Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Slava Se “Santexnik, onun pişiyi, arvadı və digər təfərrüatlar”

Annotasiya

“Santexnik, onun pişiyi, arvadı və digər təfərrüatlar” (rusca “Сантехник, его кот, жена и другие подробности”) – İnternetdə bloq fəaliyyəti ilə məşğul olan Slava Senin (rus dilində yazan latviyalı müəllif Vyaçeslav Soldatenkovun təxəllüsü) hekayələri oxucuların o qədər diqqətini çəkib ki, çap olunmağa başlayıb.

Müəllif nadir simadır. O, teatrda çıxış edən yeganə santexnikdir. Yazıçı bu kitabda istehzalı bir şəkildə öz həyatından bəhs edir. Həyat yoldaşı ilə boşanan Slava qızları və dağsiçanı ilə birlikdə qalır. Müəllif çətin məişət problemlərindən, santexnik fəaliyyətindən, çalışdığı kollektivin özəlliklərindən, ev heyvanlarına münasibətindən, qızları ilə başına gələn məzəli əhavalatlardan danışır. Asudə vaxtlarında bloq yazan, eyvanında soğan yetişdirən Slavanın yumor hissi depressiya və xiffətlə mübarizədə köməyinizə çata bilər.

 

Karandaşın izi ilə

“Quduz eybəcər” cinsdən şirin it qabağımıza qaçır. Üstümə elə hürür ki, elə bil evliyik.

***

Kompozisiya poetikanı, xətti ritmlərin rəqsini və qaraçı toyunun incə koloritini özündə birləşdirmişdi.

Müəllifin gözlərindən cəsarətli dəvət oxunurdu. O, erkən Qogenin allüziyasını, Lotrekin qrotesk kitçini və modernizmin “Vəsmə çox olmur!” baza prinsipini bir araya gətirmişdi.

***

Bu gün Lyalya dedi:
– Böyüyəndə dayı olacam.
Və mən onu çox gözəl başa düşürəm.

***

Qoltuqaltını ayağı ilə qaşıyan pişiyə baxa-baxa nəslimizin digər qadınlarını yada saldım. Tüpürcək, həmçinin ütü də daxil olmaqla müxtəlif ev əşyaları ilə silahlanan bu qadınların hamısı çox qürurludur. Onlar kişiləri “şkafı hara çəkmək lazımdır?”, “anasıgilə hansı yolla getmək gərəkdir?”, “xama qıcqırmayıb ki?”, “yox, hələ boşanmaq vaxtı deyil” kimi vacib məsələləri həll etməyə icazə verməkdənsə, ayaqları ilə qoltuqaltlarını qaşıyarlar. Kişilərə böhranla mübarizə və prezident seçkiləri kimi xırda-xuruş məsələlər tapşırılır.

***

Paşa Lenanı sevirdi. Lena isə ona biganə idi. Ümumiyyətlə qadınlar təxəyyül gücü zəngin olan kişilərdən qorxurlar. Bir dəfə sevdiyin qadının qapısının dəstəyini öpmək, gecə vaxtı onun pəncərəsindən içəri baxmaq, ya da qucaqlaşıb yatmaq üçün ayaqqabısının bir tanıyını oğurlamaq kifayətdir ki, qadın qaçsın. Sizə bir söz deyəcəm: əsl hisslər qadınları qorxudur.
Əvvəlcə Paşa öz hissləri ilə pravoslav üsulla mübarizə aparırdı. O, inandırıcı bir şəkildə və dayanmadan Müqəddəs Nikolayın ikonuna bağırır, ondan bu duyğu selini dayandırmağı xahiş edirdi.

***

Ailə deyil, Prjevalski atlarıdır. Emosional planda.

***

Bu arada Lyalya qorxunc ağzını əks bucağa açıb, sevimli bacısının onurğasından yapışır. Əgər uşaq özündən çıxıbsa, başda Spilberq olmaqla bütün Yura dövrünü dişləyir.
Maşa möhkəm qışqırır. Ona elə gəlir ki, kürəyindən götünə kimi indi heç nəyi yoxdur, boşluq əmələ gəlib. Mən də qışqırıram, çünki evin general mayoru qışqırmalıdır. Əgər rəhbərlik qışqırmısa, xeyir heç cürə qələbə qazana bilməz. Lyalya da qışqırır, evdə ən bədbəxt insanın kim olduğunu xatırlatmaq istəyir. Bütün bunları “yatmadan öncə “gecən xeyrə qalsın” oyunu” adlandırırıq.

***

Başıma nə qədər hadisə gəldi, gedim işə bir az dincəlim.

***

Mənim dünyamda insanlar əvvəlki kimi yemək və qalmaqallardan yaradılır, siçanlar divanın altında unudulmuş corablardan doğulur, müstəvi Yer planeti isə tısbağanın üstündə üzür.

***

Sarışın qadının olmalı olduğu anı xatırlamamaq insana ağır gəlir.

***

Maliyyə direktoru öz payını düz tablonun üstünə tökdü. Təəccübdən. Rəssamımız əyyaş Vanya xiyarın üçdə birinin şəklini fallosun en kəsiyindən köçürmüşdü. “Patologiya anatomiyası” kitabından. Vanyanın xiyar nümunəsi üçün başqa kitabı tapılmamışdı.
Heç kim Avropanın pul verəcəyinə inanmırdı. Amma verdi, çünki Avropa səmimi idiotlara qarşı xeyirxahdır.

***

Başlanğıcda pul dəhşət çatışmırdı. Bir dəfə səhərə yaxın hətta yenidən varlanmaq üsulu yuxuma girmişdi. Allaf dükanından donuz böyrəyi alıb, özümünkü kimi satmaq lazım idi. Nədir? Donuz böyrəyinin yaraşacağı o qədər insan tanıyıram ki.

***

“Kamasutra”nı rus dilinə hələ tərcümə etməmişdilər. Ona görə hindli gimnastların sovet pionerlərinə hədiyyəsi olan bu otuz üç inanılmaz rahat poza haqqında məlumatımız yox idi. Bu səbəbdən yan tərəfi üstdə uzandıq, ədyala büründük və hərəkətə keçdik.

***

Latışlar içən kimi başdan-ayağa rusa çevrilirlər. Gölməçələrdə yatır, söyüş söyür və ay ilə danışırlar.

***

Lyalyanın bağçada Erik adlı dostu var. O, qadınlara sevgisini idiot kişilər kimi göstərir. Lyalyaya özüboşaldan yük maşını hədiyyə edib, onu topla vurub. Maşını geri qaytardıq. Topa görə bağça rəhbərliyinin üstünə bağırdıq. Fikrimizi bəyin atasına çatdırılmasını xahiş etdik.
Ertəsi gün Erik səliqəli geyimdə, qalstukda gəldi. Dodaqlarını tərpədib, mətni təkrarladı. Lyalya deyir:
-Erik dedi ki, mən sənə məftunam. Mən də əlimdəki kürəklə ağzına vurdum ki, pis-pis şeylər danışmasın.

Bax belə, beş yaşlı oğlan sevgi haqqında demək olar hər şeyi bildi.

***

Yaslarda və toylarda çalırdıq. Gitarist alkoqolik idi. Basist qadağan olunmuş otlardan çəkirdi. Mən isə kədərli qadınlarla maraqlandırdım. Məncə, bu, içib çəkməkdən daha pisdir.

***

Tallinə getmişdim. Sərhədin yaxınlığında Salasqriv avtovağzalındayam və tualetin rəzəsi xarab olub. Elə hey qaşqabaqlı insanlar yüyürüb gəlir, incik halda ənsəmə fısıldayırlar. Elə bil məni burada, belə bir pozada görməyi gözləmirlərmiş. Sonra ifadəli bir şəkildə qapını çırpıb gedirlər. Orada cəmi bir unitaz var. Bir dənə olsa da, Norveç unitazıdır. Avtovağzalda isə çoxlu kənd sakini dolaşır. Əyalət həyatının dramatizmini hiss edirsiniz?

***

Bir dəfə Qalya arvad hərbi təyyarənin arxasınca “görüm səni partlayasan” deyə qışqırmışdı. Sonra isə kartof çıxarmağa getmişdi. Üç dəqiqə sonra səmadan tüstülü nəsə keçmiş və daxmanı partlatmışdı. Təyyarənin qanadları daha da irəli düşmüş, alov tutan mühərrik isə aralanmışdı. Qalya arvad bax beləcə soyuq müharibənin iştirakçısına çevrilmişdi. Günün qalan hissəsini ləkdə keçirmiş, bəzi günlərin necə pis keçdiyinə və arzuların necə bu qədər tez həyata keçməsinə təəcüblənmişdi. Sonra isə Brejnevi tez sınan bombardmançılara görə söyüb-batırmışdı.

***

Çərşənbə günü boşanma sənədlərini imzaladıq.
– Yaxşısan? – Lyusya sanki rəhm edərmişcəsinə soruşdu.
“Arzu edirəm ki, aşpaza ərə gedəsən, o qədər kökələsən ki, son mənzilə yola salmaq üçün səni kranla pəncərədən çıxarmalı olsunlar”, – belə düşünsəm də, sadəcə güldüm.

***

Maşa pişiyi sevir, pişik dağsiçanını, dağsiçanı isə heç kimi. Təkcə özünü və günəbaxan tumlarını. Bu faciə üçbucağı ədəbiyyatın və ümumiyyətlə həyatın əsasını təşkil edir. İki nəfərə yaxşı olanda, üçüncü tərəf həmişə özünü öldürür və əzab çəkir.

***

Qadın iyrənc səsi ilə gəmirici ilə mübarizə aparırdı. Siçan üz-gözünü turşutsa da, dözürdü. Səsə pişik gəldi. Sırf baxmağa. Pişik passifist idi, onun ürəyində zanbaqlar açırdı.

***

Kim tualetin qapısına nəzarət edirsə, həmin adam da evin Uqo Çavesidir.

***

Qayınanan “zor qaqaş” olsa da, fərqi yoxdur, o yenə də şeytandır.
Bu, təbiətin qanunudur. Eyni şəkildə “ji-şi”-dən sonra “i” yazılır və buterbrod yağ tərəfi üstə yerə düşür.

***

Lyusya Venesiyaya gedib. Özü ilə kolbasa, tuman və tıxacaçan aparıb.
Venesiyanın yerində olsam, inciyərdim. Aralıq dənizində şəhərsən, səndə, sözümə görə üzr istəyirəm, qondolyerlər üzür, başdan-ayağa kanallardan, karnavallardan ibarətsən və sənin torpaqlarında Brodski basdırılıb, ancaq biri götürür və əyyaş dəsti ilə sənə qonaq gəlir – bu əclaflıqdır. Venesiya ilə mən belə hesab edirik.

***

Jorı, həyat üçün çox vacib təhsildən başqa, laringit, boşanma…və it 15 küçük doğub.

***

Ümumiyyətlə, “Geländewagen”-i olmayan kişi iltifat göstərmək, romantik olmaq, hətta “göt” sözünü istifadə etmədən zarafat etmək məcburiyyətində qalır. Bu isə təbii deyil.

***

İndi isə təsəvvür edin ki, siz ingilis səfirinin arvadısınız. Duşda yuyunursunuz, bütün bədəniniz, məməşlərinizlə birgə. “Jingle bells”-i oxuyursunuz. Birdən tanımadığınız bir adam yarıçılpaq halda qaça-qaça gəlir, ərəb dilinə oxşar bir dildə həyəcanla nəsə qışqırır. Və onun sözləri xalqlar arasında dostluq təklifi təsiri bağışlamır.
Səfirin arvadı qətiyyətlə bildirir ki, duşdan çıxmayacaq, çünki ölkəsinə, kraliçaya və mümkün olduğu qədər, ərinə sədaqətlidir. Şahzadə Çarlz variantı da yaxşı olardı. Ondan da yaxşı Devid Bekhem.

Bu vaxt dinləyici kişilər əhvalatı nəql edənin sözünü ağzında qoyurlar, onun, “dream woman of british ambassador”-un necə olduğunu soruşurlar. Jenya yalandan baxmadığını deyir və əlavə edir ki, Allaha olan inamı ona başqalarının arvadını arzu etməyə qoymur. İnadının səviyyəsindən hamıya aydın olur ki, seansın yeri olub. Və döşün ölçüsü ən azı dördüncü ölçü olub.

***

Evin altında yeməkxana var. Orada bağırsaq infeksiyaları satılır. Daimi müştərilərə həzm sistemi xorası hədiyyə olunur.

***

Onda hələ Maşkanın dörd, Lyalkanın bir yaşı var idi. Birdən dizi üstə çöküb, dua etməyə başladım.
– Allahım, – üzümü peyk antenasına tutub dedim, – Hər şeyə görə çox sağ ol. Hər şeyim var, amma yatmaq istəyirəm.
Və ertəsi gün heç bir işarə zad olmadan qayınanam düz göydən aşağı endi. Onun brilyantdan qanadları, göy yaqutdan gözləri və müqəddəsliyin başqa əlamətləri var idi. Xüsusilə, üçgünlük yemək torbası.

***

– Slava, nə edim? – o, aşiq olmuş fil dəstəsi kimi nəfəs alırdı.
– Küncə çəkilsən, bir yana vara bilməyəcəksən. Gözəl axmaqlıq et ki, sonradan yada sala biləsən. Heç olmasa…
Və budur, günlərin bir günü Rita daha otuz altı qadının oturduğu zalın mərkəzinə çıxdı və dedi:
– Mayakovski.

***

Mətbəxdə maraqlı hadisələr baş verir. Əl çalanda, Kazbekdən töküldüyü kimi zibil qabının zirvəsindən aşağıya uçqun tökülür.
Bu fenomenin şəklini çəkib “National Geographic”-ə göndərəcəm. Orda kataklizmləri xoşlayırlar.

***

Ertəsi səhər Şarliz qonşusu ilə suya dalmağa gedir. Dalırlar, çıxırlar, dalırlar, çıxırlar, bir də görürlər ki, kater yoxdur. Və filmin qalan hissəsini onlar ikilikdə üzürlər, üzürlər, elə hey üzürlər. Kinonun düz iki saatını. Dalaşırlar, öpüşürlər, tankerlərə, yaxtalara əl sallayırlar.
Axırda isə hər ikisini akulalar yeyir. Vəssalam. Dəhşət.
Nə seks oldu, nə pafos. Nə də qəhrəmanların mənəvi böyüməsi.
Və Şarlizə çox yazığım gəldi. Bu dünyada o qədər gözəl qadın yoxdur ki, hələ onları akulaya yem edəsən.

***

Bir dostum var. Mark Frenkel. Rokerdir, bəzən fizik olur. Çox ağıllı insandır. Hər fizik kimi o da əmindir ki, Yer kürəsində bir növ elm var, o da fizikadır. Qalan elmləri fizikanı öyrənə bilməyən axmaqlar uydurub.

***

Rokerlərin iki aqreqat halı olur: maye və qaz. Onlar ya içirlər, ya da qışqıra-qışqıra nekrotik mahnılar oxuyurlar.

***

Çünki şirinliyi olmayan kişi elə qadındır.

***

Uşaq vaxtı gonbul Tolik deyirdi ki, Slava çılpaq qadınlara inanma, onlar dəyişkən olurlar.

***

Gözəldir və xoşagəlməz şəkildə evlidir.

***

Lyalyam xəstələnib. Evdə oturmuşam, makaron bişirirəm, paltaryuyan maşının mələfələrdən naxış vurmağına baxıram. Artıq bir saat keçib, bir dənə də olsun qəşəng naxış alınmayıb. Məişətin belə bir təzyiqi altında ədəbiyyat yaratmaq strateji cəhətdən düzgün deyil. Yolka quruyub, istilik sisteminə görə ödənilən kommunal xərc artıb, marinadlar yeyilib və ümumiyyətlə qış baş tutub – belə şeylər haqqında basıb-bağlamaq daha asandır.

***

Kranın suyundan mezozoy iyi gəlir və “Lipton” şirkətinin kimyaçıları onu çaya çevirmək iqtidarında deyillər.

***

Aleksey Leonidoviç uğurlu mahnı yazıb. Bu nəğmə başdan ayağa ciddi hisslərdən bəhs edir: ilk toxunuşun həyəcanı, çılpaq ayaqlar və nikahdankənar əlaqələrdə olan bütün yaxşı şeylərdən.

***

Çünki saf gözəlliklə “Saat neçədir?” deyib tanış olmaq axmaqlıqdır. Burada dəqiq komplimentlər lazımdır.

***

Axı hamıya məlumdur ki, subay kişi evdə tək yaşayırsa, onun həyatına qadın daxil olur. Öz-özlüyündən. Şəraitin gözəlliyi və daxili romantizmindən. Çirkli paltardan çıxan siçan kimi.

***

Bir tanış qız var idi, onu güldürə bilənlərə aşiq olurdu. Çox xoşagəlimli qız idi. Oğlanlar onun şərəfinə lətifə kitablarını əzbərləyirdilər. O isə gözəl bığları olan hərbçiyə ərə getdi. Qadınların məhəbbət motivasiyasında hər şey çox qəlizdir.

***

Rus qayınanalarını tanıyırsız da. Kürəkən sağ olduğu müddətdə onlar xeyirxahlıq etməyə davam edirlər. Və bu qayınana da divar kağızlarını yenidən yapışdırdı. Bir gün ərzində. Bütün evin divarlarını. Kürəkənin təəccübdən öləcəyini hesablamışdı, ancaq kürəkən pilot idi və sağlam çıxdı. Sadə infarkt və isterika ilə canını qurtara bildi. Yəni, qayınananın nöqteyi-nəzərincə, baş verənlərə reaksiya vermədi.

***

Bir insanı qayınanası ilə birgə çıxılmaz vəziyyətə salsan, onda həmin adamın içindən sosiopat, qatil və manyak çıxa bilər.

***

Bütün qoca qadınların pişiklərdən ötrü ürəkləri gedir. Onları yalamağa hazırdırlar, hətta onlara ərə də gedərlər. Sadəcə pişiklər razı deyil.

***

Əmim qızı İra Kiprdə ofisiant işləyirdi. Geri qayıtdı, çünki restoranın sahibi, nəzakətli zəngin Antonio ona aşiq olmuşdu, bu isə (diqqətlə oxuyun!) onun planlarına daxil deyildi. Antonio ondan cavandır, anadangəlmə subaydır və savadlıdır. Qadın qüruru baxımından, belə biri ilə ailə həyatı qurmaq mümkün deyil, axı camaat nə fikirləşər. Hərçənd bir-iki kişi tanıyıram, onlar bu şansı əldən verməzdilər.
İrina Kipri tərk etdi. Evə qayıtdı. Evdə isə ikinci yeməyə sosiskadır, dənizdə çimməyə buzlar mane olur, tramvay nəzarətçilərindən isə hətta qulyabanılar və begemotlar da qorxur. Bu cür qadın qərarına el arasında “öz taleyinin sahibəsi” deyillər.
Antonio məktub yolladı və məktubda bu vaxta kimi topladığı hər şeyi təklif etdi: evini, ürəyini, restoranını. Və xırda detal kimi isti dəniz, bir çox kurort şəhərə vizasız səfəri qeyd etdi. “Razılaşmayacam, axmaq deyiləm ki!” – İrina öz-özünə fikirləşdi və bununla da bizim qadın məntiqi ilə bağlı bütün ehtimallarımızın üstündən xətt çəkdi.
Antonio bir dənə də məktub yolladı, bu dəfə səhifələr daha çox idi və üç yerdə göz yaşından dəlik açılmışdı. İra yenə cavab vermədi, çünki qüdrətli rus ədəbiyyatı ona sevgisiz ərə getməyə icazə vermirdi. Düşünürəm ki, təkcə buna görə Turgenevi yaradıcılıq iflicinə kimi qıdıqlayıb əldən salmaq olardı.
Onda Antonio özü gəldi. Günəşdən yanmış bədəni, göy gözləri və tüklü ayaqları ilə. Qayınanasına gül dəstəsi bağışladı, ona ana dedi. Bic tülkü.
İra dedi:
– Qulaq as, Antonio, sən yaxşı adamsan, ancaq mən sənə ərə gedə bilmərəm. Al sənə borş. Ye və geri qayıt.
Və ona qaşıq verdi.
Qulaq asın, qızlar, bu dünyada çox şey görmüşəm. Əgər varlı Kipr vətəndaşı sizə evlilik təklifi edirsə, borşla onun diqqətini yayındırmağa çalışmayın. Adam hirslənir.
Antonio ayağa qalxdı və elə bir şey etdi ki, bu hərəkətinə görə kişilərə patoloji tüklü ayaqları ömürlük bağışlamaq olar. O, qaşığı pəncərəyə vızıldatdı (hədəfdən yayınmadı!) və ağladı. Və dedi ki, yemək yeməyə gəlməyib, sevgilisinin arxasınca gəlib. Yavaş-yavaş, bu şəkildə ağlaya-ağlaya qapıya tərəf üz tutdu. Bizim nəslin qürurlu qadınlarının hönkür-hönkür ağlayan varlılara qarşı immuniteti yoxdur. Onların axmaq qadın qəlbləri, özlərinə rəğmən, ağlayan hər şeyə yazığı gəlir.
“Cəhənnəm olsun hər şey, mən məntiq evliliyi edəcəm”, – İrina öz aləmində fikirləşdi. Və mən yenə qadın məntiqinə necə münasibət bəsləyəcəyimi bilmirəm.

 

Tərcümə: Lamiyə Göycəyeva

4 (80%) 3 votes

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook