Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Fyodor Dostoyevski “Alçaldılmışlar və təhqir olunmuşlar”

fyodor-dostoyevski-alcalmis-ve-tehqir-olunmuslar-kkoAnnotasiya

“Alçaldılmışlar və təhqir olunmuşlar” (rusca “Униженные и оскорблённые”) – rus yazıçısı Fyodor Dostoyevskinin 1861-ci ildə nəşr edilən romanı.

F.M. Dostoyevskinin “Alçaldılmışlar və təhqir olunmuşlar” romanının əsasında psixoloji realizminin leytmotivi sayılan insan iztirabları, tapdalanmış və təhqir edilmiş şəxslərin faciəsi dayanır, “yüksək cəmiyyət” tərəfindən “kiçik insanlar”a edilən maddi və mənəvi işgəncələr təsvir olunur. Əsərdə ictimai həyatın, ictimai münasibətlərin və insanın mənəvi aləminin bir çox cəhətlərinə toxunulur, bir-birinə zidd olan iki əxlaqi görüş xüsusi olaraq nəzərə çarpdırılır.

F.M. Dostayevski bu romanı sürgündən qayıtdıqdan sonra 1857-1861-ci illər arasında yazmışdır. Roman ilk dəfə 1861-ci ildə “Vremya” jurnalında çap olunmuşdur. Yazıçının sağlığında bu roman daha iki dəfə – 1865-ci və 1879-cu illərdə nəşr edilmişdir.

Karandaşın izi ilə

Hiss etmişdim ki, darısqal otaqda hətta düşünmək üçün də darısqallıq olur.

***

Yeri gəlmişkən, bunu da deyim ki, həmişə yazmaq istədiyim əsərləri, doğrudan da, yazmağı deyil, onları necə yazacağımı düşünməyi və bu barədə xəyala dalmağı daha artıq xoşlayırdım, bu da, əlbəttə, tənbəllikdən deyildi. Bəs nədən idi?..

***

Mən açıq şaxtalı havada Peterburqun mart günəşini, xüsusilə, qürubunu çox sevirəm. Bütün küçə birdən parlaq işığa bürünərək parıldayır. Bütün evlər elə bil ki, birdən-birə işığa qərq olub. Evlərin boz, sarı, yaşıl-bulanıq rəngləri bir anlığa öz tutqunluğunu itirir, elə bil ki, adamın qəlbi işıqlanır, elə bil ki, diksinirsən, ya da kim isə dirsəyi ilə səni itələyir. Adamda yeni görüş, yeni fikirlər əmələ gəlir… Qəribədir, bircə elə günəşin işığı insanın qəlbində nələr edə bilərmiş!

***

Bu zaman onların yerişi də, görünüşü də, az qala hər addımda deyirdi: “Biz qocayıq, ilahi, biz çox qocayıq!”

***

Ruhun bu fantastik vəziyyəti nə üçündür? Son vaxtlarda özümdə hiss etdiyim bu həyəcan, mənasız şeylər üstündə keçirdiyim bu əhəmiyyətsiz narahatlıq nə üçündür? Bu axı yaşamağa, həyata aydın gözlə baxmağa mane olur!

***

– Bilirəm, qardaş, hamısını bilirəm! Bəli! Qulaq as, Vanya, gör nə deyirəm: mən hər halda sevinirəm ki, sənin bu qoşduğun şey şeirlə yazılmayıb! Qardaş, şeir boş şeydir, sən höcət eləmə, amma qocanın sözünə inan! Mən sənin xeyrinə deyirəm: şeir xalis cəfəngiyatdır, vaxtı boş-boşuna keçirməkdir! Şeiri qoy gimnazistlər yazsın, şeir siz cavanları axırda aparıb dəlixanaya çıxarır… Tutaq ki, Puşkin böyük adamdır, buna heç kəsin sözü yoxdur! Amma şeir yazıb, ayrı bir şey yox, bu keçici bir şeydir… Bunu da deyim ki, mən onu az oxumuşam… Nəsr – başqa məsələ! Burada söz quraşdıran adam hətta başqalarına bir şey də öyrədə bilər: vətən məhəbbətindən danışar, ya da ki, belə ha, ümumiyyətlə xeyirxahlıqdan… Bəli! Mən, qardaş, fikrimi açıb deməyi bacarmıram, amma sən məni başa düşürsən, səni istədiyimdən deyirəm.

***

Bəli, özün görürsən, istedad dediyin şey, hələ lombarda qoyulan pul deyil, amma siz hər ikiniz kasıbsınız.

***

– Nataşa, mən ancaq bir şeyi başa düşmürəm: bu şeyləri ki indicə sən onun haqqında dedin, – bundan sonra sən onu necə sevə bilərsən? Sən ona heç hörmət etmirsən, hətta onun sevgisinə inanmırsan, amma həmişəlik onun yanına gedirsən, hamını ondan ötrü məhv edirsən! Axı bu nə olan şeydir! Bütün ömrün boyu o səni incidəcək, sən də onu incidəcəksən! Sən onu həddindən artıq sevirsən, Nataşa, həddindən artıq sevirsən! Mən belə bir sevgini başa düşə bilmirəm.

***

Adamı belə sevmək yaxşı deyil…

***

Qayıdaram, amma sabah yenə də çıxıb gedərəm, əmr edər, yenə onun yanına gedərəm; fit verib məni bir it kimi səslər, – mən də onun ardınca yüyürərəm.

***

Onun xudbinliyi özü də adamı özünə cəzb edirdi, bəlkə də ona görə cəzb edirdi ki, bu xudbinliyini o gizlətmirdi, açıq göstərirdi.

***

Yadımdadır, ağlıma belə bir şey gəldi, bir sehrlə, yaxud möcüzə ilə son illərdə bütün olmuş şeyləri, keçirdiyim həyatı tamamilə unutsaydım, nə yaxşı olardı! Hər şeyi unudaydım, fikrim təzələnəydi, sonra yenə də yeni qüvvə ilə başlayaydım. Onda hələ də bu xəyal ilə yaşayırdım, yenidən dirçələcəyimə ümid edirdim. Nəhayət, bu qərara gəldim: “Heç olmasa, gedim dəlixanaya girim ki, qoy bütün beynim alt-üst olsun, başqa cür qurulsun, sonra yenə də sağalım. Axı məndə yaşamaq ehtirası və buna inam vardı!.. Bu da yadımdadır ki, elə o saat öz-özümə güldüm: Dəlixanadan çıxandan sonra nə etməli idim? Yenə də romanmı yazmaq?..”

***

Heç bir şey qoyub getməyib – bunu demək asandır! Hə… Şöhrət sahibi olub… Tutaq ki, elə əbədi şöhrət qazanıb, axı şöhrət ilə qarın doymur.

***

Vanya, dünyada knyaz uşağı olmayanlar çoxdur!

***

Bic adamdır! Masondur!

***

– Hər şeyi atıb Sibirə gedərəm.
– İlahi! Axı hara gedəcəksən? Niyə elə uzağa gedəsən?
O sanki etiraz edildiyinə sevinərək, kobud bir halda soruşdu:
– Burada nəyə yaxınam?
Anna Andreyevna:
– Hər halda… adamlara… – deyərək dərdli-dərdli mənə baxdı.
Nikolay Sergeiç gah mənə, gah da ona baxaraq həyəcanla dedi:
– Hansı adamlara? Hansı adamlara? Talançılara, böhtançılara, xainlərə?! Belə adamlar hər yerdə çoxdur! Narahat olma, Sibirdə də belələrinə rast gələcəyik.

***

Məsələn, qadınlarda elə bir hal olur ki, heç kəs onları incitməsə də, heç bir bədbəxtlik üz verməsə də, bəzən onlar incimək, bədbəxt olmaq ehtiyacını hiss edirlər.

***

O sənin atandır, sən onu incitmisən! Sən onun qüruruna hörmət et! Bu qürur qanunidir, təbiidir!

***

Bizim gələcək xoşbəxtliyimizi yenidən çox-çox əzab çəkməklə əldə etmək lazımdır, onu yeni-yeni əzablarla satın almaq lazımdır. Hər şey əzabla təmizlənir…

***

Mən də yol gələ-gələ görəcəyim işlərimin planını qurdum, özü də heç bilirsiniz nəyə əsaslanırdım? Bütün itlərin məni sevməsinə, vallah, doğru deyirəm!

***

Axı hansı ata öz oğlunun xoşbəxt olmasını istəmir? Axı o, xoşbəxtliyi milyonlarda görməkdə təqsirkar deyil. Onlar hamısı belədir.

***

Mən adamın yaxşı cəhətindən daha tez, pis cəhətini görməyə meyil edirəm, bu isə hissdən məhrum olan bir qəlbə xas olan bədbəxtlikdir.

***

Alyoşa iradəsizdir, yüngülməzacdır, son dərəcə ağılsızdır, iyirmi iki yaşı olduğu halda, hələ lap uşaqdır, ancaq onun bircə məziyyəti var ki, təmiz bir qəlbə malikdir, bu isə hətta başqa nöqsanlarına görə daha təhlükəlidir.

***

İçirəm, qardaş! Ancaq bazar günləri günorta ibadətindən qabaq yaxşı olur. Sən istəyirsən heç içmə. Mənə ancaq sən lazımsan. İçərsən, qəlbinin xüsusi bir nəcibliyə malik olduğunu sübut edərsən.

***

Qara keçəni yumaqla ağarmaz.

***

Əzizim, oxudum! Oxudum! Mən də oxudum. Dostum, sənin birinci əsərin barədə deyirəm. Qardaş, elə ki oxudum, az qaldı ki, abırlı bir adam olum! Lap az qaldı! Ancaq bir az fikirləşdim, götür-qoy elədim, bu qərara gəldim ki, abırsız adam olmaq daha yaxşıdır. Bəli, belə…

***

– Qardaş, bunu görüb, bilirsən mən nə deyirəm: içmək yaxşıdır! Mən doyunca içib divanda uzanıram (çox qəşəng, yaylı bir divanım var), düşünürəm ki, mən, məsələn, Homerəm, ya Dantam, ya da Fridrix Barbarusam, adam axı nə istəsə, təsəvvür edə bilər. Amma sən Dant, ya da Fridrix Barbarus olduğunu təsəvvür etməzsən. Əvvəla ona görə təsəvvür etməzsən ki, sən öz-özlüyündə qalmaq istəyirsən, ikincisi də, ona görə təsəvvür etməzsən ki, arzu etmək sənə qadağan edilmişdir, çünki sən poçt arabalarına qoşulan yabılar sırasına yazılmısan. Mənimki – təsəvvürdür, səninki – həqiqət. Mənə bax, sənə lap qardaşcasına açıq deyirəm (yoxsa məni on il incitmiş, alçaltmış olacaqsan), sənə pul lazımdırmı? Yaxşı, üz-gözünü turşutma. Mənim pulum var. Al, apar nəşriyyatla haqq-hesabını qurtar, üzülmüş xamıtı at boynundan, sonra da özünü birillik təmin elə, otur, böyük bir əsər yaz. Hə? Necə bilirsən?

***

O bütün ömrünü öz otağında keçirmişdi, oradan çox az hallarda insanlar içinə çıxmışdı. Bir də ki, bu ən saf qəlbli adamlara xas olan bir şeydir, bəlkə də bu ona atasından keçmişdi: adamı tərifləmək, onu olduğundan daha artıq yaxşı hesab etmək, onun bütün yaxşı cəhətlərini, hissə qapılaraq şişirtmək həvəsi Nataşada son dərəcə inkişaf etmişdi. Belə adamlar, ümidlərinin boşa çıxdığını görəndə çox əzab çəkirlər, müqəssir olduqlarını hiss etdikdə isə çəkdikləri əzab daha da artıq olur. Niyə axı insandan, verə biləcəyindən artıq şey gözləyəsən? Belə adamların hər anda ümidi boşa çıxa bilər, yaxşısı budur ki, onlar öz yuvalarında oturalar, adam içinə çıxmayalar.

***

Adamın üzündə əmələ gələn mənasız bir dəyişikliyi də ona əfv etmirik; Alyoşanın üzündəki dəyişiklik isə kim bilir nədənmiş!

***

Qardaş, tanış ol! Aleksandra Semyonovna, sənə təqdim edirəm, bu ədəbiyyat generalıdır. Bunlara ancaq ildə bir dəfə havayı baxmaq olar, qalan vaxtlar pulladır.

***

Bu latın sərfində olan kimidir, yadındadırmı, sözün sonuna əhəmiyyət verilir.

***

Çox yaxşı bilirəm ki, sizə öyüd-nəsihət verməyə heç bir haqqım yoxdur, lakin buna heç bir əhəmiyyət vermirəm.

***

O axı dünyada hələ çox yaşayacaq, ona təmiz ad lazımdır.

***

Nəcibanə təkəbbürlük – onun kübar cəmiyyətinə cavabı bu olmalıdır!

***

– Bu həddindən artıq idealdır, nəticə etibarilə də amansızdır.

***

Bəzi hallarda pul vəziyyətin sərbəstliyinə, qərarın sərbəstliyinə kömək edə bilər.

***

– Lenoçka yox…
– Lenoçka yox? Bəs necə?
– Nelli!
– Nelli? Niyə axı Nelli? Əslində bu çox qəşəng addır. Belə istəyirsənsə, mən də sənə Nelli deyəcəyəm.
– Anam mənə Nelli deyərdi… Ondan başqa heç kəs mənə Nelli deməyib… Mən özüm də heç istəmirdim ki, anamdan başqa bir adam mənə Nelli desin. Amma siz deyin… Mən istəyirəm… Mən sizi həmişə sevəcəyəm, həmişə sevəcəyəm…
Mən düşünərək öz-özümə dedim: “Ey sevən, məğrur könül, gör mən nə qədər çalışmalıydım ki, sən mənim üçün Nelli olasan!”

***

Bu, dəhşətli bir əhvalat idi, elə dəhşətli, əzabverici bir əhvalat idi ki, belə əhvalatlar çox tez-tez, həm də nəzərə çarpmadan, əsrarəngiz bir şəkildə Peterburqun ağır səması altında, bu böyük şəhərin qaranlıq, gizlin bucaqlarında qaynayan küt xudbinlik, alçaqcasına vəhşiyyət, məxfi saxlanılan cinayətlər, bir-birilə üz-üzə gələn mənfəətlər, təbii halından çıxmış, mənasız, cəhənnəm kimi bir həyat içərisində baş verir…

***

Qadınların xasiyyətində belə bir cəhət var: əgər, məsələn, qadın bir şeydə müqəssirdirsə, onun tutduğu iş haqqında əldə lap aydın dəlil olsa da, o öz təqsirini dərhal boynuna alıb üzr istəməz, istəyər ki, sonradan bu təqsirini min cür nəvazişlə yuyub təmizləsin.

***

Əsas ağıl deyil, əsas ağla istiqamət verən insan təbiətidir, insan qəlbidir, nəcib xüsusiyyətlərdir, inkişafdır.

***

O axmaq ki öz axmaqlığını başa düşür, o daha axmaq deyil!

***

Açıq danışmaqla çox pislikləri rədd etmək olar!

***

Mən indi görürəm ki, siz bir-birinizə heç oxşamırsınız. Hər bir sevgi keçib gedir, amma adamın bir-birinə oxşamaması həmişəlik qalır.

***

Yalnız sevmək azdır, sevgi əməldə göstərilir, amma gör sən necə fikirləşirsən! Deyirsən ki: “Əziyyət də çəksən, mənimlə bir yerdə yaşa!” Axı bu insanlıqdan kənar şeydir, bu nəcib hərəkət deyil! Ümumi məhəbbətdən danışasan, bəşəri məsələlərdən dəm vurasan, eyni zamanda, məhəbbətə qarşı cinayət işləyəsən, bunu görməyəsən – bu axı necə olur?

***

Əvvəlki sevgisində hər şey ona tanışdır, hər şey köhnədir, orada çox ciddidirlər, tələbkardırlar, orada onu qısqanırlar, danlayırlar, orada gözyaşı var… Əgər orada onunla zarafat da etsələr, oynasalar da, onunla özlərinə tay bir adam kimi deyil, bir uşaq kimi oynayıb zarafat edirlər… Xüsusilə, orada hər şey köhnədir, hər şey ona məlumdur…

***

Knyaz, niyə axı siz məni aldadırsınız? Yoxsa, siz elə zənn edirsiniz ki, mən öz-özümü aldatmaq istəməmişəm?!

***

Bax, indi də siz deyirəm. Sən demək, axı çox çətindir. Deyəsən, Tolstoy bir yerdə bu barədə çox yaxşı yazıb: iki adam bir-birinə söz verir ki, bir-birinə sən desinlər, amma ha eləyirlər deyə bilmirlər, o cümlədə ki, əvəzlik işlətmək lazım gəlir, işlətmirlər.

***

Qoy abırlı adamlar görsün ki, biz də başqa adamlar kimi, yaşamağı bacarırıq.

***

– O nabat şəkəri çətin yadıma düşür. Mən onu üç gün bundan əvvəl, sərxoş halda, tərəvəz dükanından almışdım, özü də, heç bilmirəm nə üçün almışdım. Bəlkə də vətənimizin ticarətinə, sənayesinə kömək etmək üçün almışdım – yaxşı yadımda deyil.

***

Axı əclaf haqqında nə deyim? Əclaf əclafdır…

***

Piyadadan atlıya yoldaş ola bilməz!

***

Mən özümü təmizə çıxarmaq istəmirəm, ancaq bunu qeyd edim ki, hiddət, xüsusilə, təhqir olunmuş heysiyyət hələ nəcibliyin olmadığını göstərmir. Bu, təbii, insani bir şeydir.

***

– Mənə elə gəlir ki, əgər iki adam barışmaq istəyirsə, onda…
– Siz elə bilirsiniz ki, bu asan şeydir?
– Bəli, asan şeydir. – Yox, bəzən bu heç də asan olmur, xüsusilə, o zaman ki…
– Xüsusilə, o zaman ki, başqa məsələlər də bununla əlaqədardır.

***

– Katya, yaxşı, yaxşı, daha bəsdir! Sən həmişə haqlı çıxırsan, mən yox. Bu ona görədir ki, sənin qəlbin mənimkindən təmizdir.

***

– Knyazı siz necə adam hesab edirsiniz?
– Çox pis adam.
– Mən də elə hesab edirəm. Demək, biz bu barədə bir fikirdəyik, buna görə də knyaz barəsində danışmaq bizim üçün asan olacaq.

***

Adamın nə üçün sevdiyini, necə sevdiyini təsəvvür etmək çətindir.

***

Alicənab insanlar yazığı gəldikləri üçün də sevə bilərlər.

***

– Bax, görürsünüzmü! Onu nə üçün sevdiyinizi izah edə bilərsinizmi?
Katya fikirləşərək cavab verdi:
– Onda yalançılıq yoxdur. O mənim düz gözümün içinə baxanda, bu zaman mənə bir şey deyəndə, bu mənim çox xoşuma gəlir…

***

Amma mənə qalsa, mənim qəlbim çox da təmiz deyil. Qəlbim təmiz olsaydı, mən bilərdim bu məsələni necə həll edim.

***

Əlbəttə, sizin yazıçılardan biri, haradasa belə demişdir, yadımdadır, əgər insan həyatda ikinci şəxs rolunu oynamaqla kifayətlənə bilsə, bu onun ən böyük qəhrəmanlığıdır. Deyəsən, buna oxşar bir sözdür!

***

Bəli, şairim, əgər dünyada hələ də yaxşıca, şirincə bir şey varsa, o da qadındır!

***

Qulaq as, dostum, mən hələ inanıram ki, dünyada yaxşı yaşamaq olar. Bu isə nə yaxşı bir inamdır, çünki bunsuz heç pis də yaşamaq olmaz, onda gərək adam özünü zəhərləyib öldürsün.

***

Mən yəqin bilirəm ki, bütün insan xeyirxahlığı əsasında çox dərin bir xudbinlik vardır. Bir iş nə qədər xeyirxahcasına olsa, orada xudbinlik bir o qədər də çoxdur.

***

Mənim qəbul etdiyim yalnız bir düsturdur: özünü sev! Həyat – ticarət sazişidir: pulunuzu havayı yerə çölə atmayın, sizin işinizə yarayanlara verin, bununla da sizə yaxın olan adamların qarşısında bütün borcunuzu yerinə yetirmiş olarsınız. Mən əxlaq məsələsini belə anlayıram, əgər siz mütləq bunu bilmək istəyirsinizsə, amma etiraf edirəm, mənə qalsa, sənin işinə yarayan yaxın adamın heç haqqını vermə, işi ona havayı gördür, bunu etməyi bacar. Mənim heç bir idealım yoxdur, olmasını da heç istəmirəm, heç vaxt da onların dərdini çəkməmişəm. Dünyada idealsız da çox şən, çox ləzzətlə yaşamaq olar və en some, ümumiyyətlə (frans.) mən çox şadam ki, sianlı hidrogen turşusunu işlətmədən dolana bilirəm.

***

Axı indi də belə bir atalar sözü var: axmaqlar xoşbəxt olar. Bilirsinizmi, axmaqlarla yaşamaqdan, bəli-bəli deyib onlarla razılaşmaqdan xoş bir şey yoxdur, bu əlverişlidir!

***

Axı mən görürəm ki, boş, mənasız bir cəmiyyətdə yaşayıram, lakin bu cəmiyyətdə hələ mənim yerim istidir, mən də bu cəmiyyətlə bəli-bəli deyə razılaşıram, göstərirəm ki, onun arxasında dağ kimi durmuşam, amma lazım olanda hamıdan əvvəl onu buraxıb gedəcəyəm.

***

Ölümü xoşlamıram, özü də ondan qorxuram. Kim bilir, hələ bir necə öləcəksən!

***

Fikirləşdim ki, pulu ona versəm, bəlkə də onu bədbəxt edərəm. Məndən ötrü tamamilə bədbəxt olmaq, bütün ömrü boyu məni qarğımaq zövqünü onun əlindən alardım. Ancaq dostum, inanın ki, bu cür bədbəxtliyin özündə hətta yüksək bir nəşə vardır, bu da adamın özünün tamamilə alicənab olduğunu dərk etməsində, onu incidən adamı əclaf deyə adlandırmaqda bütünlüklə haqlı olmasındadır.

***

Dilənmək ayıb deyil: dilənəndə mən bir adamdan pul istəmirəm, hamıdan istəyirəm, hamı bir adam deyil; bir adamdan dilənmək ayıbdır, hamıdan dilənmək ayıb deyil, – bir dilənçi arvad bunu mənə dedi.

***

Deyirlər ki, toxun acdan xəbəri olmaz. Vanya, mən də bunu əlavə edim ki, ac da acı hər vaxt başa düşməz. Di, sağ ol!

***

O elə bunun üçün də ağlayır: səni istəyir, ona xüsusilə ağır gələn budur ki, sən bunu hiss etmirsən.

***

– Budur, bizim sevgimiz bitdi! Yarımillik bir həyat! Amma bütün ömrüm boyu unudulmayacaq!

***

Bilirsən, Vanya, mən bu qərara gəldim ki, onu mən özümə tay bir adam kimi sevməmişəm, adətən, qadın kişini sevən kimi. Mən onu… demək olar ki, bir ana kimi sevmişəm. Mənə hətta elə gəlir ki, dünyada heç elə bir sevgi yoxdur ki, hər iki tərəf bir-birini özünə tay kimi sevsin, hə? Sən necə bilirsən?

***

Mənə elə gəldi ki, o qəsdən öz yarasını qanadır, buna ehtiyac hiss edir, – məyus olmaq, iztirab çəkmək ehtiyacı… Böyük itkilərə məruz qalan adamlarda çox vaxt belə hal olur.

***

Kasıb olmaq günah deyil, günah – dövlətli olub başqalarını incitməkdir…

***

O yenə buradadır, ürəyimin başındadır! Ah, ilahi, sənin qəzəbinə də, mərhəmətinə də çox-çox şükürlər olsun!.. Tufandan sonra çıxan, bizim üstümüzə işıq saçan günəşinə min-min şükürlər olsun! Bu dəqiqələr üçün sənə çox-çox şükürlər olsun! Ah! Qoy biz alçaldılmış, təhqir edilmiş insan olaq, lakin biz yenə də bir yerdəyik! Qoy bizi alçaldan, təhqir edən o lovğa, o azğın adamlar şənlik etsinlər! Qoy onlar bizi pisləsinlər! Qorxma, Nataşa. Biz əl-ələ verib gedəcəyik, mən onlara deyəcəyəm ki, bu mənim əziz qızımdır, bu mənim istəkli qızımdır, bu mənim günahsız qızımdır! Siz onu təhqir etdiniz, alçaltdınız, lakin mən, mən onu sevirəm, ona əbədi olaraq öz xeyir-duamı verirəm!..

***

Yer dəyişmək – hər şeyi dəyişmək deməkdir.

***

O qəribə bir arvad imiş, sən bütün vəziyyəti bir təsəvvür elə: bu axı romantizmdir, bütün bu səmavi axmaqlıqlar, özü də çox əcaib, dəlicəsinə bir şəkildə! Elə bir bunu götür: lap əvvəldən o ancaq yerdə cənnət, bir də ki, mələklər arzusunda imiş, vurulur, dəli-divanə olur, hədsiz dərəcədə inanır, mən əminəm ki, o sonra ona görə dəli olmamışdır ki, knyaz onu daha istəməmiş, atıb getmişdir, ona görə dəli olmuşdur ki, knyazı tanımaqda aldanmışdır, knyaz onu aldatmağa, atıb getməyə qabil imiş, ona görə dəli olmuşdur ki, onun mələyi zibilə çevrilmiş, onu biabır etmiş, alçaltmışdır. Onun romantik, divanə qəlbi mələyinin zibilə çevrilməsinə, xüsusilə, bu təhqirə tab gətirə bilməmişdir, bilirsən bu necə təhqirdir!

***

– Vanya, – dedi, – Vanya, bu ki yuxu idi!
Soruşdum ki:
– Nə yuxu idi?
– Bunların hamısı, bu bir ildə olan şeylərin hamısı… Vanya, axı niyə mən sənin xoşbəxtliyini məhv etdim!
Mən onun gözlərində oxudum: “Biz bir yerdə həmişəlik xoşbəxt ola bilərdik!”

Tərcümə: Beydulla Musayev

4.6 (92.73%) 11 votes

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook