Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Qustav Flober “Madam Bovari”

kko_qustav_flober_madam_bovariAnnotasiya

“Madam Bovari” (fransızca “Madame Bovary”) – Qustav Flober dünya ədəbiyyatına obyektiv roman müəllifi kimi düşüb. Yazıçı müşahidəçi olmaqla kifayətlənir, özünün nəzər nöqtəsini oxucuya sırımağa çalışmır. Roman Floberin altı illik əməyinin məhsuludur. Roman XIX əsr Fransa əyalət həyatının ensiklopediyasına çevrilib.

Romanın əsas qəhrəmanı Emma Bovari həkim arvadıdır, əyalət həyatının boşluğundan və bayağılığından qurtulmaq ümidi ilə nikahdan kənar əlaqəyə girir. Romanın süjeti sadə və hətta bayağı olsa da, əsərin həqiqi dəyəri detallarda və süjetin təqdimat formasındadır.

Karandaşın izi ilə

Uşaq vaxtı “Pol və Virciniya”nı oxumuşdu. Və sonra uzun müddət bambuk koması, zənci Dominqo, Fidel adlı it haqda arzular qurmağa başladı. Amma ən çox nəhəng, zəng qülləsindən hündür ağaclardan yetişmiş meyvələr dərən, ya da ayaqyalın qumsalda qaçıb əlində quş yuvası ilə onun yanına gələn sevimli kiçik qardaş ilə mehriban dostluq istəyirdi.

***

Dənizdirsə, mütləq coşqun olmalıdır, otdursa, mütləq uçurumun kənarında olmalıdır. Bu bədiidən çox həssas xasiyyət idi, onu təbiət təsvirlərindən çox, hisslərin ifadəsi həyəcanlandırırdı. Hər ifadədə öz sorğularına cavab verən şeyləri axtarırdı, ruhi tələbatını qane etməyən hər şeyi lazımsız bir şey kimi rədd edirdi.

***

Elə yerlər var ki, orda doğulmaq xoşbəxtlikdir – bəzi bitkilər üçün xüsusi torpaq lazım olduğu kimi, çünki başqasına çətinliklə öyrəşirlər.

***

Bununla belə məgər kişi hər şeyi bilməli, həmişə yüksəkdə olmalı, qadında ehtiras oyatmalı, onun qarşısında həyatın bütün çətinliklərini açmalı, onu varlığın bütün sirləri ilə agah etməli deyilmi? Ancaq o, heç nə öyrətmirdi, heç nə bilmirdi, heç nə istəmirdi. O elə fikirləşirdi ki, Emmaya yaxşıdır. Emmanı isə onun arxayınlığı, sarsılmaz əminliyi, hətta onunla xoşbəxt olmağı qıcıqlandırırdı.

***

Və o, oğlunun xoşbəxtliyinə səssiz kədərlə baxırdı, – bir vaxtlar özünə məxsus evə baxan və stolun arxasında yad insanların oturduğunu görən müflis olmuş varlı kimi.

***

Buna baxmayaraq, Emma vəziyyəti ilə barışdı; bütün gözəl paltarlarını sandığa yerləşdirdi, hətta mumla örtülü, sürüşkən parketdən altlığı saralan atlas ayaqqabılarını da. Ayaqqabıların başına gələn onun ürəyinin də başına gəlmişdi; cah-calalla təmasdan onda silinməz izlər qalmışdı.

***

Bu uzun mantiyalar, böyük sirlər, təbəssüm arxasında gizlənən qəlb ağrıları dünyası idi.

***

Bəlkə məhəbbətin də hind florası kimi yumşaq torpağa, xüsusi temperatura ehtiyacı var?

***

O ölmək, eyni zamanda Parisdə yaşamaq istəyirdi.

***

Hərçənd kənddə böyümüş bir çox insan kimi xüsusi həssaslıq və rəhmdilliyi ilə fərqlənmirdi. Çünki atalarının əllərinin kobudluğu onların ürəklərinə sirayət edirdi.

***

Bayağı qəhrəmanlara və hisslərin nümayişində etidala nifrət edirəm. Onsuz da həyat onlarla doludur.

***

Qadına isə hər yerdə əngəl var. Tənbəl və eyni zamanda təbiət etibarı ilə tez uyğunlaşan qadın iki od – cismani zəifliyi və qanunun ağırlığı arasında qalır. Onun iradəsi eynilə şlyapasının duvağı kimi ipdən asılıdır və bir balaca külək əsasən kimi titrəməyə başlayır; onu həmişə hansısa bir şıltaqlıq cəzb edir, həmişə hansısa bir şərtilik dayandırır.

***

Ona elə gəlirdi ki, məhəbbət qəfil, ildırım parıltısı, göy gurultusu ilə gəlir; həyata göydən düşür, onu alt-üst edir, arzuları yarpaq kimi qoparır və ürəyi burulğana sürükləyir. Onun heç ağlına da gəlməzdi ki, su boruları tutulanda yastı damlarda yağışdan göllər əmələ gəlir və öz evinin divarlarında çatlara rast gələnə kimi rahatca yaşayırdı.

***

Məişət bozluğu dəbdəbə, həyat yoldaşının nəvazişləri – xəyanət yanğısı ilə bağlı arzuları oyadırdı.

***

– Elədir ki, var, – Felisita dedi, – sizdə də Gerinada olduğu kimidir. Boledən olan balıqçı Geren dayının qızı. Sizin evdə işə düzəlməmişdən qabaq onunla Dyeppedə tanış olmuşdum. Həmişə kədərli olurdu, elə kədərli olurdu ki! Dəfn mərasimində girişdən asılan qara budağa oxşayırdı. Xəstəliyi var idi – deyəsən, başında duman olurdu, nə həkimlər, nə keşişlər bir şey edə bilirdi. Vəziyyəti lap pisləşəndə dənizə qaçırdı. Orda onu tez-tez gömrük nəzarətçisi görürdü: çınqılların üstündə uzanıb ağlayırmış. Deyirlər, ərə gedəndən sonra xəstəliyi keçib getdi.
– Məndə isə bu ərə gedəndən sonra başladı, – Emma dedi.

***

Alov söndü, – bəlkə yanacaq çatmırdı, bəlkə də Emma yanacağı çox tökmüşdü.

***

Ayrılıq yavaş-yavaş məhəbbətin odunu söndürür, adət sıxıntını azaldır, Emmanın tutqun səmasını al qırmızı rəngə bürüyən şəfəqin alovu gün keçdikcə solğunlaşdı, daha sonra isə tamamilə qaraldı.

***

Əyalətdə pəncərə teatrı və gəzintiləri əvəzləyir.

***

– Bilirsən belə arvadın öhdəsindən necə gəlmək lazımdır? – ana israr edirdi. – Onu işlə, əl əməyi ilə məşğul olmağa məcbur etmək lazımdır! Başqaları kimi bir tikə çörəkdən yana işləməli olsaydı, dərhal sağalardı, – başı axmaq-axmaq şeylərlə doludur, hamısı bekarçılıqdandır.
– O, işlə məşğul olur, – Şarl etiraz edirdi.
– Məşğul olur! Nə ilə? Romanlar, pis kitablar oxuyur. Onlarda dinin əleyhinə yazırlar, özlərini Volterə oxşadıb ruhaniliyi lağa qoyurlar. Zavallı oğlum, bunun bir faydası yoxdur! Allaha inanmayanın axırı yaxşı olmur.

***

İş də orasındadır ki, iki mənəviyyat var, – Rodolf onun sözünü kəsdi. Biri kiçik, şərti, bəşəri mənəviyyatdır – o daim dəyişir, qışqırıqçıdır, indi qarşınızda gördüyünüz bax bu axmaqlar yığını kimi ayaqlarımızın altında palçıqda eşələnir. Amma başqa mənəviyyat da var – əbədi mənəviyyat – o, bax bu təbiət kimi bizi əhatə edir, günəşin bizə işıq saçdığı mavi səma kimi başımızın üstündədir.

***

Həmişə eyni forması və eyni dili olan ehtirasın əbədi yeknəsəqliyi.

***

İbarəli sözlərin arxasında adətən dayaz bağlılıq gizlənir.

***

Bütün böyük sənətkarlar şamı hər iki tərəfdən yandırır. Onlar pozğun həyat tərzi sürməlidirlər – bu onların fantaziyalarını qamçılayır. Vaxtları çatanda isə əlillər evində ölürlər – gənc olanda qara gün üçün bir şey yığmaq ağıllarına gəlmir.

***

İnsanın lovğalığı onu əhatə edən mühitdən asılıdır.

***

Emma başqasını sevdiyini heç demədi. Leon da onu unutduğunu etiraf eləmədi.

***

– Başa düşürsünüz, bu böyük ədəbsizlikdir!
– Niyə? – Leon etiraz etdi. – Parisdə hamı belə edir!
Bu onun üçün ən tutarlı əsas idi.

***

Cəsarətsiz itaət – əksər qadınlar üçün bu etdikləri xəyanətin cəzası, eyni zamanda onun bağışlanmasıdır.

***

– Evlilik…həyatı!..- qəsdən asta-asta səsləndirdi. – Yaxşı! Çox yaxşı! Əla! Üstəlik şəkillidir! Daha sözüm yoxdur!

***

Düz Leonun qulağına əyilib qadınlarda temperament əlamətlərini sadalamağa başladı. O, hətta etnoqrafiyanı da bura soxuşdurdu: almanlar əsəbidir, fransızlar əxlaqsızdır, italyanlar ehtiraslıdır.

***

Səcdəgahlara toxunmaq olmaz – onların qızıl suyu barmaqlara yapışır.

***

Dünyada hər şey yalandır! Hər təbəssümün arxasında sıxıntı, hər sevincin arxasında kədər, hər həzzin arxasında bezginlik var, hətta ən ehtiraslı öpüşlərdən sonra daha nəşəli nəvazişlərin söndürülə bilməyən yanğısı qalır.

***

Musiqiyə müəyyən miqdarda dözən insanlar var, – Leonun da qəlbi ehtirasın səsinə belə kar oldu, o çalarları sezmirdi.

***

Biri dönə-dönə vurğulayırdı:
– Volteri oxuyun! Qolbaxı oxuyun! Ensiklopediyanı oxuyun!
O biri isə geri çəkilmirdi:
– Portuqaliyalı yəhudilərin məktublarını oxuyun! Keçmiş məhkəmə məmuru Nikolanın “Xristianlığın mahiyyəti”ni oxuyun!
Burnizyeni “belə həyasızlıq” özündən çıxarırdı. Omeni isə “belə axmaqlıq” təəccübləndirirdi.

Tərcümə: Lamiyə Göycəyeva

4.8 (95.79%) 95 votes

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook