Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Rey Bredberi “451° farenheyt”

kko_rey_bredberi_451_farenheytAnnotasiya

“451° farenheyt” (ingiliscə “Fahrenheit 451″) – Rey Bredberinin 1953-cü ildə nəşr olunan elmi-fantastik antiutopiya romanıdır.

Romanda kütləvi mədəniyyətə və istehlakçı düşüncəsinə əsaslanan, bütün kitabların yanmağa məruz qaldığı, tənqidi fikir yürüdənlərin qanundan kənar olduqları totalitar cəmiyyətdən söhbət açılır. Əsərin əsas qəhrəmanı Qay Monteq yanğınsöndürən vəzifəsində çalışır. Və həmişə öz işinin bəşəriyyət üçün yararlı olduğunu düşünür. Lakin tez bir zamanda özünün də bir hissəsi olduğu cəmiyyət ideallarına baxıb ümidsizliyə qapılır, didərgin düşür və çox da böyük olmayan marqinallar qrupuna qoşulur. Qrup üzvləri ilə birgə kitabların mətnini əzbərləyib növbəti nəslə ötürmək istəyir.

 

Karandaşın izi ilə

Dörd yüz əlli bir dərəcə farenheyt – kağızın alovlanma temperaturudur.

***

O vaxtlar dünyanın hər növ, ölçü və rəngində olan kitabları ilə yeyirdim, içirdim və yatırdım.

***

– Çox düşünürsünüz.
– Nadir hallarda televiziya verilişlərinə baxır, avtomobil yarışlarında iştirak edir və əyləncə mərkəzlərinə gedirəm. Ona görə hər axmaq fikir üçün vaxtım qalır.

***

Çox nadir halda başqa birinin üzündə öz simamızın əksini, ən ümdə və gizli arzularımızı görmək olur.

***

Bizim zəmanədə insan kağız salfeti kimidir: ona burun silirlər, əzirlər, atırlar, yenisini götürürlər, burun silirlər, əzirlər, atırlar.

***

– Deyirsiniz on yeddi yaşınız var?
– Hə, bir aydan sonra tamam olacaq.
– Qəribədir, çox qəribədir. Arvadımın otuz yaşı var, amma hərdən mənə elə gəlir ki, siz ondan böyüksünüz.

***

Ona elə gəldi ki, yarıya bölündü, ikiyə parçalandı. Yarısı alov kimi isti, o biri yarısı buz kimi soyuq oldu. Biri zəif, digəri-kobud, biri-həssas, digəri daş kimi möhkəm oldu. Və hər biri digərini məhv etməyə çalışdı.

***

– Niyə mənə elə gəlir ki, sizi çoxdan tanıyıram?
– Çünki siz mənim xoşuma gəlirsiniz və mənə sizdən heç nə lazım deyil. Bir də ona görə ki, biz bir-birimizi başa düşürük.

***

– Siz elə hey təəccüblənirsiniz!
– Ona görə ki, əvvəllər heç vaxt bunlara fikir verməmişəm… Vaxtım olmurdu.

***

Sonra Klariss qeybə çəkildi. Əvvəl bugünün digərlərindən nə ilə fərqləndiyini başa düşmədi. Əsas olan isə Klarissin heç bir yerdə gözə dəyməməsi idi. Gölməçələr bomboş, ağaclar bomboş, küçələr bomboş. Çatışmayanı qavrayıb itkin düşmüşü axtarmağa başlayana kimi artıq özündə deyildi, sönük həyəcan onu əsir almışdı. Nəsə baş vermişdi, adət etdiyi qayda pozuluşdu. Düzdür, bu qayda çox sadə idi. Özüdə bir neçə gün əvvəl başlamışdı. Amma yenə də.

***

Danışan saatlar sanki qaşqabaqlı dəqiqələri, ondan da pisi – illəri ağlayırdı.

***

Hiss etdi ki, o ölsə, ağlaya bilməyəcək. Çünki bu, yad bir insanın ölümü olacaq… Və bu ona elə qorxunc göründü ki, ağlamağa başladı.

***

XIX əsr adamını təxəyyülünüzdə canlandırmağa çalışın – itlər, atlar, ekipajlar – həyatın asta sürəti. Sonra XX əsri. Sürət artır. Kitablar həcmcə kiçilir. Qısaldılmış nəşrlər. Çıxarışlar. Təfərrüata varmadan! Tez nəticəyə doğru!

***

Mümkün qədər çox idman, çox oyun, çox əyləncə – qoy insan həmişə kütlə içərisində olsun, onda fikirləşməyə ehtiyac qalmayacaq. Yeni, lap yeni idman növləri təşkil edin! Daha çox şəkilli kitablar. Daha çox filmlər. Daha az beyin qidası. Nəticədə əksiklik hissi və qəribə narahatlıq. İnsanlarla dolub-daşan küçələr. Tələsən insanlarla. Fərqi yoxdur hara tələsən.

***

Onu hər hansı bir əşyanın necə hazırlandığı deyil, niyə və nəyə görə hazırlandığı maraqlandırırdı. Bu cür maraq isə təhlükəlidir. Elə ki, “niyə”, “nəyə görə” soruşmağa başlayıb, vaxtında durdurulmazsa, sonluq çox acınacaqlı ola bilər.

***

Əgər insanların siyasətə görə dərd çəkdiklərini görmək istəmirsinizsə, onda onlara məsələnin hər iki tərəfi tanış olmağa imkan verməyin. Qoy bir tərəfi bilsinlər, bundan da yaxşı – heç bir tərəfi.

***

Tanıdıqlarımın içində yeganə o idi ki, gözlərimin düz içinə baxırdı. Nəsə bir əhəmiyyət kəsb edirmişəm kimi.

***

Uşaq ikən kitabları qoxlamağı sevirdim.

***

Bəlkə ona görə varlıyıq ki, yerdə qalanlar kasıbdır və bizim heç vecimizə də deyil? Eşitmişəm ki, bütün dünya səfalət içindədir. Bizim isə qarnımız toxdur! Eşitmişəm ki, bütün dünya ağır şəraitdə işləyir. Biz isə kef edirik. Bəlkə elə buna görə bizə nifrət edirlər? Niyə? Nəyə görə? Sən bilirsən? Mən bilmirəm. Bəlkə bu kitablar gözümüzü açdı! Bəlkə onlar bizi həmin dəhşətli səhvləri təkrarlamaqdan qorudu.

***

…bəlkə uzun-uzadı danışsam, ağıllı nəsə deyə bilərəm…

***

Bu, belə ciddi olmasaydı, bəlkə də gülməli olardı.

***

Kitablar – unutmağa qorxduqlarımızın saxlandığı yerdir. Onlarda heç bir möcüzə, sirr yoxdur. Möcüzə yalnız onların danışa bilməsindədir.

***

Niyə kitablara belə nifrət edirlər? Niyə onlardan belə qorxurlar? Onlar bizə həyat çöhrəsindəki çapıqları göstərir.

***

– Arvadım kitabların televizor kimi reallığa malik olmadığını deyir.
– Çox şükür ki, belədir. Kitabı örtüb “gözlə” deyə bilirsən. Onun hökmdarı özünsən.

***

Birinci – biliyimizin keyfiyyətidir. İkinci – bu bilikləri qavrayıb düşünmək üçün boş vaxt. Üçüncü isə – yuxarıdakı iki bəndin qarşılıqlı münasibətindən doğan nəticələr əsasında hərəkət etmək hüququ.

***

Bilirsinizmi, ölüm ayağında olan birinin vəziyyətinin üstünlükləri var? İtirməyə bir şeyin olmayanda riskdən qorxmursan.

***

Axı kitablar bizim necə axmaq və eşşək olduğumuzu xatırlatmaq üçün mövcuddur. Onlar triumf vaxtı Sezarın qulağına pıçıldayan pretorian qaravuluna oxşayır : “Unutma, Sezar, sən də ölümə məhkumsan”.

***

Dünyanı xilas edəcək şeyi özünüz yaradın; və əgər bu yolda boğulsanız, heç olmasa sahilə üzdüyünüzü biləcəksiniz.

***

Son anlarınızı qəfəsdə fırlanaraq çarxdakı dələ olmadığınıza özünüzü inandırmağın nə mənası var?!

***

Demək olar ki, danışdığından heç nə eşitmədim. Eşitdiklərimi isə qanmadım.

***

Ey məhəbbət, icazə ver,
Bir-birimizə sadiq qalaq.

***

Onlar birlikdə olacaqlar – Monteq və Faber, od və su. Və gözəl günlərin birində, hər şey qarışıb, qaynayıb, yoluna düşəndən sonra, artıq nə su, nə od olacaq. Əvəzində şərab olacaq. Bir-birindən bu qədər fərqli iki maddədən yeni, üçüncüsü yaranacaq.

***

Onların bütün həyatı böyük parlaq meteora bənzəyir. Hələki o uçur, o gözəldir, ancaq mütləq o nə vaxtsa yerə düşəcək.

***

Öz cahilliyiniz gizlətsəniz, sizi döyməyəcəklər və siz heç vaxt ağıllanmayacaqsınız.

***

…budur, dünyanın bütün dillərində axmaq adlana biləcək maraqlı bir insan nümunəsi gəlir.

***

Ən böyük axmaq, bir damcı da olsa ağlı olan axmaqdır.

***

Qürur… Görüm onu lənətə gəlsin!

***

– Axmaqlıq elədim.
– Hər halda buna dəydi.

***

Hələ ki qorxmuram. Yəqin ona görə ki, nəhayət, lazım olanı edirəm.

***

Ay göydən asılı qalmışdı. Ay və ay işığı. Hardandır o? Bəli, aydındır ki, günəşdən. Bəs günəş öz işığını hardan alır? Heç yerdən, o yanır: öz odu ilə. Elə hey yanır, günlər keçdikcə, həmişə. Günəş və zaman. Günəş, zaman, alov. Yandırıcı alov. Göydə günəş, yerdə saat vaxtı ölçür.
Günəş hər gün yanır. O zamanı yandırır. Zaman isə illəri və insanları yandırır.

***

İndi ona yalnız bu lazımdır: əzəmətli dünyanın onu qəbul etməsinə dair sübut və düşünməli olduğu şeylər haqda düşünmək üçün vaxt.

***

Ayrı-ayrılıqda fəaliyyət göstərdiyimiz müddətdə qəzəb bizim yeganə silahımız idi.

***

Kitabları üz qabığına görə mühakimə etməyin.

***

Mən balaca olanda babam vəfat etdi. O, heykəltəraş idi. Çox mehriban biri idi, insanları sevirdi. Şəhərimizi zibildən təmizləməyə bizə o kömək oldu. Uşaqlara oyuncaq düzəldirdi. Yəqin həyatı boyu milyonlarla cürbəcür əşya hazırlamışdı. Əlləri həmişə məşğul olurdu. Və o öləndə, birdən başa düşdüm ki, onunçun yox, düzəltdikləri üçün ağlayıram. Ağlayırdım, çünki qavrayırdım ki, bir də belə şeylər olmayacaq, daha babam ağacdan fiqurlar yonmayacaq, bizimlə arxa məhlədə göyərçinlər yetişdirməyəcək, skripkada çalmayacaq, gülməli əhvalatlar danışmayacaq. Heç kim onun kimi gözəl danışa bilmirdi. O, bizim bir parçamız idi və o bu dünyadan köçəndə bütün bunlar da həyatımızdan getdi. Hər şeyi onun kimi edəcək kimsə qalmadı. O, fərqli idi, heç kimə oxşamırdı. Həyat üçün çox gərəkli bir insan. Hələ də onun gedişilə barışmamışam. İndinin özündə də fikirləşirəm ki, onun ölümü ilə dünya necə gözəl incəsənət əsərlərindən məhrum oldu, neçə maraqlı hekayə söylənilməmiş qaldı, nə qədər göyərçin evə dönəndə onun əllərinin qayğıkeş toxunuşunu artıq hiss etməyəcək. O, dünyanın simasını təzədən düzəldirdi. O, dünyaya yenilik bəxş edirdi. O, vəfat etdiyi gecə dünya on milyon yaxşı iş qədər kasıbladı.

***

Hər kəs özündən sonra nəsə qoymalıdır. Oğul, ya kitab, ya şəkil, tikdiyi ev, ya da heç olmasa kərpicdən ucaltdığı divar, ya da təmir etdiyi bir cüt başmaq, ya əllərilə saldığı bağ. Yaşayarkən barmaqlarının toxunduğu bir şey… İnsanlar sənin yetişdirdiyin ağaca və ya gülə baxacaq və həmin an sən həyatda olacaqsan.

***

Əsas konkret nə etdiyin deyil, əsas toxunduğun hər şeyin formasını dəyişməsi, əvvəlki kimi olmaması, onda sənin bir parçanın qalmasıdır.

***

İnsanlar Yer kürəsində onlara o qədər də böyük ərazi ayrılmadığını unutmamalıdırlar. Çox asanlıqla verdiklərini geri ala biləcək təbiətin əhatəsində yaşayırlar. Bizi bir nəfəsi ilə yer üzündən təmizləmək, ya da okean sularında qərq etmək – onun əlində heç nədir və bütün bunları etməkdə yeganə məqsədi insana düşündüyü qədər qüdrətli olmadığını xatırlatmaqdır.

***

Qədim zamanlarda simurq adlı axmaq bir quş yaşayırmış. Hər yüz ildən bir özünü tonqalda yandırırmış. Yəqin bəşəriyyətlə yaxın qohumluğu var imiş. Lakin hər yandıqdan sonra küllər içindən yenidən doğulurmuş. Biz insanlar bu quşa bənzəyirik. Baxmayaraq ki, onunla müqayisədə üstünlüyümüz var. Bilirik ki, necə axmaqlıqlar törətmişik, yüzilliklər, minilliklər boyu etdiklərimizin hamısını bilirik. Və bir halda ki, bilirik və hər şey qeyd olunub, biz geriyə boylanıb gəldiyimiz yola nəzər salmaq iqtidarındayıq. Onda belə çıxır ki, hələ də nə vaxtsa bu matəm tonqallarını qalayıb içinə atlamayacağımız haqda ümid var. Hər nəsil bizlərə insanlıq səhvlərini yaddaşından silməyən adamlar qoyub.

***

Gecə yarısı oyanıb vaxtı bilmək istəyirsən və əqrəblər dəqiq saat, dəqiqə və saniyəni göstərir və bu parlaq an sənə sakit və razı şəkildə gecənin keçdiyini söyləyir; qaranlıq düşməsinə baxmayaraq, tezliklə yenidən günəş doğacaq.

***

Elə ki məktəblər tədqiqatçı, tənqidçi, alim, incəsənət adamı əvəzinə çox və daha çox qaçan, tullanan, üzgücü, motosikletlə əlləşməyi sevən, təyyarəçi, avtomobil yarışlarında iştirak edənləri məzun etməyə başladı, elə həmin an “dünyagörüşlü” sözü söyüşə çevrildi.

***

İnsan adət olunanlar çərçivəsindən çıxan şeyləri sevmir.

***

Cürbəcür konkurslar təşkil edin. Məsələn: məşhur mahnıların sözlərini kim daha yaxşı xatırlayır, ştatların əsas şəhərlərinin adını kim deyə bilər, ya keçən il Ayova ştatında nə qədər buğda yığılıb. İnsanların başını rəqəm və təhlükəsiz faktlarla doldurun. Özləri bezənə qədər…amma əvəzində elə fərz edəcəklər ki, savadlıdırlar. Hətta özünü fikirləşən, irəliyə doğru hərəkət edən kimi təsəvvür edəcəklər. Və insanlar “xoşbəxt” olacaq. Çünki həmin faktlar “dəyişilməz” bir şeydir. Lakin onlara sürüşkən materiya olan fəlsəfə və ya sosiologiya kimi şeylər verməyin. İraq olsun, birdən nəticə çıxarıb ümumiləşdirməyə başlasalar… Bu, xəyalpərəstliyə aparıb çıxaracaq!

***

Bizə əyləncə, bayram, akrobat və sehrbazlar, təhlükəli tryuklar, reaktiv avtomobil və motosikletlər, ya da pornoqrafiya və narkotik verin. Və bunlara bənzər, avtomatik refleks yaradan şeylər! Əgər faciə məzmunsuz, film boş, komediya vecsizdirsə, onda mənə həyəcan dozası verin. Qulaqbatırıcı musiqi ilə beynimə zərbə vurun. Və mənə elə gələcək ki, pyesə reaksiya verirəm. Halbuki bu olsa-olsa səs dalğalarına mexaniki reaksiyadır.

***

Vay, bu yaxşı əməl sahibi olmaq istəyənlərin əlindən… müqəddəs simaları, təkəbbürlü sakitliyi və yeganə istedadları: heç bir səbəb olmadan insanın özünü günahkar hiss etməsi.

 

Tərcümə: Lamiyə Göycəyeva

4.6 (91.25%) 16 votes

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook