Annotasiya
“Qalmaqal” (yaponca スキャンダル, ingiliscə “Scandal“) – yapon yazıçısı Şusaku Endonun 1986-cı ildə çapdan çıxan provakotiv romanıdır.
Hadisələr Tokioda cərəyan edir. Görkəmli və hörmətli bir yazıçı əxlaqsızlıqla məşğul olan oxşarının olduğunu öyrənir. Baş qəhrəman nüfuzunu riskə atmamaq üçün saxtakarın izinə düşmək və onun kimliyini faş etmək qərarına gəlir. Bəs axtarışın nəticəsi yazıçını qane edəcəkmi?
Karandaşın izi ilə
Siz Yaponiyada yazıçı olmaq istəyən xristian inanclı bir insanın qarşılaşdığı çətinlikləri anlaya bilməzsiniz.
***
O, çoxdan bəri qəribə bir şəkildə hiss edirdi ki, yalnız insan qəlbində səslənən qaranlıq melodiyaya laqeyd qalmayan, həm kakofonik cingiltiyə, həm də qorxuducu dissonansa cavab verən din əsl dindir.
***
Suquro öz əsərlərində göstərir ki, günahın altında qaranlıqda yolunu azan bağışlanma yanğısı gizlənir.
***
Həmişəki kimi, belə gec saatda vaqon gün ərzində yığılan yorğunluğun qoxuları ilə dolu idi.
***
İnsana öz düşüşündən həzz almaq xasdır. İnsan ruhu uçurumdur.
***
Əslində, romanlar oxucunun ruhunu dəyişmək üçün nəzərdə tutulmayıb, ən azından mənim romanlarım.
***
Bəs sən bilirsənmi, insan qəlbi nədir? İnsan qəlbi çoxlu otaqdan ibarətdir və ən uzaq otaqda — sizin evdəki anbar kimi — müxtəlif şeylər toplanır. Gecə düşən kimi bu bağlı, unudulmuş şeylər dirilir.
***
— Embrion ananın ürək döyüntüsü altında beşikdəki kimi yellənərək qayğısızca mürgüləyir. Dölyanı mayenin istiliyinə qərq olub, balıq kimi qəlsəmələrlə nəfəs alır və heç neyə ehtiyacı yoxdur. Ta ki bir gün qəfil bu cənnətdən qovulanadək.
— Qovulana?
— Bəli, onu ana bətnindən dartıb çıxarırlar. Biz böyüklər bunu doğum adlandırırıq. Amma körpə üçün bu, suda nəfəs almaqdan havada nəfəs almağa keçiddir. Dəhşətli, yad bir dünyaya atılmaqdır. İnsan mövcudluğunda ilk ölüm və ilk dirilmədir. Ona görə də yeni doğulmuş körpənin qışqırtısı, bizim düşündüyümüz kimi, dünyaya gəlişin sevinci deyil — bu, dəhşət dolu bir fəryaddır.
***
O, xoşbəxtliyin ilıq dalğalarında məst olduğunu hiss edirdi. Ömrünün payızında səyahət edən yaşlı bir cütlük. Bal ayından fərqli olaraq, onları dərin həmrəylik və etimad hissi — yalnız əl-ələ verib bütün sınaqlardan keçmiş insanların bildiyi bir hiss birləşdirir.
***
Yeganə arzum həyatın tamamlanmış məna qazanmasıdır.
***
İnsan heyrətamiz və sirli varlıqdır. İnsan ruhunun dərinliklərində elə ziddiyyətli uçurumlar gizlənib ki, onları anlamaq mümkün deyil. Nə qədər dərinə getsən, dib bir o qədər uzaqlaşır. Az öncə sizə söylədiklərim bəlkə qəribə və qorxunc səsləndi. Amma bu reallıqdır. İnsan hər şeyə qadirdir. Və nəhayət, biz alimlər də bunu dərk etdik.
***
Dinləyə-dinləyə pəncərədən bağa göz gəzdirdi, mart gəlsə də, tumurcuq açmayan ağaclara baxıb, kədərli səslə pıçıldadı:
— Bu il qış nə uzun çəkdi…
— Bu yaşla əlaqəlidir, indi bizə hər qış uzun və soyuq görünür.
***
Dünyada xeyirxahlıq təcəssümü olduğu üçün ərini tərk edən o qədər qadın var ki… Məncə, bu, hər kəsin təbiətində var. Münasibətdə olduğu insan həddindən artıq xeyirxah və əliaçıqdırsa, onu incitmək istəyirsən.
***
Musiqi səsi gəldi. Motsartın fortepiano konserti. Dünyaya bir də gəlsəydi, hər yerdə bu cür musiqinin onu müşayiət etməsini istərdi.
***
İllər əvvəl haradasa oxumuşdum: insan gəncliyində bədəni ilə yaşayır, yetkin yaşlarında ağlı ilə, qocalıqda isə ruhu ilə – o ruhla ki, başqa bir aləmə yola düşməlidir.
Tərcümə: Lamiyə Göycəyeva