Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Deniz Seki “Dənizin dibi”

deniz-seki-denizin-dibi-kkoAnnotasiya

“Dənizin dibi” (türkcə “Deniz’in dibi”) – Məşhur türk müğənnisi Deniz Sekinin həbsxanada qələmə aldığı “Dənizin dibi” adlı kitabı müəyyən bir süjet əsasında yazılmayıb. Günahkar olmadığının sübuta yetiriləcəyi və azadlığa çıxacağı günün həsrəti ilə günlərini sayan müəllif yaşamağın dəyərini başa düşmək üçün ən dibi görmək lazım olduğunu düşünür. Həbsxanada yaşadığı həyatı 224 səhifəyə yerləşdirməyə çalışan müğənni sabaha ümidini, insanlara olan sevgisini, inancını bir gün olsun belə itirmir.

Karandaşın izi ilə

Bir ovuc səma ilə baş-başayam, onu da ancaq yaxşıca başımı yuxarı qaldırıb baxsam, görə bilərəm. Bir anlığına da olsa nəfəs almağıma bəs edir o azacıq mavi səma. Daha sonra sürətlənir nəfəs alıb-vermələrim. Səmanı içimə çəkmək istəyirəm, çünki səma mavidirsə, hələ başımızın üstündədirdə və həmişə olacaqsa, o zaman ümid də hər kəs üçün, hər yerdə, həmişə var olacaq… Bilirəm, çünki, yaşayıram…

***

İnsan dünyada bir Haqqdan
Bir də haqsız olmaqdan qorxmalıdır (Abdülhak Hamid Tarhan)

***

Bir yerdə oxumuşdum; əgər hiss etməsən də üzünə bir təbəssüm yerləşdirməyi bacara bilsən, duyğular da yumşalarmış üzündəki təbəssümlə birlikdə. Bəlkə də bilmədən hamımız bunu edirik…

***

Reallıq sadəcə görə bilən gözə yox, görməməkdə inad edənə də gələcək.

***

Başqalarının günahlarının qarşılığı olub boynuma taxılan zəncirlə günah keçisi elan edilməyim, heç kəsi öz günahlarından təmizləməz.

***

Həbsxana hardasa ibadətgahdır. Allahla dərdləşib ilahi ədalətə təslim olduğumuz, içimizi tam mənası ilə ona axıtdığımız tək yerdir. Onsuz da burdan sonrası torpağın altıdır.

***

İyirmi bir addım uzununa, on addım eninə bir aşağı bir yuxarı gedib gəldiyimiz və adına havalandırma deyilən bir yerimiz var. Bax o balaca səmanı gördüyümüz yerdir bura. Kökəlməkdən daha çox, yosun bağlamamaq üçün gəzirəm. Bir neçə rəfiqəm də mənə yoldaşlıq edir. Beləcə vücudumun formasını da qoruya bilirəm. Mənəvi dəstək çox vacibdir. Çünki cibimdə olması lazım olan ən vacib şey mənəvi dəstəkdir.

***

Səbr acıdır, amma meyvəsi dadlıdır (Jan Jak Russo)

***

Keçəcək… Əlbəttə ki, keçəcək. Bir az dəlib keçir, amma, mütləq keçəcək.

***

Bezirəm, amma səbr edirəm. Çünki, əmin olduğum bir şey var, həyat çox qəddar olsa da, sonda, Nazimin dediyi kimi, gözəl günlər görəcəyik.

***

Qəliz bir vəziyyət var burda, o da mənim özümə ayrıseçkilik istəməyim deyil, sadəcə hər kəs üçün eyni olan hər nə isə, bərabər şəkildə istifadə etmək istəməyimdir. Amma saçlarımızı rəngləmək belə bərbərlik kursu açılmış bir həbsxanada problem ola bilir. Onda burda bərbərin nə işi var, deyə soruşmaq istəyirsən, amma həbsxanalar yazılmamış bir çox qanunu ilə məntiqin axtarılacağı bir yer deyil. Düsturumuz səbr olur bizim də…

***

Nə vaxt ki ayrılıq saatı gəlsə,
Uzatsan həsrətlə dodaqlarını
Bütün ağaclar tökər yarpaqlarını
Nə çiçək qalar ortada, nə bağça,
Sadəcə o küləyin uğultusu
Və bir ümid qırıntısı: “Bəlkə sabah” (Ümit Yaşar Oğuzcan)

***

Buranın necə bir yer olduğunu izah etmək çox çətindir. Quracağım bütün cümlələrin içində “çox” kəlməsi istifadə ediləcək. Çox qəribə, çox sərt, çox, çox, çox… Bir çox bilmədiyiniz duyğuların yatdığı buz kimi bir yer. Heç bilməyin də. Mən bildiklərimi danışıram onsuz da. Türkiyənin yarısı bilir, maşallah. Digər yarısını da Allah qoruyar, inşallah.

***

Bura çöldən bir çox şey kimi aksessuar da gətirmək qadağandır, amma, məsələn, saat gətirilə bilər. Gətirilə bilər də, sonrası necə olur? Buradakı usta onun içini yaxşıca açır, içindəkiləri söküb bir şey gizlədilibmi deyə baxır. Nə gizlədilə bilər ki saatın içində? İçini açıb bağlaya bilmədikləri saatı xarab etdikdən sonra məhkuma da yollaya bilmirlər. Nişanlımın mənim üçün aldığı saat da beləcə xarab olur. Ustanın tək məsləhəti buraya bahalı saat gətirilməməsidir. Hesab edirəm ki, xarab edəcəyi saatlar ucuz ya da oyuncaq saat olarsa, vicdanını daha rahat təmizə çıxara bilir.

***

Hamımızın qəlbi qırılır. Kimsə mütləq kiminsə qəlbini qırır. Qırılan qəlblərimizin təmiri yenə bizə qalır. Burada heç cür keçmədiyi üçün sevmədiyimiz zaman bir an gəlir baxırsan ki, yaraları sarıyıb, səni sağaldıb. Açıq yaraların vücuddan atdığı irin kimi biz də ağrımızı, kədərimizi, səhvlərimizi, peşmanlıqlarımızı qəlbimizdən atmağa çalışırıq. Bir anda elə asan olmur bu. Qəlbinin ruhunla, qarnına qədər enən o böyük sancı ilə müqavimətdə olmağı lazımdır. Bağışlamaq, qəbul etmək, səbr etmək, yenidən ayağa qalxa bilmək günlər, aylar, illər tələb edə bilir… Amma sonunda keçmədiyi üçün sevmədiyimiz zaman bir də baxırsan ki sağaldıb səni. Həyatda bəzən ən çətini belə qucaqlamaq lazımdır, indi zaman bunu mənə öyrədir. Qəlb qırıqlığıma belə dərman olur.

***

İnsanın ən böyük zənginliyi budur! Qarşılıqsız sevginin və sənin üçün həqiqətən məyus olanların varlığını hiss edə bilmək çox dəyərlidir.

***

Yaşamaq insana çox yaraşır
Belinə “cəhd et” kəməri taxmaq bu deməkdir

Günəşə doğmaq çox yaraşır
Ulduzların yanmağı bu səbəbdəndir

Qiymət bilməmək nə deməkdir
Şam kimi əriyib sönmək deməkdir

Susma, susma oxu mahnını
Durma dünya, göstər fərqini

Küsmə, döndür, güldür şansını
Dön dünya, nə olar göstər fərqini (Deniz Seki)

***

Ətrafımdakı insanları mənim üçün etmədikləri ilə yox, etdikləri ilə bir bütün olaraq görməyə çalışıram.

***

Məmləkət istəyirəm
Yaşamaq, sevmək kimi ürəkdən olsun
Olacaqsa bir şikayət ölümdən olsun (Cahit Sıtkı Tarancı)

***

Əlbəttə, yaxşıyam. Çünki, artıq bilirəm ki, insanlara layiq olduqları qədər deyil, daşıya biləcəkləri qədər dəyər verməliyəm. Yalanlar eşitmək, yalanlar yaşamaq istəmirəm. Əslinə qalsa, heç kəsi yalan danışdığını başa düşəcək qədər tanımaq da istəmirəm. Hələ deyilməmiş sözlər dəyərli olur həyatımda. Bütün qəlbimlə öz yaxşılığıma tutunmaq istəyirəm.
Əlbəttə, yaxşıyam. Çünki artıq heç kəsə “getmə” demirəm. Məndən alınacaq hər nə varsa alıb getsinlər ki, mən geridə özümlə qala bilim. Özümü ifadə etməyə də səy göstərmirəm artıq, onları qoydum bir kənara. Hər hökmə, hər dəyərləndirməyə qarşı heç kəsin bilmədikləri var içimdə.

***

Oxuduğum kitablardakı cümlələrin altını xətləyirəm. Bu günümə dəyər qatan cümlə “Keçmiş indiki zaman üzərində azacıq da olsa güc sahibi deyil” oldu. Bu cümləni məni özümdən çox mühakimə etmək haqqını özündə tapanlara hədiyyə edirəm. Zamanın nə gətirəcəyini bilmək olmaz. Mənim yaşadıqlarım onların da başına gələ bilər. Amma mən heç kəsi mühakimə etmək haqqını özümdə görmürəm. Hər kəs özü üçün səhv edə bilər… Həyat əslində, “bu mənim başıma gəlməz” dediyimiz şeyləri yaşamaqdan ibarət deyilmi? Keçmişdən dərs almaq əlbəttə ki, vacibdir, amma orada ilişib qalmaq təhlükəlidir. Vacib olan indidir. Mən burada zamanı dondurdum. Zamansızam.

***

Bir quşun, balaca bir canlının qəlb atışları insanı nə qədər də xoşbəxt edir. Bunu bir daha başa düşdüm. Əslində onun qanadları var, çölə uça bilər, amma bizim qanadlarımız qırıqdır. Həbsxana belə bir yerdir, səmadakı bir quşa belə qibtə etdirir.

***

İçəridə həbsxana ilə bağlı filmlərə baxmırlar, filminə ehtiyac qalmır, çünki gerçəyinin içindəsən.

***

Bura necə bir yerdir bilirsiniz? Dayanıqlılığın hər gün sınandığı, çox çətin bir imtahan yeri, imtahanın elə özüdür bura. Özü qəribə olduğu üçün insana da qəribə şeylər düşündürür. Səbr yoldaşın olur. Səbr edə bilməyin belə qəribəliyini yaşayırsan. Qəzetlərdə bölmə-bölmə xəbərlərim çıxarkən mən hökmlü, amma günahsız bir məhkum olaraq, sanki ölmüşəm də o biri dünyadan özümü seyr edirəmmiş kimi hiss edirəm. Bir dəfə vəkilim Naim bəy, “bir adamın həbsxana həyatı əslində onun öz dəfn mərasimini seyr etmək kimidir. Kim sənin üçün nə qədər kədərlənir, kim dəfninə gəlir, hamısını bu dünyada olarkən görürsən” demişdi. Deyəsən, düzdür. Təkrar həyata dönmək üçün gün sayıram burada. Allaha yalvarıb ağlayan yenə mənəm.

***

Çünki, biz qovuşacağıq… Və o gün, bir daha heç vaxt ayrılmayacağımız bir həyatın ilk günü olacaq.

***

Əlifbanın iyirmi doqquz hərfi səfərbərlik elan edib yan-yana gələrək ordu qursa, heç bir cümlə buradakı həyatı, duyğuları, enişləri, çıxışları izah etməyə bəs etməz, inanın mənə.

***

Nə yalanlarda var, nə həqiqətdə
Gözümü yumduqca gördüyüm naxış
Boşuna gəzmişəm, yox təbiətdə
İçimdəki qədər eniş və çıxış (Necip Fazıl Kısakürek)

***

Deyirlər e, hər uğurlu kişinin arxasında bir qadın var. Bu söz həbsxanada bir az fərqlidir, çünki demək olar ki, buradakı hər qadının hekayəsinin arxasında bir kişi var.

***

Burada olan doqquz yüz qadının demək olar ki, hamısının içəridə olma səbəbi səhv adam seçməkləri, səhv evlilik etmələri, ögey atalar, səhv dostluqlar… Patriarxal bir cəmiyyətin kor-koranə özünə qapanan üzünü həbsxanalarda daha da açıqlıqla görərsiniz. Kişi hökmranlığının üz qarası necə olurmuş dəqiq ünvanı buradır. Məcburi olan evliliklər, ata basqısı, uşaq yaşdakı gəlinlər, qadına şiddətdən ötrü cinayətlər baş alıb gedir.

***

Söylənəsi çox şey var, amma “sus, Dəniz” deyirəm özümə. Suya düşdüyüm üçün deyil, sudan çıxa bilmədiyim üçün boğuluram bəlkə də.

***

Vəkilimin dediyi bir cümlə gəldi ağlıma: “Günahkarı qazın, altından insan çıxacaq”.

***

Qadın hər yerdə qadındır. Mən bunu bilirəm və bunu söyləyirəm. Stimul olsun deyə azacıq makiyaj da edirəm hər gün, buradakı dostlarım da şahiddir. Həyata tutunmaq üçün kiçik çarələrimizdir bunlar.

***

Hər ayrılıq ölümün qabaqcadan
alınan dadı kimidir.
təkrar bir araya gəliş də yenidən
dünyaya gəlişin qabaqcadan alınan dadı kimidir (Artur Şopenhauer)

***

Həbsxana müdirimiz Hulusi bəyin də dediyi kimi əslində indi ən etibarlı yer buradır. Hə, çox doğrudur. Gülməlidir, yoxsa ağlamalı? Amma bir tərəfdən də düz deyir.

***

Elə bil bura dumanlı ağrıların üzərinə ağappaq o örtüyün örtülməyinə layiq olmayanlar klubudur. Təbii ki, bizim üzərimizə qar yağmaz, elə bil buradakılar ləkəli insanlardır. Amma hamı günahkar deyil ki. Həm də qar bütün mikrobları məhv etmirdimi? Başa düşdüyünüz kimi həbsxananın üstünə qar belə yağmır.

***

Burada həyat mənə səbri öyrədir. Artıq xoş niyyət və səbri zəiflik əlaməti olaraq görməyib, güc əlaməti saymağa başlayır insan. Bir tərəfdən baxıldığında mükəmməl bir məktəbdir, amma çox sərt! Şillə kimi…

***

Həyatın çətin anları insanın daxili gücünü inkişaf etdirmək və faydalı təcrübələr toplamaq üçün çeşidlər təklif edir. Bura bunun üçün də şəhanə bir yerdir. Çox təriflədim sizə buranı? Elə coşdum ki, soruşmayın. Amma ən əsası sevgi dolu olmaqdır. Hara gedirsən get, ən soyuq havalarda belə, suyun donmaması üçün vicdan krantını daima açıq saxlamaq lazımdır.

***

Hey, həyat! Sənə inad, mən hər an, heç solmadan yaşıllaşacam.

***

Bizim Zincirliquyuda torpaq belə olmadığı üçün quşumu dəfn edə bilmədim. Torpaqdan gəldik, torpağa gedəcik, amma burada hər yer betondur. Bir quşu dəfn edəcək qədər belə torpağın olmadığı bədbəxt bir yerdəyəm.

***

Bilirsiniz bir də insan burada nə öyrənir? Qüsursuz olmaq, mehribanlıqla yola gedə bilmək kimi şeylər ancaq bir-birimizin qüsurlarını xoş görərək mümkün ola bilər. Budur, bunu öyrədir bu bəzəkli məzar bizə.

***

İnsan harda olursa olsun, öz xoşbəxtliyini, öz azadlığını, azad iradəsini özü yaradır və üstəlik bu vəziyyət heç bir bəhanəni qəbul etmir.

***

Bu gün günlərdən günəş, aylardan ulduz, illərdən ay
Sevdiyim nə varsa, hamısı çiçəkdir mənə
Bu gün məni incidən nə varsa hamısı sevgidir mənə
Rənglərdən göyqurşağı, yağıram gömgöy
Bütün balıqlar mənim tərəfimdədir.
Yağıram yağışa
Gün bu gün
Bu gündən sonrası isə hər gün
Xoş gəldim özümə
Gerçəyimə, Dənizimə
Xoş gəldim özümə

***

Cəhənnəm açı çəkdiyimiz yer deyil
Acı çəkdiyimizi heç kəsin duymadığı yerdir. (Həllac Mənsur)

***

Sən nə qədər özündən gizlənsən də
Aynan sənə dərdini dərindən söylər
Bir də baxarsan ki, gerçəkdən də dərmanın özünsən.

***

Səbəbi hər nə olursa olsun, ruh xarabaya çevrildiyində insan bütün problemlərinin özündə qıfıllanan müəmmalardan ibarət olduğunu görür.

***

İnsan yaşadığı hər hadisədən dərs çıxarmalıdır. Bu mənə nə öyrətdi deməlidir. Amma bunu edərkən həyatda nəyə baxdığımız deyil, hardan baxdığımızın vacibliyini unutmamalıyıq, unutmamalıyam.
Mənim hekayəm bunu izah edir mənə.

***

“Həyatda nə öyrəndiyimi bilmək istəsən”, deyir Mövlanə,
Sonsuz bir qaranlığın içindən doğuldum.
İşığı gördüm, qorxdum, ağladım.
Qaranlığı gördüm, qorxdum.
Gün gəldi sonsuz qaranlığa yola saldım sevdiklərimi.
Ağladım.
Yaşamağı öyrəndim.
Dünyaya gəlməyin, həyatın bitməyə başladığı an olduğunu
Aradakı hissənin, ölümdən oğurlanan zamanlar olduğunu öyrəndim.

Zamanı öyrəndim
Yarışdım onunla
Zamanla yarışılmayacağını
Zamanla barışılacağını vaxt keçdikcə öyrəndim.

İnsanı öyrəndim
Sonra insanların içində yaxşı və pis olduğunu
Sonra da hər insanın içində yaxşılıq və pislik olduğunu öyrəndim.
Sevməyi öyrəndim
Sonra güvənməyi.
Sonra da güvənin sevgidən daha qalıcı olduğunu
Sevginin güvənin sağlam təməlləri üzərinə qurulduğunu öyrəndim.
Insan bədənini öyrəndim.
Sonra bədənin altında bir ruh olduğunu.
Sonra da ruhun əslində bədənin üstündə olduğunu öyrəndim.

Kainatı öyrəndim.
Sonra kainatı aydınlandırmağın yollarını öyrəndim.
Sonda kainatı aydınlandıra bilmək üçün ilk əvvəl ətrafını aydınlandırmaq lazım olduğunu öyrəndim.

Çörəyi öyrəndim.
Sonra sülh üçün çörəyin bolluca istehsal edilməsini.
Sonra da çörəyi ədalətli bölüşməyin bolluca istehsal etmək qədər vacib olduğunu öyrəndim.

Oxumağı öyrəndim.
Özümə yazmağı öyrətdim sonra.
Və bir müddət sonra yazı, özümü öyrətdi mənə.

Getməyi öyrəndim.
Sonra dayana bilməyib geri dönməyi.
Daha sonra isə özümün əksinə olaraq getməyi.

Dünyaya tək başına meydan oxumağı öyrəndim gənc yaşımda.
Sonra kütlə ilə birlikdə yürüyüş etməyin vacibliyini dərk etdim.
Sonra da əsl yürüyüşün kütləyə qarşı çıxmaq olduğuna inandım.

Düşünməyi öyrəndim.
Sonra qəlblər içində düşünməyi öyrəndim.
Sonra sağlam düşünməyin qəlibləri sökərək düşünmək olduğunu öyrəndim.

Namusun vacibliyini öyrəndim evdə.
Sonra məhrum olunmuşdan namus gözləməyin namussuzluq olduğunu.
Həqiqi namusun, günah əlinin altında olarkən günaha toxunmamaq olduğunu öyrəndim.

Gerçəyi öyrəndim bir gün.
Və gerçəyin ağrılı olduğunu.
Sonra qədərində ağrının,
Yeməyə olduğu qədər həyata da ləzzət qatdığını öyrəndim.
Hər canlının ölümü dadacağını
Amma sadəcə bəzilərinin həyatı dadacağını öyrəndim.

Dostlarım
Mən dostlarımı nə qəlbimlə, nə də ağlımla sevərəm.
Ola bilər birdən
Qəlb dayanar
Ağıl unudar
Mən dostlarımı ruhumla sevərəm
Nə dayanar, nə də unudar…”

Tərcümə: Jalə Əsədova

5 (100%) 1 vote

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook