Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Səbahəddin Ali “İçimizdəki şeytan”

sabahattin-ali-icimizdeki-seytan-kkoAnnotasiya

Səbahəddin Ali “İçimizdəki şeytan”(türkcə “İçimizdeki şeytan”) – Psixoloji roman janrının ustası, məşhur türk yazıçısı Səbahəddin Alinin 1940-cı ildə işıq üzü görmüş bu romanında gənc ziyalı Ömər ilə konservatoriya tələbəsi Macidənin məhəbbətindən bəhs edilir.

 

 

Karandaşın izi ilə

Heç nə istəmirəm. Heç nə məni cəzb etmir. Gündən günə miskinləşdiyimi hiss edirəm və bundan məmnunam. Bəlkə bir müddət sonra elə böyük ruh düşkünlüyünə yuvarlanacam ki, sıxıntı çəkdiyimi belə hiss etməyəcəm. İnsan nə isə etməlidir, elə bir şey ki… Yoxsa heç nə etməməlidir. Əlimizdən nə gəlir? Heç nə!.. Milyon yaşı olan dünyada ən qədim şeyin yaşı iyirmi mindir… Bu belə bir az uydurma rəqəmdir. Ötən gün fəlsəfə müəllimi ilə danışırdım. Söhbətə ciddi başladım və “hikmətli vücudumuzu” araşdırmağa çalışdım. O da “dünyaya nə qələt etməyə gəlmişik” sualına cavab verə bilmədi. Yaratmaq zövqündən, həyatın özlüyündə bir hikmət olduğundan dəm vurdu, amma mənasız. Nə yaradacaqsan? Yaratmaq yoxdan var etməkdir. Ən ağıllımızın başı belə bizdən əvvəlkilərin topladığı bir çox bilgi və təcrübənin anbarından başqa bir şey deyil. Yaratmaq istədiyimiz şey də bu mövcud məhsulların şəklini dəyişərək bazara itələməkdən ibarətdir. Belə gülünc iş bir insanı necə razı sala bilər? Bilmirəm. Beş min ildə işığını bizə göndərən ulduzlar varkən, ən yaxşısı əlli il sonra kitabxanalarda çürüyəcək və nəhayət beş yüz il sonra unudulacaq əsərlər yazmaqla əbədi olmağa çalışmaq, yaxud üç min il sonra əlsiz-ayaqsız bir muzeydə nümayiş olunsun deyə ömrünü palçıq yoğurmaq və mərmərə qələm çalmaqla keçirmək mənə elə də ağıllı iş kimi görünmür.

***

Əzizim Nihat, pul saymaq şirin şeydir.

***

Məsələn, hər hansı bir gün böyük bir sıxıntı səni boğur. Həyat sənə qaranlıq, mənasız gəlir. İnsan bir az əvvəl sənin çərənlədiyin kimi fəlsəfi söhbətlər etməyə başlayır. Hətta yavaş-yavaş onu da edə bilmir və ağzını açmaq belə istəmir. Heç bir insanın, heç bir əyləncənin səni canlandıra bilməyəcəyini hiss edirsən. Hava darıxdırıcı və mənasızdır. Ya çox isti, ya çox soyuq, ya çox yağmurludur. Gəlib keçənlər üzünə axmaq-axmaq baxır və on qəpiklik işlərin arxasında bir çəngə otun ardından qaçan keçilər kimi dilləri bir qarış havada gəzirlər. Ağlını başına toplayıb pis əhval-ruhiyyəni təhlil etmək istəyirsən. İnsan ruhunun çözülməz düyünləri bir müəmma kimi önünə sərilir. Kitablarda oxuduğun depressiya kəlməsinə xilasedici halqa kimi sarılırsan. Çünki nədənsə hamımızda maddi və ya mənəvi olmasından asılı olmayaraq bütün dərdlərimizə bir ad taxmaq marağı var, bunu edə bilməsək, tamamilə dəliyə dönürük.

***

Qalx, iki gözüm, körpüyə çatdıq. Günün birində ya havalanacağıq, ya dünyaya hakim olacağıq. Hələlik rakı pulu tapmağa çalışaq və parlaq gələcəyimizin şərəfinə bir-iki qədəh içək.

***

Bütün ömrün təsəvvürlər, xəyallar və Don Kixot əməllərinin arxasına düşüb özünü aldatmaq və fövqəladə əməllərdən başqa heç bir şey edilməyən bu dünyada özünün və başqalarının qeyri-adi şeylər edəcəyindən qorxmaqlamı keçəcək?

***

Oğlum, dünyada nə qədər qəribə şeylər etmək istəyirsən istə, həyat da önünə bir o qədər gündəlik hadisələr çıxarır.

***

– Bura Almaniya deyil. Siz Almaniyada olmusunuz, eləmi?
– Xeyr, Vyanada.
– Nə isə, hamısı eyni şeydir. Bura Avropa deyil. Düzünə qalsa, Avropaya oxşamaq istəyirik, amma yavaş-yavaş.

***

Deməli, həyat iki addım önü görünməyən sisli və dalğalı bir dənizdir. Təsadüflərin oyuncağı olacağıqsa, niyə iradəmiz var? İstifadə etmədikdən sonra sinəmizi dolduran hislər və başımızı qımıldadan fikirlər nəyə yarayır?

***

– Nə istədiyini bilsən, ürəyin sıxılmaz.

***

Həyatda heç nəyi uğrunda ölmək üçün istəmək olmaz. Hər şey yaşamağınız üçün olmalıdır.

***

O qədər başının içindəki yoxluğa qərq olmusan ki, dərhal uğrunda canını fəda edəcək bir şey axtarıb, ikinci yoxluğa dalmaq istəyirsən! Yaşamaq, hər kəsdən daha yaxşı, hər kəsdən daha üstün yaşamaq, insanlara hakim olaraq, qüvvətli, bəlkə də bir az zalım kimi yaşamaq…

***

Türkcənin özünəməxsus mənasızlığı… Heç bir dildə bu qabiliyyət yoxdur… Saatlarca danışıb heç bir şey ifadə etməmək qabiliyyəti!

***

İçindəki şeytan dediyin o şeyin ən qiymətli tərəfin olmadığını hardan bilirsən? Beş hissdən başqa duyğu üzvü olmayan sizlər bu daimi qorxudan yaxasını qurtara bilmir. Əsl səbəbləri dərk etsəniz görəcəksiniz ki, ən zəif tərəfimiz zahirimizdir. Gözümüzü kor edən yeddi rəngdir, qulağımızı kar edən səslər, ağzımızı paslandıran yediklərimiz, qəlbimizi əvvəl coşdurub sonra durduran sonsuz qaçışlarımızdır. Ali insan zahirinə deyil, daxilinə qiymət verəndir.

***

Qeyri-adi bir şey deyil… Bu şeytan hamımızda var. Bizim yaradıcı tərəfimiz onun övladıdır. Bizi gündəlik həyatın xaricinə çıxaran, bizə insanlığımızı, maşın olmadığımızı başa salan odur.

***

İç başqa, çöl başqa olmur. Bunlar bir fikrin iki görünüşündən başqa bir şey deyil.

***

Balaca bir yarpağın arxasından dünya gördüyünü zənn etdiyindən bu böyüklükdə dünyanı görmədən yaşayır.

***

– Ancaq əminəm ki, yanılmıram. Bü mütləqdir ki, bizə istəmədiklərimizi elətdirən bir qüvvə var. Biz başqa cür, daha yaxşı olmalıyıq… Bu da mütləqdir… Bunları necə birləşdirmək lazımdır, bax, onu bilmirəm.
– Ömrünün sonuna qədər də bilməyəcəksən.

***

Bahar kimi mövsümü olan bu dünyada yaşamağa dəyər… Nə olursa olsun…

***

Qarşısındakı isə özündən daha təbii, yəni daha qüvvətliydi.

***

Ömrüm boyu belə bir şey etməmişəm. Nə məni təsəlli edən olub, nə də mən kimisə təsəlli etmişəm… Riyakarlıq təsəllidə son həddini tapır.

***

Görəsən indi nə fikirləşir? Yəqin ki, məni düşünmür… Niyə?.. Onun başında bir müddət yaşamaq üçün nələri fəda etməzdim… Hər şeyi… Mənə indi bir işarət versin, dərhal, bir an belə düşünmədən özümü tramvayın altına ataram. Görəsən ataram?

***

İnandığım bir şey var – üç günlük ömrümüzü zəhər etməmək üçün nə keçmişdəki həyatımıza, qaçırdığımız fürsətlərə, nə də olmayacaq xülyalara qulaq asmadan bu günümüzlə yaşamalıyıq. Hər hadisənin insanı əyləndirəcək bir yanı var.

***

Həyatda heç bir şey bizim arzumuza tabe deyil. Hərçənd, xilqət bu fəlakəti yüngülləşdirəcək vasitə də verib: ətrafı ibrətamiz gözlə müşahidə etmək qabiliyyəti…

***

Həyat təsadüflər silsiləsi imiş, əla! Lakin təsadüfün də özünə görə bir mənqiti olmalıdır, elə deyil?

***

Halbuki insan yalnız əsas məsələləri həll etmək üçün başını yormalı, təfərrüat öz-özlüyündən yaxşı bir şəkildə həll edilməlidir.

***

Min bir şəklə salıb söyləmək arzusu ilə yanıb-yaxıldığım bircə şey var: o da sizi sevməyimdir. Dünya yaranandan bəri bunun milyard dəfə təkrar edildiyini unutmuram, ancaq siz deyin, təravətindən bir şey itiribmi? Kainatda istənilən varlıqdan daha yeni və yetkin deyilmi?.. Bu elə bir kəlmədir ki, doğulur və doğuşu ilə yanaşı kamalı da içində gətirir. Sizi sevirəm… Başqa nə deyim? Siz də cavab verməyə tələsməyin. Bir insanın bütün varlığı, qarmaqarışıq ruhu, sirri, həll edilməmiş vücudu, arzuları, qorxuları, ehtirasları, bir sözlə, hər şeyi ilə sizə təslim olması, sizin bir hissəniz olması necə böyük bir şeydir! Bunu bütünlüklə başa düşdüyünüzü bilirəm. Bunun qarşısında laqeyd qalmayacağınızı da bilirəm. Heç bir insan sevən bir insanın qarşısında laqeyd qala bilməz. Dünyanın ən fövqəladi hadisəsi qarşısında heç kim fəaliyyət sərbəstliyinə malik deyil. Buna haqqı yoxdur. Necə ki, möhtac olduğumuz havayı “istəmirəm” deməyə, məkan içərisində yer işğal etməkdən vaz keçməyə gücümüz yoxdursa, bizə verilən eşqi almamağa da iqtidarımız yoxdur. Sizi sevirəm…

***

Qoparılmadan quruyan meyvələri kimi hissləri də içində bürüşüb qalmayacaq.

***

Özü də pis bir şey demədi ki… Daha nə deyə bilərdi ki? Məni sevdiyini dedi…

***

Mənə elə gəlir ki, sizin gülməyinizlə əsəbiləşməyiniz, iltifat etməyinizlə məzəmmət etməyiniz arasında heç bir fərq yoxdur… Düşünürəm ki, sizə aid heç nə çirkin ola bilməz.

***

Ay işığında gəzməkdən xoşumuz gəlir. Bu vaxt yanımızda birisinin olması da çox istəyirik, ancaq iki axmaq romanlarında ay işıqlı eşq səhnələrindən bəhs etdikləri üçün bu böyük zövqü, bu şiddətli ehtiyacı gülünc hesab edirik. Görünən odur ki, axmaqlıq adi axmaqlara deyil, ağıllı olduqlarını zənn edənlərə də aiddir.

***

Halbuki necə məsum üzü var; döyüş meydanlarında bağırsaqları ovuclarında ölənləri, mənzil qapılarının önünə qoyulan zibil qutularında yemək axtaranları, eyni gecədə ikinci sevgilisini pəncərədən içəri salmağa çalışanları gördüyü halda gözəlliyini və saflığını qoruya bilir. Biz, hər gördüyümüz pisliyin və rəzalətin bir parçasını əbədi olaraq ruhumuzda daşımağa məhkum insanlar, onun yanında necə zavallı və cılızıq…

***

Necə qəribədir, indi kürəklərə sarılıb sahilə dönməyə və insanlarla dolu küçələrdən keçərək evlərimizə getməyə məcburuq. Hətta bunu dərmal etməliyik. Çünki artıq gecdir. Sevimli xalalarımız, əmilərimiz var… Dostlarımız, müdirlərimiz, işlərimiz, dərslərimiz var… Lənətə gəlmiş həyatımız var!..

***

Qüsurlarımı başqalarında görməklə guya nə dəyişəcək ki?

***

Tam yaşamağa başladığım bu andan etibarən məni öldü hesab etsinlər…

***

Söylədikləri doğrudur, ən az doğru görünənlər belə doğrudur…

***

İstanbuldan getmək istəmirik, ancaq ildə neçə dəfə kitabxanaya gedirik? Üç-beş küçə ilə bir o qədər qəhvəxanadan başqa haranı tanıyırıq? Fikir həyatı, fikir həyatı deyirik… Ən yaxşımız belə boşboğazlıqdan başqa nə edir? Qəhvə mübahisələri ilə zehnimizi inkişaf etdirdiyimizi düşünməklə ağıllı bir iş gördüyümüzü hesab etmirəm… Bizi İstanbula bağlayan şey bura vərdiş etməyimizdir. Burada məqsədsiz yaşamağı və boş beyinlə gəzməyi adət halına salmaq üsulunu kəşf etmişik. Hamımızı İstanbula bağlayan şey sadəcə budur…Burada insan başını zərrə qədər işlətmədən mütəfəkkir biri olduğuna inanmaq və buna başqalarını inandırmaq imkanına malikdir…Bu şəhərin və buradakı çevrələrin qarşıalınmaz cazibəsi bundan ibarətdir.

***

Bir şeylər oxumaq, tapmaq, sezmək, tutmaq və… əzmək istəyirdi.

***

Hər bir günahkar ruhlu insan kimi mən də qorxularımın oyuncağı olmağa başlayırdım.

***

Özü də pulsuzluğun tamamilə təsirsiz olduğunu necə deyə bilərəm? Hər şeyin başlanğıcı odur… Sonra içimdəki bu məlun şeytan… Qeyri-mümkün vəziyyətdə hər şeyi cazibədar edən, məni olmayacaq şeylərin həsrəti ilə yandıran bu qorxunc hiss… Mən isə ömrüm boyu maddi arzuları özümə qürur vasitəsi etmək istərdim.

***

Madam ki, hamı kimi deyilsən, onlardan daha ağıllı və daha üstünsən, onlara hökm etmək haqqın, hətta vəzifəndir.

***

Bir insan digər insana pislikdən başqa nə edə bilər?

***

Qəti şəkildə mənə sübut etdin ki, bu dünya üzünə tüpürülməyə belə dəyməz yerdir və bu dünyada elə bir insan tapa bilməzsən ki, üzünə tüpürmək istəməyəsən.

***

Öz ruhunun pisliyini bu qədər yaxından görən bir insan başqalarının təmiz olacağına inana bilərmi?

***

İnsan dünyaya sadəcə yemək, içmək, qoynuna birini alıb yatmaq üçün gələ bilməz! Daha böyük və bəşəri səbəb olmalıdır.

***

Məncə sənətkar özündən başqalarına verməyə başladığı zaman sənətkar olur!..

***

Gəl, sənə nə istədiyini sayım: əvvəla, bütün müvəffəqiyyətinin başlanğıcı olaraq himayədar axtaracaqsan… Etiraz eləmə, gül kimi axtaracaqsan. Əgər son siniflərə çatmısansa, artıq axtarmağa başlamısan da… Ondan sonra ölkənin ən yaxşı yerinə təyinat almaq… Himayədarlıq etmək imkanlarını əldə etmək… Sonra pul qazanmaq: çoxlu-çoxlu, ovuc-ovuc, dəlilər kimi qazanmaq… Sonra gözəl bir arvad almaq… Fikirləri və mənəvi dəyərləri ilə sənə uyğun bir qadın deyil! Görənlər “Baxın, filankəsin nə gözəl arvadı var!” desin, kifayətdir!.. Yalnız bu nöqtədə idealistsiniz; maddi mənfəətlər və rahatlıq xaricində yeganə mənəvi zövqünüz budur: gözəl arvad alıb hamının həsəd aparmasına nail olmaq… Sonra avtomobil, mənzil… Daha sonra yekə qarın, poker və sairə…

***

– Ömründə üç sətir yazmayan bir axmağın fikirləri başqa cür ola da bilməz… Düşünürük ki, küçədə ayaqqabı rəngləyən uşağın işinə müdaxilə etmək səlahiyyətimiz deyil, halbuki sənətkarın işinə burun soxmağı ən təbii haqqımız hesab edirik… Sərhəddən yuxarı çıxmaq bizim intellektualların ən bariz özəlliyidir!..
– Rəngləyənin işinə və üsullarına müdaxilə etmərəm, ancaq ayaqqabımı pis boyayarsa, bunu anlamağa gözüm imkan verir, etiraz etmək haqqım var. Əgər sənətkarlar əsərləri haqqında söz söyləmək haqqını yalnız məsləkdaşlarına verəcəklərsə, yenə özlərinə ziyandır, çünki onlar bir-birlərinə qarşı bizim qədər insaflı deyillər!

***

Ən qorxulu yalan da budur: özümüzə qarşı istifadə ediləcək qədər pəncəsinə düşdüyümüz dərin və gizli yalan.

***

İnsanların ən zəif yanları soruşmadan, araşdırmadan, düşünmədən, başlarını işlətmədən inanmaq mövzusuna heyrətedici meyilləridir. Dünyadakı yalançı peyğəmbərləri yetişdirmək və bəsləmək üçün ən yaxşı gübrə, bax, bilmədən inanmaq üçün çırpınan bu qələbəlikdir.

***

Görürsən ki, hamısı həyata bir qədər kin borcludur.

***

Həqiqətən güc sahibi olanlara həsəd və imkansızlıqla baxa-baxa, nəhayət, gücü tapılmağa layiq ən böyük nəsnə olaraq qəbul ediblər.

***

Bu adam kim olursa olsun, istər qiymət verilsin, istər verilməsin, gördüyü işi özünü verərək və ciddi şəkildə edir. Heç bir işi ciddiyə almayan və hər şeyi sadəcə göstəriş naminə görən bir qələbəliyin ortasında bütün mövcudluğu ilə həzin bir təzaddır.

***

Ərinin qadının yanında bir başqası ilə bu qədər maraqlanması, hər halda, o başqası üçün xoş hissdir.

***

Bəzən kişilər necə bəsit olurlar… Elə bilirlər ki, bir kişiyə qarşı hiddət, hətta nifrət duymaya başlayan qadın dərhal başqa kişilər tapıb boyunlarına sarılmaq istəyir.

***

Həyatda öz düşüncələrim və qərarlarımdan başqa bəzi qüvvələrin əmri ilə oturub durmağa əsla dözmərəm. Eyni zamanda, səninlə birlikdə olduğum müddətdə nədənsə iradəmi istifadə edə bilmədiyimi gördüm. Sənə, sənin iradənə tabe olmaq mənə ağır gəlməzdi. Ancaq aramızda heç olmasa ən kiçik ortaq nöqtənin olması, etdiklərindən heç olmasa bir qisminin mənim də doğru və yaxşı hesab etməyim lazım idi.

***

“Onları burax!” dediyim zaman, “Kimlərə sarılım?” deyəcəkdin.

***

Bu həyatdan daha doğru və ağıllı bir şey olmalıdır, amma bunun nə olduğunu mən də bilmirəm.

***

Mən sənə rəhbər deyil, yoldaş ola bilərdəm, ancaq yolu ikimiz də bilmirdik.

***

Maşın vursa, mindiyim qayıq çevrilsə yaxud dibində oturduğum ağacı ildırım vursa, bunların məsuliyyətini kimdəsə görmək ağlıma gələrdi? Bax ona görə, səndə də bu qədər az qəbahət görürəm.

***

Sənə hirsli deyiləm… Sənə hirsli olmayacaq qədər səni yaxşı tanıyıram.

***

Hisslərini gizlətməyə çalışaraq alçalmadı.

***

Otuzu haqlamağıma az qalır… Bu günə qədər nə etdiyimi düşündüm. Sıfırdan başqa nəticə ala bilmədim. Həyatda heç nə etməmək qədər qorxunc və utandırıcı bir şey varmı?

***

Yaxşılıq heç kimə pislik etməmək deyil, pislik edəcək cövhəri içində daşımamaqdır.

***

İstəyib istəmədiyimi əməlli başlı bilmədiyim, lakin nəticəsi əleyhimə çıxarsa, istəmədiyimi iddia etdiyim bu cür söz və əməllərimin səbəbkarını tapmışdım: buna içimdəki şeytan deyirdim; üstümə götürməkdən qorxduğum bütün məsuliyyətlərimi onun üstünə atır və öz üzümə tüpürəcəyim yerdə, haqsızlığa, təsadüfün cilvəsinə uğramış məzlum kimi nəfsimi şəfqət və qayğıya layiq görürdüm. Əzizim, nə şeytanı? Bu bizim qürurumuzun, axmaqlığımızın uydurmasıdır… İçimizdəki şeytan elə də hiyləgərcəsinə olmayan qaçış yoludur… İçimizdə şeytan yoxdur… İçimizdə acizlik var… Tənbəllik var… İradəsizlik, savadsızlıq və bunların hamısından daha qorxulu bir şey: həqiqətləri görməkdən qaçmaq vərdişi var…

***

İnsan olmaq deyil, maraqlı olmaq; bir şey etmək deyil, bir şey edənlərə yuxarıdan aşağıya baxacaq yerə çıxmaq istəyirdim.

Tərcümə: Lamiyə Göycəyeva

5 (100%) 1 vote

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook