Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Skot Fitscerald “Böyük Qetsbi”

kko_skot_fitscerald_boyuk_qetsbiAnnotasiya

Amerikan yazıçısı Skot Fitsceraldın “Böyük Qetsbi”-si (ingiliscə “The Great Gatsby”) – “caz əsrinin” ən məşhur əsərlərindən biri hesab olunur. Roman 1925-ci ildə, yazıçı Parisdə yaşayarkən işıq üzü görmüşdür. “Böyük Qetsbi” “yüksəklərə” qalxan, hakimiyyət və var-dövlətin xoşbəxtlik gətirəcəyinə ürəkdən inanan və ən böyük arzusunun gerçəkləşməsinin bir addımlığında olan güclü bir insanın hekayəsidir. Böyük Qetsbinin böyük xülyaları, böyük sevgisi və böyük tənhalığı haqqındadır.

 

Karandaşın izi ilə

Gənclik illərində, insanın daha həssas olduğu vaxtda atamdan yaddaşıma uzun müddətlik həkk olunan məsləhəti aldım.
– Əgər birdən kimisə qınamaq istəsən, yadına sal ki, bütün insanlar səndə olan üstünlüklərə malik deyil.

***

Axı cavan adamların intim etirafları, ən azından onların sözlə ifadə forması, bir qayda olaraq, plagiyatdan ibarət olur və üstəlik üstüörtülü sözlərin təsirinə məruz qalır.

***

İnsanın davranışı müxtəlif təməllərə – möhkəm qranitə və ya bataqlığa söykənə bilər; ancaq müəyyən bir məqamda bunlardan hansı olduğuna tüpürməyim gəlir.

***

Gündən-günə günəş ətrafı daha çox isidirdi, tumurcuqlar göz qabağında, kinoda yavaşıdılmış çəkilişlərdəki kimi açılırdı və məndə hər il yaranan, tanış əminlik güclənirdi ki, həyat yenidən başlayır.

***

O qədər kitab oxumaq olardı, sərinliklə dolmuş havadan o qədər həyatverici güc almaq olardı ki.

***

Və indi mən yenidən əlimə qələm almaq və yenidən bütün ixtisaslaşmış mütəxəssislərdən ən məhdudu – necə deyərlər, geniş dünya görüşü olan insan – olmaq niyyətində idim. Bu paradoks xatirinə paradoks deyildi; axı, əvvəl-axır, həyatı ən yaxşı ona tək bir pəncərədən baxanda görürsən.

***

Onun valideynləri inanılmaz dərəcədə varlı idilər, – hələ universitetdə onun pulları havaya sovurmaq adəti qınanmaya səbəb olurdu və indi Çikaqodan Şərqə köçmək fikrinə düşəndə, bunu həqiqətən heyranedici təmtəraqla etdi: məsələn, polo oyunu üçün Leyk Forestdən bütöv bir poni tövləsi gətirmişdi.

***

Amma səsində onu sevən kişilərin sonradan unuda bilmədikləri çox şey var idi – ahəngdar amirlik, astadan “eşit” çağırışı, təzəcə bitmiş şənlik və sevinclərin və irəlidə gözlənilən şənlik və sevinclərin əks sədası.

***

məni otaqdan elə çıxartdı, elə bil şahmat fiqurunu bir damadan başqasına qoydu.

***

– İki həftədən sonra ilin ən uzun günü olacaq… Heç olub ki, həmin uzun günü gözləmisiz və sonra birdən ayılmısız ki, o, artıq gəlib keçib? Məndə hər il belə olur.

***

Narkozdan sonra ayıldım, özümü hamı tərəfindən atılmış və unudulmuş hiss edirdim və o saat da mamaçadan soruşdum: “oğlandı yoxsa qız?” Və qız olduğunu eşidəndə, üzümü çevirib ağladım. Sonra isə deyirəm: “Olsun da. Çox sevinirəm ki, qızdır. Allah eləsin, böyüyüb axmaq olsun, çünki bizim həyatımızda qadın üçün ən yaxşı şey gözəl və safeh olmaqdır”.

***

– Eşitmişik, sənin orda, evdə, nişanlın var.
– Hə, hə – Tom razılıqla söhbətə qoşuldu. – Nişanlın olduğunu eşitmişik.
– İftiradır. Evlənmək üçün çox kasıbam.
– Amma biz eşitmişik, – Dezi təkid edirdi; – Üç fərqli adamdan eşitmişik, deməli, həqiqətdir.

***

– Bu qızdır, yoxsa oğlan?
– Bu itdir. Bu it – oğlandır.

***

– Gedək bizimlə, – missis Uilson xahiş etdi. – Ketrinə zəng edəcəm. O, mənim bacımdır, gözəldir – bunu başa düşən adamlar söyləyir.

***

O, mənə “incəsənət aləm”-inə mənsub olduğunu izah etdi; sonra öyrəndim ki, fotoqraf imiş və onun yaradıcılıq məhsulu qonaq otağının divarından mistik cisim kimi asılmış missis Uilsonun anasının böyüdülmüş portreti idi.

***

Mən ümumiyyətlə düşünmədən yaşayıram, ona görə də həmişə kefim kökdür.

***

– Bilirsiniz, mən artıq ikinci həftədir ki, sərxoşam və budur kitabxanada oturmaq qərarına gəldim, deyirəm, bəlkə daha tez özümə gələrəm.
– Və necə oldu, kömək elədi?
– Deyəsən – bir az. Hələlik demək çətindir. Hələ bircə saatdır ki, burdayam.

***

Mənimsə gur yığıncaqlardan xoşum gəlir. Onlar daha rahat olur. Kiçik kompaniyada heç vaxt özünü sərbəst hiss etmirsən.

***

Gözlərindən yaşlar süzülürdü – amma, maneəsiz də deyildi: onlar boyanmış qalın kirpiklərdən asılıb qalaraq mürəkkəb rəngi alırdı və sonra yanaqlarından yavaş-yavaş axan qara çaylar kimi tökülürdü. Kimsə zarafatcıl biri fikir söylədi ki, o, üzündə yazılmış notlara görə oxuyur.

***

Mənə elə gəlirdi ki, bu lovğa, darıxan üzün arxasında başqa bir şey gizlənir – axı bütün saxtalıqlar nəyisə gizlətmək üçündür və gec-tez həqiqət üzə çıxır.

***

– Siz heç bir şeyə yaramayan sürücüsünüz, – acıqlandım. – Ehtiyatlı ola bilmirsinizsə, maşını sürməyin.
– Ehtiyatlıyam.
– Guya da.
– Yaxşı, başqaları ehtiyatlıdır. – laqeydliklə dedi.
– Onların buna nə dəxli var?
– Onlar mənə yol verəcəklər. Toqquşma üçün iki nəfər lazımdır.
– Birdən qarşınıza özünüz kimi ehtiyatsız biri çıxdı?
– Ümid edirəm, çıxmaz. – Ehtiyatsız adamlardan zəhləm gedir. Məhz buna görə də siz xoşuma gəlirsiniz.

***

Hər kəs özündə ən azı bir fundamental məziyyətin olduğunu hiss edir; məsələn, mən özümü tanıdığım az saylı dürüst insanlardan biri hesab edirəm.

***

Ətrafda hamı sərxoş olanda içməmək böyük üstünlükdür. Artıq-əskik danışmazsan, ən əsası isə, birdən ağlına nəsə bir şey etmək gəlsə, elə bir vaxt seçə bilərsən ki, heç kim buna fikir verməsin və ya heç kəsin vecinə olmasın.

***

Sən ya ovçusan, ya da şikar, ya hərəkət edirsən, ya da arxadan yorğun-yorğun sürünürsən.

***

Amerikalılar asanlıqla, hətta məmnuniyyətlə qul olmağa razılaşır, amma heç vaxt özlərini kəndli hesab etmək istəmirdilər.

***

O, bunu elə uzun müddət arzulamışdı, hər şeyi xəyallarında elə ətraflı yaşamışdı, sanki dişlərini sıxaraq, son dərəcə hədsiz gərginliklə o qədər gözləmişdi. İndi isə yayı xarab olmuş,zavodda qədərindən artıq burulmuş saat kimi idi.

***

Əvvəllər, Deyzi sonsuz uzaqlarda olanda, ona elə gəlirdi ki, bu işıq haradasa onun lap yaxınlığında yanır, az qala ona toxunur. Ona elə baxırdı ki, sanki ayın yanında parıldayan ulduz idi. İndi bu sadəcə körpüdəki yaşıl fənər idi. Bir talisman əskik oldu.

***

Heç bir hiss olunan, həqiqi gözəllik insanın öz təxəyyülünün dərinliklərində saxlaya bildikləri ilə müqayisə oluna bilməz.

***

Bir təhər öyrəşib yaşağıdın şeyi yenidən fərqli görmək həmişə ağır olur.

***

– Bəs axşam özümüzü hara edək? – Deyzi səsləndi. – Sabah və birigün və yaxın otuz ildə?
– Xahiş edirəm, bədbin olma, – Cordan dedi. – İlk payız sərinliyi ilə həyat yenidən başlanacaq.

***

– Olur ki, tövlədən qaraj düzəldirlər, – Tom Qetsbiyə müraciət edərək deyirdi. – Amma qarajdan tövləni ilk dəfə mən düzəltdim.

***

… xəstə və sağlam adam arasında mövcud olan fərq ilə insanlar arasındakı heç bir irqi və ya mənəvi fərq müqayisə edilə bilməz.

***

Dayaz qəlbin həyəcanından daha məhvedici həyəcan ola bilməz.

***

Bu düz bir dəqiqə sürdü. Sonra Qetsbi Deyziyə tərəf çevrilərək həyəcanla danışmağa başladı, hər şeyi inkar edir, öz təmiz adını müdafiə edir, hətta dilə gətirilməyən ittihamlardan qorunurdu. Amma onun hər bir sözü ilə Deyzi daha da özünə qapanırdı və nəhayət o susdu; təkcə puç olmuş arzu hələ döyünürdü, zamanı ləngidərək, tutub saxlanılması mümkün olmayan bir şeydən yapışaraq, otağın o biri başında elə kədərli səslənən o tanış səsi ümidsiz halda, çarəsizcəsinə gözləyərək.

***

Otuz yaşım tamam oldu. Qarşıda yeni onilliyin soyuq və nəhs yolu uzanırdı.

***

Otuz – bu daha on il tənhalıq, get-gedə azalan subay-dostlar, get-gedə azalan sərf edilməmiş qüvvələr, get-gedə azalan saçlar demək idi.

***

Axı Deyzi cavan idi, onun süni dünyasında isə səhləblər açır və xəfif, xoş snobizm hökmranlıq edirdi, və orkestrlər melodiyalarda həyatın bütün kədər və ikimənalığını əks etdirərək, hər il dəbə yeni ritmlər gətirirdi.

***

Və mən getdim, o isə ay işığının zolağında qaldı – qorumağa bir şeyi olmayan tənha keşikçi.

***

Ora yeni bir dünya idi, maddi amma həqiqi olmayan dünya və xəyallarla nəfəs alan miskin ruhlar orada məqsədsiz dolaşırdılar…

***

Əgər insan öz əcəli ilə ölmürsə, mən həmişə qarışmamağa çalışıram. Kənarda dururam.

***

– İnsana sağ ikən dost olmaq lazımdır, öləndən sonra deyil. Bunların heç birinin ölüyə xeyri yoxdur – şəxsən mən belə düşünürəm.

***

ÜMUMİ QƏRARLAR

Şteftersə və (ad oxunmur) vaxt itirməmək
Siqaret çəkməyi və saqqız çeynəməyi atmaq
Günaşırı vanna qəbul etmək
Hər həftə ümumi inkişaf üçün bir kitab və ya jurnal oxumaq
Hər həftə 5 dol (qaralanıb) 3 dol kənara qoymaq
Valideynlərə daha yaxşı yanaşmaq

***

– Mənə elə gəlirdi ki, siz açıq və dürüst adamsınız. Elə bilirdim, gizli qürurunuz bundadır.
– Mənim otuz yaşım var, – dedim. – Öz-özünə yalan danışıb və bunun adını düzlük qoyan yaşdan beş ildir ki, çıxmışam.

***

Bilmirəm, burada daha çox olan nə idi – laqeydlik yoxsa düşüncəsizlik. Onlar, Tom və Deyzi, laqeyd insanlar idi, onlar əşyaları və insanları sındırıb, sonra isə öz pullarının, hər şeyi unutdura bilən qayğısızlıqlarının və ya birliklərini saxlayan və onlardan sonra ətrafı yığışdırmağı başqalarının öhdəsinə buraxan başqa bir şeyin arxasında gizlənirdilər.

***

Və köhnə sirli dünyanın taleyi haqqındakı kədərli fikirlər içərisində Qetsbini, onun Dezinin yaşadığı körpüdəki yaşıl işığı ilk dəfə necə heyranlıqla seyr etməsi haqqında düşündüm. Onu bu məxməri qazona gətirən yol uzun idi və yəqin, indi ona elə gəlirdi ki, arzusu bu qədər yaxın olduğu halda əlini uzatması yetər ki, onu tutsun. Bilmirdi ki, o, həmişəlik arxada, haradasa bu şəhərin qaranlıq uzaqlıqlarında, gecə səması altında ucsuz-bucaqsız Amerika torpaqları uzanan yerlərdə qalıb.
Qetsbi yaşıl işığa inanırdı, ildən-ilə uzaqlaşan sonsuz gələcək xoşbəxtlik işığına. Qoy, o, bu gün əlindən qaçsın, eybi yoxdur – sabah biz daha da sürətlə qaçacayıq, əllərimizi daha çox uzadacayıq… Və gözəl səhərlərin birində…
Beləcə axınla mübarizə apararaq qabağa üzməyə çalışırıq, o, isə yenə də və yenə də bizim kiçik gəmilərimizi geriyə, keçmişə aparır.

Tərcümə: Sevinc Məmmədova

5 (100%) 3 votes

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook