Annotasiya
“Hərəkət edən oyuncaq mağazası” (ingiliscə “The Moving Toyshop“) ingilis yazıçısı Edmund Krispinin 1946-cı ildə işıq üzü görən detektiv əsəridir.
Əsərin baş qəhrəmanı şair Riçard Kadoqan dincəlmək üçün Oksforda üz tutur, ancaq ilk gecədəcə azır və təsadüfən oyuncaq mağazasına girir. Burada yaşlı qadının meyidinə rast gələn Kadoqan ertəsi gün polisə xəbər verir. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları göstərilən ünvanda nə oyuncaq mağazası tapır, nə də meyit. “Yalançı çoban” vəziyyətinə düşən Riçardı tələbəlik yoldaşı, Oksford professoru Cerveys Fen tək buraxmır. İkili hadisəni araşdırmağa başlayır, müəmmalı hadisələr burulğanının mərkəzinə atılırlar.
Kitab məşhur rejissor Alfred Hiçkokun “Qatardakı yad insanlar” filminin kulimasiya səhnəsi üçün ilham mənbəyi olub.
Karandaşın izi ilə
Nişançı tapançadan atəş açarkən silaha deyil, hədəfə baxır.
***
O, yaşadığı otuz yeddi ilin hər ayını çiyinlərində bir yük kimi hiss edirdi.
***
Mənəvi kapitalımın hesabına yaşayıram.
***
Təkrar edirəm: qocalıram və qavrama təravətimi itirirəm. Qənaətcil olmuşam, ehtiyatlı davranıram. Səhər tezdən bir də ayıldım ki, hesab gələn kimi ağlamağa başlayıram.
***
Axı rahatlıq və sakitlik istəyi ortayaşlı insana xas istəkdir.
***
— Sənə bir dəfə də olsun acı söz demişəm?
— Mənim çap olunan ilk şeirlərim haqqında elə sən yazmışdın: “Bu elə bir kitabdır ki, hər kəs onsuz keçinə bilər.”
— Ha! O vaxtlar çox lakonik olmuşam.
***
Məgər Menken deməyibmi ki, poeziya sadəcə mükəmməliyə çatdırılmış yalandır?
***
— Yeri gəlmişkən, nəsə bir oyun oynaya bilərik. Bədii ədəbiyyatdakı iyrənc obrazlar. Qəhrəmanın iyrəncliyi hər iki oyunçu üçün şübhə doğurmamalıdır. Uyğun obraz seçmək üçün oyunçuya beş saniyə vaxt verilir. Bacarmazsa, növbəsini buraxır. İlk olaraq üç dəfə növbə buraxan uduzur. Yalnız müəllifin oxucuya xoş göstərməyə çalışdığı obrazlar nəzərə alınır. …
— Dostoyevskinin bütün qəhrəmanları.
***
— Heç təsəvvür edə bilməzsiniz, məktəb müəllimi olmaq nə deməkdir. Güclü-güclü kişilərin bu işdən paramparça olduğunu görmüşəm. Bu, fasiləsiz müharibədir. Oğlan uşaqlarını otuz il ərzində intizamda saxlaya bilərsiniz, amma sonda onlar sizin axırınıza çıxacaqlar.
— Qorxunc səslənir.
— Həqiqətən də qorxuncdur. Siz qocalırsınız, ancaq onlar daim eyni yaşda qalırlar. Elə bil imperatorsunuz və qarşınızda daimi dəyişməyən bir forum izdihamı var.
***
Sənaye sivilizasiyası əsrimizin lənətidir. Təbiətlə olan bağımız qopub. Hamımız solmuşuq. Bədənimizlə olan əlaqəni itirmişik.
***
Mənim anlamayacağın bir şeyi sitat gətirməyiniz siz tərəfdən yetərincə tərbiyəsizlikdir. Qarşınızdakı ilə onun anlamadığı bir dildə danışmağa oxşayır.
***
Ortayaşlı insan olmaq sənin üçün nəyin vacib olduğunu başa düşməkdir.
Tərcümə: Lamiyə Göycəyeva