Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Treysi Letts “Avqust: Oseyc qraflığı”

kko_treysi_letts_avqust_oseyc_qrafligiAnnotasiya

“Avqust: Oseyc qraflığı” (ingiliscə “August: Osage County”) – Bir vaxtlar məşhur olan şair Beverli Ueston qəfildən yoxa çıxır. Ailə bir yerə yığılır və hər şey başlayır: sirlər, xəyanət, qəlb qırıntıları.
Xarakter və hadisələrlə zəngin təsirli və faciəvi pyesdir. “Avqust: Oseyc qraflığı” Oklahomadan olan ailə haqda saqadır. Gülməli, eyni zamanda kədərli komediya.
Son illər Brodveydə səhnələşdirilən ən təsirli pyesdir. Əsər 2008-ci ildə Pulitzer mükafatına layiq görülüb. 2013-cü ildə isə əsər əsasında baş rollarını Culia Roberts, Meril Strip kimi aktrisaların ifa etdiyi film ekranlaşdırılıb.

Karandaşın izi ilə

Oğul evə gəlir və valideynlər tələ qurur. Ağsaqqal və ağbirçəyin oğula deyiləsi sözü yoxdur. Onlara lazım olan şey övladlarının bir-iki saat kresloda oturub onlarla bir damın altında yuxuya getməsidir. Bu sevgi deyil. Sevgi kimi bir hissin olmadığını da iddia etmirəm. Mən sadəcə sevgi adından istifadə edib, əslində sevgidən fərqlənən şey haqda danışıram. Ola bilsin ki, danışdığım şey olmadan sevgi də olmazdı. Ancaq özlüyündə bu sevgi deyil. Bu insanın qanındadır. Doğma qana meyl – bu hamının alnına yazılıb. Bu insanı özündənrazı məxluqdan fərqləndirən cəhətdir. Siz doğulanda atanız və ananız nəsə itirir və dəridən-qabıqdan çıxır ki, itirdiklərini geri qaytarsınlar – bu elə sizsiniz. Başa düşürlər ki, heç vaxt tamamilə geri qaytara bilməyəcəklər, ona görə, daha çox parçanı qaytarmaq istəyirlər. Və beləliklə ağcaqayınlar altında nahar yeməyi ilə ailə bətninə qayıdış səkkizayaqlı ilbizlərin üzdüyü hovuza baş vurmağa oxşayır.

***

“Həyat çox uzundur…” T.S.Eliot

– Məncə,…əziyyət çəkib bunu qələmə alıbsa, onun əziyyətini yüksək qiymətləndirmək lazımdır. Düzdür, bunu deyən ilk insan o deyil,… və şübhəsiz, bunu düşünən də ilk o deyil. Ya da bunu hiss edən. Ancaq o, bu sözləri vərəqə yazıb və altından imzasını atıb. Ona görə bu ifadəni səsləndirirsinizsə, onun adını da qeyd etməlisiniz, zira bu eynəkli dahi olub.

“Həyat çox uzundur”: T.S.Eliot.

***

Budur, növbəti dəfə təqsirin etiraf əlaməti olaraq başımıza kül tökmək… ailə gəmimizin kursunu düzəltmək ümidilə and vermək əvəzinə İlahi Qüvvəyə arxalanmaq (stəkanı qaldırır) … və sahibkarlar sinfinə qoşulmaq qərarına gəldim.

***

Budur, sonuncu təsəlli yerim, kitablarım: bir küncdə tapılan cır soğan, ya da qarşılıqlı məhəbbət kimi sadə sevinc mənbəyi.

***

Bütün qadınlara kosmetika lazımdır. Bunun əksini deyən olsa, inanma. Dünyada bir qadın var ki, bəzəyə ehtiyacı yoxdur. O da Elizabet Teylordur! O belə tonal kremdən istifadə edirdi.

***

Soyqırım törədiləndə heç vaxt dəhşətli görünmür.

***

– Nikah ağır əməkdir.
– Hətta ən əlverişli şəraitdə belə.

***

Bu xüsusiyyətinə görə onda… o vaxt ona aşiq olmuşdum! Müəmmalı göründüyünə görə. Bu mənə elə cazibədar gəlirdi ki. İstənilən yığıncaqda onun hamıdan ağıllı olması gün kimi aydın olurdu, bilirdin ki, ağzını açsa, hamını susduracaq. Amma yox, o sadəcə durur və sakitcə gülümsəyirdi… bircə söz də demirdi.

***

– Hindu ilə nə danışım?
– Ana, onları “yerli amerikalılar” adlandırırlar.
– Kim? Kim elə adlandırır? Kim belə qərara gəlib?
– Belə adlandıranda onların xoşuna gəlir.
– Onlar da elə mənim kimi “yerli”dirlər.
– Düzün demək gərəkirsə, onlar daha “yerli”dirlər.
– “Hindu” deməyimdə nə var ki?
– Niyə insanları xoşladıqları kimi çağırmaq belə çətindir?
– Onda gəlin, dinozavrlara da “yerli amerikalılar” deyək.

***

– Axı bilirsən, sən onun sevimlisi idin. Özünü bilməməzliyə də vurma!
– Bu haqda eşitmək belə istəmirəm! Valideynlərimin övladlarının hamısını eyni dərəcədə sevdiyini düşünmək mənə daha xoşdur.
– Yəqin hədiyyələri Santa Klausun gətirdiyini də düşünmək sənə xoşdur. Ancaq, təəssüf ki, bu belə deyil. Özünün bir neçə uşağın olsaydı, başa düşərdin ki, valideynlərin həmişə sevimliləri olur.

***

Sadəcə nəzakətli ol, səni alçaltmaq istəyəndə cavab ver.

***

Məni özünə vurğunluqda ittiham edirsən, sənin haqda danışmaq istəyəndə isə “psixoanaliz”dən razı qalmırsan!

***

– Niyə kişilər həmişə mənasız şeylərdən danışırlar? Sanki nə keçmiş, nə gələcək var.
– Bəlkə bunu gender müzakirəsinə çevirməyək?
– Kişilər həqiqətən yalnız “indi”nin olduğuna inanırlar? Axı bu idiotizmdir – yüksək səslə danışmaqdan qorxduğun mövzulardan çəkinmək.

***

Pərvərdigara, nə yaxşı ki, gələcəyi görmə qabiliyyətimiz yoxdur! Yoxsa ümumiyyətlə yataqdan qalxmazdıq.

***

Fikirləşirsən, sən öləndən sonra arxanca ağlayacam? Fikirləşirsən ki, digər rolları oynadığımız kimi bu rolu da oynayacam?

***

Elə olurdu ki, yuxarıda, yataq otağında oturur, yastığı ər kimi təsəvvür edirdim. Ondan soruşurdum ki, işdə günü necə keçib, ofisdə nə kimi yeniliklər var, şam yeməyinə hazırladığım xörək xoşuna gəlibmi, qışda məzuniyyətə hara gedəcəyik; elə bu vaxt mənim üçün sürpriz edir – Belizə bilet! Və biz öpüşürdük… Təsəvvür edirsən, hətta yastığı öpürdüm də? Bəli, bəli, ehtirasla yastığı qucaqlayırdım! Sonra ona həkimdə olduğumu və uşağımız olacağını deyirdim. Bilirəm gülməlidir, ancaq bütün bunlar elə məsumcasına görünürdü ki…
Sonra real həyat həmişə olduğu kimi hər şeyi öz yerinə qoyurdu…
…heç nə nəzərdə tutduğum kimi baş vermirdi. Nəticədə yastıq qarşıma çıxan bütün kişilərdən yaxşı çıxırdı.

***

– Bu aldığım ən bahalı kostyumdur.
– Ona nə qədər xərclədiyinin əhəmiyyəti yoxdur. Eləyə qalsa, dəmir zirehlər də bahadır.

***

Qadın cavan olanda gözəldir. Sonra isə yox.

***

– Qadınlar qocalandan sonra cazibədar görünə bilməzlər. Şəxsən mən bununla barışa bilərəm. Bəs sən?
– Mən də barışa bilərəm, ancaq bu fikirlə razı deyiləm. Bəs Sofi Loren? Lena Xorn? Səksən yaşlarında belə dəhşət cazibədar görünürdülər.
– Yer kürəsi yumrudur. Buna alış.

***

Axı çoxdan məsələyə aydınlıq gətirmişik ki, sən məkan və zamanın hökmdarı, mən isə sadəcə pox parçasıyam.

***

Cinsi yetişkənlik dövrünü beşinci dəfə yaşadığın bir vaxtda ətrafında dünya dağılır.

***

Barbara, sən ağıllı qadınsan, ancaq səmimi deyilsən. Ehtiraslısan, amma qəddarsan. Mehriban, tərbiyəli, hazırcavabsan – əla qadınsan və mən səni sevirəm, lakin səninlə birlikdə yaşamaq qeyri-mümkündür!

***

Əzizim, reallıq ondan ibarətdir ki, daha gənc qadınla rəqabətə girmək qeyri-mümkündür. Bu həyatın əsas ədalətsizliyindən biridir.

***

– Ana deyir ki, qadın yaşlaşdıqca cazibədarlığı azalır.
– Hmm, razı deyiləm, mən…
– “Cazibədarlığı azalır” deməmişəm. Demişəm ki, “qorxunc olur”. Karen, sənin məsələyə necə baxmağının fərqi yoxdur. Sən artıq öz nümunəndə bunun belə olduğunu sübut etmisən.

***

Bəzi insanların həqiqətə dözümü yoxdur.

***

– Bilirsən o dörd yaşından on yaşına kimi harada qalıb? Bilirsən?
– Yox.
– Pontiak sedanda. Atası və anası ilə maşında! Bəlkə yenə də özünün bədbəxt uşaqlıq dövründən danışmaq istəyirsən? Gəcliyimizdə çox çətin yaşayırdıq, sonra çox yüksəyə qalxdıq – bütün problem də bundadır. Hər şeyi qurban verdik…sizə görə. Atanızla mən ailələrimizdən ilk məktəbi qurtaran insanlar olmuşuq. Daha sonra o hörmətli şair ola bildi. Sizin hamınız isə universitet təhsili aldınız və elə bilirdiniz ki, buna haqqınız çatır – həyatda nəyə nail oldunuz? (Barmağı ilə Kareni göstərir) Sən? (Barmağı ilə Ayvini göstərir) Sən? (Barmağı ilə Barbaranı göstərir) Bəs sən? Siz də bizim kimi əziyyət çəksəydiniz, hamınız çoxdan prezident olardınız! Axı həyatınızda heç vaxt əsl probleminiz olmayıb, ona görə onları uydurmusunuz.

***

Yox bir! “Böyük nəsil”! Onlar yüz faiz o biri nəsilləri yoxlayıblar? Dəmir əsrdən hesablansa, bəlkə daha böyük bir şey tapılar? Ümumiyyətlə, bu “Böyük nəsil” digərlərindən nə ilə fərqlənir? Yalnız ona görə ki, çox yoxsul olublar və faşistlərə nifrət ediblər? Eləyə qalsa, faşistlərə hamı nifrət edib, sonra?

***

– Bax bunu, atamızla anamız haqda xüsusi qeyd etmək lazımdır. Nikahlarını uzun müddət sürdürən şəxslər qarşısında baş əyirəm.
– Karen! Atamız özünü öldürüb!

***

Boşanma hamının gözü qarşısında biabırçı şəkildə öz məğlubiyyətini qəbul etməkdir. Xərçəng isə xərçəngdir, lənət şeytana, onunla heç nə etmək olmaz.

***

– Ailə birliyi və bacılıq bağları haqda miflər zəhləmi töküb. Biz hamımız insanıq, bəzilərimiz təsadüfən genetik cəhətdən əlaqəli olmuşuq; bu ki ixtiyarı hüceyrə toplusudur. Bu qədər.
– Sən nə vaxt belə abırsız oldun?

***

Qadının neçə yaşı olmasının əhəmiyyəti yoxdur. Həyatının bir səhifəsi ilə ayrılmaq onun üçün həmişə çətin olub.

***

Həm də demək istəyirəm ki, real həyat ağ və qaraya, xeyir və şərə bölünmür. O hardasa ortada bir yerdədir, bizim kimi adi adamların yaşadığı bir yerdə.

***

Asta-asta çürümə kataklizmlərdən daha pisdir.

Tərcümə: Lamiyə Göycəyeva

5 (100%) 1 vote

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook