Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Betan Roberts “Mənim polisim”

Annotasiya


“Mənim polisim”(ingiliscə “My Policeman“) ingilis yazıçısı Betan Robertsin 2012-ci ildə işıq üzü görən romanıdır.

Əsərdə 1950-ci illərin İngiltərəsində cərəyan edən, sevgi, qadağalar və cəmiyyətin sərt normaları arasında sıxışıb qalan üç nəfərin – Marion, Tom və Patrikin mürəkkəb münasibətlərindən bəhs edilir. Homoseksuallığın qanunsuz olduğu bir dövrdə yaşanan bu trio gizli istəklərlə ictimai gözləntilər arasında yaranan ziddiyyəti əks etdirir.

Roman əsasında 2022-ci ildə baş rolları Harri Stayls və Emma Korinin canlandırdığı eyniadlı film çəkilib.

Karandaşın izi ilə

Onun boynundan göbəyinə doğru süzülən su damcısına, islanmış tellərinə baxmamağa çalışırdım. Ancaq sən yaxşı bilirsən ki, istədiyin şeyi görəndə baxışını gizlətmək nə qədər çətindir…

***

Heç vaxt islanmaq həvəsində olmamışam. Dəniz həmişə yaxınlıqda olub — şəhər ətrafında daim küy və hərəkət yaradıb. Ancaq bu o demək deyildi ki, mən də onun bir parçası olmalıyam, düzdür? İndiyə qədər üzə bilməməyim mənim üçün bir əskiklik hesab edilmirdi. Amma indi anlayırdım ki, bunu etməli olacağam.

***

Çünki ilk dəfə birinə aşiq olanda sadəcə bir ad kifayət edir. Bəzən əlinin o adı sadəcə kağıza yazması belə bəs edir.

***

Tom hər dəfə məzuniyyət vaxtı evə baş çəkəndə, elə bilirdim ki, onun üçün darıxıram. İndi mənə maraqlıdır: bunu qəsdən edirdim, ya yox?! Onun əsl kimliyini görməmək üçün qayıdışını gözləyirdim ki, onu daha çox sevim?

***

Əvvəllər həmişə o fikirdə olmuşam ki, indi “mədəni maraqlarım” adlandırdığım mövzular barədə gərək çox danışmayaydım. Bu cür mövzular haqqında həddindən artıq danışmaq onları nümayiş etdirmək, ideyaları yaymaq kimi görünürdü. Amma Tomla hər şey fərqli idi. O, bu şeyləri eşitmək istəyirdi, çünki onların bir parçası olmaq istəyirdi. Biz hər ikimiz bu dünyaya can atırdıq və o zamanlar mənə elə gəlirdi ki, Tom bu yeni, hələ müəyyən olunmamış bir macərada ortağım ola bilər.

***

Təəssüf ki, yeni aldığım, geniş ətəkli paltarımı və çox hündür olmasa da, yenə də incə dabanlı ayaqqabılarımı geyinmişdim: dekabrın ortası idi, bir tərəfdən səkilər buz təbəqəsi ilə örtülmüşdü, digər tərəfdən fərqinə vardım ki, insanlar muzeyə xüsusi geyimdə gəlmirlər. Ziyarətçilərin əksəriyyəti qəhvəyi, ya da tünd göy rəngli geyimlərdə idilər, məkanın özü də qaranlıq, ciddi və sakit idi. Mənim ayaqqabılarım isə mozaikada yersiz səs çıxarırdı və bu səs zallarda elə əks-səda verirdi ki, sanki kiminsə cibindən qəpiklər tökülürdü.

***

Kişi dünyası ət dükanlarına oxşayır. Qadınlar ora qonaq kimi baş çəkə bilər; pərdəarxasında, ətlərin doğranıb çeşidləndiyi yerdə yalnız kişilər olur. O dövrdə bu qaydalara qarşı xüsusi narazılığım yox idi.

***

Gündəlik yazmaq pis vərdişdir. Bəzən mənə elə gəlir ki, bu, daha çox real həyatın başqa bir həyatla dəyişdirilməsinə oxşayır.

***

Mənə həmişə elə gəlirdi ki, muzeydə insanlar öz içlərinə qapılır və ətraf aləmi daha dərindən dərk edirlər.

***

– Təşəkkür edirəm, Patrik.
Hələ də onun adımı necə tələffüz etdiyini eşidirəm. Sanki adımı ilk dəfə eşidirdim.

***

Razılaşmalar, başqalarının fikirləri, qanun – bütün bunlar sevgi uğrunda duyulan istək və ehtiras qarşısında gülünc görünürdü.

***

Əlbəttə, o an – həmin o səadət anı, hər şeyin mümkün göründüyü an – elə bir andır ki, sözlərə ehtiyac qalmır.

***

Səni diqqətlə dinləyirlər… Sözsüz, ən böyük yaltaqlıq budur.

***

Dediyinə görə, artıq Milli Muzeydə olub. Məktəb gəzintisində. Ondan bu məkanla bağlı nə xatırladığını soruşdum və o, Karavaconun “Emmausda şam yeməyi”ni qeyd etdi: üzü səliqə ilə qırxılmış İsa Məsih.
– Ondan gözlərimi çəkə bilmirdim. Saqqalsız İsa. Həqiqətən qəribə idi.
– Qəribə, yəni möcüzə kimi?
– Ola bilər. Nəsə düzgün gəlmirdi, ancaq oradakı hər şeydən daha real görünürdü.

***

Bildiyimə görə, arvadlar fiziki tələblər irəli sürə bilməzdilər. Cinsi əlaqə üçün yalvaran qadınlar iyrənc və qeyri-təbii görünürdülər.

***

Hazırda “Anna Karenina”dan zövq alırıq. Baxmayaraq ki, sən hələ də danışa bilmirsən, Patrik, mən bilirəm ki, oxuduğum hər sözü anlayırsan — təkcə ona görə yox ki, bu romanla yaxşı tanışsan. Görürəm: sən gözlərini yumursan və cümlələrin ritmindən zövq alırsan. Üzün hərəkətsizləşir, çiyinlərin boşalır və otaqda mənim səsimdən eşidilən tək səs — qonşu otaqdan gələn televizorun zəif küyüdür.

Həmişə düşünmüşəm ki, Tolstoyun qadın psixologiyasını bu qədər dərindən duyması heyrətamizdir. Dünən axşam ən sevdiyim hissələrdən birini oxudum: Dolli hamiləlik və doğum zamanı çəkdiyi əzablar haqqında düşünür, mənim isə gözlərim doldu. Çünki illər boyu bunun həsrətində olmuşam, içimdə bir ümid vardı ki, bəlkə uşaq Tomla bizi bir-birimizə yaxınlaşdırar. Heç nəyə baxmayaraq, əminəm ki, o, uşaq istəyirdi. Bunun baş verməyəcəyini anlayanda belə təsəvvür edirdim ki, uşaq məni özümə yaxınlaşdıra bilərdi.

***

Düşünürəm ki, mən boşluq istəyirdim. Hər şeyi yenidən başlamaqdan daha çox prosesdə iştirakdan imtina etmək istəyirdim.

***

Qarderobumdakı paltarlara baxıram — pastel çalarlar, çiçək naxışları… Özümdən diksindim. Niyə bir cüt şalvarım belə yox idi?

***

Venesiyadan mənə açıqca göndərmişdin. Bu, San Marko meydanının və ya Rialto körpüsünün məşhur mənzərələrindən biri deyildi. Açıqcada nə bir kanal, nə də bir qandolaçı görünürdü. Sən mənə Karpaççonun “Müqəddəs Ursula haqqında əfsanə” silsiləsindən bir səhnənin reproduksiyasını – ingilis elçilərinin gəlişini – göndərmişdin. Kartda pomidor rəngində uzun corablar və yaxası kürklü gödəkçələr geyinən, məhəccərə söykənən iki gənc təsvir olunmuşdu. Çiyinlərinə tökülən, ekstravaqant qıvırcıq saçları var idi, oturan tayı əlində laçın tuturdu. Məni ən çox heyrətləndirən isə bu cütlüyün eyni zamanda həm baş verənləri müşahidə etməsi, həm də poza verməsi idi: həm müşahidə edirdilər, həm də müşahidə olunduqlarının fərqində idilər. Kartın arxa tərəfində belə yazmışdın: “Burada yeyilən, nazik, soyuq dana dilimləri bu rəssamın şərəfinə adlandırılıb. Dəri kimi incə, həyəcanverici dərəcədə qırmızı, qabarıq. Venesiya o qədər gözəldir ki, onu sözlərlə ifadə etmək mümkün deyil. Patrik”. Aşağıda isə Tom yazmışdı: “Səyahət uzun çəkdi, ancaq hər şey qaydasındadır. Əla yerdir. Sənin üçün darıxıram. Tom”. Sən hər şeyi demişdin, Tom isə demək olar heç nə. Bu ziddiyyətdən az qalmışdı gülüm.

Açıqca sənin qayıdışından bir neçə gün sonra gəldi. Tərəddüd etmədən onu yandırdım.

Bələdçi kitabını nəzərdən keçirəndə təxmin edirdim ki, Toma Venesiyanın əsas görməli yerlərini elə ilk gündəcə göstərəcəksən. Ola bilsin, kitabda deyildiyi kimi, gözləməyə dəyər mənzərələrə tamaşa etməkdən yana zəng qülləsinə qalxmaq üçün növbədə gözləyəksiniz. “Florian”da kofe içəcəksiniz və kitaba baxmadan belə biləcəksiniz ki, saat on birdən sonra kapuççino sifariş etmək düzgün sayılmır. Rialto körpüsündə Tomun şəklini çəkəcəksən. Bəlkə də günü qandola gəzintisinə çıxaraq başa vuracaqsınız. Kitabda “şəhərin əfsanəvi su yolları” adlanan kanallarında yanakı üzəcəksiniz. “Heç bir səyahət, xüsusilə yeni evlilər üçün qandola gəzintisiz olmaz”, – bələdçi kitabında deyilirdi.

Şəhərdə tək dolaşırdım, xəyalımda sizi canlandırırdım. Santa Luçiya vağzalına yaxınlaşırsınız, kinoulduzlar kimi qatardan gün işığına çıxırsınız, birlikdə körpülərdən keçirsiniz, suda əksiniz bərq vurur, sahildə vaporetto gözləyərkən yanaşı dayanmısınız. Hər “calle”də, hər “sotoportego”da sizi arxası mənə tərəf dayanmış, başları bir-birinə əyilmiş cütlük kimi təsəvvür edirdim. Bu qəribə və valehedici şəhərdə Toma yeni ehtirasla baxırdın, sarı saçlarının və boynunun onu qaranlıq, diribaş Venesiya qələbəliyindən fərqləndirdiyini sevirdin. Santa Mariya della Salyutenin sərin pillərində oturub gənc cütlüyün birlikdə bələdçi kitabını oxuduğuna, səhifənin ucunu saxlayıb, bir-biriləri ilə məlumat bölüşdüyünə baxıram. O anda ağlamaq istədim. Yenə fikrə daldım: hardasan və başına nə gəlib? Hətta akademiyada Karpaççonu axtarıb tapdım, “İngilis elçiləri” tablosundakı iki kişiyə uzun-uzadı tamaşa etdim. Toma bu tablo haqqında məlumat verdiyində olduğu kimi qulağıma səsin gəldi. Tomun içki içərkən ciddi ifadə alan sifətini təsəvvür etdim. Tər içində dolaşır və özümə sual verirdim: mən nə edirəm? Niyə mən, altmış yaşlı tənha qadın ərimin və sevgilisinin yad şəhərdəki yolunu təkrarlamağa çalışıram? Bu bir növ ziyarət idimi? Yoxsa 1958-ci ilin kabusları ilə həmişəlik vidalaşmaq cəhdi?

***

Ona “Fortuna”da qonşu masada oturan yad bir kişinin anamı bir qədəh şampana qonaq etmək istəməsindən danışdım. Anam gülümsəmiş və qəti şəkildə imtina etmişdi. Məyus olmuşdum. Kişinin mavi ipək qalstuku, gözəl burulmuş sarı saçları və işarə barmağında sapfir qaşlı üzüyü vardı. O mənə elə baxırdı ki, sanki dünyanın bütün sirlərinə bələd idi. Kafedən çıxanda anam onun ədəbsizliyini həyəcanla şərh etdi, ancaq həmin gün anamın bütün varlığı heç vaxt olmadığı kimi işıq saçırdı. Gəzmir, sanki havada süzürdü, axmaq zarafatlarıma gülürdü və bazarlıq siyahımızda olmayan dəxilsiz şeylər alırdı: özü üçün yeni şarf, mənim üçün dəri üzlüklü qeyd dəftəri. İndiyədək o kişi haqqında düşünür, onun kofe uzatmasını və anamın rədd cavabına çiyinlərini çəkməsini yada salıram. Kişinin ağlamasını, ya da əsəbiləşməsini istəmişdim, ancaq o, sadəcə fincanı masaya qoydu, başını əydi və “Çox təəssüf” dedi.

***

Venesiyada səhərlərimizi yataqda keçirirdik, hotelin terrasında uzun-uzadı nahar edirdik, sonra şəhərdə gəzirdik. Möhtəşəm azadlıq. Heç kim bizə baxmırdı — hətta mən Tomun əlindən tutub onu Rialto körpüsündə turist izdihamının içindən keçirəndə belə. Bir dəfə günorta vaxtı yay istisindən çıxıb Santa Maria dei Mirakoli kilsəsinin şirin sərinliyinə düşdük. Bu məkanda ən çox sevdiyim şey onun solğunluğuydu. Açıq boz, çəhrayı və ağ mərmərlərlə örtülmüş divarları və döşəməsi ilə Mirakoli elə bil şəkərdən hazırlanmış bir məbəd idi. Ən ön sıradakı skamyada oturduq. Tamamilə tək idik. Və öpüşdük. Orada, bütün müqəddəslərin və mələklərin şahidliyində öpüşdük. Müqəddəs Məryəmin təsviri olan mehraba baxdım – ölümdən qayıdan, suda boğulan bir insan kimi – dedim: “Burada yaşamalıyıq”. Venesiyanın bizə verdiyi iki günlük imkanlardan sonra dedim: “Biz burada yaşamalıyıq”. Tom isə cavab verdi: “Biz Aya uçmalıyıq”. Ancaq o gülümsəyirdi.

***

Venesiyada heç vaxt gerçəkliyin harada, inikasın harada olduğuna tam əmin ola bilməzsən. Vaporettonun arxa hissəsindən baxanda isə bu şəhər qatı dumanın içində üzən xəyal kimi görünür.

***

Xırda şeydir, düzdür? Axı kim arzuladığını əldə edir? Amma yenə də bizim arzulara gülünc, kor, sadəlövh, romantik istəyimiz… bəlkə də bizi bir-birimizə bağlayan elə budur. Çünki mən inanmıram ki, aramızdan kimsə həqiqətən məğlubiyyətini qəbul edib. İndi televizorda nə deyirlər? Davam etməlisiniz. Yaxşı. Ancaq heç birimiz bunu bacarmadıq.

***

Tomla əlaqəm o qədər məhdudlaşmışdı ki, onun mövcudluğunun izlərindən tutunmağa başlamışdım. Köynəklərini yuyanda, ətrini hiss etmək üçün onları üzümə sıxırdım. Saatlarla ayaqqabılarını çarpayının altına düzürdüm, şkafa qalstuklarını asırdım, corablarını dəxillərə yerləşdirirdim. Görürsən, o evdən çıxıb gedirdi, mənə qalan isə yeganə şey isə onun izləri idi.

Tərcümə: Lamiyə Göycəyeva

3 (60%) 1 vote

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram