Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Bernhard Şlink “Qiraətçi”

bernhard-slink-qiraetci-bernhard-schlink-der-vorleser-the-readerAnnotasiya

“Qiraətçi” (almanca “Der Vorleser”) — Alman hüquqşünası və yazıçısı Bernhard Şlinkin 1995-ci ildə çap edilmiş roman-bestselleri 40-a yaxın dilə tərcümə edilmiş və bir sıra nüfuzlu mükafatlara layiq görülmüşdür. “Qiraətçi” Nyu-York Taymsın bestsellerlər siyahısına düşən ilk alman romanıdır.
Əsər əsasında britaniyalı rejissor Stiven Doldri tərəfindən eyniadlı film çəkilib.
Kitab Almaniya gimnaziyalarında bir neçə maarifləndirici proqrama daxil edilib.

İkinci Dünya Müharibəsi həmişəlik sağ qalanların taleyində iz buraxıb. Bu iz haradan keçir? Məhəbbət və sadizm, incəsənət və patologiya arasındakı sərhəd haradan keçir? Özündən yaşca böyük qadına qarşı duyduğu hisslərinə aludə olan gənc oğlan bu suallara cavabı məhkəmə zalında tapır.
Almaniyada kəskin mübahisəyə səbəb olan bu əsərdə baş verən hadisələr təxminən 40 ili əhatə edir və müasir alman cəmiyyətini narahat edən “nəsillərarası qınaq, mühakimə və bağışlama” mövzularına toxunur.

Karandaşın izi ilə

Mənə elə gəlirdi ki, belə sanballı evdə yalnız sanballı insanlar yaşaya bilər. Ev uzun illər boyu yaxınlıqdan keçən qatarların tüstüsündən qaraldığından onun sakinləri də gözümə qaraqabaq, daha doğrusu, qeyri-adi – məsələn, kar ya da lal, donqar ya da topal görünürdülər.

***

Nədənsə belə xatirələr insanı sakitləşdirir; tanış evi yeni məkanda görmək adət etmədiyin yerdə köhnə dost ilə təsadüfən qarşılaşmaq qədər qəribədir.

***

Bilirəm ki, o, gözümə gözəl görünürdü. Ancaq gözəlliyin özünü xatırlamıram.

***

Böyüklərin və hələ sənin onların yaşlarına çatmağına çox qalmış insanların yaşını təyin etmək çətindir.

***

O, çevik, qədd-qamətli və cazibədar idi – yalnız cazibədar olan döşü, yançaqları, ayaqları deyildi. Cazibədar olan vücudunun dərinliyində ətraf aləmi unutduracaq dəvət idi.

***

Uşaqlıqda və ya gənclikdə xəstələnmək – bu nə lənətdir! Küçə seyrangahı pəncərədən eşidilir, həyətdən yalnız tutqun səslər gəlir. Otağa isə xəstə uşaq tərəfindən oxunulmuş kitablardakı hekayələrdən çıxmış qəhrəmanlar doluşur.

***

Yuxusuz saatlar – lakin bu o demək deyil ki, nəsə çatışmır. Əksinə. Onlar nisgil, təlatüm, xatirələrlə doludurlar, tutqun arzular labirintdə bir-birinə qarışır. Bu xəstənin itdiyi, yenidən itmək üçün özünü tapdığı labirintdir. Bu elə saatlardır ki, hər şey baş verə bilər – yaxşı da, pis də.

***

Yox, Hannanı unutmamışdım. Ancaq müəyyən bir vaxtdan sonra onunla bağlı xatirələr daha məni qarabaqara izləmirdi. Yanından qatar keçən, özü isə arxada qalan şəhər kimi o da keçmişdə qalmışdı. Şəhər heç yana itməyib, hələ də mövcuddur, buna əmin olmaq üçün ora getmək olar. Amma nəyə lazımdır?

***

Şəhvət dolu baxış ehtirasın təmin olunması, baş qaldıran arzular istəklərim kimi günah idi isə istəyimi və günahın özünü həyata keçirmək daha asan olmazdımı?

***

Əməl özü-özlüyündə heç nədən asılı deyil, o, qəbul edilmiş qərarın nəticəsi ola bilər, ancaq bu da zəruri deyil.

***

Fikir və qəbul edilmiş qərarların əməllərə heç bir təsiri olmadığını iddia etmirəm. Ancaq əməllər fikir və qərarların sadəcə nəticəsi deyil.

***

Hərdən mənə elə gəlirdi ki, biz, onun ailəsi onun üçün ev heyvanı kimi bir şey idik. Gəzintiyə getdiyin it, oynadığın, dizlərinə aldığın, tumarladığın, miyoltusuna qulaq asdığın, yumaq kimi yumurlanan pişik kimi – yem almaq, pişiyin altını təmizləmək, baytara getmək olmasa, bütün bunlar sahibin xoşuna gələ, hətta tələblərinə cavab verə bilər.

***

Niyə? Niyə keçmişə boylanıb baxanda iç üzü açılmış ən gözəl hadisələr öz gözəlliyini itirir? Niyə həyat yoldaşının bütün bu illər ərzində sevgilisi olduğu ortalığa çıxandan sonra xoşbəxt evlilik illərinin içinə zəhər qatılır? Guya əsl xoşbəxtlik belə bir şəraitdə mümkün deyil? O ki olub! Hərdən xatirələr yaşanmış xoşbəxtliyə sədaqətini bir ona görə saxlaya bilmir ki, onun sonu bizə əzab verib. Məgər xoşbəxtliyin həqiqi olması üçün onun əbədi olması gərəkdir?

***

İstənilən kədər məhz bu kədərlə oxşar deyilmi? Hər dəfə geriyə baxanda gözəl xatirələrə görə peşman olanda bizi öz ağuşuna alan bu kədər deyilmi? Ona görə ki, yaşanmış xoşbəxtlik yalnız hər-hansı bir hadisədən, həmçinin yerinə yetirilməyən vədlərdən ibarət olub?

***

Bir-birimizə açılırıq
sən mənə, mən sənə.
Bir-birimizə yüklənirik
sən mənə, mən sənə.
Bir-birimizdə yox oluruq
sən məndə, mən səndə.

Ancaq bu anlar
sən elə sənsən,
mən də mən.

***

Təyyarənin motoru sıradan çıxırsa, bu hələ uçuşun sonu demək deyil. Təyyarə daş kimi göydən aşağı düşmür. Bir neçə mühərriki olan nəhəng reaktiv sərnişin layneri on beş dəqiqədən yarım saata kimi planlayır və yalnız eniş edərkən qəzaya uğrayır. Sərnişinlər heç nə hiss etməyə bilər. Onlar üçün sıradan çıxmış mühərrik ilə uçuş saz vəziyyətdə olan mühərrik ilə uçuşa oxşayır. Sadəcə bir balaca sakitlik olur, o da elə də yox. Motorun səsi qanadlara və füzelyaja dəyən küləyin uğultusu ilə əvəzlənir. Gec-tez illüminatorlardan yerin, dənizin təhlükəli yaxınlığı görünür. Tutaq ki, salonda film göstərilir, stüardessalar isə illüminatorların pərdələrini aşağı salıblar. Onda bu uçuş hətta sakit və xoş görünə bilər.
Yay da bizim məhəbbətimiz üçün belə planlaşdırılan uçuş oldu.

***

Hüquq nədir? Qanuni mətn kimi müəyyən edilən yoxsa normal olduğu təqdirdə, cəmiyyət tərəfindən riayət edilən və real mövcud olan nəsnədir?

***

Özümdən bilirdim ki, xəcalət gizliliyin, müdafiə reaksiyasının, qəribə hərəkətlərin və hətta aqressivliyin səbəbi ola bilər. Bəs Hannanın xəcaləti onun məhkəmə və düşərgədəki qəribə davranışının əsl səbəbi idimi? Məgər o, savadsızlığının üzə çıxma qorxusundan cinayət törədə bilərdi? Savadsızlıq qorxusu ilə cinayət?

***

O, tam səmimi deyildi, özü kimi ola bilmirdi və buna görə də həqiqət kiçik görünürdü, eynilə ədalət kimi. Ancaq bu onun həqiqəti və ədaləti idi. Uğruna mübarizə apardığı həqiqət və ədaləti.

***

Görünür, gücü qalmamışdı. Axı o, nəinki məhkəmədə, hər yerdə mübarizə aparmaq məcburiyyətində idi. Ancaq mübarizəsi öz məziyyətlərini sübut etmək üçün yox, öz çatışmazlıqlarını gizlətmək üçün idi. Bu elə bir həyat idi ki, qəti addım geriyə çəkilmə, qələbələr isə gizli məğlubiyyətlər demək idi.

***

Təsəvvür et ki, adam bilərəkdən özünü məhv edir, sən isə onu xilas edə bilərsən, – xilas edərdinmi? Təsəvvür et ki, adam əməliyyat olunmalıdır, götürüb narkotik qəbul edir, narkotikə görə anesteziya etmək təhlükəlidir, o isə narkotik qəbul etdiyinə görə utanır və anestezioloqa heç nə demir – onu həkimə satardın? Təsəvvür et ki, məhkəmə gedir, adam solaxay olduğunu və məntiqlə, sağ əllə cinayət törədə bilməyəcəyini boynuna almasa, onu ağır hökm gözləyir, ancaq o, solaxay olduğunu boynuna almaqdan xəcalət çəkir – bu xəbəri məhkəməyə bildirərdinmi? Ya da təsəvvür et ki, bu adam mavidir, lakin bunun üzə çıxacağından utanır, halbuki, söhbət mavi tərəfindən törədilə bilən cinayətdən getmir. İş orasında deyil ki, mavi və ya solaxay buna görə utanmalıdır ya yox – sadəcə təsəvvür et ki, müttəhim nəyəsə görə dəhşət xəcalət çəkir.

***

– Yadında, balaca olanda da anan sənin yerinə nəyin yaxşı, nəyin pis olduğuna qərar verəndə də hirslənirdin? Uşaqlarla belə bu problemdir. Fəlsəfi problem, hərçənd fəlsəfə uşaqları öyrənmir. Onları pedaqogikanın ümidinə buraxdı, bu da uşaqların xeyrinə olmadı. Fəlsəfə uşaqları unutdu, həmişəlik unutdu, mənim sizə qarşı etdiyimi kimi bir müddətlik deyil, həmişəlik.

***

Cəllad əmr yerinə yetirmir. O, öz işini görür – öldürdüyü adama nifrət etmədən, heç bir qisas hissi olmadan, öldürməyinə səbəb həmin insanların onun yolunda durması, ona təhdid etməsi deyil. Cəllad onlara tamamilə laqeyddir. O qədər laqeyddir ki, onun üçün fərqi yoxdur, öldürsün ya da sağ buraxsın.

***

– Bir dəfə əlimə fotoşəkillər düşmüşdü. Həmin şəkillərdə Rusiyada yəhudilərin güllələnməsi təsvir edilmişdi. Onlar çılpaq idilər, səngərin kənarında sıraya düzülmüşdülər, arxalarında əsgərlər dayanmışdı, yəhudiləri boyunlarının arxasından güllələyirdilər. Bütün bunlar köhnə daş karxanasında baş verirdi; yuxarıda, uçurumun kənarında, əsgər və yəhudilərin başı üstündə zabit oturmuşdu, ayaqlarını yellədir və siqaret çəkirdi. Üzündən darıxdığı hiss olunurdu. Bəlkə ona elə gəlirdi ki, iş çox uzanıb. Ancaq simasında nəsə məmnunluq, hətta razılıq hissi də var idi – bəlkə ona görə ki, iş bitirdi və tezliklə istirahət etmək, əylənmək olacaqdı. Onda yəhudilərə qarşı heç bir nifrət yox idi. O…
– Bu siz idiniz? Orada oturan siz idiniz?
O birdən dayandı. Üzü ağardı, gicgahlarındakı doğum ləkəsi bilindi.
– Rədd ol burdan!

***

Hannanın törətdiyi cinayəti başa düşməyə və eyni zamanda mühakimə etməyə hazır idim. Ancaq bununla belə bu cinayət dəhşət idi. Onu başa düşməyə çalışdıqca, məndə elə bir hiss yaranırdı ki, onu lazım olduğu kimi mühakimə edə bilməyəcəm. Yox elə ki, layiq olduğu şəkildə mühakimə edirdim, anlayışa yer qalmırdı. Bununla belə Hannanı başa düşmək istəyirdim, zira başa düşməməyimlə ona yenidən xəyanət etmiş olacaqdım. Alınmırdı. İkili problem üzərində əzab çəkməyə hazır idim: mühakimə və anlayış. Lakin ikili qərar tapılmırdı.

***

Məsuliyyət daşımadığın yeganə məhəbbət valideyn məhəbbətidir.

***

İnsan qaçmaqla canını qurtarmaq istədikdə, bir yerdən getdiyi kimi, bir yerə də gəlir.

***

Həmin vaxt yenidən “Odissey”i oxumağa başladım. Bu kitabı ilk dəfə məktəbdə oxumuşdum və yadımda evə qayıdış hekayəsi kimi qalmışdı. Ancaq bu evə qayıdış hekayəsi deyil. Bir çaya iki dəfə girməyin qeyri-mümkün olduğunu düşünən yunanlar qayıdışa inana bilməzdilər. Odissey qalmaq üçün deyil, yeni səyahətlərə yollanmaq üçün qayıdır. “Odissey” məqsədli və eyni zamanda məqsədsiz, uğurlu və uğursuz səyahətlərin əsəridir. Hüquq tarixindən nə ilə fərqlənir?

***

Bəlkə ümumiyyətlə “çox gec” olmur, bəlkə eləcə “gec” olur? Bəlkə də “gec olsun, güc olsun”dur. Bilmirəm.

***

Həmişə elə gəlirdi ki, onsuz da məni heç kim başa düşmür, niyə belə olmuşam və məni belə edən nə olub. Belə çıxır ki, səni başa düşmədikləri üçün heç kim səndən cavab da tələb edə bilməzdi.

***

Hannanın ölümündən dərhal sonra hekayəmizi yazmaq qərarına gəldim. O vaxtdan bəri hekayə başımda bir neçə dəfə yazılıb-pozulmuşdu, hər dəfə bir qədər fərqli, yeni şəkillər, epizodlar, natamam düşüncələr ilə. Qısacası, bu variantla yanaşı başqa variantlar da var idi. Ortalığa çıxan variantın həqiqiliyinin təminatı ondan ibarət idi ki, məhz o yazıldı, digərləri isə yazılmadı. Yazılmış variant işıq üzü görmək istədi, digərləri isə yox.
Əvvəlcə hekayəmizdən qurtulmaq üçün onu yazmaq istəyirdim. Amma qarşıma bu məqsədi qoyanda xatirələr məndən qaçırdı. Onda hekayəmizin məndən uzaqlaşdığını hiss etdim və ümid edirdim ki, yazmaqla onu tutub saxlaya bilərəm, hərçənd bu da xatirələri stimullaşdırmadı. Bir neçə il bundan əvvəl bu işdən əl çəkmək, onunla sülh bağlamaq qərarına gəldim. Və o qayıtdı, detal arxasınca detal…o qədər tam və bitmiş halda idi ki, artıq kədərlənmirdim. Halbuki uzun illər ərzində bunun kədərli hekayə olduğunu düşünürdüm. Yox, indi də onu xoşbəxt hesab etmirəm. Əsas odur ki, o, həqiqidir. Buna görə onun kədərli və ya xoşbəxt olmasının, sadəcə olaraq, mənası yoxdur.

***

Həyatımız çox qatlıdır. Onun qatları bir-birinə elə keçib ki, bu gündən boylananda həmişə keçmiş görünür. Bu keçmiş unudulmayıb və başa çatmayıb, o yaşamağa və əhəmiyyətli olmağa davam edir.

Tərcümə: Lamiyə Göycəyeva

4.2 (83.33%) 6 votes

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook