Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Erlend Lu “Qadının hökmranlığı altında”

erlend_lu_qadinin_hokmranligi_altinda_kkoAnnotasiya

“Qadının hökmranlığı altında” (isveç dilində “Tatt av kvinnen”) – Erlend Lunun debüt romanıdır. Əsər qətiyyətli gənc qadının təsiri altına düşmüş bir oğlan haqqındadır və Lu onun sıxıntıları və sevinclərini, daxili təkamülü və özü kimi qalmaq cəhdlərini özünəməxsus istehzalı tərzdə təsvir edir. Əsərin qəhrəmanları hovuza gedir, folklor mahnıları oxuyur, Avropanı gəzib dolaşır və özlərini tapmağa çalışırlar.

Karandaşın izi ilə

Qərara gəldim ki, ona bir könüldən min könülə aşiq olum. Günü sabahdan başlayacam. Bu elə də çox vaxt aparmamalıdır.

***

Birdən o soruşdu, məgər ağlına heç olmasa bir dahi fikrin gəlməsini arzulamaqla çox şey istəyir? Elə bir fikir ki, hələ heç kimin ağlına gəlməyib.

***

Səncə böyük olmağın ən yaxşı cəhəti nədir? – bir bazar günü Marianna nəyisə oxuya-oxuya soruşdu, dedim ki, böyüyəndən sonra məni sevindirən yeganə şey almanı yarı bölməyi öyrənməyim olub.

***

Cari iş heç vaxt qurtarmır.

***

İnsanın sevməsinin ən düzgün əlaməti odur ki, o dəqiq bilmir sevir yoxsa yox.

***

Hesab edirdi ki, kinoya tək getmək darıxdırıcıdır. Heç vacib deyil film adamın zəif damarını tutsun, əsas odur ki, sonra kiminləsə təəssüratlarını bölüşəsən.

***

Biz cənuba doğru uzaqlaşdıq və aydın oldu ki, almanlar tutqun gecənin cazibəsini məhv edərək hər şeyi işıqlandırmaq adətini isveçlilərdən götürüblər. Bu məqamda mən öz narazılığımı açıq şəkildə dilə gətirirəm, amma Marianna deyir ki, almanları da isveçlilər qədər başa düşür. Bəlkə almanlar da qaranlıqdan qorxurlar.

***

Məncə, almanlar monumentallığa olan qeyri-adi asılılıqdan əziyyət çəkirlər. Mariannanın fikrinə görə, bəlkə bu cür monumentallıq onun heç olmamasından daha yaxşıdır.

***

Yeni şeyləri məlum şeylərlə müqayisə etməyi bacarmaq zəruridir. O vaxt bu səyahətin mənimçün mənası olacaq.

***

Hansısa alman bir (özünə görə unikal) saat düzəltməyi bacarıb, saat elə hiss yaradır ki, elə bil qarşıda çox zamanımız var. Bu saatda vaxt ölə-ölə gedir. Alman dəmiryol stansiyasında həyat sanki donur. Saniyə əqrəbi hər rəqəmin üstündə uzun-uzadı dayanır. Bu möhtəşəm ixtiradır. Saat vaxtı göstərməyə tələsmir.

***

Əgər biz qatardan düşməsək, deyirəm, bu və ya başqa yerdə olduğumuzu söyləyə bilməyəcəyik. Marianna hesab edir ki, bu sadəcə definisiya məsələsidir, bundan başqa, sonra tanış-tunuşa nə deyəcəyimiz onun vecinə deyil.

***

Poçt açıqcası – bu sadəcə söz və idrak oyunudur, deyir. Poeziya ilə qohum kimidir.

***

Onun fikrinə görə, ad günlərini qeyd etməyi fikirləşən şəxs bunu ona görə eləyib ki, biz sevinək və böyüməyimiz haqda fikirləşməyək (hər ad günündə bu haqda düşünmək təbii olardı). Adam mahnı oxuyanda, ya da ağzı peçenye ilə dolu olanda qorxu və melanxoliya üçün sadəcə yer qalmır.

***

Deyir, insan ən yaxşı halda yetmiş-səksən il yaşayır. Başımı yelləyib razılaşıram. İnsan anadan olur, lazımi şeyləri öyrənir və müəyyən vaxt bunlardan istifadə edir. Biz ağıllanırıq, boya-başa çatırıq, böyüyürük, sonra isə qocalıq gəlir. Və məhz nələrisə dərk etməyə başladığımız, çox vacib bir şeydən yapışdığımız zaman artıq bundan istifadə etməyə gücümüz qalmır. Hər ikimiz susuruq. Onunla razıyam – bu son dərəcə ədalətsizdir.

***

Səhər haqqında düşünürəm. Səhərin nə axşam, nə də gecə kimi olmadığı haqda. Səhərlər insanlar tam başqa olur. Səhər onlar daha tənhadırlar. Bu soyuq və rütubətli havada. Axşamlar insanlar bir yerə toplaşır, konyak içir, şahmat oynayır, musiqiyə qulaq asır və onun gözəl olduğunu deyirlər. Gecə məhəbbətlə məşğul olur və ya yatırlar. Amma səhər… Səhər yeməyinə kimi… Sən tamamilə tənhasan.

***

Bəs sizin adınız nədir? – soruşur. Mənim? Əgər onun adı Mirlindadırsa, nə fərqi var mənim adım nədir.

***

Üstünlük ikinci qayıdanın tərəfindədir. Özünü gözlədən qalib gəlir.

***

Bircə fikirləş, hər şeyin səbəbi olsaydı, hər şey elə cansıxıcı olardı ki. Millət səfehlik etməyi dayandırardı, biz də daha az gülərdik.

***

Kimsə bir yerə getmək üçün yolu izah edəndə, əslində yol həmişə daha uzun olur.

***

Musiqi ilə əhatələnmiş, sıçrayıb girə biləcəyin, nabat alıb sora biləcəyin və bütün səbəb-nəticə əlaqələrini cəhənnəmə yollaya biləcəyin xilasedici qara dəlik yoxdur. Heç nə həqiqətən bitməyənə qədər bitmir. Və bitdisə, deməli tam bitmişdir.

***

Ancaq heç nə baş vermirdi. Təşəbbüsüm olmadan heç nə baş vermək istəmirdi. Mənsə heç nə eləmirdim.

***

Tez başa düşsəm yaxşı olar ki, nəyəsə qismən qarşı, elə bil bir az qarşı olmaq olmaz, ona görə ki, “bir az”-ın nə olduğunu heç kim sezməyəcyəcək. Onun fikrincə, bu qorxaqlıqdır.

***

Gecənin ortasında yuxudan oyandım.
Beynimdən keçdi ki, bu dünyada mənim həyatımı yaşamağa məcbur olan yeganə adam elə mən özüməm.

Tərcümə: Sevinc Məmmədova

4 (80%) 4 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram