Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Marta Ketro “Almaların xanımı”

kko_marta_ketro_almalarin_xanimiAnnotasiya

“Almaların xanımı” (rusca “Госпожа Яблок”) – rus yazıçısı İnna Pozdnevanın (Marta Ketro – “карта метро” söz birləşməsinin baş hərflərinin yerini dəyişməklə götürdüyü təxəllüsdür) qələmə aldığı kitabdır. Kitab iki povestdən ibarərdir. Birinci “Özüm kimi gombul”, ikinci “Tülkü-zövcə” adlanır.
Kədər və sevincin qəribə sintezi olan bu əsər kalvados kimi eyninizi aça bilər. Bircə fərqlə. Xumarlanmayacaqsınız. Yalnız almanın xoş dadı qalacaq.

 

Karandaşın izi ilə

Bəzi insanlar nəyəsə sahib olmaq arzusundadırlar, digərləri nə isə olmaq, başqaları isə nə isə etmək.
Marc axırıncı kateqoriyaya aid idi, o, roman yazmaq istəyirdi. Özü də elə belə yox, gombul roman. Çox gombul. “Özüm kimi gombul”, belə deyirdi.

***

Hələ universitet vaxtlarından Marc başa düşmüşdü ki, intellektual romançı üçün çox mehriban və gülərüzdür, dəbli romançı üçün isə, çox təəssüf, kifayət qədər arıq deyil.

***

Kitab oxucunun tələblərinə uyğun gəlməli olan müəllifi ilə birgə satılır. Şıklit yazırsansa, zəhmət çəkib Avropada geyinməlisən, ciddi nəsrə iddialısansa, onda gözəlim, eynəklərin, elmi nitqin və iyrənc xarakterin hanı? Romantik yüngül bir şey – totuş, şən qadınların alnına bu yazılıb.

***

– Sənətindən kult düzəltmə. Allahaxtarıcılıqlarının arxasında öz çirkli corablarının iyini hiss etməyən, çimməyən filoloqlara qulaq asma. Yaxşı satılan keyfiyyətli mətnin varsa, bundan sonra sən kimsən? Əlbəttə ki, yazıçı.
– Ancaq Aqata Kristi, dahi Aqata Kristi… O avropalıdır və çoxdan vəfat edib, – Rebekkanın qalxmış qaşını görən Marc dəqiqləşdirməyə tələsdi, – çoxlu əla romanlar yazıb, ancaq ömrünün sonuna kimi özünü əsl yazıçı hiss etməyib. Evdar qadın, əczaçı, arxeoloq kimi hə, ancaq söhbət ədəbi işlərə gələndə, həmişə utanıb.
– Axmaq olub, – Rebekka belə bir nəticəyə gəldi, – öz işini gör və heç kimə fikir vermə.

***

Yaz gələndə təzə kişi tapmaq, köhnəyə niyə birdən itdiyini başa salmaqdan daha asandır.

***

Sanki biz iki balığıq – birimiz suyun üzündə, birimiz dərinlikdə üzürük. Təzyiq fərqinə görə dərində olan heç vaxt yuxarı qalxmayacaq, o biri də aşağı enməyəcək. Yalnız kölgələrin və suyun hərəkətinə görə onlar bir-birilərini duyacaqlar.

***

– Öz qiymətimi bilmirəm, heç vaxt da bilməmişəm, həmişə başqasının pulu ilə hesablamışam, başqasının xətkeşi ilə ölçmüşəm; gözəl olub-olmadığımı başa düşmürdüm, ona görə məni istəyən kişilərin sayına görə mühakimə etmişəm; istedadımı hiss etməmişəm – çap edirlərsə, deməli, nə isə var. Tiraj sayına görə yerimi bilmişəm, nə qədər ödəyirdilərsə, qiymətim o qədər idi. Gözələm? Başqalarının sözündən asılıdır. İndi isə bütün şkalaları və cədvəlləri əlimdən aldılar, indi kim hökm verəcək, kim qiymət verəcək, maya dəyərimi kim müəyyənləşdirəcək? Axı məni indi hamı istəyir, sanki ən ümdə arzum yerinə yetib, bütün dünya ayaqlarımın altındadır, şöhrət, pul, kişi – nə qədər istəsən. Ancaq onlar həmişə özləri deyil, koordinat sistemi kimi, öz yerimi bilmək üçün lazım olublar. İndi isə hər şey xarab olub, qırılıb, bir kəlmə yaza, bir addım ata bilmirəm, çünki bunun yaxşı və ya pis olduğunu kim deyəcək?
– Qızım, özünü insanlarla bərabərləşdirmə. Elə gəz ki, sanki başında səhəng gəzdirirsən.

***

– İnsanların olmadığı yerə get.
– Onların olmadığı yer var ki?
– Onların yaşaya bilmədiyi yer.
– Onda orda mən də yaşaya bilmərəm.
– Onda balıq ol və dənizdə üz, quşa çevril və uç, meşəyə qaç və koyot ol.

***

– Etibardan düşmüş bir samuray paytaxtdan getməli olur. Ancaq arvadı onun ardınca getmir. Sürgün vaxtı bir tülkü onu görüb aşiq olur.
– Tülkü?
– Hə, tülkü. O, samurayın arvadının cildinə girir və onunla yaşamağa başlayır, hətta bir oğul da doğur. Bir ildən sonra isə imperator samurayı əfv edir və həqiqi arvadı o dəqiqə onun yanına qayıdır. Onun iki eyni arvadı olur. Belə olduğu təqdirdə bilirsən o nə edir? Hər birindən yaşını soruşur. Birinci cavab verir ki, otuz üç, ikinci cavab verir ki, min üç. Və o, cavan olanı seçir.
– Niyə?
– Kişidir də. Nağıl uzundur, sonra orda onun oğlunun başına min cür iş gəlir, ancaq mən nəyə gətirirəm, həmişə cavan olanı seç.
– Nahaq elə edib. Bir şey min il işə yarayıbsa, deməli, hələ çox yaraya bilər.

***

Qaçıram, elə hey qaçıram – quru otların, qara torpağın, ağ qarın üstü ilə qaçıram. Arxada izlər var, irəlidə təmiz sahə. Bir gün mükəmməl olacam, onda iz qoymayacam. Çevriləcəm, arxamda isə təmiz sahə.

***

Arvad görəndə ağlıma piroq gəlirsə, deməli, qocalıram.

***

Növbəti on ildə o Olenka haqda çox şeyi bildi: nəyi sevir, nəyi sevmir, yataqda necədir; aldatmağına, lovğalanmağına, ağlamağına, hirslənməyinə, sevinməyinə göz qoydu; yeməyinə, yatmağına, xəstələnməyinə; onu üzündə kosmetik maskalarla, sərxoş halda, unitazda kitabla oturan vəziyyətdə gördü; çılpaq da xatırladı, gecə libasında da. Ancaq hər dəfə, nə olursa, olsun Olenka onun yanında olanda onu bürüyən sakitliyin təbiətini başa düşmədi.

***

Sonra isə, hər şey kafedə oldu, qonşu stol arxasında qoca kişi gördü, daha doğrusu, kişini yox, onun boynundakı qırışı gördü, boz, dərin qırışı, – bu elə bir qırış deyildi ki, bir balaca botoks elətdirib, yarım il haqqında düşünməyəsən; birtəhər çəkiləsi və kəsiləsi qırış da deyildi. Tamamilə ümidsiz qırış idi – həmişəlik, nə birinci nə axırıncı, başqaları ilə birgə bədəni boş əlcəklərə çevirən qırışlardan biri, və onlar artıq heç nəyi dəyişmirlər, çünki qocalıq qocalıqdır.

***

O, ayaqqabıları sınaqdan keçirən, öz almalarının xanımı, piramidanın zirvəsindən albalı kimi baxır və dünyanın milyon il böyüməsini və onun doğulmasına can atdığını görürdü, buna fındıq və yaşıl gözləri ilə nəzər yetirirdi. Zira başqa hisslərlə yaşayırsınızsa – əbəs yerə yaşayırsınız, və ayağınızın altında milyonlarla kəllələri hiss etmirsinizsə, beyninizdə ağıl və acgözlük səsindən başqa səs yoxdursa, siz tarakan kimi məsuliyyətsizsiniz.

***

Özü də onun “vəziyyəti idarə etmək” kimi pis adəti var idi: bir şey olmamış sualları və hazır cavabları ilə yüyürüb gəlirdi. Nə olub? Xətrinə kim dəyib? İstəyirsən onu cəzalandıraq? Heç kimlə dalaşmaq lazım gəlmədiyini, heç nəyi “sürüməli” olmadığını, qadının sadəcə vaxt keçir deyə ağladığını biləndə isə elə qəribə sifət alırdı ki.

***

Hamı deputat olmağa can atırdı: fırıldaq-quldurlar, alverçilər, jurnalistlər, aktyorlar – pullu və məşhur olanların əksəriyyəti öz kapitallarını hakimiyyətə konversiya etmək istəyirdilər.

***

Bu günlə bir həftə bundan qabaqkı vəziyyəti müqayisə eləmək çox asandır, ancaq dünən ilə bu gün arasında baş vermiş dəyişiklikləri tutmaq qeyri-mümkündür. Yox olmaq illər uzunu baş verirsə, insanın nə vaxt var olduğunu, nə vaxt olmadığını sezməyə heç imkan olmur, axı bir neçə baxış bundan əvvəl elə bil kölgə burda idi.

***

– Bir də kəndli var imiş, ona da bir tülkü aşiq olur. Nəsə dəhşətli bir üsulla onun arvadını boğaza yığır (qaynar suda bişirir, yoxsa nəsə belə bir şey, yadıma düşmür), arvadı görkəmində geri dönür və onunla yaşamağa başlayır. Aylar, illər keçir, o elə yaxşı, elə qayğıkeş, elə evdar olur ki, kişi sevincindən göylərdə uçur. Bir gün daos bunlara qonaq gəlir. Məsələdən hale olur, səhər kəndlini çağırır və soruşur: “Yeri gəlmişkən, kimlə yaşadığından xəbərin var?” O isə ona yaxşı bir şey deyir: “Xəbərim olsa, vəziyyətim yaxşılacaq?” Və daos sakitcə rədd olub gedir.
– Düz edir. Deməli, ər hər şeyi başa düşürmüş?
– Sezirmiş, amma bu haqda düşünmək istəmirmiş.
– Məntiqlidir. Ancaq aldatmaq ki, mümkün olmayıb. Maraqlıdır, tülkü kəndlinin bildiyini bilirmiş?
– Hmm…yəqin…
– Şübhə edirəm. Yalançılar – dünyanın ən sadəlövh adamlarıdır. Həm də özlərindən əmin olurlar – fikirləşir ki, ən ağıllı özləridir, ətrafdakılar hamısı kordur. Ona görə də özlərini yandırırlar.

***

Kişiyə görə narahat olmaq insani ləyaqətdən aşağıdır. Axı həqiqətən əbədi dəyərlər var, özünə hörmət, azadlıq, yaxşı hava kimi.

***

“Harda idin?”
“Bütün günü nə etmisən?”
“Telefonla kimlə danışırdın?”
“Yalan danışma!”
(İlahi, axı niyə “yalan danışma”… Yalan danışmağı dayandırsaq, nəyimiz qalar?)

***

Hərdən evdən qaçırıq, qatara otururuq, pasportlarımızın arxasında gizlənərək, özümüzü böyük kimi göstərərək elə yerə gedirik ki, orda bizim kimin uşağı olduğumuzu bilmirlər.

***

“Sevirəm” – bu cavab deyil.

***

Olenka özünü tanıyandan bəri həmişə həqiqəti sevməyib. Birincisi, ona görə ki, o, mövcud olmayıb. Baxırsan ki, budur, əsl həqiqət dayanıb, amma bir balaca baxış bucağını dəyişirsən və ya bir az gözləyirsən nə isə artıq əvvəlki kimi deyil, mənzərəni o qədər də qüsursuz və aydın etməyən hansısa nüanslar, təfərrüatlar əmələ gəlir. Başqa bir insanı çağırırsan, o isə ümumiyyətlə, sənin sarsılmaz həqiqətinin yerində tutarsız xülya görür.

***

Növbəti səhər oyandığında daha dünya yox idi. Və onu uydurmaq lazım idi.

***

Yalandan qorxmaq zəiflərin, ruhlarının zülmətdə itəcəyindən narahat olanların nəsibidir. Güclülərin nəsibi isə qurmaq və qorumaqdır.

***

Bu böyük zövqdür, bu səbəbdən boş şeylərə – kağız və sözlərə, sarı və qara saçlara, başqalarının sarı və qara saçlarına, fasilələrə, boşluq və əks olunmalarına – görə narahat olmamaq üçün özünə diqqət yetirməli, mənasız yalanlar uydurmaq lazım idi. Yalnız adı olmayıb, özü olan vacib işlər üçün təşvişə düşməyə dəyərdi.

***

O, yalanın niyə hamını, tora düşməyənləri belə qıcıqlandırdığını yaxşı başa düşürdü. Eynilə eşerov rəsmlərindən başın ağrıması və ürək bulanması olduğu səbəbdən. Onları nəzərdən keçirəndə insan öz nəzər nöqtəsinin düzgünlüyündən, ayağının altındakı torpağın möhkəmliyindən, nəhayət, dərk etmənin adekvatlığından şübhələnməyə başlayır. Gördüklərim həqiqətdə baş verənlərdir? İndi tindən dönsəm, gözümün ucu ilə uzaqlaşan kürəyimi görəcəyəmmi? Cəhənnəmə ki, lənətə gəlmiş bütün şəkilləri yandırın!

***

Belə bir axşamda evə gələr, sifəti olmaz və susar. Bir saat susar, iki saat susar, sonra fındıq kimi bütün həqiqəti stolun üstünə tökər. Bir qalaq fındığı, yumru və möhkəm fındığı: sındırmaq istəsən – dişini xarab edəcəksən, ortalıqdan yığmaq istəsən – səpələyəcəksən. Diyirlənəcəklər, döşəmənin üstünə elə dağılacaqlar ki, addım ata bilməyəcəksən, ayağının altında qalacaq. Bir ildən sonra, ayaqlayın gəzəndə, birdən ayağının altına batacaq. Bir şey deyil, amma ağrıdır. Onun da yalanı bu cür bütün həyatına yayılacaq və unudulacaq, sanki heç nə olmayıb, ancaq sonra bir gün müdafiəsiz üstünə bassan – özünü xatırladar, ağrısı böyrəklərinə kimi işləyər.
Yalançı – o isə konfetlərlə ortalığa çıxacaq, güləcək və bir yığın qoyacaq… Şokolad konfetə ayağını basmısan? Yapışqandır, sürüşkəndir və dəhşət balacadır, amma belə əhəmiyyətsizdir. Şirindir, pox deyil, yaşamaq olar.

Tərcümə: Lamiyə Göycəyeva

4.5 (90%) 2 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram