Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Yaşasın sadəlövhlük!

sabina-mutellimova-kko

Ad, soyad: Səbinə Mütəllimova
Təhsil: İngilis ədəbiyyatı (magistr), Azərbaycan Dillər Universiteti
Fəaliyyət dairəsi: Tərcüməçilik, bloqçuluq.
Uğurlar: Kitab tərcümələri. Ələlxüsus Liam Foksun “Şahə qalxan dalğalar” əsərinin tərcüməsi. (Ön sözün tərcüməsi: Orxan Amaşov)

leylekxelife.blogspot.com




Kitab


– Sizin üçün kitab nədir?
– İlk dəfə tanış olanda bədii kitab – rübün sonunda bütün qiymətlərim 5 olacağı təqdirdə mənə alınacaq hədiyyə idi. İllər keçdikcə o, həmsöhbətə və ən böyük təsəlliyə çevrildi.

– Kitabları niyə sevirsiniz?
– 1) Başqalarının həyatına burun soxmağın ən mədəni yolu olduğu üçün. 2) Xilaskarlıq xüsusiyyətinə görə. Əminliklə deyə bilərəm ki, 2007-ci ildə Ştefan Svayqın “Amok” novellası məni boğulmaqdan xilas edib.

Hamıya məsləhət görə biləcəyiniz kitab?
– “Müqəvva” – Vladimir Jeleznikov

– Zibil qabına atmaq istədiyiniz və muzeydə saxlamaq istədiyiniz kitab?
– Əvvəlcə qeyd edim ki, bəyənmədiyim kitablara “zibilə atılası” yox, “çəkiylə satılası” kitablar deyirəm. Zəngin, şəxsi kitabxanam elə əsl muzey olduğuna görə çəkiylə satılası kitablarım azdır.

– Ən çox bəyəndiyiniz nəşriyyat və üzqabığı?
– Britaniyanın Dorlinq Kindersli (DK) nəşriyyatını; Maqsud İbrahimbəyovun “Böyük şəhərin nağılları” kitabının üz qabığını bəyənirəm.


Karandaş


– Sevimli yazıçılarınızın ortaq cəhəti?
– Yaşdan asılı olaraq dəyişən məsələdir. 18 yaşımda sediyim bütün yazıçılar fədakarlığı təlqin edirdi, 35 yaşımda sevdiyim yazçılarsa susmağı və dinləməyi öyrədir.

– Sizi ilhamlandıran yazıçılar?
– Elis Manro, Riçard Yeyts, Karson Makkallers, İrvin Şou, Marqaret Mazzantini, Aleksandr Qrin, İzabel Alyende, Emil Ajar, Doris Lessinq

Birinci yoxsa sonuncu cümlə?
– Q.D.Robertsin “Shantaram” romanının birinci, Erik-Emmanuel Şmitin “Üçlükdə həyat” novellasının sonuncu cümləsi.

– Niyə yazırsınız?
– 1) Bloq yazıram, çünki unutmaqdan qorxuram 2) “21 gün, 20 qəpik” adlı hekayələr kitabı yazıram, çünki şair demişkən əlimin üstündə bir əl var.

– Oxumaq yoxsa yazmaq?
– Orhan Pamuk Nobel nitqində demişdi ki, əsl ədəbiyyatın başladığı yer kitablarla özünü bir otağa qapadan adamdır. Məncə kitab oxuyarkən məqsəd yazıçıya çevrilmək olmaya da bilər, lakin mütaliəsi geniş olan oxucu yazmaya bilməz. Deməli, oxumaq, sonra isə yazmaq.

Ən qısa hekayəniz?
– Rəğbət və müəyyən təəssüf hissiylə deməliyəm ki, Vüsalə Məmmədova ən qısa hekayə yazmaq məsələsində biz fanilərə yer saxlamayıb.

– Qəhrəmanı olduğunuz əsərin janrı?
– Özümü həmişə Ştefan Svayqın “Mendel-Bukinist” novellasının qəhrəmanı kimi görmüşəm. Heç şübhəsiz belletristika.

– Protaqonistiniz haqqında danışın
– U.S.Moemin “Belə də amansızlıq olarmı – bu boyda dərdin ola, amma kənardan baxana masqaraçı təsiri bağışlayasan?” sözləri protaqonistimin boyuna biçilib.


Kitabı Karandaşla Oxuyanlar


– KKO-nun ən çox xoşladığınız və uğurlu saydığınız cəhətləri
– Ən çox sadəlövhlüyünüzü xoşlayıram. İnternetin bu qədər əlçatan, mənasız əyləncələrin bu dərəcədə yayılmış olduğu bir zamanda siz hələ də seçilmiş maraqlı cümlələrlə kitaba həvəs yaradacığınıza inanırsınız. Eynilə mənim kimi. Yaşasın sadəlövhlük!

KKO-nun bəyənmədiyiniz xüsusiyyətləri və saytda görmək istədiyiniz yeniliklər
 Son vaxtlar Türkiyə ədəbiyyatının həvəskar nümayəndələrinə daha çox yer ayırdığınızı müşahidə edirəm. Bu tendensiyanın rus ədəbiyyatının peşəkar nümayəndələrinin xeyrinə dəyişməsini arzu edirəm.

 

Qiymətləndirin

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook