Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Roberto Bolanyo “Çili noktürnü”

roberto-bolano-cili-nokturnu-by-night-in-chile-nocturne-chile-kkoAnnotasiya

“Çili noktürnü” (ispanca “Nocturno de Chile”) – Əsərdə baş verən hadisələr Çilinin qanlı tarixi, Pinoçet diktaturası ilə əlaqəlidir.
Romanın baş qəhrəmanı keşiş, ədəbi tənqidçi və şairdir. O, savadlıdır, safdır, bütün ömrü boyu günaha batmamağa, başdan çıxaran şeylərdən uzaq durmağa çalışır, dünyaya açıq gözlərlə baxır və hər baxışında daha çox kədərlənib peşman olur.
Gün gəlir keşiş şərin özü ilə görüşür. Bir təsadüf nəticəsində ona xunta – Pinoçet və yaxınları üçün kommunizm haqqında mühazirə kursları keçirilməsi tapşırılır. İndi şair dilemma qarşısındadır: diktatorla şeirldən danışmaq yaxşı işdir, yoxsa pis?

 

Karandaşın izi ilə

Bu sözləri təkrarlamaqdan artıq dilimdə tük bitib. Hamı öz hərəkətinə cavab verməlidir. Həmçinin söylədiklərinə və söyləmədiklərinə görə. Çünki söyləmədiklərimiz göyə qədər çıxır və Allah onları eşidir. O isə hər şeyi başa düşəndir, hikmət sahibidir. Ona görə söyləmədiyiniz sözlərlə ehtiyatlı olun!

***

Yer üzündə mənim üçün mütaliə etmək və mütaliə etdiklərimi açıq, düzgün və aydın dillə izah edib, onlar haqqında xülasə yazmaqdan daha maraqlı və istəkli bir məşğuliyyət yoxdur. Dilim dolaşa-dolaşa bu sözləri söyləyəndə Fervell gülümsündü, əlini çiynimə qoydu (əli ağır idi, sanki poladdan əlcək geyinmişdi), gözlərimin içinə baxdı və dedi ki, bu yol asan yol olmayacaq. Bildirdi ki, burada, barbarlar ölkəsində ədiblərin yoluna gül tökülmür. Burada, miraslıq plantasiyalar diyarında ədəbiyyatı gündüz şamla axtarmaq lazımdır, əsl mütaliə isə məziyyət hesab edilmir.

***

Zaman axını, bir addım, illərin xırçıltısı, xəyalların uçurumu, sağ qalmaq qayğısından başqa bütün cəhdlərin puç olması.

***

“Heç bir danışığa, dialoqa yol vermək olmaz”, – qeybdən səs gəldi. Bu səsin təbiətini anlamağa çalışdım. Bəlkə bu mələyin səsidir? Mənim qoruyucu mələyimin? Yoxsa iblisin səsidir? Tezliklə başa düşdüm: bu öz səsim idi, əsəbləri sakit olan pilot kimi yuxumu idarə edən super-eqomun, alovlara bürünmüş yolda refrijerator tipli yük maşını sürən super-mənimin səsi.

***

Qəlbimizdə gəzdirdiyimiz sirri günlərin bir günü vəcdə gəldiyimiz bir məqamda Mikena qızılları ilə birgə metal siniyə qoyuruq. Bu qızıllar guya hekayəmiz, səylərimiz haqda danışır. Əslində isə o məğlubiyyətimiz, öldürüldüyümüz döyüşlər haqda danışır. Bizim isə bundan xəbərimiz yoxdur, çünki ürəyimizi artıq bu soyuq siniyə qoymuşuq. Bəli, bəli, ürəyimizi.

***

Və mən dedim: “Fervell, siz hələ çox yaşayacaqsınız”.
Fervell cavab verdi: “Bu həyat, bütün bu kitablar nəyə lazımdır? Bunların hamısı kölgədir”.
Və mən soruşdum: “Bu divardakı kölgələr kimi?”
Fervell cavab verdi: “Özüdür ki var”.
Və mən söylədim: “Platonun bu mövzu ilə bağlı dialoqu var”.
Fervell cavab verdi: “Axmaq olmayın”.

***

Kitablarda təsəlli yoxdur.

***

Allah hər yerdədir, hətta ən ekzotik yerlərdə belə.

***

Yəni mən daha mövcud olmayacam. Ya da yalnız şöhrətim öz mövcudluğunu davam etdirəcək. Axşam alaqaranlığına oxşar şöhrətim. Halbuki digərlərinin şöhrəti balinaya, çılpaq dağa, gəmiyə, tüstü örtüyünə və ya labirint şəhərə bənzəyir.

***

Kim bilir, bəlkə laqeydlik artıq xiffətə çevrilirdi. Hər halda, sarı küçələrin də, mavi səmaların da, ümidsiz həsrətin də vaxtı var idi. Və mən həmin vaxtda şeir yazmağı tərgitdim.

***

Bir gecə soyğunçular üstümə hücum çəkdi. “Balalarım, pulum yoxdur”, – deyə öyüd-nəsihət verdim. “Niyə yalan danışırsan, cındır keşiş!” – onların cavabı belə oldu. Pul kisəmi onlara verməli, daha sonra onlar üçün dua etməli oldum. Və etdim də, ancaq bütün bunlar formal xarakter daşıdı.

***

Hündür kətilin üstünə oturdum və başı kəsilmiş quzu gözü ilə tərli butulka boyunca axan damcılara baxmağa başladım. Çünki içimdən gələn ziyankar səs məni dilə tuturdu: bəlkə təbiət qanunlarına zidd gedərək şüşənin üstü ilə yuxarıya qalxıb butulkanın ağızlığına çatan damcını görmək qismət oldu?

***

“Padre Lakrua, bir əhvalat danışım? Papanın Vatikandakı mənzilində baş tutan qəbulda alman ilahiyyatçı olur. Asta-asta söhbət edirmiş. Birdən iki fransız arxeoloq gəlir. Çox həyəcanlı və əsəbi halda. Müqəddəs ataya bildirirlər ki, İsraildən gəliblər və iki xəbərləri var: biri çox yaxşı xəbərdir, digəri qismən pis xəbər. Papa onları dilə tuturdu ki, söhbəti uzatmasınlar və hər şeyi birdən desinlər. Fransızlar bir-birlərinin sözünü kəsə-kəsə Müqəddəs qəbri tapdıqlarını söyləyirlər. “Müqəddəs qəbri?” – papa bir də soruşur. “Bəli, bəli, müqəddəs qəbri! Heç bir şübhə yoxdur”. Papa sevincindən ağlayır. “Bəs pis xəbər nədir?” – göz yaşlarını silərək soruşur. “Pis xəbər odur ki, məzarın içində İsa Məsihin cəsədini tapmışıq!” Papa huşunu itirir. Fransızlar onu özünə gətirməyə çalışırlar. Sakitliyini qoruyub saxlayan yeganə şəxs alman ilahiyyatçı isə deyir: “Deməli, İsa Məsih həqiqətən mövcud olub?”

***

Evə qayıdıb yunan müəllifləri oxumağa başladım. Nə olur olsun, hər şey Allahın əlindədir, öz-özümə belə dedim. Mən qədim yunanları oxuyacam. Bir qayda olaraq, Homerdən başladım, sonra Miletli Falesə keçdim, sonra Kolofonlu Ksenofana, Krotonlu Alkmeona, Eleyli Zenona (yaxşıdır! yaxşıdır!), sonra Alyende tərəfdarı olan ordu generalını öldürdülər, Çili Kuba ilə diplomatik münasibətləri bərpa etdi, milli siyahıyaalma ölkə əhalisini 8884768 nəfər qeyd etdi, televiziyada “Doğulmaq haqqı” serialı başladı, mən isə Spartalı Tirteyi, Paroslu Arxiloxu, Afinalı Solonu, Efesli Hipponaktı, İmerli Estesikoru, Mitilinili Safonu, Meqarlı Feornidi, Teoslu Anakreontu və Tebaslı Pindarı (sevimlilərimdən biri) oxuyurdum, həmin vaxtda isə hökumət misi, sonra şora və dəmiri milliləşdirdi, Pablo Neruda Nobel mükafatı, Dias Kasanueva isə ədəbiyyat üzrə Milli mükafat aldı, Fidel Kastro ölkəyə səfər etdi, bir çoxu qərara gəldi ki, o burda qalmaq niyyətindədir, amma elə bu dəm Xristian-Demokratik partiyasının eks naziri Peres Suxoviçi öldürdülər, Lafurkad isə “Bəyaz göyərçin”ini nəşr elətdirdi, bu haqda yaxşı bir tənqidi məqalə yazdım, az qaldım, məqalədə əsəri mədh edim, hərçənd qəlbimin dərinliyində bu romanın bir köpüklük roman olmadığını bilirdim, bu günlərdə Alyendeyə qarşı ilk “qazanlı” etiraz marşı keçirildi, mən isə diqqətlə Esxili, Sofoklu, Evripidi (hamısında faciə idi) oxudum, Alkeyi (bu da Mitilinli idi), Ezopu, Qesiodu və Herodotu (bu isə insandan daha çox titan idi) bitirdim, Çilidə isə həmin vaxt böhran, inflasiya və qara bazar hökm sürürdü, ərzaq üçün uzun növbələr olurdu, aqrar islahatlar nəticəsində Fervellin malikanəsini və digər iri mülkədar yerlərini ekspropriasiya etdilər, qadın işləri üzrə Milli katiblik yaradıldı, Alyende Meksika və Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assembleyasına səfər etdi, yeni sui-qəsdlər oldu, mən isə Tusididi vərəqləyir, onun tutqun dövrlərin səhifələrindən boylanan uzun müharibələr, çaylar və düzənliklər, küləklər və yaylalar haqqında yazdığı təsvirləri oxuyurdum, bu səhifələrdə həm də Tusididin insanları – Tusididin döyüşçüləri və dinc əhalisi var idi. Dinc əhali üzüm toplayır və indi mənim olduğum, hələ dünyaya gəlişi gözlənilən milyonlarla başqa varlıqların arasında itdiyim uzaq üfüqlərə baxırdı. Tusididin özü də bu üfüqə baxırdı. Yenidən Demosfeni, Menandrı, Aristoteli və Platonu oxumağa başladım ki, sonuncunu oxumaq həmişə faydalıdır, elə bu dəm tətillər başladı, zirehli tank alayından olan bir polkovnik qiyam qaldırmağa çalışdı, bir kinooperator öz ölümünü çəkə-çəkə öldü, sonra isə Alyendenin müşavirini öldürdülər, iğtişaşlar, atışmalar başladı, Çili sakinləri öz aralarında söyüş söyür, divarlarda yazılar yazırdılar, demək olar ki yarım milyon insan Alyendeni dəstəkləmək üçün marşda iştirak etdi, daha sonra qiyam, hərbi çevriliş baş verdi, xunta yaradıldı, La Moned bombardman edildi, bunlardan sonra prezident özünü güllələdi və hər şey sona çatdı. Və onda mən də sakitləşdim, həmin an barmağımı oxuduğum səhifədə saxlayıb fikirləşdim: nə yaxşı sakitlikdir. Ayağa qalxdım və başımı pəncərədən çölə çıxardım: nə yaxşı səssizlikdir.

***

Sonrakı günlər reallıqdan çox uzaq idi. Sanki biz hamımız qəfildən yuxudan ayılıb gündəlik həyata atılmışdıq. Hərçənd aradabir adama elə gəlirdi ki, bunun tam əksi baş verib – sanki sehrli çubuğun bir hərəkəti ilə yuxuya dalmışdıq. Gündəlik həyat belə anormal parametrlərə uyğun cərəyan edirdi, axı yuxuda hər şey baş verə bilər və nə baş verirsə versin, hər şeyi olduğu kimi qəbul edirsən. Bu zaman hərəkətlər də müxtəlif ola bilər. Gah ceyran, gah da ceyran ovuna çıxan pələng kimi irəliləyirdik. Vazarelinin tablolarındakı insanlar kimi hərəkət edirdik. Sanki kölgəmiz yox idi və bu dəhşətli fakt bizi narahat etmirdi. Danışırdıq. Yemək yeyirdik. Əslində isə nə danışdıqlarımız haqda düşünmək istəyirdik, nə də yediklərimiz.

***

İnsan həmişə nəyin yaxşı, nəyin pis olduğunu bilə bilərmi?

***

İndi bütün dünyada onu əzabkeş və intellektual kimi təqdim edirlər, çünki sadəcə əzab çəkənlər daha heç kimi maraqlandırmır. Düz demirəm?

***

– Sizin fikrinizcə, mən niyə marksizmin əsaslarını öyrənmək istədim?
– Yəqin, vətənə daha yaxşı xidmət etmək üçün, generalım.
– Tamamilə düzdür. Axı bu çox vacib məsələdir – Çilinin düşmənlərini tanımaq, onların düşüncə tərzini başa düşmək, onların nələrə qadir ola biləcəyini əvvəldən görmək. Mən özüm özümün hansı nöqtəyə kimi gedəcəyimi bilirəm. İnandırım sizi. Ancaq istədim onların hara kimi gedə biləcəyini də bilim.

***

“Fervell, – deyə fısıldadım, – mən düz etdim yoxsa səhv?” Cavab gəlmədiyi üçün sualımı təkrarladım: “Düz etdim yoxsa hesablaşmadığım, üstündən adlayıb keçdiyim şeylər oldu?” Onda Fervell suala sualla cavab verdi: “Bu təcrübə sənin üçün faydalı oldu yoxsa faydasız?” – “Əlbəttə, əlbəttə ki, faydalı!” – deyə cavab verdim. Bu cavab ona kifayət etdi və həmin an üçün məni də sakitləşdirdi.

***

Heç bir problem yoxdur! Yalnız bir az həyəcan! Yalnız üç aktlıq dəlilik! Yalnız çox uzun sürən isterik tutma!

***

Tənqidi rəylərim qışqırır, hətta yalvarırdı: gəlin yenidən qədim yunan və qədim roma ədəbiyyatını oxuyaq, Provans ədəbiyyatını və dolce stil novo-nı oxuyaq, İspaniya, Fransa, İngiltərə klassiklərini oxuyaq – daha çox mədəniyyət, bu çox vacibdir! – Uitmeni, Paundu, Eliotu, Nerudanı, Borxesi, Valyexonu, Viktor Hüqonu oxuyaq – bütün müqəddəslərin naminə! – Tolstoyu oxuyaq, – və bu cavabsız qalan imdad mənim qışqırığım idi. Aradabir bu fəryadı işarə barmağının dırnağı ilə məqalələrimin üstünü cızanlar belə eşidirdi. Yalnız onların sayı çox az idi, ancaq mənim üçün bu belə kifayət idi, – həyat isə düyüdən hazırlanmış boyunbağı kimi davam edirdi. Boyunbağının hər bir dənəsində bir peyzaj əks olunmuşdu. Kiçik dənəciklər və mikroskopik şəkillər. Və mən bilirdim ki, hamı bu boyunbağını boynuna taxsa da, heç kimin onu çıxarıb, gözlərinə yaxınlaşdırıb, peyzajları görmək üçün düyü dənələrinə bir-bir baxmağa nə səbri, nə də iradəsi çatır. Qismən ona görə ki, bu miniatürləri görmək üçün böyüdücü şüşə və iti göz lazım idi, həm də ona görə ki, bu dənələrdə yuxarıdan tabutlar, qəbiristanlıqlar, tərk edilmiş şəhərlər, uçurumlar və hər cürə zir-zibil, əlahiddə bir qadının ölçüləri və onun gülünc əmri, televizorun içinə girən, futbol oyunlarına gedən insanlar, – nəhəng hərbi təyyarə gəmisi ilə Çilinin təsəvvür edilə bilən bütün ərazisini əsir alan həsrət, sıxıntı kimi müxtəlif xoşagəlməz detallar təsvir olunmuşdu. Axı bu gerçəklik idi. Biz darıxırdıq. Oxuyurduq və darıxırdıq. Bizlər, intellektuallar. Çünki gecə-gündüz dalbadal oxumaq mümkün deyil. Gecə-gündüz dalbadal yazmağın mümkün olmadığı kimi.

***

Ancaq hekayəni, əslində baş verənləri yalnız mən bilirəm. Bu hekayə isə sadədir, amansızdır və gerçəkdir. Və o bizi güldürməli idi, hətta gülməkdən ölə də bilərdik. Lakin biz yalnız ağlaya bilirik, inandırıcı şəkildə edə bildiyimiz yeganə iş bayquş kimi ulamaqdır.

***

Vərdiş sayıqlığı zəiflədir, ətalət dəhşəti kütləşdirir.

 

Tərcümə: Lamiyə Göycəyeva

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook