Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Culian Barns “Aqibət duyğusu”

Annotasiya

“Aqibət duyğusu” (ingiliscə “The Sense of an Ending”) – məşhur ingilis yazıçısı Culian Barnsın 2011-ci ildə bu romanına görə “Buker” mükafatatına layiq görülüb. Məktəbi bitirdikdən sonra ölənə qədər dost olacaqlarına and içib, hərəsi bir yana üz tutan dörd gənci çox keçmədən həyat həmişəlik ayırır. Araya romantik əhvalatlar, qəribə eşq macəraları, cürbəcür qayğılar, qəfil faciə girir. Sonra isə bütün bunları unutmaq, yaddaşdan silmək, dinc, asudə bir həyat yaşamaq tələb olunur. Aradan 40 il keçir, günlərin birində həmin məktəblilərdən biri – Toni Uebster tanımadığı vəkildən gözlənilməz bir məktub alır. O, ömrünü rahatlıq içində başa vurmağa hazırlaşsa da, keçmişə boylanmalı, arxada qoyduğu və unutduğu hadisələri dönə-dönə xatırlamalı olur.

Karandaşın izi ilə

– … bağlı qapı, onun da arxasında çoxdan soyumuş suyla dolu vanna. Sözün açığı, sonuncunu mən özüm görməmişəm, ancaq yadımızda yalnız gördüklərimiz qalmır ki…

***

Saniyə əqrəbindən daha hökmlü nəsə varmı? Ancaq ani bir sevinc, yaxud ötəri bir kədər sayəsində anlayırıq ki, əslində, zaman xeyli üzüyoladır.

***

– Gəlin sizdən başlayaq, Finn. Bu əsərin məğzini sadə şəkildə necə açıqlayardınız? Adrian baxışlarını partadan qaldırdı. – Eros və Tanatos, ser. – Hmmm… Sonra… – Seks və ölüm, – Finn elə danışırdı ki, guya hətta arxa partalarda oturanlar – kütbeyinin dal ayaqları da yunanca başa düşürdülər. – Yaxud, belə demək mümkünsə, eşq və ölüm. İstənilən halda burada cinsi istəklə ölüm duyğusu arasındakı ziddiyyətdən söhbət gedir. Həm də o ziddiyyətin nəticəsindən. Yəqin ki, o an sifətimə Diksonun xəstəliyə yozacağı dərəcədə müthiş çaşqınlıq yayılmışdı. – Uebster, indi də siz maarifləndirin bizi. – Sözün düzü, mənə elə gəldi ki, bu poemada dam bayquşundan bəhs olunur.

***

O vaxtlar yaşayış xeyli sadə idi: nə pul üçün ölürdük, nə elektron vasitələrdən asılıydıq, nə dəb əsiriydik, nə də qız düşkünü. İnsanlıq və övladlıq borcundan bizi heç nə yayındıra bilməzdi: oxumalı, imtahanlardan keçməliydik ki, aldığımız savadla münasib iş tapa bilək, ən əsası da, aşkarda bizimlə öyünən, xəlvətdə isə öz cavanlıqlarını – “yaşayışın çox-çox sadə, buna görə də qat-qat yaxşı olduğu vaxtlar”ı həsrətlə xatırlayadan valideynlərimizdən daha zəngin, daha firavan həyat quraq.

***

Öz yəqinimizdə bir nəzəriyyə uydurduq: ailə səadətinin açarı ümumiyyətlə ailə qurmamaqda, ya da uzaqbaşı evlənib, sonra ayrı yaşamaqdadır.

***

İdeyalar həyata keçə bilər, bunun üçün prinsiplərimiz hərəkətlərimizə yön verməlidir.

***

Əslinə qalsa, hər bir günahkar axtarışı özlüyündə riyakarlıq deyilmi? Biz məsuliyyəti kiminsə üstünə atırıq ki, yerdə qalanlara bəraət qazandıraq.

***

Subyektiv yozumdan keçib faktlara obyektiv şərh vermək, tarixin bizə təqdim edilən versiyasını doğru-dürüst anlamaq üçün tarixçinin özünün həyatına, kimliyinə dərindən bələd olmalıyıq.

***

Klassik ədəbiyyatda oxumuşduq ki, Məhəbbətlə İztirab ayrılmazdır, ona görə də biz bu yolda əzab çəkməyə hazır idik: təki üfüqdə lap ötəri, xəyali də olsa, bir Məhəmmət işığı görünəydi. Bizim başqa bir qorxumuz da vardı: bəs birdən Həyat Ədəbiyyatdan tamam fərqlidirsə, onda necə?

***

Ədəbi material səviyyəsində bir əhvalatın içindəsəndə, özünü janrın tələblərinə uyğun aparmalısan.

***

– Tarix nədir? Necə bilirsiniz, Uebster? – Tarix qaliblərin uydurmasıdır. – Hə, elə mən də belə deyəcəyinizdən qorxurdum. Yaxşı, onda bunu da yadınızda saxlayın ki, tarix həm də məğlubların təsəllisidir. Simpson… – Tarix çiy soğanlı sendviçdir, ser. – Nəyə görə? – Ona görə ki, dalbadal təkrarlanır. Gəyirti verir. Elə bu il biz dönə-dönə bunun şahidi olmuşuq. Hər dəfə eyni əhvalat, eyni həngamə – istibdad və qiyam, müharibə və sülh, zənginlik və səfalət…

***

Veronika heç vaxt dikdaban tufli geyinməzdi. Haradasa oxumuşdum ki, çıxış edəndə dinləyicilərin diqqətini özündə saxlamaq üçün səsini qaldırmaq yox, qısmaq lazımdır, əslində, bu daha çox maraq oyadır. Görünür, Veronika da eyni bicliyə əl atmışdı – amma boy-buxun məsələsində.

***

Hazırkı mənəvi durum keçmişdəki davranışlar barədə təsəvvür yaradır.

***

Əlbəttə, doğrudur, bizim hamımız bu və ya digər şəkildə zədə alırıq. Əgər ideal valideynlər, bacı-qardaşlar, qonşular, dostlar arasında yaşamırıqsa, başqa cür ola bilərmi? Bu məqamda elə bir məsələ ortaya çıxır ki, onun həllindən çox şey asılıdır: biz aldığımız zədəyə necə reaksiya veririk, yəni onunla barışırıq, yoxsa boğuşuruq; o zədə ətrafımızdakılarla münasibəttimizdə özünü nə cür göstərir? Bəziləri dözümlü tərpənib həmin zədəni ötüşdürməyə çalışırlar, bəziləri ömrünü oxşar taleyi yaşayanlara köməklik göstərməyə həsr edirlər, bir başqaları isə var qüvvəylə çalışırlar ki, bir daha o cür halla üzləşməsinlər. Bu sonuncular çox amansız olurlar – onlardan uzaq durmaq lazımdır.

***

Evlilik çərəzin əvvəldə verildiyi, uzun-uzadı, darıxdırıcı bir nahardır.

***

Tarix heç də vaxtilə mənim Qoca Co hanta sırıdığım kimi, qaliblərin uydurması deyil – indi bunu dəqiq bilirəm. Tarix sağ qalanların yaddaşıdır, onlarınsa çoxu nə qalibdir, nə də məğlub.

***

Gənclər hansısa sənət adamını dahi bilib göylərə qaldırırlarsa, bunda pis bir şey yoxdur. Əskinə, əgər gənclərdə dühaya pərəstiş yoxdursa, mütləq onlarda nəsə çatmır.

***

Guya yaddaş “hadisə, üstəgəl zaman” deməkdir. Ancaq məsələ heç də bu qədər asan deyil. Artıq bunu qəbul etməliyik ki, zamanın qoruyub saxlamaqdan daha artıq, aşındırma-əritmə xassəsi var.

***

Marqaret deyərdi ki, qadınlar iki tip olur: sadəlövh və müəmmalı qadınlar. Kişilərin qadında fikir verdikləri əsas cəhət budur, elə onları ən çox cəlb edən, yaxud uzaqlaşdıran da. Bəzi kişilərə birincilər cəlbedici gəlir, bəzilərinə ikincilər.

***

Gəncliklə qocalıq arasında başqa cəhətlərlə yanaşı bir fərq də budur ki, gənclər özləri üçün gələcək, qocalar isə keçmiş uydururlar.

***

Biliyin artdıqca qorxun azalır. “Bilik” deyəndə akademik təhsili yox, həyat təcrübəsini nəzərdə tuturam.

***

Ancaq zaman… O, əvvəlcə bizə yaxşı-yaxşı dərs keçir, sonra da yüz cür oyuna salır. Məntiqlə hərəkət etdiyimizi düşünürük, amma sən demə, sadəcə, ehtiyatlanırmışıq. Məsuliyyətli davrandığımızı zənn etdiyimiz halda, məlum olur ki, eləcə, qorxurmuşuq. Bizim gerçəklik dediyimiz problemlərin həll üsulu yox, uzaqbaşı, onlardan yayınmaq imiş. Zaman bizə kifayət qədər möhlət verir və bütün qəti qərarlarımız axırda etibarsız, əqidəmiz isə çürük çıxır.

***

Zaman keçdikcə insanın xarakteri dəyişilirmi? Romanlarda belə olur, əlbəttə: yoxsa başqa nədən yazasan ki?! Bəs həyatda? Maraqlı sualdır. Rəylərimiz, düşüncələrimiz dəyişilir, təzə vərdişlər, qəribə xasiyyətlər ortaya çıxır, amma bunlar başqa – zahiri cəhətlərdir. Xarakter də, görünür, zəka kimidir, sadəcə, bir qədər gec formalaşır: deyək ki, 20-30 yaşlar arasında. Ondan sonra olanımızla kifayətlənirik. Birtərək yola veririk. Əksəriyyət həyatını bu cür qurur, yox? Bəlağətli desək, elə faciə də bundadır.

***

Vicdan əzabının ən pis cəhəti adamı aciz, çarəsiz qoymasıdır.

***

Cavan vaxtı – yəni mən cavanlıqda belə olmuşam – adam romanlardakına bənzər duyğular yaşamaq həvəsinə düşür. O duyğuların həyatımızı alt-üst etməsini, yeni bir gerçəklik yaradıb ortaya çıxarmasını istəyirik. Zaman keçdikcə, məncə, istəklərimiz də dəyişir, daha asan, daha əlçatan nələrsə umuruq: qurduğumuz həyatın olduğu kimi qalmasına can atırıq. “Hər şey qaydasındadır” demək keçir ürəyimizdən. Bunda pis nə var ki?

***

Zamana xor baxanlar belə deyirlər: 40 – nə yaşdır ki; 50 – ən gözəl vaxtdır; 60 – ikinci 40 deməkdir və sairə. Mənsə bunu dəqiq bilirəm: bir obyektiv zaman var, bir də biləyimizin içəri tərəfində, nəbzimizdə döyünən – şəxsi, subyektiv zaman. Həmin “şəxsi zaman” isə insanın öz yaddaşına olan münasibəti ilə ölçülür.

***

Qarğış edən cavanla indi o qarğışın düz çıxdığını görən qocanın duyğularının bunca – yerlə göy qədər – fərqli olması dəhşətli bir təzad idi.

***

Ömür əldən gedir, daha doğrusu, ömrün özü də olmasa, başqa bir şey – insanın həyatda nələrisə dəyişmək imkanı tükənir.

 

Tərcümə: Seyfəddin Hüseynli

3.1 (62.22%) 9 votes

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook