Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Əhməd Batman “Soyuq qəhvə”

kko_ehmed_batman_soyuq_qehveAnnotasiya

“Soyuq qəhvə” (türkcə “Soğuk kahve”) – Əhməd Batman ilk kitabı olan “Soyuq qəhvə” ilə ədəbiyyat dünyasına olduqca iddialı bir giriş edib. Qadın-kişi münasibətlərinə, sevgilərə, daha doğrusu həyata fərqli bir prizmadan baxan əsərlə tanışlığa hazır olun.
Əhməd Batman kitabında gündəlik həyatımızda yaşadıqlarımızdan bəhs edir.

“Soyuq qəhvə”nin özəlliyi onun çox səmimi yazılmasıdır. Bəzən bu səmimiyyət sizi təəccübləndirə bilər, bəzən isə gerçəklərlə üzləşməyinizə kömək ola bilər.

Karandaşın izi ilə

Hər kəs sevildiyi qədər dəyişə bilər və yenə hər kəs dəyişdiyi qədər ayrılığa məcbur qalar.

***

Ağıl qəlb qədər bədəni yormaz…

***

Sevgilərimizin davamı vərdiş etdiyimizdəndir.

***

“Niyə sevirəm?” – deyə, sual verməlisən özünə. Bir cavab tapa bilmədiyin an tənhalaşırsan. Həqiqətən, niyə sevirsən? İnsan bir neçə səbəb göstərə bilməlidir.

***

Bəzən birini cümə günü qədər sevərsən.

***

Həyatında minlərlə insan var ikən, heç o, birinə ilişib qaldınmı?

***

İnsan bu dünyaya öyrənməyə gəlir, sən ən son getməyi öyrən.

***

Qarşındakı səni aşkar edənə qədər varsan, aşkar olunduqdan sonrası bayağılıqdır.

***

Bazar ertələrini sevmirəm, amma səni sevirəm.

***

Bəziləri gedərkən arxasına ağrı, bəziləri isə sevgi atar.

***

Tənhalıq – ofisiantın gəlib “Nə içəcəksiniz?” – deyə soruşduğunda, sənin dönüb sual verəcəyin birisinin olmamasıdır. “Çay” deyərsən, “Qəhvə” deyərsən, “Nə içirsən, canım?” – deyə soruşa bilməzsən.

***

Bir şeyin əsl dəyərini itirdiyin zaman başa düşərsən. Dünyanın ən axmaq insanı olsan belə başa düşərsən. İtirmək də belə bir şeydir.

***

Bəzən heç gəlməyəcək birini gözləyərsən və birini gözlədiyini eşidən hər kəs özünə götürər.

***

Bəzən sıxılırıq. Yəni çox zaman. Əslində, ümumiyyətlə sıxılırıq. Bəli sıxılırıq, bəlkə də bir limondan daha çox.

***

Bəzən sırf o sevir deyə, ona oxşayarıq.

***

“Ana” deyə bilmək başqa bir rahatlıqdır.

***

Bəzən ortada heç bir səbəb yox ikən darıxarsan.

***

Əslində heç bir sualımın cavabı deyilsən, amma sevirəm.

***

Mən səni başqa bir əlifbayla sevirəm.

***

İnsan dünyada tənhalıqdan tükənməməlidir.

***

Saatın zəngindən qabaq oyanmağın xoşbəxtliyi təsvir edilə bilməz.

***

Bu səhər də sevdik, çox şükür!

***

Bəzən inanmadan yaşaya bilir insan. Yaşadıqdan sonra inanarsan. Burda nə var ki?

***

Qız millətindən qorxacaqsan. Sevgi də, ayrılıq da onlardan gəlir. Onsuz da kişi milləti bir o qədər də bacarmaz sevməyi də, getməyi də…

***

Getməyi bilirsən, qayıtmağı da öyrən. Bacarmırsan, bir kursa yazıl, amma necə olursa, olsun qayıt.

***

Bu günlərdə içində sən olan bütün dünənlər üçün darıxdım, amma sənin üçün heç darıxmadım. Mən sadəcə yaşadıqlarımızı sevdim. Sən mənim “puzzle”ım idin, tamamladım səni bitdin, sıran gəldi getdin.

***

Arada darıxıram, amma səninlə bir əlaqəsi yoxdur.

***

Dəyişməmək kimi bir dəbdəbəmiz yoxdur.

***

Problem sevgidə deyil, sadəcə tutuzdura bilmirik.

***

Soyuq hər zaman insanı üşütməz. Bir sevgilinin yoxluğu da üşütməz. Bir ananın soyuq məzar daşı üşüdə bilər, məsələn.

***

İtirdiyim insanları sıfıra vurdum və bir dəfə də itirdim.

***

Bir qızı çox sevərək xoşbəxt edə bilməzsiniz. Ona başqalarından fərqli olduğunu hiss etdirin.

***

Əslində “ideal” olmağa ehtiyacımız yoxdur. Sadəcə insanın itirdikləri üçün darıxacaq qədər vicdanı olmalıdır.

***

İnsan susduqlarının da haqqını verməlidir.

***

Bir kişi bir qadın qədər qüsursuz sevə bilməz. Çünki içindəki öküzlük və aclıq heç bir zaman bitməz.

***

İdeal olan sənsən, sevgilim. Mən sənə qarışa bilməsəm, bir şey ola bilmərəm.

***

“Səni sevirəm” demədən də, sevə bilərəm səni.

***

“Səni sevirəm” demək – böyük riskdir. Bəzən bütün bir həyatını alt-üst edər.

***

Əlbəttə, təklik içində gülləsi olmayan ən güclü silahımızdır.

***

Kişinin eşq sandığı, əslində, bir az da cinsi impulslarıdır.

***

İnsan onu başa düşəcək birini sevməli ya da eyni şeylər uğruna yaşadığı biri olmalı.

***

Məncə, yaxşı olmaq səmaya istədiyin an baxa bilməkdir.

***

Bəlkə də dünyanın ən uzaq məsafəsi dodaqlarımızın arasında…

***

Səninlə yemədiyi şirniyyatı başqası ilə yeyirsə – bu belə aldatmaqdır, yetər ki hiss et.

***

Bütün münasibətlər yorar. Onsuz da iki insanın yorulmadan birlikdə olması bir möcüzədir.

***

Gələcəkdəki sevgiliyə ismarıc: “Getmək üçün gəlmə!”

***

Çox yox, bəzən bir neçə cümlə bəs edər insana: “Səni sevirəm” kimi, “Darıxdım” kimi…

***

Hər kəsin həyatına qatdığı ən azı bir cümləsi olmalıdır.

***

Mən ağlına gəlsəm, sən də mənə gəl.

***

Və gün gələr səsim üçün darıxarsan. O zaman qürur etmə, sadəcə zəng et.

***

Qüsurlarını belə görə bilmirəm, mən səndə kor oldum.

***

Vaxt itirə-itirə sev məni, heç yerə tələsmirəm.

***

İçindən çıxa bilmədiyin bir şey varsa, içində qal, çıxma. Dünyanı sənmi xilas edəcəksən?

***

Bəzi insanların bir münasibəti başlamadan bitirə bilmək kimi bacarıqları var.

***

Xəyalların xülasəsi olmaz və kim nə deyirsə desin, heç bir sevgi ömür boyu davam etməz. Vərdişdir o.

***

Çoxlu su içməyin və ağlına gələni söyləməyin tərəfdarıyam.

***

Pis tərəfi bilirsən nədir? O, getdikdən sonra, hər şeyin daha da gözəl olması.

***

Nə qədər yaxşı biri olsan, o qədər tez tək qalarsan.

***

Baxma, bəzən ayrılıq yaxşı təsir edir. Bir şeyin ağrısı verdiyi xoşbəxtlikdən daha gözəl ola bilir.

***

Əlləri üçün darıxarsan, məsələn. Hansı ki, o tərlədiyində belə buraxa bilmədiyin əlləri üçün…

***

Bəzən aşiq olarsan və eşq, ümumiyyətlə xoşbəxt edər.

***

Aşiq olmaq bir növ insanın öz dəyərini aşağı salması kimi bir şeydir.

***

Bu arada, düşünürəm ki, təklik peşə kimi bir şeydir.

***

Bəzən həyat “hələ də təkliyi sevirsənmi?” – deyə soruşar.

***

Əslində sevdiyin hardadırsa, o uzaqlığı düşünərsən.

***

Gözünə baxmadığın bir insan sənə nə qədər yaxın ola bilər ki…

***

Bəzən üşüyərsən, bunun fəsillərlə bir əlaqəsi yoxdur.

***

Təklik yaxşıdır, xoşdur, gözəldir, amma insan bəzən qucaqlamaq istəyir.

***

Onsuz da bir kişi “seks mənim üçün ikinci planda gəlir” deyirsə, o kişinin birinci planı yoxdur.

***

İlk insanda həqiqəti tapacaq qədər uğurlu deyilik, amma həqiqi insanı tapmaq üçün yüzlərlə həyatdan keçəcək qədər də axmaq olmamalıyıq.

***

Həyatda ən gözəl şey münasibətin içindən hələ də sevilərək çıxa bilməkdir.

***

Bəzi şeylər bir-birindən ayrılmalıdır: sevməklə sevişmək kimi.

***

Bəzən sahib olduğun tək şey “Onu fikirləşə bilmək” bacarığıdır.

***

Məncə heç bir insan beş yüz səhifəlik eşq yaşamadı…

***

Heç bir ortaq nöqtənizin olmadığı və heç bir mövzuda razılaşa bilmədiyiniz birinə vurularsınız. Bu həyatın “Bu da sənə, sevgi” demə formasıdır.

***

Bəzən telefonunuzda “Anam” və ya “Atam” adında bir nömrənin qeyd edilməsi belə yetər…

***

Onsuz da insanlar qəlbi qədər beynini yorsaydı, sinənin çox da cəlbedici bir şey olmadığını kəşf edə bilərdi.

***

Həyat almadan verməz, sevdiyin hər şey səni sona bir az daha yaxınlaşdırır.

***

İnsan bir dəfə gecikər, digər gecikmələr onun davamıdır.

***

Kişi beyninin yetmiş faizi seksdir. Qalan otuz faizini isə bir formada seksə doğru çəkə bilir.

***

Vacib olan nələrə sahib olduğun deyil, nələrin sənə sahib olduğudur.

***

Hər keçmiş sevgili bir məzardır?

***

Əgər sadəcə dodaqlarınla öpüşə bilirsənsə, deməli çox əksik yaşayırsan.

***

Məncə sevgi və ayrılıq dərddən sayılmamalıdır. Yaşamağın lazım idi və yaşadın kimi düşün.

***

Sevgi bir qəlb qəzasıdır, içindən sağ çıxa bilməzsən və hər şey yarımçıq qalar, sənin kimi, mənim kimi.

***

Günahsız deyilik, sadəcə gülüşlərimiz gözəldir.

***

Sən onun qəfəsisən, o sənin səmaya həsrət, amma hər fürsətdə hisslərinin üzərinə sıçan quşun.

***

İnsan tək doğular və tək yaşayar, təklik öyrəniləcək bir şey deyil, öyrədilən bir şeydir.

***

Səni yuxumda görməyəcək şəkildə yatıram: gözlərim açıq, yaddaşım sənə qapalı.

***

“Qal” deməklə “getmə” demək eyni şeydirmi? Düşünmək lazımdır.

***

“Ruh əkizi” məntiqini qavramaq onsuz da mümkün deyil. Əgər ruh əkizi deyə bir şey varsa. O ruhun hansı bədəndə saxlandığını tapmaq başqa bir mövzu. Və ya ruh əkizin səninlə eyni cinsdən bir bədənə yerləşdirildisə…

Tərcümə: Jalə Əsədova

4.6 (91.67%) 24 votes

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook