Annotasiya
“Usta Zaxarius” (fransızca “Maître Zacharius“) – fransız yazıçısı Jül Vernin 1854-cü ildə işıq üzü görən hekayəsidir. Romantik fentezi janrında qələmə alınan əsər Faust faciəsinin adaptasiyası hesab edilir: lovğalığı və təkəbbürü məhvinə səbəb olan sənətkarın faciəsindən bəhs edir.
Usta Zaxarius məşhur saatsazdır, şöhrəti nəinki Cenevrə şəhərinə, hətta Almaniya və Fransaya da yayılıb. Ömrünü peşəsinə sərf edən qoca usta düzəltdiyi saatlara görə yerə-göyə sığmır; təkəbbür gözlərini tutub, heç nə görmür. Saatlarda yeni mexanizmi kəşf edəndən sonra hətta özünü Tanrı kimi görməyə başlayır.
Ancaq bir gün onun əlindən çıxan saatlar sirli bir səbəbdən dayanmağa başlayır. Saatsaz dərin ruhi böhran keçirir, ruhu, bədəni İblis tərəfindən istila olunur. Zaxarius əlində kibr qılıncı Tanrıya savaş açır.
Karandaşın izi ilə
Ah, Müqəddəs Məryəm! Gedib mışıl-mışıl yatardıq, heç olmasa, şirin röyalar görüb yuxuda az-maz sevinərdik! Lənətə gəlmiş bu zəmanədə kim xoşbəxt gün-güzəran sürür ki?
***
Yer üzündə hər şeyin bir sərhədi var; insan əlindən çıxan heç nə əbədi ola bilməz.
***
Yatıb dincəlin ki, ürəyiniz yenə ümidlə döyünsün!
***
Əsl sənətkar öz varlığına görə başqa insanların hörmət və tərifinə borcludur.
***
Keçmişimi məhv et, bugünümü dağıt, gələcəyimi yox et, o zaman mən də şan-şöhrətsiz yaşamağı özümə rəva bilərəm!
***
Mexanizmləri yığanda əlindəkilərə adi mis, qızıl, ya da gümüş parçaları kimi baxırsan, mənim dahiliyimin nəzərində canlı olan, yaşayan, bir vücud kimi titrəyən metalları hiss etmirsən! Ona görə yaratdıqların ölsə də, sən ölməyəcəksən!
***
Dünyada ən ağır dərd hamıdan çox istədiyin insanların səni başa düşməməsidir!
***
Üstəlik, o dövrdə kim vaxtı saniyəsinə qədər dəqiq tənzimləmək hayındaydı? Hüquqla müəyyən olunan müddətlər hələ icad edilməmişdi; fizika və astronomiya elmlərinin hesabları hələ son dərəcə dəqiq ölçülərə əsaslanmırdı; nə məlum bir saatda bağlanan idarələr, nə də bir saniyə belə yubanmadan, qrafik üzrə hərəkət edən qatarlar vardı. Axşamlar lampaları söndürməyə çağıran zəng çalınır, gecələr isə tam sakitliyin ortasında qışqıra-qışqıra saatı deyirdilər. Əlbəttə, mövcud olmaq deyəndə görülən işlərin sayı nəzərdə tutulsaydı, onda keçmiş zamanlarda insanlar qısa, amma bundan yaxşı yaşayırdılar. Şah əsərlərin seyrindən doğan nəcib təəssüratlar sayəsində insanlar əqli cəhətdən zənginləşir, incəsənətlə isə ayaqüstü məşğul olmurdular. Bir kilsə iki əsrə inşa edilirdi; bir rəssam həyatı boyunca cəmi bir neçə rəsm əsəri çəkirdi; bir şair yalnız bir böyük əsər yaradırdı; lakin bütün bunlar əsrlər boyu qədir-qiymətdən düşmürdü.
***
O vaxtlar bir adət vardı: ustad sənətkarların əl işlərinin qiymətini xalq verirdi.
***
Rəqibləri ondan nə qədər az qorxurdularsa, ona bir o qədər həvəslə yazıqları gəlirdi.
***
Təkəbbür xeyirxahlıq üçün yaradılmış mələyi tələf edir. Zira o bütün insan talelərinin yoluna kötük itələyən, onları məhvə sürükləyən bir əngəldir. Bütün pisliklərin qaynağı olan təkəbbür ağıllı fikirlərin heç birinə məhəl qoymur, çünki lovğa adam təbiəti etibarilə bu fikirləri bir qulağından alıb, o birindən buraxır…
Tərcümə: Çimnaz Vəliyeva
