Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Ketrin Stokett “Köməkçi”

ketrin-stokett-komekci-kathryn-stockett-the-help-kkoAnnotasiya

“Köməkçi” (ingiliscə “The Help”) – çox isti, insani və dramatik əsərdir.

Amerikanın cənubu, 1960-cı illər. Yenicə universiteti bitirən Skiter evinə, heç vaxt heç nə baş verməyən Cekson şəhərciyinə qayıdır. Onun arzusu yazıçı olmaq və böyük dünyaya atılmaqdır. Lakin cənublu tərbiyəli qız belə axmaq xülyalarla yaşaya bilməz, tərbiyəli qız ərə getməli və ev işləri ilə məşğul olmalıdır.
Müdrik Eybilin Skiterdən otuz yaş böyükdür, omrü boyu ağdərililərin evində xidmət edib, on yeddi uşaq böyüdüb və yeganə oğlunun ölümündən sonra qəlbi qırılmış qadın, çoxdandır ki, həyatdan heç nə gözləmir.
Minni – bütün Ceksonda ən yaxşı aşpaz və şəhərin ən diliuzun qulluqçusudur. Və acı dili bir neçə dəfə onun başına bəla açıb. Minni heç vaxt eyni yerdə uzun müddət qalmır.
İki qaradərili xidmətçi və qızı bir şey birləşdirir – güclü ədalət hissi və qayda-qanunları dəyişdirmək istəyi. Bu üç nəfər bütün dünyaya qarşı dura biləcəklərmi? Bu mübarizədən sağ çıxa biləcəklərmi?

 

Karandaşın izi ilə

Bütün bədəni iti çıxıntı və bucaqlardan ibarətdir, təbiidir ki, uşağı sakitləşdirə bilmir. Uşaqlar kök adamları sevir.

***

Yad adama övladınızın tərbiyəsi ilə məşğul olmağa icazə verəndə çox risk edirsiniz.

***

Həmin gün dünyam qaraldı. Hava qara rəng aldı, günəş də qaraya büründü. Yataqda uzanıb qara tavana baxırdım… Üç ay keçdi ki, qalan dünyanın hələ də yerində olub-olmamasına baxmaq üçün pəncərədən boylanım. Oğlum həlak olanda dünyanın dağılmamasına elə heyrətləndim ki.

***

Əgər onunla baqqal dükanında rastlaşsanız, heç vaxt fikirləşməzsiz ki, o, ağlayan uşağı bax beləcə beşikdə qoyub çıxıb gedə bilər. Amma xidmətçilər həmişə hər şeyi bilirlər.

***

Bu qadınlar ancaq üç mövzuda söhbət edir: uşaqlar, geyim və rəfiqələr. “Kennedi” sözünü eşitsəniz, söhbətin siyasətdən getdiyini düşünməyin. Onlar miss Cekini televizorda göstərəndə əynində nəyin olduğunu müzakirə edirlər.

***

Beləliklə, Ceksonda ağ rayonlar bir-birinin ardınca gəlir və göbələk kimi artır. Bizim – qaraların – yaşadığımız rayon isə böyük qarışqa yuvası kimidir və hər tərəfdən satılmayan dövlət torpaqları ilə əhatə olunub. Sayımız get-gedə artır, ancaq ətrafa dağılışa bilmirik, sadəcə şəhərin bu hissəsi sıxlaşır.

***

Hər cümə günü qırx üç dollar alıram, aya yüz yetmiş iki edir. Bu o deməkdir ki, işıq, su, qaz və telefon pulunu ödədikdən sonra yemək, geyim, bərbərxana və kilsə üçün ianələrə on üç dollar əlli sentim qalır. Hələ bütün bu hesabları poçtla göndərməyin bir nikel olduğundan danışmıram. İşçi ayaqqabılarım isə elə köhnəlib ki, tamam cırılıblar. Yeni cüt yeddi dollaradır, buna görə, deyəsən dovşan qardaşa çevrilənə kimi kələm, pomidor yeməli olacağam.

***

Yetmiş illik iztirablar onun üzündə o qədər iz qoyub ki, elə bil yol xəritəsidir.

***

Radioda Minni Memfis yavan əti qızartmaq lazım olmadığı, yəni əslində sevginin uzun sürmədiyi haqqında oxuyur.

***

Ona görə ki, dua ilə həmişə belədir. Bu elektrik kimidir, onunla hər şey işləməyə başlayır.

***

Hər şeyi başa düşürəm, amma susuram. Və başa düşürəm ki, o da istədiyini söyləyə bilmir. Elə qəribədir ki, heç kim heç nə demir, ancaq biz yenə də söhbət etməyi bacarırıq.

***

Çəmənlik hər tərəfdən meşə ilə əhatə olunub. Kitablarda belə meşələrdə əcinnələr yaşayır. Uşaqları yeyənləri deyirəm.

***

Arxa qapı açılır və qarşımda miss Merilin Monro peyda olur. Ya da onun hansısa qohumlarından biri.

***

Bəlkə, o nə kar, nə də dəlidir. Bəlkə, sadəcə axmaqdır. Məndə ümid yaranır.

***

Yadında saxla: ağlardan bizə dost olmaz. Onlar bizim haqda heç nə bilmək istəmirlər. Və əgər ağ ledi öz ərini qonşu qadınla birlikdə tutsa, sən qarışma, eşidirsən?

***

Altı nömrəli qayda: nəbadə onun uşaqlarını döyəsən. Ağlar bunu özləri etməyi xoşlayırlar.

***

– Əmin olmaq istəyirəm ki, paltarları əvvəl əl ilə yuyub, sonra tam yuyulması üçün maşına atmısınız.
Mənsə cavab verdim:
– Əgər paltaryuyan maşın varsa, niyə əl ilə yumalıyam? Hələ bu cür mənasız vaxt itkisi haqda eşitməmişdim.
Ağ xanım gülümsədi və beş dəqiqə sonra mən qapıdan çöldə idim.

***

Kanton yeməkxanasının arxasında yaşayan və pişik konservləri yeyən mister Uollini saymasaq, ömrümdə məndən pis vəziyyətdə yaşayan ağ adama rast gəlməmişəm.

***

– Miss Seliya – necə yəni ərinizə mənim haqqımda heç nə deyə bilməzsiniz? Yeməklər yaxşı olanda, heç nə hiss etməyəcək?
– Oy. Bu haqda düşünməmişəm! Bəlkə, elə etmək olar ki, cücə bir azca yansın?

***

– Yaxşı. Məgər siz xoşbəxt deyilsiz?
– Ömrümdə bu qədər xoşbəxt olmamışam.
Elə buradaca dayanaq. Bütün bu xoşbəxtliyin altında o, şübhəsiz xoşbəxt deyil.

***

Bazar ertəsi günləri mebeli parıldadıram. Çərşənbə axşamları andıra qalmış paltarları yuyub ütüləyirəm – o günə nifrət edirəm. Çərşənbə vanna otağının əsaslı təmizlənmə günüdür, baxmayaraq ki, oranı hər səhər yuyuram. Cümə axşamı döşəmələri silirəm və xalçaları tozsoranla təmizləyirəm, qədimi xalçaları isə şotka ilə təmizləyirəm ki, yırtılmasınlar. Cümə günü bazar günləri üçün yemək hazırlayıram və buna bənzər işlər. Və bu nizam pozulmasın deyə hər gün döşəmələri silirəm, paltar yuyuram, köynək ütüləyirəm – qısaca, təmizliyi saxlayıram. Gümüş və pəncərələr zərurət olduqda.

***

Onun uşaqları yoxdur, elə bir məşğuliyyəti də yoxdur, amma yenə də o, həyatda rast gəldiyim ən tənbəl qadındır. Mənim bacım Dorinu kimi. Balaca olanda barmağını da tərpətməzdi, guya ürəyi xəstə idi, sonradan məlum oldu ki, rentgen aparatına milçək düşübmüş.

***

Mənim beş uşağım var və fəxr edirəm ki, onlara “bəli, mem” və “buyurun” deməyi “peçenye” sözündən əvvəl öyrətmişəm.

***

– Sənə danışmışdım? – anam deyir. – Fanni Pitrou nişanlandı.
– Fanninin yerinə sevindim.
– Fermer bankında işləməyə başlamasından heç bir ay keçməmişdi.
– Çöx gözəl, ana.
– Başa düşürəm, – vurğulayır və mən onun özünəməxsus baxışlarından biri ilə qarşılaşmamaq üçün – partlayan elektrik lampası belə alışır – üzümü çevirməli oluram.- Niyə sən də bankda iş tapmayasan?
– Bankda işləmək istəmirəm, ana.

***

– Mənim qızım dörd ili kollecdə keçirib və evə nə ilə qayıdıb?
– Diplomla?
– Dəyərsiz vərəq parçası.
– Demişdim sənə. Ərə getmək istəyəcəyim insana hələ rast gəlməmişəm.

***

Missis Şarlotta Felandan ər ovu üzrə təlimat. Bir nömrəli qayda: incə, xoşagəlimli qızı makiyaj və yaxşı xasiyyət bəzəyir. Hündür və ifadəsiz qızı isə trast fondu.

Mənim beş fut on bir düym boyum var idi, amma hesabımda iyirmi min pambıq dolları yatırdı və əsl gözəllik bu deyilsə, onda, ilahi, oğlan hər halda ailənin üzvü olacaq qədər ağıllı deyil.

***

VAKANSİYALAR: QADINLAR. Əlimdə qırmızı karandaşla yeganə qısa sütunu nəzərdən keçirirəm.
Kenninqton univermağına satıcılar tələb olunur: təmkinlik, ədəb-ərkan qaydaları və təbəssüm!
Gənc katibə tələb olunur. Çap bacarığı vacib deyil. Mister Sandersə zəng etmək.
İlahi, əgər ona katibənin çap etməsi lazım deyilsə, bəs ondan nə istəyir?

***

Rəfiqələrim qonaqlıqlarda rom ilə kola içəndə və korsetlərinə kiçik buketlər taxan vaxt mən kitabxanada oturub saatlarla yazardım – əsasən kurs işləri idi, amma bundan başqa, hekayələr, pis şeirlər, “Doktor Kildar” üçün yeni epizodlar, “Pell Mell”-in reklam mətnləri, etiraz məktubları, şikayətlər, girovdan azadetmə tələbləri, dərslərdə rast gəldiyim, lakin kəlmə kəsməyə cürət etmədiyim oğlanlara sevgi məktubları – bütün bunlar heç vaxt heç yerə göndərilməzdi. Əlbəttə, futbol komandasının oyunçuları ilə görüş xəyallarına dalırdım, amma əsl arzum bir gün elə bir şey yazmaq idi ki, insanlar onu oxumaq istəsinlər.

***

İdbarlıq daxildə yaşayır. İdbar olmaq alçaq, pis insan olmaq deməkdir.

***

– Hər səhər, nə qədər ki ölməmisən və səni torpağa basdırmayıblar, qərar verməli olacaqsan.- Konstantayn elə yaxında oturmuşdu ki, onun qara dərisindəki məsamələri görə bilirdim. – Özündən soruşmalı olacaqsan: “Axmaqların bu gün mənim haqqımda söylədiklərinə inanmağı düşünürəmmi?”

***

Ömrüm boyu qız olmağın nə demək olduğunu, siyasət, qaralar haqqında məhz necə düşünməli olduğumu beynimə yeridirdilər. Lakin Konstantaynın ovucuma bərk sıxılmış barmağı bunu anlamağa kömək etdi ki, əslində nəyə inanmağımı özüm seçə bilərəm.

***

Stolun ətrafında əyləşib yuxuda gördüyümü danışırdım. Konstantayn hesab edirdi ki, yuxular gələcəkdən xəbər verir.
– Çardaqda idim, oradan ferma görünürdü, – danışırdım. – Ağacların başlarını görürdüm.
– Sən beyin üzrə cərrah olacaqsan! Çardaq baş deməkdir.

***

Gözlərində “Amma sən mənim xoşuma gəlirsən” oxuduğun insan.

***

Tutqun işıqda onun səsi son dərəcə parlaq gəldi. Əgər şokoladdan səs gələ bilsəydi, o, Konstantaynın səsi ilə oxuyardı. Mahnının rəngi olsaydı, şokolad rəngini alardı.

***

– Bir dəfə qanım çox qara idi, yəqin elə düşünürdüm ki, kədərlənməyə çox səbəbim var – yoxsulluq, soyuq su, ağrıyan dişlər, bu kimi şeylər. Amma o, mənim başımı qucaqladı, özünə bərk-bərk sıxıb uzun müddət buraxmadı. Başımı qaldıranda gördüm ki, o da ağlayır və o da mənim səninçün etdiyimi etdi, sən başa düşərsən. Ovucuma barmağını sıxıb dedi… üzr istədi.

***

Məktublarımız asta söhbəti, illərlə davam edən və Miladda yaxud yay tətilində üz-üzə davam edən sual və cavab mübadiləsini xatırladırdı.

***

Poçt qutusu üçün aşağı düşürəm, baxım görüm sifariş etdiyim “Çovdarlıqda uçurumdan qoruyan” kitabı gəlməyib ki. Əgər Missisipi ştatı qadağan edibsə, deməli dəyərli kitabdır düşüncəsi ilə qadağan olunmuş kitabları həmişə kaliforniyalı kitab satıcısından alıram.

***

Hər dəfə işdə mimeoqrafda məşğul olmadığınız və bossunuza qəhvə hazırlamadığınız zaman ətrafa diqqətlə baxın, müşahidə aparın, tədqiq edin və yazın. Aşkar şeylərə vaxt sərf etməyin. Sizi narahat edən, ələlxüsus sizdən başqa heç kimin vecinə olmadığı şeylər haqqında yazın.

***

Növbəti gün Eleyn Ştayna ilk məktubumu göndərməyə hazıram. Məktubda jurnalist üçün layiqli materialların ideyaları sadalanıb: Missisipi əhalisinin dəhşətli savadsızlığı; dairəmizdə sərxoş sürücülərin ucbatından baş verən çoxsaylı qəzalar; qadınların peşəkar karyerası üçün məhdud imkanlar.

***

– Bəs siz bilmirsiz? – hiddətlənir. – Keçən həftə dedilər ki, siqaretlər son dərəcə təhlükəlidir.
– Bu haqda heç nə eşitməmişəm. (Ümid edirəm, bu məlumat onun qəzetinin ilk səhifəsində deyildi)

***

– Renkin dairəsindən məktub. “Əziz Miss Mirna, – oxuyuram. – Bu piyli pinti, ərimin köynəyinin yaxasındakı ləkələri necə təmizləmək olar, axı o, əsl donuzdur və… elə tərləyir ki… ”
Çox gözəl. Evdarlıq və münasibətlər haqqında sütun. Heç başım çıxmayan iki şey.
– Nədən canını qurtarmaq istəyir? – Eybilin dəqiqləşdirir, – Ləkələrdən yoxsa ərindən?
Axmaqcasına vərəqə baxıram. Heç bir halda nə məsləhət verə biləcəyimi bilmirəm.
– Deyin, “Payn-Sol” və sirkə götürüb islatsın. Sonra gündə saxlasın.

***

O, həqiqəti gizlətmək üçün çox dürüstdür, deməli, o da elə mənim qədər bilir.

***

– O kitab oxuyurdu, “Gözəgörünməz”i. Oxuyan kimi, deyir, Missisipidə zənci olmaq və ağların yanında işləməyin necə olması haqqında yazacaq.

***

O, hələ də oğluna görə qorxur. Oğlu artıq həyatda yoxdur, amma analıq qorxuları hələ də yaşayır.

***

Maraqlıdır, qadınları həqiqətən futbol maraqlandırır yoxsa sadəcə ərlərinə yaxşı təsir bağışlamaq üçün riyakarlıq edirlər?

***

Rəfiqə qalmağımıza icazə verən yeganə şey dürüstlükdür.

***

O, artıq yaxşı danışmağa başlayıb və təsəvvür edin, bu gün hansı yeni sözü öyrənib.

– Balaca bu gün nə edib?
Qürurla deyir:
– Çiş.
– Bu gün haqqında tarixi kitablarda nə yazacaqlar?
– Çiş.
Özümü saxlaya bilmirəm:
– Miss Hillidən nə iyi gəlir?
– Çiş.

***

Elə ucadan qışqırmaq istəyirəm, balaca məni eşitsin ki, çirk dərinin rəngindən, xəstəlik isə şəhərin zənci məhəlləsindən deyil. Kaş bu an – onların qaraların ağlar qədər yaxşı olmadığını düşünməyə başladığı an – gəlib çıxmayaydı, bu isə hər ağ uşağın həyatında baş verir.

***

Dəhşətli tənhalıq necə olur, nə orda deyilsən, nə də burda.

***

Bu gün Trilorun ölümündən üç il keçir. Amma miss Lifoltun bloknotunda bu sadəcə döşəmə yuma günüdür.

***

– Və ağların buna münasibəti hamıya bəllidir, – elə bütün ömrünü ağ ailəyə həsr etmiş məşhur Mamuşkanı götürək. Marqaret Mitçell bunu çox gözəl təsvir edib. Amma heç kim heç vaxt Mamuşkanın özündən onun məhz nə hiss etdiyini soruşmayıb.

***

Mən dörd il təklikdə, dünyadan təcrid olunmuş yataqxana otağında Kits, Eudora Uelti oxuya-oxuya və yalnız kurs işlərinə görə narahat olaraq keçirmişəm. – Nə qədər təhlükəlidir? – Dəstəkdən qəhqəhə səsi gəldi. – Birmingemdəki marşlar, Martin Lüter Kinq. Üzərilərinə it qısqırdılan qaradərili uşaqlar. Əzizim, bu bizim ən acı milli problemimizdir.

***

Anacan artıq iki gündür ki möcüzəli “Sehrli yumşaqlıq və ipək parıltısı” vasitəsi ilə dalımca qaçır. İki əli ilə mərhəmi saçıma sürtür. Barmaqlarının ucundakı ümid az qala gözlə görünəndir. Heç bir krem mənim burnumu düzəltməz və artıq fut boyumu itirməz. Az qala görünməz qaşlarıma ifadə verməz, sür-sümük formalarımı ətə-cana gətirməz. Dişlərim isə onsuz da düzdür. Onun düzəldə biləcəyi yeganə şey – saçlarımdır.

***

Bir də fotoşəklə nəzər saldım. Açıq, aydın baxış, buruq saçlar, və o, gölün sahilində dayanan kişilər qrupunda hamıdan hündürdür. Amma ümumən bədəni o birilərin arxasında, demək olar ki, görünmür. Bəlkə də, heç əl-ayaqları yoxdur.

***

Karlton məndən üç yaş böyükdür, hündür, sarışın, yaraşıqlı oğlandır, Luizinada hüquq məktəbini bitirir və valideyn məhəbbətindən yüz yetmiş mil kəndarası yollarla qorunub.

***

Gözləməli oluram ki, atquyruqlu qıza ailəsi və qohumları haqqında suallar ilə əziyyət verməsini qurtarsın. Axı anam heç olmasa bir tanış tapmasa, əl çəkməyəcək. Sonra yazığın üzv olduğu tələbə cəmiyyəti barəsində suallar gəlir və pərdə dədə-baba gümüşü üzərindəki naxışlarla bağlı suallarla bağlanır. Anacan həmişə deyir ki, bu məlumat qoroskopdan dəqiqdir.
Qız bildirir ki, ailə naxışları “Şantiyi”-dir, amma ərə gedəndə özünə təzəsini seçəcək.
– Çünki özümü müstəqil düşünən şəxsiyyət hesab edirəm.

***

Belə, indi makiyaj. Necə etməyi elə də yaxşı bilmirəm. Hilli məni şübhəli baxışla süzür, üzümü nəm salfetlə silir və özü işə başlayır. Dərin dekolteli qara dona girirəm, qara tufliləri geyinirəm. Hilli bir də tez-tez saçımı düzəldir. Qoltuq altımı yaş dəsmalla silirəm, Hilli hiddətlə gözlərini süzdürür.
– Mən maşınla pişiyi vurmuşam. – Boynuma alıram.
– Səni gözləyə-gözləyə o, artıq iki porsiya viski içib.

***

– Hilli deyirdi ki, neft biznesiniz var. Yəqin, bu çox maraqlıdır.
– Olduqca gəlirlidir. Əgər məhz bunu nəzərdə tutursunuzsa.

***

– Ev işləri! Yəni… evdarlıq?
Susaraq başımı yelləyirəm.
– İlahi, – horrasını çalxalayaraq mızıldanır. – Evi necə təmizləmək olar haqqında məqalə oxumaqdan pis nə ola bilər. – Görürəm ki, qabaq dişləri əyridir. Dəhşətli dərəcədə bu qeyri-mükəmməlliyi vurğulamağım gəlir, amma o, sözünə davam edir: – Yalnız belə məqalə yazmaq.
Dinmirəm.
– Mənə elə gəlir, bu, bir növ ər tapmaq üçün kələkdir. Evdarlıq üzrə mütəxəssis olmaq.
– Qulaq asın, siz sadəcə dahisiz. Mənim planımı anladınız.
– Nədir, “Ole Miss”dəki qızlar bu mövzuda ixtisaslaşıb? Peşəkar ər ovu?
Karıxmış tərzdə susuram. Bəlkə, yüz ildir heç kimlə görüşdə olmamışam, amma o, özünü kim hesab edir?
– Üzr istəyirəm, təsadüfən sizi uşaqlıqda yerə salmayıblar ki?

***

– Bir bax, bir az arıqlayıb.
– Hamıya deyir ki, qırx funt atıb.
– Allah kərimdir.
– Aha, qalır əlavə iki yüzü də atmaq.

***

“Həqiqət” sözündə elə bir şey var ki. On dörd yaşımdan ağdərili xanımlara onlar üçün işləmək barəsində həqiqəti söyləməyə çalışıram.
– Biz heç nəyi dəyişmək istəmirik, – Eybilin pıçıldayır və dəyişmək istəmədiklərimiz haqqında düşünə-düşünə susuruq.
“Həqiqət”, – özüm üçün təkrarlayıram – sadəcə necə səsləndiyini hiss etmək üçün.

***

Mənim şüarım: tərəddüd edirsənsə, yu.

***

– Minni, mənim vecimə deyir, istəyir Seliya ömür boyu əlini ağdan qaraya vurmasın. Amma o, deyə-deyə durur ki, özü mənə qulluq etmək istəyir. Təsəvvür edirsiniz, siz gələnə kimi nə yeyirdim?
– O öyrənəcək. Heç olmazsa… öyrənməyə çalışır, – mırıldanıram. Elə şeylər var ki, yalan deyə bilmirsən.
– Əşi, mənim üçün fərqi yoxdur, yemək bişirə bilir ya yox. Sadəcə istəyirəm… yanımda olsun.

***

– Axşam işim var. Sonra isə görüş… qızlarla. Kilsədə.
– Şənbə axşamı?
– Ana, Tanrı üçün fərqi yoxdur bu gün həftənin hansı günüdür.

***

Yəqin, həmin an rüsvayçılığın nə və hansı rəngdə olduğunu anladım. Rüsvayçılıq həmişə düşündüyüm palçıq kimi qara rəngdə deyil. Əslində rüsvayçılıq ananızın bütün gecə ütülədiyi, təmiz, heç vaxt işlənməmiş kimi bircə ləkəsi belə olmayan ağ uniforma rəngindədir.

***

– Axı kim üçün yazıram ki, – gülümsəyir. – Tanrıya yalan demək olmur.

***

Qaralar üçün kitabxana bir işə yaramır. Bir neçə il əvvəl ağ kitabxananın yanında oturaq etiraz aksiyası keçirilmişdi, bu haqda qəzetlərdə yazmışdılar. Qaradərililər dəstəsi bu nümayişə gələndə, polislər onların üstünə alman çoban itləri buraxmışdı.

***

– Məmnuniyyətlə sizin üçün istədiyiniz kitabları götürərəm, – deyirəm.
Eybilin yataq otağına tələsir və oradan siyahı ilə qayıdır.
– Mən, yəqin ki, ilk növbədə istədiklərimi qeyd edəcəm. Karver kitabxanasında artıq üç aydır ki “Əbəbili öldürməy”in gözləmə siyahısındayam. Gəlin baxaq… Bu kitabları qeyd edir: “Qara xalqın qəlbəri” Dyu Bua, Emili Dikinsonun şeirləri (istənilən), “Heklberri Finnin macəraları”.

***

– Siz Ziqmund Freydi oxumaq istəyirsiz?
– O, o əladır, – Eybilin başını yelləyir. – Mənə maraqlıdır, baş necə işləyir. Siz heç yuxuda gölə düşdüyünüzü görmüsünüz? O yazır ki, onda siz öz doğulmanızı xatırlayırsız. 1957-ci ildə evində işlədiyim miss Fransesdə onun bütün kitabları vardı.

***

Qaradərililərlə danışarkən Hilli səsini düz üç oktava qaldırır. Elizabet gülümsəyir, sanki uşağa müraciət edir, əlbəttə ki, özgəsinin uşağına. Mənsə, deyəsən, bu cür xırdalıqları sezməyə başlayıram.

***

– Martin Lüter Kinq, əzizim. O, Vaşinqtona marş elan etdi və Amerikanın bütün zəncilərini ona qoşulmağa çağırdı. Həmçinin, ağları da. Zəncilər və ağlar ümumi iş üçün “Küləklə sovrulanlar” zamanından bəri birləşməmişdilər.

***

Yəqin məndə “asılılıq” var. Mister Qoldenin sevimli sözü. “Bütün asılı olanlar idiotlardır”.

***

– Yaxşı. Hər şey yaxşıdır?
– Yaxşıdır.
– Lap yaxşı.

***

Bir dəfə də deyir ki, mənə bir həftəlik ödənişli məzuniyyət verəcək. Mənim ömrümdə məzuniyyətim olmayıb, nə ödənişli, nə də ödənişsiz. Bir həftə sonra işə qayıdanda isə onlar artıq yoxa çıxmışdılar. Mobayla köçmüşdülər. O, hamıya demişdi ki, qorxur ki, onlar köçənə qədər yeni yaşayış yerlərini taparam.

***

Budur, Stüart Uitvortun özü, yeni tanışım, üç aydan sonra gəlib çıxıb – haki şalvar, göy pencək, qırmızı qalstuk, elə bil bazar yeməyinə bəzənib.
Heyvan.

***

– Əlbəttə, belə də olmalıdır.
– Necə? – gübrə və traktor haqqındakı şərhi ani yadıma salıb donuram.
– Siz elə… qəribəsiniz. Heç vaxt nə fikirşləşdiyini açıq deyən adama rast gəlməmişəm. Hər halda, belə bir qıza.
– İstəsəydim, daha çoxunu deyə bilərdim.

***

Bizə, şəxsi həyatı olmayan qızlara, heç kim söyləmir ki, xatirələr hardasa hadisələrin özləri qədər xoş ola bilər.

***

– Siz… nə istərdiniz, Skiter? – soruşdu və mən o saat gərginləşdim, elə bildim dalaşmağa hazırlaşır.
– Təkcə koka-kola istəyirəm. Və çoxlu buz.
– Yox, – gülümsədi. – Həyatı nəzərdən tuturdum. Həyatdan nə istəyirsiniz?
Dərhal xatırlayıram, anam belə suala nə cavab verməyimi məsləhət görürdü: gözəl, sağlam uşaqlar, qayğısına qalacağım ər, dadlı və faydalı yeməklər bişirmək üçün işıqlı mətbəx.

***

“Cim Krounun Qanunlar Məcmuəsi” – başlıq belə adlanır. Xışıldayan səhifələri çevirirəm.
Bu, sadəcə Cənub ştatlarında nəyin icazəli olub-olmamasını müəyyənləşdirən qanunlar siyahısıdır.
Heç kim zəncilər olan yerdə ağ qadından xəstələrə qulluq etməyi tələb edə bilməz.
Ağ adam yalnız ağ ilə nigaha daxil ola bilər. Bu bəndi pozan ixtiyari birlik qanuni qüvvəyə malik deyil.
Ağ və qaradərililərin məktəbləri arasında kitab mübadilələri olmalı deyil; Hansı irqin nümayəndəsi ilk kitaba toxunubsa, həmin kitabdan onlar istifadə edir.
Təəccüb içində iyirmi beş səhifədən dördünü oxudum – inanılmazdır, bizi nə qədər qanunlar ayırırmış. Zəncilərə və ağlara eyni supaylaşdıran kolonkalardan, kinoteatrlar, ictimai tualetlər, beysbol stadionları, telefon budkaları, sirklərdən istifadə qadağandır. Zəncilər mən girən aptekə daxil ola və ya mənimlə eyni pəncərədən poçt markası ala bilməzlər.

***

Biz hamımız bu qanunları bilirik, onlarla yaşayırıq, amma müzakirə etmirik. Ümumiyyətlə, onları yazılı şəkildə ilk dəfədir görürəm.

***

Adi qızı sorğu-sual edəndə, bu sadəcə məlumatdır, amma Skiter Felan haqqında eyni şey – artıq xəbərdir.

***

Hilli olduqca məharətlə yalan danışır, amma məhz ağzını açan andan sonra.
Ən yaxşı rəfiqəmə diqqətlə baxıram, başa düşməyə çalışıram ki, vərəqlərimdən nəyi oxumağa vaxt tapıb. Ancaq, üzündə hazır, az qala parlaq təbəssüm var. Həqiqət anı ötüb-keçmişdir.

***

Ətrafda, hər yerdə ağ adamlardır, onlar qara məhəllələrini əhatə ediblər. Tüfəngləri qaralara tuşlanmış ağlar. Belə ki, kim bizi müdafiə edəcək? Qara polislər olmur.

***

Belə düşünürəm, əgər Tanrı ağlarla qaraların birlikdə bu qədər vaxt keçirəcəyinə ümid bəsləsəydi, elə edərdi ki, rəngləri seçə bilməyək.

***

O, sanki şənbə günündə yəhudidir, artıq hərəkət edə bilməz. Belə də ki, onunçün hər gün şənbədir.

***

1963-cü il. Kosmik era. İnsan raketlə Yerin ətrafında dövrə vurub. Evli qadınlara hamilə qalmamağa kömək edən həblər icad ediblər. Pivə bankasını bir barmaq hərəkəti ilə açmaq olur və butulka açan artıq lazım deyil. Valideynlərimin evində isə, ulu babam onu tikən 1899-cu ildəki kimi istidir.

***

Amma mənə bilmək lazımdır ki, aramızda nə baş verib. Maraqdan yox. Sadəcə heç vaxt yaxın münasibətim olmayıb. Həmişəlik ayrılıqların səbəbini bilməliyəm. Səni atana kimi nə qədər qayda pozmalısan və bu qaydalardan ən əsasları hansılardır.

***

Lap körpə olanda sizə təkcə iki sual verirlər – adın nədir və neçə yaşın var və bunlara doğru cavab vermək lazımdır.

***

Xidmətçinizin oğru olduğunu eşitmək, uşaqlarınızın müəlliminin pozğun olduğunu eşitmək kimi bir şeydir. Siz onlarla “müəyyən tərəddüdlərinizi” bölüşməyəcəksiniz, sadəcə cəhənnəmin dibinə göndərəcəksiniz.

***

Lakin miss Seliya heç nə danışmaq istəmir. Öz axmaq oyunlarına davam etmək üçün məni sadəcə evdən çölə itələyir. Mister Conni mənim haqqımda bilir. Miss Seliya bilir ki, mister Conni bilir. Amma mister Conni bilmir ki, miss Seliya bilir ki, o bilir. Bu idiotizmə görə beşə on dəqiqə işləmiş getməli və bütün gecəni miss Hilliyə görə həyəcan keçirməli oluram.

***

– Sən mövcud olmayan şey barəsində danışırsan.
Başımı yelləyirəm.
– Onlar, bu sərhədlər, nəinki mövcuddur, məndən də yaxşı bilirsən, onlar məhz haradan keçir.
– Mən də elə bilirdim. İndi isə buna inanmıram. Sərhədlər bizim beynimizdədir.

***

– Yəni, demək istəyirsən, xidmətçi və sahiblər arasında da sərhəd yoxdur?
– Bu sadəcə şahmat taxtasındakı mövqelər kimidir. Kim kimin üçün işləyir – fərq eləmir.

***

Onun gələcəyi planlaşdırması yaxşı işarədir. Belə hesab edirəm, qaçmağa hazırlaşan adam gül-çiçək əkməz.

***

Deyəsən, bütün gecəni avtomobil ilə yollarda təkbaşına dolaşanlardan birinə çevrilmişəm. İlahi, mən ki şəhər dəlisiyəm, “Əbabili öldürmək”dəki Bu Redli kimi.

***

– Deyirlər, yaxşı xidmətçi – həqiqi sevgi kimidir. Bir ömürlük.

***

Hər adam ilk müəlliməsini xatırlayır, düzdür? Bəlkə də, nə öyrətdikləri yadımızda deyil, amma inanın, çox sayda uşaq böyütmüşəm və dəqiq bilirəm: ilk müəllimə olduqca vacibdir.

***

Nyu York – budur yazıçının yaşamalı olduğu şəhər.

***

Hər şeyi ütülədim, öz üzümdəki qırışlara kimi.

***

O, da həbsxanadadır, özünün şəxsi həbsxanasında, həbs müddəti isə ömürlükdür.

***

Bəli, oradan qaçdım. İyirmi dörd yaşım bitəndə Nyu Yorka köçdüm. Yerli sakinləri olmayan bu şəhərdə, sizə verilən ilk sual – “Haradansınız?” olur. Cavab verirdim: “Missisipi”. Sonra isə reaksiyanı gözləyirdim.
Əgər adam gülümsəyib “Eşitmişəm, orda hər şey çox gözəldir” deyirdisə, cavab verirdim: “Mənim doğma şəhərim ağır cinayətlər və qətllər üzrə ölkədə üçüncü yeri tutur”. Əgər adam “İlahi, yəqin sevinirsiniz ki, oradan xilas olmusunuz” söyləyirdisə, dərhal əsəbləşərək bildirirdim: “Bunu haradan ağlınıza gətirdiz? Orda hər şey əladır”.
Bir dəfə qonaqlıqda bir az içmiş, üzündən varlı ağlar yaşayan şəhərətrafından olana bənzəyən kişi haralı olduğumu soruşdu və “Missisipi” eşidəndə kədərlə qımışdı: “Üzr istəyirəm”.
Dik dabanımla ayağını yerə mıxladım və növbəti on dəqiqəni sakitcə Uilyam Folkner, Eudora Uelti, Tennisi Uilyams, Elvis Presli, B.B.Kinq, Opra Uinfro, Cim Henson, Feyr Hill, Ceyms Erl Couns və “Nyu-York tayms”dan olan restoran tənqidçisi Kreq Klaybonun haralı olduqlarını başa saldım. Bildirdim ki, ağ ciyər və ürək köçürmələri ilk dəfə Missisipidə həyata keçirilib, Missisipi universitetində isə Birləşmiş Ştatların qanunvericilik sistemi işlənib hazırlanıb.

 

Tərcümə: Sevinc Məmmədova

5 (100%) 2 votes

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook