Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Luis Sepulveda “Məhəbbət romanları oxuyan qoca”

luis_sepulveda_mehebbet_romanlari_oxuyan_qoca_kkoAnnotasiya

“Məhəbbət romanları oxuyan qoca” (ispanca “Un viejo que leia novelas de amor”) – Çili yazıçısı, “Qrinpis” hərəkatının aktiv üzvü Luis Sepulvedanın ilk romanıdır. Hadisələr Ekvadorun cəngəlliklərində yerləşən El İdiliyo şəhərciyində baş verir. Antoniyo Xose Bolivar tənhalıqdan azad olmaq üçün məhəbbət romanları oxuyur. Yerli hindu tayfasında yaşadığı üçün cəngəllikləri onun qədər tanıyan və sevən yoxdur.

Karandaşın izi ilə

Xibaro – öz tayfasından qovulan hindulardır. Şuar tayfası onları ona görə qovmuşdu ki, onlar “apaçilər”, yəni ağ adamların əksər hindulara vəhşi və biabırçı görünən adətlərini çox tələsik və düşünmədən mənimsəmişdilər.

***

– Hə, Antoniyo Xose Bolivar hələ də sağdır? Ölməyib ki hələ?
Cavab verməzdən əvvəl, qoca diqqətlə qoltuğunun altını iylədi və dedi.
– Deyəsən, yaşayır, ölübsə də, lap bu yaxınlarda ölüb.

***

– Bəs necə? Sizcə dostlar başqa nə üçündür? Məhz bir-birlərinin uğur və nailiyyətlərini görmək üçün. Həm də, kimisə tərifləmək, kiməsə görə sevinmək ən gözəl şeydir.

***

“Yaşa və başqalarına yaşamağa mane olma” – onun şüarı idi.

***

Hər bazar ertəsi (bazar ertələri alkaldın xüsusi azarı, bir növ qəribəliyi idi) bütün qəsəbə nifrətlə gülümsəyərək onun milli bayrağı limandakı dirəyə qaldırmasına tamaşa edirdi. Bu növbəti tufanların birində şiddətli külək rəngi solmuş parçanı qoparıb selvanın dərinliyinə, naməlum bir yerə uçurub aparana qədər davam etdi. Bayraqla bir bazar ertələrinə olan etimad da harasa itdi, lakin insanlar buna görə o qədər də narahat olmadılar.

***

– Axı sənə iki kitab gətirmişəm.
Qocanın gözləri parıldadı.
– Məhəbbət haqqında?
Diş həkimi başını yırğaladı. Antoniyo Xose Bolivar Proanyo məhəbbət romanları oxuyurdu. Rubikundo Loaçamin onu kitablarla təchiz edirdi. Hər dəfə El-İdilioya gələndə, həkim özü ilə lazım olan kitabları gətirirdi.
– Kədərlidirlər?
– Göz yaşlarını saxlaya bilməyəcəksən.
– Həqiqi sevgi haqqında? Bütün qəlbinlə olan?
– Ən həqiqisi haqqında. Eləsi ki, yer üzündə beləsi heç olmayıb.
– Bəs onlar orda, kitabdakıları deyirəm, – əziyyət çəkirlər, həyəcan keçirirlər?
– Bəs necə! Oxuya-oxuya özüm də əziyyət çəkirdim.

***

İstənilən hökümət ancaq öz vətəndaşlarının axırıncı damarlarlarına kimi qanını sormaqla yaşayır. Olsun da – nə tökərsən aşına, o da çıxar qaşığına. Alacağımız nədir ki? Bir sözlə – əclaflar.

***

Lakin heyvan elə heyvanlığında qalır. Heç bir müsibət onu ehtiyatı əldən buraxmağa məcbur edə bilməz.

***

Kalliqrafik bacarıqları ən çoxu öz imzasını hansısa rəsmi sənəddə ilan-qurbağa xətti ilə cızmağa çatırdı. Adətən bu hansısa növbəti seçkilərdə lazım olurdu, amma seçkilər hər halda gec-gec və ən əsası qeyri-müntəzəm olduğundan, Antoniyo Xose Bolivarın yazı səriştəsi, düzünü desək, nə inkişaf edirdi, nə də püxtələşirdi.

***

O, lupanın köməyilə oxuyurdu. Bu əşya Antoniyo Xose Bolivara ən əziz olan şeylər siyahısında ikinci yeri tuturdu. Birinci yerdə taxma dişlər idi.

***

Rəsmdə olan zolaqlı qalstuk əslində sadəcə rəssamın yaradıcı təxəyyülünün məhsulu idi. Həqiqi Antoniyo Xose Bolivarın ömründə qalstuku olmamışdı. Qadın – Dolores Enkarnasyon del Santisimo Sakramento Estupinyan Otavalo – şəkildə həyatda geyindiyi paltarda təsvir olunmuşdu. Həmin paltar əvvəlki kimi sandıqda saxlanılan əşya kimi olmasa da, tənhalığın amansız və qara güvə dəstəsinin uçuşduğu yaddaşın ucqar bir küncündə obraz kimi qalırdı.

***

Yol uzunu onlar qəribə adət-ənənələri olan şəhərləri gəzməli oldular, məsələn, Samora və Loxa kimi, orada saraquru tayfasından olan hindular Ataualpe üçün əbədi matəm və hüzn nişanəsi olaraq nəsildən-nəslə ancaq qara rəngdə paltar geyinirlər.

***

Onlara torpaq – vəhşi selvadan iki hektar, həmçinin, bir cüt maçete, bir neçə kürək, bir-iki taxılbiti düşmüş və xarab olmuş toxum torbaları verdilər, bundan başqa isə, dövlət tərəfindən tam texniki dəstək olacağına əminliklə söz verildi. Bunun nə olduğunu və nə ilə ifadə olunacağını heç kim heç vaxt öyrənmədi.

***

Yoxsullar insana hər şeyi ürək açıqlığı ilə bağışlaya bilərlər, hər şeyi, yoxsulluqdan yaxa qurtarmaq cəhdlərində uğursuzluqdan başqa.

***

O başa düşdü ki, qalmalıdır. Xatirələrdən savayı heç nəyə sahib olmadan qalmalı və yaşamalı.

***

Antoniyo Xose Bolivar Proanyo heç vaxt “azadlıq” sözünün mənası haqqında düşünməmişdi, amma, selvada yaşayarkən ondan öz kefinə görə, heç bir məhdudiyyət olmadan istifadə edirdi.

***

– De görək: biz necəyik?
– Siz? Meymun sürüsü kimi gözəl. Sərxoş tutuquşular kimi zəvzək. Qışqırmağa başladınızsa, əsl şeytanlarsınız!

***

Nə qədər ki Antoniyo Xose Bolivar Proanyo şuar xalqının içində yaşayırdı, məhəbbəti hiss etmək üçün ona kitablar lazım deyildi.

***

Heç kim göy gurultusunu ələ keçirib mənimsəmək iqtidarında deyil. Heç kim başqasının əlindən səmanı ala bilməz. Heç kim ayrılanda səmanı özü ilə apara bilməz.

***

Bununla belə mühacirlər öz ətraflarında mədəni insanın ən ali əsərini – cansız səhranı – yarada-yarada, daha böyük əzmlə selvaya hücum çəkirdilər.

***

– İstəmirsən – biz sənə izah edərik. Sənin səsvermə hüququn var.
– Nə hüququm?
– Səsvermə. Birbaşa, ümumi və gizli səsvermədə iştirak etmək hüququ. Çatdı? Sən ölkədə ən yüksək vəzifəyə namizəd olan üç nəfərdən birini demokratik üsulla seçə bilərsən. Başa düşdün?
– Heç zad başa düşmədim. Bircə sözünü də. Yeri gəlmişkən, bu hüquq mənə neçəyə başa gələcək?
– Nə mənada? Pulu deyirsən? Sağ ol səni, qoca! Bu havayıdır. Elə hüquq da bunun üçündür.
– Bəs mən kimə səs verməliyəm?
– Kimə ürəyin istəyir. Amma əgər məsuliyyətli adamsansa, lazım olan kəsə səs versən yaxşıdır – xalqdan namizəd olan zati-ali senyora.

***

Sən demə, o, oxuya bilir! Demə, elə hey yaxınlaşan qorxulu zəhər dalğası – qocalığın bekarçılığından əla vasitəsi var imiş. Beləliklə, o, oxumağı bacarır! Amma məsələ ondadlr ki, oxumağa heç nəyi yoxdur.

***

Milyonlarla kitab var. Ən müxtəlif dillərdə yazılıblar və onlarda hər şeydən, hətta adamın nə bilməsi, nə də barəsində düşünməsi gərək olmayan şeylərdən bəsh olunur.

***

Bütün tələlər içi oyulmuş balqabaqdan ibarət idi, balqabağın bir tərəfində meymunun pəncəsinin çətinliklə girə biləcəyi, o biri tərəfində isə lap balaca dəlik var idi. Dəlikdən kəndir keçirilmişdi. Qalın düyün onu balqabaqdan çıxmağa qoymurdu. Kəndirin o biri ucu hansısa ağacın gövdəsinə bağlanırdı. Bu sadə, lakin effektiv konstruksiyanı balqabağın içinə tökülmüş bir ovuc çay daşı tamamlayırdı. Bir sürü meymun ağaclardan diqqətlə Antonio Xose Bolivarım bütün hazırlıqlarını müşahidə edirdi. Meymunlar hər şeylə maraqlanan heyvan olduqları üçün onun təhlükəsiz məsafəyə uzaqlaşmasını gözlədilər və onlar üçün qoyulmuş maraqlı şeylərə baxmağa düşdülər. Balqabaqların içində diyirlənən daşlar meymunları vəcdə gətirdi. Çoxları o saat pəncələrini dəliyə salıb daşları çıxartmağa çalışdılar. Sıxılmış yumruğun açıq ovucun keçdiyi yerdən keçə bilmədiyini başa düşməyə meymunların ağlı çatmırdı. Onlar qışqırır, var gücləri ilə balqabaqları silkələryirdilər ki, pəncələrindən atsınlar, amma acgözlük qoymurdu ki, yumruqlarını açıb, beləliklə, azad olsunlar.

***

Bu mövzuda öyrəndiyi bütün mətnlərdən onun yaddaşında təsadüfən bir ifadə, sonradan ümidsiz vaxtlarında və çox pis əhvalı olanda dəfələrlə təkrarladığı tək bir ifadə qalmışdı. Öz mənasızlığında əsrarəngiz görünən bu hökm təxminən bu cür səslənirdi: “Hipotenuz düzbucaqlı üçbucağın düz bucaq qarşısındakı tərəfidir”. Sonralar bu ifadə El-İdilio sakinlərini az çaşdırmamışdı. Onlar onu gah mənasız yanıltmac kimi, gah da qəlblərinin dərinliyində bir növ başqa dünyadan olan və yəqin ki hansısa qara qüvvələri çağıran ovsun kimi qəbul edirdilər.

***

Hələ uşaq olanda qarı uzaqdan görmüşdü: qeyri-hamar, elə bil çoxlu quzu dərisindən tikilmiş ağ örtük İmbabura vulkanının yamaclarını əhatə etmişdi. Qocaya bu təbiət hadisəsi ilə yaxından tanış olmaq qismət olmamışdı və o, hərdən kitab qəhrəmanlarının davranışını ağlasığmaz ədəbsizlik hesab edirdi: axı, yazılanlara inansaq, onlar bu nadir gözəlliyə malik olan xalçada onun bütövlüyünü korlayaraq, asanlıqla gəzə bilirdilər və qarın tez kirlənməsi onların ağlının ucundan belə keçmirdi.

***

Yaxşı işdə əlbirlər yox, köməkçilər lazımdır.

***

Demək, Onesen – onların müqəddəslərindən birinin adıdır. Hətta onu öz qəpiklərinin üstündə də həkk edirlər. Heç görməmisən? Onesen adı iki sözlə yazılır, amma onlar bu sözü özlərinə məxsus tələffüz edirlər, həm də sonuna “t” hərfi əlavə edirlər. Budur “One sent” sözü alınır. Ona görə, belə çıxır ki mən indi həm də müqəddəsəm.

***

– Yaxşı, kitabında nədən yazılıb?
– Məhəbbət haqqında.

– Nə danışırsan? Deyirsən məhəbbət haqqında? Hansı, o ehtiraslı, iri döşlü, ətli-canlı qadınlar haqqında olanlar?..
Qoca kobudcasına kitabı bağladı, bundan lampadakı alov dili elə əsdi ki, az qalmışdı sönsün.
– Yox. Dedim axı, bu kitab başqa məhəbbət haqqındadır, həqiqi məhəbbət. Eləsi ki, adamı ağrıdır, əzab verir.

***

Yaşanan illərin adamın müdrikliyini artırdığını çox eşitmişdi. Bircə həmin müdrikliyin nəhayət gəlib özü ilə ona lazım olan şeyləri gətirməsini gözləmək və inanmaq qalırdı: son günlərinəcən ağlı başında qalmaq, xatirələr dənizində üzməyi bacarmaq və həyatının sonunda yaddaşın tez-tez insan üçün qoyduğu tələlərə düşməmək.

***

Ovçu həmişə bir az ac olmalıdır, çünki aclıq qədər hissləri şiddətləndirən başqa bir şey yoxdur.

***

Hindular ona öyrətdikləri kimi, “Gündüz insan var və selva var; gecə insan özü selvaya çevrilir”.

***

– Kim bilir, bəlkə də, onların Venesiyasında yağış heç vaxt dayanmır?
– Ya da yox, yağış onlarda deyil, yuxarıda dağlarda yağır, orada isə çaylar və kanallar daşır.
– Hə orada yəqin rütubət sizdəkindən betərdir. Öz Venesiyalarında su siçovulları kimi yaşayırlar.
– Yox, uşaqlar, bir təsəvvürünüzə gətirin: adam evində oturub, yaxşıca içib və tutaq ki bayıra çıxmaq istəyir. Qapını açır və nə görsə yaxşıdır? Sir-sifətindən balıq ifadəsi yağan qonşular hər tərəfdən ona baxırlar.

***

İnsanın aydın məqsədi yoxdursa, o, elə hər dəfə eyni yerə qayıdaraq fırlana-fırlana qalacaq.

***

Əgər siz gecəni selvada keçirməyə hazırlaşırnırsızsa, yanmış və ya çürümüş ağacın gövdəsinə yaxın yeri seçmək yaxşı olar. Orada həmişə bütün selvann ən yaxşı keşikçiləri – yarasalar gecələyirlər.

***

Şuar hinduları təkrarlamağı sevirlər: “Əgər hiss etsən ki, ov çox asan gedir, heyvanın izi özü ayaqlarının altında peyda olur, onda bil: özünə şikar seçdiyin artıq sənin arxandadır və səni izləyir”.

***

Uzaq keçmişdə şuar tayfasının başçılarından biri birdən-birə dəyişdi – qəzəbli və qəddar oldu. O, qəbilə üzvlərini elə belə, heç bir səbəb olmadan öldürürdü. Onda ağsaqqallar ona ölüm hökmü kəsdilər. Tynaupi – qaniçən başçının adı belə idi – əhatə olunduğunu görəndə qaçmağa başladı. Qaça-qaça onu təqibdən qurtaracaq ovsunu tələffüz etdi. Başçının cadugərlik etməyi bacardığını hamı bilirdi və gözləyirdilər ki, o hansısa sürətli qaçan heyvana çevriləcək və selvada ona çatmaq çox çətin olacaq. O isə, əksinə, tənbəl ərincəyə çevrildi, təqibçilər ona fikir vermədən yanından qaçıb getdilər. O vaxtdan, şuar tayfası qəbilənin ağsaqqallarının hökmünü yerinə yetirmək üçün təqibdən qaçan Tynaupini axtarır. Ərincəklərin hamısı insanlar üçün eyni olduğundan, şuarlar onları görən kimi hamısını öldürür.

***

Bəli, şuar tayfasından olan hindular sualların yalan törətdiyini hesab etdikləri üçün hekayəni danışandan sonra həmişə çıxıb gedirlər.

***

Bu sənin ölümündür, o, əlindən qaçır ki, qayıdıb səni gözləmədiyin anda tutsun. Əgər o özünü belə aparırsa, bu o deməkdir ki, hələ sənin gediş vaxtın çatmayıb. Onu izlə, ona çat və öldür.

***

Antoniyo Xose Bolivar yavaş-yavaş taxma dişlərini çıxardıb yaylığa bükdü və faciənin günahkarı olan qrinqonu, alkaldı, qızılaxtaranları, öz varlığı ilə onun çox sevdiyi amazon selvasının toxunulmamış təmizliyini ləkələyən hər kəsi lənətləyə-lənətləyə maçete ilə qalın bir budaq kəsdi və ondan tutaraq El-İdilioya, öz daxmasına, öz kitablarına doğru addımlamağa başladı. O kitablara ki, onlarda məhəbbətdən bəhs olunur və elə gözəl sözlərlə ifadə olunur ki, hərdən insanın vəhşi təbiətini unutmağa məcbur edir.

Tərcümə: Sevinc Məmmədova

Qiymətləndirin

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook