hisslərin nə xoşbəxtliklə, nə də göyün yeddinci qatı ilə heç bir əlaqəsi yox idi.

***

Çarlinin bank hesabı boşalmışdı, axırıncı dəfə o, elektron kartla avtomatdan pul çıxarmaq istəyəndə aparat arzusunu gözündə qoymuşdu. Bir də cəhd etsə, avtomat, yəqin, Çarlinin kartını qəzəblə onun üzünə tüpürüb polis çağıracaqdı.

***

Lotoreya – saçlarına xına yaxan, hər karta iki dollar qoymaqla uduş həsrətində gün keçirən xanımlar üçündür. Bu, əmziklə süd içməyə oxşayır. Çox xırda balıqdır.

***

Gündüzlər Las-Veqas ənlik-kirşanını yumağa heyi olmadan yuxuya getmiş fahişəyə oxşayırdı.

***

Əsas o idi ki… iki gənc ehtiraslarını söndürdükdən sonra da özlərini doğma və bir-birinə yaxın hiss edirdilər.

***

Taleyin istehzası isə onda idi ki, Çarlinin ən böyük səhvi, əslində, həkimlərin gözündə onun ən ciddi uğuru idi.

***

Autizmə düçar olan adamlar yalan danışa bilmirlər! Yalan – məqsədin olmasını göstərir. Yalan – hansısa səbəbdən doğur: insan nəyisə gizlətməyə, ya qazanmağa can atır. Reymond kimi xəstələr, hətta onun qədər dahi autistlər isə belə şeyləri bacarmırlar. Onlar heç vaxt plan qurmurlar, məqsəd güdmürlər. Buna görə də yalan danışmırlar.

Tərcümə: Arif Əliyev

Qiymətləndirin

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook